23.04.07
155
Kəmalə Nurulla qızı Nəcəfovanın «Azərbaycan yurd bilgisi»
dərgisində ədəbiyyat araĢdırmaları» mövzusunda
namizədlik dissertasiyasına
R Ə Y
Sovet hakimiyyəti illərində mədəni irsin öyrənilməsi, dəyərləndirilməsi də
rejim və ideologiyanın tələblərinə uyğunlaşdırıldığından tədqiqatlar elmidən daha
çox partiyalı, sinfi xarakter daşıyırdı, qərəzli olurdu, faktlar təhrif edilirdi,
araşdırılmalarda saxtakarlıqlara yol verilirdi.
Ədəbi-mədəni dəyərlərimizin daim basqı altında saxlanıldığı, totalitar rejim
tərəfindən fasiləsiz təzyiqə məruz qaldığı sahələrdən biri, bəlkə də birincisi
mühacirət irsi olmuşdur. Sovet istilası başlanandan mühacirlər 1923-cü ildə
İstanbulda nəşrə başlayan «Yeni Qafqasya» jurnalı özünün birinci nömrəsində dərc
etdiyi proqram məqaləsində bəyan etdiyi kimi, «çarizmi olduğu qədər bolşevizmi
də düşmən hesab edir, türk dünyası üçün zərərli və Qafqaza düşmən görür».
Mühacirlərə qarşı Sovet rejiminin düşmənçiliyi ideoloji mübarizə ilə
məhdudlaşmırdı. İçəridə olduğu kimi, xaricdə də sovet kəşfiyyat maşını
istiqlalçılara qarşı fiziki təzyiqlərə, terrorlara, qəsdlərə ara vermirdi.
Təbii ki, belə bir mühitdə mühacirət irsinin tanıdılmasından, təbliğindən,
tədqiqindən söhbət belə gedə bilməzdi. Azərbaycan yenidən müstəqillik əldə
etdikdən – 1991-ci ildən xaricdə yaranan mədəni irsin, o cümlədən mühacirət
mətbuatının, ədəbiyyatının araşdırılması, qiymətləndirilməsi aktual və əhəmiyyətli
problemlərdən biri kimi ortaya çıxdı. Sovet araşdırma üsullarından uzaq, istiqlal
məfkurəsinə dayanan nəzəri metodologiya ilə ərsəyə gələn tədqiqatların yaranması
tarixi zərurətə çevrildi. Bu sahədə bir sıra uğurlu addımlar atıldı. Konkret olaraq
Elçin, Ş.Qurbanov, V.Arzumanlı, V.Quliyev, X.İbrahimli, V.Sultanlı,
N.Nəsibzadə, N.Yaqublu, A.Həşimova, Ş.Həsənova, N.Cabbarlı, A.Rüstəmli və
başqaları mühacirət mətbuatı, ədəbiyyatı ilə bağlı bir sıra sanballı tədqiqat əsərləri
yazdılar. Bu gün həmin proses davam edir və mühacirət irsinin zəngin, maraqlı
materialları tədqiqata cəlb edilir. Bu mənada Kəmalə Nəcəfovanın «Azərbaycan
yurd bilgisi» dərgisində ədəbiyyat araşdırmaları» mövzusunda namizədlik
dissertasiyası diqqəti çəkir və bu təqdirəlayiqdir. Əsər həm praktik, həm də elmi-
nəzəri baxımdan böyük əhəmiyyət kəsb edir. Fikrimizcə, müəllif «Azərbaycan
yurd bilgisi»ndə ədəbiyyatşünaslıq problemlərinin inikasını ən müxtəlif
aspektlərdən fundamental şəkildə araşdırmış və qarşıya qoyduğu məqsədə tam nail
olmuşdur. Dissertant bu işi ilə həm də:
- mətbuat tarixinin, o cümlədən onun bir parçası olan mühacirət mətbuatının
araşdırılmasına da layiqli töhfə vermişdir – «Azərbaycan yurd bilgisi»nin nəşri,
naşiri, mühərrirləri, mövzusu barədə geniş məlumatlar vermişdir;
- Sovet imperiyasına, bolşevizmə qarşı ideoloji mücadilə aparan
azərbaycanlı mücahidlərlə yanaşı, digər türkdilli xalqların nümayəndələri olan
mühacir ziyalıların fəaliyyətinə də müəyyən işıq salmışdır.
Elmi-tədqiqat işində ilk dəfə olaraq:
156
- «Azərbaycan yurd bilgisi» jurnalında ədəbiyyatşünaslıq məsələləri,
resenziyaların mövzusu, onların həm tarixi, həm coğrafi baxımdan əhatə dairəsi,
tədqiqatçıların problemə yanaşma tərzi, araşdırmaların qələmə alındığı və müasir
dövrdə aktuallığı, əhəmiyyəti kompleks şəkildə işlənmişdir;
- Azərbaycan-türk ədəbi irsinə dair tədqiqatlar elmi-nəzəri cəhətdən
dəyərləndirilmiş,
araşdırmaların türkologiya sahəsində və Azərbaycan
ədəbiyyatşünaslığında yeri və rolunun müəyyənləşdirilməsinə cəhd göstərilmiş və
onlara müasir tələblər baxımından qiymət verilmişdir;
- mühacirlərin əqidə, məslək yolundan, həyat və düşüncə tərzindən
qaynaqlanan, eyni zamanda və həm də müasir dövrün tələbinə uyğun olaraq,
xüsusi ilə istiqlal mövzusu ilə bağlı tədqiqatların elmi təhlilinə geniş yer
verilmişdir;
- istiqlal mövzusuna və ona həsr olunmuş tədqiqatlara dəyər verərkən türk
xalqlarının hürriyyət duyğusuna, azadlıq uğrundakı mübarizəsinə ayrı-ayrı tarixi
dövrlərin hadisəsi kimi yox, haqlı olaraq bu ulusun əzəli, əbədi taleyi, alın yazısı
nöqteyi-nəzərindən yanaşılmışdır.
Dissertasiyanın sanbalını, çəkisini artıran, onu daha faydalı, maraqlı edən
məziyyətlərdən biri elmi-tədqiqat işinin zəngin, mötəbər mənbələr əsasında
işlənilməsidir ki, bu da nəticədə müəllifə həqiqəti ortaya çıxarmağa, yersiz
mübahisələrə meydan verməməyə yardım etmişdir.
Zənnimizcə, həm tədqiqat predmetinə, mövzusuna, həm də ciddi elmi-
nəzəri, tarixi əhəmiyyət kəsb etdiyinə, zəngin faktlar əsasında, analitik təfəkkürlə
yazıldığına görə bu dissertasiya sanballı əsər kimi filoloji fikir irsinə gözəl
töhfədir.
Bununla belə, dissertasiyada bizi qane etməyən bir sıra məqamlar var ki,
diqqəti onlara cəlb etmək istərdim:
1. Tədqiqatçı «Azərbaycan yurd bilgisi»nin mühacirət mətbuatı tarixindəki
yeri və rolunu, bu nəşrin intişarını şərtləndirən amilləri daha qabarıq nəzərə
çatdırmaqla jurnalın daşıdığı missiya və materiallarının elmi-tarixi əhəmiyyəti
barədə tam və geniş təsəvvür yarada bilərdi. Bunun üçün:
- Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə növbəti mühacirət
axınının başlaması;
- mühacirlərin rus imperiyasına, bolşevizm ideologiyasına qarşı amansız
ideoloji mücadilə apardıqları, bu məqsədlə nəşri fəaliyyətlə də məşğul olduqları,
ötən əsrin 20-ci illərində – «Azərbaycan yurd bilgisi»nə qədər «Yeni Qafqasya»,
«Azəri türk», «Yaşıl yaprak», «Odlu yurd», «Bildiriş» kimi mətbu orqanların
buraxılması;
- SSRİ-nin təkidli tələblərindən sonra azərbaycanlı mühacirlərin Türkiyəni
tərk etmək məcburiyyətinə qaldığını və belə bir mürəkkəb şəraitdə «Azərbaycan
yurd bilgisi»nin mübarizə meydanına atılması barədə heç olmazsa, informativ
xarakterli məlumatların verilməsini məqsədəuyğun hesab edirik.
