ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
  1   2   3   4   5   6   7   8   9   ...   43

 
 
 
 
 
 
 
 
 
 
 
ABĠD  TAHĠRLĠ 
 
 
  
 
 
ĠDRAK  ĠġIĞINDA 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Abid Həmid oğlu Tahirli 
 
Ġdrak iĢığında (ədəbi-tənqidi, elmi-publisistik məqalələr toplusu),  
Bakı, «Ozan» nəĢriyyatı, 2010 
 
 
 
Filologiya  elmləri  doktoru  Abid  Tahirlinin  ayrı-ayrı  illərdə  qələmə  aldığı  və  ölkə 
mətbuatında  dərc  etdirdiyi  bəzi  ədəbi-tənqidi,  elmi-publisistik  məqalələrin  bir  qismi  ilk  dəfə 
kitab şəklində oxuculara təqdim olunur. Əvvəlki  9  kitabında (Azərbaycan mühacirəti. Bakı, 
«Tural-Ə»  nəşriyyatı,  2001,  Sözlə  yarananlar,  sözü  yaşadanlar.  Bakı,  «Əbilov,  Zeynalov  və 
oğulları»  nəşriyyatı,  2001,  Azərbaycan  mühacirət  mətbuatı.  I  hissə,  Bakı,  «Qapp-Poliqraf» 
nəşriyyatı,  2002,  II  hissə,  Bakı,  «Ozan»  nəşriyyatı,  2003,  Deyilən  söz  yadigardır.  Bakı, 
«Azərbaycan» nəşriyyatı, 2003, Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)». 
Bakı,  «Ozan»  nəşriyyatı,    İlyas  Əfəndiyevin  publisistikası.  Bakı,  «Elm»  nəşriyyatı,  2005, 
Fırtınalar  qoynunda.  Bakı,  «Ozan»  nəşriyyatı,  2006,  Mühacirət  mətbuatı  (məlumat-soraq 
kitabı). Bakı, «Çinar-çap» nəşriyyatı, 2007) olduğu kimi, bu topludakı əsərlərində də müəllif 
öz  yazı  üslubuna  və  prinsiplərinə  sadiqdir:  ədəbi-mədəni-tarixi  irsimizin,  o  cümlədən 
Azərbaycan  istiqlalçılarının  mücadilə  yolunun,  mühacirət  mətbuatı  problemlərinin  daha 
dərindən  və  müasir  tələblər  baxımından  tədqiqi,  milli-mənəvi-dini  dəyərlərimizin,  adət-
ənənələrimizin  layiqincə  təbliği.  Toplu  geniş  oxucu  kütləsi  və  sahənin  mütəxəssisləri  üçün 
nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

     • İsmayıl bəy Qutqaşınlı   
 
 
Bir səfərin ədəbi və əbədi sədası 
 
«Rəşid bəy  və Səadət xanım» hekayəsi ilə Azərbaycan  ədəbiyyatına ideya, 
mövzu və forma baxımından yenilik gətirən, «Səfərnamə» əsəri ilə publisistikanın 
səyahət oçerkinin əsasını qoyan İsmayıl bəy Qutqaşınlının (1809-1861) həyat yolu 
kimi ədəbi taleyi də çox maraqlı, eyni zamanda mükəddər və mürəkkəb olmuşdur. 
Ədəbiyyatşünaslığın  İ.Qutqaşınlı  irsinə  laqeyd  qaldığını  söyləmək  insafsızlıq 
olardı,  amma  İsmayıl  bəyin  həyat  və  yaradıcılığının  tam  araşdırıldığını, 
dəyərləndirildiyini də iddia etmək olmaz. 
Azərbaycan  əlyazmalarının  toplanılması,  mühafizəsi  və    tədqiqi  sahəsində 
xüsusi  xidmətləri  olan  prof.Cahangir  Qəhrəmanovun  təbirincə  desək,  bir  Simurq 
quşu  –  Salman  Mümtaz  ədəbiyyatımızın  saysız-hesabsız  nəhənglərini  zülmət 
dünyadan işıqlı dünyaya çıxarmışdır ki, bu azmanların cərgəsində general İsmayıl 
bəy  Qutqaşınlının  da  adı  var.  S.Mümtaz  onun  «Rəşid  bəy  və  Səadət  xanım»  adlı 
hekayəsini  üzə  çıxarmış,  əsər  və  müəllif  haqqında  apardığı  tədqiqatlarla  bağlı 
dəyərli  məqalələr  yazmışdır  (S.Mümtaz.  Yüz  il  bundan  əvvəl  Azərbaycan  nasiri. 
Hekayənin əldə edilməsi tarixçəsi. «Ədəbiyyat qəzetəsi», 11, 24  mart 1936, № 5, 
6;  «Rəşid  bəy  və  Səadət  xanım»  hekayəsi  mühərriri  Qutqaşınlı  İsmayıl  bəyin 
həyatı.  «Ədəbiyyat  qəzetəsi»,  8  iyun  1936,  №  14).    Hekayə  «Ədəbiyyat 
qəzetə»sinin 12, 24 iyul, 2 avqust 1939-cu il tarixli 24, 25, 26-cı nömrələrində dərc 
edilmişdir. Əsər kitab şəklində 1956-cı ildə nəşr olunmuşdur.  
Sonralar  Mikayıl  Rəfili,  Feyzulla  Qasımzadə,  Hidayət  Əfəndiyev  kimi 
görkəmli  alimlər  İ.Qutqaşınlının  həyat  və  yaradıcılığı  ilə  bağlı  bir  sıra  dəyərli 
məqalələr  yazmışlar.  Prof.  Əziz  Mirəhmədovun  tapıntıları  İ.Qutqaşınlı  irsinin 
araşdırılmasında növbəti mərhələdir. O, ədibin «Səfərnamə» əsərinin bir parçasını 
üzə    çıxarmış  və  «Rəşid  bəy  və  Səadət  xanım»  adlı  hekayəsi  ilə  birlikdə  nəşr 
etdirmişdir  (İsmayıl  bəy  Qutqaşınlı.  Əsərləri.  Azərbaycan  SSR  Elmlər 
Akademiyası  Nəşriyyatı.  Bakı,  1967.  Redaktə,  müqəddimə  və  qeydlər  Əziz 
Mirəhmədovundur).  Prof.  Ə.Mirəhmədovun  müqəddimə  əvəzinə  kitaba  yazdığı 
«Qəribə  tale»  adlı  sanballı,  irihəcmli  məqaləsində  «həyatı,  ədəbi  irsi  və  ictimai 
fəaliyyəti  başdan-ayağa  dumana  bürünmüş»  (Ə.Mirəhmədov)  İsmayıl  bəyin 
tərcümeyi-halı və yaradıcılığı ilə bağlı bir sıra  suallara cavab tapılmışdır.  
Bundan  sonrakı  illərdə  Ənvər  Əhmədov,  Nadir  Məmmədov,  Nərmin 
Tahirzadə,  Kərəm  Kərəmov,  Yaşar  Qarayev,  Polşa  alimləri  Bohdan  Baranovski, 
Ancey  Xodubski  və  digərləri  İsmayıl  bəy  Qutqaşınlının  həyatı  və  irsinə  müraciət 
etmiş, məqalələr yazmış, ədibin həyat və fəaliyyəti ilə bağlı müəyyən mülahizələr 
yürütmüşlər.  Salman  Mümtaz  və  Əziz  Mirəhmədovdan  sonra  üçüncü  Simurq  – 
Ədalət  Tahirzadə  «qaranlıq  dünyadan»,  pir  və  ocaqların  daş-divarları  arasından 
«Səfərnamə»nin  yeni,  bu  vaxta  kimi  məlum  olmayan  parçalarını  üzə  çıxardı, 
uzunmüddətli  və  fədakar  araşdırmaların  nəticəsi  kimi  «Səfərnamə»nin  yeni 
variantını  tərtib  etdi.  Bu  zaman  istedadlı  alim  əsərin  əlyazmasını  Ə.Mirəhmədov 

