DüĢündürən və qürur verən «ilk»lər
Məlum həqiqətdir ki, problemin, məsələnin mahiyyətinə varmaq, daha dərin
qatlara nüfuz etmək, ilk məxəzdən, mənbədən qidalanmaq tədqiqatçıya nüfuz,
133
tədqiqata sanbal gətirir. Akademik Hüseyn Əhmədovun və mərhum professor
Xeyrulla Məmmədovun timsalında arxiv sənədləri, mətbu orqanlarla – qəzet və
jurnalların dəstləri ilə işləmək ehtirasının, həvəsinin, eyni zamanda bu sərvətə
münasibətdə diqqət və həssaslığın, qayğının parlaq nümunəsini görmək olar və bu,
qibtəediləndir. Akademik H.Əhmədov keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq,
Kazan, Həştərxan və sair kimi iri şəhərlərinin kitabxana və arxivlərindən gen-bol
istifadə ilə kifayətlənməmişdir. O, həmin mərkəzlərdən əldə etdiyi minlərlə
sənədin surətini hər biri 500-600 səhifə olmaqla, 50 (!!) cilddən ibarət toplu
halında hazırlamışdır. Yolu Respublikanın Dövlət arxivlərinə düşən hər kəs orada
prof.Xeyrulla Məmmədovun izini görəcəkdir. Tanınmış tədqiqatçı qəzet-jurnal
dəstləri, arxiv sənədləri ilə işləməkdən yorulmazdı.
Minirə xanım Dilbazinin qələmə aldığı «XIX əsrin ikinci yarısı – XX əsrin
əvvəllərində Bakının musiqi həyatı» adlı kitabı ilə ilk tanışlığım mənə qeyri-
ixtiyari yuxarıda adlarını çəkdiyim alimləri xatırlatdı. M.Dilbazi də eyni həvəs və
maraqla arxiv və kitabxanalarda işləmiş, minlərlə sənədin içərisindən ən
dəyərlisini, faydalısını, ümumiləşdirmələr üçün xarakter, tipik olanı seçmiş,
qruplaşdırmış və özünün fikir və mülahizələrini, qənaətlərini əsaslandırmaq üçün
onlardan bacarıqla istifadə etmişdir. Professor M.Dilbazi XIX əsrin ikinci yarısı,
XX əsrin əvvəllərində Bakının musiqi həyatının tam mənzərəsini əks etdirmək,
qastrol səfərləri, simfonik və opera mövsümləri, şəhər musiqiçilərinin maarifçilik
fəaliyyəti, musiqi təhsili, yerli sazəndə və xanəndələrinin mədəni həyatdakı yeri və
rolu, milli musiqi ilə rus-avropa klassik musiqisinin qarşılıqlı təsiri haqqında geniş
təəssürat yaratmaq üçün arxiv sənədləri və qəzet, jurnal materiallarından yerli-
yerində istifadə etmiş, öz mülahizə və mühakimələrini əsaslandırmaq, mövcud
tədqiqatlara
münasibətini bildirmək üçün tutarlı, sanballı sitatlardan
faydalanmışdır. Bütün bunlar problemlə bağlı qəti rəyin formalaşmasına,
tədqiqatın elmi çəkisini və dəyərini artırmağa xidmət etmişdir. Mədəni həyatın bir
parçasını öyrənmək baxımından bu əsərin qiyməti böyükdür, ölçüyəgəlməzdir.
Mən prof.M.Dilbazinin əsərinin başqa bir cəhəti üzərində xüsusi dayanmaq
istərdim. Bu gün – müstəqillik dövründə milli-mənəvi-mədəni sərvətimizin müasir
tələblər baxımından, obyektiv araşdırılması son dərəcə aktualdır, əhəmiyyətlidir.