2. «Azərbaycan yurd bilgisi»nin naşiri, redaktoru Əhməd Cəfəroğlu
Azərbaycan ədəbiyyatşünaslığı, ümumiyyətlə türkologiya sahəsində görkəmli
mütəxəssisdir. Fikrimizcə, I fəslin bir bölməsi Ə.Cəfəroğlunun tərcümeyi-halına,
irsinə, onunla bağlı tədqiqatlara həsr oluna bilərdi.
157
3. Müəllif dərgidə dərc olunan materialların qısa məzmununu təqdim etməyə
elə aludə olur ki, bəzən elmi-tədqiqat işi jurnal xülasəsi təəssüratı bağışlayır. Elmi
ümumiləşdirmələr yolu ilə, yaxud tədqiqatların mövzusu, araşdırılan sahənin tarixi,
coğrafi baxımdan təsnifatını aparmaqla daha ciddi nəticələrə nail olmaq mümkün
idi.
4. Tədqiqatçı bəzən «Azərbaycan yurd bilgisi»ndəki resenziyanın
əhəmiyyətini, çəkisini qabartmaq üçün, haqlı olaraq mövzuya daha geniş planda
nəzər salır, müvafiq mənbələrə istinad etməklə mülahizələrini əsaslandırır. Bəzən
isə ehtiyac olduğu halda belə, bu işi görməkdən vaz keçir. Məs.: «Kitabi - Dədə
Qorqud» dastanı, onun haqqında jurnalda material verilənədək olan məlumatlar,
ötən əsrin 40-50-ci illərində dastanın acı, ağır taleyi, Azərbaycanın öz
müstəqilliyini əldə etdikdən sonrakı dövrdə türk dünyasının bu şah əsərinə
münasibət, xüsusi ilə dastanın 1300 illiyi ilə bağlı tədbirlər barədə müəyyən
faktlar, fikirlər söylənilsəydi, xatırlansaydı, əlbəttə, əsərə dolğunluq, sanballılıq
gətirmiş olardı.
5. Bir sıra hallarda tədqiqatçı təkrarçılığa yol verir, tutaq ki, Ovçu təxəllüslü
şairin təqlidçi olmadığını (səh.102, 105), yaxud bu şairin ədəbi ictimaiyyətə ilk
dəfə Ə.Cəfəroğlu tərəfindən təqdim edildiyini (səh.7, 75, 100) dönə-dönə
vurğulayır, bəzi hallarda isə bir-birinə zidd fikirlər söyləyir, müəllif öz-özünü
təkzib edir. O, bir tərəfdən «Gəncinə» əlyazması Şah Süleymanın taxta çıxmasına
ithaf edilmişdir» - yazır (səh.100), digər tərəfdən isə «Məlik bəyin bu qəzəli məhz
Şah Süleymanın taxta çıxması münasibəti ilə yazdığını deməyə əsasımız yoxdur»
(səh.103) deyərək, özünü inkar edir.
6. Tədqiqat işinin özünəməxsus məziyyətlərindən biri də budur ki, bu əsər
tədqiqat işi haqqında tədqiqatdır. Təəssüf ki, bəzi hallarda mühakimələr, fikirlər
arasında sərhədlər itir, mülahizələrin dissertasiya müəllifinə, yoxsa onun
araşdırdığı tədqiqatçıya aid olduğu qaranlıq qalır.
7. Növbəti irad avtoreferata aiddir. «İşin ümumi səciyyəsi»ndə müəllif
mövzunun tədqiqi tarixi ilə bağlı yazır: «Mühacirət ədəbiyyatının öyrənilməsinə və
düzgün qiymətləndirilməsinə ötən əsrin 90-cı illərindən başlanılmışdır». Bu fikir
doğru deyil. Əvvəla, mühacirət problemi, o cümlədən ədəbiyyatı ilə bağlı
araşdırmalar ötən əsrin 80-ci illərinin sonundan, xüsusi ilə «Vətən» Cəmiyyəti
yaranandan,
«Odlar
yurdu»
qəzeti
fəaliyyətə
başlayandan
aparılır.
M.F.Axundzadənin anadan olmasının 175 illiyi ilə bağlı dünyanın müxtəlif
ölkələrindən gələn türkoloqların, azərbaycanşünasların, respublikada tanınan
alimlərin iştirakı ilə 1988-ci ildə Bakıda keçirilən beynəlxalq simpoziumda
mühacirət ədəbiyyatı ilə bağlı xeyli məruzələr edilmiş, çıxışlar dinlənilmişdir.
Digər tərəfdən isə, Ə.Cəfəroğlu irsi, o cümlədən «Azərbaycan yurd bilgisi»ndə
dərc olunan materiallar barədə Türkiyədə yetərincə tədqiqat işi aparılmışdır.
Fikrimizcə, bu məqam vurğulanmalı idi.
8. Avtoreferatda dil-üslub xətalarına yol verilmişdir. «Ədəbiyyat tariximizdə
tanınmaz olan ədəbi simaların ilk dəfə bu dərgi vasitəsi ilə təqdim olunması faktı
«Azərbaycan yurd bilgisi»nin elmi dəyərini kifayət qədər təsdiq edir» (səh.20),
yaxud «Dissertasiya yekunlaşdırıcı «Nəticə» ilə tamamlanmışdır» (səh.21) kimi
cümlələr avtoreferatın dilinə ağırlıq gətirir.
158
9. Dissertasiya ilə bağlı müəllifin dərc etdirdiyi materialların mövzu
baxımından daha əhatəli olması arzuediləndir.
Göstərilən irad və mülahizələr Kəmalə Nəcəfovanın dissertasiyasının elmi-
nəzəri dəyərinə kölgə salmır, əhəmiyyətini azaltmır. Odur ki, Kəmalə Nurulla qızı
Nəcəfova «Azərbaycan yurd bilgisi» dərgisində ədəbiyyat araşdırmaları» adlı
tamamlanmış elmi əsərinə görə iddiasında olduğu 10.01.01 – «Azərbaycan
ədəbiyyatı», 10.01.02 – «Türk xalqları ədəbiyyatı» ixtisasları üzrə filologiya
elmləri namizədi alimlik dərəcəsi almağa tamamilə layiqdir.
