«525-ci qəzet»
24 iyul 2003
HəmiĢəyaĢar sənət və sənətkar
1996-cı il oktyabr ayının 3-də – 5 il bundan əvvəl görkəmli nasir və
dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyev dünyasını dəyişmişdir. Lakin o, miras
qoyub getdiyi zəngin irsində, çoxsaylı oxucuların, teatrsevərlərin qəlbində, ədəbi
mühitə vəsiqə verdiyi onlarca obrazda bu gün yaşayır, yəqin ki, sabah da
yaşayacaqdır. Çünki bu qəhrəmanlar Azərbaycan cəmiyyətinin, tarixinin, həyat və
düşüncə tərzinin, adət və ənənəsinin, məişətinin, təbiətinin bir parçasıdır.
Böyük yazıçının vəfatının 5-ci ildönümü ərəfəsində yaşına, təhsilinə,
peşəsinə görə fərqlənən müxtəlif adamların İlyas Əfəndiyev və onun irsi haqqında
təəssüratları fikrimizcə, çox maraqlıdır.
Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, Milli Elmlər Akademiyası
Ədəbiyyat İnstitutunun direktor müavini:
75
- İlyas Əfəndiyev elə qüdrətli qələm sahibidir ki, onun haqqında nə qədər
deyilsə, yazılsa yenə azdır. Qısaca onu söyləmək istəyirəm ki, İlyas müəllim istər
Azərbaycan dramaturgiyasına, istər teatrına təbii insan nəfəsi gətirmişdir. Məncə,
teatr İlyas Əfəndiyevlə həm forma, həm də məzmunca dəyişərək yeni inkişaf
mərhələsinə qədəm qoyur. Bundan əvvəl səhnə sanki pafoslu sözlər, qışqırıq, hay-
küy meydanı idi. İlyas Əfəndiyevlə teatr-dramaturgiya ürək söhbəti etməyə
başladı.
Mən cəsarətlə deyərdim ki, İlyas Əfəndiyev dramaturgiyamızda, bütövlükdə
ədəbiyyatda lirik-psixoloji üslubun yaradıcısı idi. Hekayə ustası kimi orijinal yazıçı
olan İlyas Əfəndiyev bu üslubu məharətlə səhnə əsərlərinə də tətbiq etmişdir.
Mənim bu yazıçı ilə şəxsi münasibətim, əlaqəm olmayıb. Amma onun
yaradıcılığını müntəzəm izləmişəm. O, ədəbiyyatın qara fəhləsi idi, sakit, hay-küy
salmadan ədəbiyyat yaradırdı. Bir də görürdün İlyas Əfəndiyevin aylarla səsi
gəlmir: bu zaman bilirdin ki, İlyas müəllim yenidən gözəl bir əsəri ilə ədəbi
mühitdə, teatrda bir canlanma yaradacaq. Elə də olurdu.
Əminəm ki, Azərbaycan teatrını on illər boyu yaşadan İlyas Əfəndiyevi
Azərbaycan teatrı əbədi yaşadacaqdır. «Bahar suları», «Atayevlər ailəsində», «Sən
həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mənim
günahım», «Qəribə oğlan», «Xurşudbanu Natəvan», «Büllur sarayda», «Şeyx
Məhəmməd Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» pyesləri ədəbiyyat və
teatr tariximizə belə demək mümkünsə, daimi qeydiyyata düşmüş əsərlərdir.
Qəzənfər Kazımov, filologiya elmləri doktoru, professor:
XX əsr 2-ci minilliyin son vərəqi kimi qapandı, geridə qaldı, lakin əsrin
yetirdiyi böyük ədəbi simalar, nəhəng poeziya ustaları tarixin əbədi yol yoldaşları
kimi gələcəyə doğru irəliləməkdədir. Bu günlərdə vəfatının 5 ili tamam olan
unudulmaz yazıçımız İlyas Əfəndiyev məhz bu əsrdə məzmun və forma
baxımından bənzərsiz nəsri, teatrımızda xüsusi mərhələ yaradan silsilə pyesləri ilə
klassiklər sırasında yer tutdu.