 

nəşri  ilə  tutuşdurmuş,  ehtiyac  olduqca  müəyyən  düzəlişlər  də  etmişdir.  1967-ci 
ildən – «Səfərnamə»nin ilk nəşrindən 20 il (!) sonra əsərin nəzərdə tutulan təkmil 
və təkrar çapı da baş tutmamışdır. F.e.n. Ədalət Tahirzadənin gərgin, tükənməyən 
səyi  sayəsində  İ.Qutqaşınlının  əsərləri,  o  cümlədən  «Səfərnamə»nin  son  variantı 
yalnız  2003-cü  ildə  yenidən  işıq  üzü  görmüşdür.  (Hacı  İsmayıl  bəy  Qutqaşınlı. 
Əsərləri.  «Kür»  nəşriyyatı,  Bakı,  2003,  tərtibçi  və  elmi  redaktor  Ədalət 
Tahirzadədir). Çox çətinliklə ərsəyə gəlmiş bu kitabda İ.Qutqaşınlının «Rəşid bəy 
və Səadət xanım», «Səfərnamə» əsərləri, prof.C.Qəhrəmanovun «Ön söz»ü, Ədalət 
Tahirzadənin «H.İ.Qutqaşınlıdan bilmədiklərimiz» adlı məqaləsi, eləcə də  Salman 
Mümtazın  «İ.B.Qutqaşınlıya  dair  sorğu»,  «Avropa  təsirində  yazılmış  ilk 
hekayəmiz», «Rəşid bəy və Səadət xanım» hekayəsi  mühərriri Qutqaşınlı İsmayıl 
bəyin  həyatı»  adlı  yazıları,  tarixi  sənədlər,  məktublar  toplanmış,  bir  sıra 
qutqaşınşünas  alimlərin  fotoları  verilmişdir.  Maraqlı  və  təqdirəlayiqdir  ki,  adı 
çəkilən  məqalədə  Ə.Tahirzadə  İ.Qutqaşınlının  həyatının,  irsinin  tədqiqi  tarixi 
barədə  ətraflı  bəhs  etmiş,  ədibin  əsərlərindəki  tarix,  şəxs,  yer  adları  ilə  bağlı 
müvafiq qeydlər, şərhlər, izahlar vermişdir. 
Bununla belə, İ.B.Qutqaşınlının tərcümeyi halı və yaradıcılığı ilə bağlı bütün 
məsələlərə aydınlıq gətirildiyini söyləmək olmur…  
Bu  mənada  Azərbaycan  realist-maarifçi  nəsrinin  banisi,  Azərbaycanın  ilk 
generalı,  ilk  general  yazıçı-publisisti,  Rusiya  İmperator  Coğrafiya  Cəmiyyəti 
Qafqaz bölməsinin və Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin ilk həqiqi üzvü Hacı 
İsmayıl  bəy  Qutqaşınlının  (1809-1861)  birinci  Məkkə  səfərindən  sonra  qələmə 
aldığı  «Səfərnamə»  adlı  səyahət  oçerkinin  araşdırılması,  dəyərləndirilməsi 
zəruridir və müstəsna əhəmiyyət kəsb edir. Ən əvvəl, bədii publisistikanın səyahət 
oçerki  janrının  ilk  və  klassik  nümunəsi  «Səfərnamə»nin  taleyi  və  tədqiqi  tarixi 
haqqında  danışaq.  Görkəmli  alim,  filologiya  elmləri  doktoru,  prof.Cahangir 
Qəhrəmanov  1980-ci  illərin  ikinci  yarısında  nəşri  nəzərdə  tutulan  İ.Qutqaşınlının 
«Əsərləri»  üçün  qələmə  aldığı  «Ön  söz»də  yazırdı:  «Öz  zamanında  adı  dillərdə 
dolaşan,  sözləri  ağızdan-ağıza  gəzən  İsmayıl  bəyin  cismani  ölümü  onun  yazılı 
irsinin  də  ölümünə  çevrildi.  Əsərlərinin  çapına  çalışmayan  bu  yazıçıdan,  şairdən 
uzun  illər  boyu  bir  kimsə  danışmadı,  bir  kimsə  onu  anmadı…  Nəhayət,  Salman 
Mümtaz  adlı  bir  Simurq  quşu  uçub  gəldi,  ədəbiyyatımızın  saysız-hesabsız 
nəhənglərini  zülmət  dünyadan işıqlı  dünyaya  çıxardı.  Adı  artıq  hamının  yadından 
çıxmış  o  azmanlardan  biri  yenə  bu  gün  haqqında  qürurla  danışdığımız  general-
mayor, Avropada ədəbiyyatımızın ilk təmsilçisi olan həmin İ.B.Qutqaşınlıdır». 
Azərbaycan  əlyazma  irsinin  fədaisi  prof.C.Qəhrəmanovun  bu  sətirləri 
yazarkən hansı hissləri keçirdiyini, nə qədər həyəcanlandığını, sevincdən qəlbinin 
necə  çırpındığını  təsəvvür  etmək  çətin deyil.   Amma…  Bu  məqalə  qələmə  alınan 
tarixin  üstündən  düz  16  il  sonra  fədakar  və  istedadlı  tədqiqatçı,  fil.e.n.  dosent  – 
Salman Mümtaz və Əziz Mirəhmədov işinin layiqli davamçısı – Ədalət Tahirzadə 
yazacaq: «İndiki Əlyazmalar İnstitutunun direktoru, görkəmli alim və vətənpərvər 
insan,  professor  Cahangir  Qəhrəmanov  (10.2.1927-26.6.1995)  «Səfərnamə»ni 
nəşrə  hazırlamağı,  onun  sözlüyünü,  adlar  göstəricisini  və  b.  yaratmağı  1980-in 
başlanğıcında  bizə  tövsiyə  etdi.  Deyilənləri  və  yazıçının  geniş  tərcümeyi-halını 
hazırladıq.  Cahangir  müəllim  bizə  yardımçı  olaraq  bunların  hamısını,  eləcə  də 

 