Mühacirət mövzusunda yazarkən…
Ölkədə gedən ictimai-siyasi proseslər, xüsusilə Azərbaycan-Ermənistan
münaqişəsi ilə bağlı məlum müzakirələr, mübahisələr, mülahizələr ara-sıra
mühacirət mövzusunu da gündəmə gətirir. Bu, təbiidir. Əvvəla ona görə ki, Dağlıq
Qarabağ problemindən danışılarkən bu məsələyə erməni lobbisinin münasibət və
təsirindən də bəhs edilir. Digər tərəfdən isə say etibarı ilə üstünlük təşkil edən
Azərbaycan mühacirətinin məsələyə münasibəti də cəmiyyəti düşündürür,
maraqlandırır…
Azərbaycan mühacirəti ilə bağlı ictimai rəy bir mənalı deyildir. Çünki bu rəy
məsələyə münasibətdə müxtəlif zidd fikirlərdən formalaşmışdır. Bu fikirlərin biri
real, sağlam düşüncənin, təhlilin, müşahidənin nəticəsidir, digəri isə daha çox arzu
edilənin həqiqət kimi təqdim olunmasının, gerçəkliklə əlaqəsi olmayan pafoslu,
hay-küylü ifadə və ibarələrin toplusudur. Fikrimizcə, Kütləvi İnformasiya
Vasitələri (KİV) mühacirət mövzusundan bəhs edərkən son dərəcə diqqətli və
məsuliyyətli olmalıdır. İri şriftlərlə «Azərbaycan lobbisi» adlı bütöv bir səhifəlik
məqaləyə rast gələn oxucunun sevincdən gözləri yaşarır, sahə ilə az-çox tanış olan
mütəxəssisin isə müəllifin naşılığına təəssüflənməkdən başqa çarəsi qalmır. Bu gün
bu iki sözün yanaşı qoyulması nə qədər təəccüblüdürsə, o qədər də təəssüf doğurur,
yaxud əksinə…
Bu mövzuda yazan müəllif ilk növbədə «mühacirət», «diaspor», «lobbi»
sözlərinin mənasını özü üçün aydınlaşdırmalıdır. Sonra isə mühacirət, onun
yaranma tarixi və mərhələləri, coğrafiyası, sayı, sosial tərkibi, cəmiyyətdəki təsir
qüvvəsi, mövqeyi, rolu və s. kimi məsələlər dəqiqləşdirilməlidir. Təşkilatları,
dərnəkləri, KİV şəbəkəsi, maliyyə imkanları öyrənilməlidir. Bütün bunlardan sonra
mühacirətin mövcud mənzərəsi göz önünə gələcəkdir. Yuxarıdakı tələblər
baxımından Azərbaycan mühacirətini xarakterizə etsək, acınacaqlı bir səhnənin
şahidi olarıq. Bu həqiqət ağırdır, acıdır, kədərlidir, lakin etiraf edilməlidir. Əks
təqdirdə yalnış, qüsurlu fikir formalaşacaqdır. Bu gün Azərbaycan müharicətinin
nəinki nəhəng təbliğat maşını, geniş informasiya kanalları, heç müntəzəm, fasiləsiz
fəaliyyət göstərən, necə deyərlər günün tələblərinə cavab verən KİV-qəzeti,
radiosu, televiziyası yoxdur.
159
Azərbaycan diasporunun nəinki ABŞ konqresinə, yaxud Fransa senatına,
hətta kiçik bir şəhərin bələdiyyəsinə təsir etmək qabiliyyəti, gücü bu gün arzu
oluna bilər. Azərbaycan mühacirəti yarıac, yarıtox qaçqınlara maddi, humanitar
yardım göstərmək iqtidarında (daha dəqiq desək, qabiliyyətində) deyildir. Olsa-
olsa, geyilmiş pal-paltarı Avropadan toplayıb Azərbaycana göndərə bilər. Bu fakt
ürəyi ağrıdır, əsəbləri tarıma çəkir, lakin bu reallıqdır, həqiqətdir. Ötən əsrin
Azərbaycan tarixinə həkk olunmuş unudulmaz hadisələr zamanı – 1990-cı il 20
yanvar qırğını və 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı Avropadakı Türkiyə
türklərinin etiraz səsi mühacirətimizin səsindən daha yaxından eşidilirdi.
Dünyanın heç bir ölkəsində (hətta Türkiyədə də) elə bir Azərbaycan
cəmiyyəti, dərnəyi, əncüməni, ocağı, təşkilatı (necə adlandırırsınız adlandırın)
istənilən an səfərbər olmağa, bir yumruğa çevrilməyə, hər hansı bir məsələyə
çevik, qüdrətli münasibət bildirməyə hazır deyil. Belə bir şəraitdə lobbidən bəhs
etmək gülüncdür. Amma bu o demək deyil ki, biz ruhdan düşməli, hərəkətsiz
qalmalı, ətalət və durğunluqla barışmalıyıq. Xeyr! Diasporu hərəkətə gətirmək,
təşkilatlandırmaq,
qəlbi
vətən
eşqi ilə çırpınan milyonlarla mühacir
həmvətənimizin səylərini birləşdirmək, onu nizamlamaq, təsirli qüvvəyə çevirmək
lazımdır. Bunun üçün müxtəlif təkliflər eşidilir. Kimisi Azərbaycan hökumətinin
maliyyə dəstəyini zəruri hesab edir, kimisi səfirliklərin fəaliyyətində bu sahədə
dəyişiklik olunmasını vacib sayır, kimisi hər şeyin zamanla həll ediləcəyini
söyləyir, kimisi də həmvətənlərin özlərinin tədricən istədiyimiz səviyyəyə
çatacağına ümid edir. Bu fikirlərə münasibət bildirmədən əlavə edərdik ki,
bugünkü mühacirətlə iş görərkən Azərbaycan mühacirət tarixi, onun ənənələri
xatırlanmalı, yad edilməlidir. Hələ 20-30-cu illərdə yalnız Türkiyədəki Azərbaycan
mühacirətinin fəaliyyəti Sovet imperiyasını lərzəyə salmışdır desək, burada
mübaliğə axtarmayın. Təsadüfü deyil ki, məhz buna görə SSRİ-nin qonşu
Türkiyəyə təkidli tələblərindən, təsirindən sonra – 1932-ci ildə Azərbaycan
mühacirəti qardaş Türkiyəni tərk etmək məcburiyətində qaldı. Qəzetlər bağlandı,
dərnəyin fəaliyyəti dayandırıldı. 30-cu illərin sonlarında böyük ideoloq, istedadlı
publisist Mirzə Bala Məmmədzadə yazırdı ki, yalnız azərbaycanlıların deyil, rus
əsarəti altındakı bütün türklərin xaricdə çıxardıqları ilk məcmuə olan «Yeni
Qafqasya» böyük və dərin təsir oyadır, sovet hökumətini etirazda bulunmağa
məcbur edir, bolşevikləri dəli edirdi. M.B.Məmmədzadə yazırdı: «Moskva buna
dözə bilmirdi. Bu «mənəvi təşkil mərkəzi»ni ortadan qaldırmaq, milli nəşriyyatı
qapatmaq lazım idi. 1925-ci ildə Tiflisdə toplanan üçüncü sovetlər qurultayından
dönərkən Sovet İttifaqının o zamankı xarici işlər komissarı Çiçerin Bakıda
dördüncü sovetlər qurultayında irad etdiyi nitqində demişdir: «Biz dəfələrlə
Türkiyə hökumətinə müraciət edərək sovet hökuməti əleyhinə yürüdülən,
dözülməsi mümkün olmayan intriqaları etirazda bulunduq və buna nəhayət və
xitam verilməsini tələb etdik»» (M.B.Məmmədzadə, Milli Azərbaycan Hərəkatı,
Bakı, «Nicat» nəşriyyatı, 1992-ci il).