«İlyas Əfəndiyev» sözündə əbədi bir işıq, bir kövrəklik, yuxu aləmində uca
insanın hiss etdiyi rahatlıq, yüngüllük, ecazkarlıq var. Bunlar yazıçının insan
qəlbində fırtına doğuran duyğu və düşüncələri pərdələnməməsi, pərdələməyə
çalışmaması, saxtalaşdırmaması, zorla «vahid ideya»ya tabe etməməsi, hər kəsdə
görünə bilməyən böyük yazıçı demokratizmi ilə bağlıdır; bunlar həyatın həqiqi
poeziyasını poeziyanın şirin dili ilə daha həyati ifadə edə bilmək qüdrəti ilə
bağlıdır. Zəhmətə bağlanmayan istedad qanadsız quş kimidir. «At işləməsə, ər
öyünməz». İlyas Əfəndiyev ilhamının al rəngli yel qanadlı atı onun ilk
hekayələrindən oxucunun başı üzərindən uçaraq əfsunlamışdır, - təbii boyası,
ahəngdarlığı, insan hisslərinin, insan duyğularının dibi görünməz dərinliklərinə
enən lirizmi ilə… Həqiqi nəsrin xalis poeziya olduğunu unudanlar və «Mənim
nəsrim – mənim poeziyam» prinsipinə əməl edənlər sırasında İlyas Əfəndiyev
ikincilərdəndir. Digər nəsr ustalarımızın böyük zəhmətinə, müqəddəs ruhuna
etinasızlıq göstərmədən deyə bilərik ki, əgər nəsrin şeriyyətini öyrənmək lazım
gələrsə, «Dədə Qorqud»dan sonra İ.Əfəndiyevin «Qarı dağı», «Qəhrəman ilə
bülbülün nağılı», «Tar», «Kiçik bir poema», «Apardı sellər Saranı» və başqa
hekayələrini öyrənmək lazım gələrdi. Bu əsərlərdəki şeriyyət tədricən genişlənərək
76
«Söyüdlü arx»a, «Körpüsalanlar»a, «Sarıköynəklə Valehin nağılı»na və başqa
əsərlərə hopmuşdur. Bu üslub «Geriyə baxma, qoca» romanında hər kəlməsində
xəlqilik, kamillik və müdriklik görünən dastanvarı cilalanma yolu ilə getmişdir.
İlyas Əfəndiyev nəsrinin dili, aparıcı keyfiyyətləri ilə, çox zaman hadisələrin
birinci şəxsin dilindən söylənməsinə əsaslanan üslubi-poetik-bədii tədqiqatla
bağlıdır. Lirik «mən» insan təbiətindəki bütün ziddiyyətləri gözləməyə, obrazın
mümkün hissi-psixoloji aləmini vüsətlə üzə çıxarmağa imkan vermiş, yazıçı öz
«mən»ini obrazın – birinci şəxsin «mən»i timsalında, bir növ, insan təbiətinə
müdaxilə etmədən səciyyələndirə bilmişdir. Artıq haşiyə və dialoqların redaktəsi,
təhkiyə və dialoqların ümumiləşdirmə gücü, xalq dilinə, xalqın müdrikliyinə inam
hissi hadisə və obrazların təsviri prosesində yazıçıya hüdudsuz imkanlar vermişdir.
Qarşıda böyük ədiblər ordusu dururdu. Odur ki, ilk qələm təcrübələri
dövründən M.F.Axundov, Mirzə Cəlil, Ə.Haqverdiyev, müasirləri Mir Cəlal, Sabit
Rəhman, H.Mehdi, M.S.Ordubadi, S.Rəhimov kimi nəhəngləri göz önündə
saxlamış, oxucunun zövqünü düşünmüş, sözə necə rəng vuracağını dəfələrlə götür-
qoy etmiş, ədəbiyyatımızda seçilən, sevilən və insanın mənəvi aləminə nüfuz edən
orijinal bir üslub formalaşdırmışdır. İ.Əfəndiyev süni obrazlılıq yaratmaq yolu ilə
getməmiş, bədiiliyi hadisənin, xarakterin sadə, təbii təsvirində görmüşdür.