«Rəşid  bəy  və  Səadət  xanım»  hekayəsini  (bu  əsərin  də  kitabda  verilməsini 
arzulayırdı)  makinada  çap  etdirdi.  Kitabçün  «Ön  söz»  də  yazdı.  Ancaq  bir  neçə 
nəşriyyat  direktoruna  ağız  açsa  da,  kitabı  nəşr  planına  saldıra  bilmədi  (birinci 
makina  nüsxəsi hansı  nəşriyyatdasa  itdi)».  Daha  sonra  əsərin nəşri  ilə  bağlı hansı 
problemlərlə  üzləşdiklərini  qeyd  edən  Ə.Tahirzadə  yuxarıda  adını  çəkdiyimiz 
kitaba  daxil  etdiyi  «Hacı  İsmayıl  bəy  Qutqaşınlıdan  bilmədiklərimiz»  adlı 
məqaləsində  qeyd  edir  ki,  onun  adını  eşidəndə,    haqqında  oxuyanda,  yazanda 
ürəyimiz  göynəyir,  içimiz  sızıldayır.    Müəlliflə  razılaşmamaq  olmur.  Ötən  əsrin 
30-cu  illərində  milli-mənəvi  sərvətimizin  düşmənləri  müxtəlif  adlar  altında  ədəbi 
irsimizə  də  qənim  kəsilib:  əlyazmalar  «təndirlərdə  yandırılıb»,  «araba-araba 
kitablar  çaylara  axıdılıb»,  «şəkillər  tikə-tikə  edilib»,  «yurd-yuvası  özülündən 
dağıdılıb».  Cəfər  Cabbarlını  intihara  sürükləyənlər,  Cəlil  Məmmədquluzadəni  öz 
əlyazmaları ilə «isidənlər», Əhməd Cavadı, Mikayıl Müşfiqi, Hacı Kərim Sanılını, 
Salman  Mümtazı,  Vəli  Xuluflunu,  Qantəmiri  (Qafur  Əfəndiyev),  Hüseyn  Cavidi, 
Müznibi  (Əlabbas  Əhmədov),  Əli  Nazimi,  Seyid  Hüseyni,  Hənəfi  Zeynallını, 
Məmməd  Kazım  Ələkbərlini,  Yusif  Vəzirovu  (Çəmənzəminli),  Tağı  Şahbazini 
(Simurq),  Sultan  Məcid  Əfəndiyevi,  Əmin  Abidi  (Gültəkin),  Ömər  Faiq 
Nemanzadəni…  daha  onlarca  digər  qələm  və  kəlam  sahiblərini  güllələnməyə, 
edama,  sürgünə  yollayanlar  əlbəttə  ki,  Azərbaycan  ədəbiyyatı,  mədəniyyəti 
qarşısında misilsiz xidmətlər göstərmiş İsmayıl bəy Qutqaşınlının da irsinin məhv 
edilməsində maraqlı olublar…  və yeri gəlmişkən, bir sıra tədqiqatçılar İ.Qutqaşınlı 
irsinin də 1937-ci ildə yoxa çıxdığını, məhv edildiyini iddia edirlər. 
Bu  gün  qutqaşınlışünaslığın  qarşısında  duran  aşağıdakı  vəzifələrin  həyata 
keçirilməsi məqsədəmüvafiqdir: 
-  həm  Azərbaycan,  həm  də  xarici  ölkə  tədqiqatçılarının  qənaətinə  görə, 
İsmayıl bəy Qutqaşınlının ədəbi irsi əlimizdə olan əsərlərlə məhdudlanmır, odur ki, 
bu istiqamətdə ciddi, planlı qaydada axtarışların davam etdirilməsi; 
-  tərcüməçi  Səlimbəy  Behbudovun  əməyinə  və  əvəzsiz  xidmətinə  kölgə 
salmadan  Azərbaycan  realist-maarifçi  nəsrin  ilk  nümunəsi  «Rəşid  bəy  və  Səadət 
xanım»  əsərinin  tərcüməsinin  keyfiyyətinin  mütəxəssis  qrupu  tərəfindən 
dəyərləndirilməsi,  ehtiyac  olduğu  təqdirdə  üzərində  işlənilməsi,  yaxud  yenidən 
tərcümə edilməsi; 
-  orta  və  ali  məktəb  dərsliklərində  İsmayıl  bəy  Qutqaşınlının  həyat  və 
yaradıcılığının öyrənilməsinə daha geniş yer ayrılması; 
-  jurnalistikanın  nəzəriyyəsi  ilə  bağlı  dərslik  və  vəsaitlərdə  publisistikanın 
səyahət  oçerkinin  ilk  nümunəsinin  –  «Səfərnamə»nin  bir  janr  kimi  dil,  üslub, 
sənətkarlıq keyfiyyətlərinin geniş tədrisinin təmin olunması; 
-  Salman  Mümtaz  adına  Azərbaycan  Respublikasının  Dövlət  Ədəbiyyat  və 
İncəsənət  Arxivində,  yaxud  AMEA-nın  Əlyazmalar  İnstitutunda  İ.Qutqaşınlı 
irsinə, onunla bağlı materiallara dair ayrıca fondun yaradılması; 
-  Moskva,  Sankt-Peterburq,  Varşava,  Tiflis  və  digər  şəhərlərdəki  arxiv  və 
kitabxanalardan İ.Qutqaşınlının həyat və yaradıcılığına dair materialların surətinin 
toplanılması; 
-  İ.Qutqaşınlının  həyatı  və  yaradıcılığı  ilə  bağlı  qeyri-dəqiq,  əsası  olmayan 
məlumatların  ədəbi  dövriyyədən  çıxarılması,  bu  cür  halların  təkrarına  yol 

 