Avropaya səpələnmiş 20-ci illər mühacirlərinin sırasına 50-ci illərdə on
minlərlə adam qoşuldu. Bunlar Böyük Vətən müharibəsindən sonra müxtəlif
səbəblərdən sərhədin o tayında qalmış azərbaycanlılar idi. Onlar da müxtəlif
dərnəklərdə birləşir, qəzet, jurnallar nəşr etdirir, dövrün ən aktual problemi – Sovet
160
İmperiyasının çökməsi, Azərbaycanın istiqlala qovuşması uğrunda ideoloji
mübarizə aparırdılar. Yorulmadan fədakarlıqla aparılan bu mübarizəni
səciyyələndirən ən münasib ifadə isə «inamla aparılan mübarizə»dir. Azərbaycanın
istiqlalı uğrunda həyatının sonunadək mübarizə aparmış böyük əqidə və qələm
sahibi C.Hacıbəyli yazırdı: «32 ildən bəri mühacirətlə bolşevizm arasında bir
mübarizə davam edir: hansı-hansını basdıracaq, onu Allah bilir. Lakin bir şey də
var ki, onu biz də çox yaxşı bilirik: mühacirətdən yalnız bir fərd də qalarsa, milli
bayrağımız enməz!» (Azərbaycan Milli Birliyinin orqanı «Azərbaycan» qəzeti,
Münhen, may 1952-ci il, №2, «28 may Parisdə» adlı məqalədən).
Sovet imperiyasının müharibədən qalib çıxdığı və bütün dünyaya meydan
suladığı bir zamanda bu sözləri qələmə almaq yalnız haqq işinə qəti inanmaqla
mümkün idi. C.Hacıbəylidə Azərbaycanın istiqlala qovuşacağına inam o qədər
güclü, təsirlidir ki, kimsədə buna zərrə qədər şübhə qalmır: «Qüvvət birlikdədir. 28
may heç bir Azərbaycanlının qəlbindən qopmaz, bu onun səadət yoludur. O qədər
də ümidsizliyə düşməyəlim. Durum o qədər də qaranlıq deyil. Bəlkə də işığın ucu
görünməkdədir… onun daha da parlamasına yardım edəlim» (Münhen,
«Azərbaycan» jurnalı, №12, may, 1953-cü il «28 may hissiyyatı» adlı məqalədən).
Bu gün Azərbaycan mühacirətini təşkilatlandırmağa, səfərbər etməyə
hazırlaşarkən ilk növbədə onun düşüncə tərzində, əqidə və məsləkində dəyişiklik
edilməli, haqq işimizə, onun qələbəsinə inam hissi yaradılmalıdır. Hazırda daha
çox fərdi fəaliyyətə üstünlük verən mühacirətin Azərbaycanın milli mənafeyinə
xidmət edən aydın və perspektivli proqrama malik təşkilat daxilində mütəşəkkil,
ardıcıl, qətiyyətli mübarizəsi indi həmşəkindən daha çox aktualdır. Mühacirət
mövzusunda yazarkən, fikrimizcə yalançı lobbizmdən hay-küylə bəhs etməkdənsə
məhz bu məsələlər qabardılmalı, diqqət mərkəzində saxlanılmalı və təbliğ
olunmalıdır.
“Xalq qəzeti”, 31 mart 2001
«Molla Nəsrəddin» mühacirətdə
100
ildən
çoxdur
ki,
yazıçı-publisist,
naşir,
redaktor
Cəlil
Məmmədquluzadənin həyatı, fəaliyyəti və irsi Azərbaycan cəmiyyətinin diqqət
mərkəzindədir. Müasirləri, məsləkdaşları, tədqiqatçılar müxtəlif aspektlərdən onun
ömür yolunu, yaradıcılığını araşdırmış, dəyərləndirmişlər. Ədibin 1920-ci ildə
İrana keçməsi hadisəsi də xronoloji-tarixi, ictimai-siyasi baxımdan qismən
işıqlandırılmışdır. Lakin mövzu ayrılıqda Mirzə Cəlilin mühacirəti problemi kimi
işlənməmişdir. Fikrimizcə, məsələnin bu istiqamətdə öyrənilməsi həm M.Cəlilin
həyat yolunun, həm haqqında bəhs olunan dövrün, həm də mətbuat tariximizin
obyektiv tədqiqi və qiymətləndirilməsi nöqteyi-nəzərdən aktual və əhəmiyyətlidir.
Cəlil Məmmədquluzadənin İrana köçünün adi səfər yox, məhz mühacirət olduğu
qənaəti dilimizdə «mühacirət» sözünün hansı məna daşıdığına aydınlıq gətirilərək,
161
müxtəlif tədqiqatçıların M.Cəlilin İrana köçü hadisəsini ədibin mühacirəti kimi
dəyərləndirdiyinə diqqət çəkilərək, bədii və sənədli əsərlərdə bu səfərin mühacirət
kimi təqdim edildiyi vurğulanaraq və nəhayət, Mirzə Cəlil kimi on minlərlə
qafqazlının İrana, o cümlədən Xoy, Mərənd, Təbrizə «fərar» etməsi, orada mühacir
kimi məskunlaşması barədə «Molla Nəsrəddin»in materiallarına istinad edilərək
əsaslandırılmışdır.
«Molla Nəsrəddin» jurnalının nəşrə başlaması ilə ictimai fikrə təsir forması
dəyişir, yeniləşir, başqa sözlə desək, xalqımızın ictimai, ədəbi-mədəni, mətbu
həyatında bir dirçəliş, dönüş yaranır, bununla da, mətbuat öz tarixinin yeni inkişaf
mərhələsinə qədəm qoyur. Professor Əziz Şərif «Molla Nəsrəddin»in təsir dairəsi
və gücündən bəhs edərkən yazırdı ki, elə bir az-çox əhəmiyyətli siyasi və ya
ictimai hadisə olmamışdır ki, jurnal ona səs verməsin və demokratik ictimaiyyəti
maraqlandıran elə bir problem olmamışdır ki, onu qabaqcıl, mütərəqqi mövqedən
işıqlandırmasın (Əziz Şərif. Cəlil Məmmədquluzadə. C.Məmmədquluzadənin rus
dilində iki cildlik seçilmiş əsərlərinə müqəddimə, Bakı, 1966, I cild, səh.10).
Bu səbəbdəndir ki, istər jurnalın fəaliyyəti dövründə, istərsə də ondan
sonrakı illərdə «Molla Nəsrəddin» cəmiyyətin – onun bütün təbəqə, ideoloji və
siyasi qüvvələrinin maraq dairəsində olmuşdur. «Molla Nəsrəddin» bütünlükdə
ictimai hadisələri, ədəbi cərəyanları, ayrı-ayrılıqda fərdləri, o cümlədən ətalət,
cəhalət daşıyıcılarını, nadanları, məmurları, yüksək çinli partiya və dövlət
xadimlərini, onların əməllərini «nəzərdən qaçırmadığı» kimi, jurnal da, onun naşir
və redaktoru C.Məmmədquluzadə də, necə deyərlər, öz «payını» alırdı.
Münasibətlər mürəkkəb, fərqli və ziddiyyətli olmuşdur. Çar üsuli-idarəsi zamanı
da, İran istibdadı dönəmində də, sovet dövründə də «Molla Nəsrəddin» təqiblərə,
təzyiqlərə, sıxıntılara tuş gəlmişdir. Birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə
çapdan çıxan «Molla Nəsrəddin»in çapının dəfələrlə qadağan edilməsinə və digər
səbəblər üzündən fasilələrlə buraxılmasına baxmayaraq, M.Cəlil ömrünün
sonunadək jurnalın Tiflisdə (1907-1917) 370 nömrəsinin, Təbrizdə (1921) 8
nömrəsinin və Bakıda (1922-1931) 398 nömrəsinin (cəmi 776 nömrə) nəşrinə nail
olmuşdur.