Nəsrindəki lirizm, psixoloji dərinlik dramaturgiyasında ona görə qabarıqdır ki,
səhnədə obraz bütövlükdə görünür. Əslində, nəsr və dramaturgiyasında dilin ədəbi-
estetik dəyəri eyni dərəcədə yüksəkdir; buna görə də, İ.Əfəndiyev lirik-psixoloji
dram və nəsr dilinin yeni vüsətlə inkişafında dövrün bani səviyyəli ən müqtədir
sənətkarı sayılır. Dramaturgiyamızdakı ritorikliyi ustalıqla təbii insan mükalimələri
ilə əvəz edə bilmiş, sadə, sərrast, təbii-emosional replikalarla nəsihətçilik ənənəsini
geridə buraxmışdır. Sözləri fraza mühitində əlaqələndirərək fikri irəlilətmə üsuluna
üstünlük vermişdir. Sintaktik bütövlərdən bir-birinə usta məntiqi keçidlər poetik
mətnin təşəkkülündə həlledici amil olmuşdur. Hadisələrin çox zaman kulminasiya
nöqtəsindən başlanması, maraqlı və gözlənilməz başlanğıc və sonluqlar, süjet
rəngarəngliyi, ahəngdarlıq və musiqilik, intonasiyanın dolğun nəfəsdərmə ilə
tamamlanması, dialoq nitqinin qısa, yığcam, emosional quruluşu, poetik sintaksis –
rasional fikrin saxlanması ilə «məlum olanlar»ın ixtisarı, söz sırası, məntiqi vurğu,
müxtəlif üzvlərin və mürəkkəb cümlə komponentlərinin aktuallaşdırılması üsulları,
müraciət və münasibət bildirən söz və birləşmələr, presupposizisional imkanlar
əsasında bir çox şeylərin xatırlanmasının oxucunun ixtiyarına buraxılması –
implisit ifadə forması, xalq frazeologiyasından yeni çalarda istifadə və s. yazıçı
ideyasını dəyərləndirən, əsəri ədəbi aləmin sevgi mənbəyinə çevirən əsas amillər
olmaqla, özünəməxsusluğu ilə seçilir.
İlyas Əfəndiyevin dili və orijinal üslub gerçəklikləri gənc nasirlər üçün
məktəb olmaqla, yüzilliklər keçidində XX əsr Azərbaycan bədii dilinin şirinliyi və
gözəlliyi timsalı kimi daim heyrət doğuracaqdır.
Salehə Əmrahzadə – Bakıdakı 151 nömrəli məktəbin biologiya müəllimi:
- Ədəbiyyatçılar İlyas Əfəndiyev yaradıcılığından danışanda İlyas Əfəndiyev
məktəbi, yaxud İlyas Əfəndiyev teatrı ifadələrini işlədirlər. Mən isə İlyas
Əfəndiyevin əsərlərini həyat dərsliyi, onun özünü isə həyat müəllimi
adlandırardım.
77
İlyas müəllimin obrazları oxucu və tamaşaçılarda ülvi, sarsılmaz məhəbbət,
saflıq, sədaqət, humanistlik, bir sözlə, nəcib hisslər yaradır, haqsızlığa,
ədalətsizliyə, varlanmaq ehtirasına, acgözlüyə, əyyaşlığa, yüngül həyat tərzinə
nifrət aşılayır.
Teatrlarımızın, xüsusilə Dram teatrının repertuarında İlyas Əfəndiyevin
əsərlərinin tez-tez oynanılmasını arzulayardım.
Azərbaycan Respublikası Prezidentinin İlyas Əfəndiyevin xatirəsinin
əbədiləşdirilməsi haqqında sərəncamı hamının ürəyindən olmuşdur.