verilməməsinin  qarşısının  alınması;  (Məs.:  Əbdül  Hüseynovun  «Azerbaydjantsı  v 
istorii  Rossiyi»  adlı  əsərində  (Moskva,  2006,  «Overley»  nəşriyyatı)  İsmayıl  bəy 
Qutqaşınlıya  həsr  edilmiş  məqalədə  «Səfərnamə»nin  1867-ci  ildə  kitab  şəklində 
nəşr  edildiyi,  İ.Qutqaşınlının  Şamaxıda  orta  təhsil  aldığı,  1871-ci  ildə  Şamaxıda 
vəfat etdiyi qeyd olunur, yaxud «Rəşid bəy və Səadət xanım» hekayəsinin bir sıra 
tragik  Şərq  əfsanələrinin  –  «Leyli  və  Məcnun»,  «Əsli  və  Kərəm»in  təsiri  ilə 
yazıldığına  dair  mülahizələr  irəli  sürülür.  Bu  cür  mühakimələr  İ.Qutqaşınlı 
şəxsiyyəti  və  irsi  ilə  bağlı  bir  sıra  məqamlara  aydınlıq  gətirməkdənsə,  məsələni 
daha da mürəkkəbləşdirir); 
-  Coğrafiya  və  Kənd  Təsərrüfatı  sahəsində  İ.Qutqaşınlının  xidmətlərini  əks 
etdirən materialların hazırlanması, nəşri; 
-  Q.Zakirin  həbsdən  azad  olunması,  ədibin  Şamaxıdakı  məmurluq  və  
xeyriyyəçilik fəaliyyətinin araşdırılması;  
-  İ.Qutqaşınlının xatirəsinin əbədiləşdirilməsi,  onun vaxtaşırı anılması  üçün 
elmi sessiyaların, mədəni-kütləvi tədbirlərin keçirilməsi; 
- «Rəşid bəy və Səadət xanım» hekayəsinin ekranlaşdırılması; 
- hərb sahəsindəki xidmətlərinə görə onun təltif olunması ilə bağlı sənədlərin 
surətlərinin  çıxarılması,  adını  daşıyan  muzeydə  «Azərbaycanın  ilk  generalı» 
guşəsinin yaradılması; 
-  İsmayıl  bəy  Qutqaşınlının  fotosunun  arxivlərdən,  kitabxanalardan,  şəxsi 
kolleksiyalardan tapılması (bəlkə yeganə generaldır ki, fotosu tapılmır); 
-  «Rəşid  bəy  və  Səadət  xanım»  hekayəsinin  ideya-bədii  məzmunu, 
sənətkarlıq  xüsusiyyətləri  haqqında  demək  olar  ki,  bütün  müəlliflər  əsərin  bu 
məziyyətlərini  çox  yüksək  və  layiqincə  dəyərləndirirlər.  Bununla  belə,  Salman 
Mümtazın bu fikrinin – «Rəşid bəy və Səadət xanım»ın «Avropa üsul və təsirində 
ilk  hekayə  yazan  ədibimiz  İsmayıl  bəy,  …  ilk  hekayəmiz  də  «Rəşid  bəy  Səadət 
xanım» adlı hekayəsidir» - qənaətinin ədəbi mühitdə birmənalı qəbul edilməsi; 
-  Podporuçikdən  general  rütbəsinədək  yüksələn  İ.Qutqaşınlının  hərbi 
fəaliyyətinin ayrıca tədqiq olunması; (Mövzu ilə bağlı Rusiya arxivlərində (Rusiya 
Dövlət Hərbi-Tarix Arxivi (RQVİA), Rusiya Dövlət Tarix Arxivi (RQİA)) kifayət 
qədər material var). 
Digər  bir  sıra  problemlər  də  var  ki,  onlar  da  öz  həllini  tapmalıdır.  Məs.: 
İ.Qutqaşınlının  təvəllüdü  və  vəfatı  tarixi  müxtəlif  mənbələrdə  fərqli  verilir. 
Maraqlıdır ki, bu zaman bəzən  eyni məxəzə istinad edilir. Ə.Mirəhmədov yazır: 
«…qəbrinin kitabəsində təvəllüd və ölüm tarixi bu cürdür: hicri 1220-1287, səfər 
ayı,  yəni  miladi  tarixlə:  1806-1869,  avqust.  Ə.Tahirzadə  də  İ.Qutqaşınlının 
qəbrinin  başdaşındakı  epitafiyaya  istinad  edir  və  yazır  ki,  yazıçı  1223-cü  ilin 
Qurban  bayramında,  yəni  10  zilhiccədə  –  miladi  tarixlə  27  yanvar  1809-cu  ildə 
doğulub». 
«Kratkaya 
literaturnaya 
ensiklopediya»da 
(Moskva, 
1966) 
İ.Qutqaşınlının təvəllüd tarixi 1801-ci il göstərilmişdir (III cild, səh.929-930). 
Qəbələdə  dəfn  edilən  İ.Qutqaşınlının  vəfat  etdiyi  yer  bəzi  mənbələrdə 
Şamaxı, digərlərində Ağdaş göstərilir. Ədibin vəfatı tarixi ilə bağlı fərqli fikirlərə 
də (1861, 1869, 1871 və s.) bir aydınlıq gətirilməlidir. 
İ.Qutqaşınlının  təhsili,  rus,  polşa,  türk,  fars,  ərəb  dillərinə  necə  və  harada 
yiyələnməsi  barədə  də  fikirlər  sənədlərdən  daha  çox  ehtimallara  əsaslanır.  Bəzi 

 

müəlliflər  onun  Moskvada  da  yaşadığını  yazır.  Amma  neçənci  ildə,  hansı 
müddətdə  o  Moskvada  yaşayıb?  Moskvada  yaşayarkən  nə  işlə  məşğul  olub?  Bu 
suallar da cavab gözləyir. 
İ.Qutqaşınlının tərcümeyi-halının bəzi məqamları «sovet nağılı» formasında 
təqdim  olunur:  Günlər  gəlib  keçir,  illər  dolanır,  İsmayıl  böyüyür,  ancaq  o  fərsiz 
çıxır,  aciz  və  panpaq  olur.  Hacı  Nəsrulla  beş  oğlundan  birini  Sankt-Peterburqa 
girov kimi göndərməli idi. Bu zaman o özünün böyük və görkəmli oğullarını dürlü-
dürlü  bəhanələrlə  evdə  saxlayır,  kiçik  yaşlı  İsmayıldan  çar-naçar  əl  çəkməyə 
məcbur olur. Əlbəttə, tərcümeyi-halın bu şəkildə təqdimi, başqa sözlə Hacı İsmayıl 
bəy  Qutqaşınlının  «proletarlaşdırılması»  yazıçının  onsuz  da  «dumanlı» 
bioqrafiyasına  bir  qədər  də  tutqunluq  gətirir.  Görünür,  bəy,  sultan  şəxsiyyətini, 
ailəsini,  onların  həyat  və  düşüncə  tərzini  tənqid,  ifşa  etmək,  «ağaları»  gözdən 
salmaq üçün İsmayıl bəyin tərcümeyi-halına da sinfi münasibət bəslənilmiş və ona 
da ideoloji don geyindirilmişdir. 
Bu  təsvir  «açıq  fikirli,  uzaqgörən,  tərəqqipərvər  Sultan  Nəsrullanın» 
şəxsiyyətinə  (Hidayət  Əfəndiyev.  İsmayıl  bəy  Qutqaşınlının  nəşri.  Azərbaycan 
bədii nəsrinin tarixindən. Bakı, 1963) kölgə salmaqla, onun İsmayıldan başqa digər 
övladlarının  haqqında  «harın  bəy  uşaqları»  təəssüratı  yaratmaqla  yanaşı, 
Peterburqdan  gələn  nümayəndə  maymaq,  gicbəsər  yerinə  qoyulur.  Digər 
tərəfdənsə, təbii sual çıxır: 10-12 yaşlı, zəif və xəstə İsmayıl kadet məktəbinə necə 
daxil olur, 13-15 yaşında onu hərbi qulluğa necə qəbul edirlər?!  
İ.Qutqaşınlının  həcc  ziyarəti  bir  tərəfdən  Allah  və  bəndə  qarşısındakı 
günahlarını  yumaq  kimi  yozulur,  digər  tərəfdən  və  eyni  zamanda  onu  –  İsmayıl 
bəyi  bu  günahları  törətməyə  vadar  edən  çar  –  dövlət  tərəfindən  hərbi  kəşfiyyat 
xarakterli  məlumat  toplamaq  barədə  tapşırıq  verildiyi  də  ehtimal  edilir.  Əlbəttə, 
«Qutqaşın  tərlanı»nın,  «Şəki  şahbazı»nın  (Qasımbəy  Zakir),  «dərin  düşüncəsi  və 
sədaqəti»  (Qafqazın  baş  hakimi  baron  Rozen)  ilə  ad-san  çıxaran,  gecə-gündüz  at 
belində  Peterburq,  Varşava,  Dağıstan,  Urmiya,  Tiflis,  Çeçenistan,  İrəvan,  Gəncə 
kimi şəhərləri «su yoluna döndərən», Rusiya-İran, Rusiya-Türkiyə müharibələrində 
cəbhədən-  cəbhəyə  atılan    İsmayıl  bəyin  səhhəti,  boyu,  fiziki  naqisliyi  haqda 
danışmaq yersizdir. 
İ.Qutqaşınlının  yaradıcılığı  ilə  bağlı  irəli  sürülən  bir  sıra  fikirlər  də  suallar 
doğurur.  Qutqaşınlışünasların  hamısı  bu  fikirdədir  ki,  onun  bədii  irsi  iki  əsərlə 
bitmir  və  Qutqaşınlıya  dair  monoqrafiyalar  yox  dərəcəsindədir.  Digər  tərəfdən 
tanınmış  tədqiqatçı  Ə.Tahirzadənin  «Səfərnamə»nin  əldə  etdiyi  yeni  parça  ilə 
başlayan tədqiqatı yazıçının öyrənilməsinin son mərhələsi adlandırılır. 
İsmayıl  bəy  Qutqaşınlının  «Səfərnamə»sinin  qaralamadan  Əli  Mücrüm 
Tağızadə  tərəfindən  köçürməsi  ilə  bağlı  mülahizələr  də  inandırıcı  görünmür. 
Ə.Mücrüm  Azərbaycan  ədəbiyyatı  muzeyinə  satdığı  20  vərəqdən  ibarət 
«Səfərnamə»nin əlyazmasının birinci səhifəsinə öz xətti ilə yazmışdır: «Əldə etmiş 
Əli  Mücrüm  Tağızadə…».  Əlbəttə,  İ.Qutqaşınlının  kirillə  qələmə  aldığı 
«Səfərnamə»nin planındakı xətlə ərəb əlifbası ilə yazılmış mətni müqayisə edib bu 
qənaətə gəlmək fikrimizcə, yuxarıdakı mühakimə üçün əsas ola bilməz. 
«Rəşid bəy və Səadət xanım» hekayəsindən bir parçaya diqqət yetirin: «Ey, 
mənim  əziz  və  mehriban  dostum,  Siz  ki,  başıma  bu  balaca  Asiya  hekayəsini 

