“Respublika” qəzeti ,27 noyabr 1997
C.Hacıbəylinin publisistikasında mənəviyyat,
maarif məsələləri
Xalqımızın ictimai fikir tarixində müstəsna iz buraxmış XX əsrin əvvəlləri
ziddiyyətli, mürəkkəb, həm də çox zəngin ədəbi proseslər dövrüdür. Əsrin
əvvəllərində fəaliyyət göstərən «Şərqi-Rus», «Təkamül», Yoldaş», «Dəvət-Qoç»,
«Bakinski raboçi», «Bakinski proletari», «İskra», «Novoye slovo», «Qolos
raboçeqo», «Ryadovoy», «Qudok», «Prizıv», «Baku», «Proqress», «Molla
Nəsrəddin», «Zənbur», «Məzəli, «Həyat», «Fyuzat», «Şəlalə», «Dirilik»,
«Qurtuluş», «Kaspi», «Dəbistan», «Rəhbər», «Məktəb», «İrşad», «Yeni İrşad»,
«Açıq söz», «Azərbaycan», «İşıq», «İstiqlal» və s. kimi qəzet, jurnallar müxtəlif
qüvvə və təbəqələrin cəmiyyətdəki yerini, rolunu, ziyalılar arasında ictimai-siyasi-
ədəbi fikrin istiqamətini, məslək, əqidə mübarizəsini, amal, məramını parlaq əks
etdirməklə yanaşı tərəqqi, təkamül amili idi.
Mətbuat cəmiyyətdə gedən proseslərin güzgüsü, həm də təkanverici
qüvvəsidir. Mətbuatla yanaşı məktəb, maarif müəssisələrinin sayı artır, bir-birinin
ardınca məktəblər açılır, dünyəvi elmlər tədris edilirdi. Böyüməkdə olan nəslin
təlim-tərbiyəsi, onların maariflənməsi, tərəqqiyə meyl etməsi hər bir ziyalını
düşündürürdü.
Belə bir dövrdə, mühitdə ilk yaradıcılığa başlayan C.Hacıbəyli (1893, Şuşa,
1962, Paris) xalqın maarifə, mədəniyyətə, tərəqqiyə yiyələnməsi üçün böyük
sevinc və coşğunluqla mübarizəyə atılır. O, cəhaləti, nadanlığı amansız tənqid
atəşinə tutur, xilas yolunu maariflənməkdə görürdü. «İncəsənət və müsəlmanlar»
adlı məqaləsində («Bakı», 1909, 2 sentyabr, №196) gənc qələm sahibi yazırdı:
«Avropada yalnız güc və qılınc meydan sulayanda, Şərqdə poeziya və incəsənət
34
hakim idi». Sonra müəllif indiki acınacaqlı vəziyyətə son qoymağın vaxtı çatdığını
və bunun mümkünlüyünü qeyd edir. C.Hacıbəyliyə görə, mövcud cəhalətdən bir
çıxış yolu var: maariflənmək. O, yazır: «Qələm – qələbənin və təntənənin
simvoludur». Məqalənin müəllifi təəssüf və kədərlə qeyd edir ki, həkim,
hüquqşünas, mühəndis, aqronomlarımız olsa da, bir nəfər belə rəssamımız,
heykəltəraşımız, artistimiz yoxdur. Yazıçı və şairlərimiz çoxdurmu? C.Hacıbəyli
məqalənin sonunda bu qənaətə gəlir ki, maarifsiz, incəsənətsiz xalq məhvə
məhkumdur. Odur ki, bu vəziyyətə son qoymaq lazımdır.
C.Hacıbəyli böyük yanğı və kədər hissi ilə xalqın müəyyən təbəqələrində hiss
etdiyi, gördüyü passivliyi, durğunluğu, naqis cəhətləri qamçılayır, onları əsrin
tələbi ilə ayaqlaşmağa dəvət edir, maarifə, mədəniyyətə, xeyriyyəçiliyə səsləyirdi.
Bu zaman müəllif publisistikanın bütün imkanlarından məharətlə, maksimum
istifadə
edir,
oxucunu
inandırır,
onu
silkələyir,
ayıldır.
«Bizim
sentimentalizmimiz» adlı məqaləsində («Kaspi» qəzeti, 1912-ci il, 7 aprel, №78)
müəllif yazır: «Bizim yalançı xeyirxahlığımıza lazımsız sentimentalizmimizi də
əlavə etmək olar. Mən müsəlmanların (Azərbaycan türkləri nəzərdə tutulur - A.T.)
sentimentalizm haqqında düşünəndə yadıma çox yayılmış bir lətifə düşür. Bir varlı
dərddən ağlayan kasıba yardım etmək, onun əlindən tutmaq əvəzinə, bu bədbəxtin
halına ağlayır. Məsələ burasındadır ki, ağlayanın hər ikisi – kasıb da, varlı da bizim
xalqın nümayəndəsidir. Hər ikisi kasıbdır. Ağlamaq əvəzinə hər ikisinin mübtəla
olduqları kasıblıqdan xilas yolu var. Ağlamağa nə var ki… Çıxış yolu isə «mənəvi
gümrahlıq, cəsarət, fəallıq enerji tələb edir».
