“525-ci qəzet”,14 , 21 iyul 2007
Ġdrak və irĢad iĢığı
(Mirzə Fətəli Axundzadə haqqında oxuduğum pyesdən təəssürat)
Ədəbi-mədəni mühitin, xüsusilə teatr ictimaiyyətinin yaxşı tanıdığı Arif
Mədətovun bir sıra pyeslərinin səhnədə uğurla oynanıldığını bilsəm də, etiraf edim
ki, dramaturqun yaradıcılığına dərindən bələdliyim yox idi. Bu yaxınlarda onun,
nəşrləri ilə respublikada, eləcə də ölkəmizdən kənarda yaxşı tanınan «Çinar-çap»
nəşriyyatında işıq üzü görən «Şeytan» adlı kitabı diqqətimi çəkdi.
Burada müəllifin 4 pyesi toplanmışdır: «Aylı gecə» (psixoloji dram),
«Şeytan» (tragikomediya) «Sezarın taleyi» (bədi-tarixi faciə) və «İdrak işığında»
(tarixi dram). Tanınmış şair - publisist Dilsuzun redaktor, Qoşqar İsmayıloğlunun
naşir olduğu kitaba sənətşünaslıq doktoru, professor İlham Rəhimli «Psixoloji
insan münasibətləri» adlı ön söz yazmışdır. İstedadlı teatrşünas İ.Rəhimli Arif
Mədətovun pyeslərinin janr xüsusiyyətlərinə, hadisələrin dram prinsiplərində
bədii-estetik təsvirinə, xarakterlərin əlvanlığına, tarixi reallıqlara çağdaş fəlsəfi
baxışlarına görə diqqət çəkdiyini xüsusi vurğulayır, hər bir əsərin ideya-məzmunu
barədə çox yığcam məlumat verir və əmin olduğunu bildirir ki, teatrlarımızın
orijinal pyeslər baxımından korluq çəkdiyi bir mərhələdə «Şeytan» kitabındakı 4
yeni və maraqlı pyes bu sahədəki boşluğu müəyyən mənada doldurmuş olacaqdır.
Ön sözdən məlum olur ki, A.Mədətovun «İdrak işığında» adlı pyesi
Azərbaycanın böyük mütəfəkkir yazıçısı, dramaturgiyamızın banisi Mirzə Fətəli
Axundzadənin həyatından bəhs edir. Professor İlham Rəhimliyə görə, M.F.
Axundzadənin həyatından bir neçə dram əsəri yazılsa da, Arif Mədətovun pyesi
müəllifin tarixi həqiqətlərə yeni estetik prizmadan yanaşması və Mirzə Fətəlinin
həyatının son dərəcə maraqlı epizodlarını dramaturji konfliktin mərkəzinə çəkməsi,
114
eyni zamanda əsərin milli meydan teatrının oyun təsvir estetikasının poetika
səciyyələri əsasında işlənilməsi ilə seçilir.
Çağdaş Azərbaycan mədəniyyətinin patriarxı M.F.Axundzadənin əbədiyaşar
irsinə tükənməyən marağım məni A.Mədətovun «Şeytan» kitabında sonda verilmiş
«İdrak işığında» pyesini əvvəl oxumağa sövq etdi. Bəri başdan deyim ki, həyat və
yaradıcılığına heç kimlə müqayisəolunmaz dərəcədə maraq göstərdiyim, meyil
saldığım, əsərlərini, xüsusi ilə məqalələrini az qala əzbərdən bildiyim M.F.