Böyük Məhəmməd Hadinin yazdığı «Ucundadır dilimin həqiqətin böyüyü,
nə qoydular deyəyim, nə kəsdilər dilimi» - dilemması qarşısında qalan Sovet
tədqiqatçıları «Molla Nəsrəddin» jurnalının, Cəlil Məmmədquluzadənin xüsusi ilə
sovet dövrü fəaliyyətini yumşaq ifadə ilə desək, bəzən malalamağa məcbur
olmuşlar, bir sıra faktları təhrif etmiş, bəzən saxtalaşdırmış, hadisələrə
özünəməxsus «bəzək» vurmuş, bəzən sadəcə susmuş, olayların üstündən sükutla
keçmişlər. Buna görə kimisə bu gün qınamaq, kiməsə irad tutmaq fikrindən uzağıq.
Bir sıra müəlliflər isə eyhamlarla Mirzə Cəlilin, «Molla Nəsrəddin» jurnalının
sovet hakimiyyəti illərində fəaliyyətinin ağır, məşəqqətlərlə dolu olduğuna işarələr
vurmuşlar.
Məmmədquluzadəşünaslığa və «Molla Nəsrəddin»şünaslığa böyük töhfə
verən, əslində sahəni keyfiyyət baxımından yeni mərhələyə qaldıran AMEA-nın
həqiqi üzvü İsa Həbibbəyli haqlı olaraq mövcud nöqsanların «son illərə qədər
hakim olan ideoloji tələblərdən» qaynaqlandığını, bir çox tədqiqatların yanlış
istiqamətdə yazıldığını, buna görə də, «sinfi xarakterli böyük tarixi faktların
162
yığımına çevrildiyini» qeyd edir və göstərir ki, ötən əsrin 80-ci illərindən etibarən
keçmiş ictimai-siyasi proseslərə və tarixi hadisələrə obyektiv elmi münasibət ifadə
etməyin reallaşması sözün həqiqi mənasında yazıçını əhatə edən mühitin hərtərəfli
tədqiqinə münasib imkan yaratmışdır (ətraflı bax: İsa Həbibbəyli. Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,
1997, «Ön söz», səh.3-26).
Filologiya elmləri doktoru İslam Ağayev M.Cəlilin həyat və yaradıcılığı ilə
bağlı indiyədək qələmə alınanları yüksək dəyərləndirməklə yanaşı, bu irsin müasir
tələblər baxımından yenidən araşdırılmasını vacib hesab edir. O yazır: «Bu gün
C.Məmmədquluzadənin ədəbi irsi müstəqil Azərbaycan Respublikasının böyük
tarixi yaddaşı olaraq qalır. …XX əsrin ilk illərindən başlayaraq Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli, Seyid Hüseyn, sonrakı
illərdə Əli Nazim, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev,
Əziz Şərif, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Abbas Zamanov və ondan sonrakı
nəsil tərəfindən dəfələrlə tədqiq və təhlil edilmişdir. Lakin bütün bunlara
baxmayaraq, C.Məmmədquluzadənin ədəbi-ictimai irsi yeni tarixi şəraitdə yeni
tədqiq və təhlilə möhtacdır» (İ.Ağayev. C.Məmmədquluzadə və XX əsrin əvvəlləri
Azərbaycan ədəbi-ictimai fikri. «Ədəbiyyat qəzeti», 26 iyun 2009). Bu yerdə Söz
Azadlığını Müdafiə Fondunun rəhbəri, Xalq şairi Musa Yaqubun jurnalla bağlı
«Təbriz nəşri yeni və ciddi araşdırmaya möhtacdır» (Musa Yaqub. «Molla
Nəsrəddin» - Təbriz 1921. Transliterasiya edən və çapa hazırlayan, f.e.n. Elmira
Qasımova, «Ön söz»ün müəllifi Tahir Aydınoğlu, redaktor Məmməd Kazımoğlu,
Bakı, «Adiloğlu» nəşriyyatı, 2006, 80 səh. Annotasiya) – fikrini təqdir etməklə,
xüsusi vurğulamaq istərdik ki, həm mövzu, həm sənətkarlıq baxımından Təbriz
nəşrlərinin müasir tələblər nöqteyi-nəzərindən dərindən və hərtərəfli araşdırılması,
dəyərləndirilməsi aktualdır, əhəmiyyətlidir.
C.Məmmədquluzadə və onun jurnalı haqqında həm çar Rusiyası dövrünü,
həm İrandakı mühacirət dönəmini, həm də Sovet hakimiyyəti illərini əhatə edən ən
dəqiq, ən səhih məlumat isə rəsmi məxəzlərdir, tarixi sənədlərdir, əlahəzrət və
inkarolunmaz faktlardır. «Molla Nəsrəddin» jurnalının nəşrinə, onun mətbəəsinin
və litoqrafiyasının dəyişdirilməsinə icazə almaq haqqında Mirzə Cəlilin çox sayda
ərizəsi, rəsmi dairələr tərəfindən jurnalın ayrı-ayrı nömrələrinin qadağan olunması,
redaktorun məsuliyyətə cəlb edilməsi haqqında yazışmalar çar Rusiyası dövründə
«Molla Nəsrəddin» jurnalının nə qədər çətin şəraitdə buraxıldığını əyani şəkildə
göstərir. Çar Rusiyası dövründə və İranda mühacirətdə ikən olduğu kimi, Sovet
hakimiyyəti illərində də Mirzə Cəlilin sıxıntıları azalmaq bilmir. İrandan Bakıya
döndükdən qısa müddət sonra qardaşı Mirzə Ələkbər vərəm xəstəliyinə, həyat
yoldaşı Həmidə xanım tif kimi ağır mərəzə düçar olurlar. 1922-ci il noyabrın 7-də
M.Ə.Sabirin Bakıda heykəlinin açılış mərasiminə M.Cəlili dəvət etmirlər. Bir
müddət sonra Mirzə Cəlil özü xəstələnir. 1925-ci ildə Məmməd Səid Ordubadiyə,
Məmmədəli Sidqiyə ünvanladığı məktublarda xəstələndiyindən şikayətlənir və
«Molla Nəsrəddin» jurnalını çıxartmaqdan «bilmərrə əl çəkmək, evdə oturmaq»
üçün bunu çoxdan bəhanə kimi axtardığını qeyd edir. 1928-ci ildə ədibin həyat
yoldaşı Həmidə xanım yerli hökumət tərəfindən səsdən məhrum edilir. Onun
Ağdam qəzasından sürgün olunması və əmlakının müsadirə edilməsi barədə qərar
163
çıxarılır. Mətbuatda, xüsusi ilə «Kommunist» qəzetində M.Cəlilin və onun
jurnalının indiki mühitin tələbatını ödəmədiyi, dilinin bərbad olduğu yazılır,
«Molla Nəsrəddin»ə hücumlar səngimir, güclənir, Kommunist Partiyası jurnalın
«Allahsız» adı ilə nəşrini tövsiyə edir. M.Cəlil Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinə yazdığı məktubda buna etiraz edir.
Tarix elmləri doktoru Ataxan Paşayev Mirzə Cəlilə edilən haqsızlıqlar
barədə yazır: «Türk dillərinin saflığı və latın əlifbasına keçid ideyalarının əsas
carçılarından biri M.Cəlil 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilmiş I
türkoloji qurultaya dəvət olunmamışdır. Əsərləri nəşr ediləndə, tamaşaya
qoyulanda onların mətnlərinə elə müdaxilələr olunurdu ki, M.Cəlilin təbirincə
desək, müəllif çox vaxt özü öz əsərini tanıya bilmirdi. Onun adı Azərbaycan
ədəbiyyatının «cığırdaşları» siyahısına salınmışdı (A.Paşayev. Açılmamış
səhifələrin izi ilə. Səh.434. «Azərbaycan» nəşriyyatı, Bakı, 2001, 536 səh.).