Sənəddə Bakının küçələrindən birinə Xalq yazıçısının adının verilməsi,
tələbələr üçün İlyas Əfəndiyev adına xüsusi təqaüd təsis edilməsi, dramaturqun
«Hökmdar və qızı» əsəri əsasında iki seriyalı bədii filmin çəkilməsi nəzərdə
tutulmuşdur. Yazıçının oncildliyinin nəşr olunması xüsusilə təqdirəlayiqdir. Latın
əlifbası ilə çap olunacaq bu kitabların on minlərlə yeni-yeni oxucusu olacaqdır.
Məhəmməd Baharlı – jurnalist:
- İlyas müəllim 82 yaşında vəfat etmişdir. Bu, böyük yaşdır. Amma istər
sağlığında və istərsə də bu gün o mənim üçün gənclik simvoludur. Çünki İlyas
müəllimi mən əsərləri ilə, obrazları ilə tanıyıram. Burada hər şey təzədir,
təravətlidir, burada həyat qaynayır, gənclik, məhəbbət mühitə hakimdir. Odur ki,
İlyas Əfəndiyevin obrazlarını qocalmayan qəhrəmanlar, onun özünü ölməz
sənətkar adlandırsaq, səhv etmərik.
Bir məsələni də qeyd etmək istərdim. Milli mənlik hissinin, milli qürurun,
milli şüurun formalaşması və inkişafında İlyas müəllimin rolu misilsizdir. Əlbəttə,
o heç bir əsərində «gəlin milli şüurumuzu yüksəldək», yaxud «eşq olsun bizim
millətə» yazmayıb. Lakin 60-70-80-ci illərdə (mən bu illəri milli özünüdərkin yeni
təzahür dövrü adlandırardım) yeni söz eşitmək ehtirası ilə yaşayan nəslə tarixçilər,
elm adamları heç nə demirdi, yaxud deyə bilmirdi. Amma İlyas müəllimin
qəhrəmanlarının gur səsi salonu titrədir, qəlblərə od salırdı. Səhv etmirəmsə, Xalq
artisti Amalya Pənahova İlyas müəllim haqqında yazmışdı ki, heç kəsin cəsarəti
çatmayanda onun qələmi qılınc kimi parlayır və həqiqəti söyləyirdi…
Dağlar Səfərov – xalça ustası, iş adamı:
- Dünyanın bir çox şöhrətli, adlı-sanlı şəxsiyyətlərinin obrazını xalçalarda
əks etdirmişəm. Bu, milyonlarla insanın idealına çevrilmiş həmin adamlara
məhəbbətimin, sevgimin izharıdır. Böyük dramaturq İlyas Əfəndiyevin də xalça
üzərində obrazını yaratmaq niyyətindəyəm. Fikirləşirəm ki, bu sadəcə bir fotonun
ilmələr vasitəsilə xalçaya çevrilməsi yox, bütün həyatını xalqına, onun
çiçəklənməsinə, tərəqqisinə, maariflənməsinə həsr etmiş ədibin özünəməxsus
xarakter və simasını əks etdirən portret olacaqdır. Mən öz peşəmin vurğunuyam.
Amma demək olar ki, respublikanın bütün yazıçı və şairləri ilə şəxsi münasibətim
var. Bu əlaqələrdə mütaliəm mühüm rol oynamışdır. İlyas Əfəndiyevi oxumaqla
yanaşı, səhnə əsərlərinə də tamaşa etmişəm. Onun əsərlərindəki xarakterlər və
obrazlar qalereyasını xalçanın rəngləri ilə müqayisə edərdim: bir-birindən fərqli,
bir-biri ilə əlaqəli, həm də biri digərini tamamlayan, nəticədə göz oxşayan mənzərə
yaradan rənglərlə.
Az-çox ədəbiyyatla maraqlandığım üçün özümdə cəsarət tapıb İlyas
müəllimin dili ilə bağlı da bir fikir söyləmək istəyirəm. Vaqifin dili poeziyada
78
nədirsə, İlyas Əfəndiyevin dili nəsrdə odur. Bir nəfər mənə söyləyəndə ki, mən
İlyas müəllimin bəzi əsərlərini əzbərdən bilirəm, inanın, təəccüblənmədim. Bu dil,
onun sahibi olan xalq durduqca İlyas Əfəndiyev də yaşayacaqdır…
Aygün Həsənoğlu – Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk
Yazarlar Birliyinin Baş katibi, Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram
hissə rəhbəri, Beynəlxalq Münasibətlər İnstitutunun aspirantı:
- Azərbaycan dramaturgiyası nisbətən gənc olsa da, ədəbiyyatımıza
M.F.Axundov, C.Cabbarlı, H.Cavid kimi nəhənglər bəxş etmişdir. Lakin bu üç
böyük dramaturqdan sonra uzun müddət dramaturgiyamızda bir boşluq yarandı.
Ayrı-ayrı maraqlı əsərlər yaransa da, bütövlükdə Azərbaycan teatrının ağırlığını öz
çiyinlərinə götürə bilən dramaturqun nəfəsi duyulmurdu. Belə bir nəfəsi teatrımıza
İlyas Əfəndiyev gətirdi. İlyas Əfəndiyev bir-birinin arxasınca səhnəmizə yeni
obrazlar qalereyası təqdim etdi və tezliklə ölkəmizin aparıcı teatrı olan Akademik
Dövlət Dram Teatrının repertuarında əsas yeri qazandı. Bu əsərlər böyük tamaşaçı
kütləsinin teatra axınına səbəb oldu.
Mənim üçün maraqlı cəhətlərdən biri də odur ki, İlyas Əfəndiyev hətta
durğunluq dövründə belə, teatrı sovet ideologiyasının tribunasına, silahına
çevirmədi, süni, bir-birinə bənzər sovet obrazları ilə səhnəni doldurmadı, əksinə,
sözün həqiqi mənasında maraqlı, rəngarəng, köhnə çərçivələri dağıdıb parçalayan,
sosialist realizminin qəliblərindən cəsarətlə kənara çıxa bilən qəhrəmanlar yaratdı,
İ.Əfəndiyevin qadın qəhrəmanları özünün ziddiyyətli, möhkəm xarakterləri, axına
qarşı durması ilə diqqəti cəlb edir. O, teatrı «kolxoz teatrı» anlamına sığışdırmadı,
onun daha geniş məkanlarını, bu məkanlardakı qəhrəmanların daxili aləmini bütün
təzadları ilə kəşf etməyə çalışdı.
İ.Əfəndiyevin yaradıcılığında dövrün sosial və siyasi problemləri çox zaman
məhəbbət mövzusu fonunda verilirdi. Bununla da, onun yaratdığı əsərlər dərhal
mübahisələrə və ziddiyyətli fikirlərin yaranmasına səbəb olur, bəzən qamçılanır,
bəzən də sadəcə bu qəhrəmanlar amansızlıqla görməməzliyə vurulurdu. Məsələn,
«Sən həmişə mənimləsən» əsərində sovet obrazlarına uyğun olmayan, əslində isə
bu cəmiyyətin çirkinliklərini üzə çıxaran maraqlı qəhrəmanlar vardır. «Büllur
sarayda» əsəri isə sovet cəmiyyətində baş verən sosial-mənəvi haqsızlıqları ifşa
edən maraqlı bir əsərdir. İ.Əfəndiyev Cavid və Cabbarlıdan sonra yeganə
dramaturqdur ki, onun yaratdığı obrazlar teatrımızda onlarla aktyorun və
rejissorların yetişməsində çox mühüm bir rol oynamışdır.
