A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

sanatoriyadan buraxmaq olar, – deyə tam bir ciddiyyətlə davam 

etdi. 

Mən onun nə demək istədiyini anlayırdım. 



–Siz dustaq idiniz? – deyə xəbər aldım. 

–Bəli, dustaq idim, – deyə  sərt cavab verdi. – 37-ci ildə 

sürgün olunanlardanam. 

–Yəqin siz çox əziyyət çəkmisiniz, – dedim. 

–Yox, mənim vəziyyətim o biri dustaqlara nisbətən 


 161 

yaxşıydı. Mən tutulan kimi sürgün edilmədim, uzun müddət 

dəlixanada yatdım. Bu mənim vəziyyətimi yüngülləşdirdi. Şair 

demişkən: 

Kimisi qayıtmadı "qara qarğaya" girib, 

Kimisi xoşbəxt oldu ağlını itirib.. 

Axı mən də şair idim – deyə birdən-birə əlavə etdi. Əlbəttə, 

çox istedadsız, onuncu, yüzüncü dərəcəli,  əhəmiyyətsiz, 

mövqesiz bir şair idim. Bəxtim bir burda gətirmişdir. 

Gözlərimdən "neçin" sualını oxuyub dedi: 

–Çünki birinci demirəm, üçüncü, beşinci dərəcəli  şair 

olsaydım, yazdıqlarımdan bir balaca işıq ucu gəlsəydi mən indi 

sağ qalmazdım. Amma bilmirəm sağ qalmağım doğrudan da 

xoşbəxtlikdirmi? 

Birdən çılğın bir ehtirasla sıçrayıb çığırmağa başladı: 

–Nəyə, kimə lazımdır? Kimi aldadırsınız, kimə  nə isbat 

eləmək istəyirsiniz, sözünüz nədir? Bütün o sərgi, bütün o cah–

cəlal kiminçündür? Ruhulla olmayandan sonra bütün bu 

təmtərağın nə  mənası var? Ruhullanı, Cavidi, Müşfiqi 

demirəm, ən adi, ən balaca, ən istedadsız, bax mənim kimi bir 

şairin, bir həkimin, bir alimin, bir mühəndisin, bir azərinin, 

rusun, ukraynalının, gürcünün qanı nahaq axıdılmışsa, bütün bu 

yuxarı qalxan qırmızı qrafiklər, bütün bu döşü dolu 

qəhrəmanların  şəkli, bütün bu alma boyda alçalar və qarpız 

boyda almalar, bu qucağa sığmayan sünbül dərzləri, bu 

maşınlar, çilçıraq binalar, rəngbərəng su püskürən fəvvarələr 

kimin ürəyində fərəh doğura bilər? 

–Heç bir cah-cəlal, heç bir nemət, heç bir sərvət qurbansız 

yaranmır, – dedim. 

–Bilirəm, – deyə o dərhal cavab verdi. Elə bil bu dəlilin 

cavabı onun başında çoxdan bişib hazır olmuşdu. – Sən dinc 

işləyirsən. Üstünə düşmən gəlir. Oğlunu davaya göndərirsən. 

Oğlun ölür. Düşmən məğlub olur. Sən dinc əməyini davam 

etdirirsən. Oğlunun haqq yolunda məhv olduğunu, "torpağı 

tökdüyü qanıyla vətən elədiyini" bilirsən. Bəlkə  oğlun ölür, 


 162 

düşmən də qalib gəlir. Yenə  də  sən oğlundan arxayınsan. O 

haqq yolunda həlak olmuşdur. Bəs özününkülər, heç bir ehtiyac 

olmadan, mənasız və dəli, vəhşi bir şıltaqlığa görə dinc işləyən 

oğlunu daş altına basdırıb üstündə saray tikəndə  də  sən sakit 

qala bilərsənmi? 

Mən etiraz eləmək istədim. O, əsəbi hərəkətlə məni saxladı. 

–Bilirəm. Bütün dəlillərinizi bilirəm, – dedi, – "A" qrupu. 

Ağır sənaye, vətənin müdafiəsi, ölkənin qüdrəti, düşmən 

əhatəsi, daxili fitnəkarlıqlar, azğın ministr və  nəhayət, 

şəxsiyyətə  pərəstiş dövründə sosialist qanunculuğunun bəzi 

təhrifləri. Sən bilirsənmi ki, bütün zavodların qüdrəti insan 

damarlarından axan qanı yarada bilməz, bilirsənmi ki, heç bir 

elektrostansiya insan ürəyini döyündürə bilməz, bilirsənmi ki, 

hələ doğulmamış, anasının qarnında tələf olmuş körpə, hətta 

şikəst, xəstə, yarımçıq doğulsa belə  bəşərin  ən böyük 

möcüzəsi, insanların bütün nailiyyətlərindən böyük bir 

nailiyyət, bütün qələbələrdən ulu bir qələbə, 52 min peykdən 

daha yüksək bir varlıqdır.  

–Buna abstrakt humanizm deyərlər, – dedim. – Sizcə bütün 

zavodlar dayanıb bir körpənin dünyaya gəlməsiylə  məşğul 

olmalıdırlar? 

–Yox. Mən daha kəskin deyirəm. Bütün zavodları saxlayın! 

İnsanlar, ay insanlar, axı neçin bu cavan oğlanın kefi yoxdur? 

Adamlar, yoldaşlarım, eldaşlarım, axı bu hər  şeydən vacibdir. 

Bax bu gəncin, sənin, mənim, bizim, insanların kefi, əhvalı, 

fikirləri, hissləri, ürəyinin döyüntüsü bizə verilmiş bu balaca 

tənha planetdə ən vacib, ən ümdə şeydir, hər şeydən, hər işdən 

vacib, gərəkli, lazımlı bir işdir. 

Bir zavodu partlatmaq olmaz. Amma yüz min adamın 

ruhunu və cismini məlum binaların qara padvallarında boğmaq, 

bədənlərini mənliklərini tapdalamaq olar? Neçin? Məgər bizim   

quruluş dünyanın  ən adil, ən gözəl,  ən təmiz və müqəddəs 

quruluşu deyilmi? 

–Bunlar keçib getmişdir. Bunları unutmaq lazımdır, – 


 163 

dedim. – Bu yaralar nə qədər tez sağalsa o qədər yaxşıdır. 

–Yox, – o elə bərkdən qışqırdı ki, mən diksindim – olmaz! 

Bunlar unudulmamalıdır. Biz bunları heç vaxt unuda bilmərik. 

Unutqanlıq – cinayətkarlıq olardı.  İztirabın vicdanı bütün 

yaraları bağlanmışların yaralarını qanatmalı, yaralar qövr 

etməlidir. 

–Neçin? 


–Neçinmi? Allah yoxdur. O dünya da yoxdur. Bəs diri–diri 

qol–qabırğası  sındırılmış  mələk xasiyyətli müəllim,  əsl 

kommunist Pənahovun intiqamı haçan, harda, kimdən 

alınacaqdır? 

Onun gözləri alışıb–yanırdı. 

Mən onu sakit eləməyə çalışırdım. 

–Sakit olun, – deyirdim. – Onların intiqamı alınmışdır. 

–Ha, ha, ha – o, əsəbi və xırıltılı bir qəhqəhə çəkdi. – 5–10 

cani güllələnmiş, bütün bu işlər "şəxsiyyətə pərəstiş dövrünün 

ifratları" ifadəsinin dalına yığılmış, 5–10 adamın adına 5–10 

qotur küçə  və ya su budkası qoyulmuşdur. Sizcə bumu 

intiqamdır? 

–Bəs siz intiqamı necə təsəvvür edirsiniz? 

Mən beş–on adamı deyil, bütün xəbər dəllallarını şəhərlərin 

mərkəz küçələrində asar, üzlərini tüpürgah edərdim. 

–Yeni qanlar, yeni dəhşətlər, yeni ifratlar. Axı bu əclafların, 

bu xəbər və  qələm dəllallarının, bu çuğulların da günahsız 

ailələri, təqsirsiz uşaqları var? Bu intiqamlar nəhayət 

dayanmalıdırmı? 

O ağlamağa başladı. Bərkdən, hönkürə–hönkürə ağlayırdı.  

–Elədir, elədir, – dedi. – Dəhşət ondadır. Bu təzadlar, bu 

qərarsızlıq məni boğur. Yüzlərlə, minlərlə nahaq getmişlərin 

xəyalları məni yatmağa qoymur. Lakin mən onların intiqamını 

kimdən alacağımı bilmirəm. Bəlkə  məcburiyyət qarşısında 

satqınlıq edənlərdənmi, gündə bir rəng alan, gecələr qara 

binaların dal qapısından vətəni, xalqı, milləti misqal–misqal 

satıb, gündüzlər hündür kürsülərdən camaat qarşısında ağzı 


 164 

köpüklənə–köpüklənə  vətəndən, xalqdan, millətdən danışaraq 

şöhrət qazanan, hər havada yaxşı yaşayan, hər mühitə 

uyğunlaşan xamelyonlardanmı  və yaxud ağızlarına su alıb 

içlərini yeyənlərdənmi? Heç kəs təqsirkar deyil. Bəs onda 

günah kimdədir, hə, kimdədir? Elə düşünməyin ki, mən 

dövrandan və yaxud quruluşdan  şikayətlənirəm. Mən həmişə 

əmin olmuşam və indi də  əminəm ki, bəşəriyyət heç bir vaxt 

kommunizm ideyasından yüksək bir fikrə çata bilməmiş, 

bilməyəcəkdir.  İnsan zəkasının  şah  əsəri olan bu idealın 

parıltısı heç bir zaman mənimçün sönə bilməz. Mən sağ və sol 

əyintilərdən danışmıram,  əsas ideyadan – insanın insanı 

istismar etmədiyi bir cəmiyyət ideyasından, kiçik–böyük 

olmadan bütün millətlərin birliyi ideyasından, nemətlərin, 

sərvətlərin yaradanların onların yiyəsi olması ideyasından 

danışıram. Bu ideya bizim ölkədə həyata keçir. Mən bu ölkəni 

hüdudsuz bir məhəbbətlə sevirəm. 

Allaha and olsun, orada Sibir sanatoriyasının şaxta və əzab 

müalicəxanaları içində biz hər xəbəri, dəmir barmaqlıqlar 

arasından, yolu–rizi itmiş yerlərdən, yaşayan və yaradan 

insanlardan gələn hər xoş  xəbəri sevinc yaşlarıyla, qəlb 

fərəhiylə qarşılayırdıq. Biz bilirdik ki, bəzi yerlərdə iş başında 

olanların bütün azğınlıqlarına baxmayaraq, namuslu adamlar 

bəlkə qapaz altında, bəlkə qorxa–qorxa, yan–yörəsinə baxa–

baxa işləyir, yaradır, qurur. Müharibə, xain hücum bizi sarsıtdı. 

Bəzilərimizi cəbhəyə apardılar. Gedənlər  ən qabaq eşelona, 

cəza batalyonlarına, od və qurğuşuna sipər olmağa, ölməyə 

göndərildiklərini bilirdilər. Amma hər bir dəhşəti görüb 

ürəkləri qərtməklənmiş bu adamlar uşaq kimi kövrəlir, 

sevincdən gülür, ağlayır, atlanıb–düşürdülər. Məsələ yalnız 

onda deyil ki, bu adamlar dəhşətli sonu, sonsuz dəhşətdən 

yaxşı bilib ölüb canlarını qurtarmaq istəyirdilər. Məsələ bir də 

onda idi ki, bu adamlar ölərkən insanlar cərgəsinə qayıdıb, 

nömrələr və "ey tı"  əvəzinə adlarını qaytarıb, adam olub 

ölməyə, adam kimi ölməyə, adamlıqlarını ölüm bahasına 


 165 

qaytarmağa gedirdilər. Onlar xoşbəxt idilər. Onlar vətəni 

qoruyaraq, vətən yolunda döyüşərək öləcəkdilər. Bu labüd 

ölümə gedənlər qalanlardan xoşbəxt idilər. Qalanlar – mən də 

onların içində idim– hər şeyi unudaraq yalnız bir şey – döyüş, 

qələbə haqqında düşünürdülər. Ən dəhşətli əziyyətlərdən sonra 

belə incidənlərinə boyun əyməyən bu qaxac ürəkli adamlar 

qürurlarını tapdalayaraq azadlıqla təması olan hər adama 

yalvarır, itə sümük atılan kimi xəsis sözləri, xəbər qırıntılarını 

bir-biriylə bölüşür, var qəlbləriylə sevinir, ya kədərlənirdilər. 