M.Cəlilin ünvanına ittihamlar, böhtanlar, təhqirlər ara vermir, onu siyasi
cəhətdən geri qalmış, bisavad adlandırırlar. Professor Bəşir Əhmədov haqlı olaraq
Mirzə Cəlili ilk repressiya qurbanlarından biri adlandırmışdır (B.Əhmədov. «Molla
Nəsrəddin» niyə bağlandı. «Ədəbiyyat qəzeti», 1 fevral 1991). Ədibə olan təzyiqlər
onu əldən salır, ürəyində ağrılar başlayır, sol əli və sol ayağı iflic olur, yorğan-
döşəyə düşür.
Bu arada jurnalın 25 illiyinin təntənə ilə qeyd olunmaması da Mirzə Cəlili
sarsıdır. Fiziki, maddi-mənəvi əziyyətlər Mirzə Cəlili o həddə çatdırır ki, ədib
Azərbaycan Sovet Sosialist Respublikası Xalq İctimai Təminat Komissarlığına
ərizə ilə müraciət edir. Orada deyilir: «Ərz olsun ki, yazıçılığa və müəllimliyə
qədəm qoyduğumdan indi qırx il tamam olur və 23 il bundan əvvəl Tiflisdə türk
mətbuatı sahəsində Molla Nəsrəddin dövrü başlamışam». Daha sonra M.Cəlil
jurnalın xidmətlərini diqqətə çatdırır və sonda yazır: «Bununla bərabər yavaş-yavaş
bədəncə yoruluram, səbəb budur ki, indi mənim 60 yaşım var və digər tərəfdən
özümü də külfət basıbdır. Ümidvaram ki, Azərbaycan İctimai Təminat
Komissarlığı mənim əhvalımı nəzərə alıb, mən müstəhəq olduğum pensiyanı mənə
verməklə,
bundan
sonra
mənim
zindəganlığımı
təmin
edə.
Cəlil
Məmmədquluzadə». (ARDA, f.411, siy.3, iş.339, v.2).
Bəs Mirzə Cəlilə laqeydlik, inamsızlıq, bir qədər də dəqiq desək, düşmən
münasibət haradan qaynaqlanırdı?! Ən əvvəl, quruluşun mahiyyəti, daha sonra isə
ötən əsrin 20-30-cu illərində ölkədə baş verən ictimai-siyasi proseslərin xaotik
xarakteri, mürəkkəbliyi çoxlarının taleyini tükdən asılı etmişdir: yalnız
əksinqilabçılar, «qolçomaqlar», «mülkədarlar» yox, yazıçı və şairlər, elə
inqilabçıların özləri də hər an böhtanın, şərin, donosun güdazına gedə bilərdilər və
gedirdilər. Əslində, M.Cəlil nə Şura hökumətinə, nə də Moskvaya qəlbən heç vaxt
inanmamış, bel bağlamamışdı. Bunu ədibin «Mətbuat bayramı, yaxud tacgüzarlıq»
adlı məqaləsində («Molla Nəsrəddin», 5 may 1927, № 19) kəskin şəkildə yazdığı
«…Molla Nəsrəddin» məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. «Molla
Nəsrəddin»i nə Moskva yaradıbdır və nə də Şura hökuməti yaradıbdır» - kimi
cümlələri də təsdiq edir. Filologiya elmləri doktoru İslam Ağayev yuxarıda adı
çəkilən məqaləsində göstərir ki, M.Cəlilin Sovet dövrü yaradıcılığında toxunduğu
problemlərə, o cümlədən ölkənin varidatının Rusiya tərəfindən talanması
164
mövzusuna görə «siyasi dairələrin təzyiqinə məruz qalırdı» və o ciddi mənəvi
sarsıntılar keçirirdi.
Mirzə Cəlilin Sovet dövrü həyatını akademik İ.Həbibbəyli «ictimai-siyasi
gedişatdan asılı olaraq bir müddət ümid və inamla, qaynar fəaliyyətlə, sonra isə
tədricən şübhə və sarsıntılarla, ziddiyyətlərlə şərtlənən xüsusi bir dövr» kimi
xarakterizə edir və Mirzə Cəlilin həyat və fəaliyyətinin «dramatik final»ı
adlandırır. (Göstərilən əsəri, səh.384).
«Dramatik final»a aparan yol isə professor Əziz Mirəhmədovun təbirincə
desək, «çox mürəkkəb, gərgin hadisələrlə dolu 1917-1921-ci illərdən…dramatik
bir dövr»dən keçir (Əziz Mirəhmədov. Dahi yazıçının ədəbi irsi. Cəlil
Məmmədquluzadə. Əsərləri, 6 cilddə, I cild (müqəddimə), səh.30, Bakı,
Azərbaycan Dövlət Nəşriyyatı, 1983, 311 səh.).
«Dramatik dövr»ün, gərginliyin son həddi Cəlil Məmmədquluzadənin
mühacirəti – ölkədən çıxması, İrana üz tutması ilə nəticələnir. Xalq
Cümhuriyyətinin süqutundan – Azərbaycanda Sovet hakimiyyətinin bərqərar
olmasından bir müddət sonra – 1920-ci il iyun ayının ilk günlərində «Mirzə
Ələkbər Məmmədquluzadə Naxçıvandan Kəhrizliyə gəlir, «ümumi vəziyyət
ağırdır» - deyə müvəqqəti olaraq İrana köçməyi Mirzə Cəlilə məsləhət görür və
təkid edir» (Qulam Məmmədli. Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin həyat
və fəaliyyətinin salnaməsi), səh.379, Bakı, 1966, Azərbaycan Dövlət Nəşriyyatı,
564 səh.). Mirzə Cəlil, Həmidə xanım, Mirzə Ələkbər, Məmmədsadıq, bir sözlə,
bütün ailə üzvləri Kəhrizlidən çıxıb Araz çayına tərəf yola düşürlər. Ölkəni tərk
etmək, başqa sözlə desək, mühacirətə getmək qərarına gələn «Mirzə Cəlil hazırlıq
və səfər zamanı fikirli, qaradinməz və qaşqabaqlı olmuşdur» (yenə orada, səh.380).
Ehtiyat üçün silahlanan Mirzə Cəlil və Həmidə xanım yolboyu ölkəni tərk etməyə
məcbur olan, köç edən bəylərə rast gəlirlər. Sərhədə yaxınlaşdıqca köçə
qoşulanların sayı artır.
Xeyriyyəçilik, maarifçilik fəaliyyəti, eyni zamanda qətiyyəti, cəsarəti,
sədaqəti, mübarizliyi, iti, çevik zəkası ilə Avropalı qadınların da həsəd apara
biləcəyi
Həmidə
xanım Məmmədquluzadənin ömür-gün yoldaşı Cəlil
Məmmədquluzadənin həyatı, yaradıcılığı ilə əlaqədar qələmə aldığı «Mirzə Cəlil
haqqında xatirələrim» adlı əsərinin onların Kəhrizlidən İrana köçməsinə dair
hissəsini bir mühacir haqqında hekayə adlandırmaq olar. Həmidə xanım bu əsəri
Sovet dövründə qələmə alsa da (rejim və ideologiyanın təbiəti Xalq Cümhuriyyəti
dövrünü tənqid etməyi, Sovet quruluşunu tərifləməyi tələb edirdi), həqiqəti
söyləməyə xeyli dərəcədə nail olmuşdu: Sovet istilası kütləvi üsyanlara, etirazlara
səbəb olurdu. Bunun da nəticəsi kimi rejim cəza tədbirləri həyata keçirirdi, insanlar
təzyiqlərə, təqiblərə məruz qalır, qətlə yetirilir, edam olunur, xaricə üz tuturdular.
