«Dədə Qorqud» bülleteni, Bakı, 1999,
«Ozan» nəĢriyyatı
Bir kitab, 99 sual
Mərhum məşhur tarixçi alim, professor Xəlil Əlimirzəyevi tanıyanlar onu bir
çox cəhətləri ilə yanaşı tədqiqatçılar barəsində maraqlı fikirləri ilə də yəqin ki,
xatırlayırlar. O, alimləri bir neçə kateqoriyaya bölərdi: I qrupa daxil olan alimlər
sahəsinin mükəmməl mütəxəssisidir və bildiklərini həm gözəl nitqi, həm də qələmi
ilə izhar edir; II qrupa daxil olan alimlər öz sahəsini dərindən bilir, bildiklərini
yaxşı yazı ilə ifadə edir, lakin nitqində büdrəyir; III qrup alimlər isə əksinə, öz
sahəsini dərindən bilsə də, yazıda axsayır, bildiklərini daha çox natiqlik məharəti
hesabına çatdırır. Professor X.Əlimirzəyev birincilərə üstünlük verər, digərləri
haqqında söz düşəndə susar və bu zaman onun nurlu çöhrəsinə özünəməxsus
təbəssüm qonardı…
Professor Nizami Məmmədov (Tağısoy) haqqında düşünəndə sövq-təbii bu
təsnifatı xatırladım. Doğrudan da, bu gün ölkədə minlərlə alim olsa da, həm yazısı,
həm də yüksək nitq mədəniyyəti ilə geniş ictimaiyyət arasında tanınanlar seyrəkdir.
N.Məmmədov tədqiqat sahəsinin genişliyi, zənginliyi, qələminin itiliyi, natiqlik
məharəti ilə fərqlənən araşdırıcılardandır. Mətbuatda onun bir-birindən maraqlı,
mövzu baxımından rəngarəng, müasir tələblər nöqteyi-nəzərindən aktual və
əhəmiyyətli yazılarını izlədikcə, elə təəssürat yaranır ki, bu tədqiqatçı gecə-gündüz
işləyir, yazır, daim axtarışdadır. Professorun bir-birinin ardınca mətbuatda dərc
olunan məqalələri ilə yanaşı bu yaxınlarda nəşr edilən «Qaraqalpakskaya
literatura» adlı dərs vəsaitini (Bakı Slavyan Universiteti, «Kitab aləmi» nəşriyyat-
121
poliqrafiya mərkəzi, Bakı-2007, 292 səh.) görəndə, qənaətimdə yanılmadığıma bir
daha əmin oldum. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsi ilə nəşr
edilən bu əsərin redaktoru f.e.n. dos. R.Rəsulov, rəyçiləri f.e.d. prof. M.Qasımlı,
f.e.n. dos. Ə.Nəzərova, f.e.n. dos. F.Məmmədovdur.
Adından da göründüyü kimi, dərs vəsaiti Azərbaycan oxucusu, auditoriyası
üçün maraqlı olduğu qədər də qaranlıq bir sahəyə tarixi, mədəni dəyərləri, soy
kökü ilə xalqımıza doğma olan qaraqalpaqların ədəbiyyatına həsr edilmişdir.
Ümumiyyətlə, türkologiyada bu sahə, nədənsə, həmişə bir qədər diqqətdən kənar
qalmışdır. F.e.n. dos. Rüstəm Rəsulovun əsərə ön söz əvəzi yazdığı
«Türkologiyamızda qaraqalpaq ədəbiyyatı haqqında yeni söz» adlı məqaləsində
dediyi kimi, qaraqalpaq ədəbiyyatı Azərbaycan alimlərinin dərin analitik tədqiqat
predmeti olmamışdır. Məqalə müəllifi göstərir ki, oxucuların diqqətinə təqdim
edilən kitabda onlar bir tərəfdən qaraqalpaq ədəbiyyatının folklordan qaynaqlanan
milli özünəməxsusluqlarını hiss edə bilər, digər tərəfdən isə müasir yazıçıların xalq
həyatından qidalanan folklora meylini görə bilər. Buradaca qeyd etmək yerinə
düşər ki, Azərbaycan oxucusu qaraqalpaq şair və yazıçılarının həyat və
yaradıcılığı, ədəbi nümunələri ilə tanışlıqla həm də, xalqlarımızın məişət və
düşüncə tərzlərindəki yaxınlığın, çox vaxt eyniliyin də şahidi olacaqlar.
Professor N.Məmmədov haqlı olaraq qaraqalpaq xalqının ədəbi həyatını bu
ulusun tarixində və daxilində baş verən ictimai-siyasi proseslərlə, azadlıq
uğrundakı mübarizə ilə vəhdətdə götürür. Məhz bu yanaşma tədqiqatçıya ədəbi
prosesi də düzgün, obyektiv izləməyə, nəticədə onun inkişaf mərhələləri barədə
dolğun, sanballı elmi-nəzəri qənaətlər hasil etməyə imkan vermişdir.
N.Məmmədov tədqiqat predmetinə bir neçə rakursdan baxmağı, onu dərindən təhlil
etməyi, dəyərləndirməyi, müvafiq nəticələr çıxarmağı bacaran səriştəli
alimlərdəndir. «Qırx-qız», «Şəryar» kimi epik dastanların, digər şifahi xalq ədəbi
nümunələrinin, XVIII əsrdən müasir dövrə qədər yaşayıb yaratmış, bu gün də
fəaliyyətini davam etdirən bir sıra şair və yazıçıların əsərlərinin çağdaş
ədəbiyyatşünaslığın tələbləri baxımından tədqiqat müstəvisinə cəlb etməsi və
məqsədinə uğurla nail olması dediklərimizi bir daha təsdiqləyir. Bir qədər obrazlı
desək, N.Məmmədov az qala bir elmi-tədqiqat institutunun işini öz çiyinləri üstünə
götürmüşdür. O, şifahi xalq ədəbi nümunələrini, 20 nəfər yazıçı və şairin həyat və
yaradıcılığını öyrənmiş, onların əsərlərini mövzu, kompozisiya, janr, sənətkarlıq
baxımından dərindən, hərtərəfli təhlil etmiş, qaraqalpaq ədəbiyyatının bel sütununu
təşkil edən Jien Jıray, Hunxoca, Hacıniyaz, Berdah, A.Musayev, A.Dabılov,
S.Məcidov, A.Bəyimov, İ.Yusupov, T.Kabulov, T.Kaipberqov, X.Əhmədov,
G. Aymirzəyev və digərlərinin irsini fundamental şəkildə araşdırmışdır.
Əsərin üstün keyfiyyətlərindən biri də budur ki, müəllif tədqiqat sahəsinin
yeniliyini nəzərə alaraq, Qaraqalpaq xalqının tarixinə qısaca nəzər salır, onun
coğrafi mövqeyi, əhalisi, kompakt şəkildə yaşadığı ərazilər, iqtisadiyyatı, iqlimi,
qədim mədəni-memarlıq abidələri haqqında məlumat verir, Qaraqalpaq
Respublikasının dövlət quruluşu, bayrağı, himni, gerbi, hətta ayrı-ayrı rayonlar,
şəhərlər, qəsəbə və aulları barədə müəllifin yazdıqları oxucunun bir tərəfdən
tədqiqat predmetinə marağını artırır, digər tərəfdənsə, mövzuya daha dərindən
nüfuz etməyə həvəsləndirir, hazırlayır. Türk xalqlarından olan Qaraqalpaqların
122
mətbəxi, milli geyimi, xalq sənətkarları, yurtların özünəməxsus konstruksiyası,
adət-ənənələri böyük maraqla, məhəbbətlə təqdim edilir.
Özü də bu zaman prof.N.Məmmədov mötəbər mənbə və məxəzlərə istinad
edir, qaraqalpaqşünaslığın ən dəyərli nümayəndələrinə üz tutur, ən etibarlı
nümunələrdən sitat gətirir. Prof.N.Məmmədov Qaraqalpaq, Azərbaycan türk, rus
dillərində olan müxtəlif mənbələrdən, internet saytlarından istifadə etməklə
toxunduğu problemin hərtərəfli, həm də sanballı elmi-nəzəri həllinə nail olmuşdur.
200-ə yaxın məxəzin hər birinə diqqətlə, eyni zamanda yaradıcı şəkildə yanaşan
tədqiqatçı mövzu ilə bağlı mövcud fikirlərə, mühakimələrə, mülahizələrə
münasibət bildirmiş, öz mövqeyi, rəyini əsaslandırmaq üçün tutarlı faktlardan,
sitatlardan, nümunələrdən yerli-yerində istifadə etmişdir. Bir sözlə, tədqiqat
predmeti ilə bağlı söylənilənləri yeni baxışlarla, müasir tələblərə uyğun şəkildə
daha da zənginləşdirmişdir. P.İvanov, H.Baskakov, C.Malov, C.Tolstov,
C.Tolstova,
T.Jdanko,
E.Bertels,
Y.Qulamov,
A.Sadıqov,
İ.Möminov,
M.Nurməhəmmədov, A.Ərcilasun, Z.Bünyadov, C.Qasımova kimi alimlərin
tədqiqatları Qaraqalpaqların tarixi, mədəniyyəti barədə dolğun, geniş təsəvvür
yaratmağa imkan verir. Bütün bu hazırlıqlardan sonra müəllif əsas mətləbə –
Qaraqalpaq yazarlarının, ədəbi nümunələrinin təqdiminə və tədqiqinə başlayır.
Prof. N.Məmmədov Qaraqalpaq ədəbiyyatı barədə tam təsəvvür yaratmaq
üçün uğurlu, münasib metoddan – tədqiqat predmetinə tarixi-xronoloji yanaşmadan
məharətlə yararlanmışdır. O, əvvəlcə, ilk Qaraqalpaq ədəbi nümunələrindən – lirik-
epik poema, xalq mahnıları, nağıllardan bəhs edir, sonra XVIII-XIX əsr ədəbi
nümunələrinə müraciət edir, daha sonra XX əsr ədəbiyyatını təhlilə başlayır.
Beləliklə, Qaraqalpaq ədəbiyyatının bütün səhifələrini vərəqləyir, onlara münasibət
bildirir, bir sözlə, türk xalqları cərgəsində Qaraqalpaq ədəbiyyatının yeri və rolunu
dəqiq müəyyənləşdirir, onun özünəməxsus məziyyətlərini məharətlə açıqlayır.
Prof. N.Məmmədovun təqdim edilən kitabı dərslik kimi nə qədər dəyərlidirsə, elmi
mənbə kimi türkologiyaya əvəzsiz töhfədir.
Prof. N.Məmmədov bu əsərinə qədər uzun, gərgin və qeyd etdiyimiz kimi,
məhsuldar yaradıcılıq yolu keçmişdir. «XX əsr rus poeziyası Azərbaycan
tərcümələrində»
(1992), «Qazax ədəbiyyatı» (1993), «Orijinalın milli
özünəməxsusluğu və tərcümə» (1998), «Səməd Vurğun dramaturgiyası rus
dilində» (1999), «Poetik tərcümə» (2001), eləcə də «Məni axtaracaqsan» (2000),
«Bəlkə dünya yolunu azıb» (2004) kitabları, onlarca sanballı məqaləsi, tərcümələri,
ali məktəb tələbələri üçün tədris proqramları alimin, tərcüməçinin, şair və
publisistin yaradıcılıq tərcümanıdır.
Dünyada baş verən ictimai-siyasi proseslər fonunda, xüsusilə türk xalqları
arasında əlaqə və əməkdaşlığın tarixi zərurətə çevrildiyi bir zamanda öz
ulusumuzdan olan bir qövmün ədəbiyyat tarixinə həsr edilmiş möhtəşəm əsərin
ərsəyə gəlməsi onun dəyərini dəfələrlə artırır, desək – burada mübaliğə
axtarmayın. Xüsusi ilə yetişməkdə olan gənc nəslin – ali məktəb tələbələrinin
böyük türk xalqının bəşər sivilizasiyasındakı xidmətlərini, rolunu, yerini bilməsi
əlbəttə, zəruridir, təqdirəlayiqdir. Tənqidçi, ədəbiyyatşünas alim N.Məmmədov
həm də, təcrübəli pedaqoq olduğundandır ki, tələbələrin qəlbinə və beyninə təsir
etməyin yolunu bilir, bu işin mahir ustasıdır.
123
Əsərə elmi üslub hakim olsa da, o müasir gənclərin tələblərinə, qavrama və
dərketmə keyfiyyətlərinə hesablanmışdır. Sadəlik, lakoniklik, fikrin tam, eyni
zamanda ardıcıl çatdırılması əsəri oxunaqlı edir. Digər tərəfdən bölmələrin
sonunda mövzu ilə bağlı tərtib edilmiş suallar olduqca ustalıqla hazırlanmışdır və
mövzunun mənimsənilməsini asanlaşdırır. Tələbələrin öz biliyinin yoxlaması üçün
onlara ünvanlanan sualların sayı 99-dur və bu rəqəm şərtidir. Mövzulara istinad
edib bu qəbildən ən azı on dəfə çox sual tərtib etmək, o qədər suala da cavab
tapmaq mümkündür. Əsas və təqdirəlayiq odur ki, artıq Qaraqalpaq ədəbiyyatı ilə
bağlı bütün suallara cavab verəcək bir mənbə – ensiklopedik nəşr, dərslik var.
“Ədəbiyyat qəzeti” , 28 dekabr 2007
Ehkamın uçqunu
Tanınmış şair, publisist, tərcüməçi Dilsuzun müasir Türkiyə ədəbiyyatının
görkəmli nümayəndələrindən biri Tuncər Cücənoğlunun «Uçqun» («Çığ») əsərini
tərcümə etdiyindən xəbərdar idik. Bilirdik ki, əsərin Azərbaycan səhnəsində
tamaşası nəzərdə tutulmuşdu. Bir sözlə, neçə müddət idi ki, «Uçqun»u gözləyirdik.
Onun səsini-sədasını eşidir, amma özünü görmürdük. Nəhayət, dekabrın 8-də
Akademik Milli Dram Teatrının səhnəsində «Uçqun» oynanıldı…
Bəri başdan deyək ki, tamaşa böyük uğur qazandı, artistlərin ifası dəfələrlə
alqışlandı. Səhnədə cərəyan edən hadisələr, obrazların yaratdığı dinamizm və
dramatizm, hərəkət və ehtiraslar, qızğın dialoqlar tamaşaçı alqışları və göz yaşları
ilə izlənirdi. Finalda isə səhnənin dekorasiyası başqa görkəm almışdı: sadə və kasıb
kəndli koması artistlərə, yaradıcı kollektivə tamaşaçıların bəxş etdiyi gül-çiçəyə
qərq olmuşdu.
Bu tamaşa haqqında resenziyaya nədən başlamalı? Əsərin maraqlı və
mükəddər məzmunundan, bəşəri ideyasından, mövzunun aktuallığından,
əhəmiyyətindən, yoxsa uğurlu rejissor (Əməkdar incəsənət xadimi Bəhram
Osmanov), rəssam (Əməkdar incəsənt xadimi Ağarəhim Əliyev) işindən, səhnənin
sadə, lakin yaddaqalan tərtibatından, münasib musiqi (Xalq artisti Səyavuş Kərimi)
seçimindən, obrazların xarakterini tamamlayan rəngarəng libaslarından?! Fərqi
yoxdur! Nədən və necə başlasan son qənaət, nəticə bir olacaqdır: «Uçqun» uğurlu
səhnə həyatı yaşadı, qar uçqunu yox, qorxuların, ehkamın uçqunu baş verdi!
Başı qarlı uca dağların ağuşuna sığınmış kiçik bir kənddə sakinlər ilin 9
ayında səssiz-səmirsiz yaşamağa məhkumdurlar. Səbəb sadədir: ucadan çıxan hər
hansı səs – atəş, asqırmaq, bağırmaq dağlarda güclü əks-səda, titrəyiş yarada və
güclü buz-qar uçqunu törədə bilər. Nəticədə bütün kənd uçqun altında qala və
sakinlər məhv ola bilər. Odur ki, onlar sakit-səssiz yaşamaq qaydalarına ciddi
riayət edirlər. İllərlə sürən bu cür həyat və düşüncə tərzi kəndin özünəməxsus
qanunlarını yaratmışdır. Ehkama çevrilmiş bu adətlərə hər kəs əməl etməlidir.
Yalnız üç ay ərzində kənddə toy etmək, atəş açmaq, qışqırmaq, uşaq dünyaya
gətirmək olar. Əks təqdirdə qaydanı pozanı kəndin «məhkəmə»si ən ağır cəzaya
124
məhkum edir: diri-diri torpağa gömür. Kənd növbəti faciə ərəfəsindədir: hamilə
Gənc qadını (Vəfa Rzayeva) vaxtından əvvəl doğuş sancısı tutmuşdur. Lakin hələ
qar uçqunu təhlükəsi sovuşmamışdır. Doğmaq olmaz: yenicə dünyaya göz açan
körpə də, sancılardan əziyyət çəkən ana da qışqıracaq. Bu isə böyük faciə ilə –
uçqunla nəticələnəcəkdir. Hamı təlaş, həyəcan içərisindədir. Dünyanın bütün
kədəri, qüssəsi, hüznü Gənc qadının – Vəfa Rzayevanın çiyninə, çöhrəsinə
çökmüşdür. O, körpəsini itirəcəyindən, ailəsinin dağılacağından əndişələnir.
İstedadlı aktrisa V.Rzayeva təbii ah-naləsi, təsirli, qırıq-qırıq ifadələri, hıçqırtıları,
çırpıntıları ilə tamaşaçını sehrləyir, onu ətrafdan təcrid edir, öz təsir dairəsinə salır.
O, Gənc qadının mənəvi-psixoloji durumunu, sarsıntı və iztirablarını yaşayır qədər
məharətlə ifa edir: tamaşaçını fəlakətin, faciənin böyüklüyünə inandırır. Əslində,
Gənc qadını təbiət hadisəsi – uçqun yox, ətrafındakıların qəddarlığı, amansızlığı
daha çox qorxudur. V.Rzayeva yaratdığı bu obrazla öz aktyorluq istedadını daha
parlaq şəkildə nümayiş etdirdi. Nəticədə Gənc qadın mükəmməl və özünəməxsus
məziyyətləri ilə yaddaşlara həkk olundu.
Gənc kişi (İlyas Əhmədov) həyat yoldaşının və gələcək övladının xilası üçün
vurnuxur, atasına (Əməkdar artist Kazım Abdullayev), anasına (Əməkdar artist
Mətanət Atakişiyeva), əvəçi-mamaçaya (İradə Həsənova), baş hakimə (Əməkdar
artist Sadıq İbrahimova) – hər kəsə yalvarır, yaxarır. Lakin kəndin qanunları
müdhiş, hakimin hökmü qətidir: hamilə qadın diri-diri tabuta qoyulmalı və torpağa
basdırılmalıdır. Səhnədə gərginlik, tamaşaçıda həyəcan son həddə çatır:
mühafizəçilər (Elnar Qarayev, Elnur Qədirov) hökmün icrasına başlayırlar: Gənc
qadının ağzını əski parçaları ilə tıxayır, əl-qolunu bağlayırlar. Bu zaman Gənc kişi
tüfəngi əlinə alır, tətiyi çəkmək üçün hazır vəziyyətə gətirir və qərarın icrasının
dayandırılmayacağı təqdirdə atəş açacağını bildirir. Hər kəs bunun daha ağır nəticə
verəcəyini – dərhal uçqun olacağını düşünür. Odur ki, heç kim tərpənmir, hər kəs
atəş açmaması üçün Gənc kişiyə yalvarır. O isə fikrində qətidir. Hökmün icrası
dayandırılmasa, atəş açılacaq. Bu zaman Gənc qadının sancıları yenə başlayır.
Gənc kişinin tələbi ilə onu doğdurmaq üçün qonşu otağa aparırlar. Həyəcanlı anlar
yenidən başlanır. Dünyaya gələcək körpənin qışqırtısı da uçquna səbəb ola bilər.
Odur ki, onu ana bətnindən çıxan kimi boğmaq, qışqırmağa macal verməmək təklif
edilir. Gənc kişi isə buna da imkan vermir. O biri otaqdan doğulan uşağın qışqırığı
gəlir, hamı dəhşətlə yerə sərilir, uzanır, uçqunu gözləyir, lakin faciə baş vermir,
uçqun olmur. Tamaşanın lap əvvəlindən təbii hərəkətləri və danışıq tərzi ilə diqqəti
çəkən yaşlı kişi (Əməkdar artist Telman Əliyev) nəvəsinin əlindən tüfəngi alır,
dünyaya yenicə göz açan nəticəsi ilə fəxr etdiyini uca səslə bildirir və dayanmadan
atəş açır. Beləcə, kəndin illərdən bəri formalaşan ehkamlarına, zərərli adətlərinə,
həm də qorxu və həyəcan, təlaş dolu günlərinə son qoyulur. Yaşlı kişi müəllifin
uğurlu tapıntısıdır. Rejissor da bu obrazdan əsərin ideyasını qabartmaq, tamaşaçıya
çatdırmaq üçün məharətlə istifadə etmişdir. Əslində, Yaşlı kişi səhnədə cərəyan
edən hadisələri idarə edir, istiqamətləndirir, qardaşının qətli ilə bağlı fasilələrlə
davam etdirdiyi rəvayəti ilə Gənc kişinin üsyanına, etirazına təbii zəmin hazırlayır:
Uçqun təhlükəsi törətdiyinə – bağırmaq istədiyinə görə mühakimə edilən və qətlə
yetirilən qardaşının faciəsini göz yaşları ilə ətrafındakılara söyləyən Yaşlı kişi
mühafizəçilərin üstünə cumur, məhkəməni ittiham edir. Tamaşaçı hər an onun
125
indicə bağıracağını gözləyir. Onun qəlbində kükrəyən etiraz hissləri Gənc kişidə
üsyan kimi təzahüratını tapır.
Maraqlı və diqqətçəkəndir ki, tamaşada ənənəvi baş qəhrəman, yaxud
epizodik rollar kimi bölgü aparmaq qeyri-mümkündür: tamaşanı hətta çox az
görünən mühafizəçilərsiz, yaxud demək olar ki, heç səsi belə çıxmayan
hakimlərsiz (Əməkdar artistlər Firuz Xudaverdiyev, Məzahir Cəlilov) təsəvvür
etmək çətindir. Səhnədə sözün həqiqi mənasında bir ansambl işləyirdi, bitkin və
bütöv bir kollektiv çalışırdı.
Baş hakim rolunu Sadıq İbrahimov özünəməxsus ifa edir. Geyimi, ədaları,
amansızlığı, yalançı humanizmi, riyakarlığı ilə yadda qalan baş hakim tamaşanı
daha baxımlı, daha məzmunlu edir. S.İbrahimov – baş hakim ətrafındakılara hakim
kəsilmək üçün dim-dik yerişdən, amiranə göstərişlərdən, kəskin baxışlardan, qəti
hökmlərdən ustalıqla istifadə edir. Tamaşaçının gözləri qarşısında tipik ədalətsiz,
yekəxana, zalım və qorxaq hakim obrazı canlanır. Tamaşada digər obrazlar kimi
gah gəlinindən, gah ərindən giley-güzar edən yaşlı qadın (Əməkdar artist Səidə
Quliyeva), arvadını yaxşı gəlin və yaxşı qaynana olmamaqda qınayan, zəif
xarakterli kişi də (Əməkdar artist Kazım Abdullayev) təbii və səmimi simaları,
özünəməxsus xarakterləri ilə tamaşasında böyük təəssürat oyadır.
«Uçqun» Bakıya qışda gəldi – 2007-ci ilin son ayında. Və ilin Bakıda
keçirilən və yaddaqalan mədəni hadisələrdən birinə çevrildi. Azərbaycan-Türkiyə
ədəbi-mədəni əlaqələrinin inkişafında, möhkəmləndirilməsində növbəti uğurlu
addım kimi də tarixə düşdü.
Müstəqilliyin ilk illərindən, hələ ondan bir qədər də əvvəl Xalq yazıçıları
İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, Elçinin, Anarın əsərləri və səyləri
sayəsində Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri yaranmağa və inkişaf
etməyə başlamışdı. Qardaş ölkədə Azərbaycan dramaturqlarının əsərlərinin
oynanılması bu işin daha canlı və həyəcanlı olmasını, həyata keçirilməsini təmin
edirdi. Son vaxtlar teatr sahəsindəki əməkdaşlıq xüsusi ilə diqqəti çəkir. Xalq
yazıçısı Elçinin «Qatil» pyesinin İstanbul Böyük Bələdiyyə Teatrı tərəfindən
Azərbaycan Musiqili Dram Teatrının səhnəsində çox böyük uğurla oynanılması
dediklərimizə parlaq misaldır. Tuncər Cücənoğlunun «Uçqun» əsərinin tamaşası da
Azərbaycan-Türkiyə teatrları arasında əməkdaşlığın bundan sonra da davam
etdiriləcəyindən, daha da möhkəmləndiriləcəyindən xəbər verirdi. «Uçqun»
tamaşası bitdikdən sonra tamaşaçıların və yaradıcı heyətin alqışları ilə səhnəyə
qalxan T.Cücənoğlu çox həyəcanlı görünürdü, amma ürəyindən keçənləri söyləyə
bildi:
- Mənim əsərlərim dünyanın onlarca ölkəsinin səhnəsində oynanılıb. Lakin
rejissor Bəhram Osmanovun quruluşunda o daha möhtəşəm idi…
Beləliklə, Akademik Milli Dram Teatrında oynanılan «Uçqun» Azərbaycan-
Türkiyə mədəni əlaqələrin inkişafına da təkan verən uğurlu bir addım oldu.
“525-ci qəzet”, 11 dekabr 2007
126
Məhəbbət və səriĢtə ilə yazanda
XIX əsrin sonları, daha çox isə XX əsrin əvvəlləri Azərbaycanın ictimai-
siyasi həyatında, milli-maarifçilik hərəkatında olduğu kimi ədəbi, mədəni, mətbu
mühitində də bir canlanma, oyanış hiss olunurdu. Bu intibah, dirçəliş eyni dərəcədə
musiqi sahəsinə də aid idi. XIX əsrin sonlarında Rusiya və digər xarici ölkələrdən
Bakıya qastrol səfərlərinə gələn çoxsaylı musiqi truppaları şəhərdə opera və
operettalar, müxtəlif konsert proqramları ilə çıxış etməyə, simfonik, kamera musiqi
gecələri keçirməyə başladı. Təsadüfi deyil ki, ilk musiqi məktəbinin açılışı da
həmin dövrə təsadüf edilir (1896). Xalq mahnılarının, rəqs musiqilərinin və
muğamların səsləndirildiyi musiqi axşamlarının keçirilməsi ənənə halını alırdı.
Mirzə Mənsur Mənsurov, Mirzə Fərəc Rza oğlu, Məmmədrza bəy Bakıxanov,
Qurban Pirimov (tarzən), Mirzə Səttar (kamançaçı), Ağabala Səidoğlu, Kərim Hacı
Zeynaloğlu, Kərimağa Salik Rəsulov, Əlağa Zöhrabov, Seyid Mirbabayev, Cabbar
Qaryağdıoğlu (xanəndə) kimi sənətkarların fəaliyyəti mədəni həyatı maraqlı və
zəngin edirdi. Professor Minirə Dilbazi «Bakının musiqi həyatı: XIX əsrin ikinci
yarısı – XX əsrin əvvəlləri» adlı fundamental əsərində (Bakı, «Mütərcim»
nəşriyyatı, 2007, 256 səh.) haqlı olaraq qeyd edir ki, XIX əsrin ikinci yarısı və XX
əsrin əvvəlləri Azərbaycan musiqi tarixinin çox mühüm mərhələsi idi və məhz bu
mərhələ sonralar musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyət kəsb etdi.
Bu, bir tərəfdən, milli incəsənətin (xalq musiqisi, aşıq yaradıcılığı, şifahi ənənəli
professional musiqi-muğam sənəti) yüksəliş dövrü, digər tərəfdən, mütərəqqi ruhlu
rus və Avropa incəsənətinin Azərbaycan mühitinə sirayət etdiyi bir dövr idi. Belə
bir mühitin dahi Ü.Hacıbəyov tərəfindən milli bəstəkarlıq məktəbinin yaradılması
üçün zəmin olduğunu qeyd edən professor M.Dilbazi yazır: «XX əsrin əvvəllərində
Bakıda peşəkar musiqinin yeni formaları meydana gəldi: ilk Azərbaycan
operasının yaranması da bu dövrə təsadüf edir. Bu dövrdə Üzeyir Hacıbəyov və
onun silahdaşları – Müslim Maqomayev, Zülfüqar Hacıbəyov, Hüseynqulu
Sarabski, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov və başqaları Azərbaycan musiqi
mədəniyyətinin quruculuğu yolunda çiyin-çiyinə əzmlə çalışırdılar. Bu sənətkarlar
sonrakı illərdə də, yəni Azərbaycanda Sovet hakimiyyəti dövründə də musiqi
mədəniyyətinin ön sıralarında gedərək, onun yüksəlişi yolunda öz qüvvələrini
əsirgəmirdilər» (yenə orada, səh.10). Musiqi xadimlərinin milli mədəniyyətin
inkişafı yolundakı fədakar fəaliyyətinin nəticəsi kimi həmin dövrdə yuxarıda adı
çəkilən əsərdə deyildiyi kimi, Bakıda ictimai musiqi həyatı öz axarını tapır,
peşəkar milli musiqiçi kadrlar yetişir, dövlət tərəfindən musiqi müəssisələri və
kollektivləri, ilk Azərbaycan musiqi məktəbi, konservatoriya, opera truppası,
simfonik orkestr təşkil olunurdu.
Bax, belə bir dövrdə və mühitdə Azərbaycan professional musiqisinin
klassiklərindən biri, görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Asəf Zeynallı
yetişmiş və fəaliyyət göstərmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin
yaradıcılarından və parlaq simalarından olan Asəf Zeynallının həyat və
yaradıcılığından bəhs edən professor Nazim Kazımovun «Asəf Zeynallı» adlı
127
dəyərli monoqrafiyası (Bakı, «Elm və təhsil nəşriyyatı”, 2009, 110 səh., elmi
redaktoru Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz
Abdullazadə, rəyçilər AMEA-nın müxbir üzvü, SSRİ Xalq artisti, professor Arif
Məlikov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif
Əbdülqasımov) musiqi tarixinin tədqiqi, eyni zamanda tədrisi baxımından da çox
aktual və əhəmiyyətlidir. Kitaba yazdığı «Asəf Zeynallı haqqında ilk monoqrafiya»
adlı ön sözdə akademik Arif Məlikov Asəf Zeynallının yaratdığı bütün əsərləri
Azərbaycan klassik musiqi irsinin «ən dəyərli bədii inciləri» adlandırır və haqlı
olaraq yazır ki, professor N.Kazımovun Asəf Zeynallı yaradıcılığına peşəkar,
təcrübəli musiqi xadimi və pedaqoqu kimi diqqət göstərməsi, ilk böyük həcmli
monoqrafiya yazması çox vacib və təqdirəlayiq işdir. Prof. Nazim Kazımov da öz
növbəsində bu vaxtadək böyük sənətkarın irsinə dair mətbuat səhifələrində dərc
olunmuş məqalə və xatirələri, digər nəşrləri, xüsusi ilə görkəmli musiqişünas-alim
Xanlar Məlikovun 1956-cı ildə rus dilində çapdan çıxmış kiçik həcmli broşurasını
qədirbilənliklə xatırlayır, bununla belə Asəf Zeynallının həyat və yaradıcılığının
layiqincə tədqiq və təhlil edilib musiqi ictimaiyyətinə, xalqa çatdırılmağını
vurğulayır.
Monoqrafiyanın elə ilk səhifəsindən prof. Nazim Kazımov oxucuda ustalıqla
Asəf Zeynallının həyat və irsinə böyük maraq oyadır. Əsərin «Müəllifdən» adlı
hissəsində Nazim Kazımov Asəf Zeynallının parlaq və tükənməz istedadı, musiqi
sənətinə sonsuz məhəbbəti, güclü həyat və yaradıcılıq eşqi sayəsində yazdığı
əsərləri ilə öz adını əbədi olaraq Azərbaycanın mədəniyyət tarixinə həkk etdiyini
vurğulayır və 23 illik ömrü, 7 illik yaradıcılığı ərzində özündən sonra qərinələrin,
əsrlərin sınağından cəsarətlə çıxan, gənclik təravətini, sənət dəyərini saxlayan bir
irs yaratdığını yazır.
Asəf Zeynallının çox qısa ömür yolu, zəngin və dəyərli irsi haqqında qələmə
alınan monoqrafiyanın strukturu uğurludur və 7 hissədən ibarətdir. Əsərdə
bəstəkarın həyatı, simfonik, kamera-instrumental, kamera-vokal yaradıcılığı, eləcə
də folklorşünaslıq və pedaqoji fəaliyyəti geniş araşdırılmış, hərtərəfli təhlil
olunmuş, layiqincə dəyərləndirilmişdir. Tədqiqatçının maraqlı elmi-nəzəri
qənaətləri musiqişünaslıq xəzinəsinə qiymətli töhfədir. Asəf Zeynallının həyat və
fəaliyyətindən bəhs edən fotoşəkillər, eyni zamanda bəstəkarın yaradıcılığına dair
digər sənədlər, materiallar kitabı daha sanballı, daha maraqlı edir.
Asəf Zeynallının çox qısa ömür yolundan bəhs edən müəllif onun 1909-cu il
aprelin 5-də qədim Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Dərbənddə
anadan olduğunu, şəhərdəki realnı məktəbində ilk təhsilini aldığını yazır. Atasını
erkən yaşlarından itirən Asəfgilin ailəsində ciddi maddi problemlərinin
yaranmasına baxmayaraq, mütərəqqi görüşlü, xalq musiqisinin vurğunu və
qarmonun mahir ifaçısı olan Asəfin anası Əsbənd xanım oğlunda da musiqiyə
böyük marağın olduğunu hiss etdiyindən onu realnı məktəbdəki nəfəs alətləri və
orkestr dərnəklərinə qoyur. Dərbənddəki ağır, dözülməz həyat şəraiti 1920-ci ildə
Əsbənd xanımın ailəsinin Bakıya köçməsi ilə nəticələnir. Bu vaxt 11 yaşlı Asəf
Bakıda 9 illik məktəbdə təhsilini davam etdirməklə yanaşı, hərbi məktəbdəki
orkestrdə də özünü sınayır, tezliklə burada kornet və truba ifaçısı kimi tanınır. Asəf
1923-cü ildə musiqi təhsilini davam etdirmək üçün Bakıda 1898-ci ildə Moskva
128
Konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yermolayeva tərəfindən açılan
ilk musiqi məktəbinə daxil olur. Həmin dövrdə məktəbə dahi Azərbaycan bəstəkarı
Ü.Hacıbəyov rəhbərlik edirdi. N.Kazımov qeyd edir ki, böyük bəstəkarla Asəfin
ilk görüşü təsirli və unudulmaz olur. Asəfin istedadını yüksək qiymətləndirən
Ü.Hacıbəyov fəhmində yanılmamışdı. Asəf hələ I kursda oxuyarkən – 1923-cü ildə
«Truba üçün marş» yazır, elə həmin il «Azərbaycan musiqi məktəbi şagirdlərinin
ilk baxış-konsertində» uğurla çıxış edir. İstedadlı tədqiqatçı Nazim Kazımov Asəf
Zeynallının təhsil və musiqi sahəsindəki fəaliyyətini və ilk uğurlarını qeyd edərkən
maraqlı üsul seçir. O, nadir istedadı ilə hamını heyran edən Asəf Zeynallı haqqında
böyük məhəbbətlə söz açan Xalq artistləri Əfrasiyab Bədəlbəylinin, Səid
Rüstəmovun, Bülbülün, Tofiq Quliyevin böyük təəssürat oyadan xatirələrinə
müraciət edir. Bununla, N.Kazımov bir tərəfdən öz mülahizələrini sənədlərlə
əsaslandırırsa, digər tərəfdən də sənətkarlıq baxımından əsərin daha oxunaqlı,
maraqlı olmasına çalışır və istəyinə nail olur. 1926-cı ildə Musiqi Texnikumu
Konservatoriya ilə birləşdiriləndə Asəf Zeynallı Konservatoriyanın orkestr sinfinə
daxil olur, lakin çox çəkmir ki, A.Zeynallının təbiri ilə desək, «bizim mənəvi
atamız» Ü.Hacıbəyovun məsləhəti ilə təhsilini bəstəkarlıq şöbəsində davam etdirir
(1926-1931). Yeri gəlmişkən qeyd edək ki, bu addımı ilə də Asəf Zeynallı ilk
professional ali musiqi təhsili olan Azərbaycan bəstəkarı kimi tarixə düşür.
Asəf Zeynallının ömür yolunu izləyən müəllif N.Kazımov onun
konsertlərdə, müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakını işıqlandırmaqla
yanaşı, gənc bəstəkarın yetişdiyi mühitin xarakteristikasını da verməyi unutmur.
Konservatoriyanın müəllimləri B.V.Karaqıçev, L.E.Ab, L.P.Yablonko Asəf
Zeynallıya dirijor və bəstəkar kimi yetişməsində, dahi Ü.Hacıbəyov onun xalq
musiqisinin əsaslarını dərindən mənimsəməsində, Leopold Rastropoviç (Mstislav
Rastropoviçin atası) isə violonçeldə mahir ifaçı kimi formalaşmasında böyük rol
oynamışlar.
Nazim Kazımov qeyd edir ki, A.Zeynallı hələ tələbə ikən Azərbaycan
bəstəkarlıq məktəbinin inkişafı və formalaşmasına təsir göstərən əsərlər yazır,
özünəməxsus üslubu, fərdi yaradıcılıq manerası ilə milli və klassik incəsənətin
klassiklərindən birinə çevrilir. Maraqlıdır ki, tədqiqatçı A.Zeynallının professional
məşğuliyyətindən kənar fəaliyyətini də araşdırmağı, işıqlandırmağı unutmur. O,
Azərbaycan aşıqlarının 1928-ci ildə keçirilən I qurultayının işində yaxından iştirak
edir, Türk İşçi Teatrı ilə sıx əməkdaşlıq edir, Proletar Musiqiçiləri
Assosiasiyasının, Sovet İncəsənət İşçiləri İttifaqının tədbirlərinə qatılır, musiqi
sahəsində zərərli cərəyan, təmayül və axınlara qarşı kəskin tənqidi mövqe tutur,
musiqiyə sinfi, partiyalı münasibətin əleyhinə çıxır, muğamın, xalq çalğı
alətlərinin, o cümlədən tarın qızğın müdafiəsi kimi edirdi.
Səriştəli tədqiqatçı N.Kazımov fikirlərini tarixi sənədlərə, ciddi, mötəbər
mənbələrə istinadən əsaslandırır, Asəf Zeynallının «Tarın müdafiəsinə» adlı
cəsarətli məqaləsinə müraciət edir. Məqalədə artıq fərdi yaradıcılıq üslubu və dəst-
xətti ilə böyük nüfuz qazanmış A.Zeynallı milli musiqiyə, xüsusilə muğama qarşı
inkarçı mövqe tutan Xalq Maarif Komissarını çox kəskin tənqid edir və heç nədən
çəkinmədən öz qəti, prinsipial sözünü deyir: «Bizim təbiətən xalqın özünəməxsus
olanı müsadirə etmək hüququmuz yoxdur». Təsadüfi deyil ki, dahi Ü.Hacıbəyov
129
Asəf Zeynallı haqqında danışanda deyirdi ki, o, diletantizm xarakteri daşıyan hər
cür çıxışa nifrət edir, istər Konservatoriyada, istərsə də başqa yerlərdə lazımi
musiqi hazırlığına ciddi yanaşılmamasına amansız münasibət bəsləyirdi.
N.Kazımov Asəf Zeynallının xalq musiqisinin, xalq çalğı alətlərinin keşiyində necə
cəsarətlə durduğunu bütün gücü ilə göstərmək üçün Xalq artisti Səid Rüstəmovun
xatirələrinə üz tutur. Professor S.Rüstəmov tələbə dostu haqqında söhbət açanda
xatırlayır ki, Asəf Zeynallı Azərbaycan musiqisinin tezliklə dünya şöhrəti
qazanacağını deyir və əlavə edirdi ki, bizim yeni musiqi alətinə deyil, yeni
inkişafa, yeni zirvələrə ehtiyacımız var.
Təqdirəlayiqdir ki, əsərdə tədqiqatçı-alim Nazim Kazımov A.Zeynallının
vəfatından sonrakı illərdə dahi bəstəkar haqqında mətbuatda dərc olunan
materialların, unudulmaz bəstəkarın xatirəsi ilə əlaqədar keçirilən tədbirlərdəki
çıxışların təhlil edilməsinə də kifayət qədər yer ayırmışdır. Bu baxımdan
A.Zeynallının vəfatının birinci ildönümü münasibəti ilə 1933-cü il noyabrın 11-də
Azərbaycan Dövlət Konservatoriyasında keçirilən gecədə Ü.Hacıbəyovun öz
tələbəsi haqqında etdiyi məruzə, görkəmli ədəbiyyatşünas-alim prof. Mikayıl
Rəfilinin 1933-cü il dekabrın 18-də «Bakinskiy raboçiy» qəzetində dərc etdirdiyi
«Asəf Zeynallının xatirəsinə» adlı məqaləsi təsirlidir və böyük əhəmiyyət kəsb
edir.
Musiqişünas-alim Xanlar Məlikovun «Asəf Zeynallı» adlı rus dilində
broşurası (Bakı, Azərnəşr, 1956), bəstəkarın anadan olmasının 50 illiyi münasibəti
ilə Xalq artisti Süleyman Ələsgərovun «İstedadlı bəstəkar» («Bakı» qəzeti, 4 aprel,
1959, № 80), Xalq artisti Əfrasiyab Bədəlbəylinin «Kommunist» qəzetinin 1959-
cu il 5 aprel tarixli nömrəsində dərc etdirdiyi «Asəf Zeynallının xatirəsi», Xalq
artisti Səid Rüstəmovun «Biz dost idik» («Ədəbiyyat və incəsənət» qəzeti, 19 aprel
1969), Xalq artisti Tofiq Quliyevin «Mənim ilk müəllimim», Cəfər Zeynallının
«Asəf yada düşür», Elmira Zeynallının «O, mənim bacılarıma musiqi əsərləri həsr
etmişdi» adlı məqalələri, jurnalist Qvami Məhəbbətoğlu ilə Məmmədrza
Bakıxanovun «Qısa ömrün uzun akkordları» adlı müsahibəsi («Zaman» qəzeti, 24
oktyabr 2002), eləcə də Azərbaycan televiziyasının Asəf Zeynallının həyat və
yaradıcılığından bəhs edən sənədli filmi də Azərbaycan romansının, simfonik
musiqisinin banisi Asəf Zeynallının həyatı və irsi barədə maraqlı mənbələrdir.
1923-cü ildə Asəf Zeynallı 14 yaşında ikən Azərbaycan musiqi məktəbi
şagirdlərinin Ü.Hacıbəyov tərəfindən keçirilən ilk baxış-konsertini Əfrasiyab
Bədəlbəyli yuxarıda adı çəkilən məqalədə belə xatırlayır: «O vaxta kimi trubanı
əsas etibarı ilə hərbi marş aləti kimi tanıyan bir çox dinləyici Asəfin «Rast»
muğamı əsasında bəstələdiyi musiqi pyesinin gözəl təranəsindən vəcdə gəldilər.
Asəf öz çalğısını bitirincə, bütün salon onu sürəkli alqışlarla qarşıladı, əsərin bir
daha təkrar çalınmasında israr etdi. 3-4 dəfə səhnəyə gəlib utana-utana
salondakılara baş əyən Asəf öz əsərini bir daha ifa etdi».
Xalq artisti, bəstəkar Tofiq Quliyev özünün, eləcə də Qara Qarayev, Cövdət
Hacıyev və Zakir Bağırovun da müəllimi olmuş Asəf Zeynallını bir müəllim və bir
insan kimi güclü cazibə qüvvəsi olan adam kimi xarakterizə edir. Səid Rüstəmov
Asəf Zeynallının ömrünü bitməmiş, yarımçıq, lakin gözəl bir musiqi əsərinə,
mahnıya, romansa bənzədir. Süleyman Ələsgərov A.Zeynallının əsərlərinin
130
həmişəyaşarlığının, geniş yayılmasının səbəbini onun melodiyalarının orijinallığı,
sadəliyi, xalq mahnıları və musiqisi ilə qırılmaz tellərlə bağlı olmasında görür.
Mikayıl Rəfili Asəf Zeynallının musiqi irticasına, ekzotik xalturaya qarşı mübarizə
apardığını qeyd edir və onu muğamların və türk mahnılarının ardıcıl qammasında
yeni Azərbaycan musiqisi yaratmaq üçün zəmin axtardığını yazırdı.
Bütün bu mənbələri xatırladan, onlara müraciət edən müəllif Nazim
Kazımov Asəf Zeynallının xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımlar
atıldığını da qeyd edir. 1933-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına Asəf
Zeynallının adı verilmiş (Ü.Hacıbəyovun vəfatından sonra onun adı 1953-cü ildən
Azərbaycan Dövlət Konservatoriyasına, tələbəsi Asəf Zeynallının adı isə vaxtı ilə
təhsil aldığı Dövlət Musiqi Texnikumuna verildi), 1942-ci ildə onun adına təqaüd
təsis edilmiş, bəstəkarın bir çox əsəri nəşr olunmuş, Asəf Zeynallının yubileyləri,
xatirə gecələri, elmi-praktik konfranslar, «Azərbaycan Respublikasının gənc
musiqi ifaçılarının Asəf Zeynallı adına I müsabiqəsi» keçirilmiş (1993),
konsertlərdə bəstəkarın əsərləri ifa olunmuşdur.
Asəf Zeynallının simfonik musiqi yaradıcılığını araşdıran N.Kazımovun
fikrincə, onun irihəcmli simfonik janra müraciət edərək məşhur «Fraqmentlər»
süitasını yazması təsadüfi deyil. O, artıq özünü dram əsərləri üçün yazdığı
simfonik musiqi parçaları ilə sınamışdı. Asəf Zeynallı 1928-1931-ci illərdə – Türk
İşçi Teatrında çalışdığı dövrdə bir çox dram tamaşalarına, o cümlədən «Sevil»,
«Dönüş» (C.Cabbarlı), «Hind qızı» (Ə.Həmid), «Gizli əl», «Qanlı səhra» (Cəfər
Xəndan) və s. kimi çox sayda tamaşalara musiqi bəstələmişdir. Həmin musiqi
parçalarını yüksək qiymətləndirən N.Kazımov yazır: «Bəstəkar tamaşalara yazdığı
musiqidə onların mövzu və dramaturgiyasını, hadisələrin və obrazların xarakterini
açmağa, təsvir və ifadə etməyə nail olmuşdur». 7 fraqmentdən ibarət
«Fraqmentlər» simfonik süitası 7 tamaşaya yazılmış parçalardan ibarət olsa da,
süitanın hissələri arasında ustalıqla məzmun, forma vəhdəti yaradılmış və simfonik
musiqi kamil əsər təsiri bağışlayır. N.Kazımov «Fraqmentlər»in, eləcə də
A.Zeynallının digər simfonik janrda yazdığı əsərlərin təhlili zamanı
Ü.Hacıbəyovun, görkəmli musiqişünas D.Danilovun, professor Validə Şərifovanın
bəstəkarın yaradıcılığı ilə bağlı fikirlərinə də istinad edir. Qeyd etmək lazımdır ki,
A.Zeynallının Bakının tarixi və müasir dövrünü tərənnüm edəcək «Bakı»
simfoniyası üzərində işi yarımçıq qalmışdır. Qəfil ölüm bəstəkarın planlarını
yarımçıq qoymuşdur.
Nazim Kazımov A.Zeynallının kamera instrumental yaradıcılığından bəhs
edərkən göstərir ki, bəstəkarın bu janrdakı əsərləri sənətkarın fərdi yaradıcılıq
üslubunun, milli kolorit və özünəməxsusluğun, melodik və harmonik dilinin, güclü
bədii təxəyyülünün və novatorluğunun daha qabarıq üzə çıxması ilə xarakterikdir.
Tədqiqatçı bəstəkarın kamera-instrumental yaradıcılığındakı əsərlərə aşağıdakı
kimi təsnifat verir:
- fortepiano əsərləri;
- simli-kamanlı alətlər üçün pyeslər.
Belə bölgüdən sonra N.Kazımov A.Zeynallının fortepiano üçün yazılmış
əsərlərini – 6 hissədən («Kuklaların yürüşü», «Uşaq və buz» (mahnı), «Oyun»,
«Rəqs», «Qoyunlar» (xalq mahnısı), «Deyişmə») ibarət «Uşaq» süitası, «Durna»,
131
«Cahargah» pyesləri və mürəkkəb polifonik formanın səciyyəvi olduğu 9 fuqanı
sənətkarlıq baxımından təhlil edir, dəyərləndirir və onların Azərbaycan kamera
musiqisindəki yerini müəyyənləşdirir. Xüsusi ilə vurğulanır ki, A.Zeynallı «Uşaq
süitası» ilə Azərbaycanda uşaq fortepiano miniatürünün əsasını qoymuş, milli
fortepiano musiqi üslubunu yaratmışdır.
Asəf Zeynallının yaradıcılığının janr etibarı ilə rəngarəng olduğunu qeyd
edən N.Kazımov sənətkarın kamera-vokal yaradıcılığı barədə də geniş söhbət açır
və göstərir ki, vokal musiqi onun yaradıcılığının əsasını təşkil edir. Bəstəkarın 5
romansından («Ölkəm», «Sual», «Seyran», «Sərhədçi», «Çadra») birincisi
A.Zeynallıya sənətkar həmişəyaşarlığı bəxş etmiş, ona əbədi şöhrət qazandırmışdır.
Bu əsərlə, eyni zamanda o, Azərbaycan klassik romans janrının əsasını qoymuşdur.
Romansın sözləri böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlıya aiddir. Bu şeir
dilinin sadəliyi, səmimiliyi, canlılığı, oynaqlığı, obrazlılığı ilə, eyni zamanda
Vətənə yüksək məhəbbət ruhu ilə seçilir. Asəf Zeynallının ona bəstələdiyi musiqi
isə şeirin təsir gücünü daha da artırmış, onu dillər əzbəri etmişdir. N.Kazımov
yazır: «Az qala bir əsrə yaxın müddət ərzində vokalçıların, müğənnilərin
repertuarından və tədris-vokal repertuarından düşməyən məşhur «Ölkəm» romansı
bu gün də sevilə-sevilə ifa olunur və dinlənilir». Tədqiqatçı romansın forma, lad,
tonallıq xüsusiyyətlərini təhlil edir, onun bədii məziyyətlərini araşdırır və bu
qənaətə gəlir ki, əsərin bu qədər sevilməsinin, populyarlığının kökündə onun milli
ruhunda, eyni zamanda bəşəri dəyərindədir.
Asəf Zeynallının digər romanslarını da təhlil edən N.Kazımov sənətkarın
vokal yaradıcılığında mühüm yer tutan mahnı janrında yazdığı əsərlərə diqqəti
çəkir və S.Rüstəmin sözlərinə səs ilə fortepiano üçün «Qızıl bayraqlı Türk İşçi
Teatrosu marşı», M.S.Ordubadinin sözlərinə ikisəsli xor ilə fortepiano üçün «10 il»
mahnıları, Rəsul Rzanın sözlərinə soprano və messa-soprano ilə simfonik orkestr
üçün «Araz» mahnı-romansı, səs ilə simfonik orkestr üçün «Seyran» mahnı-
romansı ilə peşəkar vokal incəsənətini zənginləşdirdiyini, milli vokal ifaçılıq
imkanlarını genişləndirdiyini qeyd edir. Asəf Zeynallı eyni zamanda «Sarı gəlin»,
«Səndən mənə yar olmaz», «Durna», «O qara qaşlar» kimi xalq mahnılarını da
fortepiano üçün işləmiş və onların hər birini yüksək səviyyəli romans-mahnı kimi
də musiqi xəzinəmizə bəxş etmişdir.
Təqdirəlayiqdir ki, tədqiqatçı N.Kazımov A.Zeynallının qısa – 23 illik
həyatındakı çoxşaxəli fəaliyyətini bütün istiqamətlərdə araşdırmağa səy göstərmiş,
bu işi peşəkarlıqla yerinə yetirmişdir. Bəstəkarın folklorşünaslıq və pedaqoji
fəaliyyəti də izsiz qalmamışdır. A.Zeynallı xalq musiqi nümunələrinin
toplanılmasına, notlaşdırılmasına böyük əhəmiyyət verirdi və bu işdə özü nümunə
göstərirdi. O, xalq nəğmələrini, əmək, mərasim mahnılarını, aşıq mahnılarını, rəqs
havalarını toplamaq üçün Qarabağa ezamiyyətə gedən ilk ali təhsilli bəstəkardır.
Bu səfər ona həyatı bahasına başa gəlsə də (o, ağır xəstəliyə düçar olmuş və vəfat
etmişdir) o, onlarca xalq mahnısına, rəqs və diringələrə, təsnifə, mərasim
nəğmələrinə yeni həyat vermiş, onları notlaşdırmışdır. N.Kazımov nota alınmış bu
cür əsərlərin bəzilərinin – 60-a yaxınının adını çəkir.
Hələ Konservatoriyada təhsil alan vaxt ora müəllim kimi işə götürülən
A.Zeynallının pedaqoji fəaliyyəti barədə N.Kazımov yazır: «O, müəllimi
132
Ü.Hacıbəyovla, digər müəllimlərlə əlbir şəkildə peşəkar musiqiçi kadrlarının
yetişməsi işində fəal iştirak edirdi. Pedaqoji fəaliyyətinin az müddət davam
etməsinə baxmayaraq, onun müəllimliyi musiqi incəsənətimiz üçün faydalı və
səmərəli olmuşdur. Belə ki, dərs verdiyi tələbələr arasında sonrakı illərdə
Azərbaycan musiqisinin görkəmli simaları yetişmişlər: Q.Qarayev, C.Hacıyev,
S.Rüstəmov, T.Quliyev, Z.Bağırov, M.S.İsmayılov, Əminə Dilbazi…
Musiqi
nəzəriyyəsindən,
solfeciodan
Konservatoriya
və
Musiqi
Texnikumunda dərs deyən A.Zeynallı, həm də musiqi nəzəriyyəsinə dair
Azərbaycan dilində ilk kitabın («İbtidai not savadı») həmmüəllifidir (müəlliflər:
A.Zeynallı,
S.Rüstəmov,
F.Əfəndiyev,
Ə.Həsənov).
Asəf
Zeynallının
Konservatoriyada dərs verən ilk azərbaycanlı bəstəkar kadrlardan biri olduğunu
göstərən N.Kazımov sənətkarın təkcə yaradıcılıqla yox, həm də pedaqoji fəaliyyəti
ilə Azərbaycan musiqi incəsənətinin və təhsilin inkişafında da böyük rol
oynadığını xüsusi qeyd edir.
Professor N.Kazımovun böyük və nakam bəstəkar Asəf Zeynallının həyat və
yaradıcılığı haqqında yazdığı monoqrafiya ilə bağlı dediklərimizi yekunlaşdırsaq,
bir cümlə ilə bu qənaətə gəlmək olar: istedad haqqında məhəbbət və səriştə ilə
yazanda ortaya sanballı və kamil əsər çıxır.
Elə buradaca qeyd etmək yerinə düşər ki, zəngin elmi-pedaqoji təcrübəsi
olan tədqiqatçı, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər namizədi, professor
Nazim Kazımov «Asəf Zeynallı» adlı monoqrafiyasınadək özünü istedadlı
musiqişünas kimi təsdiq etmişdir. 1997-ci ildə o, «Ümumtəhsil məktəblərində
şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə
üzrə işin sistemi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
N.Kazımov «Tar ilə fortepiano üçün pyeslər» (1999), «Ümumtəhsil məktəblərində
muğamların tədrisi məsələləri» («Çaşıoğlu», 2000), «Səid Rüstəmov» («Çaşıoğlu»,
2007), «Azərbaycan Milli Konservatoriyası xalq çalğı alətləri fakültəsinin bakalavr
pilləsi və orta ixtisas musiqi məktəbləri üçün «Pedaqoji təcrübə» (2007), «Musiqi
Kolleci – 110» («Nurlan», 2008) kimi dərs vəsaitlərinin müəllifi, ümumtəhsil
məktəblərinin rus bölməsinin 7-ci, 8-ci sinifləri üçün «Muzıka» («Olaylar», 2006;
«Maarif», 2006), ümumtəhsil məktəblərinin Azərbaycan bölməsinin 5-ci, 7-ci, 8-ci
sinifləri üçün «Musiqi» («Kövsər», 2007; «Maarif», 2007) kimi dərsliklərin
həmmüəllifidir. Alimin onlarca elmi-metodik vəsaiti, elmi, elmi-publisistik
məqaləsi nəşr olunmuşdur. Haqqında bəhs etdiyimiz «Asəf Zeynallı»
monoqrafiyası da Təhsil Nazirliyinin əmri ilə dərs vəsaiti kimi çap olunmuşdur.
“Qobustan” sənət toplusu, 2-ci nömrə 2010
Dostları ilə paylaş: |