Kiminsə, hardansa ələ keçirə bildiyi yeganə bir şüşə içkini 

qoşunlarımız hər şəhəri alanda 200 adam arasında damla-damla 

bölüb içirdik. Biz Vətənimizi sevirdik. Biz böyük Vətənimizi 

sevirdik. Biz vətən xaini deyildik. Biz inanırdıq. Mən yenə də 

inanıram. Mən inanıram ki, kommunizmi – xəyallarımızın 

bayramını  ləkəsiz, azad, gözəl cənnəti biz yaradacayıq. Lakin 

neçin mənim kimi bu ideyaya məftun, onun yolunda ölümə 

getməyə hazır olanlar, onun yolunda ölümə getməyə hazır 

olduqları üçün öldürüldülər. Onun adıyla, lakin onun bayrağını 

ləkələməkçün öldürüldülər. Cavabı kimdən alım? Lakin ən 

dəhşətlisi bu deyil. Qoy olsun. Min, yüz min əsl insan, mətin 

kommunist, gözəl yoldaş, həqiqi vətəndaş, istedadlı fərd nahaq 

qana boyandı. Lakin bəs qalanlar? Mən yenə də bizim nəsildən 

ilişib qalanları demirəm. Onlar qalsalar da bizim kimi 

çeynənmiş,  əzik, sönükdürlər. Bəs siz – gənclik? Sizi kim 

çeynəmiş? Bizim pis üzünü görüb yaxşı üzünə inandığımız bir 

şeyin siz neçin yaxşı üzünü görüb pis üzünə inanır, onu 

axtarırsınız. Neçin siz inanmırsınız? Siz nəyə inanırsınız? 

Suçlu–suçlu nəyi, kimi gözləyirsiniz? Sizin idealınız varmı? 

Sizin fəlsəfəniz həyatdan bacardıqca artıq nəşə qopart, gününü 

xoş keçirt fəlsəfəsi deyilmi? Ya da şəhvət, pozğunluq və 

kütləvi cütlük. Balaca istəklər, xırda həvəslər, cırtdan 

ehtiraslar, arzusuzluq, məqsədsizlik. Bu sizin sifətləriniz 

deyilmi?  İnamsızlıq, imansızlıq. Siz insanlığın hansı 

dəyərlərini saxlamısınız? 


 166 

–Nə etməli? – dedim. – Bizim nəsil radiatsiya və 

inamsızlıqla zəhərlənmiş bir dövrdə yaşamalı oldu. Artıq 

adamlar, itkinlər nəsli olan kimi yəqin biz də bir nəsilik: 

bezarlar nəsli, peşimanlar nəsli, inkisarı  xəyala uğramışlar 

nəsli, yorğunlar nəsli, inamsızlar nəsli. Bilmirəm bu 

təyinlərdən hansı daha müvəffəqiyyətlidir? 

–Yaxşı, onda bəs kommunizmi kim quracaqdır? Azad, 

ləkəsiz, məqsədli, istəkli, alovlu, inamkeş, mətin, yorulmaz 

həvəsli gənclik – 20–ci, 30–cu illərin gəncliyi hanı? 

–Bilirsinizmi, mən xoşbəxt gələcəyə inanıram, – dedim. – 

Atam bir dəfə qəribə bir sağlıq dedi. O, mənim sağlığıma içdi 

və dedi ki, arzu edirəm ki, sən biz görənləri görməyəsən. Sən 

daha xoşbəxt vaxtda yaşayasan. Mən buna inanıram. 

–Yalan deyirsiniz. Siz buna zərrə  qədər, bir an belə 

inanmırsınız. Siz bircə ona inanırsınız ki, həmin bu sözləri öz 

övladlarınıza deməli olacaqsınız. 

–Yox, mən buna inanmaq istəmirəm. Mən bundan 

qorxuram. 

O sanki heç mən deyənləri eşitmədən öz fikirlərinə cavab 

verirdi: 

–Bilirsinizmi, orda sürgündə  mən daha xoşbəxt idim. Mən 

düşünürdüm. İntiqam saatını gözləyirdim. Azadlığa çıxacağım 

saatı, insanlara "mən günahkar deyiləm" deyəcəyim saatı 

gözləyirdim. Mən azadlığa çıxdım. Mən, "biz günahkar 

deyilik" – deyə  qışqırmaq istədim. Heç kəs qulaq asmadı. 

"Şəxsiyyətə  pərəstiş dövrünün təhrifləri" – bu bir cümlə ilə 

həm bağışladılar, həm təsəlli verdilər, həm də bizi öz yerimizə 

oturtdular. Bəs bu bir cümlə ilə minlərlə insanların faciəsini 

necə ifadə etmək olar? Gərək bu barədə romanlar, poemalar 

yazılsın, rəsmlər, filmlər çəkilsin, hər şey olduğu kimi hamıya 

göstərilsin, hamı bunları anlasın, həzm etsin, düşündüyünü 

desin, sonra bu ağır yaralar ox kimi ürəklərə sancılsın, sonra 

yavaş-yavaş bu yaralarını sağaldan təmiz, ləkəsiz, azad insanlar 

öz ləkəsiz gələcəyini qursunlar. Qoy iztirabın vicdanı gecələr 


 167 

adamları yerlərində qovrultsun. Yaraların üstünə  rəngli 

bayraqlar sarımaq, insanların ağ sümüklərini qırmızı qrafiklər 

arasında gizlətmək, zirzəmilərdə diri-diri basdırılmışların 

fəryadlarının səsini üç yüz nəfərlik birləşmiş xorun şən 

mədhiyyə  nəğmələriylə batırmaq olarmı? Qoy bu dərdlər 

insanların ürəklərində  qıcqırmasın. Qoyun dərdlərimizi qusaq, 

sonra yuyunaq, gələcəyə təmiz gedək. 

–Bunlar axı olub qurtarmış işlərdir. Təkrarolunmaz qara bir 

səhifədir, – dedim. 

–Yox. Şəxsiyyətə pərəstiş dövrü. Axı biz bilirik ki, ayrı–ayrı 

şəxsiyyətlərin rolu əhəmiyyətsizdir. Tarixi xalq yaradır. Bəs bu 

ayrı–ayrı  "əhəmiyyətsiz rolu olan" şəxsiyyətlər qanlı tarix 

yaradanda xalq hardaydı? Aldanırdı, eləmi? Bəs beləysə biz bu 

gün nə haqla bu aldanmış xalqa onun aldanmasını var səsimizlə 

bağırmayaq, onu ayıq–sayıq olmağa çağırmayaq? Niyə 

aldanmış xalqı iztirabın vicdanıyla dağlamayaq? 

O susdu. Nəfəsi kəsildi. Uzun bir öskürək onu iki bükdü. Su 

gətirdim. Bir qurtuma başına çəkdi. Su sanki onun qaynayan 

içini sakit elədi, ehtirasını, danışmaq həvəsini islatdı. Bir 

müddət susdu. Sonra çox yavaş  və xoş bir şeyi xatırlayırmış 

kimi nəvazişlə danışdı: 

–Axı mən onlardan çoxusunu tanıyırdım. Büllur kimi təmiz 

adamlar idi. İçlərində nacinslər də vardı. Amma bir nacinsin 

bütün varlığı yüz mərdin bir damla qanına dəyərmi?.. 

Yadımdadır, bizim sevimli müəllimimiz Mirzə Sadıq 

xəstələnmişdi. Zəng elədim. "Mirzə, sənə dəyməyə gəlirəm" – 

dedim. Həmişə  məni mehribanlıqla qarşılayan Mirzə: "yox, – 

dedi, – lazım deyil. Gəlmə!" Mən incidim. – "Niyə axı". O bir 

də sərt "gəlmə, deyirəm vaxtım yoxdur", – deyib telefonu asdı. 

Səhəri gün onu apardılar. Yəqin mənimlə danışanda aqibətini 

bilirmiş. Azad həyatının son işi mənim adımı qorumaq 

təşəbbüsü oldu. Sonralar eşitdim ki, son dərəcə səliqəli, təmiz 

geyinən və bir qədər "vasvası" olan Mirzə axır vaxtlar hər gecə 

yanına bir dəst təzə təmiz alt paltarı qoyarmış ki, onu aparmağa 


 168 

gələndə geyinsin. Axı ORDA – getdiyi yerdə paltar dəyişmək 

imkanı olmayacaqdı. 

Qonağım gözünü divarda bir nöqtəyə zilləyərək danışırdı. 

Onun danışığında bir qeyri–təbiilik hiss olunurdu. Elə bil o öz 

şahidi olduğu  şeylər haqqında deyil, haradasa oxuduğu  şeylər 

haqqında danışırdı. 

–Nağıya axırıncı dəfə 26–lar bağının qabağında rast gəldim. 

Küçəni keçməyə hazırlaşırdım. Yolumu maşınlar kəsmişdi. 

Dayandım. Birdən kiminsə pıçıltıyla məni çağırdığını eşitdim. 

Dönüb baxdım. Dəhşətə  gəldim. Məni çağıran Nağıydı. O 

məndən beş addım aralı dayanmışdı. Mənə baxmırdı. Düz 

qabağa baxırdı. Rəngi ağappaq idi. Pıçıltıyla: "Üzünü o yana 

çevir" – dedi. O mənimlə danışmağa qorxurdu. Məni 

ləkələməkdən qorxurdu. Mən o deyən kimi etdim. Yarım 

dəqiqə maşınlar ötüb–keçənəcən uşaqlıq dostum olan bu 

adamla belə yan–yana, lakin bir–birimizə baxmadan durduq. O 

pıçıltıyla: "Məndən nə  eşitsən inanma" – dedi. Maşın axını 

qurtardı. Mən sağa, ölümə  məhkum olunmuş  və 

məhkumluğunu bilən, rəngi kətan kimi ağ, ürəyi donmuş diri 

meyit sol tərəfə getdi. Eh, danışmaqla qurtarmaqmı olar? 

Faciədən məzhəkəyə bir addımdır – deyirlər. Faciənin gülməli 

epizodları da olurdu. Bir müstəntiq bir həkimi dindirir. "Hansı 

əksinqilabi təşkilatın üzvü olmusan? Təşkilatda daha kimlər 

vardı? Məqsədiniz nə idi?". Hər sual bir şillə, hər sual bir 

qapaz, hər sual bir yumruq, hər sual bir kötək! Həkim çox kök 

idi. Onun dalınca kameraya gələndə bu 55 yaşlı kök kişi 

heyvani bir sövq-təbii hisslə qaçıb hıqqana-hıqqana, çarpayının 

altına pərçim olaraq girmək istəyirmiş. Onu darta-darta ordan 

çıxarır, istintaqa aparırlarmış. "Hansı  əksinqilabi təşkilatın 

üzvü olmusan, təşkilatda daha kimlər vardı? Məqsədiniz nə 

idi?". Hər sual bir şillə, hər sual bir qapaz, hər sual bir yumruq, 

hər sual bir kötək! Həkim heyvani bir qorunma instinktiylə 

danışmağa, ağzına gələni, gözünə görünəni, insan 

fantaziyasının yarada biləcəyi bütün rəzalətləri danışmağa 


 169 

başlayır. "Təşkilatımızın adı "Gənc Azər" idi. Üzvləri flankəs, 

flankəs, (yüzə  qədər adam). Məqsədimiz qiyam edib bütün 

ölkəni dağıtmaq idi. Müstəntiq yazır. Birdən sanki ayılır. 

Adları  çəkilən adamların çoxusu çoxdan ölüb. Bütün başqa 

məlumatlar da belə səf-səfədir. Həkim isə fantaziyası işlədikcə, 

dili tərpəndikcə danışmaq, sonra bircə saat dəmir çarpayının 

yumşaqlığında dincəlmək istəyir. Müstəntiq qarşısındakı kağızı 

doldurmaq, yuxarıda  şübhə doğurmamaq, dərisini qorumaq, 

başını saxlamaq istəyir. Həkim bircə saat yumşaq dəmir 

yataqda dincəlmək istəyir. Yaxşı  məşq keçmiş boksçu 

zərbəsinin gücünü sınamaq istəyir. O, yenidən həkimi döyməyə 

başlayır. Müstəntiq yazdığı cəfəngiyatları bir qırağa qoyub yeni 

kağız çıxarır. Həkim dəmir çarpayının yumşaq yatağında 

dincəlmək istəyir. Onu yarımcan halda kameraya atırlar. 

Ayılanda başı üstündə yoldaşını görür. 

–Səni kim dindirir? 

–F. 


–Eh. Onda işin  yaxşıdır ki,  balam  sən Tibb İnstitutunda 

dərs demirsən. Gəl sənə yolun öyrədim. 

Səhər həkim istintaqı səbirsizliklə gözləyir. 

–Hansı  əksinqilabi təşkilatda iştirak etmisən. Daha kimlər 

iştirak edirdi? Məqsədiniz nə idi? 

–Bu saat, bu saat yazın. Çox vacib məlumatlar verəcəm. 

–Yenə cəfəngiyat?  

Bir şillə. 

–Yox, bu səfər əsl həqiqət. Daha vicdanım məni gizlətməyə 

qoymur. Yazın. 

–Hə. 

–Mən  İnstitutda qadınlar arasında  əksinqilabi iş aparırdım. 



Bir neçə adamı təşkilata toplaya bilmişdim. 

–Hə. Kimləri? – Müstəntiqin gözləri sevinclə  işıldayır. – 

Adların de. 

–Bu saat, bu saat. Yazın R.S.D.Q. sonra V və bir də 

Kərimova Asiya. 


 170 

Müstəntiq dik atılır. 

–Necə? 

–Hə, Kərimova Asiya, sonra... 



– Dayan, dayan, Kərimova Asiya da vardı? 

–Bəs necə, o ən fəal iştirakçılardandı. Başçılarından və 

təşkilatçılarından. 

–Yox, yox siz yanılırsınız... 

–Niyə? Onu tanıyırsınız ki? Müstəntiqin dili–dodağı əsir. O, 

dodağını çeynəyərək pıçıltıyla: 

– O mənim arvadımdır – deyir. 

