«Dəli ər» sərhəd tanımır
Sovet dövründə «Yaxın, uzaq Türkiyə» ilə qardaş ölkəyə sonsuz
məhəbbətini izhar edən Xalq yazıçısı Elçin son illər Azərbaycan-Türkiyə mədəni,
ədəbi əlaqələrinin genişlənməsinə, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına
öz töhfəsini verməkdədir…
Ədibin Ərzurum Teatrında fevralın 3-də səhnəyə qoyulan «Mənim ərim
dəlidir» adlı tamaşası şəhərin mədəni həyatında hadisəyə çevrilmişdir. Tamaşanın
rejissoru Ankara Dövlət Teatrının sənətçi və rejissoru Ensar Kılıncın təbiri ilə
desək, «600 kişi əsəri ayaqda seyr edirdi». Premyeradan bu günədək əsər hər gün
oynanılmış və hər dəfə tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Tamaşa Türkiyənin demək olar ki, bütün kütləvi informasiya vasitələrinin –
qəzet, məcmuə, televiziya şirkətlərinin diqqətini çəkmiş, əsər haqqında maraqlı
resenziyalar hazırlanmışdır.
Rejissor Ensar Kılınc tamaşanın il ərzində Türkiyənin əksər teatrlarında
səhnəyə qoyulacağını bildirdi və əlavə etdi:
- Əsər fevralın 20-də Qarsda, 27-də Ərzincanda, martın 1-7-də Sivasda, 20-
27-də Konyada, apreldə Antalya, Adana və Ankarada oynanılacaqdır. Tamaşanın
həmçinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, habelə Çin və
Yaponiyada səhnələşdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə may ayında
truppamız həmin ölkələrə 45 günlük səfərə çıxacaqdır.
100
Sovet imperiyası dağıldıqdan sonra keçid dövrü yaşayan adamların
problemlərinin, güzəranının və həyat tərzinin bədii təcəssümü olan «Mənim ərim
dəlidir» əsəri şübhəsiz, hələ minlərlə tamaşaçı qəlbini fəth edəcəkdir.
«Azadlıq» qəzeti, 11 fevral 2000
Sənətə, ədəbiyyata xidmət
Azərbaycan Yazıçılar Birliyinin «Yurd» nəşriyyatı Xalq yazıçısı, Əməkdar
incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçinin həyat və
yaradıcılığından bəhs edən bülleten çap etmişdir. Maraqlı tərtibatı və materialları
ilə diqqəti çəkən nəşrdə Azərbaycan ədəbi-nəzəri fikrinin görkəmli nümayəndəsi
Elçin haqqında tanınmış tədqiqatçıların, söz ustalarının müxtəlif dövrlərdə qələmə
aldıqları yazılardan seçmələr verilmiş, yeri gəldikcə Elçinin yaradıcılıqla, sənətlə,
ədəbi tənqidlə bağlı fikirlərindən sitatlar verilmişdir. Anarın, Bəxtiyar
Vahabzadənin, Məmməd Cəfərin, Məmməd Arifin, Həmid Araslının, Əziz
Mirəhmədovun, Kamal Talıbzadənin, Bəkir Nəbiyevin, Yaşar Qarayevin, Mirzə
İbrahimovun Elçinin yaradıcılığı ilə bağlı söylədikləri onun müasir Azərbaycan
ədəbiyyatındakı yeri və rolu barədə aydın, dolğun təsəvvür yaradır.
«Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı romanları, «Bir
görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça» və s. kimi povestləri,
«Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim», «Mənim ərim dəlidir» və s.
kimi
pyesləri,
onlarla
hekayəsi
çoxlu kinossenariləri, sanballı elmi
monoqrafiyaları, uğurlu tərcümələri ilə ədəbi mühitdə özünəməxsus yer tutan
Elçinin təbirincə desək, bədii yaradıcılıqla, tədqiqatlarla məşğul olarkən ən əsas
qayəsi, məqsədi, amalı ideologiyaya yox, ədəbiyyata, sənətə xidmət etmək
olmuşdur.