İctimai-siyasi, ədəbi-mədəni, mətbu, hərbi, iqtisadi, fəlsəfi fikir tariximizin
dərindən, geniş tədqiqinə, həmin sahələrin sovet dövründə saxtalaşdırılmış
səhifələrinin işıqlandırılmasına böyük ehtiyac vardır. Fikrimcə, istedadlı alim
M.Dilbazinin bu əsəri digər sahə tədqiqatçıları üçün gözəl nümunə, yaxşı örnəkdir.
Monoqrafiyada müraciət olunan dövrdə Bakının musiqi həyatı ilə bağlı, demək
olar ki, heç bir qaranlıq, gizli məqam qalmamışdır.
Bu əsər, heç şübhəsiz, Bakının musiqi həyatı ilə bağlı ensiklopedik nəşrdir.
Burada «ilk dəfə» sözləri ilə başlayan onlarca suala, o qədər də «ilk dəfə» ifadəsi
ilə başlayan cavab da tapmaq olar. Bakıda ilk operanın səslənməsi, ilk opera teatrı,
ilk simfonik orkestr, ilk simfonik konsert, ilk musiqi sinifi, ilk musiqi məktəbi, ilk
teatr binası, ilk sirk binası, ilk istirahət parkı, rus dilində ilk qəzet, ilk dövlət
məktəbi, ilk qadın müsəlman məktəbi, ilk şəxsi kitabxana, ilk kitab, ilk musiqi
mağazaları, ilk teatr tamaşası, kamera musiqisindən ibarət ilk konsert, ilk Şərq
konserti, ilk Azərbaycan musiqili səhnəciyi, ilk orkestr konserti, ilk xor,
134
Çaykovskinin skripka konsertinin ilk ifaçısı (və bu qəbildən olan onlarca «ilk»…),
ilk musiqiçilər cəmiyyəti, musiqi və teatr həvəskarlarından ibarət ilk özfəaliyyət
dərnəkləri, ilk operetta, ilk dram tamaşaları, Azərbaycan dilində ilk operanın
tamaşası, ilk azərbaycanlı aktyorlar, opera parçalarını nümayiş etdirən ilk
kinoteatrlar, Azərbaycan musiqisindən ibarət ilk konsert, ilk xanəndə və
sazəndələrimiz, ilk milli opera müəllifi, ilk opera rejissoru, ilk opera dirijoru,
operada ilk qadın rolunun ifaçısı, ilk milli opera truppası, ilk musiqili komediya,
ilk kino, ilk müsəlman qadın fortepiano müəllimi, Moskva Konservatoriyasının ilk
azərbaycanlı qadın məzunu, konsertdə çıxış edən ilk azərbaycanlı qadın pianoçu,
ilk azərbaycanlı professional qadın müğənni, ilk Azərbaycan mahnı məcmuəsi,
musiqi məsələlərindən bəhs edən ilk traktat, RMC BŞ-nin ilk konserti, ilk balet
qastrolları, ilk tələbə xoru, ilk tələbə konserti, dünya şöhrətli bəstəkarların
operalarının Bakıda premyeraları… - bütün bunlar haqqında M.Dilbazinin əsərində
yazılmışdır. Buradaca qeyd etmək yerinə düşərdi ki, M.Dilbazi əsərinin birinci
cümləsində Bakını Avropa və Asiyanın qovuşacağında yerləşən böyük və qədim
mədəniyyət mərkəzi kimi təqdim edir. Bu nöqteyi-nəzərdən Bakının mədəni
mühitində baş verən əlamətdar və ilk hadisələri, elə Şərq, türk-islam dünyasının
ilki kimi qəbul etmək lazımdır. Başqa sözlə, «Bakıda» əvəzinə «Şərqdə», yaxud
«türk-islam dünyasında» yazsaq, yanılmarıq.