O biri stolun arxasında oturan ikinci müstəntiq şübhəylə bu 

tərəfə baxır. Qəzavü–qədəri bilmək olmaz. Hər anın bir hökmü 

var. Ola bilsin ki, bir az sonra bu müstəntiqlərin biri o birini 

dindirəcək, onun özünün hamıya dediyi sözləri ona qaytaracaq: 

–Biz hamısını bilirik, yaxşısı budur boynuna al. 

 Hələ  bəlkə bir şillə  də  çəkəcək. Yox, lap yəqin mütləq 

çəkəcəkdir.   İkincii müstəntiq otaqdan çıxır. Birinci müstəntiq 

yalvarıcı baxışla indicə şillələdiyi həkimə baxır: 

–Bəlkə, bu adı  çəkməyəsən. Mən də yazığam. Ailəmi 

pozma. Bizə əmr belədir ki, onsuz da boynunuza təqsir qoyub 

göndərəcəyik. Nahaq yerə mənim evimi yıxma. 

–Yox, mən hər  şeyi boynuma alıram, – deyə  həkim 

cəlladından hayıf çıxır. 

Faciədən məzhəkəyə bircə addımdır – demişlər. 

Lakin dəmir barmaqlıqlar ardında xarüqələr də olurdu. 

Qocaqlıqları  və iradələri tarixin ən böyük qəhrəmanlarını 

kölgədə buraxacaq igidlər də olurdu. 

Mühəndis Cavad göstərişlərinin hər sətrindən bir qol 

çəkmişdir. Bu o deməkdir ki, böhtanın hər sətrinə razı 

olmamışdan qabaq mühəndis şüurunu itirənəcən incidilirdi. 

Utancaqlığından beş adam yığılanda danışmağa çəsarət 

eləməyən qoca yazıçımız Seyid bütün işgəncələrə dözərək bir 

nəfərin də yalandan adını verməmişdir.  Şair Müslüm ölümə 

"Beynəlmiləl" oxuya–oxuya getmişdir. O, axıracan bayrağına 


 171 

sadiq qalmış, onu bulayan, bu bayraqla örtülən cinayətləri və 

dəhşətləri bilə–bilə bayrağını ləkəsiz görmüşdü. 

Həmişə  bər–bəzəkli geyinən, yaraşıqlı  gənc rəssam 

Əfrasiyab xaricdən alıb gətirdiyi və çox xoşladığı modalı ala–

bəzək qalstukunu ilk dəfə türmədə taxmış, sonra özünü həmin 

o qalstukla asmışdır. Onun meyitini görənlər  Əfrasiyabın 

vaxtilə  qəşəng sifətinin eybəcərliyindən və tanınmazlığından 

dəhşətə  gəlmişlər. Neftçi Beydulla silah tapmadığından 

damarlarını dişləyərək ölmüşdür. Beşinci ildən partiya üzvü, 

namuslu çekist və  əsl kommunist Nuri Vəliyev həqiqətin 

yoxlanılması üçün bir məktub yazmış  və günahsız olduğu 

haqqında Leninin qəbrinə and içmişdi. Lakin Leninin 

məqbərəsi susmuşdu. Onu iki tüfəngli əsgər qoruyurdu. Bütün 

bunlar Leninsiz olurdu. Leninsizlikdən olurdu. Böyük Leninin 

adıyla onun silahdaşlarını  tələf edirdilər. Kommunist 

ideallarından danışa–danışa kommunistləri güllələyirdilər. Bu 

insanların, bu diri–diri basdırılmışların səsi qulağımdadır. Bu 

səs gecələr məni yatmağa qoymur. Kimdən intiqam alım? 

"Millət uğrunda" özlərinə  şöhrət qazanıb üç otağını yeddi 

edənlərə əl çalan bu bədbəxt millət neçin onun qeyrəti yolunda 

təkcə otağını belə qara, soyuq, rütubətli məhbəs kamerasına 

dəyişənləri unudur? Məsələ onların adına küçə, ya su budkası 

qoymaqda deyil. Məsələ onların böyük faciələrindən dərs 

almaqdadır. Onların ulu igidlikləri qarşısında diz çökmək, 

inqilab yolunda çarpışa–çarpışa  əksinqilabda ittiham olunaraq 

güllənənlərə  pərəstiş etmək, iztirabın vicdanını bir dəqiqə, bir 

an susmağa qoymamaq... 

Birdən qonağım uşaq kimi məsum bir səslə dedi: 

–Yaxşı, mən istedadsızam, mən bir heçəm, zibiləm. Axı o 

istedadlı idi, onun gələcəyi vardı. O ədəbiyyata, mədəniyyətə, 

xalqa çox şey verə bilərdi. O gözəl sənətkar ola bilərdi. 

–Kim? 

Cavab vermədi. Susdu. Aralığa ağır, zindan kimi ağır, əzici, 



müdhiş bir sükut çökdü. Bir, iki, beş  dəqiqə keçdi. Mən artıq 

 172 

heç bir cavab gözləmirdim. Birdən o sonsuz bir həsrət duyulan 

ölü bir səslə: 

–O mənim arvadım idi, – dedi. 

Yenidən aralığa ağır, əzici, qatı bir sükut çökdü. Mən onun 

üzünə baxırdım. Üzü qırış–qırışdı. Sanki onun üzünü iztirabın 

kotanı şumlamışdı. Bayaqdan bəri min dəfə ifadəsi dəyişən bu 

çöhrə indi nə isə  mənə agah olmayan, yalnız onun özünün 

duyduğu və yaşadığı xatirələr aləminin təsirilə yumşalır, 

işıqlanır, mehriban və  nəvazişli olurdu. O danışmağa başladı, 

həzin, yumşaq, sevincli bir səslə danışmağa başladı. O, mənə 

müraciət eləmirdi. Sanki mən heç otaqda yox idim. Mənə elə 

gəlirdi ki, o, bəlkə heç danışdığını duymur. O eşidilməkçün 

danışmırdı. O xəyalına gələn dumanlı xatirələri sözlərlə 

bürümək, ifadələrlə, cümlələrlə aydınlaşdırmaq, 

konkretləşdirmək, duyulacaq etməkçün danışırdı. 

–Yağış yağırdı. Leysan deyildi. Amma hər halda güclü 

yağışdı. Kişi təzə  ağ kostyum geymişdi. Bilmirəm zalım oğlu 

pencəyi nə cür tikdirmişdisə çiyinləri bax bu endə, köksü bax 

belə qabarıq durmuşdu. Di gəl ki, yağış başladı. Vallah, bu 

pencək islanıb bir cür büzüşdü, bir cür balacalaşdı. Kişi cücəyə 

döndü. Sən demə zalım oğlu elə arıq imiş ki, özü qəsdən elə 

pencək tikdirib pəhlivana oxşasın. Yağış bunu islatdı, döndü 

cücəyə. Hələ arvad necə islanmışdı. Gəlib poçtun içərisinə 

girəndən bir saat sonra da üstündən  şorhaşor su axırdı. Vay 

allah, adamlar neçə qaçırdılar. Yağış birdən gəldi deyən heç 

kəs evinə çata bilmədi. Hamı görürsən birtəhər özünü poçta 

salıb gözlüyürdü. Mən elə  əvvəlcədən poçtaydım. Gəldim 

görüm Bakıdan kağız-zad yoxdur ki, yağış başladı, bayıra çıxa 

bilmədim. Amma yağış adamları  nə günə salırdı. Vallah, bir 

eybəcərləşdirirdi ki, nə deyim. 

Bilmirəm neçin bu xatirələr ona belə gülməli gəlirdi. 

Dəqiqəbaşı sözünü kəsib xəfif-xəfif gülümsünürdü. Uşaq kimi 

məsum və şən gülümsünürdü. 

–Hə, yağış hamını eybəcərləşdirmişdi, çirkinləşdirmişdi. 


 173 

Amma ona yağış da yaraşırdı. Saçlarının qıvırcıqlarından 

sallanmış yağış damcıları kiçildilmiş, miniatürləşdirilmiş üzüm 

salxımlarına bənzəyirdi. Saçına, qaşına, kirpiyinə düşüb qalmış 

yağış damcıları mirvariyə, inciyə oxşayırdı. Yanaqları, 

biləkləri,  əlləri paltarı üzərində sürüşən yağış damcıları  xırda 

dağ çiçəklərini andırırdı. Yağış onun al yanaqlarını daha 

yumşaq və saf eləmiş, qıvırcıq saçlarını  pərişanlandırmış, zil 

qara qaş və kirpiklərini hamarlayıb parlatmış və elə bil qara su 

olub gözünün gilələrinə yığılmışdı. Yağış onu hər budağından 

narın çiçək, yaxud xırda meyvə sallanan ağaca oxşadırdı. 

Deyirlər gözələ al da yaraşır,  şal da. Yağış hamını, o 

cümlədən gözəlləri də çirkinləşdirmiş, yazıqlaşdırmış, 

bürüşdürmüş, eybəcərləşdirmişdi.  

Amma ona yağış da yaraşırdı. 

O da yağışdan gizlənən bütün adamlar kimi poçtaya girdi. 

Yağış onu bəzəyirdi, o isə yağışdan qaçırdı. Poçtada 

gizlənənlər içində o hamıdan zəifdi. Lakin  hamıdan məğrurdu. 

O, poçtaya qaça–qaça, töyşüyə–töyşüyə girmədi. O, yağış 

altında qalmaq istəmirdi. Amma yağışdan oğru kimi qaçmaq da 

istəmirdi. O, poçta aramla girdi. Büzüşmüş, qorxa–qorxa göyə 

baxan, qapıdan uzaqda dayanmağa çalışan, bir–birinə  sıxılan 

adamlara baxıb gülümsündü. And olsun allaha, onun bu 

gülüşünü ölənəcən unuda bilməyəcəm. O burda hamıdan gənc, 

hamıdan gücsüz, hamıdan incəydi. Lakin bu yağışdan gizlənən 

adamlara bir ana kimi baxıb güldü. Güclü ana uşağının 

zəifliyinə,  əlacsız və bacarıqsız hərəkətlərinə baxan kimi 

nəvaziş  və  təəssüflə baxdı, gülümsündü. Sonra bir qıraqda 

dayanıb nə haqqında isə düşünməyə başladı. O xeyli dalğındı. 

Şuşada yağış yaman çox çəkir. Yağışın qurtarmasını gözləmək 

axmaqlıq olardı. Adamlar yağışın zəifləyəcəyini gözləyirdilər. 

Kimsə ondan nə isə soruşdu. O öz məlahətli səsiylə ona 

mehriban bir cavab verdi. Kimsə zarafatyana bir şəkildə ona 

sataşdı. O, sərt və kəskin bir cavabla zarafatcıl adamı yerində 

oturtdu. 


 174 

O ya dalğın, ya da çox həyəcanlı olurdu. O, Bülbülün 

nəğmələrini sevirdi. O, Şuşanın gözəl təbiətini sevirdi. O, Cıdır 

düzünün baş gicəllədən uçurumundan aşağıda köpüklənən çaya 

və  İbrahim xanın güclə görünən sığnağına baxmağı sevirdi. 

Şuşada hamı  və  hər yer oxuyur. Hər çobanın zənguləsini beş 

dağ, beş dərə beş dəfə artıraraq bir-birinə çatdırır, hər bir daşın 

dibindən muğamat səsi gəlir. O, Şuşanı  və  Şuşanın hər bir 

dağını sevirdi. O, İsa bulağının sərin, buzlu suyunu, ucu 

görünməz ağacların mehriban kölgəliyini, hər ağacın altında 

qurulan məclisin nəşəsini, meşədə odun yığmağı sevirdi. O, 

adamı min dillə dindirən  şuşalı arvadları, yanaqlarından qan 

daman şuşalı qızları, sinəsi nəğmə, qəlbi şer şuşalıları sevirdi. 

O,  şairə idi. Bəlkə indi onun şerlərini oxuyanda onlar adama 

bəsit və dayaz gələrlər. Lakin axı onun vur-tut iyirmi yaşı 

vardı. Bəlkə, onun heç olmasa iyirmi üç yaşı olsaydı, o çox şey 

yaza bilərdi. Amma onun iyirmi üç yaşı olmadı. Heç bir vaxt 

da olmayacaq. O, Şuşa təbiətindən və Moskvada 1 May 

nümayişinin rənglərindən ilham alırdı. O, "Humayun"dan 

riqqətlənir və "Beynəlmiləl" himnindən ruhlanırdı. O, şimal 

qütbünü fəth edən sovet təyyarəçilərindən, Bakının yeni 

məktəblərindən yazırdı. O, Şərq qadınını çadranı atmağa 

çağırırdı. O, eşqi,  şəfəq çağı  dənizin rəngini, aylı gecələri, 

çiçək açan alma ağaclarını, tərənnüm edirdi. O, Füzulidən, 

Sabirdən, Fikrətdən və Mayakovskidən həzz alırdı. 

Mən indiyənəcən təəccüb edirəm. Necə oldu ki, belə ilahi 

bir varlıq məni sevə bildi. 