Elə buna görədir ki, onun əsərlərini azərbaycanlılarla bərabər rus, ingilis,
fransız, alman, ispan, macar, ərəb, türk, fars … oxucuları da məhəbbətlə mütaliə
edir, elə buna görədir ki, onun pyeslərinin tamaşaları anşlaqla keçir, elə buna
görədir ki, onun ssenarilərinin əsasında çəkilən filmlər ekranlardan düşmür. Elçinin
əsərləri məhz müəllifin ədəbiyyat və sənətə xidmət amalı ilə yazıldığı üçün
yaşamaq hüququ qazanmışdır.
«Ədəbiyyat qəzeti», 7 iyul 2000
Senzura, yoxsa “bədii-estetik qamçı”?!
“Tarixi mərhələ, xronoloji əhatə baxımından o da (60-cı illər ədəbiyyatı
nəzərdə tutulur – T.A.) “sovet ədəbiyyatı” idi, amma artıq klassik anlayışda “sovet
ideologiyasına” xidmət etmirdi” (Yaşar Qarayev. Azərbaycan ədəbiyyatı XIX və
101
XX yüz illər, Bakı, “Elm”, 2002-ci il, səh.699). Bədii yaradıcılığı ilə sovet
ədəbiyyatı, ideologiyası və rejiminə xidmət etməyən ədəbi nəslin görkəmli
nümayəndələrindən sayılan Elçinin ədəbiyyatşünaslığın və ədəbi tənqidin aktual
problemlərinə dair sanballı və çoxsaylı məqalələri də həqiqi ədəbiyyatın yaranması
və inkişafı naminə yazılırdı. “… öz varlığı, öz mövcudluğu ilə qeyri-bəşəri, qeyri-
humanist cəmiyyətə qarşı həmişə daxili bir müxalifətdə duran həqiqi ədəbiyyat”ın
(Yaşar Qarayev, yenə orada, səh. 699) yaradıcılarından, təəssübkeşlərindən və
nəhayət, keşiyində duranlardan və bütün bunları özünün vətəndaş-yazıçı-tənqidçi
borcu bilən Elçin bu gün də – “ədəbi mühitin 80-ci illərin meydan havalığı” (Bəsti
Əlibəyli. “Bastiliya” pilləkanında təzad və ya yoxluqdan tənqid, «525-ci qəzet»,
№92, 18 may 2002-ci il) dövründə də əqidəsinə, amalına sadiqdir, sədaqətlidir:
eyni istək, eyni həvəs və eyni məsuliyyətlə həmin vəzifəni yerinə yetirməkdədir.
Bu mənada Elçinin yaxınlarda qələmə aldığı «Müasir dövrdə Azərbaycan ədəbi
tənqidinin yaradıcılıq problemləri» («525-ci qəzet» №224, 225, 226, 227, 26, 27,
28, 29 noyabr 2002-ci il) adlı son dərəcə ciddi elmi-nəzəri əhəmiyyət kəsb edən
əsəri diqqəti çəkir. Yeri gəlmişkən, qeyd edək ki, əgər Elçinin «Ədəbi düşüncələri»
(QAPP-Poliqraf, Bakı, 2002, 295 səh.) «bədii aysberqlərin görünməyən hissəsinin
duymağın yollarını öyrədir»sə (Həsən Həsənov. Elçinin düşüncələr doğuran
«düşüncələr»i, «Xalq qəzeti», 11 yanvar 2002-ci il), yaxud bəşərin ədəbi irsinə
kamil bir baxış, nəzərdirsə, onun bu məqaləsi ədəbi-tənqid tarixinə, ədəbi tənqidin
yaranması və inkişafı yoluna, bugünkü ağır vəziyyətinə və ondan çıxış yollarına
dair təcrübə və istedadın diqtəsi ilə hasil olan yazıdır, «ədəbiyyat yoxdursa, deməli
millət yoxdur» söyləyən müəllifin narahatlığı, harayıdır.
