23.02.04
«525-ci qəzet», 26 fevral 2004,
«Bakı Universitetinin xəbərləri»
(Humanitar elmlər seriyası), № 2,
2004.
Missionerlik bəlası
Söhbət bu bəladan xilas olmaqdan gedir. Bunun üçün bütövlükdə
cəmiyyət «yox» deməyə hazırlanmalıdır.
- Allah eşqinə, vaxtınız varsa, bir dəqiqə sizi olarmı?
Qəfil, lakin mülayim müraciət yoldan ötəni saxlayır:
- Buyurun.
- Sizə Allahın adı ilə müraciət edirəm. İmkanınız varsa, bu kitablardan birini
götürün, onlarla tanış olun.
- Bunlar ki, Krişna kitablarıdır?!
- Bəli, bəli, bunlar müqəddəs kitablardır!
- Mən müqəddəs demədim, dedim ki, Krişnadır.
- Elədir, elə Krişna da…
268
- Bir abrınız, həyanız olsun. Əl çəkin bu camaatın yaxasından. Nədir sizi
islamdan uzaqlaşmağa vadar edən?! Bir tikə çörəyə görə hər şeyinizi satmağa
razısınız.
- Xahiş edirəm, əsəbiləşməyin. Biz sizə təklif edirik, sizi məcbur etmirik.
Bu, könüllüdür.
- Məni məcbur edə də bilməzsiniz. Amma şirin dillə tora saldıqlarınız da
olur. Başqalarının imanına hörmət qoymursuz, heç olmazsa, öz müsəlman
babalarınızın ruhunu incitməyin.
- Siz məni bağışlayın, səhv edirsiniz. Mən heç kimin ruhuna əziyyət
vermirəm. Ona qalanda siz də atəşpərəst əcdadlarınızın ruhunu incitmiş olursunuz.
- … İndi beləsinə nə deyəsən ki, söz də çatdırmaq olmur.
Bu və buna bənzər dialoqlara Bakının küçələrində, xüsusilə Filarmoniya
bağında, Əlyazmalar İnstitutunun qarşısında, 28 May meydanında tez-tez təsadüf
olunur. Sadə, təmiz geyimli Krişna təbliğatçıları qrup şəklində qoltuqlarında kitab
adamlara nəzakətlə yaxınlaşır, onlara kitab təklif edir, müqabilində utancaq
görkəmlə cüzi «nəzir» istəyirlər.
Nəfis tərtibatlı, Azərbaycan dilinə ustalıqla tərcümə edilmiş kitablara və
onları paylayan təbliğatçılara baxanda sövq-təbii düşünürsən: «Bütün varını-
yoxunu, olanını-olmayanını təbliğat maşınına səxavətlə sərf edən, saysız-hesabsız
institutları, cəmiyyətləri, qiraət otaqları, qəzet və jurnalları olan kommunist rejimi
70 ildə belə mahir təbliğatçı yetirə bilmədi. Onların təbliğatında bir zorakılıq,
amiranəlik vardı. Bəs, bu Krişnanı məharətlə yayan təbliğatçılar harada, nə vaxt
yetişdi, haradan peyda oldu? Bu kitabları kim tərcümə etdi? Belə suallar çox,
cavablar müxtəlif və mübahisəlidir. Amma danılmaz bir həqiqət var: islam, onun
dəyərləri ölkədə təhrif olunmuş formada təbliğ edilir – elə bir səviyyədə ki, o ya
mövhumata, cəhalətə aparır, ya da ki, başqa bir istiqamətə.
Digər
tərəfdənsə,
milli ideologiya müasir tələblər səviyyəsində
formalaşmayıb, iş o dərəcədə acınacaqlıdır ki, bəzən bu mövzuda söhbət açmağın
özü qəribə, təəccüblü və yersiz görünür. Belə bir bulanıq, qeyri-müəyyən şərait,
təbii ki, missionerlik fəaliyyəti üçün çox münbit sayıla bilər.
60-cı illərin sonunda orta məktəbdə müharibə veteranları ilə görüş zamanı
rəhmətlik Qüdrət dayı bir dəfə faşistlərin səngərinə silahsız tullanaraq qeyri-adi
şücaət göstərib düşmənləri çaş-baş saldığını söyləyəndə iştirakçılardan biri ona
belə sual vermişdi:
- Qüdrət dayı, siz necə oldu ki, belə risk etdiniz?
Sual, deyəsən, yerinə düşməmişdi. Tədbirin təşkilatçıları sualın üstündən
ötmək istəyəndə, səmimiyyəti ilə seçilən Qüdrət dayı özünəməxsus şirin danışığını
davam etdirdi:
- Yaxşı sualdı, lap ürəyimi tərpətdi. Bununla bağlı bir xatirə də danışacağam.
Bölmə komandirimiz bir urus idi. O, tez-tez daim ehtiyatla hərəkət edən erməni
əsgərinə irad tutardı: «Çox ehtiyatlılıq tədricən qorxaqlığa aparır. Lazım olan anı
duymaq və düşmən üzərinə sıçramaq lazımdır». Bir dəfə də belə söyləyib üzünü
bütün əsgərlərə tutdu: heç qonşu xoruzun sizin həyətinizə girdiyi səhnəni
görmüsünüzmü? Fikir vermisinizmi, çağırılmamış qonaqla həyətin xoruzu necə
ölüm-dirim davasına çıxır?! O güclüdürsə, o birini dərhal qovur, zəifdirsə, al-qana
269
bulanır, amma geri çəkilmir, öz istəyinə nail olur. Quş quşluğu ilə belə edir, bəs
biz? Biz sözdən sonra kim özünü geri çəkər, rüsvay edərdi?!
Bu gün Azərbaycan cəmiyyətinin bütün cəbhələrdə – ideoloji, hərbi, iqtisadi,
mədəni sahələrdə təsirli, tutarlı, dəyərli sözə ehtiyacı var. «Söz», şübhəsiz,
konsepsiya mənasındadır.
Yeni yaranan qeyri-ənənəvi təriqətlərin missionerlik fəaliyyəti xristian
ölkələrində ciddi maneələrə, kəskin etiraza səbəb olduğu halda, Azərbaycanda
onlara qucaq açılır. Özü də təəssüf doğuran odur ki, bəzən bu, açıq, yaxud gizli
himayə edilir.
Qonşu xristian ölkələrində sekta kitabları ali din xadimləri tərəfindən
nümayişkaranə yandırılır, missionerlər cəzalandırılır. Bizdə missionerlik
fəaliyyətinə qarşı mübarizəyə xristian icmaları rəhbərliyi cəlb edilmir, islam din
xadimlərinin fəaliyyəti isə müşahidəçiliklə və münasibət bildirməklə məhdudlaşır.
Dini İşlər İdarəsi göstərilən problemlərlə bağlı bir sıra faydalı, təsirli
tədbirlər həyata keçirir. Bununla belə, səlahiyyət və imkanlarının məhdudluğu,
habelə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanunundakı
bəzi boşluqlar idarənin fəaliyyətində müəyyən çətinliklər yaradır.
Missionerlər müstəqilliyin ilk illərində adətən hüquqi şəxs kimi humanitar
təşkilatlar tərkibində fəaliyyət göstərmişlər. Hər bir hüquqi şəxs isə təsdiq olunmuş
nizamnamə çərçivəsində fəaliyyət göstərir. Təbii ki, «Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» Qanunla əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edildiyindən
nizamnamədə bu nəzərə alınmalıdır (Qanundan əvvəlki nizamnamələrdə isə
müvafiq dəyişiklik edilməlidir). Elə isə humanitar yardım cəmiyyətləri hansı
cəsarətlə müxtəlif dini-mədəni-kütləvi (əgər belə demək mümkünsə) tədbirlər
təşkil edir, bunu reklam etməkdən belə çəkinmirlər?!
Bir neçə il bundan əvvəl fəallığı ilə fərqlənən «Həyat sözü» Bakının
mərkəzində tüğyan edirdi: ən böyük klub və mədəniyyət evlərini icarəyə götürür,
şoular təşkil edirdi. Heç kim onlara «olmaz» demir, deyə bilmir, ya da demək
istəmirdi. «Yaşıl teatr»da belə bir şounun keçiriləcəyini eşidib Bakı Şəhər
Mədəniyyət İdarəsi ilə əlaqə saxladıq. Bütün hazırlıq tədbirlərinin görüldüyü, icarə
haqqının ödənildiyi deyilsə də, tədbirin ləğvini təkidlə tələb etdik. Bu zaman da
tədbir təşkilatçılarına qəti «yox» deyilmədi, sadəcə, teatrda qəza baş verdiyini,
elektrik xətlərinin sıradan çıxdığını söyləməklə hər iki tərəf razı salındı…
«Həyat sözü»nün növbəti səfəri Lənkərana idi. Orada da dayaq tapılmışdı.
Rayon icra hakimiyyətinin başçısına tədbirin yolverilməz olduğunu bildirəndə o,
təəccübünü gizlətmədi:
- Axı sizdən 5-10 dəqiqə əvvəl yuxarı təşkilatdan zəng vurub, xahiş ediblər
ki, onlar bizə humanitar yardım göstərirlər. Qonaqları yüksək səviyyədə
qarşılayaq. Mənə qaldıqda bilirəm ki, bizim üçün də, əhali üçün də gələnlər əlavə
problem yaradırlar. Yerli din adamlarının missionerlərə münasibəti necə olacaq?
Sıravi «fədailərin» qəyyumluğu, fəaliyyəti məmur himayədarlığından daha
təhlükəlidir. Sektalar son vaxtlar bu dayaqlar üzərində öz işlərini qururlar:
qeydiyyat məsələsində onları qabağa verir, adamların psixologiyasına, kontingentə
uyğun onlardan bacarıqla bəhrələnirlər.
270
Bu qəbildən olan «dayaqlar» yaxşı təlim keçmiş, hazırlıqlı adamlardır.
Düşdükləri vəziyyətdən dərhal istifadə etməyi, mövcud şəraiti qiymətləndirməyi
ustalıqla bacarırlar. İlk baxışda çox səmimi, mömin, mülayim bəndə təsiri
bağışlayan «yerli» ünvanına yönəldilən sərt sözlərə eyni şəkildə və onda da artıq
cavablar verməklə kifayətlənmir, əks-hücuma keçir, hədə-qorxu gəlir, «vicdan
azadlığı»ndan dəm vurur, beynəlxalq qurumlarla, məhkəmə ilə hədələyir. Onların
davranış, hərəkət və münasibətlərində müşahidə edilən ümumi prinsipləri saf-çürük
etsək, ortaya özündə müxtəlif mərhələləri birləşdirən bütöv bir sistem meydana
çıxar.
Birinci mərhələ: həmsöhbətin müəyyənləşdirilməsi. Bu zaman «yerli
missioner» həmsöhbətinin mənsub olduğu sosial təbəqəni, onun maddi vəziyyətini,
dolanacağını, təhsilini, əlaqələrini aydınlaşdırır.
İkinci mərhələdə «yerli missioner» öz torunu qurmağa başlayır. İslama
toxunmadan təkallahlılıqdan dəm vurur, həmsöhbətinin dinə, dini ayinlərə
münasibətini öyrənmək üçün kəşfiyyat xarakterli suallar verir.
Üçüncü mərhələ həlledici mərhələdir: həmsöhbətinin səbatsız, yaxud ehtiyac
içərisində olduğunu hiss edən «yerli missioner» bütün «cəbhə boyu» hücuma keçir.
Həmsöhbətinin beyninə nüfuz edir, onun şübhə və tərəddüdlərinə sarsıdıcı zərbələr
endirir. Sonra isə öz bildiklərini ona diktə etməyə başlayır və ovunu tora salır, onu
da böyük şəbəkəyə cəlb edir.
Təbii ki, uğursuzluq da olur. Necə deyərlər, daş qayaya da rast gəlir. Bu
zaman ikinci mərhələdən «yerli missioner» ustalıqla aradan çıxır.
Lap bu yaxınların söhbətidir. Fəaliyyətinə yenicə yaşıl işıq yandırılmış
(qeydiyyatdan keçmiş) «Həyatverici lütf» adlı icmanın ünvanına Finlandiyadan
hədiyyə – dini mövzuda videokassetlər daxil olmuşdu. İcmanın adından danışan
qız və oğlanın azərbaycanlı olduğu çox mətləblərdən xəbər verirdi. Onlar
videokassetlərin ziyansızlığını, onların əldə edilməsində heç bir qanun
pozuntusuna yol verilmədiyini canfəşanlıqla izah etməyə çalışırdılar. Ən maraqlısı
isə «yerli missionerlərin» icmaya bağlılıq tarixidir. Şübhəsiz, bu prosesin bütün
məqamları, detalları barədə onlar tam məlumat verməzlər. Lakin məntiq və fəhmlə
bütün mətləblər agah olur…
İcmanın fəalı K. adlı qızdan «İslamın nəyi sizi qane etmədi ki, başqa dinə üz
tutdunuz?» sualını o, xeyli təəccüblə qarşıladı:
- Axı, mən heç vaxt müsəlman olmamışam. Nə olsun ki, valideynlərim
özlərini müsəlman hesab ediblər? Orta və ali məktəbdə ateist tərbiyəsi almışam.
Sonra dinlə maraqlanmışam və həyatımı ona həsr etməyi qərara almışam.
- Əhatənizdəkilər islamın şərtlərinə tam riayət etməsələr də, gözünüzü
müsəlman mühitindəki adət-ənənələrlə açmısınız. Necə oldu ki, sizə daha yaxın
islama üz tutmadınız, xristianlığa meyl göstərdiniz?
Növbəti suala cavab verməyə həmsöhbətim çətinlik çəksə də, susmadı:
- Mən əleyhinə deyiləm. Sadəcə, ilk dəfə qarşıma xristian ədəbiyyatı çıxdı,
vəssalam.
K. xanıma «Bəs xarici səfərlərə hansı vəsait hesabına gedirsiniz, kasetləri
hansı pula gətirirsiniz və nəhayət, sizi kim dolandırır?» suallarını vermədik. Buna
ehtiyac da yox idi. Çünki görünən dağa nə bələdçi?!
271
Bəzən
Azərbaycandakı
sektalara təsirli qüvvə kimi yanaşılmır,
fəaliyyətlərinə qeyri-ciddi münasibət bəslənilir. İlk baxışda bu belə görünə bilər.
Lakin unutmaq olmaz ki, missionerlər məqsədlərinə doğru addım-addım
irəliləyirlər.
Son on ildə din sahəsində təbəddülatlar baş verdiyini nəzərə alsaq, 10-20
ildən sonra hansı mənzərə yarana biləcəyini də təsəvvürə gətirmək olar. Yaxşı
yadımdadır. Aşkarlığın ilk illərində Neft Akademiyasından bir alim o zaman çox
fərqlənən «Odlar yurdu» qəzetinə təşrif gətirmişdi. Onun ürkək nəzərlərini,
ehtiyatlı hərəkətlərini və titrək səsini indiki kimi xatırlayıram:
- Bizi inqilabdan əvvəl mollalar, inqilabdan sonra sovet hökuməti həmişə
əzib, sıxışdırıb. Amma məhv edə bilməyib. Düzdür, indi sıralarımız çox seyrəlib,
amma aşkarlıqdan sonra bir dəyişiklik hiss olunur. Daimi bir yerimiz olmasa da,
növbə ilə evlərdə görüşlər, yığıncaqlar keçiririk.
Mən o zaman alimdən mətləbə keçməsini xahiş etdim:
- Bilirsiz, indi aşkarlıqdır, mən bəhailik haqqında, onun dəyərləri barədə bir
yazı hazırlamışam. İstərdim, sizin qəzetdə dərc olunsun.
Həmsöhbətimi dinlədikcə qəlbimdə böyük Sabirə rəhmət oxuyur, materialı
verməmək üçün dəlillər haqqında fikirləşirdim. Alimə söylədiklərimin nə qədər
tutarlı, əsaslı olub-olmadığını deyə bilmərəm, amma o, redaksiyadan küsüb getdi.
Həmin vaxtdan on ildən bir qədər artıq vaxt keçmişdir. O vaxtla müqayisədə
indiki mənzərə heyrətamizdir. Bəhailər dövlət qeydiyyatından keçmiş, özəklər
təşkil etmiş, beynəlxalq əlaqələr yaratmışlar və işlərini çox azad, sərbəst qururlar.
Bir neçə il əvvəl «Həyat sözü» qeydiyyatı yalnız arzulaya bilərdisə, bu gün
artıq həmin problem yoxdur. Deməli, sekta irəliləyir, nüfuz edir…
Sektalar böyük maddi-texniki bazaya sahibdirlər. Qurduqları şəbəkəyə,
hördükləri tora Azərbaycanı da daxil etmək əzmindədirlər.
«İncil»in tədqiqatçıları kimi fəaliyyətə başlayan protestant təriqətli «Yeqova
şahidləri» 150 ilə yaxındır ki, bütün vasitələrdən istifadə edərək öz ideyaları
uğrunda dərindən-qabıqdan çıxır. XX əsrin əvvəllərindən Rusiyaya ayaq açan
«şahidlər» Oktyabr inqilabından sonra ciddi sınağa çəkildilər. Repressiyalara,
təzyiqlərə məruz qaldılar. Lakin gizli fəaliyyətlərini dayandırmadılar. Aşkarlıqdan
sonra keçmiş Sovet İttifaqı məkanında «şahidlər» də baş qaldırdılar. Azərbaycanda
«şahidlər» müstəqilliyin ilk illərindən fəallıq göstərmişlər. Onlar qanuni fəaliyyət
üçün rəsmən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsələr də, müxtəlif
humanitar təşkilatların kölgəsində öz işlərini qurmuşlar.
Bir müddət sonra isə qeydiyyat məsələsini ortaya atdılar, bunun üçün
səfirlikləri, müxtəlif beynəlxalq təşkilatları ayağa qaldırdılar: guya Azərbaycanda
insan haqları pozulur, beynəlxalq öhdəliklərə riayət edilmir, vicdan azadlığı təmin
olunmur. «Şahidlər»in canfəşanlığı, nəhayət, onların Ədliyyə Nazirliyindən rəsmən
qeydiyyatdan keçməsi ilə nəticələndi. Bizə konkret «nədən narahatsınız» sualı ilə
müraciət oluna bilər. Hələ qeydiyyata alınmazdan əvvəl bu başabəla icmanın
Qaradağdakı nümayəndələri Azərbaycan Qaz Emalı zavodu kollektivinə ağır
mənəvi zərbə vurmuşlar. İcmanın fəalları öz əlaltıları vasitəsilə zavodda bir neçə
səbatsız adamı öz tərəfinə çəkmiş, kollektivə nüfuz etmişlər. Onlar bir neçə xristian
və müsəlmanı yoldan azdırmış, sektalarına cəlb etməyə nail olmuşdular.
272
İnsan zəkası və tərəqqisinin, dövlət və ictimai təşkilatların qatı əleyhdarı
kimi çıxış edən «şahidlər» kollektiv arasında Azərbaycanın dövlət atributlarını
tanımamağı təbliğ edir, bayraq, gerb və himnə hörmətsizliyə səsləyir, hərbi
xidmətə getməməyi, gedəndə isə ələ silah almamağı tövsiyə edirdilər. «Şahidlər»in
ideoloji
təcavüzü
nəticə etibarilə Azərbaycan dövlətinin dayaqlarının
zəiflədilməsinə yönəlmişdir. Bax, narahatlıq buna görədir.
Missionerlik yarışında yazının əvvəlində adı çəkilən Krişna Cəmiyyəti xeyli
fərqlənir. 80-ci illərin əvvəllərindən gizli fəaliyyət göstərən Krişna Cəmiyyəti
1994-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Xristian sektaları ilə
müqayisədə Krişnanın fəaliyyət dairəsi məhduddur, əvəzində onlar da
canfəşanlıqda digər missionerlərdən geri qalmırlar. Təkcə onu demək kifayətdir ki,
Krişna ilə bağlı Azərbaycan dilində 10-dək kitab çap edilmişdir.
Qədim Veda fəlsəfəsinə söykənən Krişna təriqətinin əsası 1965-ci ildə ABŞ-
da hindistanlı Trabhubada tərəfindən qoyulub. Dünyanın bir çox ölkələrində özünə
tərəfdar tapan Krişna Azərbaycanda daha çox kasıb təbəqənin diqqətini çəkir…
Sektalar, onların məqsəd və məramları, iş prinsipləri barədə daha ətraflı,
daha geniş yazmaq olar. Lakin hesab edirik ki, buna lüzum yoxdur. Daha çox ona
görə ki, missionerlər artıq Azərbaycan cəmiyyətinin inkaredilməz problemidir və
bu barədə hər kəs müəyyən məlumata sahibdir. Söhbət bu bəladan xilas olmaqdan
gedir. Bunun üçün bütövlükdə cəmiyyət «yox» deməyə hazırlanmalıdır. Heç kim
zorakılığa, vicdan azadlığını pozmağa səslənmir. Sadəcə olaraq, cəmiyyətin bütün
təbəqələrində, laylarında ardıcıl və məqsədli iş aparılmalıdır. Milli ideologiyanın
formalaşdırılması prosesi sürətləndirilməli, ziyanlı, zərərli təbliğatın beyinlərə
yeridilməsinə sipər çəkilməlidir. İslami dəyərlər ardıcıllıqla təbliğ edilməli, xalqa
çatdırılmalıdır. Bu işdə alimlərimizin və savadlı din xadimlərimizin gücündən
geniş istifadə olunmalıdır. Yalnız bu halda cəmiyyəti onu sarmaqda olan yaradan –
missionerlik bəlasından xilas etmək olar.
«Ədəbiyyat qəzeti», 12 may 2000.
Sevgili osmancıq, hüzurundayıq
Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl
mahiyyəti, mənzərəsi on illər boyu gizlədilmiş, saxtalaşdırılmışdır. Sovet rejimi,
kommunist ideologiyası bir tərəfdən tarixin təhrif edilməsinə, qərəzli qələmə
alınmasına rəvac vermiş, digər tərəfdənsə xəstə erməni təxəyyülünün, məkrli
erməni təbliğat maşınının işləməsinə göz yummuşdur. Nəticədə üzdəniraq «partiya
və dövlət xadimi, alim, pedaqoq, kommunist və vətəndaş» (Henri Azadyan) Con
Kirokosyanın «Gənc türklər tarixin məhkəməsi qarşısında» (Yerevan, «Ayastan»
nəşriyyatı, 1986-cı il) kimi əsərlər kütləvi tirajlarla nəşr olunmuş, milyonlarla
insanı yalanlarla məlumatlandırmış, əsl həqiqətlərdən elmi ictimaiyyətin diqqətini
yayındırmış, ermənilərə qarşı regionda ardıcıl şəkildə genosid həyata keçirildiyi,
273
Bakıda və Azərbaycanın digər bölgələrində onlara divan tutulduğu həyasızcasına
qeyd olunmuş, qatillər – erməni terrorçuları, başkəsənlər, qaniçənlər isə «xalq
qisasçıları» adı ilə təqdim olunmuş, təbliğ edilmişdir.
Bizdə Mart qırğını ilə bağlı həqiqətlər (illər boyu susmayan və susdurula
bilməyən tək səs – mühacir nəşrlər – «Yeni Qafqasya», «Azəri-türk», «Odlu yurd»,
«Bildiriş», «İstiqlal», «Qurtuluş», «Azərbaycan» kimi qəzet və jurnallar istisna
olmaqla) Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra söylənilməyə
başlanmışdır. Dünya şöhrətli dövlət və siyasət xadimi Heydər Əliyev
Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra isə Mart qırğını haqqında
həqiqətlər ən yüksək tribunalardan eşidilməyə başlanmışdır. Azərbaycan
Respublikası Prezidentinin 1998-ci ildə imzaladığı Fərmana uyğun olaraq, həmin
vaxtdan hər il 31 mart Azərbaycan xalqının soyqırımı kimi dövlət səviyyəsində
qeyd olunur, soyqırım qurbanlarının xatirəsi yad edilir. Azərbaycan
Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar mühüm sənədlər qəbul etmiş,
beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən
ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərini
tanımasını, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan
ötrü təsirli tədbirlər görülməsini xahiş etmişdir. Yeri gəlmişkən, Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti tərəfindən 1919 və 1920-ci illərdə martın 31-i milli matəm
günü kimi qeyd olunmuşdur.
Elə bilirəm ki, Mart qırğını qurbanlarının xatirəsini yad etməklə yanaşı, eyni
zamanda Azərbaycanlıların cismən məhv edilməsinin qarşısını alan qəhrəman,
məğlubedilməz türk əsgərlərinin, xalqımızın igid övladlarının da əziz xatirəsini yad
etməliyik…
Ötən əsrin yetmişinci illərində kəndimizdə – bizim Dəmirçi məhəlləsində
yaşı 100-ü haqlamış xeyli ağsaqqal, ağbirçək yaşayırdı: babam Məcid əfəndi, onun
qardaşları Yusif əfəndi, Tahir əmi, eləcə də qonşularımız Muxtar əmi, Qədim əmi,
Tacəddin əmi, Məci əmi, Daşdəmir əmi, Hümbət əmi, Cəlal əmi, Tükəzban nənə,
Şəkər nənə, Zərxatun nənə, Ümmü nənə, Səfurə nənə, Sona nənə, Gülzar nənə,
Züleyxa nənə… Onların nurlu, təbəssümlü çöhrələri, işıqlı, ifadəli gözləri, dəyərli
öyüd-nəsihətləri, şirin, məzəli söhbətləri, müdrik kəlamları o dövrün cavanlarının
yaddaşına əbədi həkk olunub. İxtiyar kişilərin ixtalatlarının (söhbətlərinin)
mövzusunun sədd-sərhədi yox idi: ata-babalarından eşitdiklərindən, özlərinin
şahidi, iştirakçısı olduğu hadisələrdən danışmaqdan yorulmazdılar. Kolxoz-artel
quruculuğundan, bu işə müqavimət göstərənlərə divan tutulmasından, din
xadimlərinə qarşı amansız rəftar edilməsindən, müharibə, aclıq illərindən,
kəndimizin iki addımlığında Nohur su anbarının tikintisindən, ilk avtomobilin, ilk
priyomnikin (radionun) gətirilməsindən, dəmirçi sexlərindən, sənətkarlardan, at-
öküz, kəl arabalarından, toz-torpaqlı kənd yollarından, cəltik zəmilərindən, arpa-
buğda xırmanlarından… ağsaqqallar təsbeh çevirə-çevirə, tənbəki qəlyanı sümürə-
sümürə, həvəslə, ehtirasla, bəzən də göz yaşları ilə, köks ötürə-ötürə danışardılar.
Biz isə maraqla dinləyər, hey dinləyərdik…
Bu mövzulardan birindən – kəndimizdə və ona yaxın kəndlərdə ermənilərin
törətdiyi vəhşiliklərdən bəhs edəndə ağsaqqallar bir qədər ehtiyatlanar (bu barədə
danışmaq olmazdı), həyəcanlanar, sarsılar, dodaqları titrəyər, əlləri əsər, qəzəbdən
274
gözləri hədəqəsindən çıxardı. Onlar söyləyərdilər ki, silahlı ermənilər 1918-ci ildə
qonşu kəndlərdə, xüsusi ilə Yengicə və Tüntüldə ağlasığmaz vəhşiliklər
törətmişlər: hamilə qadınları süngüləmiş, adamları diri-diri təndirə tullamış,
bellərinə qaynar samovar bağlamış, uşaq, qoca, xəstə bilmədən qarşılarına çıxan
hər kəsi qəddarcasına qətlə yetirmiş, sakinlərin var-dövlətlərini talan etmiş, ev-
eşiklərini yandırmışlar.
İxtiyar həmsöhbətlərimiz danışırdılar ki, ermənilər qəflətən dəyişmişdilər:
bir anda hər şeyi – haqq-salamı, duz-çörəyi, qonşuluğu unutmuş, qatı düşmənə,
cəllada çevrilmişdilər. Silahsız azərbaycanlılar dəhrə-balta, yaba ilə müqavimət
göstərsələr də, bu yetərli deyildi; insanların ah-naləsi göylərə bülənd olurdu,
imdada yetişən yox idi. Bir gün isə… adamların əli, ümidi hər yerdən üzüləndə…
lap nağıllarda olduğu kimi, toplar guruldadı, yer-göy titrədi. Əvvəl heç kim heç nə
anlamadı. Az sonra kəndə çapar gəldi. Məlum oldu ki, qonşu Göyçaya yetişən
Osmanlı əsgərləri Qutqaşında erməni vəhşiliyindən xəbər tutmuş və qətliama
məruz qalan azərbaycanlıların köməyinə gəlmişlər: Kötüklü kəndində quraşdırılan
toplar erməni kəndlərini – Bəylər və Əmirvanı hədəfə alır. Elə ilk həmlədən
ermənilərin böyük əksəriyyəti pərən-pərən düşür, meşələrə səpilir, dağlara
çəkilirlər, azərbaycanlılara sığınır, onlara yalvarır-yaxarır, qonşu olduqlarını, duz-
çörək kəsdiklərini xatırladır, diz çöküb aman diləyirlər. Bir qismi isə müqavimət
göstərir, təslim olmaq istəmirlər. Yaşlı həmkəndlilərimin bu söhbətlərindən 30-35
il ötdükdən – Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən bir müddət
sonra mən Azərbaycan Respublikasındakı Türkiyə səfirliyinin sabiq müşaviri Fəthi
Gədikliyə aşağıdakı məzmunda məktubla müraciət etdim:
«Hörmətli Fəthi bəy! Tariximizin son 200 ili barədə düşünəndə fikirləşirəm:
millət olaraq ən böyük faciəmiz nədir? XIX əsrin əvvəllərində Rusiya tərəfindən
Azərbaycan
xanlıqlarının işğalı, başqa sözlə Türkmənçay, Gülüstan
sövdələşmələri? Bəşər tarixində analoqu olmayan işgəncə və təhqirlərin farslar
tərəfindən başımıza gətirilməsi – milyonlarla insanın dilsiz və məktəbsiz
qoyulması? Son 100 ildə ermənilər tərəfindən millətimizə qarşı törədilmiş
cinayətlər – 1905-ci il fevral, avqust qırğınları, 1918-ci il Bakı, İrəvan, Zəngəzur,
Şamaxı, Quba, İsmayıllı, Göyçay, Nəvahi, Kürdəmir, Neftçala, Salyan, Gəncə…
fəlakətləri? Xoy faciəsi? 1948-1953-cü illərdə Ermənistan adlandırılan ərazidən
200 mindən çox azərbaycanlının deportasiyası? 1988-ci ildən başlanan və bu gün
də davam edən erməni vəhşiliyi – terrorlar, təcavüzlər? Dağılmış məktəblər,
mədrəsələr, şəhərlər, kəndlər? Xocalı, Malıbəyli, Meşəli, Qaradağlı vəhşətləri? Ya,
bəlkə Azərbaycanın ümumi ərazisinin son iki yüz ildə itirilmiş 80% (!) torpaqları?
Bunların hansı ən böyük faciəmizdir? Biganəlik, bivecilik, ətalət, laqeydlik və
unutqanlığımızla müqayisədə heç biri! Əgər bir trilogiya yazsaydım,
söylədiklərimin anatomiyasını açar və bizə xas naqis cəhətlərin törətdiyi
ölçüyəgəlməz fəsad və faciələri göstərərdim…
Keçirəm mətləbə. Oxuduğum Qəbələ rayon Nohurqışlaq kənd orta
məktəbinin həyətində – futbol meydançasının kənarında, məktəb binasına gedən
cığırın – yolun sağ tərəfində böyük, qollu-budaqlı bir əzgil ağacı vardı. Onun
budaqlarına çoxlu qara və qırmızı parçalar bağlayardılar. Lakin bu iş nə vaxt
görülürdü, bilmirdik. Yalnız hər dəfə köhnəlmiş, cındır əskilərin yanında, yaxud
275
yerində təzə parçaların bağlandığı diqqətdən qaçmırdı. O vaxt bizə deyirdilər ki,
həmin yer pirdir – ocaqdır. Lakin orada kim, nə vaxt dəfn edilib – bu barədə bizə
heç kim heç nə demirdi. Biz həmin əzgilin meyvəsini də yemirdik. Bu, günah
sayılırdı…
Rəhmətlik babam Məcid əfəndi və atam Həmid kişi həmişə bizim tərəflərdə,
xüsusi ilə qonşu Tüntül və Yengicə kəndlərində ermənilərin yerli sakinlərə qarşı
törətdikləri ağlasığmaz vəhşiliklərdən danışardılar. Üzdə özünü dost göstərən
mənfur ermənilər gizlində silahlanırmışlar. 1918-ci ildə onlar əliyalın
azərbaycanlılara qarşı amansız divan tutmuşlar. Silahlı ermənilər Qafqaz-Türk
Ordusu tərkibində Azərbaycana köməyə gələn türklərə də ara-sıra müqavimət
göstərir, onları arxadan vurur, yaxud pusquya salırdılar. Bizə deyərdilər ki, bir gün
Göyçay tərəfdən – Kötüklüdən Tüntülə yaxın Bəylər və Əmirvan erməni
kəndlərinə top gülləsi düşəndə, ermənilər – «bu həna o hənadan deyil, türk gəldi,
biz batdıq» - deyib, pərən-pərən düşürlər. Valideynlərimiz bizim kənddə də türk
məzarı olduğunu ehtiyatla söyləyirdilər…
Mən «Odlar yurdu» qəzetində işləyəndə Tüntül kənd sakini – Fərman
müəllim redaksiyaya rəsmən müraciət etdi. O, yazırdı ki, həyat yoldaşının babası
türk zabiti olub. Fərman müəllim Türkiyədəki – Bayburtdakı qohumlarını
soraqlayırdı. Təəssüf ki, o vaxt Fərman müəllimə kömək edə bilmədik – nə isə…
Kəndimizin ağsaqqalları, xüsusilə tarix müəllimi Hacı Ağahüseyn Tahirov
israr və inadla bildirir ki, əzgilin altındakı pir türk zabitinin, yaxud əsgərinin
məzarıdır. Həmin ərazi yeni məktəb binasının özülünə düşdüyündən əzgilin ətrafı
qazılmış və kənd sakinləri (Molla Qaraca və digərləri) oradakı sümükləri toplayıb
kənd qəbiristanlığında – Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş İlham
İlyas oğlu Abdulkərimovun, Elçin Məhəmməd oğlu Orucovun, Elxan Süleyman
oğlu Abuşovun, Elbrus Rza oğlu Qasımovun, Natiq Əlisa oğlu Abuşovun
məzarının sırasında yenidən dəfn etmişlər. Heç şübhəsiz, bu türk zabitinin, yaxud
əsgərinin məzarıdır ki, kənd sakinləri ora vaxtı ilə pir, ocaq kimi baxmışlar.
Sovet dövründə yasaqlar olduğundan, bu gün isə biganəlik, laqeydlik
ucbatından hələlik həmin məzarı müqəddəs şəhid qəbiri səviyyəsinə qaldırmaq,
səcdəgaha çevirmək mümkün olmamışdır. 1918-ci ildə azərbaycanlıların cismən
məhv edilməsinin qarşısını alarkən türk ordusu 1300 nəfərdən çox şəhid vermişdir.
Sovet hökuməti onların məzarlarını da yer üzündən silmişdir… Bakı-Şamaxı
yolunun kənarında bir türk zabitinin tənha məzarı qalmaqdadır. Nohurqışlaqdakı
məlum məzar son vaxtlar aşkar edilən tək-tək türk qəbirlərindəndir. Ruhu şad
olsun!
Bəlkə o şəhidin ruhunu sevindirək? Bəlkə, türk zabitinin xatirəsinin
əbədiləşdirilməsi, məzarının abadlaşdırılması, abidəsinin ucaldılması üçün
tərpənək, hərəkət edək?
Biz çox vaxt tariximizin doğru-düzgün yazılmadığından gileylənirik. Amma
tarix yaşananlar deyilmi? Yaşananları öz əlimizlə torpağa basdırırıqsa, günah
kimdədir?»
Məktubun üstündən bir müddət keçdikdən sonra Türkiyə Cümhuriyyəti Bakı
Böyük Elçiliyi Silahlı Qüvvələr attaşesi general Fəxri Kır Nohurqışlaq kəndinə
türk əsgərinin qəbrinin ziyarətinə gəlir. Nohurqışlaqdan Qarabağ uğrunda şəhid
276
olan 5 nəfərin məzarı ilə bir sırada uyuyan xilaskar türk əsgərinin qəbiri başında
farağat duran general şəhidlərin ruhuna dua oxuyub qarşılarında baş əydi. Onun
görkəmi elə təəssürat yaradırdı ki, sanki general şəhidə raport verirdi: «Sevgili
osmancıq, hüzurundayıq. Rahat uyu, Azərbaycan istiqlalına qovuşmuşdur. Ruhun
şad olsun».
Kənd sakinlərinin, Bakıdan və rayon mərkəzindən gələn hörmətli
qonaqların, məktəb müəllimlərinin, digər ziyalıların iştirakı ilə keçən ziyarət
zamanı çıxış edənlər erməni vəhşiliyindən, xilaskar türk əsgərlərinin şücaətindən,
qəhrəman osmancıq-mehmetciklərin adlarının əbədiləşdirilməsinin əhəmiyyəti və
aktuallığından ətraflı bəhs etdilər. Tədbir başa çatdıqdan sonra general Fəxri Kıra
yaxınlaşdım, ziyarət üçün kənd sakinləri adından ona minnətdarlığımı bildirdim və
əlavə etdim:
- Qonşu Yengicə kənd qəbiristanlığında bir neçə türk əsgər və zabitinin
məzarı olduğu barədə də məndə məlumat var. Oraya baş çəkməyə vaxtınız,
imkanınız olarmı?
General duyğulandı, həyəcanlandı, şəhid türk əsgərinin məzarını ziyarət
etməyin müqəddəs borc olduğunu, hər kəsə şərəf gətirdiyini söylədi. Biz Yengicə
kəndinə yola düşdük. Kəndin köhnə qəbiristanlığında əksər məzarların yeri itmiş,
başdaşları çökmüşdür. Yerli sakinlərin müşayiəti ilə hündür, sal çay daşından
yonulmuş başdaşına yaxınlaşırıq. Şanlı türk əsgəri tarixin, əsrlərin çox
sınaqlarından çıxmışdır. Burada uyuyan türk əsgərinin başdaşı da illərin
fırtınalarına, təbəddülatlarına dözmüşdü, sinə gərmişdi, indi isə bizə bələdçilik
edirdi. Qəbələnin sayılıb seçilən din xadimi Hacı Ağahüseyn Yusif əfəndi oğlu
Tahirov ərəb əlifbası ilə işlənmiş kitabəni oxuyur. Başdaşı üzərindəki ay-ulduz 90
il əvvəlki görkəmini olduğu kimi saxlamışdır. Dünyanı fəth edən qəhrəman türk
əsgərinin çəkmələri, qılıncı və güllə darağının şəkilləri də başdaşını bəzəyir. Bu
məzarın beş-altı addımlığında daha iki türk şəhidinin başdaşı qalmışdır.
Təsirlənmiş ziyarətçilər şəhidlərin ruhuna dua oxuyub, məzarıstandan zəngin,
unudulmaz təəssüratlarla ayrılırlar.
Geriyə boylanıram, nəzərim polad kimi məğrur, sarsılmaz türk əsgərinin
simvoluna çevrilmiş başdaşına dikilir. Bu an yadıma türk ordusu tərkibində
Koreyaya göndərilən, əslən Qars azərbaycanlılarından olan topçu zabit Fuat
Azgurun 1953-cü ildə Koreyadan Türkiyəyə ünvanlanan və «Azərbaycan»
(Ankara) jurnalında (№ 1 (10), 1953) dərc olunan şeiri yadıma düşür:
«Doğudan Batıya həsrət qoxulu.
Bir yel əsər, sərin-sərin, bizimdir;
Qədər dolu, sevda dolu, eşq dolu,
Şəhid dolu təpələrin bizimdir.
Bir sonsuz həsrətlə bağrılar yaxan
İrmağın, çayındır damarlarda qan;
Səni hərşeyinlə sevəriz, Vatan,
Yağmurun, fırtınan, qarın bizimdir.
277
Eşqi və həyatı səndə bulan biz,
Yar diyə sevdiksə, səni sevmişiz;
Hicranına ortaq, dərdinə eşiz.
Həm sevincin, həm kədərin bizimdir.»
Azərbaycanın istiqlalı uğrunda son nəfəsinədək ideoloji mücadilə aparmış
istedadlı yazıçı, publisist, naşir, redaktor Mirzə Bala Məmmədzadə mühacirlərin
İstanbulda nəşr etdikləri «Yeni Qafqasya» jurnalında «Bakının azad olunması
uğrunda döyüş – 15 Sentyabr qələbəsi» adlı məqaləsində (№ 24 (93), 1927)
yazırdı: «15 Sentyabr 28 May qədər tarixi və müqəddəs bir gündür». Bu gün –
Azərbaycan müstəqilliyini bərpa etdikdən 17 il sonra, Azərbaycan Xalq
Cümhuriyyətinin 90 illiyi ərəfəsində də bu kəlam türk əsgəri tərəfindən erməni
quldur dəstələrinin darmadağın edilməsinin xalqın tarixində, taleyində, istiqlalın
qazanılmasında və qorunmasında rolunu layiqincə dəyərləndirir.
…Müşavir Fəthi Gədikliyə müraciətimin, general Faxri Kırın Qəbələyə
səfərinin üstündən 2 ilə yaxın vaxt keçir. Bu gün Nohurqışlaq kənd
qəbiristanlığında bu kəndin Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidləri ilə
bir cərgədə türk əsgərinin də məzarı var. Onların müqəddəs məzarları üstündə iki
qardaş dövlətin bayraqları keşik çəkir, dalğalanır.
“Ədəbiyyat qəzeti”, 12 mart 2010
Xəlil Rza Ulutürk – 70
Dostları ilə paylaş: |