“Meydan”qəzeti, 6,13,20 oktyabr 1995,
“Xalq qəzeti” 3 fevral 1999
ÖZÜNÜ TÜRK VƏ MÜSƏLMAN SAYAN HƏR KƏS.., YAXUD
C.HACIBƏYLĠ QASPRĠNSKĠ HAQQINDA
(İSMAYIL QASPRİNSKİNİN VƏFATININ 80 İLLİYİ
MÜNASİBƏTİLƏ)
Türk dünyasının mədəni, mətbu-ictimai-mənəvi tarixində misilsiz rol
oynamış İsmayıl bəy Qasprinski ideyaları taleyin hökmü ilə dünyaya səpələnmiş
böyük bir millətin illər uzunu arzu və istəklərini əks etdirməklə bərabər, tərəqqi,
dirçəliş, xilas yoluna işıq saçmışdır. Bu ideya çox yığcam şəkildə belə ifadə
olunmuşdur: «Dil, fikir və iş birliyi». Bu ideyanın formalaşmasına, sonralar isə
alovlu təbliğinə İ.Qasprinski bütün həyatını həsr etmişdir.
İ.Qasprinski 1851-ci ildə Krımın Bağçasaray şəhəri yaxınlığındakı Avcı
kəndində dünyaya göz açmışdır. Atası Mustafa ağa Qaspiralı kəndindən olduğu
üçün İsmayıl bəy özünə Qasprinski soyadını götürmüşdür. İlk təhsilini Ağmeçiddə
alan İsmayıl bəy Moskva şəhərində hərbi liseydə oxumuş, 1868-ci ildən isə
müəllimliyə başlamışdır. Moskva, sonralar Paris (1871-74-cü illərdə İsmayıl bəy
Fransada yaşamışdır) mühiti gələcəyin böyük ziyalısında bu qənaəti
formalaşdırmışdır ki, xalqın cəhalətdən xilası, tərəqqisi üçün onun maariflənməsi
yeganə yoldur. İsmayıl bəy bu yolda yorulmadan çalışır, məktəblər açır, qəzet
buraxmağa səy göstərir. Araşdırmalarının, müşahidələrinin və səfərlərinin nəticəsi
kimi bu illər iki kitab yazır: «Avropa mədəniyyətinə bir nəzəri-müvazinə»,
«Rusiya müsəlmanları».
İnadkarlığı, gərgin zəhməti bahasına İsmayıl bəy əvvəlcə «Tonğuc» (1881),
«Mirati-cədid» (1882) qəzetlərini, sonra isə Rusiya müsəlmanlarının mətbuat,
mədəniyyət tarixində parlaq rol oynamış «Tərcüman»ı (1883-cü il, 10 aprel)
buraxmağa nail olur.
Heç şübhəsiz, Bağçasaraydan parlayan – bütün türk dünyasına işıq salan bir
ulduz – İsmayıl bəy Qasprinski şəxsiyyətinə Azərbaycan ziyalıları da böyük maraq
göstərir, onunla əməkdaşlıq edirdilər. Xalqımızın Əli bəy Hüseynzadə, Əlimərdan
bəy Topçubaşov, Əhməd bəy Ağayev kimi simaları İsmayıl bəylə, onun qəzeti
«Tərcüman»la müntəzəm əlaqə saxlamışlar. Dövrünün fəal, məhsuldar və
mütərəqqi ziyalılarından sayılan Ceyhun bəy Hacıbəyli üçün də İsmayıl bəy
Qasprinski örnək, öndər idi. Bunu Hacıbəylinin İsmayıl bəy Qasprinskinin vəfatı
52
münasibətilə «Kaspi» qəzetində dərc etdirdiyi «İsmayıl bəy Qasprinskinin
xatirəsinə» adlı yazısında («Kaspi», 1914, № 204, Cey Dağıstani) aydın görmək
olur. Ceyhun bəy 1914-cü ilin əvvəllərində Petroqradda İsmayıl bəylə görüşmüş və
bu görüş C.Hacıbəylidə böyük təəssürat oyatmışdır: «Onun işləmək ehtirası ilə
nəfəs alan simasına, canlı, ağıllı gözlərinə baxdıqca qocalıqdan uzaq, qüdrətli,
güclü səsinə qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan öz zəhmətinin
bəhrəsini görəcəkdir. Və mən o zaman yanılmamışdım».