Bir məsələni də vurğulamaq vacibdir. Tədqiqatçı M.Dilbazi faktları
sadalamaqla, hadisələri təsvir etməklə kifayətlənmir. O, fakt və hadisələri təhlil
edir, ümumiləşdirir, onlara münasibət bildirir, müəyyən elmi-nəzəri qənaətlərə
gəlir. İctimai mühitdə gedən proseslərlə mədəni həyatda baş verən dəyişiklikləri
əlaqələndirir, prosesləri dərindən və diqqətlə izləyir, ən xırda detalları belə
nəzərdən qaçırmır. Tutarlı fakt, möhkəm məntiq, doğru mülahizə, məharətli
ümumiləşdirmələr, sanballı nəticələr – professor M.Dilbazinin kitabının başlıca
xüsusiyyətlərini məhz bu ifadələrlə xarakterizə etmək olar.
Və sonda, professor M.Dilbazinin uzun illərdən bəri məhsuldar və gərgin
fəaliyyətinin nəticəsi olan bu əsərin intişarı ölkədə mədəniyyət, konkret musiqi
sahəsində aparılan siyasətin məhsulu, parlaq təzahürüdür. Muğam müsabiqələri,
müxtəlif musiqi festivalları, xanəndələrlə bağlı irimiqyaslı proyektlərin (məsələn,
«Qarabağ xanəndələri» albomu) həyata keçirilməsi heç şübhəsiz ki, Bakının
musiqi həyatının daha dərindən tədqiqini də zəruri edirdi ki, bu işin öhdəsindən
professor M.Dilbazi bacarıqla gəlmişdir.
Prof. Minirə Dilbazinin «Bakının
musiqi tarixi» (Bakı, «Mütərcim»
nəĢriyyatı, 2007) adlı kitabına ön söz
14 aprel 2007
135
Ġranda etnopolitik hərəkatlar haqqında
İstənilən ölkənin etnik mənzərəsi, toplumların həyat, düşüncə tərzi,
milliyyətçilik, onun təzahürat formaları, cəmiyyət və dövlət quruluşunda etnik
faktorun rolu və yeri ciddi maraq doğuran məsələlərdir. Bu nöqteyi-nəzərdən bir
tərəfdən coğrafi, tarixi, mədəni, dini baxımdan bizə yaxın, doğma olan, digər
tərəfdən isə ərazi və əhalisinin mütləq üstünlük təşkil etdiyi Cənubi Azərbaycanı
iki əsrdən də çox bir dövrdə əsarətdə saxlayan, azərbaycanlıları dildən, məktəbdən
– adi insan haqlarından məhrum edən İranda etnopolitik hərəkatların tədqiqi son
dərəcə aktual və əhəmiyyətlidir. Nəzərə alsaq ki, rejim və ideologiyanın tələbləri,
yasaqları ucbatından Sovet hakimiyyəti illərində (1920-1991) bu mövzu
tədqiqatdan kənarda saxlanılmış, yaxud saxtalaşdırılmış, fakt və hadisələr qərəzli
münasibətə tuş gəlmişdir, o zaman problemin araşdırılmasının zərurəti daha
qabarıq görünər.
Bütün deyilənlər onu söyləməyə əsas verir ki, doktor Gülarə Yeniseyin
«İranda etnopolitik hərəkatlar (1922-2004)» əsəri (İstanbul, 2008, «Ötüken
nəşriyyat. A.S.» 256 səh.) həm praktik, həm də elmi-nəzəri baxımdan böyük
əhəmiyyət kəsb edir və elmi-tədqiqat işində qonşu ölkədə etnopolitik hərəkatlar
fundamental şəkildə bir sıra aspektlərdən – tarixi, ictimai-siyasi, mədəni-sosial
istiqamətlərdən araşdırılmış, dəyərləndirilmişdir.