Qonağım qəflətən mənə müraciət edərək: 

–Doğrudur, – dedi, – mən də o vaxt indiki halımda 

deyildim. Amma mən hara, o hara? Hər halda qəribədir ki, o 

məni sevdi. Allaha and olsun o məni sevirdi. Özü də möhkəm 

sevirdi. Mənimçün isə o, mələkdi, pəriydi, huriydi, daha nə 

bilim nəydi. Allahın fəlakətində insanlara göndərdiyi təsəlli və 

şəfqət ilahəsiydi. Biz xoşbəxt idik. Kim və neçin bizim 

xoşbəxtliyimizi pozdu? Axı biz bəxtiyarlıqdan doya bilmədik, 


 175 

sevincdən usanmadıq. Mən xəbər alıram, bizim nə  təqsirimiz 

vardı? Kim, neçin onu məndən aldı? 

O bu sualları mənə verirdi, özü də ritorikcəsinə deyil, məhz 

cavab almaqçün verirdi. O susub məndən cavab gözləyirdi. 

Mən nəinki təfərrüatını, hətta ən adi faktlarını belə bilmədiyim 

məsələ haqqında necə hökm verə bilərdim. O yenidən inadla:  

–Kim? Neçin? – deyə məndən soruşdu: 

–Sizi həbs edib ayırdılarmı? – deyə mən suala sualla cavab 

verdim. 


–Yox, – deyə o tez cavab verdi – dəhşət ondadır ki, bizi 

həbs etmədən ayırdılar. 

Qonağım yenidən təmkinlə danışmağa başladı: 

–İncəsənət işçiləri evində   üçüncü mərtəbədə bizim ikiotaqlı 

mənzilimiz vardı. Bütün evlərdə olduğu kimi bizim evin də 

birinci mərtəbəsində – giriş qapısının ağzında sakinlərin 

siyahısı – qara bir lövhə asılmışdı. Bütün evlərdə olduğu kimi 

bizdə də bu qara lövhənin üstündə ağ hərflərlə evin sakinlərinin 

familiyaları, mənzillərinin nömrəsi yazılmışdı. Həyətimizdə 

Kərim dayı adlı bir xidmətçi vardı. Kərim dayı mağazadan qara 

rəng və iri bir rəngsaz fırçası almışdı. Ayda beş, ya daha çox, 

bəzən hər həftə, bəzən günaşırı  Kərim dayı  səhər tezdən qara 

rəngini və  fırçasını götürürdü, giriş qapısına yanaşır, lövhədə 

ağ hərflərlə yazılmış müəyyən bir familiyanı qaralayırdı. Lövhə 

çox qəribə  və gülməli  şəkil almışdı. Məsələn, yuxarıda bir 

nömrəsi yazılmış, sonra aradan qara bir ara verilmiş, dalıycan 

məsələn 4 nömrəsi gəlmiş  və lövhənin dalı da bu əcaib sıra 

üzrə düzülmüş, get–gedə daha az qalan ağ  hərflərlə yazılmış 

familiyalar yazıq, aciz, yetim və narahat görünürdülər. Lövhə 

çox qəribə və gülməli şəkil almışdı. Lakin ona baxanda heç kəs 

gülmürdü. Boşalmış  mənzillərə köçən təzə sakinlər nədənsə 

hələ öz familiyalarını lövhəyə yazdırmırdılar. Təzə sakinlərdən 

bir çoxunun familiyası yazılmamışdan pozulurdu. 

Mən hər gecə bir şey edirdim. Arvadımdan qorxa–qorxa 

gizli edirdim. Duyurdum: o bilsə mənə nifrət edəcəkdi. Çünki 


 176 

onun buna ehtiyacı yox idi. O güclüydü, mən isə onun kimi 

deyildim, mən zəif idim. Mən bunsuz bacarmazdım. Mən hər 

gecə on birdən gecə qalmırdım və  hər gecə yatmazdan əvvəl 

qüvvətli dozada yuxu dərmanı içirdim. Ondan gizli içirdim. O 

bilsəydi, mənə nifrət edəcəkdi. Çünki onun bu dərmana 

ehtiyacı yoxdu. O güclüydü. Mən isə  zəif idim. Mən bu 

dərmansız qala bilməzdim. Məni qınamayın, mən hər gecə 

qüvvətli dozada yuxu dərmanı içirdim. Yerimə girən kimi və 

heç bir şey haqqında düşünməmək və o saat yuxulamaqçün 

içirdim. Təsadüfən gecə yuxudan ayılıb qulaqlarımı 

şəkləməmək, hər pıçıltıdan, hər ayaq səsindən, hər şaqqıltıdan 

diksinməmək, səssiz küçədən keçən hər maşının tormoz səsini 

dinləməməkçün içirdim. Gözlərimi qaranlıq tavana dirəyərək 

nəyisə, nəyisə, nəyisə gözləməmək, gözləməmək, 

gözləməməkçün içirdim. Kərim dayının qara lövhədə 

familiyamı pozan fırçasını yuxuda görməmək, ayrı, daha 

dəhşətli yuxular görməməkçün, bərk, daş kimi, ölü kimi yatıb 

yalnız səhər oyanmaqçün, bu gecə  də keçdi – deməkçün 

içirdim. Mən kimdən və nədən qorxurdum? Bəlkə, mən adam 

öldürmüşdüm, ev yarmışdım, hər nəysə bir cinayət eləmişdim, 

ifşa olunmaqdan qorxurdum. Bəlkə, mən siyasi bir qəbahət 

eləmiş, qeyri-ciddi bir söz demiş  və ya yanımda deyiləndə 

eşitmişdim. Yox, bu cəhətdən mənim vicdanım təmiz idi. 

Amma mən ondan qorxurdum ki, günahsızlığına başımla 

zəmanət verəcəyim 9 nömrəli mənzildə yaşayan, uzun illərdən 

bəri tanıdığım bəstəkar dostumun da heç bir təqsiri yoxdu, 

lakin bir səhər mən siyahi-lövhədən rəqəmlərin yeni düzülüş 

sırasını öyrəndim: səkkizdən sonra 10 gəlirdi. 

Mən zəif, gücsüz, iradəsiz, aciz, bəlkə də qorxaq adam idim. 

Amma allaha and olsun ki, mən özümçün qorxmurdum. Mən 

onunçun qorxurdum – Şairə yoldaşımçün qorxurdum. Ən 

böyük qəbahət istedad, ən böyük cinayət ad–san, şöhrət, 

hörmət, ən böyük təqsir seçilmək və sevilmək, ən böyük günah 

öz ağlınla düşünmək sayılan bir çağda mən onun aqibətiyçün 


 177 

qorxurdum. Onun parlaqlığından, qurbanı olacaq 

parlaqlığından qorxur, onu gözləyən  şeyləri təsəvvür edəndə 

dəhşətə  gəlirdim. Onu şer kürsülərində gurultuyla, alqışla 

qarşılayan, qədəminə güllər tökən gənclərin fərəhi və pərəstişi 

müqabilində onu qara zirzəmilərdə gözləyəcək intiqam, hayıf, 

qisas məni dəli eləyirdi. Mən bilirdim orada xalq məhəbbətini, 

xalq fərəhini bağışlamırlar. Dinləyicilərinin gözlərində qürur 

və sevinc oxuyan şair  ən ağır cəzaya məhkum olur. Xalqın 

məhəbbəti ona ən böyük ittihamnamədir. 

Onu dinləyənlər özlərində insanlıq ləyaqəti, insanlıq qüruru, 

insanlıq fərəhi duyurlar. Onu eşidənlər özlərini azad bilirlər. 

Ona qulaq asanlar özlərini millət sayırlar. Məgər bu günahları 

ona bağışlamaq olardımı? Mən bilirdim ki, ora düşsə, orada bu 

hayıfı onda qoymayacaqlardı. Bütün bunlardan başqa o qadın 

idi.  İncə, gözəl, zərif, həssas və  həzin sənətkar bir qadındı, 

şairə idi. Ora düşən kişilər haqqında danışılan dəhşətlər ən dahi 

bir rəssamın çəkə biləcəyi cəhənnəm mənzərələrindən müdhiş 

idi.   Ora düşən qadınlar haqqında danışılanları, on beş dəmir 

qapı dalından   süzülüb xeyli yumşalaraq   bizə, hələ çöldə 

gəzən adamlara gəlib çatan müdhişliklər haqqında mən söhbət 

açmaq istəməzdim. Əvvəla ona görə ki, siz hələ çox gəncsiniz.  

Əgər siz  daha yaşlı olsaydınız belə  mən bildiklərimi və 

eşitdiklərimi danışmazdım. Belə  şeyləri insan-insana 

danışmamalıdır. Belə söhbətlər, belə mənzərələr yaddaşda yara 

kimi qalan bu dəhşətlər qurd kimi adamın öz içini yeməlidir. 

Danışılmamalı-danışılmamalı – deyə o əsəbi və  qırıq–qırıq 

deyirdi. – Adamlar belə şeyləri danışmamalı, yox ümumiyyətlə 

görməməli, bilməməlidir. Bunu görən, bilən, eşidən adam 

insanlıq ləyaqətini, nə isə ona insan olmaq  haqqı verən  bir 

hüququ itirir. Onunçün qadın idealı,  əbədi qadınlıq idealı 

yoxdur. Bunları eşidən, görən, bilən qadın haqqında, dəhşətsiz 

düşünə bilməz. Bunu eşidən, bilən,  görən öz anası haqqında 

düşünməməlidir, onu xatirinə, yadına gətirməməli, gözləri 

qarşısında canlandırmamalıdır. Bunu görən, eşidən, bilən 


 178 

bacısının gözünə baxmamalıdır. Bunu görən, eşidən, bilən 

allaha, allah yoxdursa, bilmirəm kimə, bəlkə mamaçaya dua 

etməli, yalvarmalıdır ki, heç bir vaxt ona: "Gözün aydın, qızın 

oldu" deməsin. Bunu görən, eşidən, bilən  əgər arvadını  bərk 

sevirsə onu öldürməlidir. 

Qonağım qışqırıb hıçqırmağa başladı. Mən yenidən güclə 

onu sakit etdim. 

O, dərhal yenidən danışmağa başladı:  

–Ora düşən qadınlardan eşitdiyimə görə yalnız biri xoşbəxt 

olubmuş. Onun xasiyyətindəki qəribəlik haradansa qadının 

taleyini həll edənlərin qulağına çatıbmış. Bu qadını xilas 

etmişdir. Bu qadın cavan və üzdən süfayi olmasına 

baxmayaraq "uşaqları" yalnız bir cəhətdən – "psix"liyi 

cəhətdən maraqlandırmışdır. Onlar qadının bir qədər qəribə 

olmasını  və qorxu maniyasını  şən zarafatlarına hədəf edərək 

gecələr müxtəlif qorxunc qiyafələrdə, maskalarda, əcaib səslər 

çıxararaq qadın qalan tənha və qaranlıq kameraya gəlir, qadını 

ürəyi gedənəcən qorxuzur, yalnız o hərəkətsiz qalıb qəşş 

edəndən sonra gülə–gülə  çıxıb gedirdilər. Onlar bununla 

kifayətlənirdilər. Bu arvad xoşbəxt imiş. Düzdür, iki–üç belə 

seansdan sonra o sağalmaz bir halda dəli oldu və bir həftə 

sonra məhbəs xəstəxanasına düşdü. Ora düşən qadınlardan mən 

eşitdiyimə görə bu ən xoşbəxti imiş.  

Qalanları isə... Siz boksçuların kim olduğunu bilirsinizmi? – 

deyə o birdən birə mənə müraciət etdi.  

Mən cavab verməyə imkan tapmamış o sözünə davam etdi: 

–Yox, o siz bilən boksçuları demirəm, idmançıları demirəm. 

Yəni onlar da idmançılardır. Onlarda da idman azarı, müəyyən 

həvəs və ehtiraslar var. Küçədə onları görsəniz bir-birlərini 

"bizim uşaqlarımızdandır" deyə adlandıran bu gənclər çox 

gözəl və səliqəli, son moda üzrə geyinmiş, son dərəcə mədəni, 

nəzakətli, həmişə bir qulağı ayıq, xoş təbəssümlü, kos bəbəkli 

adamlardır. Bəziləri hətta bu kos bəbəklərini bir anlığa bir 

nöqtədə saxlayıb insanların gözlərinin içinə düz baxmağı da 


 179 

vərdiş etmişlər. Tramvaya minəndə qoca kişiyə yol verir, 

qadınlara yol göstərirlər, uşaqlara qalxmağa kömək edirlər. 

Lakin ora gələndə  həmin bu mədəni, nəzakətli, sağlam və 

güclü gənclər cəld üst paltarlarını, vətəndaş paltarlarını çıxarır, 

öz iş formalarında qalır və  işə başlayırlar. Onlar küçədə yol 

verdikləri qocaları yumruqla vurub yerə sərir, təpikləyib küncə 

itələyir, saçından, saçı tökülübsə, daz, keçəlsə burnundan, ya 

qulağından tutub qalxızır, yenidən boksun son qaydası üzrə 

çənəsinin altından bir yumruq vurub yerə  sərir, yenidən 

təpikləyir, yenidən qalxızır və yenidən vurub yerə  sərirlər və 

yenidən və yenidən və yenidən... sonsuz kərə. Həmin bu durub 

yer verdiyi qadınlara... 

O susdu. 