İsmayıl bəyin xəstələnməsi xəbəri bütün müsəlman dünyasını
həyəcanlandırmışdı, qəzetlər «nəhəng publisistin» səhhəti barədə xəbərlər dərc
edir, adamlar ibadət zamanı «əziz xəstənin» sağalmasını dua edirdilər. Müsəlman
mətbuatının və ictimaiyyətinin bu həyəcanı İsmayıl bəyə olan məhəbbətin təzahürü
idi. «Və həqiqətən də İ.Qasprinski kimi xadimi qiymətləndirməmək mümkün
deyildi. Özünü müsəlman sayan kəs bütün həyatını xalqa həsr etmiş, 35 il ərzində
xalqın maddi, mənəvi keşiyində durmuş insanın taleyinə laqeyd qala bilməzdi.
Özünü müsəlman sayan kəs bəzən həyata keçməyən, lakin nəcibliyini,
faydalılığını az da olsa itirməyən böyük fikir və ideyalar sahibinin ölümünə bütün
qəlbi ilə yas saxlamaya bilməzdi».
Ceyhun bəy «Tərcüman»ın redaktorunun xatirəsinə həsr etdiyi məqalədə
oxucunun diqqətini İ.Qasprinski kəlamının, nüfuzunun təkcə öz xalqı arasında yox,
bütün Rusiya, dünya müsəlmanları, Avropa mətbuatı və şərqşünasları arasında
hakim, həlledici olduğuna yönəldir: «…Onun sahib olduğu erudisiyaya nəinki
bütün dünyanın tək-tək müsəlmanları, hətta hər hansı bir avropalı həsəd apara
bilərdi». «…Şərq dünyası ilə məşğul olan Avropa mətbuatı etiraf etmişdir ki,
İ.Qasprinskinin hər bir sözü və fikri onların arasında böyük çəkiyə sahibdir».
«Onun səsini demək olar ki, bütün dünya müsəlmanları eşidirdi». «…Onun
Hindistanda, Misirdə, Türkiyədəki mühazirələrinin bəhrəsini görürük».
C.Hacıbəylinin fikrincə, İ.Qasprinski siyasətçi deyildi, siyasət məsələləri,
beynəlxalq münasibətlər, bu və ya başqa qrupun hüquqi vəziyyəti onu yalnız bir
jurnalistə lazım olan səviyyədə maraqlandırırdı. C.Hacıbəyliyə İ.Qasprinskinin
fikir və ideyaları çox yaxın, doğma idi. Odur ki, Ceyhun bəy İsmayıl bəyi
düşündürən, narahat edən problemləri, onun məqsəd və məramlarını çox məharətlə
açıqlayırdı: «Uşaq doğulduğu mühitdə öz mənsubiyyətini ən əvvəl dili ilə izhar
edir. Onu əhatə edən mühiti digərlərindən fərqləndirən dini və sair münasibətlər
hələlik uşağa məlum olmasa da, körpə başqalarından fərqini özünəməxsus vasitə
ilə – dillə bildirir».
C.Hacıbəyliyə görə, sadə və ilk baxışdan diqqəti cəlb etməyən bu amil – dil
bəşəriyyət üçün böyük və birinci dərəcəli əhəmiyyət kəsb edir. İnsanları bir-birinə
bağlayan, onlar arasında əlaqə, ünsiyyət vasitəsi rolunu oynayan dildir. Məhz bu
amil eyni dildə danışanların qohumluğuna, birliyinə dəlalət etmirmi? C.Hacıbəyli
göstərir ki, İ.Qasprinski bu fikri rəhbər tutaraq, Rusiya türklərinin dilində
«Tərcüman» qəzetinin nəşrinə başlamışdır. Qəzet bütün türklərin dilinin
cilalanmasına, ortaq varianta gətirilməsinə və birləşməsinə xidmət etməli idi.
Ceyhun bəy yazırdı: «O, (İ.Qasprinski nəzərdə tutulur – T.A.) deyirdi: Rusiya
tatarları adlandırılanlar hamısı bir ailədəndir: uyğur türk ailəsindən. Onların bir
ümumi dili var – türk dili. Ayrı-ayrı ailələrdə bu dildə baş verən dəyişikliklər, türk
53
dilinin dialektlərə bölünməsi tarixi-siyasi hadisələrin nəticəsində baş vermişdir».