 

yazmaq  fikrini  saldınız,  Siz  ki,  bu  qədər  lütfkarlıqla  mənim  sərf-nəhv  xətalarımı 
düzəldirsiniz,  şübhəsiz,  məndən  soruşacaqsınız:  «Niyə  bu  qədər  müddətdə  Rəşid 
bəydən  bir  xəbər  verməyib  yalnız  Səadətdən  danışarsan?».  Bu  cümlələr  çoxlu 
mühakimələr,  suallar  doğurur.  Ən  əvvəl,  bu  parça  qəti  şəkildə  təsdiq  edir  ki, 
«Rəşid  bəy  və  Səadət  xanım»  hekayəsi  müəllifin  ilk  qələm  təcrubəsi  deyil.  Heç 
şübhəsiz  ki,  o  artıq  yazıçı  kimi  tanındığından,  qələm  sahibi  kimi  səsi-sorağı 
yayıldığından,  kimsə  ona  bu  mövzuda  yazmağı  təklif  edir.  Amma  kim?  Bu 
birmənalı şəkildə hörmətli Ədalət müəllimin söylədiyi kimi M.F.Axundzadə deyil. 
Çünki  Salman  Mümtaz  haqlı  olaraq,  həmin  hekayə  yazıldığı  vaxt  22-23  yaşlı 
M.F.Axundzadənin Gəncədə «mollalığa hazırlandığını» yazır. 
Bu şəxsin kimliyini bilmək üçün, həm də ona aydınlıq gətirmək vacibdir ki, 
İ.Qutqaşınlı  hekayəni  Azərbaycan,  rus,  yoxsa  fransız  dilində  qələmə  almışdır. 
Böyük  ehtimalla  bu  əsər  fransız  dilində  yazılmışdır.  Nəzərə  alsaq  ki,  fransız  dili 
həmin  dövrdə  Rusiyada  yüksək  təbəqədə  çox  populyar  və  hakim,  elitar  dil 
sayılırdı,  eyni  zamanda  XIX  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  şöhrətli  rus 
publisistlərinin  böyük  əksəriyyəti,  ya  tanınmış  hərbçi  ailəsindən  çıxmışdı,  ya  da 
hərbçi idi, onlar isə Qafqaz həyatı ilə yaxından maraqlanırdılar. Həmin dövrdə Baş 
Ştabın zabitlərindən heç kim Polşaya getmək istəmirdi, ona görə istefaya çıxanlar 
da  çoxluq  təşkil  edirdi  (ətraflı  bax:  Feliks  Kuznetsov.  Publisistı  1860-x  qodov. 
Moskva,  «Molodaya  qvardiya»,  1981).  İsmayıl  bəyin  cəsarətli  addımı  ona  böyük 
nüfuz,  hörmət  qazandırmışdı.  Odur  ki,  yaradıcılıqla  məşğul  olan  və  bu  diyarın 
insanları, onların məişət və həyat tərzi ilə yaxından maraqlanan, Qafqazda xidmət 
edən rus publisistlərinin də bu ideyanı İ.Qutqaşınlıya verməsi ehtimal oluna bilər. 
Səyahətnamələrin  rus  ədəbi  mühitində  çox  populyar  olduğu  bir  dövrdə 
İ.Qutqaşınlının  da  forma,  üslub  baxımından  həmin  əsərlərə  oxşar  «Səfərnamə»ni 
qələmə  alması  ədibin  rus  publisistlərindən  təsirləndiyinə  dəlalət  edir.  Təsadüfi 
deyil  ki,  prof.  Əziz  Mirəhmədov  da  araşdırmalarında  bu  cəhəti  xüsusi 
vurğulamışdır:  «Qutqaşınlının  bu  əsəri  keçən  əsrin  (XIX  əsrin  –  T.A.)  20-30-cu 
illərindən  başlayaraq  Rusiyanın  müxtəlif  mətbuat  orqanlarında  və  elmi-bədii 
məcmuələrində tez-tez çap olunan «yol qeydlərini», habelə Yaxın və Orta Şərqdə 
dəbdə olan səfərnamə və ziyarətnamələri xatırladır». (Ə.Mirəhmədov. Qəribə tale. 
İ.Qutqaşınlı. Əsərləri, Bakı, 1967, səh.22). 
XIX  əsrin  II  yarısında  öz  inkişafının  ən  yüksək  mərhələsinə  qədəm  qoyan 
rus  publisistikası  çöldən  sərhədlərini  genişləndirən,  içdən  çürüyən  «Avropa 
jandarmı»nın – Rusiya imperiyasının bütün problemlərini, təhkimçilik köləliyinin 
və  mütləqiyyət  zülmünün  törətdiyi  fəsadları,  dərd-sərini,  yükünü  öz  çiynində 
çəkmişdir. Bu missiyanı heç bir bellestrika nümunəsi şübhəsiz ki, daşıya bilməzdi. 
Çar  üsul-idarəsini,  onunla  bağlı  cəmiyyətdə  mövcud  olan  bütün  eybəcərlikləri 
darmadağın  edən,  ictimai,  inqilabi-demokratik  fikri  formalaşdıran,  ədəbiyyatı 
istiqamətləndirən,  publikanın  zövqünü  tərbiyələndirən  tərəqqipərvər  qüvvələri 
səfərbər  edən  rus  publisistikasının  ən  parlaq  nümunələri  oxucuların  hər  yeni 
nömrəsini 
həyəcanla, 
həsrətlə, 
səbirsizliklə 
gözlədikləri 
«Kolokol», 
«Sovremennik»,  «Russkoe  slovo»,  «Dela»  kimi  jurnallarda  dərc  edilmişdir. 
Fikrimcə, özü barədə «Mən bu dünyada döyüşçüyəm» yazan V.Q.Belinski bir neçə 
sözlə  bu  dövr  mətbuatını  çox  sərrast  xarakterizə  etmişdir:  «Jurnalistika  bizim 