–Bilirsinizmi, onlar gənc, güclü, sağlamdırlar. Hərəkətlərinə 

heç bir nəzarət, ehtiras və istəklərinə heç bir hüdud yoxdur, heç 

bir iman və inamları, heç bir əxlaq prinsipləri və anlaq 

normaları olmadığından pozğunluqları  qəribə deyil. Ora 

məhkum,  əli heç yerə çatmayacaq, səsini kimsə  eşitməyəcək, 

yolu gedər–gəlməz olan qadın düşdükdə onlar... 

Qonağım dodağından qaçacaq sözü sonuncu anda tutub 

saxladı və nəfəsini dərib dedi: 

–Nə yaxşı ki, körpə  uşaqlar ora düşmürlər – sonra əlavə 

etdi– hər halda mən eşitməmişəm.  

Susdu. Nəfəsini dərdi. Sonra: 

–Bilirsinizmi, bir dəfə balaca qız, – deyə gülümsündü. 

Deyəsən uşaqları çox sevirdi və indi xoş bir təbəssümlə 

onlardan nə isə məzəli bir şey danışmaq istəyirdi. Lakin birdən 

bu fikirdən daşınaraq yenidən əvvəlki söhbətinə qayıtdı. 

–Deyirlər onlar orada qoca, cavan, çirkin, gözəl qadınlara o 

qədər də  fərq qoymurlar. Yalnız çox gözəl qadınları ayrıca 

seçirlərmiş. 

Mən diksindim. O dərhal bunu sezdi. 

–Bəli, – dedi – dəhşətli sözdür. Sarsıdıcı sözdür. Seçirdilər. 

At kimi, ev heyvanı kimi. Siz bilirsinizmi neçin seçirdilər? 


 180 

O əyilib mənim qulağıma pıçıldadı. 

Sonra susdu. Fikrə getdi. Gözlərində  dəhşət oyandı. Rəngi 

daha da qaçdı. Yanağı əsməyə başladı. Elə bil nə isə güclü bir 

daxili ağrıyla çarpışırdı. Sonra ağır–ağır dedi:  

–Bilsəniz mənim arvadım, necə gözəl, necə həzin, zərif idi. 

Aman allah. Bundan dəhşətli nə ola bilər? Ən pis, ən iyrənc, ən 

dəhşətli səhnələr mənə  mələklər qədər pak və  təmiz olan 

arvadımın, istəklimin, gözəlimin surətini xatırladır. 

Mən: 


–Lazım deyil, – dedim. – Danışmayın. Sizə danışmaq 

ağırdır. Mənə dinləmək.  

O gülümsündü: 

–Yox, – dedi. – O təmiz getdi. Ona dəyə bilmədilər. Vəhşi 

əllər, murdar barmaqlar onun aydan arı  bədənində  gəzə 

bilmədi. O pak və  tərtəmiz, ləkələnməmiş getdi. Mənim 

qızdırmalı  xəyalımın yaratdığı  dəhşətli  şeylərdən heç biri 

olmadı. Sənan onun kəsilib atılmış  dırnağına belə toxuna 

bilmədi. 

–Sənan kimdir? – deyə mən təəccüblə soruşdum. 

O birdən dayandı. Mənim Sənanı tanımamağım onu çox 

təəccübləndirmişdi. Sonra birdən nə isə yadına saldı, nə isə 

anladı və gülümsündü. 

–Elədir, – dedi. – Axı siz Sənanı tanımırsınız. Hardan da 

tanıyasınız? Deyirlər o indi hansı mağazadasa satıcı işləyir. İş 

vaxtı qurtaran kimi tez evə qaçır. Bayıra çox da tez–tez 

çıxmağa həvəs göstərmir. Elə geyinmək, elə yaşamaq, qalan 

ömrünü elə keçirmək istəyir ki, gözə çarpmasın, diqqətdən 

yayınsın, unudulsun, nəzərdən qaçsın, birtəhər başını girrəsin 

və  bəzi-bəzi adamlar bəzi–bəzi işləri ona xatırlatmasınlar. Bir 

vaxtlar isə bu Sənan bambaşqa idi. Geyinib-kecinib küçələri 

veyillənər, həmişə diqqət mərkəzində olar, həmişə gözə girərdi. 

Bu Sənan belə Sənandı. Cavan, sağlam, yaraşıqlı, bər–bəzəkli, 

ucaboylu, enlikürək, qarabığlı, gözəl bir gəncdi.  İndi deyirlər 

onun bu cəh-cəlalından heç nə qalmamışdır. Solğun, miskin, 


 181 

yazıq Sənan, balaca, zəif, gizlənən, başın girləyən Sənan. 

O, sanki birinci dəfə idi ki, Sənanın aqibətini düşünürdü. 

Xəyalında canlandırdığı surət həm onu sevindirir, həm də elə 

bil məyus edirdi. Sənanın dəyişilməsi onda təəssüfə bənzər bir 

hiss oyadırdı. Halbuki o deyirdi: 

–Dünyada heç kəsə bu Sənana nifrət etdiyim qədər nifrət 

etmirdim. Mən onun nə  işlə  məşğul olduğunu yaxşı bilirdim. 

Və o təzə modlu paltosunu geyinib boynuna rəngbərəng  şərf, 

üzünə  məftunedici gülüş taxıb küçələrə düşəndə, nəzakətlə 

davranıb mədəni söhbətlər edəndə cin beynimə vururdu. 

–İnsanlar, aldanmayın, yanılmayın – deyə bağırmaq 

istəyirdim – Bilirsinizmi bu kimdir? Bu adam məni, sizi, sizin 

ərlərinizi və arvadlarınızı, analarınızı və atalarınızı, bacılarınızı 

və qardaşlarınızı, hətta beşikdə yatan körpələrinizi belə 

üzündən bax bu məlahətli təbəssümü silib atmadan didə, 

parçalaya, döyüb, ya təpikləyib öldürə bilər. 

Mən əlbəttə ki, heç bir vaxt bağırmadım. 

O axşam da biz Sənanı gördük. İsti bir yay günü idi. Lap elə 

bugünkü kimi bir axşam idi. Mən arvadımla Sahil bağında 

gəzirdik. Birdən Sənan bir dəstə yoldaşıyla düz qarşımıza 

çıxdılar. Yol dar idi. Sənan vərdiş halına keçmiş bir nəzakətlə 

çəkilib arvadıma yol verdi. Üzündə  həmişəki yapışdırılmış 

təbəssüm vardı. Amma gözlərinə baxanda, bir dəqiqə bir yerdə 

durmayan, quş axtaran ov tulası kimi ora–bura vurnuxan 

bəbəklərində mən ani bir ifadə sezdim. Bu ifadəni sözlə demək 

çətindir. Bəlkə nisbətən uyğun və yerində  işlənmiş "istehza" 

sözü olardı. Amma bu istehza da deyildi. Yaxın görüşə, bizi 

görüşdürəcək hadisələrə bir işarəmi idi, bizə nə isə bir vədəmi 

idi, bir hədəmi idi, bir xəbərdarlıqmı idi? Amma hər halda 

təəssüf deyildi. Hər halda o bizə rast gəlməsindən narazı 

deyildi. Hər halda o nə isə bilir, nəyisə qəti bilir və bu NƏ İSƏ 

bizimçün ağır bir sarsıntı, onunçün xoş bir macəra idi. 

Bu saniyənin yüzdə birində sezdiyim ifadə  məni sarsıtdı. 

Lakin bu ani ifadənin yerinə gələn ifadə məni bəlkə daha artıq 


 182 

dəhşətə gətirdi. Bu ikinci ifadəni aydın görmək və ona səhvsiz 

ad vermək olardı. Bu şəhvət ifadəsiydi. Sənanın ona – Mənim 

gözəlimə baxan murdar gözlərində çirkin bir ehtiras, iyrənc 

çılpaqlığını heç şeylə örtmək, bürümək istəməyən bir erkək 

intizarı, pis söyüş kimi sırtıq, həyasız bir şey, yaxın nəşəyə qəti 

əmin olan bir əxlaqsızın səbirsizliyi var idi. 

Siz o dövrdə yaşamamısınız. O dövr barəsində sizə nə qədər 

və necə danışsalar belə siz onu təmamilə anlaya bilməzsiniz. 

Siz o qorxunu necə təsəvvür edə bilərsiniz, hər an, hər dəqiqə 

uçurum qırağıyla yerimək, həm də taytıya–taytıya yerimək, 

yanında səni hər dəqiqə sözsüz–danışıqsız girdaba itələməyə 

hazır olan adamların addımbaaddım səni izləməsi, hər gələn 

gecəni son bilmək, hər səhəri açanda yeni qarşıdan gələn 

gecənin dəhşətini düşünmək – bütün bunları danışmaqla 

anlatmaq olmaz. 

Səsinin heç yerə çatmazlığını, haqsızlığın dəryasında 

boğulduğunu, heç kəsə, anana, atana, arvadına belə 

ürəyindəkiləri deməyi cəsarət etməməyi necə  təsəvvürə  gətirə 

bilərsiniz.  Ən dəhşətli özünü mühakimədən sonra belə 

vicdanında bir təqsir görməyib hər an min günahla 

təqsirləndirilə biləcəyini duymağın  əzabını  sən necə hiss edə 

bilərsən? Bəziləri – günahsız olub müqəssirlikdə ittiham 

olunanlardan bir çoxu böyük bir intizarla vicdanlarını arayıb 

heç olmasa bir ləkə, bir təqsir tapmaq arzusunda olurlar. Onda 

heç olmasa onların təsəllisi olardı. "Günahındı, çək". 

Belələrindən bir çoxu vicdanlarını  təmiz görüb məyuslaşır və 

bundan sonra şüurlu, ya yarımşüurlu bir halda qəsdən, ya da 

bəlkə yarımqəsdən bir qəbih iş görür, bir yasaq söz danışır və 

cəzanı nisbətən asan qəbul edirdilər. "Cəzamdır çəkirəm". Bu 

böyük təsəllidir. "Təqsirsiz getdimin" – zəhərindən yaxşıdır. O 

dövrdə bir tək Kərim dayı xoşbəxt idi. Kərim dayıya qansız, 

zülmkar, özgələrin dərdindən həzz alan bir adam demək 

olmazdı. Çuğul da deyildi. Müsibətlərə yuxarıdan baxan filosof 

da deyildi. Kərim dayı axmaq, ya səfeh də deyildi. Kərim dayı 


 183 

arsız idi. Kərim dayı  bəxtiyar idi. Hər səhər yuxudan duran 

kimi, çox vaxt da elə gecə vaxtı müəyyən məlumatlar toplayır 

və arvadına belə xəbər verirdi: 

–Eşitdin də, arvad, Əsgərlinskini də tutdular. O artist vardı 

o, teatr çıxarırdı, "Şeyx Sənana" getmişdik ha, yadında? Hə, 

bax o Şeyx Sənanı oynayanı da apardılar.  Əmma  əntiqə  səsi 

vardı ha? Öz aramızdı, vraq narod da olsa səsi qiyamətdi. 

Kərim dayı qonşu həyətin xidmətçisini görəndə deyirdi:  

–Nə var, nə yox? Məndə sağlığın. Yuxarı mərtəbədə hələ bir 

ər–arvad qalıb. O urusu da apardılar. Pianino çalırdı o. 

Ev sakinlərini görəndə ehtiyatla və şübhəylə, oğrun–oğrun, 

müştəri gözüylə baxırdı. Görəsən bunların hansı haqqında və 

haçan deyəcəkdi: 

–Filankəs də belə getdi. Vay atonnan. Evin top dağıtmazdı. 

Deyir, ay namərd dünya, Süleymana qalmadın kimə 

qalacaqsan? 

Kərim dayı  nə  təəssüf çəkirdi, nə  də sevinirdi. O ancaq 

maraqlanırdı  və  uşaq həvəsiylə demək olar ki, hər gün, ya 

günaşırı müxtəlif adamlara: 

–Eşitdiniz də, şairi tutdular, – deyirdi. 

Onun müraciət etdiyi adamları elə bil ildırım vururdu, 

Kərim dayıya rast gəlməməyə çalışırdılar. Kərim dayı arsız idi. 

O bəxtiyar idi. Bütün bunları indi sizə anlatmaq əlbəttə 

çətindir. Bilmirəm siz mənim o vaxtkı halımı və hərəkətlərimi 

anlayacaqsınızmı? Məni qınamayın, o gün bulvarda mən 

nəticəsi haqqında düşünmədən elə buradaca adamların içində 

Sənanı boğub öldürmək istəyirdim. Bunu gəlişi gözəl deyilmiş 

söz hesab eləməyin. Sizin yadınızdadır mən özüm də dəfələrlə 

təkrar etmişəm ki, zəif, iradəsiz, bəlkə qorxaq adamam. Amma 

siz bilirsinizmi ki, dəlicəsinə qoçaq hərəkətləri  ən qorxaq 

adamlar edir. İgidlik  əlacsızlıq, çarəsizliyin, ümidsizliyin, 

əlacsızlıq, ümidsizlik, çarəsizlik isə qorxaqlığın övladıdır. 