Maraqlı və diqqətçəkəndir ki, tədqiqat İranda etnopolitik hərəkatların son
100 ilə yaxın bir dövrünü əhatə etsə də, müəllif tarixə ekskurs edir, etnopolitik
hərəkatın rüşeymlərinə, formalaşması və inkişaf mərhələlərinə nəzər salır, prosesi
ardıcıllıqla izləyir, ciddi mühakimələr irəli sürür, fikirlərini tutarlı dəlillərlə
əsaslandırır. 8 bölmədən ibarət əsərdə türk, rus, fars, ingilis, tacik, qırğız, Amerika,
Azərbaycan, İsveç, ərəb, erməni müəlliflərinin mövzu ilə bağlı 200-dək kitab,
məqalə, internet materiallarından, zəngin etibarlı mənbələrdən gen-bol istifadə
olunmuşdur.
Doktor G.Yenisey tədqiqat obyektinin araşdırılma tarixini, işlənmə
dərəcəsini, mövzunun aktuallığını, əhəmiyyətini ətraflı göstərir, elmi-nəzəri
qənaətlərini məharətlə ümumiləşdirir.
Kitabı cəsarətlə müasir iranşünaslığa parlaq töhfə kimi də dəyərləndirmək
olar. Fikrimizcə, elmi-tədqiqat işi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir və
bu tədqiqat problemə yeni yanaşma tərzi, örnək kimi də cəlbedicidir. Əsərin
respublikada nəşri bu gün həmişəkindən daha çox aktual görünən etnik problemin
ən müxtəlif baxış bucaqlarından dəyərləndirilməsi və doğru nəticələr çıxarılması
baxımından da vacibdir.
Bu kitabın müvafiq elmi institutlarda mütəxəssislər tərəfindən
qiymətləndirilməsi eyni zamanda mövzu ilə bağlı yeni konfrans, simpoziumların
keçirilməsinə, beləliklə, problemin yeni istiqamətlərdə və daha geniş dairədə
araşdırılmasına təkan ola bilər.
Fikirlərimi kitaba yazılmış qısa annotasiyada verilmiş iki sualı
dəyərləndirməklə bitirmək istərdim. Suallar belədir: «Etnik milliyyətçilik
baxımından İranda vəziyyət necədir? Bu inkişaf Orta Şərqə və qlobal siyasi həyata
136
necə və hansı ölçüdə təsir göstərə bilər?» Əsərdə müəllif bu suallara tam, dolğun
və əhatəli cavab verə bilmişdir.
«525-ci qəzet», 30 oktyabr 2008
Könüllərə məhrəm, yaralara məlhəm kəlamlar
Türkiyənin iş adamı Əli Poladın tərtib etdiyi «Üç min ilin hikməti» adlı
möhtəşəm kitabla (Bakı, «Yurd» Nəşriyyat Poliqrafiya Birliyi, 2002, 719 səh.) elə
ilk təmas «Sözlə yarananlar, sözü yaşadanlar» adlı kitaba (Bakı, «Əbilov, Zeynalov
və oğulları» nəşriyyatı, 2001, 307 səh.) yazdığım «Müəllifdən» adlı ön sözdəki
cümlələri xatırlatdı: «Müsəlmanların müqəddəs kitabı Quranın Əl-Bəqərə (İnək)
surəsinin 117-ci ayəsində deyilir ki, göyləri və yeri icad edən, yoxdan yaradan
Odur. Bir işin yaranmasını istədiyi zaman ona – o işə yalnız: «Ol» - deyər, o da
fövrən olar. Deməli, bəşər övladı da daxil olmaqla onun gördükləri və
görmədikləri, duyduqları və duymadıqları, dərk etdikləri və etmədikləri,
toxunduqları və toxunmadıqları, eşitdikləri və eşitmədikləri nə varsa, hamısı «ol»
sözü ilə yaranmışdır. Bibliyada da deyilir ki, əvvəl söz olub.
Sözdən yaranan insan həmişə sözlə yaşamağa səy edib, təxəyyül və
təfəkkürünün imkan verdiyi çərçivədə də sözlə ecazkar bir «dünya» yaradıb.
İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarındadır».
