Rəssamlıq. «Türkiyə karikaturası müasir dövrdə dünyanın ən yüksək bədii-
estetik səviyyəli karikaturalarından biridir. Mən İstanbul Karikatura Muzeyində
«İnsan hüququ» mövzusunda açılmış karikatura sərgisinə baxdım və uzun müddət
bu sərginin təsiri altında qaldım».
90
Kino. «… «onuncu sənət» başqa ölkələri olduğu kimi, Türkiyəni də fəth
etməyə başladı və hazırda Türkiyə hər il 250 bədii film istehsal edən və 300 xarici
filmi türk dilinə dublyaj edən bir kino ölkəsidir: burasını da qeyd edim ki,
Türkiyədə ilk milli film (xronika) 1914-cü, ilk bədii film (komediya) 1917-ci ildə
çəkilmişdir».
Ədəbiyyat. «Bugünkü türk ədəbiyyatı, bir tam halında və sözün yüksək
mənasında, özünü ifadə və təsdiq edə bilən bir ədəbiyyatdır». «Müasir türk
ədəbiyyatı bir küll halında öz xalqını tanıyan, onun həyatına, arzularına, təbiətinə
bələd olan psixoloji bir ədəbiyyatdır». «Türkiyədə uşaq ədəbiyyatı çox inkişaf
etmiş və geniş yayılmışdır: poliqrafiya və tərtibat baxımından nəfis şəkildə
buraxılan uşaq kitabları çox çap olunur, çox satılır və çox oxunur».
Atatürkə məhəbbət və əlifba islahatı: «Türkiyədə dini fanatiklərin, eləcə
də həmişə hər cür yeniliyə qarşı çıxış edən reaksiyanın kəskin müqavimətinə
baxmayaraq, Atatürkün polad iradəsi ərəb əlifbasını latın əlifbası ilə əvəz etdi və
bu, əhalinin savadlanmasında əhəmiyyətli rol oynadı». 70-80-ci illərin gəncləri bu
sətirlərin sevgisi ilə sehrlənmiş və onların qəlbinə Türkiyəyə məhəbbət közü,
qığılcımı düşmüşdür.
Elçinin Nazim Hikmətə, Əziz Nesinə, Yaşar Kamala olan sonsuz sevgisi
ötən əsrin 70-80-ci illər oxucusuna sirayət etmişdir. Ümumiyyətlə, oçerk türk
ədəbiyyatı tarixi və müasir dövrü barədə məlumatlarla zəngindir. Bu da təbiidir.
Səfər Yazıçılar İttifaqı tərəfindən təşkil edilmişdir və nümayəndə heyəti Türkiyə
Yazarlar Sindikasının dəvəti ilə Türkiyədə qonaqdırlar. Məqsəd müasir türk
yazıçıları, mədəniyyət xadimləri ilə tanışlıq və ən müxtəlif problemlər ətrafında
fikir mübadiləsidir. Maraqlıdır ki, müəllif səfərin məqsədi barədə məlumat
verərkən bura «hər birimizin bir yazıçı kimi fərdi marağımız» sözlərini də əlavə
etmişdir. Elçinin «fərdi marağı» təbii ki, «ictimai və milli mənafe» anlamındadır və
bu maraq ədəbi-bədii, sənət çərçivələrilə məhdudlanmır. Məhz buna görə də oçerk,
əslində Türkiyənin bütün mənzərəsi – ictimai-siyasi, iqtisadi, tarixi, ədəbi-mədəni
həyatına bir işıq salır. Bununla belə, türk ədəbi mühiti əsərdə daha geniş əksini
tapmışdır.
Elçin türk ədəbi nümunələrini dünya, o cümlədən Azərbaycan ədəbiyyatı ilə
müqayisədə təhlil edir, maraqlı və qəti qənaətə gəlir: vicdanlı ədəbiyyat. Elçin
Atatürkün Tofiq Fikrət haqqında söylədiyi «bütün həyatı boyu yalnız öz vicdanının
sözünə baxan bir şair» fikrini o dövrdə yaşayıb yaratmış bir çox türk yazıçı və
şairlərinin xarakterik cəhəti kimi xüsusi qeyd edir və yazır ki, onuncu illərin sonu,
iyirminci illərin əvvəllərində türk milli-azadlıq hərəkatı və bu hərəkatın rəhbəri
Atatürk qabaqcıl türk ədəbiyyatının böyük mənəvi dayağını hiss etmişdir.
Diqqətçəkəndir ki, müəllifi cəmiyyətin müxtəlif təbəqələrinin fikirləri də
düşündürür. O, fəhlədən, taksi sürücüsündən, şəhər bələdiyyəsinin əməkdaşından
da hansı əsəri oxuduğunu soruşur. Polis nəfərinin, məmurun Nazim Hikməti
oxuyub-oxumadığı ilə maraqlanır. Elçinin Nazim Hikmət sevgisi suyu gözünə
sığmayan, daim çağlayan bulağa bənzəyir: aşıb-daşır. Gah bu qüdrətli türk şairini –
«hündür boylu, sarışın, göy gözlərindən işıq və hərarət saçan yaraşıqlı insanı» ilk
dəfə gördüyü günü və heç vaxt unutmadığını xatırlayır, gah Gülxanə parkında
ceviz ağacı axtarır, tapmayanda içdən kədərlənir, gah bugünkü Türkiyədə
91
N.Hikmətin çox çap olunduğunu, çox oxunduğunu, çox sevildiyini öz oxucusuna
sevinclə çatdırır, gah məhəbbətlə Nazim Hikmətin adının Azərbaycanda,
Azərbaycan yazıçıları, şairləri ilə bir cərgədə çəkildiyini söyləyir, Bolqarıstanda
səkkiz cildliyinin nəşr edildiyini dilə gətirir, gah da Nazim Hikmətlə bağlı dildə
dastanlaşan hekayətləri nəql edir. Elçinin Dəmirdaş Ceyhun, Selnur Sezər, Adnan
Özyalçınər, Tomris Uyar, Turqut Uyar, Aydın Hətiboğlu, Çingiz Bəktaş, Müjdak
Gəzən, Əsən Yel, Elmil Qalib kimi tanınmış yazıçı, şair, jurnalistlərlə görüşü, fikir
mübadiləsi böyük maraqla oxunur və yadda qalır. Elçin qələminin qüdrəti ondadır
ki, o, oxucunu yormadan, incitmədən əsrlərdən-əsrlərə, əsərlərdən-əsərlərə,
ölkələrdən-ölkələrə apara bilir. O, öz fikirlərini Yunus İmrə, Qul Hümmət,
M.Ə.Sabir, Nazim Hikmət misraları, Yaşar Kamal, Lev Tolstoy, Pobindranat
Taqor kəlamları, Nəsrəddin Xoca lətifələri, xalq mahnıları, nağıllar, atalar sözü,
zərb-məsəllərlə zənginləşdirir, mülahizə, mühakimələrini əsaslandırır və daha
təsirli edir. O, söz azadlığı və onun uğrunda türk sənətkarlarının mübarizəsi
haqqında yazanda Əziz Nesinin məşhur «Cərrahların konqresi» hekayəsini, şöhrətli
rəssam Səmih Balçıoğlunun karikaturasını xatırladır. Ərəb əlifbası ilə bağlı
Türkiyədə həyata keçirilən reforma haqqında bəhs edəndə, o, bu sahədə
M.F.Axundov və F.Köçərlinin fəaliyyətini yada salır.
Elçin Türkiyənin uğurları ilə oxucunu müjdələyir, eyni zamanda oranın
problemlərindən də kədərlə, təəssüf hissi ilə söz açır. O, bu mövzuda da yazanda
Türkiyəyə məhəbbətini gizlədə bilmir. Terror, siyasi çəkişmələr, maoçu, xocaçı,
trotskiçi, qevaraçı, qəddafiçi, marksçı, engelsçi adları ilə cavanların arasında
yayılmış siyasi hərdəmxəyallıq, dəmdəməkilik, porno-albomlar, porno-şəkillər,
pornofilmlər, seks jurnalları Türkiyə həyatının cizgiləridir və müəllifi qəlbdən
üzür: «Bu gün terrorçuluq Türkiyə kimi gözəl təbiətli, qonaqcıl, mülayim və
mehriban əhalisi olan, zəngin ədəbi-mədəni irsə malik dünya tarixini yaradan
ölkələrdən birini tamam sarsıtmışdır».
Elçinin səyahətnamələrini müəyyən mənada səfər etdiyi əcnəbi ölkənin
ədəbi oçerki də adlandırmaq olar. Bu baxımdan Qanaya («Yanan ağacın
şəfəqləri»), Tunisə («Palma ülfəti»), Macarıstana («Dyula Çak ilə söhbət»)
səfərlər xüsusi ilə xarakterikdir. «Yanan ağacın şəfəqləri» oçerkində qədim və
zəngin Afrika ölkəsi Qanada məskunlaşan xalqlar, onların həyat və düşüncə tərzi
haqqında maraqlı, ibrətamiz məlumatlar verilir. Müəllifin təbirincə desək, «əbədi
bir mövzu: xalq və ədəbiyyat» isə oçerkin ruhuna tam hakimdir. XIX əsrin
sonlarından başlayan ingilisdilli Qana ədəbiyyatında son illərdə milli dillərdə də
nümunələr yaranır. Elçin ədəbi mövzunu oxucuya hərtərəfli, detalları ilə təqdim
üçün diqqətçəkən forma seçir. O, müasir Qananın ən görkəmli nümayəndələrindən
biri Atukvey Okay ilə ədəbi polemikaya girir. Təxəllüs-ad seçməkdən,
müstəmləkəçiliyin fəsadları və ədəbi proses, özünüifadə yolları, milli dil, təhsil,
sosial problemlər, irqlər, ədəbi qəhrəmanlar və əsl sənətin kriteriyalarınadək
müxtəlif səpgili məsələlər diskussiyanı daha ehtiraslı, canlı və yaddaqalan edir.
Söhbət bitdikdən sonra sanki Qana ədəbiyyatının tarixi və bu günü barədə bir
ensiklopedik mənbə oxumuş kimi olursan…
Eləcə də, müəllifin «Palma ülfəti» oçerkində Tunisin və ümumiyyətlə,
müasir ərəb ədəbiyyatının tanınmış nümayəndələrindən biri Mustafa Əl-Farsi ilə
92
ədəbi söhbəti eyni təsir bağışlayır. Burada da oxucu ərəb dünyasının bir parçası
Tunisin tarixi və müasir görkəmli simaları, yerli əhalinin məşğuliyyəti barədə çox
maraqlı, yaddaqalan məlumatlar alır. Müəllifin də yazdığı kimi, otellərin gəldi-
gedəri nömrələrində, Əbdülrəhmanın sürdüyü maşında, Mustafagilin hər küncü
yazmaqdan, qələm işindən xəbər verən, başdan-başa yazıçı ovqatı ilə nəfəs alan
evində, Tunis Mədəniyyət Nazirliyinin, Ədəbiyyat departamentinin keçirdiyi rəsmi
tədbir və yığıncaqlarda, Tunis Yazıçılar Birliyində, eləcə də ölkənin görkəmli
yazıçı və ədəbiyyatşünasları – Nurəddin Səmmudla, Ömər ben Salemlə, professor
Mühəmməd Fantarla, Mədəniyyət İşləri üzrə Milli Komitənin rəisi Ömər Süxeyri
və bir çox başqaları ilə bədii ədəbiyyatın predmeti, müasir dövrdə oynadığı rol və
vəzifələri barədə geniş söhbətlər, ədəbi mübahisələr canlı, ehtiraslı dillə nəql edilir
və böyük maraq doğurur.
«Dyula Çak ilə söhbət» adlı oçerki həm Macarıstana səfər, həm də macar
ədəbiyyatına – onun tarixinə və bu gününə səyahət adlandırmaq olar. Müəllif
oçerkdə Budapeştlə bağlı ilk təəssüratını, - «Yevropa» nəşriyyatı tərəfindən macar
dilində «Gümüşü furqon» adı ilə kitabının nəşri haqqında xəbəri oxucu ilə
məmnunluqla bölüşdükdən sonra söhbəti orijinal forma ilə davam etdirir:
«İştirakçılar: Dyula Çak, mən, tərcüməçimiz və mənim dostum Adam, bir də
ki, maqnitofon.
Məkan: Budapeşt. Macarıstan Yazıçılar İttifaqı.
Zaman: 27 yanvar 1983. Saat 10
30
».
Bu cür təqdimatdan sonra sərhədsiz sənət-ədəbiyyat mövzusunda iki
yazıçının maraqlı mübahisəsi başlayır. Ədəbi cərəyanlar, mövzu, forma, söz
sənətinin həyata təsiri, ədəbiyyatda milli, bəşəri problemlər, əsl sənətin
göstəriciləri kimi məsələlər ətrafında ciddi müzakirələr dünya, Azərbaycan və
Macarıstan ədəbiyyatının klassiklərinin irsindən nümunələr gətirilməklə aparılır.
Fikir mübadiləsi nə qədər qızğın, ehtiraslı olsa da, qənaətlər bir o qədər dolğun və
yaxındır: «…hər bir yazıçı qələmi ilə ağ kağızın üzərində yalnız özünü deyil, eyni
zamanda, özü ilə birlikdə öz xalqını da ifadə edir»; «Milliliyin fövqündə bəşərilik
olmadığı kimi, cəmiyyətin də fövqündə, ümumiyyətlə, ədəbiyyat yoxdur»;
«Ədəbiyyatın vətəndaşlığı… həmin ədəbiyyatın milliliyindən asılıdır»; «Elm
təbiəti, xarici aləmi dərk və izah edir, ədəbiyyat isə, - söhbət istedaddan gedir! –
insanın daxili dünyasını dərk və izah etməlidir»; «Tənqid bir tərəfdən ədəbiyyatı
dərk etmək üçün oxucuya köməklik göstərməlidir, digər tərəfdən isə dünyanı dərk
etmək üçün yazıçının özünə köməklik göstərmək iqtidarında olmalıdır»; «Yazıçı
sözü oxucu üçündür. Tənqidçi isə öz sözünü həm oxucuya, həm də yazıçıya
deməlidir»; «…formaya etinasız yanaşmaq da, formaya aludə olmaq kimi
zərərlidir» və s. və i.
… «Başqa bir şəhərdən gəlmiş bir impressario zırpı bir kişini bazar başında
qurduğu səhnəyə çıxarıb camaata göstərir, tərifləyir ki, ay camaat, bu kişi dünyanın
ən böyük pəhləvanıdır, dünyada bundan güclü məxluq yoxdur, bir dəfə bir öküzün
buynuzlarından yapışıb yerə mıxlayıb, bir dəfə də yumruğu ilə kəlin belini sındırıb,
bir dəfə də filan işi görüb. Bazardakı adamlardan heç kəs onların yanında ayaq
saxlamır, hərə öz işi ilə məşğul olur. İmpressario yanından ötən bir nəfəri saxlayıb
soruşur ki, mən bu şəhərə belə bir məşhur pəhləvan gətirmişəm, niyə heç kim
93
tamaşa eləmək istəmir. Şəhərli cavab verir ki, sən bir belə təriflər deyincə, elanlar
verincə, qoy bu pəhləvan əl atıb bu yekə daşlardan birini götürsün, elə oynatsın ki,
camaat da yığışsın başınıza». Bu qaravəllini Elçin «Dünyada amur üzürdü» adlı
səyahət oçerkində xatırladır və əvvəlcədən hamının bildiyi faktlarla, hamının
gördüyü hadisələrlə oxucunu yormayacağını bəyan edir: «Yəni ki, televizorda
gördüklərimizdən başqa, kitablarda
oxuduqlarımızdan
və
ya
oxuya
biləcəklərimizdən başqa, sən özün nə görmüsən? Nə görmüsən, yəni nə hiss
etmisən, nə düşünmüsən?». «Yaxın, uzaq Türkiyə»də isə Elçin Marko Polo,
Afanasi Nikitin, Zeynalabdin Şirvaninin və onlarla, yüzlərlə, minlərlə digər məşhur
və qeyri-məşhur səyyahların yaşadıqları dünyanı insanlara tanıtdıqlarını, lakin bu
cəsur və müdrik sələflərin əzab-əziyyətlərə sinə gərib beş ilə, on ilə yer üzündə
Şimaldan Cənuba, Şərqdən Qərbə, necə deyərlər çarıq yırtıb, dərə-təpə aşıb
gördüklərini, qələmlə təsvir etdiklərini bugünkü texnikanın bir anda etdiyini xüsusi
vurğulayır. Bu qeydlər Elçinin həm bu işə girişməyin – səyahətnamə yazmağın nə
qədər məsuliyyətli olduğuna, eyni zamanda bununla yanaşı, oxucuya yeni söz
deyəcəyinə bir işarədir. Və bu Söz deyilir.
Çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki Elçinin yaratdığı
belletristika nümunələri («Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü»
romanları, «Toyuğun diri qalması», «Dolça», «Bir görüşün tarixçəsi» povestləri,
«Baladadaşın ilk məhəbbəti», «Sarı gəlin», «Araba» hekayələri, «Ah, Paris, Paris»,
«Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Şekspir» dram əsərləri və s. və
i.). XX əsrin 60-cı illərinin və XXI əsrin əvvəllərinin Azərbaycan bədii-estetik
fikrinin təzahüratı və danılmaz nailiyyəti, səyahətnamələri bəhs olunan yerin və
dövrün aynası, özünüifadənin publisistikada təkrarsız təcəssümüdür.
“525-ci qəzet”,7 may 2008,
“Mədəniyyət” qəzeti ,9 may 2008
Dahi ġekspir, möhtəĢəm “ġekspir”
Tarixi on illərlə ölçülən Azərbaycan teatrlarının cərgəsinə yenicə qoşulan
“ÜNS” yaradıcılıq səhnəsi “ cəsarətli , ciddi, orijinal addımları , axtarışları ilə
mədəni həyata fəal nüfuz etməkdədir. Xalq yazıçısı Elçinin “Şekspir” pyesi
əsasında səhnələşdirilən tamaşa ilə isə fikrimizcə, “ÜNS” özünün səhnə tarixinə
bir möhür vurdu. Təsadüfü deyil ki, bu möhtəşəm tamaşanın üstün məziyyətləri-
rejissor, rəssam işi, aktyorların mahir bənzərsiz ifası KİV-də böyük əks-səda
vermişdir. Aktyorların hər birinin canlandırdıqları obrazların, xarakterlərin hiss və
düşüncələri, “ciddi və kədərli komediya “nın probleminin və predmetinin
açılmasına xidmət edən oyun tərzi, rəngarəng jest və mimikaları, bir-birini əvəz
edən dinamik və çevik hərəkətləri sahə mütəxəssislərinin də diqqətini çəkmişdir.
Doğrudan da, əsərin-tamaşanın ideya-istiqaməti, aktuallığı, pyesin uğurlu
səhnə həlli üçün bədii rəhbər Nərgiz xanım Paşayevanın, rejissor Bəhram
Osmanovun və rəssam Nüsrət Hacıyevin özünəməxsus, sadə, həm də qeyri-adi,
94
cox maraqlı yaradıcılıq axtarışları, tapıntıları, təşəbbüsləri, cəhdləri yüksək diqqətə
layiqdir. Məkan baxımından hadisələrin cərəyan etdiyi ünvan bütün tamaşa boyu
dəyişmir: ruhi xəstəliklər klinikası. Buradakı hadisələr dramatik, gərgin eyni
zamanda ibrətamizdir. Cəmi 8 aktyorun iştirak etdiyi tamaşada az qala 800
adamlıq qələbəlik yaşanır. Səhnə içərisində eyni vaxtda bir-birindən diqqətçəkən
2-3 , bəzən 4-5 səhnə yaranır: veneralı öz aləmindədir: həsrətlə, həyacanla, ümidlə
səmaya boylanır, Stalin törətdiklərinə görə yenə təkəbbürlə tövbə etməkdədir, Ər-
Arvad öz dünyasında...
Ruhi xəstəliklər klinikasında baş verənlər – ağıllıların və dəlilərin istər ayrı-
ayrılıqda, istərsə də bir yerdə ehtiraslı mübahisələri, mükalimələri, hay-küylü
dialoqları əcayib-qərayib jestləri, rəqsləri, “Romeo və Cülyetta”dan səhnəcikləri,
eləcə də səhnənin ekranında bir-birini əvəz edən tablolar, bütün bu mənzələrin təsir
gücünü artıran işıq, tüstü fonu, digər elementlər həyatın və bəşər övladının bir sıra
ədəbi və əzəli problemlərinin yazıçının təsvir etdiyi kimi təqdiminə yönəlmişdir.
Ən müxtəlif səbəblərdən, xüsusi ilə klassik ədəbi nümunələrdə dəli, təlxək
obrazları vasitəsi ilə yazıçı cəmiyyətdə, daha çox onun ali təbəqəsində baş verən
ədalətsizliyə, haqsızlığa, çirkin əməllərə, yalana, məkrə, hiyləyə, zülmə qarşı
üsyan, etiraz edir.
Bugünkü ədəbiyyatda konkret “Şekspir” pyesində “dəlinin” təyinatı
“dəliliyin” anatomiyası dəyişmişdir. Söz azadlığının, digər demokratik dəyərlərin
bərqərar olduğu cəmiyyətdə yuxarıda söylədiyimiz eybəcərliklərin ifşası üçün
“dəli”nin tribunasına ehtiyac yoxdur. “Şekspir”də yazıçı tamamilə başqa niyyət
güdür. Ən əvvəl qeyd olunmalıdır ki, burada qoyulan mövzu millidən daha çox
bəşəridir, ikincisi isə əsərdə ictimai formasiyadan, quruluşdan asılı olmayaraq
insanlığa, yer üzünün əşrəfi” adına ləkə gətirən xüsusiyyətlər-xəyanət, yalan, kin-
küdurət, nifrət, hiylə hədəfə götürülür. Müəllif bizi klinikanın cəmi 3 nəfər
personalı ilə tanış edir: Baş həkim, həkim və sanitar. Baş həkim həyatdan və
işindən sanki narazıdır. Lakin işi və vəzifəsi üçün adama elə gəlir ki, baş kəsməyə
də hazırdır. Qorxaq və hiyləgərdir, tərəddüdlər və şübhələr onu üzür, işçilərini
ciddi nəzarətdə və itaət altında saxlayır; saxta hərəkət və təbəssümlər onun
simasızlığını daha parlaq əks etdirir. Onun dəlilərlə rəftarı, ünsiyyəti olduqca
maraqlı və yaddaqalandır. Məbud Məhərrəmov-baş həkim, həm də qətiyyətsiz,
iradəsiz və zəif xarakterlidir. O da finalda klinikada hökm sürən mənəvi-psixoloji
gərginliyə dözmür, dəlilərin təsirinə düşür, Yer kürəsindən getmək sevdası ona da
sirayət edir. Həkim-Sənubər İsgəndərli danışığı, hərəkətləri, replikaları və üzünün
ifadələri, ədaları, kinayəli baxış və təbəssümləri ilə tamaşaçının ürəyinə yol tapır,
hafizəsində qalır. O, da özünü xoşbəxt hesab etmir: əri ilə problemləri var, gözünü
dikdiyi baş həkim kreslosu da ondan hələ çox uzaqlardadır. Həkim obrazında
cəmləmiş bütün xüsusiyyətlər təbiidir: onun həyat və düşüncə tərzinin məhsuludur,
mənəvi keyfiyyətlərinin göstəricisidir. Baş həkimə nisbətən o daha səmimi
görünür. Həkimin sarsıntıları, ətrafdakılarla emosional rəftarı əslində klinikadakı
mövcud vəziyyətin bir insan qəlbində təzahüratıdır. Məhrəm mövzularda onun
həmsöhbəti yoxdur, məcbur olur “dəli”ni dindirməklə öz ehtiyaclarını ödəsin.
Dəlilərlə, xüsusi ilə Sara Bernarla təması, ünsiyyəti onu da tədricən dəyişir: O, da
Şekspir yaradıcılığına maraq göstərir.
95
Sanitar – Fuad Osmanov iş yoldaşlarından “bir baş yuxarıdır” – o həm də,
oğrudur. Xəstələrin ərzağını mənimsəyir. Mövcud mühiti əsas gətirərək özünün
alçaq hərəkətlərinə bəraət qazandırır. Lakin klinikada cərəyan edən hadisələr
ondan da yan keçmir, o da Yer kürəsindən uzaqlaşmağı üstün tutur. Tamaşadakı
dəlilərin hər biri fərdi cəhətləri ilə fərqlidir. Stalin –Siyavuş Aslan ciddi,
təkəbbürlü, ağır çəkilidir; Sara Bernar – Şükufə Yusupova çoxyüklü obrazdır, -
Cülyetdadır, diqqət mərkəzində olan heykəltəraşdır, Parislilərin kumiridir: Ər-
Arvad –Ayan Mirqasımova zənnim məni aldatmırsa, ədəbiyyatda yeni hadisədir:
Bir orqanizmdə iki nəfərin mövcudluğu. Bədii əsərdə, təsvirdə bu obrazın
yaradılması Elçin kimi yazıçıya bir o qədər problem yaratmaz, lakin səhnədə bir
bədəndə iki nəfəri “gəzdirmək” – bu, kişi-qadın maneraları, səs dəyişmələri əlbəttə,
ifaçıdan xüsusi məharət tələb edir. Drob-13, başqa sözlə, Van-der-pran-dur-
Firdovsi Atakişiyev digərlərinə nisbətən səhnədə gec görünür, lakin yaddaşlara
həmişəlik həkk olunur. Sara Bernarla bal rəqsi, maraqlı fikirləri onu tamaşaçıya
bağlayır. Veneralını – Rafiq Əliyevi dialoq və monoloqla səhnədə iştirakı
baxımından epizodik rol hesab etmək olar: nisbətən az danışır, digər qəhrəmanlarla
az təmasda olur. Lakin əvvəldən axıra kimi o, tamaşaçının nəzərində, diqqətində
qalır. Veneralı səhnənin bir küncündə çox tələsən, avtobusun gəlməməməsindən
əndişələnən, həyəcanlanan sərnişinə bənzəyir. Əslində onun digərləri ilə
danışmağa nə həvəsi, nə də vaxtı var o, bir an tez Yer kürəsini tərk etmək istəyir.
Tamaşadakı hər bir aktyorun ifası ayrıca söhbətin mövzususdur. Odur ki,
aktyorlarla bağlı qısaca söylənilənləri yekunlaşdırsaq, bu qənaətə gəlmək olar ki,
yaradıcı heyət “ağıllı” və “dəli” personajlardan ibarət mükəmməl, bütöv ansambl
yarada bilmişdir. İnsanları, bəşər övladlarını, kiçik Yer kürəsində o cümlədən
bizim həmvətənlərimizi kiciçik, Azərbaycanda ali dəyərlərlə yaşamağa, hər cür
hiylə və məkrdən, uzaq, xeyirxah, ədalətli əməl sahibləri kimi iz qoymağa səsləyən
tamaşanı mübaliğəsiz, müstəqillik dövrünün ən uğurlu səhnə əsəri hesab etmək
olar.
“Kaspi” qəzeti, 10 aprel 2007
Söz və sənətkar qüdrəti haqqında düĢüncələr
(Elçinin 60 illiyinə)
Göydən tək-tək iri, ilıq damcılar düşməyə başlayanda dünyagörmüş qocalar
üstlərindən ağır yük götürülürmüş kimi dərindən köks ötürər, uca dağların
arxasından sürtələ kəndin üzərinə axışan parçalı qara buludlara işarə vuraraq,
təbəssümlə dillənərdilər:
- Yer-yurd qurumuşdu. Toz, bürkü nəfəsimizi kəsmişdi. Axır ki, yağacaq.
Sərinləyərik. Təbiət də dirçələr, canlanar.
96
Yayın uzun cırhacırından sonra yağış həsrəti ilə göyə boylanan, dua edən,
qurbanlar kəsən əzabkeş, dözümlü, fədakar sakinlərin istəyi nəhayət ki, həyata
keçərdi…
… «Azərbaycan cəmiyyətinin qaranlıq dövrü» (H.Zərdabi «Kəşkül»dən,
«Şərqi-Rus»adək olan müddəti nəzərdə tutaraq, belə yazırdı – T.A.) başa çatdıqdan
sonra «Həyat», «İrşad», «Tərəqqi», «Füyüzat», «Molla Nəsrəddin» nəşrə başladı»,
«Nəşri-maarif», «Nicat», «Səadət» xeyriyyə cəmiyyətləri yarandı, fəaliyyətlərini
genişləndirdilər. Məhəmməd Ağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşı,
Məhəmməd Hadi, İbrahim Tahir, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu,
Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Haşım bəy
Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Əbdürrəhim bəy Haqverdiyev,
Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə qələmə sarıldılar,
xalqın tarixinə və taleyinə qızıl səhifələr yazdılar…
«Şərqi-Rus» nəşrə başlayandan 15 il sonra Şərqdə, türk-islam dünyasında ilk
dünyəvi, demokratik respublika Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu
cəmiyyətdə gedən təbii, tarixi prosesin məntiqi nəticəsi idi. Azərbaycan Xalq
Cümhuriyyəti xalqın həyat və düşüncə tərzinin məhsulu, yetkinləşmiş, formalaşmış
ideoloji, siyasi, ədəbi-mədəni, mənəvi mühitin yetirməsi idi.
XX əsrin ilk onuncuları 1918-ci ildə başları üzərində üçrəngli bir bayraq
yüksəltdilər. Amma regiondakı təbəddülatlar, böyük dövlətlərin Qafqazda
toqquşan maraqları Azərbaycan xalqına baha başa gəldi: Azərbaycan Xalq
Cümhuriyyəti süqut etdi. Sonra cəmiyyət təzadlı, bir-birinə zidd axın və
cərəyanlarla, təqib, təzyiq, terror, edam, sürgün və qanlarla dolu 20-30-cu illəri
yaşamağa məcbur və məhkum edildi. Həmin dövrün ədəbi mühiti bəlkə heç vaxt
olmadığı kimi ictimai həyatın aynasına çevrilmişdi. Ədəbi proses cəmiyyətlə nəfəs
alırdı, cəmiyyətin nəbzi ədəbi mühitdə vururdu. 30-cu illərin sonlarına doğru ədəbi
çarpışmalara, əqidə və ideya mücadiləsinə son qoyuldu. Milli və istiqlalçı
ədəbiyyatın, həqiqi söz sənətinin nəfəsi kəsildi. Sosializm realizmi «qələbə» çaldı,
hamı «ələmdən nəşəyə» keçdi, ədəbiyyat «kolxozlaşdı», «fəhlələşdi» (staxanovçu
oldu), söz çərçivəyə salındı, senzura ehkamların keşiyində ayıq-sayıq durmağa
başladı. Yeni ideoloji qəliblər, mənəvi-estetik ölçülər ədəbiyyatı partiyalaşdırmış,
onun proqramının bədii sözlə icraçısına çevrilmişdi. Kolxoz fermasında ictimai
mal-qara yetişdirildiyi kimi, ədəbiyyat sexinin şablon bədii forma və üslub
konveyerində də sovet rejimi və ideologiyasına xidmət edən ədəbi nümunələr
buraxılırdı.
Böyük Vətən müharibəsindən qalib çıxan Sovet imperiyası ABŞ-ın liderlik
etdiyi Qərb dünyasına soyuq müharibəni – ideoloji mübarizəni uduzmağa başladı.
Qərbin təbliğat maşını – xüsusilə radiodalğaları dəmir pərdəni deşərək SSRİ-ni
silkələyirdi. İmperiyadakı proses Azərbaycan SSR-dən də yan keçmirdi. Stalinin
ölümü ilə ictimai mühitdə və münasibətlərdəki dəyişiklik ədəbiyyata, sənətə də
sirayət edirdi. Azərbaycanın, bütün türk dünyasının şah əsəri «Kitabi-Dədə
Qorqud» bəraət aldı. 50-ci illərin sonunda Azərbaycan SSR Ali Soveti Rəyasət
heyəti Azərbaycan dilinin dövlət dili olduğu barədə fərman verdi. Bəxtiyar
Vahabzadənin «Gülüstan»ı yarandı və ictimai rəyə təsir edəcək qədər diqqət çəkdi.
97
Sonradan ədəbiyyat tarixinə «60-cılar» kimi düşəcək şair və yazıçılar bir
tərəfdən həmin dövrdə baş verən ictimai-siyasi proseslərin nəticəsi kimi yetişir,
meydana çıxırdılarsa, digər tərəfdənsə, özləri həmin dəyişikliklərin qidalandırıcısı,
sürətləndiricisi qismində iştirak edirdilər. Ədəbiyyat ideoloji silahdan, cəmiyyətin
siyasi taleyini həll edən alətdən fərdin xarakter, hiss, fikir və duyğularının bədii
tərənnümü olan söz sənətinə çevrildikcə sətirlər cəmiyyətə nüfuz edən, ona hakim
kəsilən təbii gücə, qüvvəyə dönür. Milli nəyi varsa, hamısının – dili, adət-ənənəsi,
həyat və düşüncə tərzi, psixologiyası üzərinə kölgə salınmış oxucu, sovet rejiminin
əsarət və inhisarından çıxmaq üçün çapalayan ədəbiyyatı narahatlıqla izləyir,
kitabları sətiraltı, yaxud məcazi məna tapmaq eşqi, həvəsi ilə vərəqləyir.
Ədəbi anlamda «60-cılar» riyazi onluqda nəzərdə tutulan çərçivəyə sığmır.
Azərbaycanda «60-cı illər ədəbiyyatı» istilahı adı altında anlaşılan yeni ədəbi
mərhələnin rüşeymləri 50-ci illərin sonunda əmələ gəlmiş, 60-cı illərdə
formalaşmağa başlamış, 70-ci illərdə ən məhsuldar dövrünü yaşamış, 80-ci illərin
ikinci yarısınadək – yenidənqurma və aşkarlıq siyasətinin elan edildiyi dövrədək
davam etmişdir. Bu, Azərbaycan sovet və ümumiyyətlə Azərbaycan ədəbiyyatı
tarixində mövzusu, forması, ideyası, dili, üslubi sənətkarlığı ilə fərqli bir
mərhələdir, onun spesifik xarakteristikası var.
Bu dövr ədəbiyyatının yaradıcılarından və aparıcılarından biri Xalq yazıçısı
Elçindir. Elçin tarixi baxımdan 60-cı illərin əvvəllərindən ilk yaradıcılığa başladığı
üçün yox (həmin vaxt yazanların, yaxud yazmağa başlayanların hamısı «60-cılar»
ədəbi nəslinə mənsub deyil ki!), yeni ədəbi hərəkatın və həyatın öndərlərindən
olduğuna görə, 60-cılardan sayılır. 60-cılar əslində inqilabçı yox, islahatçı, bir
qədər obrazlı desək, körpüsalanlardır. Onlar sovet dövründə (!!!) rejimin ötən
illərində qırılmış milli ədəbi rabitəni, eybəcər hala salınmış, təftiş olunmuş
ənənələri bərpa etdilər. Ədəbiyyatı sənətə çevirdilər.
Elçinin qəhrəmanları yaradıldığı tarix baxımından ehkamçı və totalitar
sosialist realizmin ərsəyə gətirdiyi obrazlarla çox yaxındır. Amma bu qəhrəmanlar
milli xarakter, düşüncə tərzi, hiss və duyğuları, davranış və danışığı ilə daha çox
M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, Mirzə Cəlil personajları ilə
qohumdurlar. Sovet dövründə qələmə alınmış Baladadaş (Baladadaşın ilk
məhəbbəti) sovet ədəbiyyatının kolxozçu, komsomol, kommunist, qırmızı papaq
qəhrəmanlarından ruhən və mənən Novruzəliyə (Poçt qutusu) daha doğmadır.
Xatırlanan hekayələrin mövzu, məzmun, süjet, kompozisiya, obrazların reallığı,
dinamikliyi, elə lap dil, üslub fərqlərindən xeyli danışmaq olar, lakin kamil bədii
sənət nümunəsi olan bu hekayələri birləşdirən tellərin təbii və möhkəm olduğu
fikrinə yəqin ki, etiraz edən olmaz. 60-cı illər ədəbi nəslinin bu xidməti – milli
klassik ədəbiyyatla varisliyin bərpası probleminin araşdırılması, dəyərləndirilməsi
müasir ədəbiyyatşünaslığın yeni, həm də aktual vəzifələrindəndir…
Sosialist realizminin ehkam və çərçivələrini darmadağın edən Elçin və
qələmdaşları yeni tip əsərləri ilə, belə demək mümkünsə, ədəbiyyatı öz işi ilə
məşğul olmağa vadar etmiş, milli ənənələrlə çağdaş mədəniyyətin vəhdətindən,
sintezindən parlaq sənət nümunələri yaratmışdır.
Üç il əvvəl Elçin ilk yaradıcılığından ötən 32 il ərzində qələmə aldığı 40-a
yaxın hekayəni «Baladadaşın ilk məhəbbəti» adı altında nəşr etdirmişdir (Bakı,
98
QAPP – Poliqraf, 2000-ci il, 480 səh.). Müəllif kitaba yazdığı «Mənlə mən
arasında» adlı ön sözdə toplunu niyə «Baladadaşın ilk məhəbbəti» adlandırdığını
açıqlayır: «Yəqin daha çox ona görə ki, Baladadaşın varlığı, onun təmizliyi,
iddiasızlığı, səmimiyyəti mənim üçün bu 32 ilin daşınan yükün müqabilində çox
əhəmiyyətli bir şeydir». Səmimi olduğu qədər də təvazökar bir etirafdır. «Daşınan
yük»ün arxasında yuxusuz gecələr, saysız-hesabsız mütaliələr, yaradıcılıq
axtarışlarından yaranan hiss-həyəcanlarla bərabər, mübarizələrlə dolu bir səhnə,
həyat
göz
önünə
gəlir.
Partiya-sovet
aparatının
proqramlaşdırdığı,
təlimatlandırdığı, istiqamətləndirdiyi sosialist realizmi, onun keşiyində və
qulluğunda duran mühafizəkar, ehkamçı tənqid həqiqi sənətin buxovuna
çevrilmişdi.
Qələminin qüdrəti, istedadının gücü sayəsində Elçin, yaradıcılığının 45,
anadan olmasının 60 illiyini zəngin ədəbi irslə qarşılayır. «Mahmud və Məryəm»,
«Ağ dəvə», «Ölüm hökmü» adlı romanları, «Bir görüşün tarixçəsi», «Dolça»,
«Toyuğun diri qalması» və başqa povestləri, onlarca hekayə və səhnə əsərləri ilə
Elçin Azərbaycan ədəbiyyat tarixində silinməz iz buraxmışdır.
Elçinin yaradıcılıq fəaliyyəti bədii əsərlərlə məhdudlanmır. Filoloji
araşdırmalar sahəsində ciddi, sanballı elmi-nəzəri əsərlərin müəllifi prof.
E.Əfəndiyev Azərbaycan ədəbiyyatşünasları, tənqidçiləri sırasında nüfuzlu,
mötəbər simalardandır. Elçinin tənqidi üçün obyektivlik, cəsarətli elmi-nəzəri
mülahizələr, şablon, ehkamçı fikirlərlə barışmazlıq, aydın, səlis dil xarakterikdir.
Sovet dövründə Kommunist Partiyasının ədəbiyyat və incəsənətə dair çox sayda
qərarlarında söz sənəti qarşısında partiyalılıq, tarixi hadisələr və xadimlərə sinfi
mövqedən münasibət bildirilməsi əsas tələb kimi irəli sürülürdü. Elçin isə öz yolu
ilə gedir, bir tərəfdən sənətin aktual problemlərini müasir tələblər baxımından
dəyərləndirir, digər tərəfdən isə saxta, qərəzli, ideologiyaya qulluq göstərən
tənqidin tənqidi ilə məşğul olurdu. Söz sənətinə məsuliyyətli, prinsipial
münasibətin nəticəsidir ki, Elçin yazdıqlarına, söylədiklərinə həmişə sahib
çıxmışdır. Qələmə alındığı vaxtdan düz otuz il (1979), ilk nəşrindən (1981) 20 ilə
yaxın müddət keçdikdən sonra 1999-cu ildə Elçin «Tənqid və nəsr» adlı əsərini
«vaxtıyla necə yazılmışdırsa, eləcə də bu gün onu həmin oxucuya təqdim edirəm»
qeydi ilə təkrar çap etdirir (Bakı, «Günəş» nəşriyyatı, 1999). Həmin kitaba yazdığı
«Bir neçə söz»də Elçin yaşadığı və yaratdığı çətin dövrün sınaqlarından şərəf və
ləyaqətlə çıxdığının sevincini oxucusundan gizlətmir:
«Qürurlanıram ona görə ki, hakim və hikkəli partiya ideologiyasının fironluq
etdiyi dövrdə, estetikanı, sənəti, o cümlədən ədəbiyyatı «sosializm realizmi»nin
cansıxıcı, boz və şablon qəliblərinə pərçim etməyə çalışan (və əsas etibarilə buna
nail olan!) nəzəriyyəçiliyin hökmranlıq sürdüyü bir zamanda bu əsəri yazarkən,
ədəbiyyat haqqında mülahizələr irəli sürərkən, təhlil aparıb bədii qiymət verərkən,
əslində mütləq mahiyyətli bir konyunkturadan nəinki uzaq olmuşam, hətta əsas
götürüb dirsəkləndiyim prinsiplər o konyunkturaya qarşı tam müxalifətdə
durubdur».
Elçin həmişə ədəbiyyatşünaslığın çətin, lakin prinsipial və həlledici
məsələlərinə toxunmuşdur. O, dövrün ədəbi tənqidinin Azərbaycan bədii nəsrinin
müxtəlif problemlərinə – müasirlik, xarakter, sənətkarlıqla bağlı ortaya çıxardığı
99
qənaətlərə münasibətini bildirmişdir. Ədəbi tənqidlə bağlı yazdığı onlarca
məqalədə Elçinin meyarı dəyişməz olmuşdur: həqiqi sənətə xidmət. Dünən – sovet
dövründə də belə idi, bu gün də belədir.
Sovet dövründə söz sənətini ona təcavüz etmiş ideologiyadan xilas etmək
uğrunda mübarizə aparan Elçin bu gün ədəbiyyatı yad və bayağı missioner
«izm»lərin eybəcər hala salmaq cəhdlərindən qoruyur.
Elçinin hekayə, povest, pyes, romanları, tərcümələri, ədəbi tənqid və onun
problemləri haqqında məqalələri barədə xeyli yazılmış, bədii əsərlərinin mövzusu,
ideyası, dili, üslubu, sənətkarlığı, süjet və kompozisiyası ilə bağlı sanballı
tədqiqatlar aparılmış, əsərləri bir çox xarici dilə tərcümə olunmuş, xarici ölkələrdə
nəşr edilmiş, pyesləri respublikanın və Türkiyənin ən nüfuzlu teatrlarında
oynanılmışdır. Bütün bu sahələrdə həmin işlər daha ciddi və əhatəli davam
etdiriləcəkdir. Elçinin ədəbi irsi bu hüquqa sahib olmuşdur.
Son dövr ədəbi mühitində də hadisəyə çevrilən əsərləri göstərir ki, tükənməz
enerji və ehtirasla yazmaqda olan Elçin hələ neçə-neçə yeni yaradıcılıq uğurlarına
imza atacaqdır.
«Mars» jurnalı, № 3-4, aprel 2003
Dostları ilə paylaş: |