Müəllif varlının mənəvi, lütün maddi kasıblığını üz-üzə qoyur, hər ikisinin
xalqa, onun tərəqqisinə zərbə olduğunu söyləyir.
C.Hacıbəyli bir tərəfdən lüt-üryanlara yardım etməyə səsləyirsə, digər
tərəfdən cəmiyyətin yarasına çevrilmiş bu cəhətin səbəblərini araşdırmağa səy
göstərir, onu sağaltmaq yollarından bəhs edir. Adı çəkilən məqalədə müəllif
cəsarətli bir misal çəkir. Göstərir ki, ilk operamız «Leyli və Məcnun»un çox böyük
uğur qazanması qələm dostum, cənab Avaranın hesab etdiyi kimi, heç də əsərin
təkmil musiqisində deyil. Məlumdur ki, bu opera gənc bəstəkarın ilk təcrübəsidir
və musiqi də çox sadədir. Şübhəsiz, bəstəkarın sonrakı əsərləri daha təsirlidir.
Bəlkə, qələm dostum cənab Qubalının dediyi kimi, Füzulinin operadakı qəzəlləri
tamaşaçıları riqqətə gətirmişdir? Xeyr! Məlum operada Füzulinin poemasından
cüzi istifadə edilmişdir. C.Hacıbəyli maraqlı nəticəyə gəlir: qəlbin əbədi matəmi
bizim tərbiyəmizdədir. O da bizə farslardan keçmişdir. Digər müsəlman
xalqlarında ərəb, türk və başqalarında bu yoxdur. Farslarda isə bu cəhət ədəbiyyat
və ruhanilik vasitəsilə formalaşmışdır. Əlbəttə, müəllifin bu qənaəti ilk baxışda
inandırıcı görünsə də, xeyli mübahisəlidir.
C.Hacıbəyli fikrini sübuta yetirmək üçün faktlara müraciət edir. İl ərzində 10
ay ağlamağa məhkum olan müsəlman sentimentalist olmaya bilərmi? Üç ay –
Məhərrəm, Səfər və Ramazanda ağlayırıq. Üç ay hissə-hissə digər müqəddəs
günlərə təsadüf edir, yenə ağlayırıq, 4 ay öz ölülərimizə ağlayırıq. Normal
vəziyyətdə 2 ay oluruq, ondan da öz günümüzə ağlamalıyıq. Müəllif yazır: «Biz
matəm içində doğulur, matəm içində ölürük. Anamız bizə süd əvəzinə göz yaşı
əmizdirir». Əlbəttə, müəllifin qəzəbini, hiddətini başa düşmək olar. «Anlamaq
35
dərdi» ona öz oxucusunu C.Məmmədquluzadə, M.Ə.Sabir kimi qamçılamağa sövq
edirdi.
Müəllifin toxunduğu mövcud problemlər niyə yaranmışdır? Niyə cəhalət,
nadanlıq, ağlamaq əhval-ruhiyyəsi maarifi, tərəqqini, mədəniyyəti üstələmişdir?
C.Hacıbəylinin fikrincə, məktəblərin yoxluğu, mədəni-kütləvi tədbirlərin təşkil
edilmədiyi bir mühit bu vəziyyətə məhkumdur.
C.Hacıbəyli yazılarında qonşu xalqlarda maarifin geniş yayıldığını, nəticədə
onların xeyli tərəqqi etdiyini həsədlə göstərmişdir. Maarifin məqsədyönlü, sistemli,
daimi olmadığı bir cəmiyyətdə mənəvi şikəstlik üçün zəmin yaranır. Müəllifin
gəldiyi qənaət budur. C.Hacıbəyli müşahidə etdiyi naqis cəhətləri ört-basdır etmir,
gizlətmir, əksinə onu cəsarətlə mətbuat səhifəsinə çıxarır və tənqid edir. «Paxıllıq»
adlı məqaləsində («Kaspi» qəzeti, 1913-cü il, 17 mart, № 62) bu xasiyyəti
«tərəqqiyə mane olan səciyyəvi cəhətlərimizdən biri» hesab edir, ondan əl
çəkməyin vacibliyini vurğulayır.
«Bizim degeneratlarımız» adlı məqalədə («Kaspi», 1912, 8 aprel, №79)
müəllif göstərir ki, bir nəfər 13 yaşlı qızı qaçırmaq istəyəndə xoşbəxtlikdən hay-
küyə polis gəlir və zorakılıq baş tutmur. Müəllif bu xuliqanlığın arxasında böyük
ictimai bəlanın durduğunu məharətlə açıqlayır. Məlum olur ki, qızı qaçırmağa cəhd
göstərən elə qızın öz nişanlısıymış. Kəbin pulunda valideynlər razılaşmırlar və
oğlan qızı qaçırmağı qərara alır.
«- Qızınızı mənə verin.
-
Çox gözəl. Kəbinə nə verəcəksiniz?
-
300.
-
Razı deyiləm. 1000 ver».
Bu dialoqu verməklə C.Hacıbəyli acınacaqlı bir səhnə təsvir edir. Burada
sanki insan taleyindən yox, mal alverindən danışırlar. Ərə gedənin özünün razı
olub-olmaması barədə düşünən yoxdur. Buna ehtiyac da yoxdur. Qız ata-anasının
iradəsini sözsüz qəbul etməlidir. Ceyhun bəy həyatda təsadüf olunan bu cür
hadisəni təsvir etməklə kifayətlənmir. O, cəmiyyətin və ruhanilərin belə hallara
münasibətini araşdırır. Dolğun faktlarla sübut edir ki, İslamda qadına qarşı bu cür
alçaldıcı münasibət yoxdur, bunlar sonradan formalaşmışdır. Cəmiyyət, mövcud
mühit belə halların baş verməsinə səbəb olur. Nə qədər ki, təhsil, maarif, tərəqqiyə
biganəlik var, bizim cismani və ruhani pozğunluğu olan adamlarımız-
degeneratlarımız da olacaq.
C.Hacıbəyli ilk publisistika yaradıcılığında maarif, tərbiyə, mənəviyyat,
mədəniyyət məsələlərinə geniş yer verirdi. Bu təsadüfi deyildi. Peterburqda, daha
sonra Parisdə təhsil alan gənc qələm sahibi doğma Vətəndə cəhalətlə barışmaq
istəmir, ona qarşı mübarizə aparırdı. «Etinasızlığımız» adlı məqalə («Kaspi»
qəzeti, 1912-ci il, 28 aprel, № 96) bu cəhətdən çox ibrətamizdir. Müəllif təəssüf
hissi ilə qeyd edir ki, etinasızlığımız, laqeydliyimiz daha çox mənəvi sahədə üzə
çıxır. O, yazır: «Ədəbiyyatımız var-oxuyarıq, yoxdur-oxumarıq. Rəsmimiz var-
baxarıq, yoxdur-baxmarıq. Musiqimiz var – qulaq asarıq, yoxdur-asmarıq. Təhsilli
adamlarımız var-lazımdır, yoxdur-lazım deyil». Bu düşüncə tərzi ilə barışmayan
müəllif kədərlə yazır ki, nəyəsə nail olmağa çalışmaq hissi bizdə yoxdur. Biz ancaq
hay-küy salmağı bacarırıq. C.Hacıbəyli toxunduğu mövzunu «Ev tərbiyəsi
36
haqqında bəzi qeydlər» məqaləsində («Kaspi» qəzeti, 1912-ci il, 2 may, № 99) bir
qədər də inkişaf etdirir, etinasızlığın, biganəliyin ailə tərbiyəsi ilə sıx bağlı
olduğunu göstərir. «Tərbiyə-insan həyatında başlıca amildir» – yazan müəllif qeyd
edir ki, mədəni xalqlar uşaqların tərbiyəsinə çox erkən başlayırlar. Hələ körpə ikən
onların gələcək həyatlarının proqramları müəyyənləşdirilir. Biz isə uşağın tərbiyəsi
ilə o, 7-10 yaşına çatanda – məktəbə gedəndə başlayırıq. Həmin vaxta kimi ailədə
uşağa «pərəstiş edilən zərif predmet» kimi baxırıq. 7 yaşa qədər uşaq hər şey edə
bilər. Məktəb yaşından isə onun həyatında kəskin dəyişiklik baş verir.
«Ata uşağı mədrəsəyə verəndə deyir:
-
Molla, bu uşağı al, özünü pis aparsa, döy, öldür».
Bəzi hallarda isə valideyn mövqeyini lap kəskinləşdirir:
« – Al, bu sənin şagirdindir. Əti sənin, sümüyü mənim».
Şübhəsiz, fallaqaya hər uşaq dözmür və onun tərbiyəsi ilə «küçələr məşğul
olur». Bu uşaqdan nə olacaq?
C.Hacıbəyli cəmiyyətdə baş verən cinayət hadisələrini bu cür tərbiyənin
nəticəsi hesab edir. Məqalənin sonunda müəllif yazır ki, səhv tərbiyənin sonunu
daim artan cinayət statistikası daha parlaq əks etdirir.
C.Hacıbəyli uşaqların milli ruhda tərbiyə olunmasının, öz dilinə mükəmməl
yiyələnməsinin, ədəbiyyatına, mədəniyyətinə sahib olmasının vacibliyi məsələsini
məqaləsində dəfələrlə qaldırmışdır. Bu mənada onun «Özümüzünkülər» adlı
məqaləsi («Kaspi», 1912-ci il, 24 aprel, № 92) diqqəti cəlb edir. Müəllif
Zaqafqaziya şəhərlərinin birində maarifçi-müəllim ailəsində qonaq olur. Ev
sahibinin körpə qızına tatarca müraciət edən müəllif qızın ona təəccüblə baxdığını
yazır. Qızcığazın «köməyinə» atası gəlir: «Mənim Hellim tatarca bilmir». Müəllif
qonaq qıza rusca müraciət edir. O, bülbül kimi ötür. C.Hacıbəyli yazır ki, mən
ondan nə üçün tatarca bilmədiyini soruşanda qız sifətini turşutdu:
«- Fu, tatarca istəmirəm, bu ayıbdır. Düzdürmü, ata?»
C.Hacıbəyli maarifçi-müəllif ailəsində rast gəldiyi bu hadisəni bədii əsər yox,
fakt adlandırır. Qeyd edir ki, bu cür tərbiyənin nəticəsidir ki, Nigar Şelli olmuşdur.
Onlar müsəlman teatrına getməyi özlərinə təhqir sayırlar: «Fu, düz-əməlli adam da
müsəlman teatrına gedər? Bu cür ailə tərbiyəsi alan uşaq böyüdükcə yad təsirlər
altına düşür, öz mədəniyyətindən, maarifindən xəbərsiz olur. C.Hacıbəyli
toxunduğu mövzuları, problemi taleyin ixtiyarına buraxmır, ona dönür, ondan bir
də bəhs edir. Elə bu mövzunun davamı kimi, «Ordan-burdan» adlı məqaləsində
(«Kaspi» qəzeti, 1913-cü il, 7 aprel, № 79) də müəllif dil və mədəniyyətimizə ögey
münasibətin acı, ağır nəticələrini göz yaşı ilə qələmə alır. Peterburqda İmperator
kütləvi kitabxanasının dövri mətbuat şöbəsində bir qafqazlının erməni qəzeti
oxuduğunu görür. «İqbal» sözü yazılmış vərəqi şöbə müdirinə uzadanda o xeyli
təəccüb edir:
«Bu ki, müsəlman qəzetidir! Bizdə müsəlman qəzeti olmur-deyə o, dərhal
qəzeti qaytardı.
-
Niyə erməni, gürcü, yəhudi, latış, polyak qəzeti olur, lakin…?
-
Çünki, müsəlman qəzetini heç kim soruşmur. Siz birinci adamsınız ki,
müsəlman qəzeti ilə maraqlanırsınız. Nahaq yerə qəzeti saxlamağın mənası
nədir?» C.Hacıbəyli yazır ki, kitabxananı acı hisslərlə tərk etdim, iki sual məni
37
rahat buraxmırdı: nə üçün Peterburqda belə mötəbər kitabxanaya müsəlman
tələbələr gəlmir? Nə üçün onlar doğma dildə oxumurlar? Ümumiyyətlə, tələbələrin
təhsilə, doğma adət-ənənəyə, mədəniyyətə münasibəti mövzusu C.Hacıbəylinin
tez-tez üz tutduğu məsələlərdəndir. «Tələbələrimiz barədə» («Kaspi» qəzeti,
1913-cü il, 23 aprel, №69). «Bir etirazla bağlı» («Kaspi» qəzeti, 1913-cü il, 7 may,
№ 101) məqaləsində peterburqlu müsəlman tələbələrin həyatından bəhs edilir.
Birinci məqalədə müəllif göstərir ki, Novruzda tələbələr üçün kiçik məclis
düzəltmək niyyəti ilə onlara müraciət etdim. Təklifimi hamı ürəkdən bəyənsə də,
hərə bir bəhanə gətirirdi. C.Hacıbəylinin fikrincə, bu cür mədəni-kütləvi tədbirlərin
birgə keçirilməməsi də tələbələrin təlim-tərbiyəsinə təsir edən amillərdəndir.
C.Hacıbəyli daha bir acı faktı qələmə alır. Gimnaziya tələbəsindən hansı
millətə mənsub olduğunu soruşsan, o, nə isə oğurlayıbmış kimi, qızaracaq, sonra
cavab verəcək: müsəlman. O, heç vaxt «tatar» deməyəcək. Belə bir ictimai mühit,
tərbiyə üsulu cəmiyyətin tərəqqisinə nə dərəcədə təkan verər?
Müəllif sanki bütün bunların nəticəsi kimi sual verir ki, belə bir şəraitdə bir
ziyalımız ad-san çıxarsa, cəmiyyət onu necə qarşılayar? Daş-qalaqla. Cəmiyyətin
ziyalıya cinayətkar münasibəti nəticəsində heç bir istedad, o hətta dahi olmağa
layiqdirsə belə, inkişaf edə bilməz.
Ziyalı, maarif, mədəniyyət, sivilizasiya bizə yad olmayanda başqa xalqlarla
ayaqlaşa biləcəyik. Müəllifin fikrincə, biz geyimimizi avropalılara oxşatmışıq,
lakin həm də həyatımızı avropalaşdırmalıyıq.
Dil və məktəb mövzusu C.Hacıbəyli yaradıcılığında xüsusi yer tutur, müəllif
bu məsələyə dönə-dönə qayıtmışdır. «Dil və məktəb» məqaləsində («Kaspi»
qəzeti, 1917-ci il, № 11) müəllif yazırdı ki, son illər yerli xalqların ruslaşdırılması
sürətlə, maneəsiz həyata keçirilirdi. Lakin xalqların özünüdərk hissi, milli şüuru
inkişaf etdikcə, bu ziyanlı, zərərli proses ləngiyir. C.Hacıbəyli haqlı olaraq sual
verir: Nə üçün biz öz doğma dilimizdə danışmamalıyıq? Nə üçün doğma dilimizin
öyrənilməsinə sədd çəkilməlidir? İnanmaq olmur ki, yerli xalq öz dilini bilərsə, o
pis vətəndaş kimi yetişəcək. Tutaq ki, yerli xalq süni yolla öz dilini öyrənməkdən
məhrum edildi, bu o deməkdirmi ki, o, cəmiyyətin bütün qüsurlarına,
problemlərinə göz yumacaq, kor kimi hər şeyə boyun əyəcək, özününkülərdən
imtina edəcək? Bu cür ənənə bir dəfə uğur gətirsə də, gec-tez məhvə məhkumdur.
«Ruslaşdırma» siyasətini müəllif kinayə ilə «müdrik siyasət»- deyə damğalayır.
Məqalədə müəllif məktəbin qarşısında duran vəzifələrdən bəhs edir. Məktəb
həyatla ayaqlaşmalı, onun tələbatını ödəmək vasitəsi olmalıdır. Əgər əvvəllər
məktəb öz üzərinə düşən vəzifənin öhdəsindən gəlmirdisə, buna göz yumulurdu.
İndi isə bu cəhət edilir və etirazla qarşılanır. C.Hacıbəyli yazırdı ki, Qafqaz
xalqlarından erməni və gürcülərdə öz dillərini öyrənməyə meyl daha güclüdür. Son
vaxtların müşahidəsi göstərir ki, müsəlmanlarda da öz dillərini öyrənməyə maraq
artmışdır. Lakin mövcud təlim-tərbiyə üsulu ilə bu sahədə tezliklə böyük uğur
qazanılacağına da ümid etmək olmaz. Ana dilinin tədrisində əsaslı islahatlar
etməklə indiki vəziyyəti düzəltmək olar.
C.Hacıbəyli yalnız şagirdlərin ev-məktəb tərbiyəsi haqqında yox, həm də
müəllimlərin təlim-tərbiyə metodundan yazır, onların istək-arzularından, maddi
çətinliklərindən, dərs vəsaitlərinin olmamasından, yaxud indiki tələblərlə
38
ayaqlaşmamasından da yazırdı. Müəllifin «Müəllimlərin təqdimatı» («Kaspi»
qəzeti, 1912-ci il, 17 may, № 109), «Tiflisdəki Xeyriyyə Cəmiyyətinin qadın
gimnaziyası açmasına dair» («Kaspi» qəzeti, 1912-ci il, 4 aprel, № 75), «Şəhər
ibtidai məktəblərinin müəllimləri haqqında» («Kaspi» qəzeti, 1912-ci il, 23 dekabr,
№ 290), «Xanımlarımız haqqında» («Kaspi» qəzeti, 1912-ci il, 6 dekabr, № 276),
«Vacib məsələ» («Kaspi» qəzeti, 1912-ci il, 3 noyabr, № 249) məqalələrində
maarifin aktual problemlərinə toxunulur, cəmiyyətin və dövlətin diqqətini bu
sahəyə yönəltməyə səy göstərilir.
C.Hacıbəyli mənəvi şikəstliyin ayrı-ayrı fərdlərə yox, bütövlükdə cəmiyyətə
bir zərbə olduğunu deməkdən, yazmaqdan usanmır, maariflənməyi ilə bu bəladan
xilas olmağı, yeganə düzgün vasitə hesab edir.
«Sərlövhəsiz» adlı məqaləsində («Kaspi» qəzeti, 1912-ci il, 30 noyabr,
№271) qeyd edir ki, Bakı kəndlərinin birində toyda cahillik ucbatından mübahisə
düşmüş, atışma olmuş, nəticədə 9 nəfər ölmüşdür. Nadanlığın, cəhalətin
nəticəsində bir evdəki şadlıq, 9 ailəyə yas gətirmişdir.
Mətbuatın cəmiyyətdəki rolunu yüksək qiymətləndirən C.Hacıbəyli qəzet
mövzusunda tez-tez yazır, maarifin yayılmasında onun xüsusi rolunu qeyd edirdi.
«Qəzet işi haqqında» adlı məqaləsində («Kaspi» qəzeti, 1912-ci il, 7 oktyabr,
№ 226) yazırdı: «Əgər xalqın mədəni səviyyəsi onun mətbuat orqanının sayı ilə
ölçülsəydi, o zaman biz yalnız amerikalı hindularla bəhsə girə bilərdik». O, acı
təəssüf hissi ilə yazırdı ki, Rusiyada yaşayan 20 milyon müsəlmanın cəmi 8 qəzeti
və 3 jurnalı var. 2,5 mln. nəfərə 1 jurnal!
Bu mövzuya həsr etdiyi ikinci məqalədə («Kaspi», 1912-ci il, 12 oktyabr,
№ 230) müsəlman mətbuatının ağır vəziyyətə düşməsinin səbəblərini araşdıran
C.Hacıbəyli bu qənaətə gəlir ki, qəzetlərin dilini xalq anlamır. Fikrimizcə, dildə
dəyişikliyi qəzet yox, məktəb etməlidir. Elə məktəblər yaradın ki, orada ali
müsəlman ədəbiyyatı tədris edilsin, sonra da qəzetlər həmin dildə danışsın. Nə
qədər ki, belə məktəblər yoxdur, qəzetlər kütlə başa düşən dildə yazmalıdır.
C.Hacıbəyli kinayə ilə qeyd edir ki, bəzi qələm sahibləri beynəlxalq terminləri
bəyənmir, söz qondarmaqla məşğul olur. «Sosialist», «teleqraf», «telefon»
sözlərini tərcümə etməyə cəhd göstərmək çox gülüncdür. C.Hacıbəyli israr edir ki,
jurnalist qəzet etikasına riayət etməlidir, naşir redaksiyasının daxili işinə
qarışmamalıdır. Məqalədə müəllif «həyat», «İrşad», «Tərəqqi» və s. nəşrlər
haqqında, onların qüsurları barədə ətraflı bəhs edir.
Maarifçiliyin, maarifin yayılmasına, tərəqqiyə əngəl olan alimlərdən biri də,
C.Hacıbəylinin fikrincə, ərəb əlifbasının mövcud vəziyyətidir. Elmi və texniki
tərəfdən ərəb əlifbası indiki vəziyyətində bir çox çətinliklər törədir. «Mətbəə işinin
təkmilləşdirilməsi» («Kaspi» qəzeti, 1914-cü il, 21 mart, № 66) məqaləsində
müəllif göstərir ki, ərəb əlifbasında islahat aparmaq vaxtı çatmışdır və təklif olunan
bir neçə variantdan biri həyata keçirilməlidir.
C.Hacıbəyli Azərbaycan mətbuatı tarixində yeganə jurnalistdir ki, 1913-cü
ildən başlayaraq, 1917-ci ilədək hər ilin başlanğıcında Rusiya müsəlmanlarının
ictimai-siyasi, mədəni-maarif ədəbi və s. sahələrdəki nailiyyətlərini sadalayır, təhlil
edir, növbəti ilin vəzifələri haqqında geniş bəhs edir. Bu mənada onun «1912-ci il
müsəlmanlar həyatı» («Kaspi» qəzeti, 1913-cü il, 1 yanvar, № 1; 3 yanvar, № 2;
39
4 yanvar, №3) və «Yeni ildə vəzifələrimiz» («Kaspi» qəzeti, 1913-cü il, 8 yanvar,
№ 6, 11 yanvar, № 9) adlı silsilə məqalələri həmin dövrün maarif, təhsil
sahəsindəki mənzərənin təsəvvür edilməsi üçün əvəzolunmaz mənbədir.
Bu məqalələrdə müəllif digər sahələrdəki nailiyyətləri qeyd etməklə yanaşı,
xalq təhsilinin, o cümlədən qadınların təhsilinin kəmiyyət və keyfiyyət etibarilə
yeni mərhələyə qədəm qoyduğunu, «Səadət» məktəbinin, «Səfa» Xeyriyyə
Cəmiyyətinin, «Nicat» və «Səfa» Xeyriyyə cəmiyyətləri tərəfindən bir çox
əsərlərin səhnələşdirildiyini, Ü.Hacıbəyovun iki yeni operasını «Şah Abbas» və
«Əsli və Kərəm»in yarandığını qələmə alır.
Maarif sahəsində qarşıda duran vəzifələrdən bəhs edən müəllif göstərir ki,
ümumiyyətlə, maarif, xüsusilə məktəb işi sahəsində iki vəzifə yerinə yetirilməlidir:
birinci, məktəblərin sayını artırmaq, ikinci, müsəlman şagirdlərin öz dillərində
təhsilə yiyələnmələrinə nail olmaq.
C.Hacıbəyli yazır: «Təhsil müəssisələrinin artırılmasına səy göstərilməsi ilə
yanaşı, müsəlman şagirdlərin öz dillərini öyrənməsinə diqqəti artırmalıyıq… Ana
dilinin tədrisi sistemini təkmilləşdirməliyik» («Kaspi» qəzeti, 1913-cü il,
11 yanvar, № ). Müəllif hər vasitə ilə köhnəlmiş təlim-tərbiyə üsullarından əl
çəkməyə, xalq müəllimi buraxan öz seminariyalarımızı açmağa səsləyir.
Maarif işini diqqətlə izləyən, bu sahədəki hər bir yeniliyi alqışlayan
C.Hacıbəyli böyük xeyriyyəçi H.Z.Tağıyevin Aleksandrinsk qadın uçilişinin
açılışını maarifçilik tariximizdə «Yeni dövr» kimi dəyərləndirir. («Yeni dövr»
məqaləsi, «Kaspi» qəzeti, 1913-cü il, 28 fevral, № 47). Təkcə Bakıda yox, digər
şəhər və kəndlərimizdə məktəb, gimnaziya açılmağın vacibliyini təşviq, təbliğ edən
C.Hacıbəyli Nuxada gimnaziya açılması məsələsində ortaya çıxan problemlərin
həlli yollarını göstərir. («Nuxada gimnaziya haqqında», «Kaspi» qəzeti, 1913-cü il,
3 mart, №50). Müəllif maarif sahəsindəki uğurları alqışlamaqla yanaşı, təhsilin, o
cümlədən qadınların təhsilinin ehtiyacları haqqında ətraflı yazır: («Qadın təhsilinin
ehtiyacları», «Kaspi» qəzeti, 1915-ci il, 5 iyun, № 123) «Artıq müsəlman
qadınlarının təhsil sahəsindəki böyük uğurlarını inkar etmək ağlabatan deyil».
Aleksandrinsk qadın uçilişindən sonra qısa zamanda 4 rus-tatar qadın məktəbinin
açıldığını da fərəhlə oxucuya çatdıran C.Hacıbəyli öz sevincini onunla bölüşür.
C.Hacıbəyli maarif, mənəviyyat, mədəniyyət sahəsindəki qüsurları maarif
ocaqlarının olmaması ilə əlaqələndirir. «Səhnəmiz haqqında» («Kaspi» qəzeti,
1913-cü il, 12 avqust, № 181, 23 avqust, № 189) məqaləsində C.Hacıbəyli
mədəniyyətimizin mühüm bir sahəsi haqqında geniş bəhs edir və bu nəticəyə gəlir:
«Xüsusi məktəbimiz olmazsa, diplomlu artistlərimiz olmayacaq». Yaxud başqa bir
misal. «Mətbuat haqqında qanun layihəsi və müsəlman redaktorlar haqqında»
(«Kaspi» qəzeti, 1914-cü il, 4 aprel, № 77) məqaləsində C.Hacıbəyli çox cəsarətlə
onu düşündürən məsələni qəzet səhifəsinə çıxarır: «Bir sual ortaya çıxa bilər. Elə
bir müsəlman orta təhsil müəssisəsi varmı ki, oranı bitirdikdən sonra məzunun
redaktor olmaq hüququ olsun?» Məlum olur ki, yoxdur. Publisist məqalənin
sonunda bu qənaətə gəlir: «Deməli, qanun layihəsi real həyatdan çox uzaqdır».
C.Hacıbəylinin publisistikasının səciyyəvi cəhətlərindən biri onun faktlara,
statistik rəqəmlərə daha çox meyl etməsidir. Bu faktlar o qədər maraqla seçilir ki, o
oxucunu yormur, əksinə toxunulan mövzu haqqında daha dolğun təsəvvür yaradır,
40
təsvir edilən mənzərə daha qabarıq təqdim olunur. «Qafqaz müsəlmanlarının
maarifi» («Kaspi» qəzeti, 1914-cü il, 22 aprel, № 89) məqaləsində faktlar
müddəaları müşayiət edir, odur ki, deyilənlər inandırıcı, əsaslı olur. Adı çəkilən
məqalə 1908-12-ci illər ərzində Qafqaz müsəlmanlarının təhsilə yiyələnmə
səviyyəsi göstərilir. Həmin dövrdə 3 milyona yaxın müsəlman əhalisindən vur-tut
17.725 nəfəri ümumi təhsil almışdır. O zaman hər 100 rus uşağından 58 nəfəri
təhsilə yiyələnmişsə, bu rəqəm müsəlmanlarda 7 nəfər olmuşdur. Digər millətlərlə
müqayisədə təhsilimiz çox geri qalır – müəllifin gəldiyi kədərli nəticə budur. Hələ
1912-ci ildə isə C.Hacıbəyli yazırdı: «Böyüməkdə olan nəslə isə daha çox məktəb,
daha çox maarif lazımdır». («Yaralı yerimiz haqqında» («Kaspi» qəzeti, 1912-ci il,
24 oktyabr, № 240).
Maarifin yaranmasında məktəblərin rolunu qiymətləndirən C.Hacıbəyli hesab
edirdi
ki,
müəllimlərin
özlərinin
yetişdirilməsi,
hazırlanması
vacib
məsələlərdəndir. Bu mənada o, Qori və İrəvan seminariyaların artan tələbatı
ödəmədiyini dəfələrlə qeyd etmiş, Bakıda seminariya açılmasının zəruriliyini
göstərmişdir. «Müəllim seminariyası haqqında» («Kaspi» qəzeti, 1915-ci il, aprel,
№73) məqaləsində müəllif xəbər verir ki, Xalq Təhsili Nazirliyi Bakıda müəllim
seminariyası yaratmağa icazə vermişdir. Bu faktın əhəmiyyətini şərh edən müəllif
göstərir ki, son vaxtlar Bakıda məktəblərin sayı artmışdır. Lakin hər il rus-tatar
məktəbləri üçün 8 müəllim buraxan Qori müəllimlər seminariyası və ildə 2-3 nəfər
müəllim yetişdirən İrəvan seminariyası indiki tələbatı ödəmir. Odur ki, vaxtı əldən
verməmək, Bakıda müəllim seminariyasının açılmasını sürətləndirmək lazımdır.
Bu mövzuya bir müddət sonra yenidən qayıdan C.Hacıbəyli («Sabunçu
seminariyası haqqında», «Kaspi» qəzeti, 1915-ci il, 25 oktyabr, № 238) yazırdı:
«Maariflənmək ehtirası, yanğısı – indiki dövrdə müsəlmanların böyük
əksəriyyətini əhatə edən əhval-ruhiyyəni dəqiq ifadə üçün bundan başqa söz
seçmək çətindir… Avropa təhsilinə qarşı çıxmaq dövrü keçmişdir». Görünür,
kütlədəki yüksək əhval-ruhiyyə müəllifə də sirayət etmişdir. Bir tərəfdən xalqın
maariflənməyə meyli, digər tərəfdən cəhalət, nadanlıq, zülmət tərəfdarlarının geri
çəkilməsi C.Hacıbəylini ruhlandırmışdır. O, coşğun ehtirasla yazırdı: «Buna qarşı
(təhsilə qarşı çıxanlar nəzərdə tutulur – A.T.) çıxan cənablar anlamırlar ki, saman
çöpü ilə güclü selin qarşısını kəsmək mümkün olmadığı kimi, həyatın tələbindən
irəli gələn bu təbii prosesin önünə də sədd çəkmək mümkün deyil».
Müəllif yazır ki, 5-6 il əvvəl Bakı kəndlərində «müəllim» kəlməsini ehtiyatla
işlədirdik. Bu gün isə kəndlilər məktəb açmağı təkidlə xahiş edir, bu işə maddi
yardım göstərməyə hazır olduqlarını bildirirlər. «İndi əhali daha irəli baxır.
Adamlar yalnız özləri haqqında fikirləşmir, qardaş, qonşusu barədə də düşünür,
onların da maarifə can atmasına çalışır».
C.Hacıbəyli göstərir ki, bu mənada Sabunçu əhalisi xüsusi fəallıq göstərir.
Qori və İrəvan müəllimlər seminariyalarının tələbatı ödəmədiyi üçün, yeni
seminariya haqqında düşünürlər.
C.Hacıbəyli məktəb, maarif işi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərlə,
ziyalıların bu sahədəki səy və təşəbbüsləri ilə yanaşı ayrı-ayrı mesenatların,
xeyriyyə cəmiyyətlərinin fəaliyyətinə də böyük əhəmiyyət verirdi. Xeyriyyə
41
cəmiyyətlərinin maarif, məktəb sahəsindəki işinə dair C.Hacıbəylinin yaradıcılığı
haqqında ayrıca bəhs ediləcəkdir.
“Azərbaycan müəllimi” qəzeti, 8 oktyabr 1996
Dostları ilə paylaş: |