İ.Qasprinskinin fikrincə, bütün türklər onlar üçün nə vaxtsa, ümumi və doğma dil
olmuş türkcədə birləşməyə çalışmalıdırlar. Böyük idealistin bu mütərəqqi, bəşəri
ideyasının həm müsəlmanlar, həm də rus şərqşünasları arasında əleyhdarları vardı.
Lakin İsmayıl bəy öz fikrindən dönmür və bu yolda fədakarlıqla çalışırdı.
C.Hacıbəyliyə görə İ.Qasprinski bu sahədə çox şeyə nail olmuşdu: «Onun
«Tərcüman»ını – Rusiya müsəlmanlarını dillə birləşdirən orqanını Volqaboyunda
və Sibirdə, Türkmənistanda və Krımda, bizim Qafqazda oxuyurlar. Və başa
düşürlər. Mərhum idealist də bunu arzulayırdı».
C.Hacıbəyli məqaləsinin sonunda göstərir ki, 32 il ərzində Rusiyanın türk
müsəlmanlarını birliyə çağıran İ.Qasprinski ölümü ilə də onları birləşdirdi. İsmayıl
bəyin vəfatı onların ümumi kədərinə çevrildi.
İllər uzunu Sovet təbliğat maşını ilə «panislamist», «pantürkist», «millətçi»
kimi ibarələrlə gözdən salınan, ideya və istəkləri xalqdan gizlədilən İ.Qasprinski
haqqında C.Hacıbəylinin yazdıqları iki cəhətdən qiymətlidir. Bu məqalə bir
tərəfdən İ.Qasprinskinin türk dünyasındakı yeri, xidməti və nüfuzu haqqında
məlumatları zənginləşdirirsə, digər tərəfdən C.Hacıbəylinin özünün mövqeyi,
idealları, məram və istəkləri barədə təsəvvürü genişləndirir.
Əlimərdan bəy Topçubaşov İ.Qasprinskinin ölümü münasibətilə yazırdı:
«İnsan kimi doğuldun, insan kimi yaşadın, insan kimi vəfat etdin». («Kaspi», 1914,
№ 204). Ə.Topçubaşovun bu sözlərini tərəddüdsüz olaraq türk dünyasının hər iki
böyük oğluna şamil etmək olar.
“Azərbaycan” qəzeti,
18 yanvar 1995
C.Hacıbəyli A.Bakıxanov haqqında
Mühacirətdən sonra da Ceyhun Hacıbəyli qələmdən ayrılmamışdır. Bu dəfə
isə öz fəaliyyətini daha çox xaricdə Azərbaycanın ədəbiyyat, mədəniyyət və
incəsənətini təbliğ etməyə yönəltmişdir. Bu mənada onun fransız mətbuatında –
qəzet və jurnallarında dərc etdirdiyi məqalələri daha çox diqqətəlayiqdir.
Cəsarətlə
mədəniyyətimizin
fədaisi
adlandıra biləcəyimiz Ramiz
Abutalıbovun Parisdən gətirərək Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə
(MDƏİA) təhvil verdiyi C.Hacıbəylinin arxivində belə sənədlər çoxdur. Onlardan
biri – Abbasqulu Ağa Bakıxanov haqqında 1934-cü ildə «İki dünyanın jurnalı»nda
dərc etdirdiyi məqalə (MDƏİA, fond 649, iş № 20) bu gün də aktual və
əhəmiyyətlidir.
Ceyhun Hacıbəyli məqalənin əvvəlində göstərir ki, Qafqaz xalqlarının
tarixinə həsr edilmiş əsərlər çox azdır. Qədim tarixçilər, xüsusilə ərəb, yunan və
farslar bu barədə təsadüfdən-təsadüfə, daha çox müdaxilə və basqınları təsvir
edərkən bəhs etmişlər. Ceyhun bəy təəssüflə yazırdı ki, biz öz tariximizi, xüsusilə
monqol müdaxiləsindən başlamış rus işğalınadək olan dövr haqqında çox az bilirik.
