02.02.10
“Ədəbiyyat qəzeti”,9 iyul 2010
“Mən də yaĢamaq istəyirəm”
Ötən əsrin 70-ci illərindən respublika mətbuatında-xüsusilə o dövrün ən
populyar qəzetlərindən olan “Azərbaycan gəncləri”ndə maraqlı yazıları ilə diqqəti
çəkən, radio dalğalarında, daha çox redaktoru olduğu məşhur “Bulaq” proqramında
geniş dinləyici auditoriyasının rəğbətini qazanan istedadlı jurnalist-publisist
İntiqam Mehdizadənin növbəti – sayca 6-cı kitabı işıq üzü görmüşdür. “Karvanın
sarvanı” adlı kitabda (Bakı, “Qarabağ” nəşriyyatı, 2008, 664 səhifə) demək olar ki,
son 100 ildə mədəniyyət, incəsənət, ədəbiyyat xadiminin və ümumiyyətlə,
Azərbaycan tarixində parlaq, silinməz, iz qoymuş 90 nəfərə yaxın görkəmli
şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən portret-oçerklər və esselər
toplanmışdır. Salnamə-kitab ədəbi-mədəni, ictimai-siyasi həyatımızda önəmli rol
oynamış insanların taleyinə, böyük bir tarixi dövrə işıq salmaqla yanaşı, müəllifin
sənətkarlıq məharəti, yüksək ideya-əxlaqi keyfiyyəti, hadisələri şərh etmək, faktları
təhlil süzgəcindən keçirmək bacarığı, günün real həyat hadisələrini, aktual
problemlərini konkret insan xarakterləri və tiplər, lirik təəssüratlar, fərdi emosional
düşüncələr vasitəsi ilə oxucuya çatdırmaq ustalığı barədə geniş rəy yaradır. Başqa
sözlə desək, oxucu digər qəhrəmanlarla yanaşı müəllif “mən”i, obrazı ilə də
yaxından tanış olur.
Kitabdakı portret-oçerkləri qəhrəmanlarını fəaliyyət sahəsinə görə aşağıdakı
kimi qruplaşdırmaq olar:
- müğənni, xanəndə, aktyorlar;
- yazıçı, şair, dramaturqlar;
- elm adamları;
- siyasi xadimlər.
Həm böyüyüb-başa çatdığı mühit, həm də uzun illər rəhbərlik etdiyi
radionun “İncəsənət və radio teatrı” şöbəsi İ.Mehdizadənin söz, sənət adamlarının,
mədəniyyət, incəsənət xadimlərinin həyat, fəaliyyətinə marağını artırmışdır. İlk
dəfə müğənni Flora Kərimovanın səsinin sehrinə düşmüşdür. Bu sirli-sehrli,
ecazkar səsin sahibi haqqında İ.Mehdizadənin yazdıqlarını oxuduqca bu nəticəyə
gəlirsən ki, dünyanın var-dövləti, okeanların suyu tükənə bilər, İ.Mehdizadənin
Flora vurğunluğu, Flora sevgisi yox! Qınamasalar yazardım ki, İntiqamı yaşadan,
ona həyat eşqi, ayaq üstə durmağa stimul verən Flora xanımın bənzərsiz səsidir.
Müəllif “Bir səsin xatirəsi” oçerkində qəbul imtahanından kəsilib doğma rayona –
İsmayıllıya qayıtdığını, iç dolusu hönkürüb ağlamağa yer axtardığını dərin hüzn,
qəm-qüssə ilə təsvir edir. Oxucu müəllifin kədərinə şərik çıxır, onun da ürəyi
sıxılır, bütün bu ağır, acı hisslərin, iztirabların nə ilə qurtaracağını intizarla izləyir.
Qəfildən qəsəbənin mərkəzində qoyulmuş reproduktordan diktorun səsi ətrafa
245
yayılır: “Xumar baxışlar.” Oxuyur, Flora Kərimova. Şirin bir melodiya gecəyə
ələndi. Mənə elə gəldi ki, bu səs sularda çırpınan o ayla bir qopub gəlib kainatın
dərinliklərindən və elə biləsən, qonaq gəldiyi bu təzə məkanda darıxır, qəribsəyir,
özünə arxa-dayaq axtarır. Bir az əvvəl bir himə bənd idim, qəhər məni boğurdu.
Amma indi sakitləşmişdim. Mənə elə gəlirdi ki, Flora Kərimova elə mənim
qüssəmin, kədərimin səsi ilə oxuyur. Mən öz hisslərimin, duyğularımın naləsinə,
harayına qulaq asırdım”. Hər cür ritorik mühakimələrdən, yersiz, yeknəsək
ifadələrdən uzaq bu parça qəlbin ən həssas nöqtələrinə toxunur, onu titrədir, oxucu
təsirlənir, duyğulanır. Müəllif isə bununla kifayətlənmir, öz timsalında milyonlarla
sənətsevərin həyatında bu səsin dönüş nöqtəsi yaratdığına inandırmağa çalışır,
buna nail olur: “Kim bilir, o olmasaydı, həmin axşamım da ömrümdən gedən
çoxlu-çoxlu axşamlara bənzəyəcək, məndə heç bir iz qoymayacaqdı. Ancaq indi o
axşamın adı var, ünvanı var – Floralı axşamım, ümid qığılcımlı axşamım.” Oçerki
oxuduqca qəti qənaətə gəlirsən ki, F.Kərimovanın səsi İ.Mehdizadənin qələminə
güc gətirib, qida verib və müəllif varlığına hakim kəsilmiş səsin qüdrətini, onda
yaratdığı duyğuları bölüşmək, oxucusunu da ehtizaza gətirmək üçün özünü tam
səfərbər etmişdir. Müəllifə elə gəlir ki, konsert qurtarsa da, müğənninin mahnıları
kəsilmir, səngimir, biri o birini əvəz edir, bulaq kimi çağlayır, gah ana laylasına
çevrilir, gah gileyli, gah nikbin olur, gah təbəssümlüdür, gah da kədərlidir,
hıçqırır. İ.Mehdizadə publisist kimi sözün böyük imkanlarından ustalıqla istifadə
edərək fikir və hisslərini müxtəlif bədii vasitələrlə canlı, emosional, ehtiraslı və
obrazlı təqdim edir: “Kim deyir ki, səs görünmür? Mən bu səsi görürəm. Düm ağ
Qu quşu qiyafəsində. Qanadlarını aram-aram çalır, qəmli-qəmli ötür. Elə bil,
qatarından ayrı düşüb. Nəğmələr biri-birinin dabanını basır, səslər yarışa girib elə
bil”.
İ.Mehdizadə çoxlarının görmədiyi, yaxud görmək istəmədiyi problemi
cəsarətlə ortaya qoyan, aktual və ciddi məsələlərə müdaxilə edən, toxunduğu
mövzu ilə bağlı rəy formalaşdırmağı bacaran qələm ustasıdır. Vizual sənətlər-
teatr, kino, televiziya üçün ən vacib komponentlərdən olan göz-baxış, təbəssüm,
him-cim, mimika kimi elementlərdən İ.Mehdizadəyə görə Azərbaycan kinosunda
son dərəcə az və uğursuz istifadə edilir. Bu baxımdan o, Rəşid Behbudovun “Arşın
mal alan”da, A.Gəraybəylinin “Bəxtiyar” filmində, Ələsgər Ələkbərovun “Uzaq
sahillərdə” və “Böyük dayaq”da, Gündüz Abbasovun “Telefonçu qız”da, Fazil
Salayevin “Şərikli çörək”də, Həsənağa Turabovun “Yeddi oğul istərəm”də
tamaşaçıya zillənən gözlərini istisna hesab edir və mətləbə keçir: “Tək elə
“Mehman” filmindəki hamam səhnəsində (Züleyxa – Flora Kərimovanın Rayon
Partiya Komitəsi katibinin məşuqəsinin boynundakı medalyona həsədlə baxması
nəzərdə tutulur) məharətli oyununa görə yetərdi ki, sonralar Flora xanımı ardı-
ardınca kinoya çəkəydilər. Amma onun gözləri qabağındaca (elə bizlərin də)
Şimali Qafqazdan, Gürcüstandan, Rusiyadan 5-ci, 10-cu dərəcəli aktrisaları
minnət-sünnətnən Bakıya dəvət eləyib filmə çəkir, sonra da bir araba pulla yola
salır, amma Floranı itirib-axtarmırdılar”. “Flora Kərimovanın aktrisalığı” adlı bu
oçerkdə müəllif qəti əminliklə bildirir ki, peşəkar aktyorluq təhsili görməsə də,
F.Kərimovanı ekran əsərlərinə cəlb etsəydilər, nəinki milli kinomuz, hətta dünya
kinosu da qazana bilərdi. O, özünəməxsus səmimi, sadə, cazibəli, pərdəli və məzəli
246
bir dildə şəstlə yazır: “Bir daha vurğulayıram, gərəkən qayğı, maliyyə yardımı
olarsa, bizdəki sənətkarlar çox sevdiyim, böyük istedadları qarşısında sayğıyla baş
əydiyim Lyudmila Qurçenkonun, Alisa Freyndlixin, İnna Çurikovanın, Culiya
Robertsin onbirliyinə tuz çıxarmasalar, adımı dəyişərəm.”
İ.Mehdizadənin publisistikasını səciyyələndirən üstün cəhətlərdən biri, elə
lap birincisi səmimiyyətdir. Hər cür saxta bər-bəzəkdən, hoqqalardan, yalandan,
hay-küydən uzaq, eyni zamanda, əqlə, hissə təsir göstərərək oxucunu düşündürən,
inandıran səmimiyyət müəllifin yazılarının ruhuna hakimdir. O, Yalçın
Rzazadədən yazanda da (“Bir parça yamac»), Qədir Rüstəmovdan bəhs edəndə də
(“Sən demə, Qədir beləymiş”), dahi türk müğənnisi Zəki Mürendən söz açanda da
(“Göylərdən enən səs”), Mütəllim Mütəllimovdan danışanda da (“Şişman kişinin
nazik qəlbi”), Şövkət Ələkbərovanı təqdim edəndə də (“Şövkət xanımın dönmüş
üzü”), Rübabə Muradovanı xatırlayanda da (“Rübabənin düyünlü ürəyi”) eyni
dərəcədə səmimidir, səmimi olduğu qədər də məsuliyyətlidir. Y.Rzazadənin
ifasından təsirlənən müəllif yazır: “Nə bəxtiyardıq”, “Ağ paltarda”, “Belə ola,
həmişə”, “Durnalar”ı oxudu. Məni haldan-hala saldı. Darısqal otağımın divarlarını
uzaqlara çəkdi, tavanını ulduzlara qaldırdı, təklədi, qoşalaşdırdı, güldürdü,
kövrəltdi. (“Bir parça yamac”).
İ.Mehdizadənin təhkiyəsi məhrəm insanların biri-biriylə söhbətlərini
xatırladır. Bu yolla o, bir tərəfdən oxucunun qəlbinə və beyninə yol tapır, digər
tərəfdənsə, qəhrəmanının təbii obrazını yaratmağa səy göstərir: “Çox eşitmişdim,
deyirdilər, Qədir Rüstəmovun ipinin üstünə odun yığılası deyil, ay nə bilim, adam
biabır eləyəndi, bir də gördün, məclisi yelə verdi və sairə və ilaxır. Düzü nə ipinin
üstünə yığmağa odunum olmuşdu, nə də məclislərində iştirak etmişdim...” Çox
maraqlı və diqqətəlayiqdir ki, İntiqam hələ ötən əsrin 60-cı illərində yataqxana
həyatından tanıdığı, ara-sıra görüşdüyü Qədir Rüstəmovun bütün nikbin
proqnozlara rəğmən böyük xanəndə ola biləcəyinə inanmadığını etiraf edir və
yazır. Halbuki, o, oxucunu rahatlıqla aldada bilərdi, məsələn, bir çoxları kimi
yazardı ki, mən hələ o vaxtlar hiss etmişdim ki, Qədir gələcəkdə dahi sənətkar
olacaq, milyonların qəlbini fəth edəcəkdir. İllər ötür, Q.Rüstəmov özü barədə
gəzən şayiələrə, əsası olmayan söz-söhbətlərə son qoyur. Azərbaycanın efir
məkanına qeyri-adi bir səsin, avazın daxil olduğunu əməli ilə təsdiqləyir. Qədir
səsinin ölməzliyi, əbədiliyi, əsrarı publisistə bu cümləni diqtə edir: “Xanəndə
“Sona bülbüllər”i misilsiz şövqlə, əlçatmaz bir istedadla oxuyanda şəxsən mən əsil
Qədir Rüstəmov fenomeninin, onun səsinin sərhədlərinin harada başlayıb, harada
qurtardığını qarışdırdım.” İ.Mehdizadənin yaratdığı, təsvir və təqdim etdiyi Qədir
Rüstəmov nadir ovqatlı istedad sahibidir, sənətin zirvəsinə yüksələn xanəndədir,
şıltaqdır, çılğındır, amma eyni zamanda həssas və məsuliyyətlidir. Q.Rüstəmovun
söz, sənət, ifa ilə bağlı mülahizələri onun daxili zənginliyinə dəlalət edir,
məsələlərə səthi yox, dərindən yanaşdığına inam yaradır. O, mahnıların yaranması,
onların üzərində aparılan işlə bağlı İ.Mehdizadənin suallarını geniş cavablandırır,
sonda deyir: “Mahnının mayası sözdən tutulur. Sözsüz mahnı ola bilməz. Bir az
dərinə gedəndə görürsən, xalq mahnıları hansısa ehtiyac üzündən, nəyisə kimlərəsə
demək, çatdırmaq üzündən əmələ gəlib. Hamısında da söz havacatı, havacat da
sözü, nə təhər deyim, tamamlayır, bir növ yoğurur.” Sənətkarın sözləri qeyri-
247
ixtiyari Azərbaycan mədəniyyətinin parlaq siması H.B.Zərdabinin 130 il əvvəl
“Əkinçi” qəzetində dərc etdirdiyi kiçik bir məqaləsini yadıma saldı. O, mahnıların
həyatımızdakı yerini, rolunu qeyd edir, mahnıların mənasını yaxşılaşdırmağa səy
etməyin vacibliyini vurğulayır. Sonra yazır: “Hər tayfanın vətəndaşlıq və millətin
keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar
da ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara
baxan gərək təəccüb eləsin ki, xudavənda, onları kim və nə üçün düzəldib.” Böyük
mühərrir qeyd edir ki, oxunan mahnıların bir çoxunun heç mənası olmur. Belə
oxuyanların barəsində doğru deyiblər ki, eşşəyin anqırmağı özünə xoş gəlir, amma
çifayda, eşşək anqıra-anqıra gəzir və onu belə anqırmaqdan xilas etmək səyinə
düşən yoxdur... yaxşı olardı ki, şairlərimiz bir-birini həcv, ya mədh etmək əvəzinə
zikr olan məzmunda mahnılar düzəltsinlər ki, onlar ağızdan-ağıza düşüb xalqı
nadanlıqdan danalığa (biliyə, elmə) təhrik etməyə bais oleydi.” (“Əkinçi” qəzeti
№18, sentyabr 1877). Güman edirəm ki, haşiyə yerində oldu. H.B.Zərdabi
ideyalarının reallaşmasına xidmət edən Q.Rüstəmov kimi sənətkarlarla yanaşı,
ifaçılıq sənətinə xələl gətirən, onu korlayan üzdəniraq “ulduzlar” qoy, Həsənbəyin
yazdıqlarından “feyziyab” olsunlar...
İntiqamın qələmi güclüdür, qüdrətlidir. O, sözün vasitəsilə sevib-seçdiyi
qəhrəmanına başqalarının qəlbində əbədi yuva qurur. Onun obrazlı, alovlu,
ehtiraslı ifadələri öz düşüncələrini mənalandırmağa və digərlərinə də sirayət
etdirməyə yetərlidir. Türk musiqi və ifaçılıq mədəniyyətini əlçatmaz zirvəyə
yüksəldən Zəki Müren barədə İ.Mehdizadə yazır ki, onun səsi yer səslərinə
bənzəmir, sanki göylərdən vəhy olunur, oradan-sonsuz ənginliklərdən süzülüb
gəlir. O, Zəki Mürenin səsini ilahi ifaya bənzədir, müğənninin çox da uzun
sürməyən ömrü boyu mənsub olduğu xalqın zəngin dil qatlarına, söz, könül
mülkünə baş vurduğunu, oradan incilər seçdiyini və onlara özünəməxsus tərzdə
yeni ruh, yeni həyat bəxş etdiyini vurğulayır. İ.Mehdizadə sevincini, nəşəsini
oxucu ilə bölüşməyin ustasıdır. Yeri gələndə isə oxucu ilə kədərini də
paylaşır, onu öz həyatının acılı-şirinli məqamlarıyla tanış edir, qəm – qüssə
yükünü özüylə birgə çəkmək üçün oxucusunu da köməyə çağırır.
Ümumiyyətlə, “Karvanın sarvanı” kitabında biz qəhrəmanlarıyla birgə
İntiqamın şəxsi həyatının da bir sıra məqamlarının şahidi oluruq ki, bunu həm
müəllifin uğurlu priyomu, həm də kitabı daha oxunaqlı edən üslub kimi
qiymətləndirmək olar. Budur, Türkiyədən gələn xəbər müəllifi əndişələndirmiş,
həyəcanlandırmışdır: Zəki Müren ağır xəstədir. Və publisist yazır: “Ən böyük
üzüntüm ondan yanadır ki, bu vaxtacan mənə özünün nəğməli dünyasından
çox qiymətli dəqiqələr bağışlamış, məni daxilən bir yox, yüz boy ucaltmış
sevgili sənətçimi o halında yoluxa bilmir, ona ürək-dirək verəmmir, ona bir
ovuc Niyal qarı, bir dənə Göyçay narı, bir buğum Kəlbəcər kəkotusu yetirə
bilmirəm”. Hadisəyə böyük ictimai məna verməyi bacardığı kimi, İ.Mehdizadə
bu ağır məqamlarda özünü də, oxucusunu da situasiyadan çıxarır , qələmə
aldığı misralarla özünə də, oxucusuna da, elə Zəki Murenin özünə də təsəlli –
təskinlik verir:
Tanrıdan buta verildin,
Türkün baxtına hörüldün,
248
Şarkında öldün, dirildin,
Göylərdən bir nüsxə gələn
Zəki Müren.
Azman sənətkarların yaradıcılıq yolunu və konkret məqamlarını təhlil,
təqdir edən İ.Mehdizadə bununla kifayətlənmir, toxunduğu mövzunu dövrün
problemləri ilə əlaqələndirir, müqayisələr aparır, ibrətamiz nəticələr çıxarır.
“Nəhəng qaya parçasını, lay divarı xatırladan” xanəndə Mütəllim
Mütəllimovun “tükdən nazik, şüşədən kövrək qəlbi vardı” - yazır İntiqam.
Mütəllimin ifasında müəllifi çəkən çoxlu məqamlar var: O, qəzəlin hər
sözünü, hər misrasını aydın tələffüzlə oxuyur, onun ifası seçdiyi muğamın
ruhuna uyğun avazı, qəzəllərin incəliyi ilə möhtəşəmdir, ifaçılıq sənətinin
klassik nümunəsidir, örnəkdir. İntiqam dərin təəssüf hissi ilə yazır ki, əruzun
nəzəriyyəsini demirəm, eləcə zahiri biçimlərindən belə xəbərsiz olan, vəznin,
hecanın, bölgünün, məntiqi vurğunun nə demək olduğunu bilməyənlər indi
efir məkanında , toy mağarlarında meydan sulayır.
“Karvanın sarvanı” kitabının xeyli hissəsini Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrinə həsr edilmiş portret-oçerklər təşkil edir. İ.Mehdizadəyə
zaman-zaman Azərbaycan ədəbiyyatı xəzinəsinə parlaq nümunələr bəxş etmiş
Rəsul Rza, Mir Cəlal, İlyas Əfəndiyev, Elçin, Əkrəm Əylisli, İsmayıl Şıxlı,
Fərman Kərimzadə, Xəlil Rza, Məmməd Araz, Fikrət Qoca kimi şair, yazıçı,
dramaturqlarla görüşmək, həmsöhbət olmaq, ədəbi mühit və sənət problemləri
barədə fikir mübadiləsi aparmaq nəsib olmuşdur. O, eyni zamanda Sabir
Rüstəmxanlı, Ramiz Rövşən, Seyran Səxavət, Çingiz Əlioğlu, Bəhmən
Vətənoğlu, Eldar Baxış, Şəmşad Rza, Məmməd Murad, Əjdər Ol və digər söz
adamları ilə aralarında olan ilgiləri də əlvan boyalarla təsvirə gətirir,
dostlarının ədəbi uğurlarından ürək açıqlığı ilə bəhs edir və bu sənətçilərin
portretlərinin, mənəvi keyfiyyətlərinin də üzərinə işıq salmağı unutmur.
Qeyd etdiyimiz kimi, İ.Mehdizadə müxtəlif yaradıcılıq sahələrində
fəaliyyət göstərən insanları – bəstəkar, aktyor, rejissor, rəssam, xalçaşünas,
dramaturqları öz qəhrəmanı seçmişdir və onların fəaliyyət sahəsinə uyğun olaraq
üslubunu, yazı tonallığını dəyişərək, gah musiqişünas, gah teatrşünas, gah
sənətşünas təsiri bağışlayır. Söz sənətindən, onu yaradanlardan bəhs edərkən,
elə təəssürat oyanır ki, İ.Mehdizadə kamil ədəbiyyatşünasdır. Ədəbi problemlərə,
mövzulara, yazıçı və şairlərin yaradıcılıq laboratoriyasına ciddi müdaxilələr
etdiyindən onun portret-oçerklərində ədəbi-tənqidi məqamlar daha parlaq üzə
çıxır. İlyas Əfəndiyevi Azərbaycan nəsrində, dramaturgiyasında yeni, əlvan bir
mərhələnin yaradıcısı adlandıran İ.Mehdizadə onun ədəbi irsinə olan davamlı
marağı yaradıcılığının orijinallığında, bədii kamilliyində, vətəndaş cəsarətində
görür və yazır: “O, dilinə, ricətinə, dialoqlarına, kompozisiya qurmaq səriştəsinə
görə təzə idi, cazibədar idi ( “Bir hay çəkərəm ki”). Dramaturqa həsr etdiyi
başqa bir oçerkdə isə (“Körpüsalan”) o, yazıçının ədəbiyyatımıza yeni abu-
hava, nəfəs gətirdiyini qeyd edir, göstərir ki, İlyas Əfəndiyev sosializm
realizminə bir qədər başqa aspektdən yanaşmış, ənənəvi, bayağı nəqlçilikdən
qaçmış, lirik-psixoloji üsluba üstünlük vermişdir. O, İ.Əfəndiyevi bəzən həddən
249
artıq sentimentallığa, romantikliyə uymaqda qınayanlara tutarlı, məntiqli cavab
verir, mülahizələrini əsaslandırır: «İ.Əfəndiyev əsl yazıçı, vətəndaş kimi hiss
etmişdi ki, müasir insanın duyğu və düşüncələrindən, həyati ehtiyaclarından xəbər
tutmadan, haradasa, o ehtiyacı öz çiyinlərində duymadan oxucunun, tamaşaçının
qəlbinə yol tapmaq olmaz ».
İ.Mehdizadə ifaçılıq sənətindən, musiqidən, müğənnidən yazanda oxucuya
nə qədər emosional, duyğulu, hiss – həyəcanlı təsir bağışlayırsa, ədəbiyyatdan
bəhs edəndə ciddi, ötkəm və cəsarətli olur, ona qədər deyilənləri təkrar eləmir.
Mülahizələrində bənzərsiz olduğu qədər də, qətiyyətlidir. Rəsul Rzanın
novatorluğunu yalnız onun sərbəst vəznlə yazması ilə əlaqələndirənlərlə
İ.Mehdizadə qətiyyən razılaşmır: “.... R.Rzanın novatorluğu, formadan daha çox
onun məzmununda, bir şəxsiyyət kimi özünün mahiyyətindədir və bir zamanlar
Rəsul müəllimi formalizmdə, mücərrədçilikdə, qərbçilikdə ittiham edənlər onun
novatorluğunun mahiyyətini dərk etmək üçün gərək poeziyasının ümumi
ruhundan halı ola , şairin dünyagörüşünə bələd olaydılar, şeirlərindəki daxili
gərginliyə , ekspessiyaya fikir verəydilər və bir də yaradıcılığına heyrətamiz
dərəcədə bənzəyən R.Rza şəxsiyyətinə vaqif olaydılar («Rəsul Rza riski»)
Azərbaycan ədəbiyyatına «Bir gəncin manifesti», «Dirilən adam», «Açıq
kitab», «Yaşıdlarım», «Təzə şəhər», «Yolumuz hayanadır» kimi əsərlər bəxş
etmiş Mir Cəlal Paşayev həm də, uzun illər Azərbaycan Dövlət Universitetində
elmi-pedaqoji fəaliyyətdə bulunmuşdur. Xoşbəxtlikdən İntiqam Mehdizadə də
üzündən təbəssüm , dilindən xoş söz əskik olmayan bu müdrik insanın
sevimli tələbələrindən olmuşdur. Hörmətli müəlliminə həsr etdiyi «Mir Cəlal
müəllimin «yalanı» oçerkində İ.Mehdizadə onun digər müsbət keyfiyyətləriylə
yanaşı qeyri-adi zəkaya, ədəbi yaddaşa sahib olduğunu, aralarında baş
vermiş bir həyati epizodun timsalında oxucusuna yetirir.
Aktyorlara həsr olunmuş oçerklər İ.Mehdizadənin portretlər
qalereyasında həm sənətkarlıq, həm də say etibarı ilə diqqəti dərhal çəkir.
Azərbaycan teatr səhnəsində və kinoda yaratdıqları mükəmməl obrazlarla
milyonlarla tamaşaçı qəlbini fəth etmiş Nəsibə Zeynalova, Səməndər Rzayev,
Möhsün Sənani, Hamlet Xanızadə, Ağahüseyn Cavadov, Əli Zeynalov, Əliağa
Ağayev, Barat Şəkinskaya, Həsən Əbluc və digər sənət fədailərinin həm səhnə,
həm də pərdəarxası həyatlarını özünəməxsus tərzdə, müəllifin təbirincə desək,
hər kəsin həyatındakı fərqli, həlledici məqamı tapmaqla, tutmaqla və bu
keyfiyyəti xarakterin digər bütün cəhətləri ilə bağlamaqla, əlaqələndirməklə
təqdim edir. “Təbiiliyin böyük ustası” Nəsibə Zeynalova, “səsi bulaq misallı”
Səməndər Rzayev, “qəribə, gözəl səs sahibi, obrazın hansı ahənglə danışmalı
olduğunu mütləq tapan” Həsən Əbluc, “standartlara sığmayan xarakter, zəngin
daxili aləmə malik, teatra candan, ürəkdən bağlanan” Hamlet Xanızadə, “susmuş
ürəyi səsində” döyünən Aydın Qaradağlı, “deklamasiyanın professoru” Əli
Zeynalov, “səhnənin hər qarışını yox e, hər milli metrini dəqiq bilən” Möhsün
Sənani və bu kimi bir çox sənətçiləri tamaşaçılar səhnədə yaratdıqları
obrazlara görə tanıyır, sevir. İstedadlı publisist İntiqam Mehdizadə isə
səhnədə rol oynayan, obraz yaradanların özünün obrazını yaradır və bu
məqamlarda onun qələmi jurnalistdən daha çox yazıçı kimi işləyir. Böyük
250
səhnənin «sakinlərinin» teatrdakı və ondan kənar həyatları haqda oxucuda
tam təsəvvür yaratmaq üçün İntiqam öz müşahidə və tədqiqatlarını nəql edir,
xatirələrini danışır, müsahibə götürür, mübahisə edir, müqayisə aparır, xəyala
dalır, aktyorla fikirlərini bölüşür, onunla birgə sevinir, kədərlənir... bütün
bunların nəticəsi kimi oxucunun gözləri qarşısında səhnədəki qəhrəmanı ona
sevdirən aktyorun öz siması canlanır... “Hamı Əliağa Ağayevi güldürən
aktyor kimi tanıyırdı. Doğrudan da, bu, onun aktyor imici idi və insanları
güldürmək üçün onun daşdan keçən, daha dəqiq desək, daşı belə yumşaldıb
güldürən imkanları vardı: səs imkanları, məzəli yerişi, üz – sifət ifadələri , vokal
məharəti , gözəl rəqs etmək qabiliyyəti, heç nə eləməyib sakit, hərəkətsiz
dayanarkən belə ətrafına xoş ovqat paylaya bilməsi. Amma onun
pərəstişkarlarının böyük əksəriyyətinin xəbəri yox idi ki, o həm də, gülən adam
idi – sağlam yumora , həyatdan qaynaqlanan gündəlik lətifələrə, səmimi
zarafatlara ürəkdən, lap qəşş edərək gülməsi vardı» («Gülən adam»). Bunlar
publisistin uydurması, yaxud necə deyərlər, fantaziyası yox, müşahidələri, aktyorla
bilavasitə təması, ünsiyyəti nəticəsində hasil olan qənaətləridir. Bu cür ştrixlər
portretin daha canlı, bitkin, inandırıcı olmasına xidmət edir. Təsadüfi deyil ki,
müəllif də qəhrəmanının xarakterik cizgiləri barədə söhbət açanda onu,
“təəssüratlarını, təlatümlü duyğularını daim izlədiyini” etiraf edir (“Səməndər
bulağı”). Bu cür təəssüratlar, duyğular , xatirələr, görüşlər illər keçdikdən sonra
ürəkdən süzülüb kağız üzərinə düzülür: “...Durub düzəldim yola, yəni
Azdramaya. Yadımdadır ki, o il qış bərk gəlmişdi, yazqabağı olsa da, yerdə qalın
qar vardı, yol-iriz buz bağlamışdı. Mən onu qrim otağında tapdım. Ağasadıq
Gəraybəyli ilə əyləşib nə barədəsə, deyib-gülürdülər (“Ağahüseyn Cavadovun
ayaqqabısı”). Xalq artisti A.Cavadovla ilk görüşünü müəllif elə maraqla,
həvəslə nəql edir ki, oxucu da özünü hadisələrin içində hiss edir. Bu cür üsulla
publisist aktyorun həm xarakterini açır, həm də onun yaradıcılıq dünyasına
səyahət edir, sənətkarın fərdi keyfiyyətləri ilə yaratdığı obrazlar arasında paralellər
aparır...
40 ilə yaxın yaradıcılıq yolu keçmiş və təəssüflər olsun ki, layiqli
qiymətini almayan İ.Mehdizadə ətrafında baş verənlərə fərdi və fərqli yanaşma
metodu ilə seçilən istedadlı sənətkarlar zümrəsinə aiddir. O, ilk baxışda kiçik
görünən, diqqəti çəkməyən, əslində isə batinində böyük siyasi, ictimai məna
gizlənən bir jesti, yaxud bir olayı mənalandırmağın mahir ustasıdır. Ümumilli lider
Heydər Əliyev haqqında sadə insanlar da, dünyanın ən məşhur dövlət xadimləri
də, yazıçılar, elm, sənət adamları da söz deyiblər. Bu cərgəyə qoşulmaq böyük
cəsarət, istedad, bir də təcrübə tələb edir. Yəni elə söz söyləməlisən ki, diqqət
çəksin, maraq doğursun, təzə görünsün. Amma baxın, İntiqam Mehdizadə
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, onun tələbkarlığını, insanlara qarşı
nə qədər diqqətli, həssas, heyrətamiz yaddaşa malik olduğunu həyatda müşahidə
etdiyi konkret fakt və dəlillərlə necə təqdim edir. İsmayıllı rayonunda baş vermiş
təbii fəlakətin – zəlzələnin ağır nəticələrinin aradan qaldırılması istiqamətində
hansı tədbirlər görüldüyünü öyrənmək üçün H.Əliyev dərhal hadisə yerinə
gəlir: “İndiki kimi yadımdadır, zəlzələ hələ də səngiməmişdi, yer insanların ayağı
altında uşaq nənnisi kimi yırğalanmaqdaydı. Ancaq Heydər Əliyev yan-
251
yörəsindəkilərin ona “ehtiyatlı olun, Heydər Əliyeviç” – təkidlərinə məhəl
qoymadan özünü şax tutur, ruhi müvazinətini zərrə qədər də pozmur, hətta
gülümsəyir, bununla da, neçə gündən bəri vahimə içində çırpınan ismayıllılara
ürək-dirək verirdi». Xalqın tarixinə, mədəni-memarlıq abidələrinə sonsuz sevgi
ilə yanaşan böyük dövlət xadiminin bu gərgin, ağır zamanda qəfildən qədim
Lahıcı xatırlaması təbii görünür, “orda vəziyyət necədir, evlərə, dükanlara xətər
toxunmayıb ki?” - deyə soruşur, “özü boyda abidə olan Lahıca” getmək
istədiyini bildirir. Yerli rəhbərlər ehtiyatla Lahıc yolunun nasaz olduğunu
deyirlər. H.Əliyev elə oradaca məmurları səfərbər edir. Ən qısa müddətdə
körpülər salınması, qəsəbəyə gedən torpaq yola asfalt döşənməsi üçün qəti
tapşırıqlar verir...
Ötən əsrin məşhur 60-70-ci illər ədəbi nəsli ilə bir dövrdə jurnalist-
publisist kimi fəaliyyətə başlayan və ziyalılar arasında “danılmaz səsi, sözü,
mövqeyi” olan (Əhməd Oğuz), “yalan danışmayan, yalan yazmayan (Aybəniz
Məmmədəliyeva), “gözü – könlü tox” (Kamil Vəli Nərimanoğlu), “vəfalı,
namuslu kişi” ( Zərifə Ağahüseyn qızı), “təkcə bir yazıçı, jurnalist kimi deyil,
ümumiyyətlə bir fərd, bir insan kimi istedadlı” (Ramiz Rövşən) və rəhmətlik
anası Xanbacı xanımın söylədiyi kimi “çox həssas, əsəbi , çox da duyğulu” olan
İntiqam Mehdizadə bir karvanlıq yükü – növbəti kitabını oxucuların ixtiyarına
verdi. Sevinirmi , fərəh hissi keçirirmi, bilmirik. Amma burası gün kimi aydındır
və onu yaxından tanıyanlar yaxşı bilir ki, İntiqam intizardadır, iztirabdadır:
yeni-yeni əsərlərin intizarında, yeni yaradıcılıq iztirablarında. Onun
yaradıcılığını sevə-sevə izləyən və yeni yazılarını gözləyənlər də bir xəbərin
intizardadırlar: görəsən, İntiqam yaşın bu vədəsində kirəkeşlikdən xilas
olacaqmı, öz evinin tavanı altındaca əyləşib varlığına hakim kəsilmiş
yaradıcılıqla məşğul olacaqmı, onun mənzil problemi öz həllini tapacaqmı? ...
Bir vaxtlar İ.Mehdizadə türk sənət dahisi Zəki Mürenə ithaf etdiyi gözəl
şeiri ilə ona olan sonsuz məhəbbətini bu sayaq dilə gətirmişdi:
Dalğın dəryaya bənzərsən
Yaşıl tarlaya bənzərsən
Qəmli səhraya bənzərsən
Gözlərində dan sökülən
Zəki Müren.
İllər bu misralardakı “dalğın dərya”, “yaşıl tarla”, “qəmli səhra” kimi
bənzətmələri İntiqam Mehdizadənin öz həyatının, taleyinin tərcümanına
çevirmişdir. Onun bulaq kimi çağlayan yaşamaq, yaratmaq eşqi, dəmir dözümü,
möhkəm iradəsi, sərhədsiz səbri, torpağa, elə-obaya bağlılığı mərhum müəllimim,
professor, unudulmaz insan Qulu Xəlilovu xatırladır. Taleyin bütün ağrı-acılarına
baxmayaraq, Qulu müəllim yaşamaq istəyirdi, yaşamaq uğrunda mübarizə aparırdı.
Uzun illər mənzil həsrəti ilə yaşayan İntiqam da kirədə qaldığı evləri dəyişə-
dəyişə, yetişdirdiyi həmkarlarını layiq görüldükləri fəxri adlara (hələlik özünə
qismət olmayan) görə təbrik edə-edə, öz təbiri ilə desək, hələ yollardadır,
axtarışlardadır. Yaradıcılıq yollarında, daha münasib kirayə evə aparan yollarda,
yaradıcılıq axtarışlarında, işinə yaxın, daha ucuz kirayə ev axtarışında olan
İ.Mehdizadə yeni kitabını nəşrə hazırlayır. Bu kitab da Azərbaycanın sənət,
252
mədəniyyət, ədəbiyyat fədailərinə həsr olunacaq. Özü haqqında həmişəki kimi
yenə susacaq. Heç olmazsa, bir cümləni, kitabın adını özünə həsr et, İntiqam. Üz
qabığında böyük, qara şriftlərlə yaz ki, «Mən də yaşamaq istəyirəm».
Dostları ilə paylaş: |