Tənqidçinin təşvişi, təlaşı, həyəcanı nədənsə böyük Mirzə Cəlilin «Molla
Nəsrəddin» jurnalının birinci nömrəsinə yazdığı proqram-məqaləsini, onun ilk
cümlələrini xatırlatdı: «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O
kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən
qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq
asmağa, hamamda yatmağa və qeyri-növ vacib əməllərə. Çünki hükəmalar
buyurublar: «Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər («Molla Nəsrəddin»,
№1, 7 aprel 1906-cı il). Bütövlükdə cəmiyyətə xitabən deyilən bu sözlər konkret
fərdlərə aiddir, onlara ünvanlanmışdır və həmin tipləri, xarakterləri hər kəs görür,
tanıyır. XX əsrin əvvəllərində bu cür «fala baxdıranlar», «it boğuşduranlar»
«dərviş nağılına qulaq asanlar», «hamamda yatanlar» XXI əsrin başlanğıcında elə
bil ki, məşğuliyyət sahələrini, həyat və düşüncə tərzini bir qədər dəyişmişlər: indi
onlar şair-ədib, yaxud tənqidçi adı ilə müxtəlif qəzet səhifələrində cürbəcür
«izmlərlə» baş girləyir, dedi-qodu edir, ünvanlı-ünvansız böhtan yağdırır, vaxt
keçirirlər. Bu bir yana qoçaqlar – yaratmaqdan daha çox dağıtmaq hərisləri –
herisçilər, alatorandan işığa getmək əvəzinə, geriyə-zülmətə qayıdanlar, «azad
yazarlar» – təkəbbür və hikkə, təməlsiz iddia sahibləri «mətbuatımızın piri»
(M.Ə.Rəsulzadə), «mədəniyyətimizin pioneri» (C.Hacıbəyli) H.Zərdabini, onun
işinin davamçılarını – xalqın tarixində və taleyində əvəzsiz xidmətlər göstərmiş
böyük xadimləri, onların irsini özlərini xarakterizə edən, öz tərbiyə və
səviyyələrinə uyğun ifadələrlə yumşaq desək, təftiş edirlər.
102
Nadanlığın, nankorluğun, əsilsizliyin intişarı üçün münbit zəmin, şərait
yaranmışdır: bazar iqtisadiyyatının problemləri sözü də divara qısnamışdır, ona
təklif də, tələb də azalmışdır, qəzet səhifələri xarabazarı, yazılar bayquş ulamağını
xatırladır. Savadsız müəlliflər meydan sulayır, ədəbi mühit bulanıq, çirkli suya
çevrilmişdir. Reket-jurnalistlər ciblərə, «izm»bazlar beyinlərə təcavüz edir,
mənəviyyatı, şüurları zəhərləyir, zədələyirlər. Bax, belə bir şəraitdə zaman Elçinin
sözünü yetişdirdi, onu zəruri etdi, Elçinin haqqında bəhs etdiyimiz əsəri bir
tərəfdən dərin analitik təhlili, zəngin müşahidələri, dolğun və faydalı elmi-nəzəri
mülahizə və mühakimələri, qənaətləri ilə, digər tərəfdən etik-estetik biçimi,
təmkinliliyi, müdrikliliyi və aqilanəliyi, fikirlərin aydınlığı, ardıcıllığı, dilinin və
üslubunun sadəliyi, eyni zamanda kəskinliyi ilə yadda qalır.
Elçin bir tərəfdən klassik irsin – istər ədəbiyyat, istərsə tənqid – fərqi
yoxdur, təəssübünü çəkirsə, digər tərəfdən ədəbi mühitə yenilik gətirmək
istəyənləri təqdir edir, üçüncü bir tərəfdənsə, sözün yaxşı mənasında vurnuxanlara,
təzə nə isə demək istəyənlərə, istedadlara özlərini ifadə üçün meydan göstərir. O,
M.F.Axundov satirası ilə «Molla Nəsrəddin» ədəbi məktəbi arasında təbii və üzvü
bağlılıqdan, varislikdən bəhs etdikdən sonra yazır: «Mən yalnız kiçik bir nümunə
gətirdim, ancaq klassik Azərbaycan ədəbiyyatı ilə bağlı nə qədər kəşflər, sovet
ideologiyasının ört-basdır etdiyi və bu gün üzə çıxa bilməsi üçün minbir zəmin
yaranmış nə qədər bədii-estetik qatlar, laylar hələ də açılmamış qıfıllar
arasındadır».
Yaxud, Elçin «60-cılar» barədə yazanda haqlı olaraq bu istilahı «Azərbaycan
ədəbiyyatı tarixində daha artıq dərəcədə bədii-estetik anlayış, bədii-estetik məktəb»
adlandırır və qeyd edir: «Azərbaycanda «60-cılar»dan çox yazıblar və bu gün də
yazırlar (mən avam və sadəlövh kin-küdurəti nəzərdə tutmuram), amma, elə
bilirəm ki, bu ədəbi (və ictimai!) hadisəni vəhdətdə, xalqın XX əsrdə həm bədii-
estetik, həm də ictimai-fəlsəfi və siyasi tarixi kontekstində araşdırılması, təhlil
olunması da müasir tənqidimizin qarşısında dayanan məsələlərdən biridir”.