«Camaat vahimə içərisində yaşayır», «aranın qarışmasından istifadə edən quldur-
qaçaq hər tərəfdə müxtəlif hadisələr törədir, özbaşınalıq hökm sürürdü». Belə bir
şəraitdə Mirzə Cəlil qardaşı Mirzə Ələkbərin təkidli təklifi ilə İrana köçməyə
razılıq verir. Həmidə Məmmədquluzadə Mirzə Ələkbərin dili ilə xüsusi vurğulayır:
«…ara sakitləşəndən sonra qayıdıb gələrik Vətənə». Deməli, M.Cəlilgil Vətəni
tərk edirlər, mühacirətə yola düşürlər. Yola düşənlərin mənəvi-psixoloji gərginliyi,
narahatçılığı hər sətirdə hiss edilir: «yorulmuş, üzülmüş, əldən düşmüş, ac uşaqlar
165
güc-bəla ilə hərəkət edirdilər». «Bütün bu həyəcan və təlaş Mirzə Cəlili sıxırdı.
Onun rəngi ağarmışdı, az danışır, tez-tez kənara çəkilib fikrə gedirdi. Əlbəttə, o,
ailəsinin taleyindən nigaran idi». H.Məmmədquluzadə xatirələrində əslində
M.Cəlilin timsalında tipik, klassik mühacir obrazı yaratmışdır. M.Cəlili səfər
ərəfəsində bürüyən hiss-həyəcan, təlaş, onun yolboyu narahatlığı, əziyyətləri,
məskunlaşdığı məntəqədə fəaliyyəti zamanı maddi-mənəvi sıxıntıları mühacir
həyatının göstəriciləridir. Həmidə xanım M.Cəlili necə görmüşdüsə, eləcə də
qələmə almışdır.
Həmidə xanımın qeydlərini oxuduqca, Mirzə Cəlilin mühacirət həyatının
bütün çalarları qabarıq şəkildə özünü göstərir. «…aprelin 25-də mənim əmimoğlu
Təbrizə gəlib xəbər verdi ki, yerli hökumət bizi öz Vətənimizə qayıtmağa dəvət
edir. Bundan əlavə, doktor Kərimbəy Mehmandarovdan da məktub almışdım. O da
bizi Vətənə qayıtmağa tələsdirirdi». (səh.137). «Mirzə Cəlil Vətənə qayıtdığı üçün
sevinirdi» (səh.143). Şübhəsiz ki, Həmidə xanımdan yuxarıda və indi gətirdiyimiz
bu sitatlardakı «öz Vətənimizə», «Vətənə» sözlərini təsadüfi işlətmirdi. O, İranda,
mühacirətdə olduğunu hiss edir, oxucuya da hiss etdirirdi.
Azərbaycan istiqlal mücadiləsi tarixində parlaq iz qoymuş Mirzə Bala
Məmmədzadə 1937-ci ildə qələmə aldığı və 1938-ci ildə Berlində – «Qurtuluş»
jurnalının mətbəəsində nəşr etdirdiyi «Milli Azərbaycan hərəkatı» adlı əsərində
ölkənin bolşeviklər tərəfindən istila edilməsindən sonra başlanan terror, sürgün və
edamların «hüdud xaricinə bir çox münəvvərin atdığını qeyd edir və yazırdı:
«İranın Xorasan, Mazandaran, Gilan, Azərbaycan, Tehran və Qəzzin məntəqələri
ilə Türkiyənin Qars, Ərzurum, İstanbul, Trabzon və s. qismlərində əski
Azərbaycan mühacirəti yaşamaqda idi» (M.B.Məmmədzadə. Milli Azərbaycan
hərəkatı. Ankara, 1991, 239 səh., səh.163). Müəllif sovet istilasından sonra Tehran,
Gilan, Təbriz, Astara, Ərdəbil, Trabzon, İstanbul kimi şəhərlərdə mühacir həyatı
sürməyə məcbur olan həmvətənlərimizin müxtəlif cəmiyyətlər qurduğunu və
imkanları daxilində çalışdıqlarını da qeyd edir (yenə orada, səh.165).
Məsələ burasındadır ki, Mirzə Cəlilin özü də hələ İranda ikən istər
felyetonlarında, istər məqalələrində Sovet istilasından sonra Təbrizdə
məskunlaşmağa məcbur olanları öz adı ilə – «mühacir» - adlandırmış və qələmə
almışdır. «Dövlətli xanım» (№ 8) adlı felyetonda M.Cəlil «Hərdəmxəyal» imzası
ilə yazır ki, şəhərdəki bir dövlətli xanım bir-birinin içində olan çoxsaylı imarətlərin
birini mədrəsə açmaq niyyəti ilə yetim uşaqların istifadəsinə vermək istəyir. Lakin
təqvimdəki gün münasib olmadığından bu fikrindən vaz keçir. Bayramqabağı
uşağa paltar tikdirmək xəyalından da təqvimin xoş olmadığından daşınır. «Sora bir
belə fikrə düşdü ki, Qafqaz mühacirlərinin hərəsinə bayram axşamı bir qədər
xərclik paylasın. Genə təqvimə baxdı, gördü ki, yazılıb «nə şayəd». Əlbəttə, burada
müəllifin məramı aydındır: o, cəhaləti, vasvasılığı tənqid atəşinə tutur. Biz burada
diqqəti ona yönəltmək istədik ki, M.Cəlil özü bolşevik inqilabından sonra Təbrizə
köçən qafqazlıları, o cümlədən azərbaycanlıları «mühacir» adlandırmışdı. Jurnalın
elə həmin nömrəsindəki «Təşəkkür» adlı yazını Ələkbər Abbaszadə Naxçıvani,
Həbibbəy Firudin bəy oğlu İrəvani və Seyidov Ordubadi imzalamışlar. Orada
oxuyuruq: «…1920-ci ildə Qafqazdan fərar edən (qaçan – T.A.) 150 min mühacir
İrana pənah gətirib bir qədəri Xoy, Mərəndi və Təbriz havalisində (ətrafında –
166
T.A.) sükna oldular (məskunlaşdılar – T.A.). «…Qışın şiddətli soyuğundan balaca
uşaqları hifz etmək üçün Təbrizdə sakin olan mühacirlər özlərinə məxsus
libaslarını da satıb öz ailələrinə kəfil (zamin, sahib – T.A.) olmaqdan aciz qalıb
Amerika nümayəndəsi mister Fetman həzrətlərinə öz əhvallarını ərizə ilə izhar
etdilər». «Təbrizdə sakin olan yanıqlı və pərişan mühacirlərin» adından
«Təşəkkür»ü imzalayanlar mister Fetmana minnətdarlıqlarını bildirirlər. «Molla
Nəsrəddin»
jurnalındakı bu materialları oxuduqdan sonra hər halda
C.Məmmədquluzadənin də, digər azərbaycanlılar kimi, Şimali Azərbaycandan
İrana mühacirət etdiyinə heç kəsdə şübhə yeri qalmayacaq.
Akademik İ.Həbibbəyli «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» adlı
monoqrafiyasında Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan və
bolşeviklərin hakimiyyəti mənimsəməsindən sonra «əsas ziyalı kütləsinin xarici
ölkələrə mühacirət etməyə məcbur olduğunu, həbsə və təqibə məruz qaldığını»
xüsusi vurğulayır (bax: səh.386).
Azərbaycan mətbuat tarixinin araşdırılmasında xüsusi əməyi olan prof.