 

dövrdə  hər  şeydir.  Jurnal  tribunadır»  (Feliks  Kuznetsov.  Publisist  1860-x  qodov. 
Jizn  zameçatelnıx  lyudey.  Moskva.  «Molodaya  qvardiya,  1981,  336  səh.).  Rus 
ədəbiyyatının  «cəmi  107  il»  mövcud  olduğu  (Belinski  rus  ədəbiyyatının 
başlanğıcını Lomonosovun 1739-cu ildə yazdığı «Xotinin fəthinə dair» odası hesab 
edirdi) bir dövrdə rus söz sənətinin böyüklüyü, gücü və qüdrətinə inanan Belinski - 
«əzəmətli bir qladiator» - Gertsen onu belə adlandırırdı – yazırdı: «Rusiyanı 1940-
cı ildə görə biləcək nəvələrimizə və nəticələrimizə qibtə edirik, - o zaman Rusiya 
mədəni dünyanın başında duracaq, elmin də, sənətin də qanunlarını verəcək, bütün 
mədəni  bəşəriyyətin  dərin  hörmətini  qazanmış  olacaqdır».  (V.Q.Belinski.  Rus 
ədəbiyyatı  klassikləri  haqqında.  Azərbaycan  Uşaq  və  Gənclər  Ədəbiyyatı 
Nəşriyyatı. Bakı, 1954, 369 səh.). 
XIX əsrdə rus jurnalistikasının, o cümlədən publisistikasının yarandığı qısa 
vaxt  ərzində  imperiyanın  tarixində  oynadığı  rolu  dəyərləndirmək  üçün  bir  neçə 
fakta  diqqət  yetirmək  kifayətdir.  XVIII  əsrdən  XIX  əsrin  əvvəlinədək  rus 
jurnalistikasının  təşəkkül  tapdığı  dövrdür.  Həmin  vaxt  ərzində  çox  az  tirajla  bir 
neçə mətbu orqan (ilk qəzet 17 dekabr 1702-ci ildə, «Vedomosti», 1751-ci ildə ilk 
jurnal  «Yejemesyaçnıye  soçineniya,  k  polze  i  uveseleniyu  slujaşiye»  adı  ilə  nəşr 
edilir.  Bundan  əlavə,  M.M.Xeraskovun,  D.İ.Fonvizinin,  prof.İ.Q.Reyxelin, 
H.İ.Novikovun,  E.K.Daşkovun,  İ.A.Krılovun,  A.İ.Kluşinin  və  H.M.Karamzinin 
iştirakı,  redaktorluğu,  naşirliyi  ilə  bir  neçə  qəzet  və  jurnal  buraxılmışdır)  nəşr 
edilsə  də,  XIX  əsrin  əvvəlləri  rus  jurnalistikasında  bir  sıçrayış  baş  verdi.  Əlbəttə, 
bu  təzahüratı  labüd  edən  dövrün  ictimai-siyasi  hadisələri,  təbəddülatları, 
müharibələri,  maarifçi  rus  ziyalılarının  cəmiyyətdə  daha  fəal  mövqe  tutmasına 
təkan  verirdi.  XIX  əsrin  ilk  onilliyində  artıq  77  dövri  nəşr  fəaliyyət  göstərirdi. 
V.V.Voroşilovun təbirincə desək, XIX əsrin ikinci yarısı rus jurnalistikasının tam 
formalaşması  dövrü  idi.  Bu  vaxt  artıq  «Russkaya  mısl»,  «Vestnik  Yevropı», 
«Russkoe boqatstvo», «Russkiy vestnik», «Mir bojiy», «Jizn», «Naçalo», «Niva», 
«Rodina»,  «Vokruq  sveta»,  «Polyarnaya  zvezda»,  «Kolokol»,  «Teleskop», 
«Nedelya» və s. kimi nüfuzlu qəzet və jurnallar buraxılırdı. C.H.Qlink, N.İ.Qreç, 
A.A.Bestujev,  V.K.Kjulxelbeker,  F.A.Bulqarin,  A.İ.Gertsen,  N.P.Oqaryev, 
N.L.Dobrolyubov, 
N.Q.Çernışevski, 
D.İ.Pisarev, 
V.Q.Belinski, 
İ.D.Sıtın, 
A.S.Suvorin  kimi  naşir,  redaktor  və  publisistlər  ən  müxtəlif  mövzuların  rus 
mətbuatında  işıqlandırılmasını  təmin  edirdilər  (ətraflı  bax:  V.V.Voroşilov. 
Jurnalistika. Sankt-Peterburq, 2004). 
 Rus  jurnalistikası,  o  cümlədən  publisistikasının  yaranması  və  inkişaf 
tarixinə  qısaca  nəzər  salmağımız  təsadüfi  deyil.  Qaynayan,  çalxalanan,  ideya  və 
cərəyanların coşduğu, toqquşduğu bir məkana, mühitə daxil olan hər kəs şübhəsiz 
ki,  proseslərin  passiv  müşahidəçisi  kimi  qala  bilməzdi,  onun  həyatında  olduğu 
kimi,  düşüncə  tərzində  də  ciddi  dəyişikliklərin  baş  verməsi  labüd  idi.  Belə  bir 
dövrdə  narahat  Rusiyanın  qəlbi  –  Sankt-Peterburq  gənc  İsmayıl  bəy  Qutqaşınlını 
öz  qoynuna  aldı  və  bu  mühit  onun  taleyinə  əbədi  möhürünü  vurdu.  Feodal 
münasibətlərinin  hakim  olduğu  Qəbələdən  böyük  ədəbi,  ictimai-siyasi,  tarixi 
hadisələrin  astanasında  (XVIII  əsrin  sonu  XIX  əsrin  əvvəlləri)  dayanan  Rusiya 
həyatı 
Qutqaşınlının  maarifçi,  realist  yazıçı-publisist,  xeyriyyəçi  kimi 
formalaşmasında  həlledici  faktor  olmuşdur.  İstər  «Rəşid  bəy  və  Səadət  xanım», 