60-cı illərin ədəbi tənqidi, ədəbi mühitin tələbatını kifayət qədər ödəyirdi.
Bununla belə, diqqəti 80-90-cı illərin ədəbi tənqidçilərinin də daha çox 60-cılardan
yazmasına yönəldən Elçin bu faktorun, hadisənin, faktın ədəbi tənqid tərəfindən
obyektiv qiymətinin verilməsini, müqayisəli elmi təhlilin və bədii-estetik təsnifatın
aparılmasını, ideoloji xüsusiyyətlərinin açıqlanmasını da vacib hesab edir.
Elçin ədəbi-tənqidi ədəbiyyatda kövrək addımlarını atan yazarlara diqqətlə,
həssaslıqla yanaşmağa, onların hisslərinin «bədii ifadəsinə gözüyumulu «söz
yığını» damğası» vurmamağa, əksinə ciddi, obyektiv, elmi, qərəzsiz təhlilə dəvət
edir: «Ədəbi tənqid cavan ədəbiyyatı, cavan qələm sahiblərini qiymətləndirə
bilmək üçün onları başa düşməyi bacarmalıdır və bu, cavan istedadlara
münasibətdə əsas prinsiplərdən biri, bəlkə də başlıcası olmalıdır».
Ədəbi tənqidin rolu, vəzifəsi barədə çox deyib, çox yazıblar. Amma indiki
şəraitdə – «bu gün bir sıra hallarda ədəbi tənqidin yerini yazıçılara qarşı nadan və
qatı bir kin-küdurətin ifadəsi tutmağa başlayanda» ədəbi tənqidə verilən tələblər də
bir qədər artır: «… ədəbi tənqid yaxşıya da, pisə də qiymət vermək iqtidarında
olmalı, ədəbiyyatın inkişafı naminə yaxşıdan istifadə etməyi, pisə qarşı isə
mübarizə aparmağı, onu ədəbiyyata yaxın buraxmamağı bacarmalıdır».
103
Bəzən yaradıcılığın psixologiyasını sənətdəki psixologiya ilə qarışdırıldığını
göstərən Elçin yaradıcılıq psixologiyasının öyrənilməsinin də ciddi elmi uğurlara
gətirib çıxaracağına şübhə etmir. Müəllif müasir ədəbi tənqidin qarşısında duran
digər ən ciddi problemlərdən biri kimi dünya elmi-nəzəri ədəbiyyatının
Azərbaycan dilinə tərcümə edilməsinin vacib olduğunu yazır. Bu sözləri «ədəbi-
bədii fikrimizin qarşısında duran heç bir problemi də məhdud milli çərçivədə həll
etmək mümkün deyil»in (Əsəd Cahangir) təsdiqi hesab etmək, yaxud tənqid
idxalının vacibliyi kimi anlaşmaq yox, elə Elçinin təbirincə desək, «…bu, əlbəttə,
heç vəchlə o demək deyil ki, sənətdə və ictimai fikirdə millilik arxa plana
keçməlidir».
Elçin «Tənqid xobbi deyil» – yazanda çox haqlıdır. Sözün həqiqi mənasında
tənqidçi, resenzist səlahiyyət sahibidir: o, əsərin mövzusuna, məzmununa,
ideyasına münasibət bildirir, obrazlar qalereyasını təhlil süzgəcindən keçirir,
onların xarakterik cəhətlərini, dialoqlarını, davranışlarını, həyat və düşüncə tərzini
izləyir, əsərdə cərəyan edən hadisələrin ardıcıllığını, dinamizmini, təbiiliyini
dəyərləndirir, əsərin süjet və kompozisiyasını qiymətləndirir, bədii təsvir və ifadə
vasitələrinə, dil-üslub xüsusiyyətlərinə, müəllifin sənətkarlıq məharətinə,
yeniliklərə, fərqli, orijinal xüsusiyyətlərə diqqəti çəkir, müqayisələr aparır, nəhayət
elmi-nəzəri-ədəbi qənaətlərə gəlir. Bütün bunlar üçün Elçinin təbirincə desək,
tənqidçinin «baqajı», zəngin mütaliəsi olmalıdır.