54
Azərbaycan XX əsrin sonunda ikinci dəfə müstəqillik əldə etdikdə
C.Hacıbəylinin 30-cu illərin ortalarında xarici mətbuatda qaldırdığı problem bütün
çılpaqlığı ilə özünü göstərdi. «Tarix» ideologiyaya xidmət etdiyi üçün yaşamadı.
Sovet tarixçiləri həm son 70 ilin saxta tarixini yazmışlar, həm də əvvəlki dövrləri
təhrif etmiş, bir çox tarixi faktlara qəsdən, bilərəkdən göz yummuşlar. SSRİ
dağıldıqdan sonra Azərbaycan xalqı qarşısında bütün çətinliyi ilə duran suallardan
biri də tariximiz oldu. İş o yerə çatmışdı ki, xalqımızın, dilimizin adı,
Konstitusiyada onların necə adlandırılması referenduma çıxarılmışdı. Bütün bu
problemlər şübhəsiz ki, tariximizdəki, daha dəqiq desək, tarix haqqında yazılan
əsərlərimizdəki boşluqların, çatışmazlıqların nəticəsi idi. C.Hacıbəyli 1934-cü ildə
yazırdı ki, «bu boşluğu, qismən də olsa, Abbasqulu Ağa Bakıxanov adlı bir
azərbaycanlı alimin «Gülüstani-İrəm» adlı əsəri doldura bilər.
Ceyhun bəy əsərin əhəmiyyətini qeyd etdikdən sonra «Gülüstani-İrəm»in
nəşr olunub-olunmaması barədə fikir və mülahizələrini bölüşür. Qeyd edir ki, onun
bəhs etdiyi variant rus dilindədir və 320 səhifədən ibarətdir. Müəllifin fikrincə,
«Şirvanın və Dağıstanın tarixi» adlanan rus variantı stilistik və qrammatik
cəhətdən zəifdir, bununla belə əhəmiyyətini itirmir. Məlum olur ki, rus variantında
müqəddimədən sonra 21 səhifə ölkənin coğrafi təyinini və təsvirini verir. Əsər beş
dövrə həsr olunmuş beş hissəyə bölünüb: I hissə «Qədim dövrdən ərəblərin
Qafqazda peyda olmasına kimi» adlanır və burada həmin dövrə toxunulur. O, 30
səhifədən ibarətdir. 40 səhifəlik II hissə ərəblərin peyda olmasından (VII əsrin
ortaları) monqol işğalı (VIII əsrin ortaları) arasındakı dövrə həsr olunub. 27
səhifəlik III hissə monqol-tatar müdaxiləsindən İranda Səfəvilər sülaləsinin taxta
çıxmasınadək (XV əsr) tarixi əhatə edir və bu sülalənin bütün hökmdarlarının
siyahısını nəzərə çatdırır. Ən böyük, 96 səhifəlik IV hissə XV əsrdən Nadir şahın
ölümünə qədərki dövrdən bəhs edir (XVIII əsrin ortaları). Nəhayət, 75 səhifədən
ibarət olan V hissə ölkənin Nadir şahın ölümündən Rusiya və İran arasındakı
Gülüstan müqaviləsinədək (XIX əsrin əvvəli) olan dövrü təsvir edir. 17 səhifəlik
əlavə Şirvan və qonşu ərazilərin «diqqətəlayiq adamların, ziyalı və alimlərin
həyatına aid kiçik qeydlərə həsr olunub. Bu əlavə bütün müsəlman aləmində
məşhur olan Xaqani, Fələki, Çələbi, Nizami, Əbül-üla və s. kimi 20-yə yaxın
şəxsin tərcümeyi-halından ibarətdir.
C.Hacıbəyli göstərir ki, A.Bakıxanov bunlardan başqa daha 30 nəfərə yaxın
Şirvan mənşəli yazıçının adını çəkir. Müəllif yazır: «O, əsəri öz şəxsi həyatına aid
bəzi detalları verməklə bitirir və deyir ki, «bu onun qürur hissindən deyil, adətə
hörmətdən və onun məhz bu ölkədən çıxmasından doğan məğrurluqdan irəli gəlir».
«Başqaları qızılgül və jasmin, mən isə yalnız itburnu gülü olsam da, bu bizə eyni
gül bağından olmağımıza mane olmur».
Daha sonra C.Hacıbəyli A.Bakıxanovun tərcümeyi-halından bəhs edir.