 
10 
istərsə  «Səfərnamə»  ruhu,  məzmunu,  mövzusu  baxımından  Şərq  məhsuludursa, 
ideya  istiqaməti,  üslubu,  quruluşu,  forması,  problemə  yanaşma  tərzi  rus    və  Qərb 
təmayüllüdür.  
İ.Qutqaşınlının  hələ  «Səfərnamə»ni  qələmə  almadan  əvvəl  müxtəlif 
mövzularda yazdığı məktubları onun istedadlı publisist, dərin müşahidə və məntiq 
sahibi olduğuna dəlalət edir. Varşavada hərbi qulluqda ikən Peterburqa – general-
mayor  Aleksey  İllarionoviç  Filosofova  1875-ci  il  21  mart  tarixli,  Gürcüstan, 
Qafqaz  və  Zaqafqaziya  diyarlarının  rəhbəri  general  baron  Qriqori  Vladimiroviç 
Rozenə  1837-ci  il  14  mart  tarixli,  Qafqaz  canişini,  Novorossiysk  və  Bessarabiya 
general-qubernatoru  knyaz  Mixail  Semyonoviç  Vorontsova  1852-ci  il  19  mart 
tarixli  məktublarının üslubu  rəsmi  üslubdan  xeyli  fərqlidir.  İ.B.Qutqaşınlı  general 
A.İ.Filosofova yazır:  
«Möhtərəm cənab Aleksey İllarionoviç! 
Peterburqdan  bura  gələn  tanışlarımın  söhbətlərindən  qəlbən  çox  məmnun 
olaraq bildim ki, Sizin mənə xoş münasibətiniz hələ də xatirinizdədir. Bu, mənim 
xoşbəxt  ulduz  altında  doğulmağımlamı  bağlıdır,  yoxsa  Araz  sahillərinə,  Ararata, 
Culfa xarabalıqlarına, Təbrizə, Urmiya gölü sahilinə və başqa yerlərə səfərlərinizdə 
Sizinlə  yol  yoldaşı  olduğum  o  gözəl  və  parlaq  dövr  haqqında  xatirələrinizləmi  – 
deyə  bilmərəm.  Bəlkə  də  Siz  saqqallı  iranlıları,  Xaldeyli  atanı,  Madame  La 
Marinieri,  Məlik  Qasım  Mirzənin  hərəmxanasını  və  nəhayət,  Xoyda  birlikdə 
keçirdiyimiz  günləri  xatırlayanda  həmin  adamların  arasında  hərdənbir  mənim 
surətim də təsəvvürünüzə gəlir, lakin necə olursa olsun, hər halda bu həssaslığınıza 
görə, məni andığınıza görə Sizə minnətdarlığımı bildirirəm. 
Bununla  bərabər,  Sizin  mənə  və  mənim  Asiyadan  Peterburqa  gələn 
həmyerlilərimə  (xüsusən  Abbasqulu  Ağaya)  dostcasına  münasibətiniz  və 
himayədarlığınız mənə cəsarət verir ki, bir xahişimlə sizi narahat edim». 
O,  məktubu  belə  bitirir:  «Siz  sussanız,  mən  çox  nigaran  qalacam; 
fikirləşəcəm ki, Siz mənim bu məktubumu, qarşısına çıxan hər kəsi yalvarış və rica 
məktubları ilə narahat edən bir adamın məktubu kimi qəbul etmisiniz və mən Sizin 
nəzərinizdə  belə  görünmək  istəməzdim».  Yazılanlar  rəsmi  məktubdan  daha  çox, 
əgər belə demək mümkünsə, bədii müraciətə bənzəyir. 
Əlbəttə, İ.Qutqaşınlının həyatı və irsi ilə bağlı problemlər, mövzular çoxdur 
və  onu  bir  məqaləyə  yerləşdirmək  mümkün  deyil:  ailəsi,  Peterburqa  aparılması, 
təhsili, müharibələrdə iştirakı, Polşa həyatı, Şamaxıdakı fəaliyyəti,.. «Rəşid bəy və 
Səadət  xanım»  əsərinin  ədəbiyyatda  yeri…  və  s.  mövzular  həm  böyük  maraq 
doğurur, həm də aktualdır. Bu dəfə isə biz publisistikamızın səyahət oçerki janrının 
ilk və klassik nümunəsi «Səfərnamə» barədə söhbət açacağıq. 
Haqlı olaraq, bir sıra müəlliflər tədqiqatçıların, xüsusi ilə AMEA-nın müxbir 
üzvü  prof.Əziz  Mirəhmədovun  «Səfərnamə»nin  ideyası,  dili,  üslubu,  əhəmiyyəti 
haqqında geniş bəhs etdiyini, dəyərli fikirlər söylədiklərini yazırlar. Doğrudan da, 
akademik Fuad Qasımzadənin 1960-cı ildə qələmə aldığı «İsmayıl bəy Qutqaşınlı 
(1806-1861)» adlı məqalədən (XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1966) 
aydın  olur  ki,  həmin  vaxta  kimi  «Səfərnamə»  haqqında  ədəbi  aləmdə  heç  bir 
məlumat olmamışdır. Müəllif yazır: «İsmayıl bəy Qutqaşınlının həyat və fəaliyyəti 
ancaq  Sovet  hakimiyyəti  dövründə  tədqiq  edilmişdir.  İnqilaba  qədər  onun 