Axundzadənin xalqımızın tarixində və taleyində misilsiz xidmətlərinə, milli-
mədəni inkişafımızdakı yeri və roluna işıq salan bu əsəri mütaliə etməkdən çox
məmnun qaldım. Dram əsərlərinin janr, forma, dil-üslub, tipologiyaları barədə
çoxsaylı ədəbi materiallara, elmi-nəzəri mənbələrə istinad etmədən də, iddia etmək
olar ki, A.Mədətovun «İdrak işığında» pyesi məzmun, ideya cəhətdən nə qədər
aktual, maraqlı və əhəmiyyətlidirsə, forma, kompozisiya baxımından da
özünəməxsus və orijinaldır. İki hissəli tarixi dramın qəhrəmanları Mirzə Fətəli,
oğlu Rəşid bəy, milli mətbuatımızın banisi H.Zərdabi, Tiflisin general-qubernatoru
D.Staroselski, baron Aleksandr Pavloviç, Mirzə Hüseynxan, Mirzə Yusifxan,
Makulu Sahib, altı nəfər aktyor və Mirzə Fətəlinin məşhur komediyalarındakı bəzi
obrazlar: Müsyo Yordan, Divanbəyi, Birinci ərizəçi, İkinci ərizəçi, Heydər bəy,
Hacı Qara, kimyagər Molla İbrahim Xəlil, Hatəmxan və digərləridir.
Maraqlı və diqqətçəkəndir ki, bütün dialoq, monoloq və səhnələr M.F.
Axundzadə ideyalarının daha qabarıq və canlı verilməsinə xidmət edir,
ümumiyyətlə, bu pyesi M.F. Axundzadə ideallarını təcəssüm etdirən, onları sərf-
nəzər edən, bir-bir göstərən ədəbi mənbə də adlandırmaq olar. Müasir və hətta
gələcək Azərbaycan cəmiyyətinin seçdiyi, getdiyi yolun bütün konturları Mirzə
Fətəlinin qələmində əksini tapmışdır. Demokratiya, azadlıq, insan haqları, elm,
mədəniyyət, tərəqqi, təhsil, sivilizasiya M.F. Axundzadənin vəsf etdiyi, arzuladığı
ali, bəşəri dəyərlərdir, mütilik, köləlik, fanatizm, ətalət, cəhalət, yalan, fırıldaq,
xəsislik, hərislik isə onun cəmiyyət üzvlərində görmək istəmədiyi məziyyətlərdir.
Dramaturq Arif Mədətov pyesdəki 6 nəfər aktyorun dili ilə Mirzə Fətəli
düşüncələrini, ideyalarını bəyan edir: «Qoy bizim millətimizin də bir az gözü açılıb
fanatiklikdən çıxsın, vətənpərvər olsun…; «bəşəriyyətin qələbəsi və səadəti ancaq
o zaman mümkün ola biləcəkdir ki, insan ağlı tamamilə əbədi həbsdən azad
edilsin, bütün işlərdə və fikirlərdə rəvayətlər deyil, insan ağlı yeganə sənəd, sübut
və hakimi - mütləq kimi tanınsın»; «… təqlid boyunduruğunu boynumuzdan ataraq
qaranlıqdan işığa çıxaq, azad və sərbəst fikirli yaşayaq»; «fanatik əqidələr xalqın
haqgörən gözünə pərdə çəkir, dünya işlərində yeniliklər və yüksəlişlər yaratmasına
mane olur» və s. və i.
A.Mədətov aktyorların dialoquna Mirzə Fətəlini cəlb etməklə bir tərəfdən
səhnəyə bir sanballılıq, canlanma gətirir, digər tərəfdən əsl xalq xadiminin obrazını
təqdim edir. Onun fəlsəfi, müdrik, uzaqgörən kəlamları oxucunu, tamaşaçını
ovsunlayır, düşündürür, səfərbər edir: «Gəlin əl-ələ verək. Xalqın xoşbəxtliyi
barədə düşünək…Bilik elə bir şeydir ki, başqalarına bağışlanılmasa, onun sahibi
dərdə düşər, ömrü qüssə və kədər işində keçər…», «nəğmə oxuma, haramdır,
nəğməyə qulaq asma, haramdır, rəqs etmə, məkruhdur, rəqsə tamaşa etmə,
məkruhdur, saz çalma, haramdır, saza qulaq asma, haramdır, şahmat oynama,
115
haramdır, nərd oynama, haramdır, şəkil çəkmə, haramdır, mənzilində heykəl
saxlama, haramdır, halbuki, bunların hər birisi müəyyən ölçüdə olursa, insanın
düşüncəsinə cila verir, əqli saflaşdırır və artırır». M.Fətəlinin ayrı-ayrı bədii və
publisistik əsərlərində irəli sürdüyü fikriləri, müddəaları A.Mədətov pyesdə onun
öz dilindən səsləndirir. Mirzə Fətəliyə görə, cəmiyyətdə asayişin və səadətin
bərqərar olması, ədalətin zəfər çalması üçün qanunların olması, millətin bəsirət və
elm sahibi olması zəruridir. Böyük filosof-yazıçısının fikrincə, fanatizm xalqı
qabiliyyət cövhərindən, insanlıq şərəfindən məhrum edir, fanatizm insanların
əlindən azadlığı alır, fanatiklər yüksək fikir və sağlam ağıl sahiblərinə danışmaq
imkanı vermirlər, onları mənəvi zövqdən məhrum edirlər, fanatizm qadını ömrü
boyunca bədbəxt edir.