Ədəbi təxəllüsü «Qüdsi» olan Abbasqulu Ağa Bakıxanov 1794-cü ildə Bakı
xanlığının Əmirhacıyan kəndində anadan olmuşdur. Özünün dediyinə görə, 7
yaşında təhsilə başlamasına baxmayaraq, gənclik çağına qədər fars dilindən başqa
heç bir şey öyrənə bilməmişdi, aramsız müharibələr və təhlükəsizliyin təmin
olunmaması müntəzəm təhsil almağa mane olub. 17 yaşında o, ərəb dilini və
elmləri öyrənməyə başlayıb və on il tamamında ziyalı adına müəyyən dərəcədə nail
55
olub. Bu vaxt rus ordusunun baş komandiri Yermolov onu Tiflisə, öz yanına
çağırıb apardı. Məhz bu vaxtdan etibarən Abbasqulu Ağa rus dilini və onun
vasitəsilə, qərb elmlərini və ədəbiyyatını öyrənməyə başlayır. O, özünün ilk
səyahətinə başlayır və Şirvanı, Ermənistanı, Dağıstanı, Çerkeziyanı, Gürcüstanı,
Anadolunu dolanaraq adamları və digər gördüyü hadisələri müşahidə edir. Rus-
türk, rus-İran müharibələri və sülh bağlanması vaxtı o, rus şahzadə generalı
Paskeviçin yanında idi. 1833-cü ildə Abbasqulu Ağa özünün son tədqiqat
səyahətinə çıxır. Şimali Qafqaz, Don hövzəsi, Ukrayna, Rusiya, Latviya, Litva və
Polşanı gəzərək, hər yerdə ədəbiyyat və elm adamları ilə münasibətə girir.
Mühacirətə qədərki dövrdə C.Hacıbəylinin toxunduğu başlıca mövzulardan
biri əcnəbi oxucuları Azərbaycan təfəkkür və həyat tərzi ilə maarifləndirmək idi.
Bu mənada «yalnız elm və ziya bizə yer üzündə xoşbəxtlik gətirə bilər və ölümdən
sonra bizim mövcudluğumuzu təmin edər» - deyən A.Bakıxanovla C.Hacıbəylini
bir-birinə bağlayan mənəvi tellər parlaq təzahür edir. Vətəndə olarkən doğma
xalqını elmə, tərəqqiyə, maarifə səsləyən Ceyhun bəy qürbətdə xarici oxucuları
tarix, mədəniyyətimizin zəngin mənəvi xəzinəsi ilə maarifləndirirdi.
Adı çəkilən məqaləsində C.Hacıbəyli A.Bakıxanovun qələmə aldığı daha on
bir əsərini qeyd edir və hər birinin mövzusu haqqında bir-iki cümlə ilə məlumat
verir.
«I. «Riyaz-ül-Qüds», türk dilində; islamın müqəddəs şəxsiyyətlərinin qısa
həyatı, 14 başlıqda.
2. «Qanun-i-Qüdsi», fars qrammatikası, 3 başlıqda. Müəllifin özü tərəfindən
ruscaya tərcümə olunmuş bu əsər, çarın əmri ilə Tiflisdə çap olunub.
3. «Kaş-ül-Qarab», fars dilində. Amerikanın kəşfinin tarixi və təsvirindən
ibarətdir.
4. «Təhzib-i-Əxlaq», farsca, girişdən, 12 başlıqdan və yunan, ərəb və
Avropa müəlliflərinin əxlaq və fəlsəfə barədə fikirlərinin xülasəsindən ibarətdir.
5. «Ayn-ül-Mizan», ərəbcə, məntiq və sxolastika barədə.
6. «İsrar-ül-Məlkut», fars və ərəb dillərində, astronomiya, o cümlədən,
Ptolomey və Kopernikin sistemlərindən bəhs edir. Bu əsərində müəllif sübut
etməyə çalışır ki, Quran Kopernik sisteminin doğruluğunu qabaqcadan göstərib.
7. «Dünya coğrafiyası» fars dilində.
8. «Müşkət-ül-Ehrar», farsca şeir şəklində əxlaqi nəsihətlər.