 
11 
şəxsiyyəti və yaradıcılığından yeganə yadigar qalan «Rəşid bəy və Səadət xanım» 
hekayəsi haqqında heç bir məlumat yox idi» (səh.168). Bir il sonra 1967-ci ildə isə 
görkəmli alim, prof.Ə.Mirəhmədov İsmayıl bəy Qutqaşınlının «Əsərləri»ni özünün 
«Qəribə tale» adlı çox sanballı, irihəcmli məqaləsi və «Qeydlər»i ilə birlikdə nəşr 
etdirir. 
Ədəbi mühitdə hadisəyə çevrilən bu nəşrdən 20 il keçdikdən sonra – 1987-ci 
ildə  İ.Qutqaşınlının  əsərlərinin  yeni  tərtibatda  çapı  fikri  yaranır  və  yuxarıda  bəhs 
etdiyimiz  kimi  baş  tutmur.  Bu  arada  iki  istiqamətdə  –  İ.Qutqaşınlının  yeni 
əsərlərinin axtarılması və mövcud irsinin araşdırılması istiqamətində müəyyən işlər 
görülür.  Qeyd  etdiyimiz  kimi,  birinci  istiqamətdə  fəal,  faydalı  və  məhsuldar 
fəaliyyəti  ilə  f.e.n.Ə.Tahirzadə  fərqlənir,  «Səfərnamə»nin  yeni  parçalarını  tapır. 
İ.Qutqaşınlıdan  bəhs  edən,  onun  irsini  təhlil  edən  və  dəyərləndirən  müəlliflərin 
sırasına  yeniləri  əlavə  edilir.  Salman  Mümtazdan  sonra  Mikayıl  Rəfili,  Feyzulla 
Qasımzadə,  Yaşar  Qarayev,  Hidayət  Əfəndiyev,  Əziz  Mirəhmədov,  Cahangir 
Qəhrəmanov,  Famil  Mehdi,  Ənvər  Əhmədov,  Nadir  Məmmədov,  Nərmin 
Talıbzadə,  Kərəm  Kərəmov,  Ədalət  Tahirzadə,  Xalid  Əlimirzəyev,  Nurəddin 
Kərəmov,  Rauf  Kərimov,  Eldar  İsmayılov,  Əbdül  Hüseynov  və  bir  çox  digər 
tədqiqatçıların, eləcə də Polşa alimləri Bohdan Baranovski və Ancey Xodubskinin 
səyi  sayəsində  prof.Ə.Mirəhmədovun  təbirincə  desək,  «başdan  ayağa  duman 
bürünmüş»,  «çox  müəmmalı»  taleyi  olan  İ.Qutqaşınlı  həyatı  və  irsinin  üzərinə 
xeyli  işıq  salınmışdır.  «Səfərnamə»  Azərbaycan  publisistika  tarixində  yalnız 
səyahət  oçerki  janrının  bünövrəsi  kimi  yox,  həm  də  elmi-ədəbi  sanbalına  görə 
xüsusi çəkiyə, əhəmiyyətə malikdir. 
İ.Qutqaşınlının Məkkəyə ziyarəti ilə bağlı təmiz, aydın Azərbaycan dilində 
qələmə  aldığı  əsər  şərti  olaraq  «Səfərnamə»  adlandırılmışdır.  Doğrudur,  bəzi 
müəlliflər əsəri «Yol qeydləri» kimi təqdim və təhlil edirlər. Əsəri «tarixi, mədəni-
ictimai fikrimizin abidəsi» kimi qiymətləndirən görkəmli alim, prof.Yaşar Qarayev 
yazır:  «İ.Qutqaşınlının  «Yol  qeydləri»  bu  janrda  Avropa  və  Şərq 
«səyahətnamələri»nin ruhunda və məcrasında yazılıb. Doğma ana dilində, müasir, 
peşəkar elmi, ədəbi, nəzəri üslubda qələmə alınmış bu əsər XIX əsrin ortalarında 
elmi-publisist  nəsr  üslubunun  ilk  qiymətli,  əvəzsiz  abidəsidir».  (Yaşar  Qarayev. 
Azərbaycan  ədəbiyyatı:  XIX  və  XX  yüzillər  (iki  min  ili  tamamlayan  iki  yüz  il  – 
XIX və XX yüzillər), Bakı, «Elm», 2002). 
İ.Qutqaşınlı  «Rəşid  bəy  və  Səadət  xanım»la  bədii  nəsrimizə  Hidayət 
Əfəndiyevin təbirincə desək, yeni mövzu, yeni ideya, yeni forma, yeni üslub, yeni 
ifadə  vasitələri  gətirdi.  Fikrimizcə,  «Rəşid  bəy  və  Səadət  xanım»la  bədii  nəsrin 
inkişafında  hansı  xidməti  göstərmişdirsə,  «Səfərnamə»  ilə  də  publisistikanın 
formalaşmasında  o  rolu  oynamışdır,  bir  az  da  dəqiqləşdirsək,  İ.Qutqaşınlı  bədii 
publisistikanın, onun ən oxunaqlı, populyar bir qolunun – səyahət oçerki janrının 
bünövrəsini qoymuşdur. 
Əsərin  mövzusu,  süjeti,  kompozisiyası,  dil-üslub,  sənətkarlıq  problemləri, 
aktuallığı,  elmi-ədəbi  –  tarixi-coğrafi  –  kartoqrafiya  və  etnoqrafiya,  eləcə  də 
avtobioqrafiya  baxımından  əhəmiyyəti  əvəzsizdir,  heç  bir  mübaliğəsiz  səyahət 
oçerkimizin bu ilk nümunəsini həm də, klassik forması adlandırmaq olar.  

 
12 
Mövzu  müəllifin  yaxınları  ilə  birlikdə  Həcc  ziyarətinə  həsr  olunmuşdur. 
İ.Qutqaşınlı  bu  əsərlə  müqəddəs  ziyarəti  qeyri-adi  yaradıcılığı  ilə  ikiqat 
zinnətləndirmiş,  əslində  XIX  əsr ədəbi  irsimizin  özünü obrazlı desək,  ziyarətgaha 
çevirməyə  müvəffəq  olmuşdur.  Tədqiqatçılar  Şamaxıdan  başlanan  yolun  – 
marşrutun sözlə, cizgi ilə xəritəsini yaratmışlar. «Səfərnamə»ni oxuduqca şəhərləri, 
kəndləri, el-obaları, körpü, qala, liman, çay, dağları (əsərdə 300-dən çox  (!) yer adı 
çəkilir) arxada qoyaraq irəliləyən karvan, dəyişən təbiət mənzərələri, bir-birindən 
fərqli  məişət  səhnələri,  irili-kiçikli  yaşayış  məskənləri,  onların  həyat  və  düşüncə 
tərzi ilə seçilən sakinləri, abad-xaraba maddi-mədəniyyət abidələri kino lenti kimi 
göz  önündə  canlanır.  Təsvirdə  mahir  fırça  ustası,  tədqiqdə,  təhlildə, 
dəyərləndirmədə  elm  adamı,  insanlarla  münasibət,  ünsiyyət  yaratmaqda  peşəkar 
diplomat  İ.Qutqaşınlıya  həsəd  apara  bilər.  «Səfərnamə»də  müəllif  120  nəfərdən 
çox şəxs adı (tarixi, dini, əfsanəsi, rəsmi, hərbi, mülki) çəkir ki, onların əksəriyyəti 
ilə təmasda olar, görüşür, söhbət edir. Publisistin qələminin qüdrəti, gücü karvanın 
hərəkətini daha cazibəli, oçerki daha oxunaqlı edir. 
Əsərin  Əziz  Mirəhmədov  və  Ədalət  Tahirzadə  tərəfindən  üzə  çıxarılan, 
tərtib  edilən,  kirill  və  latın  əlifbasına  çevrilən,  nəşr  olunan  «Şamaxıdan- 
Qutqaşınadək»,  «Qutqaşından  Trabzonadək»,  «Qırmızı  dəniz  sahillərində», 
«Misirdən  ta  Süveyş»,  «Süveyşdən  ta  Ciddə»,  «Mədineyi-münəvvərədən 
Şamadək»,  «Şami-şərif»,  «Şamdan  Beyruta  qədər»,  «Qüdsi-şərifdən  İzmirədək» 
adlı  hissələri  gedilən  və  qayıdılan  marşrut  haqqında  tam  təəssürat  oyadır.  Bu 
hissələrin hər biri təsvir edilən yer və hadisələr barədə kifayət qədər bilgi versə də, 
ümumi  mövzunun  təqdiminə  xidmət  edir.  Hər  bir  hekayət  haqqında  ayrıca  bəhs 
etməyə ehtiyac duyulur. 
Səfərin 200-dən də çox gününə aid qeydləri əhatə edən «Səfərnamə» yolüstü 
yaşayış  məskənləri,  ayrı-ayrı  tarixi  şəxsiyyətlər  haqqında  maraqlı  məlumatlarla 
zəngindir, eyni zamanda ədibin dünyagörüşü, həyat, düşüncə tərzi, doğma dilə, elə-
obaya məhəbbəti, insanlarla ünsiyyət qurmaq və dərin müşahidə məharəti, hərbi və 
diplomatik səriştəsi haqqında geniş bilgi verir. 

Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin