C.Hacıbəylinin publisistikasında xeyriyyəçilik,
maarifçilik və məktəb problemi
Xeyriyyəçilik xalqımızın yol yoldaşıdır, onun tarixi əsrlərlə ölçülür.
Folklorumuzda, digər ədəbi nümunələrimizdə xeyriyyəçiliklə bağlı küllü miqdarda
misallar var. Lakin xeyriyyəçiliyin təşkilatlanma tarixi XIX əsrin əvvəllərindən
başlayır. 1899-cuilin avqust ayında Şuşada Ə.Haqverdiyevin «Dağılan tifaq» əsəri
oynalınır və tamaşadan əldə olunan vəsait şəhərin rus-müsəlman məktəbi
şagirdlərinin təhsil haqlarını ödəməyə sərf olunur. Həmin dövrdə «Şərqi-Rus»,
«Kaspi» qəzetlərində xeyriyyəçiliklə bağlı xəbərlər dərc olunur, xeyriyyə
cəmiyyətlərinin təşkilinin vacibliyi vurğulanırdı.
Azərbaycan mətbuatı tarixində silinməz iz buraxmış «Şərqi-Rus» qəzeti 1903-
cü ildə yazırdı ki, Bakıda kasıbların ev-bə-ev, dükan-ba-dükan gəzib
dilənmələrinin qarşısını almaq üçün xeyriyyə cəmiyyətlərinin təşkili vacibdir.
«Kaspi» qəzeti həmin ilin aprel ayının3-də xəbər verirdi ki, Bakıda-müsəlman
qiraətxanasında Novruz bayramı münasibətilə yığılan 833 rubl pul kasıb və
ehtiyacı olan şagirdlərə paylanmışdır. «İrşad» qəzeti Bakıda xeyriyyəçiliyin
yayılması, təşkilatlanması sahəsində əvəzedilməz rol oynamışdır. Xalqın
tərəqqisini maariflənməkdə görən ziyalılar xeyriyyə cəmiyyətlərinin rolunu yüksək
qiymətləndirir, «millətin diriliyinə səbəbi elmdə görür və xalqa xitab edirdilər:
«Düşmən qabağına düşmən əlində olan yaraqla çıxarlar. Tüfəng qabağında qılınc,
elm qabağında nadanlıq, həmiyyət qabağında yalquzluq yaramaz». («İrşad» qəzeti,
1906-cı il,6 yanvar, № 12).
Göstərilən səy və təşəbbüslər nəticəsində əsrin əvvəllərində bir-birinin ardınca
xeyriyyə cəmiyyətləri fəaliyyətə başlayırdı. «Cəmiyyəti-xeyriyyə», «Səadət»,
«Nicat», «Nəşri-maarif» cəmiyyətləri qiraətxana və kitabxanalar, məktəblər açır,
kitablar nəşr edir, daha istedadlı şagirdləri nüfuzlu məktəblərə göndərir, təcrübəli
müəllimləri toplayır, ədəbi müsamirələr təşkil edir, tamaşalar göstərir, əlsiz-
ayaqsızlara, ehtiyacı olanlara yardım edirdi.
22
Əgər H.Z.Tağıyev, İ.Hacıyev, İ.Səfərəliyev, Ə.Əhmədov, A.Aşurov,
M.Muxtarov, İ.Aşurbəyov, M.Nağıyev, İ.Əsədullayev və başqaları xeyriyyə
cəmiyyətlərini maliyyələşdirirdilərsə, Ə.Ağayev, H.Zərdabi, S.Qənizadə, Üzeyir və
Ceyhun Hacıbəyov qardaşları, Ə.Haqverdiyev, H.Vəzirov, N.Nərimanov,
Ə.Topçübaşov və b. ziyalılar bu cəmiyyətlərin mənəvi dayaqları idilər.
Şübhəsiz , xeyriyyə cəmiyyətlərinin fəaliyyəti C.Hacıbəylinin daim diqqət
mərkəzində saxladığı mövzulardandır. C.Hacıbəyli bir tərəfdən xeyriyyə
cəmiyyətlərinin fəaliyyətində, tədbirlərində yaxından iştirak edirdisə, digər
tərəfdən bu cür cəmiyyətlərin gördüyü işlərdən, qarşısında duran vəzifələrdən
yazır, geniş oxucu kütləsinin diqqətini bu sahəyə yönəltməyə səy göstərirdi. Onun
xeyriyyəçilik mövzusunda yazdığı məqalələr, toxunduğu problemlər bu gün də
aktual səslənir. Bazar iqtisadiyyatına keçidin çətinlikləri, Ermənistanın
Azərbaycana təcavüzü bir çox problemlər yaratmışdır. 1988-ci ildə yüz minlərlə
azərbaycanlı Ermənistandan-ata yurdundan didərgin salınanda, daha sonralar
Dağlıq Qarabağdan və ona yaxın bölgələrdən həmvətənlərimiz qaçqın düşəndə
hökumət onların bütün məsələlərini həll etməyə qadir deyildi. Bu zaman ayrı-ayrı
xeyriyyəçilər,
bir
qədər
sonra
xeyriyyə
cəmiyyətləri
dara
düşmüş
həmvətənlərimizə qayğı göstərir, onları ərzaq və geyimlə təmin edirdilər. XX əsrin
əvvəllərində də mənzərə acınacaqlı idi. Ağır iqtisadi şərait, I Dünya
müharibəsindən Bakıya pənah gətirmiş on minlərlə qaçqın xeyriyyəçilik hərəkatını
zəruri etmişdi. Məhz belə bir vaxtda C.Hacıbəyli qələmi ilə xeyriyyəçiliyin
inkişafına təkan verir, imkanlıların bu işə səfərbər olunmasına çalışırdı.
«Baku» qəzeti «Yeni cəmiyyət» (1909-cu il, 29 mart, №70) adlı məqalədə
xəbər verirdi ki, Çəmbərəkənddə yaşayan bir qrup müsəlman, «Səfa» maarifçi
cəmiyyəti açmağa təşəbbüs göstərmişdir. Məqsəd yeni məktəb və mədrəsələrin
açılması, xalq tamaşalarının səhnəyə qoyulması, rus və tatar dillərində kitabların
nəşri, habelə şagirdlərə yardım göstərilməsidir. Cəmiyyətin Nizamnaməsi
hazırlanmış və yaxın günlərdə təsdiq ediləcəkdir.
Ceyhun Hacıbəyli, «1912-ci il müsəlman həyatı» adlı məqaləsində («Kaspi»
qəzeti, 1913-cü il, 1 yanvar, №1; 3 yanvar, №2; 4 yanvar, №3) göstərirdi ki, yenicə
yaranmış «Nicat» və «Səfa» cəmiyyətləri fəaliyyətlərini genişləndirmiş, məktəblər
açmış, səhnəyə yeni tamaşalar qoymuşlar. «Nəşri-maarif»in məktəbləri» («Kaspi»
qəzeti 1913-cü il, 17iyul, №153) adlı məqalədə C.Hacıbəyli yazırdı ki, hazırda bu
cəmiyyətin məktəblərində 600 nəfər uşaq təhsil alır. Fərəhləndiricidir ki, son vaxt
qızların təhsilə yiyələnmələri geniş yayılır. «Nəşri-maarif»in məktəblərində 30
nəfər qız təhsil alır. Müəllif mövcud vəziyyəti işıqlandırmaqla kifayətlənmir,
cəmiyyətin vəzifələri haqqında bəhs edir.
C.Hacıbəyli cəmiyyətdəki tərəqqipərvər qüvvələrin birləşməsi, onlar
arasındakı fikir ayrılığının ümumi işə ziyan verməməsi naminə var qüvvə ilə
çalışmışdır. Müəllif həmişə xeyriyyə cəmiyyətlərini əməkdaşlıq etməyə,
birləşməyə səsləmişdir («Kaspi» qəzeti, 1912-ci il, 21 noyabr №264). Onun
«Aydın deyil» («Kaspi» qəzeti, 1913-cü il, 14 mart, №106) adlı məqaləsi də bu
təmiz niyyətə xidmət edir. Müəllif xeyriyyəçilik, xüsusilə maarifçilik sahəsində
«Səfa» və «Nicat» cəmiyyətlərinin xidmətini təqdir edir. Sonra qeyd edir ki, hər iki
cəmiyyət eyni məqsədə qulluq edir, eyni vəzifələri həyata keçirir. Onların
23
birləşməsinə nə mane olur? Axı, bu iki qüvvə birləşərsə, birgə hərəkət edərsə, daha
böyük uğurlar qazanılar.
Salnaməçi-jurnalist öz ənənəsinə sadiq qalaraq, 1914-cü ildə qələmə aldığı
«1913-cü ildə müsəlman həyatı» («Kaspi» qəzeti, 1 yanvar, №1; 3 yanvar, №2; 4
yanvar, №3; 5 yanvar, №5) adlı məqaləsində ədəbiyyat, teatr, incəsənət,
mədəniyyət və s. sahələrlə yanaşı maarif sahəsindəki nailiyyətlərdən, o cümlədən
«Nəşri-maarif»in fəaliyyətindən ətraflı bəhs etmişdir.
«İşığın şüası» adlı məqaləsində («Kaspi» qəzeti, 18 noyabr, №259) müəllif
mövzu dairəsini bir qədər genişləndirmiş «Cəmiyyəti xeyriyyə», «Səfa», «Nicat»,
«Nəşri-maarif» haqqında sanballı məqalə yazmışdır. Müəllif maarifçiliyi yaymaq,
məktəblər açmaq sahəsində bu cəmiyyətlərin rolunu yüksək qiymətləndirməklə,
təqdir etməklə yanaşı daha böyük nəticələrə nail olmaq yollarından söhbət açır.
«1914-cü il müsəlman həyatı» («»Kaspi» qəzeti, 1915-ci, 1 yanvar, №1; 6
yanvar, №4; 9 yanvar, №6) adı ilə dərc olunmuş məqaləsində Ceyhun bəy yazırdı
ki, xalq arasında maarifi və mədəniyyəti yayan maarif cəmiyyət və təşkilatlarının
sayı artmışdır. «Səadət», «Səfa», «Nicat» cəmiyyətləri xeyli iş görmüşdür. İlk
qadın xeyriyyə cəmiyyəti yaradılmışdır.
C.Hacıbəyli «Nəşri-maarif»in məktəbləri» («Kaspi» qəzeti, 1915-ci il, 26
may, №114; 2 iyun, №120) adlı məqaləsində Cəmiyyətlə Bakı quberniyası və
Dağıstan vilayəti xalq məktəblərinin direktorluğu arasındakı mübahisə doğuran
məsələlərdən bəhs edir. Müəllif «Nəşri-maarif»in Bakı və ümumiyyətlə, Qafqazın
həyatında oynadığı müsbət rolu yüksək qiymətləndirir, göstərir ki, özünün 8 illik
fəaliyyəti dövründə Cəmiyyət müsəlman kütlələrinin savadlanmasında misilsiz rol
oynamışdır. Müəllif 5-6 il əvvəlin mənzərəsini təsvir edir, xatırladır ki, həmin vaxt
«məktəb» adı çəkiləndə onun əleyhdarları qıcıqlanır, məktəbə, maarifə az qala
şeytan əməli kimi baxırdılar. «Nəşri-maarif» məhz belə bir şəraitdə fəaliyyətə
başlamışdı. Böyük səy, işə alovlu məhəbbət maariıfçilər qarşısına çəkilmiş süni,
təbii maneələri məhv etdi. Onlar ötən illər ərzində parlaq nəticələr qazandılar.
Fəaliyyətinin ilk dövründə «Nəşri-maarif» təkcə Bakıda iş görürdüsə, sonradan o
kənddə maarifi yaymağa başladı. «Rus-tatar məktəblərindən başqa şəhərdə elə bir
məktəb yox idi ki, az, ya çox dərəcədə müsəlman uşaqları sözün müasir mənasında
təhsilə yiyələnsinlər». Belə bir vəziyyətdə Cəmiyyət Bakıda üç yerdə – Hacı Banu
məscidinin yanında, Hacı İmam Əli məscidinin yanında və Hacı İbrahim
məscidinin yanında məktəblər açdı.
Məktəbləri əhali böyük rəğbətlə qarşıladı. 1907-11-ci illərdə həmin
məktəbləri 275 nəfər şagird bitirmişdir. Təqdirəlayiqdir ki, Cəmiyyətin
məktəblərində təhsil yeni metodla aparılırdı.
Cəmiyyətin rəhbərləri gözəl bilirdi ki, təhsil işinin düzgün həyata keçirilməsi
üçün təkcə məktəbin olması kifayət deyil. Hazırlıqlı müəllimlərin olması zəruridir.
Seminariya və institut təhsilli müəllimlər azlıq edir, onlar da xidmət şərtləri daha
sərfəli olan dövlət müəssisələrində işləməyi üstün tuturdular. Odur ki, «Nəşri-
maarif» müəllim hazırlığı üçün əməli tədbir görürdü. «Darülmüəllim» 3 illik
fəaliyyəti dövründə 28 nəfər müəllim buraxmışdı. Həmin müəllimlər «Nəşri-
maarif»in, «Səadət» və başqa cəmiyyətlərin məktəblərində dərs deyirdilər.
24
Kənddə fəaliyyətini genişləndirən «Nəşri-maarif» ilk vaxtlar ciddi
müqavimətə rast gəldisə də, işin düzgün təşkili, adamlarla yaxın münasibət tezliklə
öz faydasını verdi. Qısa müddətdə 14 kənddə 16 ibtidai məktəb açıldı ki, bu
maarif müəssisələrində 1200 nəfər kəndli uşağı təhsil alırdı. Əlamətdar faktdır ki,
təhsil alanlar arasında qızlar da (130 nəfər) vardı. Elə təkcə bu faktın özü
Cəmiyyətin kənddə etibarına, nüfuzuna dəlalət edir.
«Nəhşri-maarif»in müəllimləri əvvəlcədən xəbərdar edilirdilər ki, onlar təhsil
məsələlərində yalnız direktorluğa, bütün digər məsələlərdə, o cümlədən maliyyə-
təsərrüfat işində Cəmiyyətə tabedirlər.
C.Hacıbəyli direktorluq və Cəmiyyət arasındakı ixtilafa işarə vuraraq
göstərirdi ki, məktəblərin açılması, fəaliyyəti ilə bağlı bütün təşəbbüs və
məsuliyyət Cəmiyyətin üzərinə düşür. Direktorluğun fəaliyyəti onunla məhdudlaşır
ki, qanunlar çərçivəsində məktəblərə cüzi maddi yardım göstərir. Həmin vəsait
Cəmiyyətin büdcəsinə daxil edilir və ehtiyaca uyğun sərf olunur.
Beləliklə, C.Hacıbəyli özünün güclü məntiqi, ağıllı dəlillərilə direktorluqla
Cəmiyyət arasındakı münaqişənin mənasız olduğunu, Cəmiyyətin fəaliyyətini
məhdudlaşdırmağa yönəldilən cəhdlərin işə ziyan gətirdiyini üzə çıxarır.
Qafqazın ictimai-siyasi, ədəbi-mədəni həyatında misilsiz xidmətləri olan
xeyriyyə
cəmiyyətlərinin
fəaliyyəti C.Hacıbəyli
publisistikasının aparıcı
mövzularındandır. Bu baxımdan onun «Xeyriyyəçiliyimizin 10 illiyi» adlı
məqaləsi («Kaspi», qəzeti, 1915-ci il, 15 noyabr, №256) böyük əhəmiyyət kəsb
edir. Məqalə bir tərəfdən 10 illk tarixə malik xeyriyyəçilik hərəkatına baxışdırsa,
digər tərəfdən xeyriyyə cəmiyyətləri qarşısında duran vəzifələri göstərən dəyərli
mənbədir.
«Bu gün ehtiyacı olan qardaşlarına təşkilatlanmış qaydada yardım etmək
istəyən Bakı müsəlmanlarının arzusunun həyata keçməsinin 10 ili tamam olur».
Ceyhun bəy göstərir ki, müsəlmanlar xeyriyyə cəmiyyətləri yaratmağa dəfələrlə
cəhd göstərmişlər. Amma buna mane olmuşlar. Erməni, yəhudi, gürcü xeyriyyə
cəmiyyətlərinin tarixi isə on illərlə ölçülür. İlk dəfə «Cəmiyyəti-xeyriyyə»
fəaliyyətə başlamışdır. Onun qarşısında kasıb müsəlmanlara yardım etmək,
həmçinin müsəlman şagirdlərin orta və ali təhsil almasına kömək etmək vəzifələri
dururdu.
Cəmiyyətin təsisçiləri həm varlılar, həm də ziyalılar idi:
1.
Kommersiya məsləhətçisi - Hacı Zeynalabdin Tağıyev;
2.
«Əkinçi»nin sabiq redaktoru, «Kaspi» və «Həyat»ın əməkdaşı -Həsənbəy
Məlikov;
3.
«Həyat» qəzetinin sabiq redaktoru-Əhməd bəy Ağayev;
4.
«Həyat» qəzetinin redaktoru-Əli bəy Hüseynzadə;
5.
İsmayıl bəy Səfərəliyev;
6.
Hacı Aslan Aşurov;
7.
Tacir İsa bəy Hacınski;
8.
Bakı şəhər upravdomunun üzvü-Kamil bəy Səfərəliyev;
9.
Doktor-Abdul Xalıq Axundov;
10.
Doktor-Həsən bəy Ağayev;
11.
Şəhər Dumasının iclasçısı-Kərbəlayı Nəcəfqulu Sadıqov;
25
12.
Şəhər Dumasının iclasçısı-Kərbəlayı İsrafil Hacıyev;
13.
Şəhər Dumasının iclasçısı-Həsən Ağa Həsənov;
14.
Doktor-Məmməd Rza bəy Vəkilov;
15.
Tacir-Mirzə Əsədullayev;
16.
Praporşik-Əsəd bəy Səlimxanov;
17.
Tacir-Ağabala Quliyev;
18.
Şəhər Dumasının iclasçısı-Əsədulla Əhmədov;
19.
Şəhər Dumasının iclasçısı-Hacı Həsən Atamalıyev;
20.
Tacir-Nəcəf Əmiraslanov;
21.
«Kaspi» qəzetinin redaktor-naşiri Əlimərdan bəy Topçubaşov.
Cəmiyyətin Nizamnaməsi 1905-ci il, oktyabrın 10-da təsdiq edilmiş, təsis
yığıncağı noyabrın 15-də keçirilmişdir. Tədbirdə 136 nəfər Cəmiyyətə üzv olmaq
və üzvlük haqqı vermək niyyətində olduğunu bildirmişdir. Təsis yığıncağında
Cəmiyyətin idarə heyətinin üzvləri (H.Z.Tağıyev (sədr), Kərbalayı İsrafil Hacıyev
(müavin), Ə.Ağayev (katib), H.Rəsulov (kassir), İsmayıl bəy Səfərəliyev,
Ə.Əhmədov, Ə.Topçubaşov (üzvlər) seçilmişlər. İdarə heyətinin ilk iclası 1905-ci
ilin 20 dekabrında olmuşdur. 10 ildə idarə heyətinin cəmi 36 iclası keçirilmişdir.
İdarə heyətinin tərkibi 3 dəfə dəyişilmişdir. H.Z.Tağıyev 1905-1910-cu illər,
A.Nağıyev 1911-ci il, Ə.Əsədullayev 1912-ci ildən İdarə Heyətinin sədri
seçilmişlər.
«Cəmiyyəti-xeyriyyə»nin 10 illik fəaliyyəti haqqında danışanda heç şübhəsiz,
onu digər xalqların bu cür təşkilatları ilə eyniləşdirmək olmaz. Bununla belə,
«Cəmiyyəti-Xeyriyyə» də xalqın həyatında müəyyən iz qoymuşdur. 1914-cü ildən-
müharibə başlayandan sonra Cəmiyyətin fəaliyyət dairəsi xeyli genişlənmişdir.
«1915-ci il müsəlman həyatı» («Kaspi» qəzeti, 1 yanvar, № 1; 3 yanvar, № 2;
8 yanvar, № 5; 9 yanvar, №6; 13 yanvar, № 9; 15 yanvar, №11) adlı məqaləsində
C.Hacıbəyli həyatın digər sahələri kimi maarifçilikdə, xüsusilə qızların təhsilə cəlb
olunması sahəsində görülən işləri qiymətləndirir, qeyd edir ki, bu sahədə fəaliyyət
gücləndirilməlidir.
Ceyhun Hacıbəyli xeyriyyə cəmiyyətlərinin mədəni-maarif sahəsindəki
fəaliyyətləri ilə yanaşı digər tədbirlərindən də müntəzəm yazmışdır. Təəssüflər ki,
ayrı-ayrı xeyriyyəçilərin və xeyriyyə cəmiyyətlərinin işi heç də həmişə təqdirəlayiq
olmamışdır. Ceyhun bəy belə hala göz yummamış, həyəcan təbili vurmuş,
cəmiyyətin diqqətini müşahidə etdiyi nöqsana tərəf yönəltməyə çalışmışdır.
«Aktyora kömək edin» («Kaspi» qəzeti, 1912-ci il, 31 oktyabr, №246) adlı
məqalədə şöhrətli komik aktyor Mirzə Ağa Əliyevin böyük maddi köməyə ehtiyacı
olduğunu yazır və xeyriyyəçiləri yardıma çağırır. «Cəmiyyətin artistə
«ehtiramı»nda («Kaspi» qəzeti, 1912-ci il, 14 noyabr, №258) müəllif yenidən bu
mövzuya qayıdır. Kədərlə qeyd edir ki, çağırışlarımıza baxmayaraq, istedadlı
artistə indiki vəziyyətdə əl tutan yoxdur. Müəllif qəzəblə yazır ki, M.Əliyevə
yardım niyyəti ilə səhnəyə qoyulan «Nadir şah» tamaşasına da dəvət edilənlərdən
savayı heç kim gəlməmişdir. C.Hacıbəyli məqaləsini belə bitirir: «Buna nə ad
vermək olar, diqqətsizlik, yoxsa bundan daha pis?»
Bundan təxminən bir il sonra C.Hacıbəyli taleyin hökmü ilə yenə bu mövzuya
toxunmalı olur. Bu dəfə o, vərəm xəstəliyinə tutulan şöhrətli səhnə ustası
26
H.Ərəblinskinin təcili köməyə ehtiyacı olduğunu yazır. Üzünü «Xeyriyyə
cəmiyyətlərinə, varlılara, gənclərə» tutur, onlara müraciət edir ki, ilk artistimizə
yardım etsinlər. Sonra gec olar. («Kömək lazımdır», «Kaspi» qəzeti, 1913-cü il, 24
avqust, №190). Amma bu dəfə də jurnalistin harayına cavab verən tapılmadı.
«Müsəlman səhnəsinin ilk istedadlı artisti ağır xəstələnib əlini cəmiyyətə
uzatmışdı. O Cəmiyyətə ki, ona çox əl çalmışdı». Bəs Cəmiyyət artistin
müraciətinə necə cavab verdi? Biganəliklə, laqeydliklə. Cəmiyyət susdu. Tək-tək
adamlar kömək əli uzatdı. C.Hacıbəyli üzünü oxuculara tutub təəssüflə soruşur:
«Belə vəziyyətdə yaşadığımız mühiti cəmiyyət adlandırmaq olarmı?». («Kaspi»
qəzeti, «Bizdə cəmiyyət varmı?», 1913-cü il, 8 sentyabr, №202).
Cəmiyyətdə bir qism adamlar var ki, onlar hay-küysüz, səssiz-səmirsiz iş
görməklə, xalqa fayda verməklə məşğuldurlar. Onlar şan-şöhrət naminə yox,
xalqın tərəqqisi, maariflənməsi üçün ömür-günlərini şama döndərirlər.
C.Hacıbəylinin fikrincə, bu cür şəxsiyyətlərdən biri, «xalqın xilaskarı», «xalq
ziyalısı» İmran Qasımovdur. («Xalq xadiminin xatirəsi», «Kaspi» qəzeti, 1914-cü
il, 11 fevral, №34).
C.Hacıbəylinin qəti qənaətinə görə «… İmran Qasımovun sayəsində ilk
müsəlman operası işıq üzü görmüşdür». İndi çox populyar olan ziyalılardan biri ilk
opera haqqında söhbət düşəndə demişdi: «- Cənablar, bir baxın, heç ermənilərin öz
operası yoxdur, biz onu necə səhnəyə qoya bilərik?». İ.Qasımov çoxları kimi
«bundan heç nə olmaz» deməmişdi. Əksinə, o, həvəsləndirir, «hər cür süni və təbii
maneələrə sinə gərirdi». Operanın ilk məşqi də mərhumun mənzilində keçmişdi.
Məqalənin sonunda C.Hacıbəyli xalq qarşısında böyük xidməti olan belə bir
şəxsiyyətin adının əbədiləşdirilməsinin zəruri olduğunu söyləyir.
Mətbuat və mədəniyyət tariximizdə silinməz iz buraxan «Əkinçi» qəzetinin
redaktoru H.Məlikovun vəfatının beş illiyi münasibətilə C.Hacıbəyli yazırdı ki, hər
bir jurnalistin borcudur ki, bu əlamətdar tarixi günü qeyd etsin. Bu ictimai və
mənəvi şüura təsir edir, onu dirçəldir («Həsən bəy Məlikovun xatirəsinə», «Kaspi»,
1912-ci il, 28 noyabr, №269).
C.Hacıbəyli H.Məlikovu «nəhəng» adlandırır və yazırdı: «O, bizim Cəmiyyəti
belə xarakterizə edirdi: «Çağırıram-gəlmir, göstərirəm-görmür, deyirəm-eşitmir».
C.Hacıbəyli öz müəlliminin dedikləri ilə razılaşır və bu qənaətə gəlirdi ki, istəyə
nail olunanadək çalışmaq lazımdır. Verdiyi sözə sadiq olan Ceyhun bəy böyük
alim və maarifçi mühərrir Həsən bəy Zərdabinin vəfatının 7 illiyi münasibəti ilə
yazırdı: «Bü gün müsəlman maarif işinin pioneri sayılan H.Məlikovun ölümündən
7 il keçir. Gurultulu nitq və təntənəli mərasimlə dəfn olunan Məlikovun vəfatından
7 il keçir». («Kaspi» qəzeti, 1914-cü il, 28 noyabr, №267). Mərasimdən sonra
H.Məlikova münasibətlə bağlı hansı işlər görüldüyünü araşdırmaq istəyir. Bu
qənaətə gəlir ki, deyəsən, o çıxışları elə həmin gün külək aparmışdı.
Böyük xalq xadimi təntənə ilə dəfn olundu, qəzetlər iki-üç gün yazdı, şəkil və
tərcüməyei-halı dərc edildi. Vəssalam. Müsəlman Cəmiyyəti bu nəhəng şəxsiyyəti
unutdu. Həsən bəyə abidə qoymadı. Mərhuma baş daşı qoymaq üçün onun
xanımına yardım belə etmədi. C.Hacıbəyli bu münasibətin təsirilə hiddətlə yazırdı
ki, vəhşilər belə öz rəhbərlərinin qəbrini abadlaşdırır, bəzəyirlər. Görünür,
C.Hacıbəyli bir qədər əvvəl «Müsəlmanın qeydləri»ndə («Kaspi» qəzeti, 1914-cü
27
il, 29 yanvar, № 10) Cəmiyyətin diqqətini bu məsələyə yönəldəndə ümid edirdi ki,
Xeyriyyə cəmiyyətləri onun dediklərindən nəticə çıxaracaq.
«Bütün həyatını xalqına həsr etmiş, xalq naminə şəxsi səadətdən imtina etmiş,
bir çox sahələrdə pioner olan bu şəxsə müsəlman cəmiyyətində adi baş daşı
qoymağa pul tapılmadı».
Ceyhun bəy böyük satira ustası M.Ə.Sabir və xalqın tərəqqisi, maariflənməsi
yolunda ömrünü şama döndərən H.Vəzirovun da irsinin toplanması, gələcək nəslə
çatdırılması, adlarının əbədiləşdirilməsini çox zəruri vəzifə kimi irəli sürürdü.
(«Bir ölüm ətrafında». «Kaspi» qəzeti, 1913-ci il, 20 aprel, № 87; «Kədərli
ildönümü», «Kaspi» qəzeti, 1917-ci il,5 fevral, № 29).
«Bir ölüm ətrafında» adlı məqaləsində Volqaboyu müsəlmanlarının adlı-sanlı
söz ustası Abdulla Tukayevin vəfatının adamları nə qədər sarsıtdığından bəhs edən
C.Hacıbəyli göstərir ki, biz istedadlı şair Sabiri ləyaqətlə dəfn edə bilmədik. Onun
əsərlərinin çapı üçün isə qəpik-qəpik vəsait toplamaq məcburiyyətində qaldıq.
H.Vəzirovun fəaliyyətini ehtiramla yad edən C.Hacıbəyli təlaşla soruşur:
«Haşım bəyin adı Qafqaz müsəlmanlarının ictimai-milli dirçəliş tarixinə
düşəcəkmi?». Cəmiyyətdə hökm sürən etinasızlıq müəllifi kədərləndirir. Müəllif
H.Vəzirovun əsərlərinin çapını, tərcümeyi-halının tərtib edilməsini, xidmətlərinin
qələmə alınmasını günün təxirəsalınmaz vəzifəsi hesab edir.
C.Hacıbəyli xeyriyyə cəmiyyətlərinin təkcə maarifi yaymağa, məktəblər
açmağa, ziyalılara yardım etməyə yox, həm də kasıblara, müharibə nəticəsində
Bakıya pənah gətirmiş on minlərlə qaçqına kömək etməyə səsləyirdi.
«1914-cü ildə müsəlman həyatı»nda («Kaspi» qəzeti, 1 yanvar, №1; 3 yanvar,
№ 2; 6 yanvar, № 4; 9 yanvar, № 6) Ceyhun bəy göstərir ki, xeyriyyəçilər əvvəlki
illərə baxanda nisbətən fəallaşmış, müharibədən qaçqın düşən müsəlmanlara
yardımı artırmışlar. Bununla belə, müəllif göstərir ki, yerlərdə qaçqınlarla məşğul
olacaq bir təşkilatın yoxluğu ucbatından bu iş yarıtmaz həyata keçirilir.
Qaçqınların sayı, onların ehtiyacının dərəcəsi məlum deyil. Harada nə qədər qaçqın
yerləşdirildiyi də bilinmir. Heç kim onlara heç adi məsləhət belə vermir». Bütün
bunları işıqlandırmamaqda Ceyhun bəy mətbuatı da qınayır. Müəllif müşahidə
etdiyi bir hadisəni təsvir edir. Qars vilayətindən Bakıya pənah gətirmiş bir neçə
yüz ailə şəhər rəhbərliyinə müraciət etmişlər. Onlar yardım üçün vəd versələr də,
hələlik qaçqınlara heç bir yardım göstərilməmişdir. Müəllif bu qənaətə gəlir ki,
qaçqınlara «geniş ictimai kömək lazımdır». C.Hacıbəyli yazır ki, Bakıda öz
millətinə yardım məqsədilə ermənilərin, gürcü və polyakların «Qaçqınlara yardım
komitəsi» yaradılmışdır. Müəllif haqlı olaraq, bəs biz müsəlmanlar nə üçün belə
komitə yaratmamalıyıq? – sualını verir və ictimaiyyəti tezliklə belə bir təşkilat
yaratmağa çağırır.
«Bacarıqsızlıq, yoxsa cinayət» («Kaspi» qəzeti, 1916-cı il, 25 yanvar, №20)
məqaləsində qaçqınlar probleminə çox kəskin toxunan, müəllif göstərir ki, 10
aydan çoxdur ki, Qars qaçqınları bizə pənah gətirmişdir. Ceyhun bəy öz doğma
yurd-yuvasından, isti ocağından didərgin düşən müsəlmanların son dərəcə ağır
vəziyətini təsvir edib yazır: «Soruşulur: Biz öz can verən qardaş, bacı, ana və
arvadlarımızın vəziyyətini yüngülləşdirmək üçün nə etmişik? Bu müddət ərzində
onların heç olmazsa, acından ölməməsi üçün nə etmişik?» Müəllif sonra soruşur:
28
hanı bizim xeyriyyəçilər? Hanı bizim ziyalılar? Ötən müddətdə biz ətrafda baş
verən fəlakəti müşahidə etmişik. Fikirləşməmişik ki, ağır xəstənin təcili yardıma
ehtiyacı olduğu kimi, indiki vəziyyətdə zərərçəkənlərə də dərhal kömək
göstərilməlidir. Xilas olmaq ümidi ilə öz Vətənini tərk edən neçə-neçə bədbəxt
burada acından həlak olmuşdur. Ceyhun bəyin fikrincə, bütün bunlarda biz
günahkarıq. Müəllif biganəliyi, laqeydliyi, etinasızlığı, şəxsi mənfəəti hər şeydən
üstün tutmağı tənqid edir və sonra bu sualı verir: «Bu nədir, bacarıqsızlıq, yoxsa
sadəcə olaraq, cinayət?».
C.Hacıbəyli publisistikasının səciyyəvi cəhətlərindən biri də budur ki, müəllif
gördüyü, müşahidə etdiyi hadisəni, problemi qələmə almaqla kifayətlənmir,
cəmiyyət üçün ləkə sayılan nöqsanların aradan qaldırılması yollarını araşdırır. «Biz
nə etməliyik» adlı məqalə də («Kaspi» qəzeti, 1915-ci il, 7 fevral, №29) bu
baxımdan xarakterikdir. Məqalədə göstərilir ki, Bakı müsəlman xeyriyyə
cəmiyyətləri Qars zərərəçəkənlərinə ianə toplamaq üçün icazə almışlar. İndi iş
görmək vaxtı çatmışdır. Ac və köməksiz qaçqınların göz yaşını qurutmaq, öz qayğı
və nəvazişimizlə onların dərdlərini yüngülləşdirmək vaxtı çatmışdır.
C.Hacıbəyli ianə toplayan komitənin tərkibinin genişləndirilməsinin, buraya
bütün sinif və təbəqələrin nümayəndələrinin cəlb olunmasının vacibliyini qeyd
edirdi. Yalnız belə bir tərkiblə faydalı iş görmək, adamlarla ümumi dil tapmaq olar.
Bu, həm də ona görə zəruridir ki, əhalinin 80-90 faizi qəzet oxumur, 60-70 faiz isə
ətrafda baş verən hadisələrdən, onun mahiyyətindən xəbərsizdir. Odur ki, ianə
toplayan komitənin əməkdaşları yerlərdə güclü təbliğat işi görməli, adamlarla
işləməlidirlər. C.Hacıbəyli bu işdə ziyalıların da üzərinə böyük vəzifə düşdüyünü
qeyd edir və təəssüflənir ki, ziyalıların böyük əksəriyyəti hadisələrə passiv
müşahidəçi mövqeyindən yanaşır, bu məsul, milli işdə iştirak etmirlər. Sinfi birlik,
barışıq naminə qarşılıqlı güzəşt vacibdir. Ambisiyalı ziyalılar unutmamalıdır ki,
məsul ictimai-milli məsələlərdə «şəxsi münasibətlər» arxa plana çəkilməlidir. «Biz
nə etməliyik» adlı məqalənin II hissəsində (“Kaspi” qəzeti, 1915-ci il, 13 fevral,
№34) müəllif göstərir ki, artıq müsəlman qaçqınlara yardım komitəsi yaranmışdır.
Bundan əlavə Qadın xeyriyyə cəmiyyətləri də Qars zərərçəkənlərinə yardım etmək
üçün ianə toplamağa icazə almışlar. C.Hacıbəyli bununla kifayətlənmək,
arxayınlaşmaq «olmaz» deyir. «İanə verən əvvəlcədən bu işə hazırlanmalıdır, o,
bilməlidir ki, onun pulu hansı məqsədlə toplanır, hara xərclənəcək? Qoy hər kəs bu
işi şüurlu görsün». C.Hacıbəyli qəti əmindir ki, «belə olmazsa, ianənin miqdarı onu
toplayana şəxsi münasibətdən asılı olacaqdır». Müəllif hesab edir ki, ianə toplayan
adamları «divara söykəməməli», «ey filankəs, əlini cibinə sal, deməməlidir».
Ceyhun bəy qeyd edir ki, bu cür hallara yol verməmək üçün yerlərə getmək,
adamlarla işləmək, onları başa salmaq, ianəni könüllülük əsasında, şüurlu şəkildə
yığmaq lazımdır. «Az da olsa, şüurlu verilən ianə, pis niyyətlə verilən böyük
məbləğli vəsaitdən daha qiymətlidir».
C.Hacıbəyli Qadın Xeyriyyə cəmiyyətinin də bu işə – zərərçəkənlərə yardım
kompaniyasına qoşulmalarını alqışlayır, lakin onun qaçqınlara yardım komitəsi ilə
birgə, əməkdaşlıq şəraitində çalışmasının vacibliyini qeyd edir. «Bu işdə məqsəd
vacibdir. Ona nail olmaq vasitəsi yox». Qadınların müstəqil fəaliyyəti, ictimai
hərəkatda iştirakı təqdirəlayiq olsa da, ümummilli mənafe birgə fəaliyyəti tələb
29
edir. «Bizim üçün kimin işləməsi yox, necə işləməsi vacibdir». Bunun üçünsə,
qüvvələrin birləşdirilməsi, hərəkatın əlaqələndirilməsi, razılaşdırılması zəruridir.
C.Hacıbəyli zərərçəkənlərə yardımla bağlı daha bir vacib məsələyə toxunur.
O qeyd edir ki, qaçqınlara yardım yalnız Bakı, Nuxa, Yelizavetpolda toplanır.
Qafqazın digər iri şəhərlərində hələlik hərəkət yoxdur. Müəllifin fikrincə, eyni
məqsədə yönələn qüvvələri bölməmək üçün müxtəlif şəhərlərdəki komitələr
birləşməlidir. Qafqazın digər şəhərlərində də belə komitələr yaradılmasına nail
olmaq lazımdır. «Beləliklə, ona çalışmaq lazımdır ki, zərərçəkən qardaşlarımıza
yardım bütün Qafqazı əhatə etsin. Bu yardım planlı, nizamlı olsun, hisslərdən yox,
şüurdan yaranan olsun».
C.Hacıbəylinin irsi,publisistikası həm də ona görə böyük maraq doğurur və
əhəmiyyətlidir ki, o, toxunduğu problemlərə kompleks yanaşmağı, bütün
tərəflərdən ona nəzər salmağı bacarır. «Biz nə etməliyik» adlı məqaləsinin üçüncü
hissəsi («Kaspi» qəzeti, 1915-ci il, 14 fevral, №35). Qars qaçqınlarına yardımla
bağlı daha bir vacib məsələnin araşdırılmasına həsr olunmuşdur. Bu «yardımın
zərərçəkənlər arasında bölüşdürülməsi» məsələsidir. Müəllifin qənaətinə görə,
«zərərçəkənlərə yardımın paylanmasına daha çox diqqət yetirməli və daha çox
qüvvə sərf etməliyik» Ceyhun bəy yazır ki, Komitənin yerlərdə komissiyaları
işləməlidir, onlar ilk növbədə qaçqınların sayını, ehtiyacını öyrənməli, dəqiq,
müfəssəl məlumat verməlidir. Məhz bundan sonra yardım paylanmalıdır. Əks
təqdirdə hər cür kömək təsadüfi olacaq, istənilən nəticəni verməyəcək.
Yazılarında mənəviyyat, tərbiyə məsələlərinə həmişə geniş yer verən
C.Hacıbəyli bu işdə də maddi yardımla kifayətlənməməyi tövsiyyə edir. Müəllif
hesab edir ki, zərərçəkənlərə mənəvi cəhətdən mütləq yardım göstərilməlidir.
Bundan başqa, Ceyhun bəy Qars qaçaqları ilə işin çox mühüm bir hissəsi kimi
statistika ilə məşğul olmağın vacibliyini qeyd edir. İllər keçəcək, yaralar sağalacaq.
Lakin tarixin unudulmaması, hadisələrin izinin silinməməsi üçün statistik
müşahidələr aparmaq zəruridir.
Böyük publisist adamlara təsir etmək, onların hisslərinə toxunmaq, onları
hərəkətə gətirmək üçün sözün qüvvəsindən çox məharətlə istifadə edirdi: «Bizim
üçün adət və ənənələrimiz nə qədər əziz olsa da, real həyatda baş verən təzahurlərə
göz yuma bilmərik və göz yummamalıyıq». Bu, Novruz bayramı ərəfəsində
Ceyhun bəyin qələmə aldığı «Qarşıdan gələn bayram haqqında» («Kaspi» qəzeti,
1915-ci il, 4 mart, №50) adlı məqaləsindən götürülmüşdür. Məqalənin müəllifi
yazır ki, öz uşaqlarımız və qonaqlara müxtəlif şirniyyat, bayram hədiyyələri üçün
xeyli pul xərcləyəndə digər övladlarımızı – şirniyyat üçün yox, bir tikə çörək üçün
göz yaşı axıdan balalarımızı unuda bilərikmi? Öz ailə üzvlərimizə təzə, təmiz, isti
paltar geyindirəndə qar və şaxtada çılpaq bədənlərini cındırla belə örtmək
iqtidarında olmayan arvadları, körpələri unuda bilərikmi? Biz qonaqlarımızı zəngin
bayram süfrəsi arxasında əyləndirərək rütubətli torpaqda, mağaralarda acından
ölən, zarıyan, inləyən qardaşlarımızı unuda bilərikmi? Çoxsaylı qadın və uşaq
harayına, ah-naləsinə biganə qalıb şən müsiqiyə qulaq asa bilərikmi? On minlərlə
qaçqına yeni ilə çıxmaq nəsib olmayacağı təqdirdə biz qapı-qapı gəzib dost-
tanışlarımızı yeni il münasibəti ilə təbrik etməliyikmi?
30
Ceyhun bəy bu ritork suallarla oxuculara müraciət edir, onları Qars
qaçqınlarına ianə toplanması məqsədilə martın 8-də görüləcək tədbirə çağırır.
«Aldanılmış gözləmə» məqaləsində («Kaspi» qəzeti, 1915-ci il, 13 mart, №58)
yenidən bu mövzuya qayıdan müəllif Qars qaçqınlarına yardım niyyəti ilə nəzərdə
tutulan tədbirə işarə vuraraq təəssüflə yazırdı: «Bizim tədbir baş tutmadı. Bu acı
həqiqəti etiraf etməliyik». 80 minlik müsəlman əhalisi olan şəhərdə cəmi 5 min
rubl toplanmışdı. Buraya digər xalqların nümayəndələrinin verdiyi vəsait də
daxildir. Müəllif yazır ki, istər-istəməz düşünməli olursan: ah-zar edən, əzab-
əziyyət çəkən, fəryad qoparan, acından ölən bizim qardaşlarımız deyilmi? Fayton
və avtomobillərin səsi, şənlik edən adamların qəhqəhəsi, xoş musiqi sədaları… bir
sözlə, adi Novruz bayramlarından biri. C.Hacıbəyli bütün bunlardan belə nəticə
çıxarır: «Bu, ümui iş naminə bizim hazırsızlığımızı, təşkilatlanmağı
bacarmamağımızı bir daha üzə çıxardı: «Bizim xəbərimiz olmayıb» - belə
söyləyənlərin dediklərində də bir həqiqət var, axı qəzetlər yazmamış, adamlar
tədbirə əvvəlcədən hazırlanmamışlar.
C.Hacıbəylinin toxunduğu mövzuları, onun publisistikasını maraqlı edən
cəhətlərdən biri də faktları, hadisələri müqayisələrlə təqdim etməsidir. Bu, bir
tərəfdən yazını oxunaqlı edir, digər tərəfdən oxucunu inandırır.
«Biz nə etməliyik» adlı məqaləsinin dördüncü hissəsində («Kaspi» qəzeti,
1915-ci il, 28 mart, №67) Ceyhun Hacıbəyli hiddətlə yazır ki, Qarsın 200 minlik
müsəlman əhalisinə baş verən faciə rus mətbuatında özünə yer tapmadı, halbuki,
onlar ermənilərin, polyakların, yunanların, asurların əzablarına böyük canfəşanlıqla
öz səhifələrində tez-tez yer ayırırlar.
Digər xalqlar həyatın bütün elementlərini ölçüb-biçir, müəyyən proqramlar
əsasında hərəkət edir, bizsə, özümüzü həyatın axarına tabe etdiririk. Ətrafda
möhkəm, dözümlü dayaq tapmadan gözümüzü yumub güclü axına atılırıq.
Təşkilatlanmaq mədəniyyətimiz aşağıdır. Ceyhun bəyin 80 il bundan əvvəl təsvir
etdiyi mənzərə bu gün nə qədər aktual səslənir. Elə bil heç nə dəyişməyib!
İnformasiya blokadası, təklənmək təhlükəsi Ceyhun bəyi elə o vaxtdan narahat
edirdi. Petroqraddakı və Rusiyanın digər şəhərlərindəki müsəlman ziyalılarını,
Rusiya Dumasındakı müsəlman fraksiyasının üzvlərini fəal olmağa səsləyirdi.
C.Hacıbəyli publisistikasını cəsarətlə ideyalar publisistikası adlandırmaq olar.
Onun qələmə aldığı elə bir mövzu, toxunduğu elə bir problem yoxdur ki, müəllif
təklifsiz keçinsin. Elə «Biz nə etməliyik» məqaləsinin beşinci hissəsində («Kaspi»
qəzeti, 1915-ci il, 29 mart, №68) C.Hacıbəyli Petroqradda qəzet nəşr etməyi,
bununla da müsəlmanların problemlərinin paytaxta çatdırılmasına nail olmağı
günün tələbi sayırdı. O, qeyd edirdi ki, bu məsələ ziyalılarımızı 1905-ci ildən
düşündürür. Müəllif paytaxtda müsəlmanların mənafeyini müdafiə edən qəzetin
nəşrə başlamasının əhəmiyyətini dönə-dönə təkrarlayır və yazırdı: «Təkrar edirəm,
əgər nə vaxtsa, belə bir qəzetin nəşri yalnız arzu olunurdusa, bu gün, bu, zəruridir».
C.Hacıbəyli publisistikasında Qars qaçqınları, onlara yardım edilməsi,
didərginlərin yerləşdirilməsi məsələsi mühüm yer tutur. O, istər dini, istərsə milli
bayramlar haqqında, yaxud hər hansı bir adət-ənənəmiz barədə yazanda hökmən
onu Qars qaçqınları ilə əlaqələndirir və adamları zərərçəkənlərə kömək etməyə
səsləyir. «Müsəlmanlara müraciəti»ndə («Kaspi» qəzeti, 1915-ci il, 8 aprel, №76)
31
C.Hacıbəyli öz din və dil qardaşlarına üz tutur ki, Quranda buyurulanlara əməl
edin, həlak olmuş qardaşlarımızın balalarını taleyin ixtiyarına buraxmayın, onları
evinizin bir küncündə yerləşdirin. C.Hacıbəyli «Böyük ehtiyac», «Cəmiyyətlərin
birləşməsinə dair» adlı məqalələrində («Kaspi» qəzeti, 1915-ci il, 10 aprel, №78)
gürcü və müsəlman xeyriyyə cəmiyyətlərinin Qars qaçqınlarına yardım
məsələsində birləşməsinin əhəmiyyətindən bəhs edir.
«Qadın qaçqınların məsələsi haqqında» məqaləsi («Kaspi» qəzeti, 1915-ci il,
18 aprel, №85) müəllifin bu mövzunu nə qədər dərindən mənimsədiyinə,
qaçqınların problemlərinə nə qədər məsuliyyətlə yanaşdığına parlaq misaldır.
C.Hacıbəyli
qadın
qaçqınlara
xüsusi
diqqətlə
yanaşmağı,
onların
yerləşdirilməsində ehtiyatlı tərpənməyin vacibliyini qeyd edir.
«Qardaş köməyi» («Kaspi» qəzeti, 1915-ci il, 6 may, №99; 9 may, №102
məqaləsindən məlum olur ki, Bakı müsəlman xeyriyyə cəmiyyəti ilə Qadın
xeyriyyə cəmiyyətinin «Qardaş köməyi» adı ilə keçirdiyi tədbir uğurlu olmuşdur.
Bu barədə fərəhlə öz oxucularına məlumat verən C.Hacıbəyli tədbirin ümidləri
doğrultduğunu yazır.
«Nəhayət, nə vaxt?» («Kaspi» qəzeti, 1915, 9 may, №102) adlı məqalə isə
tənqidi ruhda qələmə alınmışdır. Bakı xeyriyyə cəmiyyətlərinin Qars
zərərçəkənlərinə yardım etmək üçün rəsmi icazə aldığı vaxtdan 2 ay keçir.
C.Hacıbəyli həmin müddət ərzində görülən işlərə nəzər salır və bu yardımın son
dərəcə cüzi olduğuna işarə vuraraq yazır: «Təkcə moskvalı ermənilər öz qaçqınları
üçün 120.000 rubl toplamışlar. Başqa sözlə, bütün Rusiya müsəlmanlarının öz
zərərçəkənlərinə topladıqlarından 2 dəfə çox!» Müəllif qeyd edir ki, 15 nəfər
petroqradlı yəhudi öz qaçqınları üçün nə az, nə çox 265.000 rubl toplamışlar.
Ceyhun bəy bizdəki acınacaqlı vəziyyəti məyus halda bildirir və nə üçün belə
olduğunu araşdırmağa çalışır. Göstərir ki, bizimkilər «Biz də toplayırıq, 60 min
rubl toplamışıq» deyə hay-küy qaldırırlar. Digər millətin nümayəndələri pul
haqqında yox, düçar olduqları fəlakətdən, bəladan elə kədərlə danışırlar ki, bizim
heç mərsiyəxanlarımız belə bacarmazlar. C.Hacıbəyli məqalənin sonunda qeyd
edir ki, iki aydan çoxdur ki, zərərçəkənlərə yardım üçün hesab açılmışdır. Yardıma
ehtiyacı olanların gözü hələ yoldadır. Pessimistlər yardımdan əl üzmüşlər,
optimistlər isə varlıların, xeyriyyəçilərin böhran anında hərəkətə gələcəkləri ümidi
ilə yaşayırlar. Amma nə vaxtadək?
Maraqlı və təqdirəlayiqdir ki, C.Hacıbəyli eyni mövzuya nə qədər müraciət
edir-etsin, oxucunu yormur. Təsvir, ifadə, ona yanaşma tərzi rəngarəng, müxtəlif
olduğundan məqalə oxucunu cəlb edir. Bu mənada qaçqınlara yardım mövzusuna
həsr olunmuş «Bu bayramın fitrəsi» («Kaspi» qəzeti, 1915-ci il, 31 iyul, №170)
istisna deyil. Məlum olur ki, Zaqafqaziya müftisi və şeyxül-islamı bu ilki bayram
fitrəsini qarslı qaçqınlara verməyi məsləhət bilmişlər. Müəllif bu təşəbbüsü
alqışlayır və arzu edir ki, təkcə Qafqaz yox, bütün Rusiya müsəlmanları gərək bu
nəcib işə qoşulaydı. Məqalə belə qurtarır: «Qoy Oruc bayramı günü hər bir
müsəlman yalnız bir sözü yada salsın: Qars! Sonra vicdanı necə məsləhət bilərsə, o
cür hərəkət etsin».
C.Hacıbəylinin publisistikasında ilk baxışda çox adi görünən, diqqətdən
kənarda qalan mövzu elə təqdim edilir ki, heyrətamiz mənzərə yaranır. «Dəri
32
məsələsi» («Kaspi» qəzeti, 1915-ci il, 4 oktyabr, №220) belə məqalələrdəndir.
Qurban bayramında qoyun kəsilir, dərisi soyulur. Dərinin qiyməti 50-60 qəpikdir.
Bu dəri insan taleyini həll edə bilərmi, onu ölümdən qurtara bilərmi?
C.Hacıbəyliyə görə, bu suala məsələnin mahiyyətinə varmadan «yox» demək olar.
Lakin … əgər qurban kəsən hər kəs desə ki, 50 qəpik dəyəri olan dəri ehtiyacı olan
bədbəxtə, qaçqına nə verəcək? Yaxud, hər kəs düşünsə ki, qaçqınlara yardım
məqsədilə minlərlə dəri toplanacaqsa, mənim verəcəyim bir dəriyə ehtiyac qalırmı?
Lakin fikirləşmək lazımdır ki, həmin minlər sizin verəcəyiniz birlərdən əmələ
gəlir. Əgər hamı yuxarıdakı kimi fikirləşsə, onda nəinki min, yüz, heç on da
düzəlməz.
C.Hacıbəyli qurbanlıq qoyunların dərisi ilə Qars zərərçəkənlərinə böyük
miqdarda yardım etmək mümkün olduğunu statistika vasitəsi ilə sübuta yetirir:
Rusiyada 20-25 milyon nəfər müsəlman yaşayır. Hər ailədə orta hesabla 5 nəfər
olduğunu nəzərə alsaq, bu 4-5 milyon ailə edər. Tutaq ki, 1 milyon ailənin qurban
kəsmək imkanı yoxdur. Hər ailədə kəsilən qoyunları hesablasaq, bu ən azı 3-4
milyon dəri edər. Elə imkanlı bəy, xan var ki, bir yox, bir neçə qoyun kəsir.
Kəsilmiş qoyunların dərisini pula çevirəndə bu 1,5 milyon-2 milyon rubl edər.
Müharibədən zərər çəkənlərə həmin vəsaitin bir hissəsi uzun müddət kifayət edər.
C.Hacıbəyli bütün bunlardan sonra oxucusuna müraciət edir ki, Qurban bayramı
günü qoyun kəsəndə bunu unutmasın.
«Yetimləri unutmayın» («Kaspi» qəzeti, 12915-ci il, 5 oktyabr, №222)
məqaləsini də böyük publisistin harayı adlandırmaq olar. Siz bu gün (Qurban
bayramı nəzərdə tutulur – T.A.) şəriətin buyurduğu kimi 10-20 rubl xərcləyir,
qurbanlıq qoyun alırsınız. O zaman yetimləri yedirməyə 50-60 qəpik xərcləməyə
də təəssüflənməyin. Axı, belələrinə əl tutmağı da şəriətimiz bizə buyurur.
C.Hacıbəyli publisistikasında inandırmaq məharəti, dəmir məntiq çox böyük gücə
malikdir.
Böyük publisist ehtiyacı olanlara, xüsusilə Qars qaçqınlarına maddi yardımla
kifayətlənməməyi, onlara mənəvi dayaq olmağı vacib məsələlərdən sayır. Müəllif
hesab edir ki, əgər müharibədən zərər çəkən uşaqdırsa, o zaman onun mənəvi
dayağa, tərbiyəyə ehtiyacı iki qat artıqdır. C.Hacıbəylinin «Uşaq evləri» adlı
məqaləsi («Kaspi» qəzeti, 1915-ci il, 8 oktyabr, №223) bu məsələyə həsr
olunmuşdur. Qars qaçqınları bizə üz tutduqda onları qəbul etməyə hazır deyildik.
Mətbuat vasitəsilə bu barədə ictimaiyyət məlumatlandırıldıqdan sonra Qafqazın
müxtəlif bölgələrindən adamlar yetim uşaqlara yardım etməyə, bəziləri isə
övladlığa götürməyə hazır olduqlarını bildirirdilər. C.Hacıbəylinin fikrincə, bu
təqdirəlayiq olsa da, uşaq evləri şəbəkəsini genişləndirmək lazımdır.
Qafqazda Bakı və Tiflisdən başqa yetim uşaqlara yalnız ailələrdə baxılır.
Müəllif hesab edir ki, uşaq evləri pansionat funksiyasını yerinə yetirməməlidir:
yemək, içmək, yatmaq, geyindirməklə kifayətlənməməlidir. Uşaq evləri, həm də
tərbiyə ocağı olmalıdır. Körpələrə mənəvi qida verməlidir. Ceyhun bəy uşaq
evlərində böyüməkdə olan nəslin tərbiyəsində ziyalıların böyük rol oynaya
biləcəklərini qeyd edir.
«Müvəqqəti Müsəlman Komitəsində» («Kaspi» qəzeti, 1915-ci il, 19
sentyabr, 208), «Cəmiyyətimizin borcu» («Kaspi» qəzeti, 1915-ci il, 20 noyabr,
33
260). «Kəndə kömək» («Kaspi» qəzeti, 1917-ci il, 5 mart, 51) və b. məqalələrində
C.Hacıbəyli ehtiyacı olanlara, xüsusilə müsəlman qaçqınlara yardım göstərilməsi
sahəsindəki nöqsanlardan bəhs edir, xeyriyyəçiləri fəallığa çağırır.
İstedadlı publisist C.Hacıbəylinin yaradıcılığında əhəmiyyətli yer tutan
xeyriyyəçilik mövzusu bu gün də çox aktualdır. Onun bu mövzudakı əsərləri:
- tariximizi, ənənələrimizi öyrənmək, tədqiq etmək baxımından zəngin,
maraqlı mənbədir;
- tariximizin müəyyən bir dövrünün mənzərəsini əks etdirən faktlar
toplusudur;
- xeyriyyəçilik mövzusunda yazan jurnalist-publisistlər üçün məktəbdir;
- indiki dövrdə xeyriyyəçilik hərəkatının güclənməsinə, ona təkan verilməsinə
təsir edən amil kimi dəyərlidir;
- iş adamlarını, biznesmenləri müəyyən bir məsələ ətrafında səfərbər edə
biləcək qüvvədir;
- böyüməkdə olan nəslin mənəvi tərbiyəsində güclü vasitədir;
- nəhayət, həyatın ibrət dərsidir.
Dostları ilə paylaş: |