«Azərbaycan qəzeti», 4 oktyabr 2001
Yazıçı ömrü, ədəbiyyat tarixi
«Gənclik» nəşriyyatının bu yaxınlarda nəfis tərtibatla çap elədiyi görkəmli
yazıçı-dramaturq İlyas Əfəndiyevlə bağlı «Sən həmişə bizimləsən» adlı xatirələr
toplusunu (tərtibçilər: Dilsuz, A.Tahirli, redaktoru: Dilsuz, 392 səh.) mübaliğəsiz,
həm də ədəbiyyat tariximizin son 60 ilinin salnaməsinə gözəl töhfə adlandırmaq
79
olar. Böyük ədib İ.Əfəndiyevin həyat və yaradıcılığından bəhs edən xatirələr 30-cu
illərdən üzü bəri ictimai-siyasi, mədəni və xüsusilə ədəbi mühitdə baş verən
prosesləri dərindən dərk etmək, qavramaq, öyrənmək baxımından da maraq
doğurur.
Əsərdə Azərbaycan ədəbiyyatının parlaq simalarından sayılan görkəmli nasir
və dramaturq, Xalq yazıçısı, mədəniyyətimizin qocaman və nüfuzlu
nümayəndələrindən olan İ.Əfəndiyevin vəfatı ilə əlaqədar ölkə rəhbərliyinin,
tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin nekroloqu, yazıçı ilə vidalaşma
mərasiminin materialları, vəfatından sonra mətbuatda İ.Əfəndiyev haqqında
yazılardan seçmələr, qələm, sənət dostlarının, onu tanıyanların xatirələri çap
olunmuş, habelə dramaturqun Azərbaycan Milli Akademik Dram Teatrında
tamaşaya qoyulmuş pyeslərinin siyahısı verilmişdir. Kitabda həmçinin yazıçının
həyat və yaradıcılığı ilə bağlı bir sıra fotoları çap olunmuşdur.
«Özümüzdən sonra»nın ilkini» adı ilə ön söz əvəzi yazmış Xalq yazıçısı
Elçinin təbirincə desək, «bu kitab «özümüzdən sonra xalqın yadına düşəcəyik»
sualına cavab yox, heç zaman yaddan çıxılmayacağın ifadəsidir».
Müasir Azərbaycan ədəbiyyatının, mədəniyyətinin aparıcı simalarından olan
Bəxtiyar Vahabzadənin, Kamal Talıbzadənin, Hüseyn Abbaszadənin, Sofa
Bəsirzadənin, Süleyman Ələsgərovun, Qabilin, Nəbi Xəzrinin, Bəkir Nəbiyevin,
Cabir
Novruzun,
Fərəməz
Maqsudovun,
Həsənağa
Turabovun, Şəfiqə
Məmmədovanın, Mirvarid Dilbazinin, Tofiq Quliyevin, Qılman İlkinin, Əziz
Mirəhmədovun, Əzizə Cəfərzadənin, Ələviyyə Babayevanın, Leyla Bədirbəylinin,
Tahir Salahovun, Anarın … böyük ədib İ.Əfəndiyev haqqında ürək sözləri ustad
sənətkar, dost, qələm yoldaşı, həmkar barədə xatirələr çərçivəsinə sığmır. Bu, artıq
Azərbaycan ədəbi həyatının, teatrının bütöv bir dövrü haqqında, onu yaradanlardan
biri barədə sanballı məxəzdir, mənbədir.
«Kənddən məktublar», «Söyüdlü arx», «Körpüsalanlar», «Dağlar arxasında
üç dost», «Geriyə baxma, qoca», «Sarıköynəklə Valehin nağılı», «Üçatılan»,
«Bahar suları», «Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Qəribə oğlan»,
«Məhv olmuş gündəliklər», «Mənim günahım», «Unuda bilmirəm», «Mahnı
dağlarda qaldı», «Xurşidbanu Natəvan», «Büllur sarayda», «Şeyx Məhəmməd
Xiyabani» və s. kimi əsərlər parlaq yazıçı təxəyyülünün, fitri istedadının məhsulu
olmaqla yanaşı, həm də Azərbaycan cəmiyyətinin, ona məxsus hadisələrin
inikasıdır.
Qələm, sənət, ədəbiyyat, mədəniyyət xadimləri, dostları onu «çağdaş
ədəbiyyatımızın klassiki» (Hüseyn Abbaszadə), «indiki zamanda gündüz çıraqla
axtarılan ziyalı» (Anar), «…dramaturgiyamızda xüsusi məktəb yaradan, 40 ildən
çox teatrlarımızın repertuar ağırlığını çiynində daşıyan misilsiz korifey» (Polad
Bülbüloğlu), «əfsanə, möcüzə» (Ramiz Məmmədzadə), «el məhəbbəti qazanmış
xoşbəxt sənətkar» (Mirvarid Dilbazi), «məhəbbətin ustad tərənnümçüsü» (Kamal
Talıbzadə), «zaman çərçivəsini qırıb parçalayan nadir yazıçılardan» (Nəbi Xəzri),
«qüdrətli bir sənətkar, işıqlı bir ziyalı, bütün həyatı boyu yalnız və yalnız sözünə,
sənətinə fanatik bir məhəbbətlə bağlı nadir bir yazıçı» (Cabir Novruz), «böyük
sənətkarlardan biri və ən görkəmlisi» (Şəfiqə Məmmədova), «xalqın taleyində,
tarixində xidmətləri və izi olmuş bir şəxsiyyət» (Mövlud Süleymanlı), «millətin
80
yaddaşına ana dili ilə birgə həkk olunan səmimi insan, böyük ədib, unudulmaz və
təkrarsız dramaturq» (Kamil Vəli Nərimanoğlu) adlandırırlar. Bunlar gəlişigözəl
ifadələr yox, 20 əsəri səhnədə uğurla tamaşaya qoyulmuş, istedadlı aktyor və
rejissorlar nəslinin yetişdirilməsində misilsiz xidmətlər göstərmiş, Azərbaycan
ədəbiyyatı kimi zəngin bir xəzinədə «İlyas Əfəndiyev məktəbi» yaratmış bir
yazıçının əməyinin tutarınca qiymətləndirilməsi üçün diqqətlə, məsuliyyətlə
seçilən sözlərdir.
İ.Əfəndiyevin yaradıcılığının əsas hissəsi sovet imperiyası dövrünə təsadüf
edir. Sənətkarın böyüklüyü, elə xoşbəxtliyi də ondadır ki, sovet rejimi şəraitində o,
ədəbi yaradıcılığında əsrlərin sınağından çıxmış milli dəyərləri ön plana çəkə
bilmiş, onlara yeni ruh vermiş, yaşatmış xalqı düşündürən, onu narahat edən
problemlərdən bəhs etmiş, oxucularda, tamaşaçılarda Vətənə məhəbbət, yüksək
ideyalarla yaşamaq, sədaqət, ülvilik, dözümlülük, cəsarətlilik, prinsipiallılıq kimi
hisslərin yaranmasına xidmət edən əsərlər yazmışdır. Elə təsadüfi deyil ki, məhz bu
xidmətlərinə görə müstəqil Azərbaycanın «Şöhrət» ordenini alan ilk sənətkar da
İ.Əfəndiyev olmuşdur.
Böyük dramaturqun vəfatının 3-cü ildönümü ərəfəsində «Sən həmişə
bizimləsən» adlı kitabın nəşri İ.Əfəndiyevin xatirəsinə, onun pərəstişkarlarına
gözəl hədiyyədir.
“Ədəbiyyat qəzeti”, 7 iyul 2000
Özündən sonra da, özü var kimi
Altı il əvvəl oktyabr ayının 3-də xalqımız özünün parlaq zəkalarından,
ədəbi-mədəni fikir tariximizin qüdrətli simalarından birini, görkəmli nasir və
dramaturqu, xalq yazıçısı İlyas Əfəndiyevi itirdi. Böyük qələm sahibi dünyasını
dəyişdi, lakin onun dühası, irsi xalqla qaldı. Onun «Bahar suları», «Atayevlər
ailəsində», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş
gündəliklər», «Mənim günahım», «Qəribə oğlan», «Xurşudbanu Natəvan»,
«Büllur sarayda», «Şeyx Məhəmməd Xiyabani», «Sevgililərin cəhənnəmdə
vüsalı», «Hökmdar və qızı», «Polkovnik Allahyarov» kimi pyesləri, «Söyüdlü
arx», «Körpüsalanlar», «Sarıköynəklə Valehin nağılı», «Geriyə baxma, qoca»,
«Üçatılan» kimi romanları, çox sayda hekayəsi ədəbi xəzinəmizin əbədi
nümunələri sırasında durdu. Əslində İlyas Əfəndiyev hələ sağlığında «canlı
klassik» adını, əsərləri ölməzlik statusunu almışdı.
Tanınmış ədəbiyyatşünas Vilayət Quliyev dramaturqun vəfatından bir il
sonra yazırdı ki, İlyas müəllim bütün həyatı boyu üzü gələcəyə gedən sənətkar
olmuşdu, «… hər şeyə qadir saydığımız ölüm də onu bu bitib-tükənmək
bilməyən yoldan saxlaya bilməyib» («Ədalət» qəzeti, 1 oktyabr 1997-ci il).
Ondan ayrıldığımız ötən illər bir daha göstərdi ki, doğrudan da İ.Əfəndiyev
«üzü gələcəyə gedən sənətkar»dır. O, bu gün də sevilə-sevilə oxunur, onun
tamaşaları bu gün də anşlaqla keçir, «İlyas Əfəndiyev teatrı»nın, «İlyas
Əfəndiyev məktəbi»nin gücü, təsiri bu gün də hiss olunur.
81
Təsadüfi deyil ki, təmirlə əlaqədar 6 illik fasilədən sonra Akademik Milli
Dram Teatrı 1996-1997-ci il teatr mövsümünü öz səhnəsində dramaturqun
«Hökmdar və qızı» tamaşası ilə açmışdır. 1999-cu ildə «Gənclik» nəşriyyatı
böyük ədibin həyatı və irsi haqqında, qələm, sənət dostlarının, oxucularının,
tamaşaçılarının xatirələri, ürək sözləri toplanmış «Sən həmişə bizimləsən» adlı
kitab nəşr etmişdir.
Azərbaycan Respublikası Prezidentinin «İ.M.Əfəndiyevin xatirəsinin
əbədiləşdirilməsi haqqında» 2001-ci il 9 mart tarixli Sərəncamını isə İlyas
Əfəndiyevə ümumxalq məhəbbətinin təzahürü adlandırmaq olar. Sənəddə Bakı
şəhərinin küçələrindən və orta məktəblərindən birinə onun adının verilməsi,
yaşadığı binaya xatirə lövhəsinin vurulması, Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin tələbələri üçün İlyas Əfəndiyev adına təqaüdün təsis
edilməsi, xalq yazıçısının əsərlərindən ibarət on cildliyin nəşr olunması,
«Hökmdar və qızı» əsəri əsasında ikiseriyalı bədii filmin çəkilməsi kimi
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və hazırda icra edilməkdədir.
… Xalq yazıçısı Elçin Əfəndiyev İlyas Əfəndiyev haqqında buraxılan
«Sən həmişə bizimləsən» adlı xatirə kitabına yazdığı «Özümüzdən sonra»nın
ilkini» adlı «Ön söz əvəzi»ndə böyük ədibin 20 ildən də əvvəl sadə, səmimi və
təbii hisslərini ifadə edən «… yəni deyirsən özümüzdən sonra xalqın yadına
düşəcəyik?» sualına adı çəkilən xatirə kitabına işarə vuraraq belə cavab verir:
«Bu kitab «özümüzdən sonra xalqın yadına düşəcəyik?» sualının cavabı yox,
heç zaman yaddan çıxmayacağının ifadəsidir» («Sən həmişə bizimləsən»,
«Gənclik» nəşriyyatı, 1999-cu il, səh.4). Dəqiq, sərrast və təkzibolunmaz fakta,
güclü məntiqə söykənən qənaətdir. Yalnız onu əlavə etmək olar ki, İlyas
Əfəndiyevin vəfatından ötən illər də göstərdi ki, böyük yazıçı özündən sonra da
özü var kimidir.
Dostları ilə paylaş: |