Mühacir qəlbində və qələmində 28 May və 28 Aprel
Mühacir mətbuatı və 28 Aprel
Azərbaycanda sovet hakimiyyəti illərində 28 Aprel günü rəsmən təntənə ilə
qeyd olunur, «azadlıq», «səadət», «bərabərlik» simvolu kimi səciyyələndirilir,
şəninə mahnılar, nəğmələr qoşulurdu. 28 Aprel hadisələrini ötən əsrin 80-ci
illərinin sonlarından etibarən əvvəl ayrı-ayrı adamlar, sonra isə xalqın böyük
əksəriyyəti açıq-aşkar istila, işğal günü, Şərqdə ilk dünyəvi, demokratik dövlət olan
Azərbaycan Xalq Cümhuriyyətinin devrildiyi gün kimi qiymətləndirməyə və
lənətləməyə başladılar.
Bəs 28 Apreli həmin illərdə Azərbaycan mühacirəti necə qarşılamışdır?
1920-ci il hadisələrindən sonra pərən-pərən düşmüş Azərbaycan mühacirəti 1923-
cü ildən sonra İstanbulda təşkilatlanmağa, ciddi və məhsuldar fəaliyyətə başladı.
Həmin ilin sentyabrında təsis olunan «Yeni Qafqasya» məcmuəsi rus
imperializminə və bolşevik istilasına qarşı milli istiqlal davasını yürüdən ilk dərgi
idi. Öz simasını «millətçi, radikal, demokrat, türkçü» kimi xarakterizə edən «Yeni
Qafqasya» ilk nömrələrindən 28 Aprel və onunla başlayan sovet rejiminə qarşı
amansız mövqe tutmuşdu. Təsadüfi deyil ki, 20-ci illərdə Sovet İttifaqı «Yeni
Qafqasya»nın nəşrinin dayandırılması üçün dəfələrlə Türkiyəyə müraciət etmişdi.
«Yeni Qafqasya» öz yerini 1928-ci ildə eyni proqram və eyni hərarətlə çıxan
«Azəri türk»ə vermişdir. «Azəri türk»ü «Odlu yurd» məcmuəsi və həftəlik
«Bildiriş» qəzeti əvəz etmişdir. Sovet hökumətinin müdaxiləsi nəticəsində bu
nəşrlərin qarşısının alınmasıyla milli nəşrlərimizin İstanbul dövrü başa çatmış,
1932-ci ildən etibarən Avropa dövrü başlamışdır. Həmin qəzetlərin bazasında
1932-ci il dekabrın 10-dan Berlində çıxan «İstiqlal» qəzeti, 1934-cü ildən nəşr
olunan «Qurtuluş» məcmuəsi və digər nəşrlərdə və 28 aprelin və onunla yaranan
sovet rejiminin mahiyyəti, məzmunu barədə xeyli məqalə dərc edilmişdir.
İkinci Dünya müharibəsindən sonra keyfiyyət və kəmiyyət baxımından xeyli
dəyişmiş mühacirət 28 Aprel mövzusunu nəinki unutmamış, əksinə tamamilə yeni
baxışlarla zənginləşdirmişdir. 40-cı illərin sonundan yenidən Türkiyəyə qayıdan
mühacirlərlə Avropada məskunlaşan həmvətənlər arasında istiqlal mücadiləsi
tarixinə münasibətdə ciddi fikir ayrılığı bəzən sərt ittihamlarla müşayiət olunsa da,
nəticə etibarilə mühacirətin hər iki qolu 28 Aprelin Azərbaycan xalqının tarixində
və taleyində oynadığı mənfur rolu qeyd edirdilər.
Azərbaycan Milli Birliyinin 1952-ci ildən Münhendə nəşr olunan orqanı
«Azərbaycan» jurnalının aprel 1953-cü il 11-ci nömrəsində E.Sultan imzası ilə
dərc olunmuş «Azərbaycanın matəm günü» adlı məqalə mühacirətin bu tarixi
hadisəyə münasibətini tam əks etdirir. Məqalə belə başlayır: «Sovet mətbuatı,
191
sovet radioları hər il aprel ayının 28-də «aprel inqilabı» adlandırdığı bu
təbəddülatdan bəhs edir. Bu «inqilaba» həsr olunan cildlərlə əsərlərdə 28 Aprel
günü Azərbaycan xalqının istiqlala qovuşduğu gün kimi göstərilir». Müəllif daha
sonra «həqiqətən böylə bir inqilab hadisəsi olmuşdumu?» - deyə sual verir və 28
Aprel hadisəsinin əsl mənasını açmağa cəhd göstərir, dövrün ictimai-siyasi
xarakteristikasını verir, Kremlin məkrli niyyətlərini açır və «sovet hürriyyətinin
mahiyyətini» tarixi sənədlərlə ifşa edir. Müəllif 27 aprel gecəsi Stalinin göstərişi
ilə Kirov və Orconikidzenin başçılıq etdiyi XI Qızıl Ordunun Azərbaycan
torpaqlarına soxulduğunu qeyd edir və yazır: «Beləliklə, gənc Azərbaycan
demokratisi sovetlərin hiyləsinə qurban getdi… 28 Aprel günü Azəri türklərinin
istiqlal günü deyil, o oktyabr inqilabından doğan qırmızı sovet diktatorlarının
Azərbaycan istiqlalını qanlar içərisində boğduğu gündür. 28 Aprel müdhiş bir
əsarətin ifadəsidir. İstiqlal eşqi ilə dolu qəlblər hər il 28 Apreldə bir daha acıyır və
yarası dərinləşir».
E.Sultan məqalədə XI Qızıl Ordunun Azərbaycana gətirdiyi fəlakətlərdən,
kəndlilərə məxsus «yeyəcək və geyəcək bütün şeylərin» talanmasından,
«Azərbaycan alimlərinin, yazıçı, şair və digər sənət sahiblərinin böyük bir qisminin
həbsə alınmasından, Sibirə sürgün edilməsindən, xalqın yetişdirdiyi ən dəyərli
övladlarının» itirilməsindən ürək ağrısı ilə bəhs edir. Müəllif eyni zamanda
azərbaycanlıların azadlıqsevər xalq olduğunu, onların «heç bir zaman işğalçı
qüvvələrin qarşısında boyun əymədiyini» qürurla qələmə alır, sovet hakimiyyəti
illərində Gəncə, Qarabağ, Şəki və Şəmkir üsyanlarını misal gətirir.
Müəllif 1939-cu ildə latın əlifbasının rus əlifbası ilə əvəz edilməsini sovet
rejiminin xalqımıza vurduğu mənəvi zərbələrdən biri hesab edir, əlifba siyasətinin,
habelə bir sıra milli və dini bayramların, adət və ənənələrin qadağan edilməsinin
məqsədini açıqlayır. O yazır: «Gözlərə milli görünəcək, beyinlərdə milli
düşünüləcək nə varsa, məhv etmişlər». Müəllif məqalənin sonunda göstərir ki,
azəri türkləri sovet imperiyası siyasəti əleyhinə yürütdüyü inadlı mücadilədə bir
dəqiqə də olsun tərəddüd etməmiş və istiqlal idealını zəiflətməmişdir.
Jurnalın həmin nömrəsində Azərbaycanın sabiq naziri Əkbər Ağa
Şeyxülislamzadənin «Azadlıq» radiosu ilə xalqımıza müraciəti dərc edilmişdi.
Müraciətdə deyilir ki, 28 Aprel 1920-ci ildə Qızıl Kreml Azərbaycan istiqlalını
qanlar içində boğdu. Bu gün Azərbaycanın ən qara günüdür. Bu gün istiqlal
günəşinin Şimaldan gələn qara buludlarla örtüldüyü gündür. Dəhşətli bir əsarətin
ifadəsi olan 28 Aprel yalnız Azərbaycanın deyil, bütün Qafqaz və türk-müsəlman
dünyasının matəm günüdür. Müraciətdə daha sonra sovet hökumətinin Azərbaycan
xalqına vurduğu sağalmaz yaralardan bəhs olunur və dünya dövlətləri Birləşmiş
Millətlər Təşkilatı qarşısında türk-müsəlman xalqları məsələsini qaldırmağa
səslənir. Sənəd inamlı, qətiyyətli ifadələrlə bitir: «Mən əminəm ki, azad dünya
xalqları ilə sovet məhkumu xalqlarının dostluğu kommunizm istibdadına son
verəcək və bütün dünya xalqlarını səadət və rifaha qovuşduracaqdır. Vətənimizin
üfüqlərində istiqlal günəşi doğacaqdır. Bu günəşin altında azəri türkləri ilham dolu
ürəklə yaşayacaq və yaradacaqlar. Yaşasın azad və müstəqil Azərbaycan! Yaşasın
azəri-türk milləti!»
192
Azərbaycanın istiqlalı uğrunda mübarizə tarixinin ən ləyaqətli və mübariz
nümayəndələrindən biri olan C.Hacıbəyli 28 Aprelin tariximizdə qanlı bir səhifə
olduğuna işarə edərək yazırdı: «O mənhus 28 Aprel günündən bəri azəri milləti öz
milli bayramını (28 May İstiqlal Günü nəzərdə tutulur – A.T.) yalnız qəlbində qeyd
etməyə məcbur qalmış, mühacirətə qaldıqda, bizlər də bu bayramı ümid və
iztirablar içində qeyd etmək zərurətindəyik». Azərbaycanın azad, müstəqil
olacağına bir an da inamını itirməyən C.Hacıbəyli mövcud şəraitdə mühacirətin
üzərinə düşən vəzifədən bəhs edir və təəssüflə yazırdı ki, bəzən oturduğumuz isti
künclər bizim hissiyyatımızı korlaşdırır. «O qədər də ümidsizliyə düşməyəlim» -
deyə yazan C.Hacıbəyli bütün mühacirləri «millət və vətənimizin yardımına
qoşulmağa» dəvət edirdi. Adı çəkilən məqalədə C.Hacıbəyli yazırdı: «…Min cür
fədakarlıqlar nəticəsində əldə etdiyimiz neməti birdən-birə qeyb etdik. Əvət,
istiqlalımızı biz rahatlıqla qazanmadıq. Parlament rəisi rəhmətlik Həsən bəyin
söylədiyi kimi, «başqaları yüz il ərzində vermiş olduqları qurbanları biz bir il
ərzində verdik». Rahatlıqla itirdiyimiz yurdumuzun istiqlalı üçün daha nə qədər
qurbanlar verəcəyik, bunu Allah bilir. Hər halda, bizə düşən vəzifə bu qurbanları
mümkün dərəcə azaltmaq və bəlkə də məsələni qan tökməməklə həll etmək: zatən
28 Aprel faciəsindən bəri millətimizin qanı axmaqda davam edir, tənəffüs
yoxdur…».
ABŞ-da – Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin sədri
Məcid Musazadənin «Azərbaycan» jurnalının (Münhen) may 1952-ci il
nömrəsində çap olunmuş «Azərbaycan matəm içində» yazısı ətraflı araşdırmaları,
dərin təhlili, ciddi nəticələri ilə diqqəti cəlb edir. Müəllif tutarlı tarixi fakt və
dəlillərlə 28 Aprelin Azərbaycan xalqına gətirdiyi fəlakət və faciələrdən bəhs edir,
sovet rejiminin mənfur məqsəd və niyyətlərini açıb göstərir. O, 28 Aprelə işarə ilə
yazır: «Bu gün Azərbaycanın tarixində məhkumiyyəti andıran gündür. Bu gün
istiqlal günəşinin, milli Azərbaycan bayrağının Qızıl Ordu çəkmələri altına atıldığı
gündür».
Müəllif «türk və müsəlman məmləkətləri tarixində ilk dəfə olaraq demokrasi
prinsiplərinə dayanan milli cümhuriyyətin» qurulmasından, onun dövlət
quruculuğu sahəsində həyat keçirdiyi tədbirlərdən, universitetin, ali texniki və xalq
məktəblərinin yaradılmasından, Avropanın ali təhsil ocaqlarına yüzlərlə tələbənin
göndərilməsindən söz açır və yazır: «Bir sözlə, məmləkət kəlmənin tam mənasında
milli sima almışdı».
Azərbaycan xalqının heç bir işğalçı qüvvənin qarşısında boyun əymədiyini
göstərən müəllif azadlıq uğrunda mübarizə tarixini vərəqləyir: «1802-ci ildə Gəncə
çar qüvvətləri tərəfindən işğal edildikdən bu günə qədər Azərbaycan daima üsyan
və
mücadilə halında olmuşdur. M.Musazadə Moskvanın ruslaşdırma,
kollektivləşdirmə, sənayeləşdirmə siyasətinin, dil, əlifba və s. sahələrdəki
«islahatlarının» Azərbaycanda etiraz və üsyanlarla qarşılandığını yazır.
«Azərbaycan türklərinin tarixi, ədəbiyyatı, sənəti, teatr həyatı xüsuslarında
yurddaşlara mümkün mərtəbə geniş bilgilər vermək» niyyəti ilə 1952-ci ilin
aprelində Ankarada nəşr olunmağa başlayan «Azərbaycan» jurnalı elə ilk
nömrəsindən 28 Aprelin xalqın tarixində oynadığı dəhşətli rolu oxucularına
çatdırdı. «Azərbaycan Cümhuriyyəti haqqında ümumi məlumat» adlı məqalədə
193
deyilir ki, bolşeviklər mövcud vəziyyətdən istifadə edərək 27 apreldə Qızıl Ordu
vasitəsilə Azərbaycanı işğal etmiş, sovetləşdirmişlər.
Jurnalın həmin nömrəsində Azərbaycan ədəbiyyatı mövzusunda dəyərli
tədqiqatları ilə diqqəti cəlb edən Əbdülvahab Yurdsevər göstərir ki, 28 Apreldə
yurdumuz təkrar qaranlıqlarda boğuldu. Lakin müəllif böyük inam və ümidlə
qurtuluş gününün gələcəyini də qeyd edir. Jurnalın aprel 1953-cü il tarixli 2-ci
nömrəsində qara haşiyə ilə verilmiş «27 aprel» adlı məqalədə türk tarixinin bu qara
günündən bəhs olunur və rusların təcavüzü ilə Şərqdə ilk modern demokratik
dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin süquta yetirildiyi acı təəssüf hissi
ilə qeyd edilir. Yazıda Azərbaycanın yenidən istiqlala qovuşacağı fikri xüsusi
vurğu ilə qeyd olunur. Məqalədə deyilir: «27 aprel faciəsini birlikdə və dərin ürək
acısı ilə bir kərə daha anarkən, ali insanlıq vicdanının belə haqsızlıqlara uzun
müddət təhəmmül edilməyəcəyi ümidi ilə təsəlli tapır və yaxın istiqbalda digər
məhkum türk elləri ilə birlikdə Azərbaycan türklərinin də hürriyyət və istiqbal
haqlarına qovuşacağına əmin olduğumuzu bildiririk».
“Xalq qəzeti”, 28 aprel 2001
Mühacir mətbuatı 28 May haqqında
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında”
20 mart 2001-ci il tarixli Fərman müstəqilliyin dəyərləndirilməsi, ötən illər
ərzindəki daxili və xarici siyasətin obyektiv xarakterizə olunması, eyni zamanda
gənc dövlətin on illik salnaməsinin yaradılması baxımından xüsusi əhəmiyyət
kəsb edir. Bu mühüm sənəd, həm də XX əsrin əvvəllərində yaradılan Azərbaycan
Xalq Cümhuriyyəti tarixinin daha dərindən öyrənilməsi üçün əsas verir. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü ilə
bağlı tədbirlər planında “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin varisidir” mövzusunda beynəlxalq konfransının keçirilməsi də
nəzərdə tutulmuşdur. Fikrimizcə, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və
taleyi ilə bağlı mühacir mətbuatının yazdıqları da böyük maraq doğurur və geniş
tədqiqat predmetinə çevrilə bilər.
1920-ci il 27-28 aprel hadisələri nəticəsində islam və türk dünyasında ilk
demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. 1918-ci il
mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, o
nəinki Azərbaycanın, eləcə də bütün Şərqin tarixində silinməz iz buraxdı. Təsadüfi
deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən indiyədək bu dövlətin
yaranması, strukturu, atributları, rəmzləri, elm, təhsil, mədəniyyət sahələrindəki
islahatları, daxili və xarici siyasəti, süqutu səbəbləri, tarixi əhəmiyyəti barədə
yüzlərlə əsər yazılmışdır. Doğrudur, Sovet hakimiyyəti illərində Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi, mahiyyəti saxtalaşdırılmış, ünvanına böhtanlar
yağdırılmışdır. Bununla belə, bütün mənəvi və fiziki təzyiqlərə baxmayaraq, bu
dövlətə məhəbbət hissi böyük əksəriyyətin qəlbində illərcə yuva salmışdır. Eyni
194
zamanda SSRİ-dən kənarda – Türkiyə, ABŞ, Fransa, Almaniya, Polşa və sair kimi
ölkələrdə Azərbaycan Xalq Cümhuriyyəti barədə kifayət qədər yazılmışdır.
Xaricdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında ilk sanballı əsərlər Versal
(Paris) sülh konfransında iştirak etmək üçün Fransaya göndərilən nümayəndə
heyəti tərəfindən nəşr edilmişdir. Əlimərdan bəy Topçubaşov, Məmməd Həsən
Hacınski, Əkbər Ağa Şeyxülislamov, Mir Yaqub Mehdiyev, Məmməd
Məhərrəmov, Əhməd bəy Ağayev, Ceyhun bəy Hacıbəylinin və sonradan heyətə
qatılan A.Atamalıbəyov və Ə.Qafarovun da daxil olduğu nümayəndə heyətinin
Parisə yetişən üzvləri (Ə.Ağayev yolda ingilislər tərəfindən həbs olunaraq Maltaya
sürgün edilmişdir) böyük həvəslə Fransanın paytaxtında kitab və bülletenlər çap
etməyə başladılar. Fransız və ingilis dillərində nəşr edilmiş “Qafqaz Azərbaycanı
Respublikası”, “Qafqaz Azərbaycanı Respublikasının sülh konfransına
memorandumu” kimi materiallarda Azərbaycan Xalq Cümhuriyyəti haqqında
dolğun məlumatlar öz əksini tapmışdır. C.Hacıbəylinin həmin vaxtlar Parisin
nüfuzlu jurnallarından birində çap etdirdiyi “İlk müsəlman respublikası
Azərbaycan” adlı məqaləsi də bu mənada böyük maraq doğurur. Yeri gəlmişkən
qeyd edək ki, hələ bundan bir qədər əvvəl – 1918-ci ilin noyabr ayında Azərbaycan
Xalq
Cümhuriyyətinin xarici işlər naziri Ə.Topçubaşovun İstanbulda
“Azərbaycanın təşəkkülü” kitabı çapdan çıxmışdır.
Qırmızı terrordan, təqib və təzyiqlərdən qurtulan Azərbaycan Xalq
Cümhuriyyətinin bir sıra liderləri 20-ci illərin əvvəllərindən qürbətdə xalqın
azadlığı uğrunda fəal ideoloji mübarizəyə başlamışdılar. Bu mənada İstanbulda
nəşr edilən “Yeni Qafqasya” (1922-1929), “Azəri-türk” (1927-1929), “Odlu yurd”
(1929-1931), “Azərbaycan yurd birgisi” (1932), Berlində azərbaycan və alman
dillərində buraxılan “İstiqlal” (1932-1934), “Qurtuluş” (1935-1939), Parisdə
fransızca çıxan “Promotey” (1929-1938), rus dilində nəşr olunan “Qafqaz” (1932-
1938) kimi qəzet və jurnallarda, habelə İkinci Dünya müharibəsindən sonra
Ankarada
buraxılan “Azərbaycan”, “Mücahid”, Münhendə çap edilən
“Azərbaycan” kimi nəşrlərdə də mühacir müəlliflər 28 May və onunla əsası
qoyulan Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti
haqqında fəxarətlə, eyni zamanda dərin kədər və qüssə ilə söz açmışlar.
Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Məmməd Əli Rəsul-
zadə, Ceyhun bəy Hacıbəyli, Mustafa bəy Vəkilov, Əkbər Ağa Şeyxülislamov,
Xəlil bəy Xasməmmədov, Əlimərdan bəy Topçubaşov, Şəfi bəy Rüstəmbəyov
kimi xadimlər Türkiyə, Polşa, Fransa və Almaniyada buraxılan mühacir nəşrlərdə
Azərbaycan istiqlal tarixinin ən şanlı səhifəsi olan və əsası 1918-ci ilin 28 mayında
qoyulan Azərbaycan Xalq Cümhuriyyəti haqqında faydalı əsərlər çap etdirmişlər.
Ümm-ül-Banu, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağayev, Əli bəy
Hüseyzadə, Əhməd Cəfəroğlu, Hüseyn Baykara, Almas İldırım, Kərim Yaycılı,
Gültəkin, Alazan Baycan, Əhməd Qaraca, Həmid Dönməz, Süleyman Təkinər,
Kərim Odər, Mustafa Türkəqul, Əbdülvahab Yurdsevər, Məcid Musazadə və sair
kimi qələm sahibləri xaricdə Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti
xəzinəsinə qiymətli töfhələr verirdilər.
195
Ankaradakı Azərbaycan Kültür dərnəyinin orqanı olan “Azərbaycan” jurnalı
özünün 1952-ci il 1 may tarixli 2-ci nömrəsində yazırdı: “28 May Azərbaycanı
milli müstəqil kültürə, milli məktəbə, milli iqtisadiyyata, insan haqlarına və milli
orduya qovuşdurmuşdur” (“Ayın təqvimi” məqaləsindən). Jurnalın “28 May
Azərbaycanın istiqlal günüdür” (1 iyun 1952-ci il, №3) adlı məqaləsində bu tarixi
gün – Milli Azərbaycan bayramı münasibətilə Azərbaycan kültür dərnəyinin
Ankarada keçirdiyi böyük tədbir barədə ətraflı məlumat verilir. “Azərbaycan”
jurnalının (Ankara) 1953-cü il tarixli 2-ci nömrəsində dərc olunmuş “Türkün nəşə
və zəfər ayı” adlı məqaləsində də 28 May müqəddəs gün kimi anılır, bu qutsal
yolun yolçuları – şəhidləri və mücahidləri sayqı ilə yad edilir.
Münhendə nəşr olunan “Azərbaycan” jurnalı 1952-ci il tarixli 2-ci
nömrəsində dərc etdiyi Ceyhun Hacıbəylinin “28 May hissiyatı” və Əkbər Ağa
Şeyxülislamovun “Azərbaycan necə quruldu” (məqalə Parisdə rus dilində çıxan
“Azərbaycan” və Ankarada nəşr olunan “Mücahid” jurnallarında da dərc
edilmişdir) adlı məqalələrində Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər
salınır, onun əhəmiyyətindən bəhs olunur və xalqın yenidən istiqlala qovuşacağına
ümid edilir. “Baharın ən gözəl ayı may Tiflisdə daha da qüvvətli bir surətdə insana
təbiətin oyanmasını və yeni bir ömrə hazırlaşmasını göstərir. Parlayan günəş,
buludsuz göy, hər tərəfdən sizi səssiz yaşamağa dəvət edib, bütün Qafqazı sizə
bəxşedər kimidir. Bu nemətdən istifadə edə bilməniz üçün hər şey əmrinizə
hazırdır”. Belə bir təsvirlə başlayan “Azərbaycan necə quruldu” adlı məqalədə
Tiflisdə 26 maydan sonra cərəyan edən hadisələr, Qafqaz seyminin dağılması, üç
müstəqil dövlətin yaradıldığının elan edilməsi təfərrüatı ilə qeyd olunur. “Tarixi
qiyməti yalnız Azərbaycan milləti üçün deyil, eyni zamanda bütün islam aləmi
üçün də əhəmiyyətli olan bu gün ilk dəfə bir cümhuriyyət elan edilməkdədir.
Həsən bəy Ağaoğlu məclisi açdı. Anlaşma indi bütün üzvlər arasında tamamdır.
Rəy vermək hər üzvün vəzifəsidir. Bitərəf qalmaq istəyənlər lütfən məclisi tərk
etsinlər. Heç kim yerindən tərpənmir. Həsən bəy Azərbaycanın “müstəqil və hür
bir dövlət olmasını” rəyə qoyur. Katib Mustafa Mahmudi isimləri oxuduqca hər
üzv “razıyam” cavabını verir. Hər kəsin üzü nəşəli və məmnun kimi görünür. Sədr
Həsən bəy qalxaraq bütün üzvlərə:
- Bu saatdan, yəni saat 8
10
dəqiqədən Azərbaycanın istiqlaliyyəti Milli
Azərbaycan Şurası tərəfindən qəbul edilmişdir- deyir.
Gözü yaşlı Milli Şura üzvləri bir-birlərinin əllərini sıxırlar”.
Məqalədə daha sonra Ə.A.Şeyxülislamov Azərbaycanın istiqlalını elan edən
tarixi şəxsiyyətlərin adını çəkir və Milli Şuranın 6 maddədən ibarət verdiyi
bəyanatı oxuculara təqdim edir.
Maraqlı və təbiidir ki, 80-ci illərin sonunda Azərbaycanda milli-azadlıq
hərəkatının vüsət alması ilə respublika kütləvi informasiya vasitələrində olduğu
kimi, mühacir mətbuatında da 28 May mövzusu aktuallaşdı. Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi, liderləri, atributları barədə yazılar qəzet səhifələrinə
çıxarıldı. Xaricdəki həmvətənlərimiz, onları birləşdirən mədəniyyət mərkəzləri
Azərbaycan Xalq Cümhuriyyətinin il dönümünü geniş qeyd etməyə başladı.
196
Bu gün də ölkədəki bütün həmvətənlər kimi Azərbaycan mühacirəti də illər
boyu dönə-dönə və sevə-sevə “səadət yolu” kimi dəyərləndirdikləri 28 May
gününü Milli bayram kimi təntənəli qeyd edirlər.
28 may 2002
Qalxansız hücum
Alxan Bayramoğlunun məqaləsininmi – yoxsa, məktubununmu birinci
abzasında mənim «Ədəbiyyat qəzeti»nin 2 fevral 2007-ci il tarixli nömrəsində dərc
edilmiş «Bir daha mühacirət mətbuatının tarixi haqqında» başlıqlı yazım elmi,
siyasi-ideoloji və tarixi baxımdan aktual hesab olunur, dərhal da əlavə edilir ki,
qaldırılan məsələlər aydınlıq tələb edir. Elə bilirəm ki, qaldırdığım problemə özüm
mötəbər məxəz və sənədlərə istinad edərək tutarlı faktlarla, dolğun, elmi-nəzəri
cəhətdən əsaslandırılmış şəkildə aydınlıq gətirmişəm.
Müəllif ikinci abzasda sovet ideoloqlarını gah «təqdir edib» onlara
əsaslandığıma, gah da onları «tənqid atəşinə» tutduğuma görə məni qınayır. Əgər
söhbət sovet ideoloqlarından, sovet ideologiyasından gedirsə, bütün yazılarımda
onlar birmənalı şəkildə tənqid olunur, rədd edilir. Yox, əgər opponent sovet
dövründəki Azərbaycan mətbuat tarixinin tədqiqi ilə məşğul olan alimlərimizi
nəzərdə tutub belə söyləyirsə, bəli, mən yenə bu fikrimdə qalıram ki, həmin
«qələm sahiblərinin ayrı-ayrı nəşrlər, mühərrirlər və onların yaradıcılığı haqqında
tədqiqatları təqdirəlayiqdir və yüksək dəyərləndirilməlidir». Lakin ümumən,
mətbuat tarixinin araşdırılmasına münasibət partiyalı və sinfi olmuşdur, rejim və
ideologiyaya xidmət etmişdir, bəzən faktlar təhrif olunmuş, saxtalaşdırılmışdır,
Cənubi Azərbaycan və mühacirət mətbuatı mövzusuna isə heç toxunulmamışdır.
Doğrudur, üçüncü abzasdakı «sümükləri qovrulanadək», «işıqlı zəkalarının
qüdrətli hayqırtıları», «SSRİ yalanlarını dünyanın qulaqlarına» kimi «uğurlu»
istiarə, mübaliğə və məcazlar bizim deyil, amma burada söylənilən fikirlər
yazdıqlarımızın başqa və bəsit formada təkrarıdır.
Mən son illər mühacirətşünas tədqiqatçı kimi də çıxış edən müəllifi bu işinə
görə günahlandırmıram, amma bu problemdən bəhs edərkən Alxan müəllimi
ehtiyatlı olmağa dəvət edirəm. Ən əvvəl, «mühacir», «diaspor», «emiqrasiya»,
«miqrasiya» terminlərinin mənasını, mahiyyətini araşdırmaq, ensiklopedik
nəşrlərdən, o cümlədən lüğətlərdən həmin alınma sözlərin məzmununu,
etimologiyasını öyrənmək lazımdır.
Əks təqdirdə müəllifin yazdığı «Bütün bunlar göstərir ki, «mühacir»lə,
«diaspor» sözü və fəaliyyətinin arasında müəyyən yaxınlıq olsa da, onlar tamamilə
fərqli (kursivlər bizimdir – T.A.) anlayışlardır, yaxud «Bu gün xaricdə
məskunlaşan bütün soydaşlarımıza istinasız olaraq diaspor (və ya mühacir) demək
doğru deyil (? – T.A.). Onların bəziləri, sadəcə olaraq, ölkəni tərk ediblər, yəni
miqrasiya ediblər. Belələri, emiqrantdır» (? – T.A.) kimi bir-birini təkzib edən,
197
dolaşıq, ziddiyyətli, elmi-məntiqi yükü olmayan cümlələrə, mülahizələrə rast
gələcəyik.
Yeri gəlmişkən «mühacirət», «diaspor», «miqrasiya» və «emiqrasiya»
sözləri elmi mənbələrdə də aşağıdakı kimi izah edilir.
Mühacirət – öz vətənini tərk edib başqa bir ölkəyə köçmə.
Mühacir – köçmüş, öz yerini tərk edib başqa yerə köçən adam (Ərəb və fars
sözləri lüğəti. Bakı, Yazıçı, 1985, səh.448).
Mühacir – ərəb sözüdür və başqa yerə keçən, keçmək – tərk etmək.
Mühacirət – adamların ölkədən könüllü köçməsi və ya məcburi köçürülməsi.
Əsasən iqtisadi (işsizlik), yaxud siyasi (inqilab, müharibə) səbəblərindən irəli gəlir
(ASE, VII c., səh.137).
Miqrasiya – latın sözüdür. Yaşayış yerinin dəyişilməsi ilə əlaqədar əhalinin
bir yerdən başqa yerə köçməsi. (ASE, VI c., səh.542).
Diaspor – xalqın (etnik birliyin) xeyli hissəsinin yaşadığı ölkədən xaricdə
olması. Diaspor zorla köçürmə, genosid təhlükəsi, iqtisadi və coğrafi amillərin
təsiri nəticəsində yaranmışdır. (ASE, III c., səh.437).
Emiqrasiya – latın mənşəli sözdür, mühacirət, mühacirlik (Rusca-
Azərbaycanca lüğət, Bakı, 2005, Şərq-Qərb, III cild, səh.652).
Cəmaləddin Əfqanini Azərbaycan mühacirləri sırasına aid etməyimiz
müəllifin xoşuna gəlmir: «Çünki C.Əfqaninin Azərbaycana və Azərbaycan
mühacirətinə birbaşa dəxli yoxdur. O, Əfqanidir». (? – T.A.). Heç olmasa və ən
azı Ə.Ağaoğlunun, M.Ə.Rəsulzadənin, Ş.Qurbanovun Əfqani ilə bağlı fikirlərinə
hörmət etmək lazımdır.
Ümumiyyətlə, mühacirətdən, onun problemlərindən yazmaq, bəhs etmək
«mühacir» və «diaspor» sözlərini «döyüşdürmək» demək deyildir. Bu problem ona
daha dərindən və daha geniş yanaşmağı tələb edir. A.Bayramoğlunun mülahizələri
ilə tanış olan və xaricdə məskunlaşmağa məhkum olan milyonlarla (!!) Cənubi
Azərbaycandan olan həmvətənlər təəccüb edər: Bəs, baba, biz nə karəyik?! Biz fars
şovinizminin, molla rejiminin qurbanları deyilikmi? Biz mühacir deyilikmi?
Biz xaricdə yaşayan insanlara «mühacir», yaxud «diaspor» sözü ilə yox,
əməllərinə görə dəyər verməliyik: Bir mühacir-diaspor üzvü Vətən naminə çalışır,
fədakarlıq edir, digər mühacir-diaspor üzvü passivdir, laqeyddir. Eyni ilə Sovet
hakimiyyəti illərində on minlərlə mühacir olmuşdur - hansı səbəbdənsə, rejim
onları ölkədən didərgin salmışdır. Bu gün biz onların hamısına – bütün mühacirlərə
mücahid demirik ki! Biz onların hamısının fəaliyyətini təqdir etmirik ki! Biz
bolşevizmə, rus imperiyasına qarşı amansız mübarizə aparanlardan,
ümumazərbaycan mədəniyyətinə töhfə verənlərdən, qəzet-jurnal, dərnək təsis edən
mühacirlərdən – mübarizlərdən bəhs edirik. Bəli, bu gün Şimali Azərbaycandan,
Türkiyədən olan mühacirlərin funksiyası, vəzifəsi başqadır. Onlar Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsinə, ölkənin ərazi bütövlüyünün təmin
olunmasına, mədəniyyətimizin təbliğinə kömək etməlidir.
Xaricdə yaşayan Azərbaycanlıların fəaliyyətinə, gücünə böyük dəyər verən
ümumilli liderimiz H.Əliyev həmrəylik günü münasibəti ilə Dünya
Azərbaycanlılarına 1997-ci ildə ünvanladığı müraciətdə deyilirdi: «Bu gün
Azərbaycanın
müstəqilliyə qovuşmasında yaxın-uzaq xaricdə yaşayan
198
soydaşlarımızın da diqqətəlayiq xidmətləri vardır. Harada yaşamasından asılı
olmayaraq, öz ənənələrinə sadiq qalan, milli-mənəvi köklərinə bağlı olan
vətənpərvər soydaşlarımız tarixi Vətənə – Azərbaycana müqəddəs övladlıq
borcunu ləyaqətlə yerinə yetirir, Azərbaycan həqiqətinin, xalqımızın haqq səsinin
dünyaya obyektiv çatdırılmasında ardıcıl fəaliyyət göstərir, dərdimizə, sevincimizə
şərik olurlar. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin
daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət
edir».
Azərbaycan xalqının ümumilli lideri H.Əliyevin mühacirətlə bağlı
söylədikləri həm xaricdə yaşayan soydaşlarımız, həm də ölkə vətəndaşları
qarşısında bu sahə ilə bağlı aydın və perspektivli proqramdır: «Bu gün harada
yaşamasından asılı olmayaraq Azərbaycanı özlərinin tarixi Vətəni sayan bütün
insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları
ətrafında sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməlidir. Vətənini,
millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin dönməz
olması üçün səy göstərməlidir. Bütün azərbaycanlılarda, bu və ya digər tellərlə
ölkəmizlə bağlı olan hər bir şəxsdə azərbaycançılıq, vətənpərvərlik hissləri, tarixi
torpağımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamaq hamımızın ümdə
vəzifəsidir. Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi
olmalıdır».
Amma nə qədər təəssüf doğuran olsa da, xaricdə yaşayan Azərbaycanlılar
arasında passivlər, laqeydlər, müşahidəçilər, hətta əleyhimizə işləyənlər də var.
Azərbaycan xalqının ümumilli lideri H.Əliyevin belələrinə münasibəti təbii ki,
mənfi olmuşdur. O, çıxışlarının birində Azərbaycanı layiqincə təmsil etməyən
həmvətənlərə sərt və sərrast şəkildə bildirmişdir: «Əgər təbliğat işi ilə məşğul
olursunuzsa, Azərbaycan dövlətinin, hökumətinin siyasətini, Azərbaycanın
nailiyyətlərini təbliğ edin».
Müəllifin «Ancaq qocalıq, uzun illərin bir sıra müxtəlif səpkili diqtəsi onları
hələ də xaricdə, ömürlərinin qalan hissəsini də vərdiş etdikləri mühitdə davam
etdirməyə saxlayırdı» - cümləsi üslub baxımından nə qədər qüsurludursa, məzmun
cəhətdən də o qədər nöqsanlıdır. Belə çıxır ki, müəllifin nəzərdə tutduğu o adamlar
hələ də SSRİ-yə, bolşevizmə qarşı mübarizə aparırlar?!
A.Bayramoğlunun bu yazısında bir-birini təkzib edən, bir-birinə daban-
dabana zidd mühakimələr çoxdur. Lakin onun bir mülahizəsi bu cəhətdən əndazəni
aşır. O, «S.C.Pişəvəri hökuməti SSRİ-nin razılığı ilə İran şahlığı tərəfindən
devriləndən sonra oradan bizə – o zamankı sovet Azərbaycanına gələnlər
doğrudan da, mühacirdirlər» - yazaraq, Cənubi Azərbaycandan Şimali
Azərbaycana gələnləri mühacir hesab edir. Amma, nədənsə, minlərlə insan kimi,
1920-ci il aprel inqilabından – Azərbaycanda Sovet hakimiyyəti qurulandan az
sonra C.Məmmədquluzadənin də gizli və uzun yollarla Cənubi Azərbaycana
keçməsini mühacirət saymır! Qəribə məntiqdir. A.Bayramoğlu sovet dövründə
M.Ə.Sabirin, M.Cəlilin cibinə az qala «Kommunist Partiyasının üzvlük biletini»
qoyan tədqiqatçılarla yarışa girir: onu Xiyabani hərəkatına «yardıma göndərir».
Müəllif bir az sonra isə yazır ki, nə M.Cəlil, nə də onun jurnalı siyasətlə məşğul
olub…
199
A.Bayramoğlu yazır: «C.Məmmədquluzadə «Molla Nəsrəddin»i o zaman
Bakı qoçularının qorxusundan Bakıya gətirə bilmədiyi kimi, Tiflisdə də fanatik
müsəlmanlardan ehtiyat edərək şəhərin müsəlman məhəlləsində yox, yəhudilər
yaşayan küçəsindəki evdə çıxarırdı. Onda belə çıxır ki, jurnalın Tiflis nəşri də
mühacirət hesab edilə bilər. Əvvəla, M.Cəlilin ünvanına «qorxaraq», «ehtiyat
edərək» ifadəsi heç yaraşmır. Bu, onun irsinə və ruhuna hörmətsizlikdir. O, qələmi
silaha çevirib bütün Şərq cəhalətinə, mövhumatına qarşı üsyan etmişdir, o əlinə
silah alıb Qarabağda ermənilərlə döyüşmüşdür. İkincisi, təkcə mühacirət
mətbuatını yox, həm də ümumiyyətlə, mətbuat tarixini öyrənmək pis olmazdı: axı,
Mirzənin nə günahı vardı ki, onun A.M.Şahtaxtlıdan satın aldığı mətbəə (sonra onu
«Qeyrət» adlandırdılar) həmin ünvanda yerləşirdi. Üçüncüsü, sabirşünas alim
yəqin bilməmiş deyil ki, «Molla Nəsrəddin»də ən kəskin satiraları dərc olunan
M.Ə.Sabir Bakıda – A.Bayramoğlunun təbirincə desək «Bakı qoçularının»
əhatəsində yaşayırdı. Bəyəm, Sabirin cangüdənləri vardı?! Dördüncüsü, biz
mühacir mətbuatı deyəndə, ölkə sərhədlərindən kənarda buraxılan bizim mətbu
orqanları nəzərdə tuturuq. Bakı, Tiflis, Peterburq, Simferopol çar Rusiyasının –
imperiyanın – bir ölkənin sərhədləri daxilindəki şəhərlərdir. A.Bayramoğludan:
«Milli kadrlarımız çoxalanadək, sovet hakimiyyəti illərində də bu alimlər Bakı
Dövlət Universitetində dərs dedilər». Bu dəfə isə müəllif Bakının da daxil olduğu
Sovetlər Birliyindən danışdığını unudub…
A.Bayramoğlu
yazır:
«Əli
Nəzmidən
gətirdiyiniz
şeirdə
də
C.Məmmədquluzadənin Təbriz səfəri, haqlı olaraq «köçməsi» kimi təqdim edilir,
mühacirəti yox». Əli Nəzminin günahıdırmı ki, o sizin kimi düşünməmişdir, yaxud
«mühacirət etmək» - köçmək yox, getməkdir, uçmaqdır, qaçmaqdır, nədir?!
M.Cəlilin yerdəyişməsini «mühacirət» sözü ilə xarakterizə edən ifadə
axtarırsınızsa, buyurub tənqid etdiyiniz məqaləni bir də oxuyun. Mərhum professor
Əziz Mirəhmədovdan orada belə sitat gətirilmişdir: «…fevral və oktyabr
inqilabları adı ilə məşhurlaşan hadisələrin imperiya xalqlarına, o cümlədən
azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk edirdi: arvadı Həmidə
xanımın malikinə, torpaq, məktəb sahibi, «mülkədar-xeyriyyəçi qadın» olması,
qardaşı Ələkbərin isə İran inqilabı fədailərindən və Səttarxanın yaxın
silahdaşlarından biri kimi tanınması, erməni-daşnak canilərinin Qarabağdakı
vəhşilikləri zamanı silah götürüb Xankəndindəki vuruşlarda iştirak etməsi s. kimi
səbəblər əlindən Təbrizə mühacirətini (kursiv bizimdir – T.A.) labüd etmişdir».
Bir tərəfdən A.Bayramoğlu canfəşanlıqla, fədakarlıqla «mühacir» sözü ilə
«diaspor» sözü arasında Çin səddi çəkir, yaxud mühacirət mətbuatının özü demiş
«Müasir mühacir mətbuatı», yaxud «Azərbaycan mühacirət mətbuatı» adı ilə tədris
edilməsinə etiraz edir, digər tərəfdən «Azərbaycan mühacirət mətbuatına dair
mülahizələr» yazır?! Bu, hansı məntiqə sığır? Mən təvazökarlıq edərək, hələ bu
«mühazirələrin» nəyin əsasında, hansı mənbədən istifadə edilərək qələmə
alındığını soruşmuram.
Ümumiyyətlə, A.Bayramoğlunun adı çəkilən yazısındakı yenə bir sıra
məqamlar var ki, kiçik tənqidə tab gətirmir. Onların üstündə dayanmayacağam.
Amma insafən son cümlə dəyərlidir: «Fakt faktlığında qalır». Doğrudur, bu fikir də
Leninin «Fakt inadkar şeydir» - deyiminin başqa formada təkrarıdır. Hər halda
200
təfəkkürə qida və cila gətirən bütün xoş niyyətli məsəllər, misallar məqbuldur,
təqdirəlayiqdir.
Mühacirət problemi, xüsusilə mühacirət mətbuatı ilə bağlı tədqiqatlarımla
bağlı prof.Xeyrulla Məmmədov bir yazısında araşdırmaları təqdir etmiş və yüksək
dəyərləndirmişdir, sərlövhəyə isə bu sözləri çıxarmışdır: Sahənin lokomotivi.
Ümid edir və inanmaq istərdim ki, istər-istəməz bu lokomotivin arxasınca
getməyə, ona qoşulmağa məcbur olan dostum, hörmətli Alxan Bayramoğlunun
məqaləsi heç də qısqanclıq hisslərinin təzahüratı, məhsulu deyil.
“525-ci qəzet”, 29 dekabr 2007
Dostları ilə paylaş: |