9. Nəhayət, ərəb, fars, osman və azəri türk dillərində bir neçə şeir.
Şərq dilləri məktəbi kitabxanasında biz Abbasqulu Ağanın «Bakılı Qüdsi»
adı altında aşağıdakı əsərlərini tapdıq.
10. «Əsrar-əl-Mələküt» («Mələklər dünyasının sirləri». Həyati Zadə Seyid
Şərif Xəlil tərəfindən «Əfkar-əl-Cabarut» - Ali dünya haqqında düşüncələr»
(Kosmoqrafiya, coğrafiya) adı altında türk dilinə tərcümə olunub. Konstantinopol,
1848, İmperiya Nəşriyyatı.
11. «Hədisi-Qüdsi» (ərəbcədən türkcəyə Məhəmməd xan tərəfindən tərcümə
olunub). Peyğəmbərin şiələrə təyin edilmiş adətlər barədə, litoqrafiya, 1862.
C.Hacıbəyli məsləkinə, məramına sadiq olan, qələminə hörmət edən
publisistlərdəndir. Nəyinsə xatirinə olanı şişirtmək, yaxud azaltmaq onun təbiətinə
yaddır. Təsadüfi deyil ki, böyük qələm sahibi A.Bakıxanovun əsərinin müsbət
56
keyfiyyətlərini qeyd etməklə yanaşı, onun nöqsanlarını da deməkdən çəkinmir.
Ceyhun bəy bəzən faktların azlığını, bəzən də hadisələr arasında əlaqələrin
olmadığını xüsusilə vurğulayır. Həm də böyük mədəniyyət, mərifət sahibi olan
Ceyhun bəy bunu A.Bakıxanovla yox, dövrün, dövranın obyektiv, subyektiv
amilləri ilə bağlayır. Müəllif A.Bakıxanovun bir etirafını təqdim etməklə onu
oxucunun nəzərində daha da yüksəldir. C.Hacıbəyli yazır: «Bununla belə, müəllif
etiraf edir ki, «onun sadə gücü və mümkünatı müqabilində girişdiyi iş çox ağırdır;
məhz buna görə o, öz oxucusundan, başqasının səhvini müdafiə etməyin tərifəlayiq
keyfiyyət olduğunu xatırladaraq öz şəxsi çatışmazlıqlarına görə iltifat istəyir».
Kitabın müqəddiməsində o, haqlı olaraq deyir: «Nə səlnamə, nə xronika, nə adət,
nə də abidələr bizə Qafqazda baş verən tarixi hadisələri bütün dolğunluğu ilə
tanıda bilər. Çoxsaylı basqınlar, arasıkəsilməyən müharibələr, viranlar tarixçilərin
istifadə edə bildiyi sənədlərdən daha çoxunu yoxa çıxarıb. Qonşu xalqların
səlnamələri və ənənələri bu mövzuda bizi məmnun edən heç bir şey özündən təsvir
etmir. Bununla belə, «işin çətinliyi onu görməyə cəhd etməkdən boyun qaçırmağa
bəhanə vermir» ərəb atalar sözünü yadıma salaraq bütün məkan daxilində material
toplamağa, pərakəndə faktları müqayisə və analiz etməyə, abidə və mətnlərin
vasitəsi ilə ənənələri yoxlamağa çalışdım. Beləliklə, səlnamələr, sənədlər, pul
sikkələri, əlyazmalar və sələflərin və müasirlərin cürbəcür şəhadətlərini ələ
keçirərək, tarixçinin başlıca vəzifəsinə uyğun gəlməyə səy edərək bu əsəri
yaratmağa nail oldum: faktları elə ardıcıllıq və metodla göstərmək ki, dindaşlarıma
və əcnəbilərə qarşı qərəzsizliyi tam saxlayım və unutmayım ki, bəşər övladı
bütövlükdə vahid bir ailə təşkil edir və Yer kürəsi ümumi vətəndir».