Əks təqdirdə «sovet vaxtı oxunmayıb söyülənlər (Ə.Ağaoğlu,
Ə.Hüseynzadə, Məmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşov və onların
silahdaşları nəzərdə tutulur – T.A.), bu gün oxunmayıb təriflənirlər» (Ə.Ağaoğlu,
Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və onların silahdaşları
- nəzərdə tutulur – bunu təkrar yox, təkrir kimi qəbul edin – T.A.). Fikrimizcə,
tənqidçi bir müəllifin ümumən yaradıcılığına müraciət edəndə də, yaxud müəllifin
bir əsəri haqqında yazanda da üz tutduğu əsərlərlə, yaxud əsərlə kifayətlənməməli,
mütaliə dairəsini genişləndirməlidir. Belə olmayan halda uğurlu resenziyadan,
tənqiddən söhbət gedə bilməz. Tutaq ki, tənqidçi, Anarın bədii yaradıcılığına
müraciət edir. Heç şübhəsiz ki, o ilk əvvəl yazıçının bütün irsi ilə, onun haqqında
yazılanlarla tanış olmalıdır. Bu, sanballı tənqid üçün kifayət deyildir. Tənqidçi
dövrün xarakteristikasını, ictimai-siyasi-ədəbi mənzərəsini və ona aparan yolu
öyrənmək,
yazıçının
toxunduğu
mövzunun
aktuallığını,
əhəmiyyətini
dəyərləndirmək üçün əlavə tarixi-bədii əsərlər də mütaliə etməlidir.
Fikrimizcə, bunlar da kifayət deyil. Yazıçının toxunduğu mövzunun, ortaya
qoyduğu problemin, yaratdığı obrazların yerli və xarici ədəbi nümunələrlə oxşar və
fərqli cəhətlərini açmaq, araşdırmaq, qiymətləndirmək üçün yenə oxumağa,
mütaliə etməyə ehtiyac yaranır. Belə «baqaj»la Anarın, yaxud istənilən qələm
sahibinin irsinə obyektiv ədəbi-elmi-nəzəri qiymət vermək olar. Bu, o demək deyil
ki, belə «baqaj»ı olmadan yazıçı, yaxud əsər haqqında heç nə demək olmaz. Söhbət
professional tənqiddən, Belinski tənqidindən gedir, adi oxucu rəyindən, fikrindən
yox! Heç adi yox, dahi oxucunun rəyi də (Elçinin məqaləsindən: «Lev Tolstoy
Şekspir haqqında kəskin tənqidi fikirlər söyləyirdi. … İvan Turgenev əksinə,
Şekspir haqqında heyranlıqla danışırdı…») ictimai fikri formalaşdırmaq qüdrətində
deyil – fikrini irəli sürən Elçin haqlıdır.
104
Elçinin «Mən son illərdə mətbuatda bircə dənə də olsa, prinsipial və səriştəli
məqaləyə gəlmişəm ki, kobud şəkildə desəm, ən elementar ədəbi-estetik meyarlara
söykənərək, vətəndaş cəsarəti ilə həmin müəllifin (qrafoman-yazarlar nəzərdə
tutulur – T.A.) yaxasından yapışıb silkələsin: Şəhidlərdən bu cür zəif şerlər,
Qarabağ ağrısından bu cür primitiv hekayələr, milli hissiyyatdan bu cür dar və
məhdud düşüncənin məhsulu olan esselər yazmaq olmaz» – desin» - fikri ilə
razılaşmamaq olmur. Digər tərəfdən Elçinin artıq istedadlı tənqidçi kimi özünü
təsdiq etmiş Tehran Əlişanoğlunun, Əsəd Cahangirin, Arif Əmrahoğlunun,
Fərqanə Zülfüqarovanın … tədqiqatlarını, tapıntılarını, təşəbbüslərini təqdir edir,
dəyərləndirir. Bunu əvvəlki fikrin inkarı, yaxud təkzibi, toqquşması kimi yox,
davamı kimi qəbul etmək lazımdır. Elçin tənqiddə işıq, işartı axtarır. Bununla da o,
bir tərəfdən tənqidçiləri yeni axtarışlara həvəsləndirir, ruhlandırır, digər tərəfdən
hərdən bir qədər də səxavətlə gözlədiyi, inandığı gələcək uğurların avansını verir…
Elçinin YB ilə bağlı qeydləri, iradları haqlı və yerindədir. Ədəbi ictimaiyyəti
təngə gətirmiş bu mövzuya ətraflı toxunmaq niyyətimiz yoxdur. Yalnız iki
məsələyə münasibət bildirəcəyəm. Əvvəla, alternativ qurumların YB-nə soyuq,
qısqanc, kobud münasibətinə. YB-ni söyməklə özünü təsdiq etmək təşəbbüsü
perspektivsizdir. Bu, təbii seçimdən qorxanların, onun ziddinə gedənlərin - iddiası
ilə istedadı arasında yerlə göy qədər fərq olanların yoludur: qaranlıq və iflasa
məhkum.