«Üç min ilin hikməti» adlı kitabı mübaliğəsiz insan təfəkkürünün əsrlər
boyu yaratdığı möcüzələr xəzinəsi adlandırmaq olar. Bəşər övladının
gerçəkləşdirdiyi bütün ideyalar öz başlanğıcını sözdən götürür. İbtidai insanların
yaratdığı daş alət, ox-kamanlardan üzü bu tərəfə elmin, informatikanın son
nailiyyətlərinədək söz insanın ən böyük silahdaşı olmuşdur. İnsan sözdən güc
almış, qidalanmışdır. Söz bəzən atəş olmuş, yandırmış-yaxmış, bəzən çiçək olmuş,
ətrafa ətir saçmışdır. Söz məhəbbət yaratmış, söz nifrət püskürtmüşdür.
Müharibələr, fəlakətlər sözlə başlamış, sözlə bitmişdir. Əli Polad bu deyimində nə
qədər haqlıdır: «Müqəddəs kitablar – Söz, dövlətləri çiynində saxlayan qanunlar –
Söz, hikmət, fəzilət – Söz. Dünyanın adı bilinən və bilinməyən hər ölkəsindən,
tarixin hər dövründən süzülüb gələn işıq – Söz. Suallara cavab verən də, cavablara
ayna tutan da – Söz» («Ön söz»dən).
Böyük Sözü seçib toplamaq, yaymaq, təbliğ etmək, fikrimizcə, elə böyük
Söz yaratmaq qədər çətin, şərəfli və müqəddəs işdir. Axı, hər insan Əli Poladın
təbirincə desək, bir gün vəfa və sədaqət hissi ilə, bir gün eşq-məhəbbətlə, bir gün
də dövlət və qanunla, yaxud da cəmiyyət həyatı, ailə ilə bağlı kəlama ehtiyac
duyur. Bax, bu zaman illərin, əsrlərin və əsərlərin süzgəcindən keçib gələn, tarixin,
təbəddülatların sınağına sinə gərən Söz əldən tutur, yardımçı olur.
Kitab 8 fəsildən, 99 bölmədən ibarətdir. Kəlamlar mövzusuna, mahiyyətinə,
məna çalarlarına görə uğurla təsnif edilmişdir: həyat-insan, dövlət-cəmiyyət, iş-
zəhmət-hünər, idrak, münasibət, ailə, mənəviyyat, yaradıcılıq. Müəllifləri məlum
137
və naməlum olan 6473 kəlamın toplandığı kitab coğrafi, dini, irqi, milli sərhəd
tanımır. Burda əsas meyar kəlamın təsir gücü, qüdrəti, götürdüyü yükdür. Kitabda
müqəddəs səmavi kitablar – Tövrat, İncil və Qurandan, elmi-fəlsəfi, ədəbi-tarixi
qaynaqlardan, o cümlədən türk dünyasının şah əsəri «Kitabi-Dədə Qorqud»dan
hind eposu «Vikramaçarita»dan, «Qabusnamə»dən, «Kəlilə və Dimnə»dən, atalar
sözlərindən, bəşər övladının yaratdığı qanunlardan dəyərli deyimlər, sitatlar verilir.