Qorxaq və iradəsiz adam məhz qorxaq və iradəsiz olduğuna 

görə  səbir, dözüm igidliyinə qadir deyil, amma ani 


 184 

qəhrəmanlığı,  ən xarüqəvi qəhrəmanlığı, ölümlə qurtara bilən 

bir qoçaqlığı bacarır. Mən də o gün Sənanı öldürməyə qadir 

idim. Çünki qorxurdum. Evə gedib yerimə girib, bütün yuxu 

dərmanlarına baxmadan, yuxlaya bilməyib gecənin sükutunda, 

qaranlığında, dəhşətində Sənanı gözləməkdən qorxurdum. Ani 

bir tərəddüd Sənanın həyatını xilas etdi. Mən onu evdə 

gözləyəcəm, gəlsə öldürəcəm – dedim. Amma dərhal bu işin 

əbəsliyini, uşaqcasına mənasızlığını, axmaqlığını duydum, – 

çünki bilirdim ki, o, gəlsə  tək gəlməyəcəkdir. Bir adamı 

öldürmək heç bir şeyi həll etməyəcəkdir. 

Nə isə, biz evə  tərəf gəlməyə başladıq. Nədənsə  mən evə 

getmək saatını dala atmaq istəyirdim. Nədənsə mənə elə gəlirdi 

ki, axırıncı dəfə onunla Sahil bağını gəzirik. Mən nə xoşbəxtəm 

deyirdim. Bağ belə yaxşı, dəniz belə gözəl, sevgilim, gözəlim, 

yaraşıqlım mənimlə. O məni sevir, mən onu sevirəm, 

səadətimizi heç nə pozmur. Biz nə bəxtiyarıq. 

Mən heç bir şey haqqında düşünmək istəmirdim. Mən bu 

dəqiqənin sevincini udmaq istəyirdim. Lakin məndən asılı 

olmayaraq bu dəqiqələrin sevincinə qorxu zəhəri qatışırdı. Mən 

heç bir şey haqqında, nə gecə, nə  səhər, nə  həyat və vaxt 

haqtında düşünmədən, danışmadan, hər 

şeydən 

mücərrədləşərək bu xoşbəxt anları yalnız məcburən deyil, 



məcburiyyətsiz, xoş, sevincli, səmimi, şən anlar kimi duymaq, 

bu anları zamanın durmaz və müdhiş axınından dişimlə, 

dırnağımla qoparıb saxlamaq istəyirdim. Lakin bu həyatımın 

axırıncı xoşbəxt saatlarında da mən xoşbəxt deyildim. O, isə 

xoşbəxt idi. O, hər şeyi duyurdu. Lakin o məndən güclü olduğu 

üçün hər şeyi daha mətin keçirirdi. O, səadətçün yaranmışdı. O, 

səadəti duya bilir, dolu ciyərlərilə, sevinclə  nəfəs alır və 

təlaşını, intizarını ürəyinin zirzəmilərində basdırırdı. Bəzən 

mənə elə gəlirdi ki, o, hələ hər şeyi anlamır. Amma o hər şeyi 

bilirdi. Mən fikirlərimi ondan gizlətməyə çalışırdım. Lakin bir 

dəfə qeyri–ixtiyari olaraq söhbət həmin məsələdən düşəndə o 

dedi: 


 185 

–Mən çox gözəl bilirəm ki, məni və səni nə gözləyir. Lakin 

hələ heç bir şey yoxdur. Bilirsən nə var? Bu barədə düşünmə. 

Bəla gəlməmiş yas qurmaq lazım deyil. Heç bir şeydən 

qorxmadan, heç bir dəhşət gözləmədən yaşamaq, ciyər dolusu, 

ürək dolusu, beyin dolusu yaşamaq, işləmək, yaratmaq, 

qurmaq,  sevinmək  və xoşbəxt olmaq lazımdır. 

Belə danışmaq onunçün çətin deyildi. O güclü və mətin idi. 

O xoşbəxt olmağı bacarırdı, o heç nədən qorxmurdu. 

Bəs mən? And olsun allaha, mən yalnız onunçün 

qorxurdum. Lənətə  gəlmiş  xəyallarım mənə  dəhşətli lövhələr 

çəkirdi. Mən o gözəli, o zərifi, o incəni Sənanın və Sənan kimi 

dodağına gülüş yapışdırılmışların qıllı əlləri arasında çapalayan 

görürdüm. 

Aman, bu vahiməli lövhələr indi də  mənim gözlərim 

qarşısındadır. Onlar ölənə qədər məni təqib edəcəklər. 

O, axırıncı sözləri boğuq hıçqırıq içində dedi. Sonra yavaş–

yavaş özünü ələ aldı. Susdu və sakit davam etdi. 

–Onlar elə  həmin gecə  gəldilər. Amma bilirsinizmi, bu 

təfərrüat da maraqlıdır. Həmin gecə yerimizə girməmişdən 

əvvəl o qəflətən mənə dedi: 

–Bu gecə iki doza at. Oyanmayasan. 

Mən dik atıldım. O gülümsündü. Məni elə bil ilan çaldı. 

Deməli o hər  şeyi bilirmiş. Mənə elə  gəldi ki, o mənə nifrət 

edir. Mən ona sual verməyə  cəsarət etmədim. Yerimin içində 

qovrulurdum. Birdən onun səsini eşitdim. 

–Hələ yuxulamamısan ki? 

–Yox. 


–Onda yuxulamamışdan sənə deyim, bil. Dünyada heç kəs 

mənə səndən əziz olmamışdır. 

Nədənsə məni ağlamaq tutdu.  

O dedi: 


–Geçən xeyrə qalsın. 

Qarşı qonşumuzgildə qonaqlıq idi. Musiqi səsi gəlirdi. 

Yorğun səsli bir qız qəmli bir muğam oxuyurdu. Deyəsən 


 186 

"Humayun" idi. 

Həmin o gecə  mən yuxumda dənizi, bulvarı  və arvadımı 

görürdüm. 

Həmin bu gecə saat on üçün qarşıdakı qonşugildə qonaqlar 

toplanmağa başlandı. Qarşı qonşumuzgilin oğullarının ad 

gününü bayram edirdilər. Bir neçə gün əvvəl ev yiyəsinin yaxın 

dostu tutulmuşdu. Bu işdən zərrə qədər də qəmlənmədiyini və 

bu köhnə dostuyla heç bir əlaqəsi olmadığını camaata isbat 

etməkçün qonşumuzgil bu gecədəki ziyafəti xüsusi bir 

təntənəylə hazırlamış və xüsusi bir hay–küylə keçirirdilər. 

Həmin bu gecə saat on birdə  Kərim dayı bir həftə 

işlənmədiyinə görə qabda quruyub bərkimiş  rəngə  və 

qərtməklənmiş fırçasına baxıb arvadına dedi: 

–Çoxdandı bir səs yoxdu a – tavana, yuxarı  mərtəbələr 

səmtinə baxıb mənalı gülümsündü. 

Həmin bu gecə saat on ikidə  Sənan geyinib çıxmağa 

hazırlaşırdı. Qoca anası: 

–İşin necədir? – deyə soruşdu:  

Sənan dedi: 

–Sən yat. Mən gec gələcəm. 

–Paltonu çiyninə sal, soyuq olar, – deyə ana böyük bir 

nəvazişlə oğluna baxdı. Sənan əyilib anasının alnından öpdü və 

səssizcə qapını ardınca bağlayıb getdi. Ananın gözlərində 

sonsuz bir fərəh vardı. 

Həmin bu gecə saat birdə bizim qapımız döyüldü. 

Oyanmazdan bir qədər əvvəl (real həyatda bir neçə an, yuxuda 

isə bu bir neçə an mənə uzun bir müddət kimi göründü) kimsə 

məni döyürdü. Ağrı hiss etmirdim. 

Lakin kəsik–kəsik, aramla, səbirlə vurulan zərbələrin səsini 

eşidirdim. Oyananda bu zərbələrin qapıya vurulduğunu 

anladım. Saniyənin yüzdə biri belə keçmədən hər  şeyi 

qavradım. Sanki axır ayların bütün dəhşətli hissləri, ən amansız 

şübhələrim,  ən qorxunc fərziyyələrim, qorxularım, təlaşım, 

intizarım birləşib təmkinli zərbələrlə qapını döyürdülər. Mən 


 187 

nə edəcəyimi bilmirdim. Bu saatları min–milyon dəfə 

xəyalımda canlandırıb hər anını, hər hərəkətini yüz dəfə ölçüb–

biçmişdimsə  və  hər  şey də  məhz mənim zənn etdiyim kimi 

olurdusa da hər halda mən nə edəcəyimi bilmir, milyon dəfə 

hazırladığım, düşündüyüm, hətta məşq elədiyim sözləri və 

hərəkətləri bir an içində unutmuşdum. Bir-birindən dəli fikirlər 

başımda atlanıb–düşürdü. Qapını açmamaq, sındıranacan 

gözləmək. YOX, pəncərədən atılmaq, xurd–xəşil olub ölmək. 

YOX, ağır kağızbasanı içəri girən birinci adamın başına 

çırpmaq, YOX, əlimə nə keçsə qapıya, hələ açılmamış qapıya 

vıyıldatmaq, sonra yenidən  əlimə  nə keçsə girənlərin başına 

çırpmaq, YOX, tutulanacan vuruşmaq, qollarım bağlanandan 

sonra vuruşmaq, yerə  sərilmək, dişləmək, yıxılmaq, 

təpikləmək, ölənəcən, ürəyim partlayanacan fiziki müqavimət. 

BƏS O? YOX, içəri girənlərin ayağına yıxılmaq, yalvarmaq, 

YOX, bədənimdən atılıb çıxmaq, quş olub uçmaq, YOX. 

Allaha, bu dəqiqə inandığım Allaha yalvarmaq, YOX, 

ağlamaq, YOX, qəhqəhə  çəkib gülmək, YOX, sakit olub 

uzanmaq, özünü yuxululuğa, ölülüyə qoymaq, YOX, attanıb 

düşmək, YOX, oturmaq, YOX, dəli olmaq, YOX, pəncərədən 

bağırıb kömək istəmək, YOX, özümü ələ alıb, mühakimə  və 

tədbirlə tərpənmək, rahat ürəklə qapını açmaq, xoş üzlə, təmiz 

vicdanla qarşılamaq, YOX, qaçıb stolun altında gizlənmək, 

YOX, onu yuxudan oyatmaq, YOX, oyatmamaq, YOX, bəs nə 

etmək, nə etmək, nə etmək? 

Birdən kəsik–kəsik, aramla, səbirlə, inamla döyülən qapı 

tappıltılarının tənəffüsündə, axırıncı tappıltının səsi  əriyib 

sükuta qarışanda və yeni tappıltı passajı başlananacan araya 

çökmüş lal bir sakitlikdə  əsməyən, amiranə, arxayın və  əmin 

bir səs eşitdim. 

–Qapını aç. 

Bunu o dedi. O ayıq imiş. Amma gözləri qapalı idi. Üzü 

sakit idi. Qaranlıqda rənginin qaçıb–qaçmadığını  təyin etmək 

çətin idi. 


 188 

Mən ovsunlanmış kimi onun əmrinə itaət etdim. Amma 

qapını açmamışdan onun özünün bu günlərdə həyətdə itilətdiyi 

və gecələr yanıma qoyduğum, mətbəx bıçağını cibimə soxdum. 

Fikirlərimdə onu həmişə  Sənanın bağrına sancırdım. Nədənsə 

əmin idim ki, bizə məhz Sənan gələcəkdir. Yanılmamışdım. 

Otağa birinci Sənan girdi. O tək deyildi. İşığı yandırdılar. 

Gözləri otaqda vurnuxan adamlardan biri onu yataqda görüb. 

–Geyin – dedi.        

Sənan dərhal: 

–Əvvəl kağızı göstər, – dedi. 

O, həmişəki kimi nəzakətli idi. 

Mən əyilib kağıza baxdım. Qeyri–ixtiyari: 

–Bəs mən? – dedim.  

Gələnlərin dodağı qaçdı: 

–Tələsmə, sənin növbən də çatacaq. Sənan mənə "siz" deyə 

müraciət elədi. 

–Görürsünüz ki, kağız yalnız arvadınızın adınadır. Biz 

kağızsız heç kəsi apara bilmərik. Odur ki, arvadınızı bizə etibar 

etməli olacaqsınız. 

O bərkdən güldü. Bu həmişəki maska gülüş – mədəni təbəssüm 

deyil,  ən alçaq və  rəzil bir pozğunun sitizə  hırıltısı idi. Bıçaq 

cibimi yandırmağa başladı. Lakin mən hələ özümü saxlayırdım, 

hələ  şüuruma nəzarət edə bilirdim. Şüurum isə: Nə olsun? Nə 

olsun? –  deyə yanıb–sönürdü. Bir Sənanı öldürdün. Bəs o birilər? 

Birincisi Sənanı öldürsəm, özümü demirəm, özüm cəhənnəm, 

arvadımın işi daha ağırlaşacaqdır. Ondan daha da intiqam alacaq, 

şübhələnəcək, onu daha çox incidəcək, daha pis təhqir edəcəklər. 

Sənanı yox, başqa birisini öldürsəm, yenə  də  həmin vəziyyətdir. 