Toxunmaq istədiyim ikinci məsələ. Bir neçə il bundan əvvəl səhv
etmirəmsə, Pekində tarixi 100 ilə yaxın bir körpünün uçması ilə əlaqədar şəhər
meri istefa vermişdir. Halbuki, əslində faciə ilə nəticələnən bu hadisədə şəhər
merinin heç günahı da yox idi. Amma o, rahatlıq üçün mənəvi məsuliyyəti öz
üzərinə götürdü. Bu gün ölkədə iki populyar, nüfuzlu qəzet varsa, biri «525-ci
qəzet»dir, hər nömrəsində mədəniyyət, ədəbiyyat mövzusuna toxunan «Ədalət»
həftədə 3 dəfə ədəbiyyat əlavəsi buraxır, «Yeni Azərbaycan» uğurlu ədəbiyyat
səhifəsi ilə oxucuların böyük rəğbətini qazanmışdır və s. və i.
Bütün bunlar bir tərəfdən ədəbi mühitdəki çalxalanmaya, canlanmaya dəlalət
edir, digər tərəfdən oxucularda daha ciddi mövzulara meylin, marağın artdığını
deməyə əsas verir. YB-nin üzvləri, rəhbərliyi də daxil olmaqla qələm sahiblərinin
böyük əksəriyyəti «525»-ə üz tutur. Bütün bunları YB-nin orqanlarının –
«Azərbaycan» jurnalının, «Ədəbiyyat qəzeti»nin redaktorları görür, müşahidə
edir… Lakin təəssüf ki, nəticə çıxarmırlar. Təbii sual çıxır: onların nəticə
çıxaracaqlarının tənqidə təsiri və dəxli varmı?! Cavab sadə, aydın və birmənalıdır:
var, özü də birbaşa, həm tənqidə və həm də ümumiyyətlə, ədəbiyyata. Əkrəm
Əylislinin «Azərbaycan»ını, Anarın «Qobustan»ını, Sabir Əhmədovun «Ədəbiyyat
qəzet»ini xatırlamaq kifayətdir.
Elçinin müasir ədəbi tənqidin yaradıcılıq problemləri haqqında yazısı ilə
bağlı təəssüratların yekunu kimi bir məsələyə də toxunmaq istərdim. Bir qism
qələm əhli ədəbi xaosdan xilas olmaq üçün geriyə-senzuraya, bədii şuraya, digər
inzibati-cəza aparatına qayıtmağın zəruriliyindən bəhs edirlər. Təbii ki, bu haqlı
qayğının, narahatlığın ifrat təzahürüdür. Elçinin haqqında bəhs etdiyimiz
105
məqaləsini mən həm də, müasir dövrün senzurası, bədii şurası, müəllifin öz ifadəsi
ilə desək, «bədii-estetik qamçı»sı adlandırardım.
* * *
Və sonda. Elçin bu məqaləni Yaşar Qarayevin, müəllif üçün həmişə əziz
olacaq xatirəsinə ithaf etmişdir. Bu fakt təqdirəlayiq olduğu qədər də ibrətamiz,
düşündürücüdür, səmimi və təbii duyğuların təzahürüdür. Fikrimizcə, bu, həm də
XX əsr Azərbaycan xalqının qadir olduğu təfəkkür qüdrətinin, nəhayətsiz
təxəyyülünün, dərin və nadir analitik düşüncə tərzinin təzahüratı Yaşar Qarayevə
başqa bir böyük sənətkarın «Nigaran qalma, rahat uyu» deməsidir.