Burada qədim yunan riyaziyyatçısı Arximed, filosofu Aristotel, tarixçisi Deodor,
şairi Homer, alman mütəfəkkiri Höte, fransız filosofu, yazıçısı Volter, ingilis
dramaturqu, şairi Şekspirdən tutmuş ən müxtəlif peşə sahiblərinin, dövlət və
ictimai xadimlərin ehkama çevrilmiş, dillər əzbəri olmuş kəlamları öz əksini
tapmışdır. Yeri gəlmişkən qeyd edək ki, Əli Poladın qırx ilə yaxın bir müddətdə
seçib topladığı kəlamlardan ibarət bu kitab Türkiyədə beş dəfə nəşr olunmuş, dörd
nəşrin tam sayı qardaş məmləkətdə və dünyanın digər ölkələrində oxuculara
təmənnasız paylanmışdır. Təqdirəlayiqdir ki, sonuncu dəfə Azərbaycanın ictimai-
siyasi, ədəbi-mədəni həyatında parlaq iz qoymuş bir sıra görkəmli xadimlərin də
kəlamları verilmişdir. Kitab «çağdaş demokratik Azərbaycanın memarı» Heydər
Əliyevin portreti və qısa tərcümeyi-halı ilə açılır, əsərin içərisində də onun
kəlamlarından istifadə olunur. Azərbaycan mədəniyyətinin parlaq simalarından
M.F.Axundzadə,
H.Zərdabi,
Ü.Hacıbəyov, A.Səhhət, Məhəmməd Hadi,
M.Ə.Rəsulzadə, Mirzə Cəlil, S.Vurğun, Şəhriyar, İlyas Əfəndiyev, Rəsul Rza,
Bəxtiyar Vahabzadə, Elçin, Anar, Əkrəm Əylisli kimi qələm, söz sahiblərinin də
müdrik hikmətamiz fikirləri öz əksini tapmışdır. «Zəngin dövlət, zəngin vətən,
zəngin vətəndaş» prinsipini özü üçün həyat kredosu seçən iş adamı, maarifçi-ziyalı
Əli Poladın deyimləri də diqqəti çəkir.
Kitabın dəyəri ölçüyə gəlmir. Bəzən güldürən, bəzən fikrə daldıran,
düşündürən bu kitab milyonlarla insanın, onlarca xalqın əsrlər boyu miras qoyub
getdiyi, köhnəlməyən, təzə-tər, təravətli, təsirli mənəvi sərvətdir. Son dərəcə böyük
işin öhdəsindən fədakarlıqla, məharətlə gələn Əli Polad təvazökarlıqla
toplananların artırılmasının və azaldılmasının mümkünlüyünü hesab edir və
gələcəkdə daha təkmil nəşr üçün oxuculardan dəyərli təkliflər gözləyir. O, yazır:
«Əgər bu kitabdan tək bir kəlam yaralara məlhəm, könüllərə məhrəm olacaqsa, biz
də özümüzü məqsədimizə çatmış sayacağıq».
P.S. Fikrimizcə, Elçinin «Ədəbi düşüncələr»indən (QAPP-Poliqraf, Bakı,
2002, 249 səh.) sonra «Üç min ilin hikməti» son illərin bu qəbildən olan ən uğurlu
nəşridir.
P.P.S. Bu yazının son nöqtəsini qoyanda ANS telekanalı ilə çıxış edən bir
azərbaycanlı iş adamının çıxışı diqqətimi çəkdi. O, bəzi yerli icra hakimiyyəti
orqanlarının sahibkarlara qarşı mövqeyindən şikayətlənərək deyirdi ki, onlar
sahibkarların fəaliyyət göstərdiyi ərazidəki problemləri bizim vasitəmizlə həll
etmək istəyirlər. Bu qafa və düşüncə tərzi ilə o, çəkinmədən xeyriyyəçi Əli Poladı
da Elmlər Akademiyasının, Mədəniyyət Nazirliyinin, bir sıra institutların, onlarca
sahə mütəxəssisinin işini yerinə yetirdiyinə görə qınaya bilər…
«Xalq qəzeti», 5 fevral 2000.
138
Yerdən qaldırmaq missiyası
Çağdaş Azərbaycan ədəbiyyatında öz sözü, yeri və çəkisi olan Hüseynbala
Mirələmovun ədəbi uğurları, toxunduğu mövzular, problemlər, əsərlərinin
aktuallığı, əhəmiyyəti, ideya-istiqaməti, yazıçının irsində sənətkarlıq məsələləri
barədə sanballı, nüfuzlu tədqiqatçılar KİV-də dərc etdirdikləri çoxsaylı məqalə və
resenziyalarda öz fikir və mülahizələrini bölüşmüşlər, heç şübhəsiz ki, bu
istiqamətdə araşdırmalar bundan sonra da davam etdiriləcəkdir. İstedadlı və
məhsuldar yazıçının əsərlərinə ədəbi mühitin, oxucu auditoriyasının artan marağı
fikrimizi təsdiqləyir.