01.01.1994
Ceyhun Hacıbəylinin əsərləri ana dilində
«Azərbaycan mühacirət ədəbiyyatının və publisistikasının görkəmli
nümayəndəsi, adı Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov kimi məşhur ictimai-
siyasi xadimlərlə bir sırada çəkilən Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il
fevralın 2-də Şuşada anadan olmuşdur. O, ibtidai təhsilini Şuşada Haşımbəy
Vəzirovun ikisinifli rus-tatar məktəbində alır, sonra Bakıda realnı məktəbdə
oxuyur. Dövrünün məşhur milyonçusu, xeyriyyəçi Murtuza Muxtarovun maddi və
mənəvi dəstəyi ilə 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul
olunur. 1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedir. Əvvəl
Sorbon Universitetində, sonra Ali Politexnik Elmlər Məktəbində təhsilini davam
etdirir. 1915-ci ildə təhsilini başa vuran Ceyhun bəy Vətənə qayıdır».
Bu sətirlər tədqiqatçı-tərcüməçi Mirzəbala Əmrahovun tərtib etdiyi «Ceyhun
Hacıbəylinin seçilmiş əsərləri» adlı kitaba (Bakı, «Elm», 2006) yazdığı «Ön
söz»dən götürülmüşdür. Kitabda C.Hacıbəylinin mühacirətdə fransız dilində
qələmə aldığı 4 hekayəsi – «Müəzzinin lənəti», «Baş tutmayan ziyarət», «Stalinin
57
öpüşü və ya staxanovçu Fatimə», «Nejdanovun işi» və 2 məqaləsi – «XIX əsrin
azərbaycanlı tarixçisi Abbasqulu ağa Bakıxanov», «SSRİ-də ziyalılar» kimi əsərlər
verilmişdir. Respublikada fransız dili üzrə yüksək səviyyəli tərcüməçi-mütəxəssis
kimi tanınan Mirzəbala Əmrahov həm də AMEA Ədəbiyyat İnstitutunun
dissertantıdır və hazırda Ceyhun Hacıbəylinin mühacirət dövrü həyat və
yaradıcılığı mövzusunda namizədlik işini davam etdirir.
Uzun illər xarici ölkədə çalışan M.Əmrahovun C.Hacıbəyli yaradıcılığına
müraciət etməsi təsadüfi deyil. Hələ ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin
əvvəllərində Azərbaycan Dövlət Neft Akademiyasında pedaqoji fəaliyyətlə məşğul
olduğu dövrdə Ceyhun Hacıbəyli haqqında respublika mətbuatında ara-sıra dərc
olunan məqalələr elmi-tədqiqat işinə maraq göstərən M.Əmrahovun diqqətini
çəkirdi. Sonradan xarici ölkəyə uzunmüddətli ezamiyyəti bu məsələni bir qədər
arxa plana çəkdi. Lakin qürbət həyatını yaşayan M.Əmrahov Vətənə dönər-dönməz
mühacir həmvətənimizin həyat və yaradıcılığını araşdırmağa başladı. Artıq
tədqiqatçı C.Hacıbəyli irsindən bu günə qədər Azərbaycan elmi ictimaiyyətinə
məlum olmayan bir sıra bədii və publisistik əsəri fransız dilindən doğma dilə
çevirmiş, elmi məqalələr yazıb dərc etdirmişdir.
C.Hacıbəylinin anadan olmasının 115-ci ildönümü ərəfəsində M.Əmrahovun
buraxdığı «Ceyhun Hacıbəylinin seçilmiş əsərləri» kitabı isə mühacirətşünaslığa,
ceyhunşünaslığa dəyərli töhfədir. Kitabın «Ön sözü»ndə tədqiqatçı C.Hacıbəylinin
həyat və yaradıcılıq yoluna işıq salır. C.Hacıbəylinin XX əsrin əvvəllərində Bakıda
buraxılan «Kaspi», «Bakı», «Proqres», «İrşad» və s. qəzetlərlə, Parisdə nəşr edilən
bir sıra mətbu orqanlarla əməkdaşlıq etdiyinə, 1917-ci ildə «İttihad», sonralar
Müsəlman Milli Komitəsinin «Kaspi» qəzetinə əlavə kimi buraxdığı «İzvestiya»
qəzetinin, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı
«Azərbaycan» qəzetinin redaktoru olduğuna diqqəti yönəldən M.Əmrahov göstərir
ki, C.Hacıbəyli 1919-cu ilin yanvar ayında Əlimərdan bəy Topçubaşovun
rəhbərliyi altında Azərbaycan nümayəndə heyətinin tərkibində Fransaya – Versal
Sülh Konfransına gedənədək böyük həyat və yaradıcılıq yolu keçmişdi.