Yox, mən lap div olub bütün otaqdakıları öldürsəm belə neçəsi 

qapının dalında, pilləkəndə, həyətdə, küçədə durub, neçəsi başqa 

mənzillərdə  həmin  əməliyyatı aparır, neçəsi maşının içərisində, 

neçəsi məlum binada marıqdadırlar. Lakin mən heç bir şey etməyə 

də bilməzdim. Mən yaxşı bilirdim ki, sabah, bəlkə elə bu gecə iki 

saatdan sonra mənim də dalımca gələcəklər. Bəs mən bu gecəni, 


 189 

bu günü, bu iki saatı, on dəqiqəni onsuz, həm də onun hara, kimlə 

və neçin getdiyini bilərək necə yaşaya bilərdim. Mən onu aparan 

"qara qarğanın" dalıyca cəhənnəmə, cəhənnəmdən daha dəhşətli 

yerlərə sürünməyə hazırdım. O şeh kimi zərif, ayın suya saldığı 

işıq cığırı kimi incə, həzin idi. Mən onun büllur kimi təmiz və 

kövrək,  şüşə kimi sınımlı  bədənini, ruhunu Sənana və  Sənan 

kimilərə necə etibar edə bilərdim. Bəs mən nə edəydim, deyin nə 

etməliydim, necə çıxış tapaydım. 

Qonağımın gözləri məhvərindən çıxmışdı, o yaxamdan 

tutub silkələyir, məndən cavab gözləyirdi. 

–Qarşımda oturmasaydınız – dedim – "mən çıxış yolunu 

bircə sizin intiharınızda görərdim". 

O yaxamı buraxıb gülümsündü: 

–Elədir – dedi. – Bunu sizə mən özüm pıçıldadım. Zəifəm, 

qorxağam, iradəsizəm, qorxaqlıq qoçaqlığın rəhnidir və sairə. 

Bunlar hamısı belədir,  əlbəttə. Məhz qorxaq, zəif və iradəsiz 

olduğuma görə arvadımın pis gününü, namusumun 

tapdalanmasını görməməkçün, bütün dəhşətlərə birdəfəlik son 

qoymaqçün dostunu düşmən əlində qoyub qaçan namərd kimi 

cibimdəki iti bıçağı bağrıma sancıb xilas olmalı, qurtarmalı, 

dincəlməliydim. – O, böyük bir qürurla mənə baxdı – İnanın, – 

deyə davam etdi, – miskin həyatımda yeganə fəxr elədiyim şey 

varsa o da o gün, orada, xainlik etməməyim, əlimdə imkan ola–

ola özümü öldürüb canımı qurtarmamağım, onu Sənanların 

əlində təhqir və dəhşətçün qoyub qaçmamağımdır. 

Dəhşətli bir güman – ölüm nəfəsi kimi ürəyimə toxunub 

məni səksəndirdi. Səsim əsə-əsə: 

–Bəs neylədiniz? – deyə soruşdum və sualımdan özüm də 

peşman oldum.  

Onun üzünün ifadəsini ölənəcən unutmaram. İztiraba heykəl 

qoyulsa onu bax bu an, bu sifətdən yapmaq lazımdır. Mən 

qorxurdum. Mənə elə gəlirdi ki, nəhəng mehmanxananın bütün 

mərtəbə  və nömrələri boşalmış, küçələr susmuş, bütün şəhər 

ölmüş, bütün dünyada yalnız bu yeganə mənim nömrəmdə iki 


 190 

nəfər ac canavar kimi göz–gözə durmuş, hələ deyilməmiş, 

lakin duyulan dəhşətli sözləri gözləyirdilər. 

O dili-dodağı əsə-əsə: 

–Mmmmən çççıxış... ttapdım... Axı o gün... o gün… otaqda 

bbir nəfər də... vvvardı...  

Saçlarım biz–biz oldu. 

–Mməni qınamayın... Bu... yeganə ççıxış yyolu... idi. – deyə 

o kəkələyirdi. Mən qızdırmalı kimiydim, sanki onun səsi çox 

uzaqlardan gəlirdi: 

–Gələnlərdən biri çarpayıya yanaşdı "Dur" – dedi. O: – o 

biri otağa keçin – dedi – mən geyinməliyəm. Gələn adam: – 

Pah – deyə istehzayla dedi: – Guya ki... 

Sənan onun ağzını yumdu. – Səbrin olsun – deyə murdar bir 

ifadəylə göz vurdu. 

Qonağım hönkürməyə başladı. 

–Aman allah, mən nə etdim, aman nə etdim. 

Mən qışqırmaq, köməyə çağırmaq istəyirdim. Lakin tərpənə 

bilmirdim. Mənə elə  gəlirdi ki, yuxudayam, məni qara basır, 

tərpənmək istəyirəm, tərpənə bilmirəm, qışqırmaq istəyirəm, 

qışqıra bilmirəm, oyanmaq istəyirəm, oyana bilmirəm. 

O get–gedə özünü ələ aldı, sakit bir tonla dedi: 

–Mməni qınamayın... bu yeganə çıxış yolu idi. Onu Sənana 

və Sənan kimilərə verməməkçün bu yeganə çıxış yolu idi. Ayrı 

yol yox idi. 

Qonağım nəfəsini dərdi və titrək, lakin yavaş bir səslə – 

Bıçağı o öz əliylə iki gün əvvəl itilətmişdi – dedi. 

Birdən–birə  pəncərədən görünən Kreml ulduzu söndü. 

Tavandakı lampoçka qarayla örtüldü. Otağın divarları üstümə 

gəldi. Bütün dünyayi–aləm, vaxt və  məkan qarşımdakı iki 

dodaqda cəmləşdi, ilk dəfə olaraq üst dodağın azca sezilən 

çapığını belə aydın gördüm. Onun sonrakı danışıqlarını beş 

hissimdən hansıyla qavradığımı anlamaq çətin idi. Lakin 

dəhşətlər hələ qurtarmamışdı. Qonağım dəli kimi gözlərilə 

məni qamarlayıb: 


 191 

–Sən mənim qızıma oxşayırsan. Sən mənim qızıma 

oxşayırsan, – deyə aramsız təkrar eləyirdi.  

Mən kəkələyə–kəkələyə: 

–Axı, siz dediniz oğlunuz, – deyə başlayıb qurtara 

bilmədim. 

–Bəlkə  də  qızım idi, bəlkə  də  oğlum idi, mən bilmirəm, 

bilmirəm, bəlkə də oğlum idi. Bəlkə də qızım idi, – deyə o kəsik–

kəsik təkrar edirdi: – Bəlkə də qızım idi, bəlkə də oğlum idi. 

Birdən "nəğməsini" kəsib kəskin bağırdı: 

–Mən nə bilim nə idi, o ki doğa bilmədi. Mən onu hamilə 

öldürdüm. – Sonra cümləsinin quruluşunu dəyişib yenə həmin 

fikri təkrar elədi – Mən onu öldürəndə hamilə idi, – və yenidən: 

–Bəlkə  də  oğlum idi, bəlkə  də  qızım idi – deyə oxumağa 

başladı. 

Bunun nə qədər davam etdiyini deyə bilmərəm. Özümü ələ 

alıb yenidən hər şeyi qavramağa başlayanda görünür bir xeyli 

vaxt keçmişdi. O da sakit olmuşdu. Mümkün qədər təmkinli 

olmağa çalışaraq yenidən danışmağa başladı. 

–O gecə  mən bütün iradəmi toplayaraq bıçağı  sərrast 

vurdum. Sonra ürəyim getdi. Sonra heç bir şey yadımda deyil. 

Həkimlər mənim  ən ağır bir ruhi xəstəliyə tutulduğumu 

qərarlaşdırmışlar. Bu məni xilas etdi. Mən yalnız beş ildən 

sonra sağaldım və sürgün edildim. İki il qabaq amnistiya 

düşdüm.  İndi siz hər  şeyi bilirsiniz, – deyə o mənə müraciət 

etdi, – məni azad etmişlər. Mən bəraət qazanmışam.  İndi siz 

deyin, əgər ümumi, mücərrəd bir həqq, bir insanlıq məhkəməsi 

varsa, deyin mən onun qarşısında bəraət qazana bilərəmmi? 

Məni insan saymaq olarmı, məni bağışlamaq olarmı? 

Aralığa sukut çökdü. 

Sonra o: 

–Cavab verməyə  tələsməyin, – dedi. – Yaxşı–yaxşı 

fikirləşin. Anlayın.  

Mən aramla dedim. 

–Mənim sizi bağışlamağa, ya ittiham etməyə heç bir 


 192 

hüququm yoxdur. Amma əgər məndən soruşursunuzsa, mən 

sizi anlayıram. 

–Bir yaxşı–yaxşı düşünün. Mən caniyəm. Mən adam 

öldürmüşəm. Mən arvadımın qatiliyəm. 

–Siz cinayətinizin cəzasını  çəkmisiniz.  İztirab sizin 

günahınızı silmişdir. 

–Belə bir cinayətin cəzası varmı? Hansı  cəza bu cinayətə 

layiqdir? 

–Yox, – dedim. – Bu cinayət məcburidir. Siz arvadınızı 

sevdiyiniz üçün öldürmüşsünüz. Sizin ayrı yolunuz yox idi. 

–Tələsməyin, – deyə o qışqırdı – Yalvarıram, tələsməyin. 

Unutmayın ki, bütün danışdıqlarımı siz mənim baxışımdan 

qəbul etmisiniz. Bəlkə bütün bu dəhşətli mənzərələr mənim 

qorxaqlığımın böyüdücü şüşəsinin altından göründüyüçün bu 

qədər dəhşətlidir. Bəlkə orada mənim arvadımı heç də dəhşətli 

şəhvət oyunları gözləmirmiş. Bəlkə... 

Mən etiraz etmək istədim. O, ağzımı açmağa qoymadan 

davam etdi: 

–Axı  mən tək arvadımı öldürməmişəm. Mən həm də onun 

bətnindəki yeni bir insan həyatını  tələf etmişəm. Oğlumu, ya 

qızımı, bəlkə gələcək dahi bir rəssamı, bəlkə insanları xərçəng 

xəstəliyindən xilas edəcək bir təbibi öldürmüşəm. Dünyada 

insan həyatının yaranmasından böyük möcüzə  və insan 

həyatını  məhv etməkdən böyük cinayət varmı? Bunu da 

bağışlamaq olarmı? Mən isə birini yox, gör neçəsini 

öldürmüşəm. Arvadımı. Bir. Onun uşağını. İki. Bəlkə arvadım 

əkiz doğacaqmış. Onda üç. Üç nəfər. Yox, dörd. 

–Dörd niyə? Dördüncü kimdir? 

–Dördüncü də  mən özüm. Axı  mən də ölmüş kimiyəm. 

Mənim yaşamağımın heç bir mənası yoxdur. Məndən də böyük 

cinayətkar varmı? Hamısı da qorxaqlığımın üstündə. Axı mən 

sonra bildim. Arvadımı heç bir təhlükə gözləmirmiş. Onun 

başından bir tük belə  əysik olmayacaqmış. Onu tutmağa yox, 

şahidliyə  də yox, elə–belə söhbətə çağırırlarmış. Tamamilə 


 193 

başqa bir məsələ üçün. Tamamilə kənar bir məsələ üçün. Mən 

bunu çox sonralar bildim. Onu kənar bir məsələyçün 

çağırırlarmış, eşidirsinizmi, çağırırlarmış, tutmurlarmış, yox, o 

bir–iki saatdan sonra evə qayıdacaqmış, eşidirsinizmi, 

qayıdacaqmış. Mən onu nahaq öldürmüşəm, eşidirsinizmi, 

nahaq? Qorxaqlığımdan.  

Mən dedim: 

–Bir də zamanın hökmündən. Hər gecə  mənzilləri boşalan 

qonşularınızın taleyi, Kərim kişinin qara fırçası, Sənanın azğın 

zarafatları üzündən. Mən bunların hamısını çox gözəl başa 

düşürəm. Özünüzü qınamayın. Siz arvadınızı  dəlicəsinə 

sevirsinizmiş. Sizi əfv etmək olar. 

–Sizi  əfv etmək olar, – deyə o məni yamsıladı. Sonra o 

mişar səsini, diş yonan maşın səsini andıran paslı və xırçıltılı, 

adamın bütün əsəblərini yerindən oynadan bir gülüşlə 

qaqqıldadı. Ağzını düz uzümə tutub: 

–Sən hər  şeyi bağışlayırsan? – dedi – Bilirsənmi mən 

kiməm? 

Mən onun üzünün ifadəsindən və  səsindən diksindim. 



Bilmirəm nədən, lakin məndə belə bir hiss vardı ki, bütün bu 

axşam eşitdiklərimdən daha qəribə bir şey eşidəcəm. Bu sövqi-

təbii hiss məni aldatmadı. 

Qonağım: 

–Bilirsənmi mən kiməm? – deyə bağırırdı, – bu çapığı 

görürsənmi? 

Qonağım ilan kimi yumşaq, sürüşkən, çiriş bir səslə, qılığa 

girici, aldadıcı bir ahənglə qulağıma pıçıldayırdı. 

–Sənanın gözləri qırmızıydı. Qara bığları vardı, qulaqları 

kiçikdi, burnu düzdü, dodaqları – o bərkdən gülməyə başladı – 

dodaqlarında... – yenidən gülüşlə sözünü kəsdi – dodaqlarında 

bax belə çapıq vardı – deyə kəskin hərəkətlə yerindən qalxdı. 

–Çapıq? – Elə bil məni ildırım vurdu. Deyəsən, ağlım 

çaşırdı. Birdən özüm dəli kimi qışqırmağa başladım. 

–Sənan sənsən, Sənan sənsən!     


 194 

O tam bir sakitliklə: 

–Mənəm, – dedi. 

Məni gic gülmək tutdu. Qarşımdakı kişiyə baxıb durmadan 

gülürdüm: 

–Deməli, deməli siz – deyə heç sakit ola bilmirdim – 

sürgündə zadda olmamısınız, ha, ha, ha.  

O ciddi və sakit idi. 

–Yox, – dedi. – O gecə  mənim də taleyimi həll etdi. 

Bayaqdan bəri sizə öz adımdan danışdığım  əhvalat doğrudan 

da olmuş işdir. Doğrudan da belə bir kişi vardı. Doğrudan da o 

öz arvadını bərk sevirmiş. Nədən bilirəm? Ondan ki, yalnız çox 

bərk sevərkən o edəni etmək olar. Mən bu ailə haqqında bircə 

onu bilirdim ki, onlar xoşbəxt idilər, bizi gözləyirdilər, mənə, 

Sənana böyük nifrət bəsləyirdilər... Bir də onu bilirdim ki, 

onlar xoşbəxt ola bilərdilər. Lakin ola bilmədilər. Çünki biz 

qoymadıq.  Ən qəribəsi də o idi ki, bizim doğrudan da onları 

tutmaq fikrimiz yox idi. Lakin bir də o vardı – siz dediyiniz 

kimi, – onların qonşularının mənzilləri tez–tez boşalırdı. Kimin 

tutulması, kimin qalması o zaman məgər boş bir təsadüfdən 

asılı deyildimi. Hə, Kərim kişi və onun fırçası da uydurma 

deyil. Lakin o başqa evdə idi. Mən o dövrdə gördüyüm 

müxtəlif  şeyləri, necə deyərlər, bir növ ümumiləşdirib sizə 

danışıram. Mən bu barədə bir əsər yazmışam. Odur ki, bu 

mənimçün o qədər də çətin deyil. Bəli, mən bu şeylər haqqında 

çox fikirləşdim və  qərara gəldim ki, bildiklərimi yazmasam 

olmaz. Qoy başqaları da bilsin. Lakin belə əsəri heç yerdə çap 

eləmək istəmirlər. Odur ki, mən də  şifahi danışmağa 

məcburam. Mənim bütün hiss-həyəcanlarım da artistlik deyildi. 

Bütün bu şeylər bu günə qədər məni sarsıdır. 

O susdu. Qulaqlarıma inanmırdım. Təəccüblü baxışlarımı 

görüb sözünə davam etdi: 

–Yəqin sizə qəribə gəlir, nə cür olub ki, mən, həmin Sənan, 

indi... 


Haqlısınız... Özümə söz vermişdim ki, rolumu axıra qədər 

 195 

oynayam, adımı açmayam. Əsəri də o kişinin adından yazmışam. 

Lakin niyyətimi yerinə yetirə bilmədim. Odur ki, bir-iki kəlmə də 

sizə öz taleyimdən danışım. Bəli, həmin gecə o kişi ancaq 

nağıllarda olan yüksək bir məhəbbətlə sevdiyi qadını öldürəndən 

sonra doğrudan da dəli oldu və az sonra başını türmə 

xəstəxanasındakı çarpayının dəmirinə vurub öldü. Lakin o, 

arvadını (uşağı–zadı yoxdu, lakin bizim güllələdiyimiz başqa bir 

qadın hamilə idi) və özünü öldürüb dünyaya yeni bir insan gətirdi

yeni bir insan doğdu. Bu yeni insan mən idim. Mən o gecə bir çox 

şeyləri başa düşdüm. Bəlkə bundan dəhşətli şeylər də görmüşdüm. 

Onlar mənim yaddaşımda mərtəbə-mərtəbə, qat–qat yığılırdı. 

Lakin onlar mənə mane olmurdu. Onları  nəşə  və  şəhvət altında 

örtüb basdırırdım. "Aldanırdım" demək istəmirəm. Biz çoxumuz 

elə o vaxt bilirdik bu müəyyən fərdlərin vəhşi  şıltaqlıqlarıdır, 

məfkurə-zad mübarizəsi deyil. Vicdan? Mən  əlbəttə vicdansız 

deyildim. Amma vicdanımla belə sevdalaşmışdıq: sən mənə 

dəymə, mən sənə. Özümü heyvan sayırdım, birdəfəlik özümü 

insanlar cərgəsindən çıxarmış  və heyvan kimi xoşbəxt idim. 

Uşaqlıqdan çox kitab-zad oxuyardım. Odur ki, çox vaxt məni 

müəyyən əxlaqi problemlər məşğul edirdi. Həyatımçün müəyyən 

fəlsəfi bir əsas da tapmışdım. "İnsan olmağa çalışma: bir erkək 

kimi xoşbəxt yaşamağa çalış.  Əgər həyatın sonunda heçlikdən 

başqa heç nə yoxsa, dözümlü və təmiz həyat kimə lazımdır? Əgər 

həyatın sonunda heç nə yoxsa, ömrü ləzzət və keflə başa vurmaq 

pismidir?  İncitdiyimiz adamları axmaq sayırdım. Çünki onlar bu 

aydın fəlsəfəni başa düşmürdülər. Başa düşsələr xoşbəxt olardılar. 

Xoşbəxt olmağın isə o dövrdə yalnız bircə yolu vardı. Bizə 

qoşulmaq. Doğrudur, bizə qoşulmayanlar və tutulmayanlar da 

vardı. Lakin onlar xoşbəxt deyildilər. Çünki onlar hər an 

tutulacaqlarının qorxusunu çəkərək içlərini yeyirdilər. Mənə qəribə 

gəlirdi ki, onlar tutulacaqlarından qorxa-qorxa yenə  də öz 

"saflıqlarını" saxlayır və bizə qoşulub xoşbəxt olmurdular. Onda 

bu mənə  qəribə  gəlirdi. Bir şeyi unudurdum ki, onlar da, hətta 

tutulanlar da xoşbəxt idilər. Axı insan olmağın, özünü insan 


 196 

saymağın xoşbəxtliyini heç bir başqa xoşbəxtliklə  tən qoymaq 

olmaz. Bəlkə  də bu xoşbəxtliyin iki müxtəlif anlayışı idi. 

Məşəqqətlərə,  əziyyətlərə dözüb insanlıq ləyaqətini saxlamaq 

xoşbəxtliyi. Bir də insanlığını unudub kef çəkməyin xoşbəxtliyi. 

Mən ikinci  növ xoşbəxtlərə mənsub idim. İnsanları inçidirdim. Və 

daxilimdən qalxan etirazımı keflə, şəhvətlə batırırdım. İnsanlığımı 

unutmuşdum. Özümdə insanlığın bir zərrəsini belə görmürdüm. 

Anamı belə unutmuşdum. 

O gün, daha doğrusu o gecə  mənə böyük və müdrik bir 

həqiqəti açdı.  İnsan heç bir vaxt insanlığını itirmir. İnsanda 

insanlığın oyanması üçün bəzən dəhşətli faciələr lazım olur. 

İnsanlığını oyadan faciənin qurbanı bu ailə oldu. 

Mənimlə o gecəki əməliyyatda iştirak edənlərdən heç birisi 

bu hadisədən sonra dəyişmədilər. Lakin əminəm ki, müəyyən 

bir gün, müəyyən bir iş onların da damarlarına düşüb onları da 

dəyişəcəkdir. Mən isə üç gün sonra işdən çıxmaq haqqında 

ərizə verdim. Bunun nəticələrini çox gözəl bilirdim. Hər  şey 

məhz mən zənn eləyən kimi oldu. Əvvəl təəccübləndilər, sonra 

fikrimdən daşındırmağa başladılar, sonra şübhələndilər, sonra 

hirsləndilər, sonra hədələdilər, sonra tutub basdılar. Rütubətli 

kameraların tənhalığında çox düşündüm və özümdə insanlığın 

bir zərrəsini tapıb xoşbəxt oldum. Qoca anamın gətirdiyi 

yemək içərisindən bir soğan götürüb kameranın torpaq yerində 

əkdim. Gözətçilərdən gizlədə–gizlədə onu bəslədim, 

böyütdüm, onunla yaşadım, onunla sevindim, onunla həyata, 

cavanlığa, diriliyə qovuşdum. O məhbəsdə qaldığım bütün 

müddətdə böyüyən, yaşıllaşan soğan mənim həyatımın rəmzi 

oldu. Ölüm gözləyirdim. Lakin xoşbəxt idim. İnsan olurdum və 

insan olanların xoşbəxtliyini də anlayırdım.  İnsan olurdum və 

bu insanlığımdan bir nişanə olaraq adamlara bir şey qoyub 

getmək istəyirdim.  İmkanım daxilində olan yeganə  şey bu 

soğan idi. Məndə  zərrə  qədər, kiçik olsa belə  hələ ölməmiş 

insanlığımın səbəbi anam idi. Bu soğanı  mənə o gətirmişdi. 

Soğanı  məndən sonra bu kameraya gələnə qoyub getmək 


 197 

istəyirdim, insan olmağıma, insan ölməyimə bir işarə, bir nişan 

qoymaq istəyirdim. Lakin məni öldürmədilər. Sürgün elədilər. 

Vətən həsrətini mən yalnız orada duydum. Gənc yaşlarımdan 

Vətənimi  şair-şair, müəllim-müəllim güllələyən mən, yalnız 

orada vətənin  şirinliyini,  əzizliyini, sənətindən tutmuş, 

torpağının iyinə qədər, səmasından tutmuş yaşıl otlarına qədər, 

şerindən tutmuş xörəklərinə qədər, musiqisindən tutmuş dilinə, 

ən adi sözlərinə  qədər necə doğma olduğunu hiss elədim. 

Orada mən öz-özümlə azərbaycanca danışırdım. Yox, şer 

oxumurdum.  Ədəbi cümlələr də  qırıldatmırdım. Nə  qədər səy 

etsəm də heç olmasa bir misra şer, ya ədəbi cümlə yada sala 

bilmirdim. Öz-özümə ən adi sözlər deyirdim: 

–Hava əntiqədir a. Suda balıqlara bax a. Bu nə iyidir gəlir? 

Nə yatardım – və s. Mən öz–özümlə danışırdım. Çünki öz 

dilimdə danışmağa adam yoxdu. Mən  ən adi, sizin, xalqımın 

orada öz ana yurdunda gündə danışdığı sözləri deyirdim. Mən 

bu sözlərin musiqisindən həzz alırdım "hava, göy, torpaq, 

azadlıq, yuxu, çörək". Nədənsə ən çox "çəhrayı" sözünü təkrar 

edirdim. Bu söz öz sədaları etibarilə mənim qulağımı oxşayırdı. 

Mən dönə–dönə  təkrar edirdim: "çəhrayı, çəhrayı, çəhrayı, 

çəhrayı"... 

Hamı elə bilirdi ki, mən dəliyəm. Təzəcə  ağıllandığım 

zaman adımı gicbəsər qoymuşdular. 

Bağışlayın. Deyəsən təzə dastan başladım. Axı dedim ki, 

özümdən danışmayacağam. Öz taleyimdən  şikayətlənmirəm. 

Çox  əclaflıqlar eləmişəm. Amma amnitsiyanı  mən 

verməmişəm axı... Bu amnitsiyaya layiq olduğumu 

doğrultmağa çalışacam, bildiklərimi danışacam, vəhşiliklərimi 

ifşa edəcəm, həqiqi qəhrəmanları tanıdacam. Mənə kömək 

edin. 

–Mən sizə nə cür kömək edə bilərəm?  



O məyus–məyus baxdı: 

–Elədir, – dedi. Heç kəs mənə kömək edə bilməz. Hər  şey 

olub qurtarıb. Öz daxilimi heç kəsə aça bilməyəcəm. Bu heç 


 198 

kəsi maraqlandırmır. Heç kəs də o kişinin faciəsindən xəbərdar 

olmayacaq? Bəs nə etməli. Onların, o bədbəxtlərin, yüzlərlə 

bədbəxtliyin təqsırı  nə idi? – Onun səsində yenidən faciəvi 

xallar eşidilirdi – Bəs onların, arvadını, uşağını öldürən, özü də 

dəli olub başını çarpayının dəmirinə  çırpan, qanadan, qan 

aparıb ölən, onların, yüzlərin, minlərin, insanların, həqiqi 

insanların, günahsızların təqsiri nə idi? 

–Elə cavabsız suallar var ki, – dedim – onlara cavab 

axtarmaq lazım deyil. Gələcəyə, ləkəsiz gələcəyə, qoy olsun, 

siz dediyiniz kimi iztirabın vicdanıyla dağlanmış, lakin daxilən 

bütöv, yarasız və sağlam gələcəyə, yer üzündə insanlığın 

qələbəsinə inanmaq lazımdır. 

Onun haçan və necə getdiyini duymadım. Bir də başımı 

qaldırıb qarşımdakı stulu boş gördüm. Mən onu yuxu, xəyal 

bilərdim, amma külqabı dolu idi, papiros tüstüsü də açıq 

pəncərədən yavaş-yavaş uçub gedirdi. Otaqda bir mən, bir də 

məni dağlayan iztirabın vicdanı qalmışdı. 

 

 

1958-ci il  



Avqust-sentyabr  


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin