Atamın dostları
* * *
Çeşidli dostluqlar vardır: yol, məktəb, həyat dostluğu, əyləncə, səyahət,
qumar dostluğu, qara gün, yaxşı gün, siyasət, fikir, ideal dostluğu!
Bir insan ömrü boyunca bu dostlardan bir və ya bir neçəsini tapa bilər. Bu
bir nəsibdir, onlar bir-birlərini mütləq tapacaqlar, bir yerdə olmaları sanki əzəldən
qərarlaşmışdır. Yenə hər insanın taleyinə bu dostlardan kədərlər, fəlakətlər,
xəyanətlər, nankorluqlar, yaxşılıqlar, alicənablıqlar yazılmışdır. Gözlərimizi əbədi
yummadan bir saat əvvəl bütün həyatımızı xatırlamaq mümkün olsaydı, bu həyatın
dostluqlardan, yaxşı və puç xatirələrdən ibarət olduğunu anlaya bilərdik. Mən də
indi atamın dostlarını onun həyatının bir parçası, telləri kimi görürəm. Onların
əksəri vəfat etmiş, qalanları da kim bilir, harada öz ölümlərini gözləyirlər, bəziləri
ilə ara-sıra rastlaşıram: küçələrdə özlərini göstərməmək üçün divar dibindən keçib
gedirlər.
Vaxtı ilə küçələrə, meydanlara sığmayan onlarmı idi?! Səsləri, qəhqəhələri,
hiddətləri, qəzəbləri üfüqləri bürüyən qəhrəmanlar onlarmı idi?! Ən yaraşıqlı, ən
şux, ən gözəl, ən zəki, ən bəsirətli olduqlarını aləmə car çəkən onlarmı idi?! İndi
gəlinlərinin, kürəkənlərinin, nəvələrinin, məhəllə uşaqlarının ətrafında bir oyuncaq
kimidirlər. Fürsət düşəndə özlərini təqdim etmək, yaxud etdirmək imkanı olsa, o
zaman qarşısında sabiq baş nazir, sabiq nazir, sabiq millət vəkili, sabiq səfir, sabiq
müşavir olduqlarını xatırlatmağa çalışırlar, bitib-tükənməyən xatirələrlə
qarşılarındakılara necə təsir etdiklərini fərsiz, yorğun gözləri ilə anlamağa
çalışırlar…
107
Ah həyat! Səfil, gülünc, həzin mənzərələrlə dolu qəribə macəra! Dünyaya
kənardan baxan şüurlu bir varlıq nə görə bilər? Bir qarmaqarışıqlıq, bir-birinin
yanında gah gülən, gah ağlayan insanlar! Doğumlarla ölümlər eyni anda olur!
Səbəbsiz davalar, səbəbsiz səadətlər, səbəbsiz kədərlər…
Nifrət etdiyimiz üçün öldüyünə sevindiyimiz insanın, onu sevsəydik,
arxasından ağlayacaqdıq. Nə üçün onu sevirik, nə üçün ona nifrət edirik?! Bizə
etdiyi pislik onu xoşbəxt etmişsə, ona düşmən kəsilməyə haqqımız çatırmı?!
Atamın dostları kimlərdir? İlk gənclik çağlarından tanıdığı, siyasi həyatda
qarşılaşdığı, ixtiyar illərini bir yerdə keçirdiyi bir çox insanlar! Onların hamısını
uşaqlıqdan tanıyıram. Üzərimdəki təsirləri, izləri ta o zamandan başlayır. İndi
onları düşünərkən, görürəm ki, rəsmi mahiyyətindən, sifətlərindən ayrıldıqdan
sonra insan heç bir zaman yox olmur, ölmür. Onu ailə, cəmiyyət, millət içində pis
insan kimi tanıdan səbəblər toplum içindəki mövqelərindən doğur. Qocalıqdan, ailə
başçılığından ta dövlət rəhbərliyinə qədər cəmiyyətin verdiyi bütün rəsmi adlar
insanın taleyində özü haqda yaxşı, yaxud pis hökmlərin sıralanmasına səbəb olur.
Atamın fikir adamı və filosof dostlarından biri deyir ki, nazir kürsüsü firon
kürsüsüdür. Oraya mələk və ya Musa əyləşdiyi zaman firona çevrilir.
Bunu söyləyən insan indi gözlərimin önünə gəlir: alçaq boylu və şişman
vücudunu bir çətinliklə iki yana sallana-sallana çəkirdi. O, siyasi və əsgər
diktatorların Dövlət gəmisini qarşılıqlı ehtirasların yaratdığı tarazlıq sayəsində
sürdükləri bir dövrdə öz sahəsinin tək diktatoru idi. İstanbul Universitetindəki
kürsüsündə necə danışırdısa, mənsub olduğu partiyanın mərkəzi təşkilatında da elə
danışırdı: sakit, bir qaydada, saf, tələffüzü yerində olan dil, etirazı qəbul etməyən,
özününkündən başqa fikirlərin yanlış olduğunun hökmünü əvvəlcədən verən insan.
Onu yalnız əmr vermək, yol göstərmək üçün ağzını açan bir sfinksə və ya bir
Buddaya bənzətmək mümkündür. Sükut içində hakimliyi təmsil edən bir heykəl də
sayıla bilərdi. Türk cəmiyyətini Qərbli olmağa təşviq edən bu mürşid işini Şərqli
bir şeyx metodu, zehniyyəti və ruhu ilə görürdü. Onun ruh və düşüncə tərzi ilə
inanışları arasındakı təzad fikirlərinin azmasına səbəb olur. Özünə aid olmayan
«Qərb mədəniyyətindən, Türk millətindən, İslam ümmətindən olmaq» ideyasını
təlqin edərkən, Qərb mədəniyyətinin təməli olan insan haqq və azadlıqlarını
dövlətin mütləq nəzarəti altında olmasını tərəddüd etmədən «haqq yox, vəzifə var»
- deyə qışqırırdı!
Onun qədər cəmiyyətə təsir edə bilən insanlar azdır. Lakin cəmiyyət içində,
cəmiyyət üçün bu qədər mühüm olan bu adamın öz ailəsi içində bir kölgədən fərqi
yoxdur. Şikəst bir qadın, onun doğduğu və atalarına bənzəyən qızlar! Mürşid üç
uşaq və bir qadının arasında birinin şıltaqlığından digərinkinə qaçmaqdan halsız
qaldığı zaman dincəlmək üçün bir yer döşəyindən başqa bir şey tapa bilmirdi. Bu
döşəyin üstü, eyni zamanda, yazılarını yazdığı, kitablarını oxuduğu yerdi.
Evin içində bu kölgə mələyin zaman-zaman çox çətin, hiddət böhranları da
olurdu. Bunlardan birini xatırladıqca, indi də heyrətlə gülməkdən özümü saxlaya
bilmirəm. Ankarada, Keçiörəndə qonşu idik. Evlərimiz arasında məsafə 300 metr
olardı. Bir səhər bağın içində fəryadlar yüksəldi. Gördüyümüz mənzərə: öndə
mütəfəkkirin uşağı, iri yarıqarabəniz Urfalı «yetişin, bəy məni öldürür» - deyə
qışqıraraq qaçır, mürşid də ayaqyalın, əlində çəlik onu qovur.
108
Mürşidin arvadı ondan bir neçə il sonra vəfat etdi. Ölümündən bir qədər
əvvəl məni, ailəmizin digər üzvlərini yanına çağırdı. Hamımıza tək-tək nəzər salıb
qəribə bir tərzdə gülümsədi, bir an gözlərini yumub fikrə daldı. Sonra qəfildən
gözlərini açdı və ərinin adını söyləyərək qışqırdı: «Gəldi, gəldi. Məni çağırır. Xeyr,
mən sənin yanına gəlmək istəmirəm»…
Maltada birgə keçirdikləri uzun əsarət həyatında mürşidin ruh sükunətini,
durğunluğunu anladan səhifələr atamın bu illərə aid xatirələrinin gözəl
parçalarındandır. Mütəfəkkir həbsxananın bir küncündə vaxtı ilə hökumətdə
mənsəb sahibi olan əsirlərə səbir, sükunət, hüquqlarından imtina etmək dərsi
deyirdi. Mürşid danışanda hər kəs sakitcə onu dinləyir, dərsin sonunda onu
dinləyənlər bu ağır əsarət həyatına bir neçə gün də dözə bilmək üçün ruhlarında,
qəlblərində imkan və güc toplayırdı.
Mürşid dövrünün sahib olduğu qüdrətə rəğmən ən sadə yaşayan
insanlarından biri idi. Ortabab evi öz görkəmini heç vaxt dəyişmədi. Lakin mürşid
ictimai əxlaq sahəsində, dərslərinin xaricinə qətiyyən çıxmır, partiyasının bir sıra
ikinci, üçüncü dərəcəli adamlarının göstərdiyi şəxsi mənfəət ehtirasları qarşısında
səssiz-səmirsiz qalırdı. Onun bu sükutu dövrünün əsgər, mülki diktatorları üçün də
davam edirdi. «Gözlərimi yumaram, vəzifəmi yerinə yetirərəm» deyimini mütləq
bir intizam və itaət əmri şəklində ən əvvəl öz üzərində tətbiq edirdi.
Bu sətirlərim heç bir zaman filosof mürşidi Birinci Dünya Müharibəsi
dövründəki davranışına görə tənqid deyildir. Sadəcə həyatının bir dövründəki
görünüşünü yazıram. O, illərdən uzaqlaşdıqca hadisələr, hərəkətlər, sözlər
sahiblərinin məqsədlərini tam ifadə edən mənalarını alır. Əslində, insanın şəxsi və
ictimai həyatında səbəb, əlaqə və ya şahid olduğu bütün hadisələr eyni dəyişməz
qanuna tabedir. Bunların həqiqi dəyəri, əmələ gətirdikləri dedi-qodular,
dalğalanmalar bitdikdən, silindikdən, sakitliyə qovuşduqdan, bir sözlə zamanın
təmizləyici əli təsirini göstərdikdən sonra bəlli olur.
İndi soruşuram: əgər mürşid üzərinə düşən vəzifəni gözlərini yumaraq
yerinə yetirməsəydi, ətrafının doğru-yalan müxtəlif rəvayətləri, yolsuzluqları,
fenaları ilə məşğul olaraq onları düzəltməyə çalışsaydı, istəyinə çata biləcəkdimi?
Yox! Bu təqdirdə böyük mənfəət çəkişmələrinin ortasına atılacaq, mücadilədə
bəlkə də ən yaxın dostlarından belə xəyanət görəcəkdi. O zaman da əsl vəzifəsini
yerinə yetirə bilməyəcəkdi. O, türk millətini Qərb mədəniyyətinə qovuşdurmaq
üçün yollar axtarırdı. Bu yollar tapıldıqdan sonra ona tuşlanan pisliklər öz-özünə
yox olacaq.
Tarixi bir həqiqəti etiraf etmək lazımdır. Bəlkə də, mürşidin elə düşünməsi,
belə hərəkət etməsi sayəsindədir ki, «İttihad və tərəqqi» dövrünün elm, sənət,
düşüncə sahiblərindən fərqli mövqeyə yüksəlmişdir. Fikir və qənaətləri ilə «İttihad
və tərəqqi»nin düşməni sayılan şairlər, filosoflar, yazıçılar mürşidin və rəhbərlik
etdiyi «Yeni Məcmuə»nin ətrafında toplana bilmişdilər, yanında səmimi və əmin
sığınma yeri tapmışdılar. Gənc istedadlar onun açdığı qapıdan şöhrət dünyasına
daxil oldular. Şerdə əruzdan hecaya, səhnədə ortabab oyundan həqiqi teatra keçid,
tarixdə Osmanlıdan öncə türk millətinin varlığını qəbul, dində Quranın tərcüməsi,
batil, yalan, etiqadlar ilə mücadilə, islahat hərəkatları bütünlüklə onun rəhbərliyi ilə
oldu. Dövrünün ən böyük, ən əzəmətli siyasi şəxsiyyətləri mürşidi gördükləri
109
zaman kiçik uşaq kimi əllərini öpür, öpdüklərini də hər kəsə nümayiş etdirməyə
çalışırdılar.
Yenə bəlkə də mürşidin elə düşünməsi, belə hərəkət etməsi sayəsində
«İttihad və tərəqqi» zamanında yaradılmış ictimai hərəkatların şərəfini siyasət
adamları öz adlarına çıxarmaq istəklərini üzə çıxara bilmədilər və bunlar bir
dövrün, bir partiyanın əsəri olaraq qaldılar.
Maltadan – sürgündən sərbəst buraxıldıqdan sonra Ankaraya gəldi. Ankara
ittihadçıları əsarətdən milli heysiyyət düşüncəsinə görə qurtarmışdı, lakin onlardan
ehtiyatlanırdı. Anadoluya gələn digərləri kimi mürşidə də çox gülər üz
göstərməyərək, doğulduğu yerdə, Diyarbəkirdə yerləşməsini tövsiyə etdi.
Milliyyətçilik, Qərb dünyası, geri və irəli cəmiyyət məsələlərinin beynində bir-bir
gizli, lakin çox diqqətçəkən anlayışlar halında ilk dəfə bildirdiyi bir ortaçağ
şəhərinə, indi adı bütün türk dünyasında tanınmış alim kimi dönürdü. Bu dönüş
onun həyatında yeni bir mərhələnin başlanğıcıdır. Diyarbəkir və ətrafı şeyxlər,
müəllimlər, dərəbəylər diyarı idi. O da bu şeyxlər, hətta dərəbəylər arasında həqiqi
bir şeyx kimi öz oturacağı yeri görürdü. Onun postu ceylan dərisi yox, bir məcmuə
olacaqdı: şəhərdəki yeganə daşbasma mətbəəsində çap olunacaq əl içi boyda, adı
boyuna uyğun bir məcmuə, «Kiçik məcmuə!» O bu məcmuədə çökmüş Osmanlı
imperiyasının yerinə gələcək yeni türk dövlətinin ideoloji rəhbərliyinə cəsarətlə
başlayacaqdı. Buna nail olmaq üçün yenə də eyni səmimiyyətlə, vaxtı ilə «İttihad
və tərəqqi» Partiyasının digər liderlərinə qarşı seçdiyi iş prinsipini təkrar etməkdən
çəkinmədi. Milli mücadilənin başçılarını bir-bir qəhrəman kimi qəbul və elan
etdikdən sonra əsl vəzifəsinə qoyuldu.
Burada bir məqama işarə vurmaq yerinə düşər: mürşid türk millətinin hər
zaman qəhrəmanlara heyran olduğunu, onların ətrafında və arxasınca cahanın
fəthinə çıxdığını, bütün türk tarixinin də beləcə keçdiyini düşünürdü. Məşrutə
inqilabından sonra imperiyanı yalnız bir qəhrəman qurtara bilərdi. O halda Ənvər
bir qəhrəman olmalı idi. Onu tərəddüdsüz qəhrəman kimi tərənnüm etdi. İmperiya
yıxıldı. İndi türk milləti yeni bir qəhrəmana möhtacdır. Bu da Mustafa Kamal
olacaqdı. Ənvər üçün yazdığı şeirləri eynən Mustafa Kamal üçün də təkrarladı.
Ona dövlət, cəmiyyət, fərd, vətəndaş olaraq türk millətini Qərb mədəniyyəti
səviyyəsinə gətirmək yollarını göstərəcəkdi. Diyarbəkirdə çıxarmağa başladığı
«Kiçik məcmuə»nin də vəzifəsi elə bu idi. Məcmuəni araşdırın, latın hərflərindən
say adlarına qədər, dövlət anlayışından türk dilinin sadələşdirilməsinə qədər,
sonralar Atatürkün bir-bir gerçəkləşdiyi islahatların nəzəri izahlarını məqalələr
şəklində orada tapacaqsınız. Mürşid bu işi görərkən «İslam ümmətindən, Türk
millətindən, Qərb mədəniyyətindən olmaq» düsturunun «İslam ümmətindən
olmaq» hissəsinə «diqqətsizlik» göstərmiş, fikirləri türkün islamaqədərki tarixinə
yönəltmək niyyətilə Xilafətin artıq türk milləti üçün əhəmiyyətini, mənasını
getdikcə itirən bir müəssisə halına gəldiyi düşüncəsini qeyri-müəyyən bir şəkildə
ortaya atmışdı.
O, bütün müddəalarında əski türk tarixini, tezislərinin mənbələrini tapmaq,
təqdim etmək üçün hər vasitəyə əl atırdı. Lakin bu elmi qüsur sayıla bilməz. Türk
millətçiliyini oyandırmaq, türkü bütün şərtlərlə həqiqi bir millət halında dirçəltmək
üçün 18-ci əsrdə Napoleon istilalarına qarşı Alman milli şüurunun oyanması
110
məqsədi ilə German tarixini təhrifdən qorxmayan Alman mütəfəkkirləri kimi
hərəkət edirdi. «Kiçik məcmuə»nin yazıları Ankara və İstanbul qəzet və
məcmuələrinin bəzilərində olduğu kimi dərc edilir, məqalələrin təsiri bu yolla
məmləkətin ziyalı mühitinə yayılırdı.
Milli mücadilə qazanıldı. Artıq İttihadçılardan çəkinmək üçün səbəb
qalmamışdı. Bir çoxları kimi mürşidi də Ankarada vəzifəyə, Maarif Vəkalətində
qurulan və üzvləri arasında Ağaoğlu Əhməd, Samih Rifat kimi keçmiş dostları
olan Təlim və Tərbiyə Heyəti Rəisliyinə dəvət etdilər. «Hakimiyyəti Milliyə»
qəzeti də öz sütunlarını ona açdı. Bu sütunlarda «Kiçik məcmuə»də toxunduğu
mövzuları bir az da genişləndirdi. İndi «Türk dövlətinin əsasları nə olmalıdır»
problemi üzərində işləyirdi. Bu mövzuda ortaya atdığı fikirlərin tam tərsini Əhməd
Ağaoğlu eyni qəzetin sütunlarında müdafiə edirdi. Mürşidə görə yeni dövlət hər
şeyin əsası olmalıdır. Onun fikrincə, milli iqtisadiyyatı da əsgərlik kimi, «Tibb
məktəbi», «Mülkiyə məktəbi» kimi dövlət yaratmalıdır. Sistemin daha sonra
Konstitusiyada rəsmən qəbul ediləcək adını da «Dövlətçilik» qoymuşdu.
Ə.Ağaoğlu isə yeni dövlətin tamamilə liberal prinsiplər üzərində qurulması
tərəfdarı idi və yazırdı ki, türk millətinin Qərb mədəniyyətinə yetişməsinin tək
çarəsi bu mədəniyyəti yaratmış sərbəst təşəbbüs prinsipinin səmimiyyətlə
qəbulundan ibarətdir. Ona görə də fərdin haqları dövlətdən öncə vardır. Dövlətin
vəzifəsi bu haqları mühafizə və müdafiə etməkdir.
Bu iki tezis, bu iki dost Xalq Partiyasının proqramını və yeni dövlətin
Konstitusiyasını hazırlamaq üçün Qazinin başçılığı ilə toplanan heyətdə də
toqquşdular. Orada da mürşidin tezisi qazandı və tətbiq edildi. Lakin sonralar
tədricən iflasa uğradı.
İkinci Böyük Millət Məclisinə Diyarbəkirdən millət vəkili seçildi. Lakin bu
yeni siyasi həyatına həvəssiz başladı. Özündə qəribə, yaşı ilə uyğun olmayan
maddi, mənəvi yorğunluqlar hiss edir, bəzən günlərcə sürən şiddətli baş
ağrılarından göz açmırdı. Daim hərəkətsiz idi. Hər dəfə danışmağa başlayanadək
aramsız tərləyirdi. Onu bu halda görənlər onun məşhur adam olduğuna qətiyyən
inanmazdılar. Lakin elə ki, danışmağa başladı, dinləyənlər onun dodaqlarından
süzülən dadlı bir səsin cazibəsindən saatlara çıxa bilməzdilər. Lakin bu dəfə səs
boğuq çıxır, fikirlərini pərişanlığa qədər gedən bir dalğınlıqla güclə anlada bilirdi.
Atatürk mürşidin şərəfinə verdiyi bir ziyafətdən çıxarkən «bütün əsərləri, o
məqalələri yazan həqiqətənmi bu adammı?» - deyə soruşmuşdu.
Nə baş verirdi? Mürşidin ruhunda, beynində böyük bir dəyişiklikmi əmələ
gəlmişdi? Hələ çox gənc idi. Böyük bir məmləkətin fikir aləmində peyğəmbər
təsiri yaratmış bu insan hələ heç 50 yaşına qədəm qoymamışdı.
Ətrafında olan dostları, tələbələri ondakı dəyişikliyin səbəbini araşdırarkən
mürşid gizli həqiqəti bütün çılpaqlığı ilə görürdü. Bəzən gözlərini yumub ilk
gənclik illərinin bir gecəsini xatırlayır: Diyarbəkirdəki evlərində yataq otağında
bardaş qurub oturmuşdu. Önündə, yanında və arxasında kitablar, kağızlar, qələmlər
vardı. Neft lampasının xəfif işığında görünən üzü saralmışdı. Dərin bir kədər bütün
varlığına hakim kəsilmişdi, iztirabların ən qorxuncu – ətrafında mənəvi heç bir
dəyərin qalmadığını görməkdən yaranan əzab onu pəncələri altına almışdı. Mənsub
olduğu böyük milləti haqsız yerə məruz qaldığı diqqətsizlikdən, yaşadığı geri
111
həyatdan, içində olduğu cəhalətdən qurtarmaq üçün ilk və ən böyük şərtin
istibdadın yıxılması olduğuna inanmışdı. Lakin buna nail olmaq üçün gücü nə
özündə, nə ətrafında görürdü. Əlini yavaş-yavaş yastığın altına soxdu. Oradan
çıxardığı tapançanı gicgahına dayayaraq tətiyi çəkdi…
O zaman beyninə girərək orada qalmış güllə bax, onu otuz il sonra
öldürürdü. Sanki o intihar dəqiqəsindən indiki faciəvi baş ağrılarına qədər keçən
müddət və bütün həyatı tətiyi çəkdiyi anda görməyə başladığı bir yuxudan ibarət
idi.
Mürşid bildiyi həqiqəti bir dəfə də söyləmədi. Doktorlar xəstəliyin
mahiyyətini anladıqları zaman isə iş işdən keçmişdi. Bir səhər İstanbuldakı fransız
xəstəxanasının kiçik bir otağında, kim bilir, bəlkə də xəyalında, Diyarbəkirdəki o
gecə, gözlərini əbədi yumdu.
İstanbul xalqı Şeyxülislam Yəhya əfəndidən sonra heç bir tabutun arxasında
onun (maraqlıdır ki, müəllif yazı boyu «mürşid», «peyğəmbər» adlandırdığı Türk
dünyasının böyük ideoloqu Ziya Göyalnın adını nədənsə, bir dəfə də olsun, çəkmir
– T.A.) cənazə günündə olduğu qədər əzəmətli bir səssizliklə getməmişdi…
* * *
…Bir gün atamı birini tanımadığı iki adam ziyarət etdi. Bir neçə saat
danışdılar. Onlar getdikdən sonra atam anamın yanına gəldi, soruşdu: «Sitarə,
evdən bir neçə əşyanı, məsələn, köhnə xalıları sataraq bir qəzet çıxarmaq
istəyirəm, nə deyirsən?»
Atamın işarə vurduğu xalılar anamın cehiz kimi gətirdiyi, uşaq ikən üzərində
oynadığı, bütün həyatının hadisələrinə şahidlik etmiş qiymətli xatirələrdi. Bu
həqiqi sənət əsərlərinin rəngarəng naxışları onun üçün keçmişdəki baxçaları idi.
Buna baxmayaraq, dərhal razı oldu: «Lap yaxşı, amma sən bu qəzeti kimlərlə
çıxaracaqsan?» Atam güldü: «Mənim yanıma gələnlərlə». Anam soruşdu:
«Tanıyırsanmı?» Atam: «Birini tanıyıram, o biri də yaxşı adama bənzəyir» - dedi.
Anam atamın əlindən tutdu, xəfif, titrək bir səslə: «Əhməd – dedi, - yaxşı
tanımadığın, xasiyyətini bilmədiyin insanlarla işə girişmə».
Bax, atamın son qəzeti «Akın» belə çıxdı. Aradan bir neçə ay keçdi. Bir
gecə, o aralarda İstanbula gələn Atatürk atamı Dolmabaxçaya – süfrəsinə dəvət
etdi. Xeyli müddət idi ki, görüşmürdülər. Müstəqil Partiya macərasından sonra (bu
məsələ ilə bağlı aralarında ciddi mübahisə olmuşdu – T.A.). Bu Partiyanın
rəhbərlərindən yenidən Xalq Partiyasına və ya dövlət xidmətinə dönməyən yalnız
atam qalmışdı. «Akın» qəzeti iqtidar çevrəsinin bir qismi üçün müxalifətin səsi
kimi qəbul edilirdi. Ona görə də atam Atatürklə təkrar qarşılaşmasının hansı hava
içində olacağını əndişə ilə düşünürdü. Gecə yarısından bir az sonra evə döndüyü
zaman son həftələrdən bəri yataqda olan anamın yanına getdi. Anam evləndikləri
gündən bəri atamın simasını bu axşamkı qədər məyus və iztirablı çox az görmüşdü.
Atam söhbətə başlamadan anam, «yaxşı keçmədi, eləmi?» - deyə soruşdu. Atam,
«hə, yaxşı olmadı. Paşa öncə çox iltifat göstərdi, yanında əyləşdirdi, süfrədə
…bəylərlə …xanımlar vardı. Bir arada «Akın» qəzetini gətirin» - deyə əmr verdi.
112
Gətirilən qəzetlərdən məqalələrimi bir-bir oxutdu, hər məqalədə nə demək
istədiyimi soruşdu. Bütün bu yazıların ictimai tənqidlər olduğunu, cəmiyyətimizin
yaxşı və qüsurlu tərəflərini işıqlandırdığını izah etdim. O zaman Atatürk …na
işarət edərək «Bəy əfəndi, bir nəfər həm Universitetdə müəllimlik edər, həm də
iqtidarı tənqid edərsə, bunun nəticələri yaxşı olarmı?» - deyə soruşdu. Müraciət
etdiyi şəxs, «Əlbəttə, doğru deyil» – cavabını verdi. Paşa sualı digərlərinə də
ünvanladı. Bir nəfər istisna olmaqla, hamısı eyni cavabı təkrarladı. O bir nəfər …
bəy, «əgər rejim və iqtidar qüvvətli isə, bir kimsənin həm Universitetdə müəllimlik
etməsi, həm də müxalifətdə olması heç bir zərər verməz. Əgər rejim və iqtidar zəif
isə, bunun təhlükələri var»- dedi. Atatürk mənə dönərək soruşdu: «Bax, nə
deyirlər?». «Paşam, hər kəs fərqli düşünə bilər. Mən nə edim?» - cavabını verdim.
Atatürk birdən-birə «aydın olur» - deyə qışqırdı: «Onlara cavab verməyi özünə
sığışdırmırsan, lap yaxşı, bax mən deyirəm, həm Universitetdə müəllimlik, həm də
müxalifətlik olmaz». Sonra əlavə etdi: «Söylə, biz də bilək, sən bu qəzeti çıxarmaq
üçün pulu haradan tapdın?» Bu zaman nə qədər qorxunc bir intriqanın yarandığını
anladım. «Paşam, - dedim, - «Akın»ı bağlamağı qərara almışdım. Lakin, madam
ki, belə şübhə var, müfəttişlərinizi göndərərək pulu haradan, necə tapdığımı
araşdırıb elan etməyincə qəzeti bağlamayacağam». Bunu eşidəndə Qazi «Deməli,
söz güləşdirirsən» - deyə qışqırdı: - Sən həm də unudursan ki, sığıntısan!»
Anam atamın əlindən tutdu – Atatürk bunu sənə söylədimi? «Hə, Sitarə,
söylədi və bir andaca həyatımın ən dərin kədəri içimi doldurdu. Paşam, – dedim, –
on səkkiz yaşımdan bəri türk millətinin xidmətindəyəm. Mənə bu yolda dəfələrlə
bir çoxları bu sözü söylədi. Hamısına güldüm. Amma indi sizin ağzınızdan eyni
sözü eşitmək məni ruhumun ən dərin nöqtəsinə qədər sarsıtdı. Sizə qədər bu sözü
mənə deyənlər kiçik adamlardı. Siz isə bu məmləkəti xilas etmiş insansınız. Bir
tərəfdən bütün dünyanın türk irqindən, türk millətindən yarandığı tezisini ortaya
qoyursunuz, digər tərəfdən sərhədin o tayındakı, təəssüf ki, əsarət altındakı xalis
türk bir yurddan, türkün hürriyyətini mühafizə etməyə müvəffəq olmuş qisminə
gələn, yenə xalis bir türkə «sığıntı» deyə bilirsiniz. Bu nə qorxunc bir təzaddır və
nə üçün Allah mənə sizi belə bir təzad uçurumu içində göstərmək fəlakətini nəsib
etdi». Bu sözləri söylər-söyləməz ayağa qalxdım. Bu an gözləmədiyim bir hadisə
baş verdi. Atatürk də ayağa qalxaraq boynuma sarıldı: «Sən məni yanlış anladın,
elə demək istəmədim» - deyərək, üz-gözümü öpməyə başladı. Lakin orada duracaq
halda deyildim. Bir söz demədən çıxdım.
Anam atamın əllərini dodaqlarına apardı: «Üzülmə, Əhməd, yaxşı cavab
vermisən. Qazi böyük adamdır, səni sevir, ətrafında olan bir neçə nəfər aranı
qarışdırıb».
Bir neçə həftə sonra «Akın» qəzeti bağlandı. Bir müddət də keçəndən sonra
Universitetdə islahat aparılarkən atamın kürsüsünü də əlindən aldılar. O zaman
atamın Atatürkə çox yaxın olan bir dostu atamın ortaqlarından birinin qəzetlə bağlı
bütün xəbərləri, danışıqları bir jurnala qeyd etdiyini xəbər verdi. Anam yenə haqlı
çıxmışdı…
Bu hadisədən sonra anam onu uzun illərdən bəri müayinə və müalicə edən
mərhum dr.Akil Muxtara «ölümüm yaxınlaşdı, doktor, fəqət Əhmədi düşdüyü
maddi və mənəvi sıxıntılar içində tək-tənha buraxmaq çox çətindir. O, özünü
113
toplayana qədər yaşaya bilsəydim» - demişdi. Bu sözləri atamdan başqa ailənin
bütün üzvlərinə də demişdi. Fəqət, heyhat, daha həyatını bir az da olsa, uzatmaq
mümkün deyildi. Tək bir təsəllisi vardı: həmişə ərindən əvvəl ölməyi Allahdan
diləmişdi. Bax, bu istəyi yerinə yetirdi. Ölüm hazırlığını özü görmüşdü: - kəfəni,
tabuta örtüləcək şalı, gül sularını, yandırılacaq öd ağaclarını (tropik meşələrdə
bitən, yanarkən ətrafa xoş qoxu yayılan ağac – T.A.) atamın və xalamın bildiyi bir
yerə çoxdan toplamışdı.
1933-cü ilin oktyabr ayının 16-sı gecəsi süfrə başında idik. Yalnız bacım
Tezər anamın yanında idi. Birdən onun «Anama bir şey olur» - deyə hayqırtısını
eşitdik. Otağına girdiyimiz zaman anamın gözləri qapanmışdı. İndi olduğu kimi
xatırlayıram, babam birdən özünü itirdi. Sitarənin öləcəyini çox düşünmüşdü.
Fəqət bu anı əsla təsəvvür etmirdi. Hər birimizin üzünə ayrı-ayrı baxdı, sonra
anamın dizlərinə qapanaraq hıçqıra-hıçqıra ağlamağa başladı…
Dostları ilə paylaş: |