1920-ci ilin aprel ayında Azərbaycan qırmızı rus ordusu tərəfindən işğal
olunur və istiqlal aşiqi, sarsılmaz əqidə, məslək sahibi C.Hacıbəyli bir daha Vətənə
dönə bilmir, 1962-ci ildə Parisdə vəfat edir. Mühacirət illərində böyük qələm və
kəlam sahibi C.Hacıbəyli zəngin ideoloji-mənəvi irs yaradır. Onun rus,
Azərbaycan və fransız dilində qələmə aldığı bədii və publisistik əsərlər həm ideya-
məzmun, həm də sənətkarlıq baxımından diqqətəlayiqdir.
C.Hacıbəyli erkən yaradıcılıq dövründən ona yaxın olan milli, mənəvi,
didaktik, dini mövzularda yaradıcılıq axtarışlarını mühacirətdə də davam etdirir.
Parisin ən nüfuzlu jurnalları ilə sıx əməkdaşlıq edən C.Hacıbəylinin yaradıcılığının
başlıca mövzusu bolşevizmə və rus imperializminə qarşı amansız ideoloji mücadilə
olmuşdur.
C.Hacıbəylinin mühacirətdəki məhsuldar və fədakar fəaliyyətindən bəhs
edən M.Əmrahov «Ön söz»də yazır ki, mühacirətdə yaşadığı dövrdə ictimai-siyasi
fəaliyyətlə yanaşı, o, çoxşaxəli yaradıcılığını da davam etdirir, ədəbiyyat, tarix,
mədəniyyət, etnoqrafiya sahəsində müxtəlif əsərlərlə fransız mətbu orqanlarında
çıxış edirdi. 1925-ci ildə «Societe Asiatique» cəmiyyətinin «Journal Asiatique»
58
məcmuəsində «XVIII əsrin əvvəllərinin Azərbaycan tarixçisi Abbasqulu ağa
Bakıxanov» məqaləsi, 1933-cü ildə həmin məcmuədə «Qarabağ dialekti və
folkloru», 1930-cu ildə Londonda «Asiatie Review» məcmuəsində «Azərbaycan
mətbuatı tarixi» və b. əsərləri çap olunur. C.Hacıbəyli «Kavkaz» jurnalının fransız
nəşrinə Parisdə, «Azərbaycan» jurnalına Paris və Münxendə redaktorluq etmişdir.
Fransız dilini mükəmməl bilməsi ona bu dilə öz vətəninin folkloru, tarixi,
ədəbiyyatı, musiqisi və s. mövzularında tərcümələr etməyə, həm də bu dildə ciddi
əsərlər yazmağa, onları dərc etdirib öz düşüncələrini Qərb oxucuları ilə bölüşməyə
imkan vermişdir.
Yazıçı-publisist Qafqaz mühacir mətbuatında fəal iştirak etmiş, «La Revue
dü monde musulman» (burada o digər məqalələri ilə yanaşı, «Pervaya
musulmanskaya respublika – Azerbaydjan» əsərini çap etdirmişdir), «Le bulletin
dü comite France-Orient», «La Revue contemporaine», «La Revue Politique et
Parlamentaire», «La Revue des Jeunes», «Le Fiqaro» və s. kimi mətbu orqanlarla
birgə işləmiş, bir neçə il ərzində məşhur «La Revue de deux Mondes» fransız
jurnalının əməkdaşı olmuşdur.
C.Hacıbəyli irsini böyük həvəs və tükənməz enerji ilə araşdıran Mirzəbala
Əmrahov «Seçilmiş əsərlər»də oxuculara təqdim olunan yazıları da geniş tədqiqata
cəlb edir. O, həmin əsərlərin mövzusu, məzmunu, ideya istiqaməti barədə ciddi
elmi-nəzəri mühakimələr söyləyir, işin aktuallığı və əhəmiyyəti barədə maraqlı
mülahizələr irəli sürür.
İstedadlı tədqiqatçı M.Əmrahovun gərgin əməyi, faydalı axtarışlarının
bəhrəsi kimi ərsəyə gələn bu kitab C.Hacıbəyli yaradıcılığının, bütövlükdə
mühacirət irsinin tədqiqi sahəsində növbəti uğurlu addımdır.
Dostları ilə paylaş: |