“525-ci qəzet”, 10 dekabr 2002
Səməd Ağaoğlu və onun “Atamın dostları” kitabı
Türk-islam dünyasının parlaq simalarından sayılan Əhməd bəy Ağaoğlunun
həyat və fəaliyyətindən, zəngin və dəyərli irsindən, polad xarakterindən, tükənməz
enerjisindən, qeyri-adi istedadından, türk toplumu qarşısında böyük xidmətlərindən
çox yazılmışdır, bundan sonra da çox yazılacaqdır. Ə.Ağaoğlu şəxsiyyətinə
azalmayan maraq onun fəaliyyətinin çoxşaxəli, məhsuldar, faydalı, həyat yolunun
mürəkkəb və qeyri-adiliyindən qaynaqlanır. Digər tərəfdən Əhməd bəyin
tərcümeyi-halının, fəaliyyətinin öyrənilməsi dövrünün ədəbi-mədəni, ictimai-siyasi
mənzərəsini işıqlandırmağa, türk tarixinə əbədi möhür vurmuş bir sıra digər
qüdrətli insanları da axıra kimi, bütün cizgiləri və detalları ilə xarakterizə etməyə
də imkan verir.
Bu baxımdan oğlu Səməd Ağaoğlunun Türkiyədə dörd dəfə (1956, 1958,
1969, 1998) nəşr edilmiş «Babamın arkadaşları» kitabı xüsusilə diqqəti çəkir.
Burada müəllif Ə.Ağaoğlunun ünsiyyətdə olduğu, əməkdaşlıq etdiyi Mustafa
Kamal Atatürkün, Ziya Göyalnın, Nuri Paşanın, Yusuf Akçuranın, Əli bəy
Hüseynzadənin, Fuad Köprulunun, ümumiyyətlə, 30 nəfərədək şan-şöhrətli elm
adamının, şair və yazıçının, partiya və dövlət xadiminin, millət vəkilinin, eləcə də
Ağaoğlular ailəsinin bəzi üzvlərinin həyatının unudulmaz məqamlarından bəhs
edir.
Yeri gəlmişkən, qısaca da olsa, Səməd Ağaoğlu haqqında. Səməd Ağaoğlu (1909 –
Şuşa, 1982 – İstanbul) zəngin, mənalı olduğu qədər də çətin, ağır, əzablarla dolu
şərəfli bir həyat yolu keçmişdir. Demokrat Partiyasının liderlərindən biri
S.Ağaoğlu Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini vəzifəsinədək
yüksəlmişdir. Mendereslə birlikdə, o da mühakimə edilmiş və ömürlük cəzaya
məhkum olunmuşdur. Sonradan ona da bəraət verilmişdir.
106
Səməd Ağaoğlu hüquqşünas kimi Türkiyədə çox məşhur idi (bacısı Sürəyya
Ağaoğlu isə türk-islam dünyasının ilk qadın hüquqşünası olmuşdur). Lakin
S.Ağaoğlu yazıçı-publisist kimi də Türkiyədə böyük nüfuz qazanmışdı. O, «Aşina
üzlər» (1965), «Dostum Menderes» (1968), «Mərmərədə bir ada», «Strasburq
xatirələri» (1945), «Zürriyyət» (1950), «Qafur müəllim» (1953), «Böyük ailə»
(1957), «Hücrədəki adam» (1964), «Qatırın ölümü» (1965) kimi əsərlərin
müəllifidir.
Səməd Ağaoğlu Əhməd Muhip Dranas və Behçət Kamal Çağlarla birlikdə
«Həp gənclik» adlı qəzet də nəşr etmişdir. Doğrusu, S.Ağaoğlu kimi böyük bir
siyasət xadiminin, istedadlı yazıçı və mahir publisistin ölkəmizdə hələ də kifayət
qədər tanınmaması acı təəssüf doğurur…
Maraqla qarşılanacağını nəzərə alaraq, əsərdən bir parçanı – Atatürk və Ziya
Göyalpla bağlı hissəni oxucuların diqqətinə təqdim edirəm.
Kitabı əldə etməyimə köməklik göstərdiyi üçün Türkiyə səfirliyinin
mədəniyyət üzrə müşaviri Fəthi bəy Gədikliyə minnətdarlığımı bildirirəm.
Dostları ilə paylaş: |