Bütün həyatını xalqının maariflənməsinə, tərəqqisinə, elmə, təhsilə, əlifba
islahatına həsr edən Mirzə Fətəlinin bu işə nə qədər diqqət, enerji sərf etdiyini, eyni
zamanda cəhalətlə dolu cəmiyyətə qarşı inadkar və fədakar mübarizəsini əyani
göstərmək üçün dramaturq A.Mədətov maraqlı priyom işlətmişdir. O, səhnədəki
aktyorlara müraciət edərək, paylamaq üçün onlara verdiyi kitabların taleyi ilə
maraqlanır. Məlum olur ki, «bir müsəlman kitaba yaxın düşmür», bu azmış kimi,
M.Fətəlinin - kitab müəllifinin ünvanına hədyanlr, təhqirlər yağdırılır. Hələ bu
harasıdır?! Günlərin birində bir mollanın təhriki ilə kitabların bir qisminə od vurub
yandırırlar, bir qismini də ermənilərə satıblar.
Çox ibrətamizdir ki, Mirzə Fətəli bu zərbələrdən sonra sarsılmır, sınmır,
yolundan əqidəsindən dönmür, sabaha inamını itirmir: « Camaatın avamlığına
baxma, mən səpdiyim toxum münbit torpağa səpilib. Mən millətimizin gələcəyinə
və xoşbəxt günlərinə xatircəməm…. Hər bir qaranlığın axırı işıqdır və mənim
millətim də yəqinimdir ki, əbədi zülmət içində deyil, onun da bir işıqlı günləri
var… ».
Pyesin «Bir neçə söz» adlı epiloqunda müəllif A.Mədətovun da qeyd etdiyi
kimi, «əsər tarixi sənədlər əsasında qələmə alınmışdır.» M.F. Axundzadənin
çoxşaxəli ədəbi, ictimai-siyasi fəaliyyəti xronoloji ardıcıllıqla, konkret mənbələrə
istinad edilərək təqdim olunur. Məsələn, pyesdə oxuyuruq: «İkinci aktyor. 1851-ci
il 6 fevral, «Qafqaz» qəzeti bu yaxınlarda Mirzə Fətəli Axundovun iki
komediyasını çap edəcəyini xəbər verir»; «Üçüncü aktyor. Ştabs kapitan Mirzə
Fətəli Axundovun yazılı məruzəsi. 04.05.1853-cü il Tiflis»; «Birinci aktyor 13 may
«Qafqaz» qəzeti. «Bakıdan bizə yazırlar ki, keçən aprel ayının 17-də xeyriyyəçilik
məqsədi ilə ikinci teatr tamaşası vermişlər»; «Beşinci aktyor Tiflis. Qafqaz
Canişinliyi Baş İdarəsi naçalniki dəftərxanası 284 nömrəli təliqə ilə Qafqaz
senzorundan soruşmuşdur…». Yeri gəlmişkən deyək ki, A.Mədətov arxiv
sənədlərinə, məxəzlərə istinad etməklə, bir tərəfdən oxucunu tam inandırır, digər
tərəfdənsə, Mirzə Fətəlinin iş üslubuna, sənədlərlə işləmək səriştəsinə sadiq
qaldığını nümayiş etdirir. «M.F.Axundovun yeni əlifba layihələri və məktubları»
adlı məqaləsində professor Həmid Məmmədzadə yazır: «Yazıçı və şairlərimizin
çoxunun arxivi itib batmışdır. Bizə gəlib çatan arxivlər içində M.F. Axundovun
bilavasitə özü tərəfindən yaranıb nizama salınmış arxivi zənginliyi və yaşı etibarı
ilə birinci yeri tutur… Bu fondda mütəfəkkir yazıçının, demək olar ki, bütün
əsərlərinin əlyazmasını, onların müxtəlif variantlarını, onlarca məktublarının
116
avtoqrafı və ya katib tərəfindən ağardılmış sürətini görmək olar. Məktubların
əhəmiyyətini hamıdan əvvəl özü düzgün başa düşən ədib onların səliqə ilə
qorunub saxlanılması qeydinə qalmış və yaxın dostlarına da həmin məktubları
gələcək nəsillər üçün qorumağı tövsiyə etmişdir.». (Mirzə Fətəli Axundov. Əsərləri
III cild, «Elm» nəşriyyatı, 1988, səh. 5) Mirzə Fətəli ölümündən bir neçə ay əvvəl
Mirzə Melkum xana ünvanlandığı məktubda yazırdı: «Mənim sizə göndərdiyim
məktubları əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın! Bu məktublar
biz öləndən sonra gələcək nəsil üçün tarixi və əntiqə sənədlər olacaqdır» (yenə
orada. səh. 15).
«İdrak işığında» pyesində Mirzə Fətəlinin öz qəhrəmanları, xüsusi ilə
komediyalarında yaratdığı obrazlarla görüşü, dialoqu böyük maraq doğurur. Bu
səhnələr hər şeydən öncə Mirzə Fətəlinin feodal əsarəti və orta əsr geriliyinə,
fanatizmə, cəhalətə qarşı neçə ardıcıl və amansız mübarizə apardığını göz önündə
canlandırır. Kimyagər Molla İbrahim Xəlil öz əməllərindən əl çəkməmişdir,
əksinə, daha da quduzlaşmış, həyasızlaşmışdır, o, Mirzə Fətəliyə hücum çəkir, onu
təhqir edir, fırıldaqlarını «peyğəmbərlərdən qalan elm»lə ört-basdır etməyə çalışır.
O, hay-küylə cahil və avamları Mirzə Fətəliyə qarşı qaldırır. Mirzə Fətəli təmkinini
pozmur, Molla İbrahim Xəlilin hədə-qorxularından çəkinmir, əksinə, onu yeni
faktlarla ifşa edir və sonda deyir: «Get, nə edəcəksən, et! (Stolun üstündəki bir
dəstə kağızı göstərir). Budur, bax, Gəncədən təkfir, Nuxadan nifrin, Qarabağdan
donos, Bakıdan təlin, Şirvandan həcv, Dərbənddən fəhş! Get, sən də təkfir et,
qəbulumdur». Bunları dinlədikcə, cəhalətin nə qədər dərinə işlədiyinə, zülmətin
qalınlığına, zalımın nadanlığına heyrət edirsən, eyni zamanda Mirzə Fətəli
mübarizəliyinə, əzmkarlığına, dönməzliyinə, əzəmətinə valeh olursan. Digər
tərəfdən isə böyük demokrat-yazıçının nikbinliyinə, sabaha inamına, məsləkinə,
sədaqətinə heyran qalırsan: «Hamı məndən üz döndərib və buna da səbəb mənim
həqq yazmağım, həqq danışmağım və camaatın ayıbını açıb üzünə deməyimdir.
Həqq acı isə də meyvəsi şirin olar!» Gələcəyə inam Mirzə Fətəlini dindən-imandan
uzaqda olmaqda, «bir nəfər çör-çöp yığan kafir firəngi» onun evində qonaq
saxlamaqda, «övrətinin, qızının adını camaata bildirməkdə» qınayan, bununla da
kifayətlənməyib onu donosla, Sibirlə, sürgünlə hədələyən Hətəmxanla dialoqda
daha qabarıq üzə çıxır: «Hətəmxan ağa! Mən əlimə qələm alanda rüsvayi-cahan
olmağı, təkfiri, vəhsü, hətta ölümü qəbul etmişəm. Sən nə deyəcəksən, de! Hamısı
qəbuldur və nə səbəbə də qəbul etmişəm, onu sən anlamazsan. Ancaq bir vaxt olar,
sənin oğlun və nəvən anlar. Sən məni söyürsən, amma sənin oğlun və nəvən mənə
rəhmət oxuyacaqlar, yəgin bil!»
Mirzə Fətəlinin məşhur «pulu batan, malı tutulan, evi yıxılan», həm də
məsxərəyə qoyulan Hacı Qara ilə görüşü də diqqəti çəkir. Hacı Qara öz əməllərinə
məharətlə don geyindirir, «rus malı alıram, solgün çıxır, qızılbaş malı alıram, çürük
çıxır» - deyərək sızıldayır, «saqqal gətirməyə gedəndə bığı da qoyub gəldiyini»
göz yaşları ilə bəyan edir, Mirzə Fətəlidən kömək umur, ona dua edir…
Dərviş Məstəli şah isə qəzəblidir, ağzından od püskürür: «Ya hu, ya haqq!
Sənsən biz dərviş sinfini, məsxərə edən? Sənsən caduya, sehrə şəkk gətirən?
Sənsən cəmi əcinnə taifəsinin mənim həyətimdə olmağını inkar edən? Sənsən
mənim Parisi dağıtmağıma inanmayan?» M.Fətəlinin kimyagər Molla İbrahim
117
Xəlil, Hətəmxan və Hacı Qara ilə sərt dialoqu dərvişlə söhbətdə istehzaya,
kinayəyə çevrilir: «Səbr et, ağa dərviş, səbr et! Mən sənin barəndə səhv etmişəm və
kitabımda da səndən yazmağıma peşman olmuşam.» Əlbəttə, bununla dramaturq
A.Mədətov həm bütövlükdə əsərə, həm də dialoqlara bir çalar, rəngarənglik
gətirmişdir. Əsərdə Mirzə Fətəlinin Həsən bəy Zərdabi, general-qubernator D.
Staroselski, Qafqaz Canişini dəftərxanasının direktoru A.F. Kruzenştern, akademik
Dorn, Mirzə Hüseyn xan, Qafqaz Canişinliyi Baş idarəsinin direktoru N.İ.
Baranovski, Osmanlı dövlətinin sədr əzəmi, Manuklu, oğlu Rəşid bəy və digərləri
ilə təmaslarını, əlaqələrini münasibətlərini əks etdirən yazışmalar, teleqramlar,
məktublar, dialoqlar böyük mütəfəkkir-yazıçının həm həyatının, həm də bədii
yaradıcılığının, sosial fəlsəfi düşüncələrinin, tənqidi görüşlərinin, əlifba islahatı
uğrunda fəaliyyətinin və sensura ilə inadkar, fasiləsiz və fədakar mübarizəsinin
işıqlandırılmasına xidmət edir. Mirzə Fətəlinin Mirzə Yusif xanla mükaliməsi
gərgin olduğu qədər də səmimi və mənalıdır. İranın viran qalması, əlifba islahatı və
digər problemlərlə bağlı Mirzə Yusif xanın Mirzə Fətəliyə ünvanladığı saysız-
hesabsız suallara böyük maarifçi-filosof-reformator inandırıcı, təkzibolunmaz fakt
və dəlillərlə, dəmir məntiqlə cavab verir. Onun fikrincə, İran xalqının Allahın
verdiyi nemətlərdən faydalanması üçün «İran camaatı istər şəhərli, istər kəndli,
istər elat olsun, istinasız, qadınlı-kişili, Rusiya ölkəsinin əhalisi kimi, başdan-başa
savadlı olmalı, təbiətin sirlərini öyrənməli, elmin gücü və qüdrətinə arxalanmalı»,
«hər bir məsələ də avropalıların təcrübəsini tətbiq etməyi» bacarmalıdır.
Azərbaycan mədəniyyətinin iki nəhəng, parlaq siması Mirzə Fətəli və
Həsənbəy Zərdabinin əlaqəsi, əməkdaşlığı da pyesdə epizodik, lakin yaddaqalan
əksini tapmışdır. Müəllif A.Mədətov bunu, həm dahilərin məlum məşhur, tarixi
məktubları ilə, həm də mükalimələri ilə tamaşaçıya, oxucuya təqdim edir. Xalqın
iki böyük xadimi savadsızlığa, fanatizmə qarşı mübarizə yolları barədə düşünür,
problemlərin həlli üçün fikir mübadiləsi edir, qarşılıqlı tövsiyələr verir, bir-birini
ruhlandırırlar.
Mirzə Fətəli H.Zərdabiyə bildirir ki, qəzetinizin şriftindən razıyam. Amma
türk dilində mətnləri hazırlayan mühərririn işindən çox narazıyam. O, kiçik bir
elanda bağışlanılmaz səhvlərə yol vermişdir. Onu başqa bir savadlı adamla əvəz
edin. Sizin qəzetinizin əsas vəzifələrindən biri ifadənin gözəlliyi, ibarələrin
zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Qəzetiniz dilimizi yad
ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə
olmalıdır. H. Zərdabi də Mirzə Fətəliyə xalqa xidmət yolunda yorulmamağı,
mübarizədən geri çəkilməməyi, ruhdan düşməməyi məsləhət bilir: «Boynuma alım
ki, təəccüb eyləyirəm, nədən başqaları yaşa dolduqca da təcrübələri artır, əsərləri
daha ciddi olur. Siz isə etiraf edirsiniz ki, əksinə, heç əlinizə qələm ala
bilmirsiniz». Azərbaycan mədəniyyətinin iki korifeyinin həyatı və irsi bugünkü və
gələcək nəsil üçün örnək, məktəb, beyinlərə qida, gözlərə nur verən tükənməz
enerji mənbəyi, idrak işığıdır.
Pyesdə müəllif A.Mədətov Mirzə Fətəlinin çoxşaxəli, eyni zamanda maraqlı
və mürəkkəb işini daha qabarıq vermək üçün diqqətçəkən üslubdan istifadə
etmişdir. Mirzə Fətəli - əsərlərinin qəhrəmanları, Mirzə Fətəli - müasirləri, Mirzə
Fətəli - aktyorlar, Mirzə Fətəli - oğlu Rəşid bəy kimi xətlər böyük demokratın,
118
qüdrətli maarifçinin, görkəmli filosofun, qayğıkeş atanın siyasi - fəlsəfi
ideyalarının, müdrik düşüncələrinin, valideynlik duyğularının təcəssümünə xidmət
edir. Əsərdə Mirzə Fətəli - akademik Dorn əlaqəsi cəmi 2 məktubda öz əksini tapır.
Bununla belə, təkcə bu məktublar həm münasibətlərin səmimiliyi, həm də Mirzə
Fətəlinin idealları və xidmətləri barədə kifayət qədər təəssürat yaradır. Akademik
Dorn Mirzə Fətəliyə yazır: «… mən belə qərara gəldim ki, müsəlman ədəbiyyatı
zənginliklərini ümumin malı etmək arzusundan doğan yeni sisteminiz sizin bu
məsələni hərtərəfli bilməklə qeyri-adi zəka sahibi olduğunuzu sübut edir».
Əsərin finalını da Arif Mədətov Mirzə Fətəli ruhu, inamı ilə tamamlayır.
İdeyalarının, başladığı işlərin həyata keçiriləcəyinə bütün varlığı ilə inanan böyük
maarifçi - demokrat, dahi filosof-yazıçı əsən küləyə - müqavimətə, qaranlığa sinə
gərərək işığa doğru irəliləyir, üzünü bütün xalqa tutub gur səslə xitab edir: « …
Mən millətimin sabahına inanıram. İdrak işığında azad Azərbaycan bizi səsləyir.
Elə bilməyin ki, mən uzaqdayam. Mən bu cahanda, bu torpaqda, sizin
aranızdayam! »
“525-ci qəzet”, 1 noyabr 2008,
“Xalq qəzeti”,23 noyabr 2008
«Kitabi-Dədə Qorqud» dastanın
tədqiqində uğurlu addım
Filologiya elmləri doktoru Elməddin Əlibəyzadənin «Kitabi-Dədə Qorqud:
Tarixi hadisələri bədii təsdiq abidəsi» (Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999,
səh.332) əsəri yenicə çapdan çıxmışdır. Əsər müəllifin uzunmüddətli axtarışları və
ciddi tədqiqatının uğurlu nəticəsidir, qarşıdakı yubileyə ən yaxşı töhfələrdən sayıla
bilər.
Ciddi axtarışların əsasında yazılmış bu kitab Azərbaycan xalqının
islamaqədərki VI-VII əsrlər tarixini bədii şəkildə əks etdirən parlaq səhifələri kimi
təqdim olunur. Müəllif tədqiqatı məhz bu istiqamətdə aparır, elmi faktlar və
məntiqi mühakimələrlə oxucunu inandırmağa çalışır, məqsədinə də nail olur.
«Kitabi-Dədə Qorqud» 100 ildən artıq bir müddətdir ki, öyrənilir, araşdırılır.
Uğurlarla yanaşı yanlış, ziddiyyətli və mübahisəli fikirlər də söylənilir. Xüsusilə,
«Dədə Qorqud kitabı»nın yaranma tarixi, coğrafiyası, hansı xalqa mənsubluğu,
islamla bağlılığı, Dədə Qorqudun şəxsiyyət olub-olmadığı və s. barədəki fikir və
rəylər dəqiqləşdirilir. Bu barədə dünya fikri tədqiqat mərkəzinə çəkilir, araşdırılır,
müvafiq elmi nəticələr çıxarılır.
Budur: «Dədə Qorqud kitabı» mətninin birinci cümləsi, başlanğıcı: «Rəsul
əleyhissəlam zamanına yaxın Bayat boyundan, Qorqud Ata derlər bir ər qopdı.
Oğuzun ol kişi tamam bilicisi idi…» (dastan, səh.2). Tədqiqatçı qarşıya haqlı sual
qoyur: bu «Rəsul əleyhissəlam, yəni Məhəmməd peyğəmbərin zamanına yaxınlıq»
nə qədər ola, düşünülə bilər? 50 ilmi, 100 ilmi?!
119
Amerikalı alimin tədqiqatında deyilir: «Dastanların tarixi çox qədimdir;
İslam tarixindən xeyli əvvəl yaranmış bu dastanlar köçəri Oğuzların həyat tərzilə
islam mədəniyyətini birləşdirir» (Bax: The Book of Dede Gorgud, University of
Texas rress, Austin-London, 1972). Tədqiqatçı yenə qarşıya sual qoyur: «İslam
tarixindən xeyli əvvəl», «Çox qədim tarix» nə qədər ola, düşünülə bilər?! 50 ilmi,
100 ilmi?!»
İngiltərə aliminin tədqiqatında deyilir: «Çadra, hərəm, çoxarvadlılıq
ərəblərin islam dinini qəbul etdirdikləri vaxtdan sonra başlanır. Dastanlarda
qadınlara bir ana kimi sitayiş edilir: bir arvad, bir həyat yoldaşı kimi hörmət
göstərilir…» (Bax: The Book of Dede Gorgud, Pengvim Boks, London, 1974).
Rus tədqiqatında deyilir: «Eposda çoxarvadlılıqdan əsər-əlamət yoxdur. Hər
bir igidin «Göz açıban gördüyü», «Könül verib sevdiyi» ancaq bir həyat yoldaşı
var» (Bax: V.V.Bartolgd, «Kniqa moeqo deda Korkuda, M.-L., 1962, str.115). Bu
məsələdə ingilis alimi L.Cöfrey də eyni mövqedən çıxış edir və deyir: hər cür
imkan və şəraitə baxmayaraq, «Oğuz bəylərinin ancaq bir arvadı olur» və
ömürlərinin sonunadək ona sadiq qalırlar (Bax: The Book of Dede Gorgud,
Pengvim Boks, London, 1974).
Yunan tarixçisi F.Simokatta və b. rəyləri də bu fikirlərlə səsləşir və s.
Tədqiqatçı E.Əlibəyzadə yazır ki, bütün bu fikir və rəylər «Dədə Qorqud
kitabı»nın öz mətnindən, oradakı real həyat və hadisələrdən çıxış edilərək
söylənildiyi üçün bizi dastanın tamamlanma tarixinin ən geci islamiyyətin ilk
əsrinə aid etmək qənaətinə gətirir və onun müəllifinin indi azı 1500 yaşı olduğuna
inam yaradır.
«Dədə Qorqud kitabı»ndakı VI-VII əsrlərə aid hadisə və əhvalatlarda
Azərbaycan dövlətçilik ənənəsi öz əksini tapmışdır. Bu, tamamilə yeni bir problem
kimi qoyulur və ilkin həllini tapır. Bu ənənənin əsasları çox qədim dövrlərlə
bağlanır. Dastanda dönə-dönə xatırlanan, təsviri verilən dövlət qurumu və ənənəsi
Göy Türk xaqanlığının dövlət qurumuna tam uyğun gəlir. Aşkar olur ki, o vaxtlar,
yəni V-VI əsrlərdə Azərbaycan torpağı, bütövlükdə Qafqaz Göy Türk xaqanlığına
daxil idi (Bax: Lev Nikolayeviç Qumilyovdan götürülüb, kitabda verilən xəritə,
səh.46). Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərirdi.
Azərbaycan tarixinin bu istiqamətdə tədqiqi çox gərəkli bir işdir və
gələcəkdə ön plana çəkilməlidir, tədqiqat bu istiqamətə yönəlməlidir.
Tədqiqatda «Oğuz elinin igidləri» bölməsi məhz bu dövləti yaşadan, onu
xarici düşmənlərdən qoruyan bahadırların fəaliyyətinə həsr olunub. Qəhrəmanların
xəlqi-milli xarakteri, dönməzliyi, mübarizliyi, vətənə, elə sədaqəti Qorqud Atanın
ağlı, zəkası və məntiqinin qüdrətilə açılır, təsdiqlənir. Dastanlarda Bayandır xan,
Qazan xan, Beyrək, Bəkil, Qaragünə, Bükdüz Əmən, Əmran, Əkrək və b.
xalqımızın VI-VII əsrlər tarixinin yaradıcıları, əsl oğulları, kamil insanları kimi
tədqiq və təqdim olunur.
Bu, tədqiqatçının ciddi elmi qənaəti, tədqiqatın uğuru və nailiyyətidir.
Kitabda «Oğuzlarda ailə-məhəbbət mənəvi aləmi» (səh.125-139), «Oğuz
elinin
qadınları»
(səh.148-157)
bölmələri
xalqımızın
bəşəri-insani
keyfiyyətlərindən bəhs edir.
120
Kitabın «Dədə Qorqud»un dili və üslubu» adlı bölməsi xüsusi diqqət cəlb
edir; burada «Drezden» əlyazma nüsxəsinin imlası üzərində dayanılır. «Orxan-
Yenisey» kitabələrinin əlifbası, imlası və dili ilə müqayisələr aparılır.
Azərbaycan türk dilinin inkişaf səviyyəsi, poetik qüdrəti, saz-söz sənətinin
vəhdəti, xalq danışıq dili və nitq mədəniyyəti, onun ətraf mühitə təsiri və s.
məsələlər kitabda öz elmi həllini tapır. Frazeoloji ifadə və vahidlərə ayrıca yer
verilir. Əsir-bə-əsir dastanlar yazıya alınıb köçürüldükcə, ora daxil olan «yad
qatlar», ərəb-fars sözləri, islam dini təsir və təsəvvürlərinin şərhi və təhlili diqqət
mərkəzinə çəkilir.
«Dədə Qorqud kitabı» öyrənilməkdə davam edir. Bu tarixi abidə elə bir
mənəvi xəzinədir ki, onu tədqiq edib sona varmaq mümkün olan iş deyil.
Dostları ilə paylaş: |