Bu gün mən söz sərrafı H.Mirələmovun ədəbi yaradıcılığı haqqında yox,
onun «Kredo» qəzetində (8 oktyabr 2005-ci il, № 73 (349) dərc etdirdiyi,
«Demokratik seçkilər Azərbaycanın sağlam gələcəyidir, yaxud cəmiyyəti
aldadanlar özlərini aldadırlar» adlı publisistik yazısı barədə danışmaq istərdim. Bu
yazı layiq olduğu millət vəkilliyinə bir namizədin sadəcə platforması, seçkiqabağı
təbliğatı, seçki kampaniyası prosesi, gedişatı ilə bağlı düşüncələri deyil, bu,
vətənini, dövlətini,
millətini
tükənməz məhəbbətlə sevən, Azərbaycan
cəmiyyətinin bütün təbəqələri ilə sıx təmasda, ünsiyyətdə olan, təcrübəsi, səriştəsi
ilə iqtisadi, mədəni, ictimai-siyasi və ədəbi həyatda fərqlənən bir ziyalının müstəqil
respublikamızın indiki inkişaf mərhələsində ictimai-siyasi mühitə baxışıdır. Bu
baxış nüfuzedicidir, dəmir məntiqə, ciddi təhlilə, hərtərəfli müşahidələrə əsaslanır.
Müəllifin qənaətləri obyektiv və real, mühakimələri, mülahizələri inandırıcıdır.
Ölkədə seçkiqabağı gedən prosesləri H.Mirələmov incəliklərinə qədər izləmiş, baş
verən hadisələri təfərrüatı, təfsilatı ilə qələmə almış, bir sözlə, ictimai-siyasi
mühitin bütün mənzərəsini məharətlə qələmə almışdır. Mənəvi zənginliyi, yüksək
mədəniyyəti, ədaləti bəşər övladının ali dəyərlərindən hesab edən H.Mirələmov
yazır: «Kimin mənəvi aləmi zəngindirsə, həqiqi və sağlam mübarizə üçün mənəvi
gücü tükənməyibsə, o da seçicilərin gözündə yüksəlir. Ancaq kimin imkanı
tükənibsə və sağlam mübarizəyə mənəvi gücü çatmırsa, o daha çox yalan vədlər
verir, mübarizənin mənəvi-əxlaqi prinsiplərinə arxa çevirir, nəyin bahasına olursa-
olsun, hətta cəmiyyətə ən ağır zərbə vurmaq bahasına belə qalib gəlməyə çalışır».
Müəllifin – millət vəkilliyinə namizədin bu fikri sadəcə bir qənaət deyil, bu,
xəbərdarlıqdır, həyəcan təbilidir, narahatçılıqdır. Özü də bir fərdin özü üçün
nigarançılığı deyil, bu, bütün cəmiyyətə, bütün seçicilərə ünvanlanmış bir mesajdır.
İnformasiya kanallarının artdığı, söz, mətbuat azadlığının, digər demokratik
dəyərlərin bərqərar olduğu bir cəmiyyətdə bir sıra insanlar hay-küyün- yalançı
vədlərin, populist çıxışların əsirinə çevrilirlər. Təbii ki, bu da «tarixin dərslərini
kifayət qədər bilən, günün reallıqlarını görən, «Azərbaycanın daha firavan olması,
gələcək nəsillərin daha yaxşı yaşaması üçün çalışan» bir ziyalının diqqətindən
yayına bilməzdi. Odur ki, H.Mirələmov özünəməxsus tərzdə, cəsarətlə dünəni
ləkəli, kölgəli, gələcəyi qaranlıq və perspektivsiz radikal müxalifətə sərt sözünü
deyir. Müəllif müxalifətin anatomiyasını məharətlə açır, onun nümayəndələrinin
139
indiyə kimi heç bir fayda vermədiklərini, bundan sonra da heç bir xeyir verə
bilməyəcəklərini inandırıcı şəkildə əsaslandırır.
Ədəbi yaradıcılıqda olduğu kimi, H.Mirələmov burada da öz prinsiplərinə
sadiqdir, o gerçəyi təhrif etmədən təqdim edir. O, təkcə «xalqın ayağından
çəkməklə onu siyasi, mənəvi, iqtisadi girdaba salan», «sözlə möhtəvirlik edən»
radikal müxalifətin nümayəndələrini yox, həm də «ağlına gələni dilinə gətirməklə,
sözü saf-çürük etmədən boşboğazlıqla nəyəsə nail olmağa cəhd göstərənləri» də
haqlı olaraq qınayır.
Siyasi publisistikanın parlaq nümunəsi olan bu yazıda H.Mirələmov bir
tərəfdən öz oxucusunu inandırmaq, fikirlərini əsaslandırmaq, digər tərəfdən yazını
daha oxunaqlı, mənalı, maraqlı etmək, oxucunu yormamaq üçün klassiklərin
kəlamlarına, xalq deyimlərinə müraciət edir.
Hüseynbala Mirələmovun müdriklərdən gətirdiyi bir gözəl deyim onun
özünə də eyni dərəcədə aiddir: insan dilinin arxasında dayanıb, danışdır, onun
kimliyini gör. Bəli, bu siyasi oçerki oxuduqca H.Mirələmovun qəlbi, nəbzi
torpaqla, vətənlə, millətlə vuran obrazı göz önündə canlanır; tutarlı, təkzibolunmaz
faktlara istinad edir, hadisə və prosesləri hərtərəfli təhlil etməyə üstünlük verir,
toxunulan məsələyə münasibət bildirir, mövqeyini açıq və prinsipial şəkildə ortaya
qoyur. O, «qışqır-bağır ustalarının» istər Qarabağ problemi, istərsə də xalqın rifah
halının yüksəldilməsi ilə bağlı səbatsız mövqe və yalançı vədlərini yalnız
hakimiyyət, kreslo, vəzifə davası kimi xarakterizə edir və xalqı ayıq olmağa,
qurduğumuz dövləti, əmin-amanlığı qorumağa, dağıdıcı qüvvələrə «yox» deməyə
səsləyir. H.Mirələmov Azərbaycan xalqının haqqın, ədalətin tərəfində duracağına,
sabitliyə, əmin-amanlığa, firavan həyata, onun qurucularına, səs verəcəklərinə
əmindir, o, buna inanır. Adı çəkilən publisistik nümunə yerində işlədilən obrazlı
ifadələri, canlı, oynaq dili, sanballı faktları, dərin təhlili ilə öz təsir gücünü artırır.
Oxucular sosial vəziyyətinə, siyasi mənsubiyyətinə, yaşına, həyat və
düşüncə tərzinə görə bir-birindən fərqlənir. Odur ki, onları şərti olaraq iki qrupa
bölmək olar: təqdir edənlər, tənqid edənlər. Əminəm ki, bu yazı qəlblərə və
beyinlərə nüfuz, təsir etmiş müəllifin mövqeyi ilə razılaşmayanların, onu qəbul
etməyənlərin sırası seyrəlmişdir. Bu mənada H.Mirələmov öz məqsədinə,
məramına çatmış, büdrəyib yıxılmış, yaxud da yıxılmaqda olan bir çox adamı
yerdən qaldırmağa növbəti dəfə müvəffəq olmuşdur. Bunu o, bir qəzet məqaləsi ilə
bacarırsa, deməli o millət vəkili tribunasından daha çox və daha faydalı işlər
görməyə qadirdir.
«Kredo» qəzeti, 2005.
Dostları ilə paylaş: |