Əziz Mirəhmədov on cildlik «Molla Nəsrəddin» faksimilinin birinci cildinə (Bakı,
1987) yazdığı «Molla Nəsrəddin»: dünən, bu gün, sabah» adlı ön sözdə Mirzə
Cəlilin İrana mühacirət etməsinin səbəbini belə açıqlayır: «…fevral və oktyabr
inqilabları adı ilə məşhurlaşan hadisələrin imperiya xalqlarına, o cümlədən
azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk edirdi: arvadı Həmidə
xanımın malikanə, torpaq, məktəb sahibi, «mülkədar-xeyriyyəçi qadın» olması,
qardaşı Ələkbərin isə İran inqilabı fədailərindən və Səttarxanın yaxın
silahdaşlarından biri kimi tanınması, erməni-daşnak canilərinin Qarabağdakı
vəhşilikləri zamanı, silah götürüb Xankəndindəki vuruşlarda iştirak etməsi və s.
kimi səbəblər əlindən Təbrizə mühacirətini labüd etmişdir». Bu mövzuya – Mirzə
Cəlilin Təbrizə mühacirət etməsinə onun yaxın silahdaşı, «Kefsiz», «Bikəs»,
«Məşədi Sijimqulu» təxəllüsləri ilə tanınan məşhur «Molla Nəsrəddinçi» Əli
Nəzmi də biganə qalmamış və qələm dostunun ağır günlərini «Mirzə Cəlilin
Tiflisdən Təbrizə köçməsi» şeirində təsvir etmişdir:
Şuralaşan gündən Azərbaycan
Tiflis, İrəvanda qalxmışdır həyəcan.
Varlılar titrəşir apreldən bəri,
Sarmışdı inqilab menşevikləri.
Qurtarmaqçın onlar öz canlarını,
Xalqın tökürdülər al qanlarını.
Daşnaklar qan tökmək istəyir yenə,
Edirlər xəyanət xəlqə, Vətənə.
Qızıl Ordu ilə vuruşmaq üçün
Hazırlıq görürdü İrəvan hər gün.
Tiflis hazır ikən döyüşə, hərbə,
Varlılar qaçırdı durmadan Qərbə.
Qərbə qaçanlardan alaraq təsir,
Bilərək bu işi münasib tədbir,
Mirzə xudahafiz etmədən bizə,
167
Köçmüşdü Tiflisdən birbaş Təbrizə.
Təbrizdə qaldı da Mirzə bir müddət,
«Molla»nı nəşrə də tapdı o fürsət.
Halbuki, Şuramız sevir jurnalı,
Hətta təxəttürdən qalmadı xali.
Hökumət axtarıb tapdı da sonu,
Təbrizdən cəlb etdi Bakıya onu.
Sətirlərin arxasında əsərin ruhunu dirijor çubuğu kimi idarə edən «sovetin
barmaqları» görünsə də, şeir dövrün mənzərəsini əks etdirmək, Mirzə Cəlilin
tərcümeyi-halında dərin iz buraxmış hadisələri qiymətləndirmək baxımından
əhəmiyyətlidir. Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk gündən yeni
cəmiyyətin tərəfdarı kimi fəaliyyət göstərən Əli Nəzminin keçmiş əqidə və məslək
dostu Mirzə Cəlili varlılara qoşulub qaçmaqda qınamaqdan başqa çarəsi
qalmamışdı.
Şeirdəki mübahisəli və maraqlı məqamlardan biri də budur ki, Ə.Nəzmi
Mirzə Cəlilin Tiflisdən yox, Kəhrizlidən Təbrizə yola düşdüyünü bilməmiş
olmazdı, ən azı ona görə ki, şair Mirzənin Qarabağa gəldiyindən, xeyli müddət də
orada qaldığından yəqin ki, xəbərdar imiş. Görünür, Ə.Nəzmi Qarabağın,
Kəhrizlinin adını çəkməklə, vurğulamaqla Mirzə Cəlilin düşmənlərinin
dəyirmanına su tökəcəyindən ehtiyatlanmış, elə buna görə də Mirzə Cəlili Tiflisdən
Təbrizə «yola salmağa» üstünlük vermişdir. Hər halda bu əsərlə Əli Nəzmi, əslində
M.Cəlil mühacirətinin mahiyyətini, onu yaradan səbəbləri məharətlə açıqlamış,
digər tərəfdənsə, Şura hökumətinin M.Cəlilin keçmiş xidmətlərini «unutmadığını,
onu dəyərləndirdiyini» və mühacirətdən geri çağırdığını və «onu Təbrizdən Bakıya
cəlb etdiyini» xüsusi vurğulamışdır.
Bütün bunları təfərrüatı ilə saymaqda və sadalamaqda məqsəd «inadkar»
opponentlərə bir daha və dönə-dönə Mirzə Cəlilin İrana, Təbrizə köçünün kökündə
mühacirətə sürükləyən ciddi amillərin durduğunu xatırlatmaqdır. Yəni, Mirzə Cəlil
həyatı və fəaliyyəti üçün real təhlükəni hiss edərək Şura hökumətindən – Sovet
Azərbaycanından şahın idarə etdiyi İran dövlətinə mühacirət etmişdir. Bu qədər
sadə və anlaşılan məsələni mürəkkəbləşdirmək, «bu mühacirət deyil» - deməklə,
opponent rolu oynamaqdan əl çəkmək lazımdır. Təbrizin Azərbaycan şəhəri
olduğunu əsas gətirərək, M.Cəlilin mühacirətinə müxtəlif don geyindirilməsi, o
cümlədən guya onun könüllü olaraq Ş.M.Xiyabaniyə yardım üçün getdiyini
söyləmək sadəlövhlükdən daha çox Sovet təfəkkür tərzinin təzahüratıdır.
Bu, əgər belə demək mümkündürsə, «opponentlər»in öz problemidir, amma
əgər onlar nəyin bahasına olursa-olsun, fikirlərini yeritmək, yapışdıqlarından
buraxmamaq üçün müxtəlif məxəzlərə də əl atırsa, bax, bu zaman həqiqətən
məsələyə aydınlıq gətirilməsinə ciddi ehtiyac yaranır. Məsələ burasındadır, böyük
ideoloq, istiqlalçı-publisist, naşir, redaktor M.B.Məmmədzadə Berlində 1938-ci
ildə nəşr etdirdiyi «Milli Azərbaycan hərəkatı» adlı əsərində 1923-cü ildə
İstanbulda buraxılan «Yeni Qafqasiya» jurnalını «yalnız azərbaycanlıların deyil,
bütün rus əsiri türklərin xaricdə çıxardıqları ilk məcmuə» adlandırmışdı.
168
Azərbaycan tarixində, xüsusi ilə mətbuat və publisistikada silinməz iz
buraxmış, şəxsiyyətinə və irsinə böyük ehtiram bəslədiyimiz, nəsillərə örnək kimi
qəbul etdiyimiz M.B.Məmmədzadəni təftiş etmək, onun mülahizələrində qüsur
axtarmaq niyyətindən çox uzağıq. Bununla belə, bəzi məqamlara diqqət
yetirilməsinin, faktlara ehtiyatla yanaşılmasının tərəfdarıyıq. Yuxarıdakı iddianı
inkar etməklə heç kim heç nə itirmir, qazanılan isə tarixi həqiqət olur. Nəzərə alsaq
ki, M.B.Məmmədzadə kitaba yazdığı «Başlarkən» adlı ön sözdə səmimiyyətlə
etiraf etmişdir ki, «məhdud məxəz və vəsiqələrə dayanaraq meydana gətirilmiş bu
əsərin nöqsanlı olacağına müdrikiz» (müdrikiz – dərk edirik, dərindən anlayırıq –
T.A.). Bütün bunlardan sonra mühacirət mətbuatının tarixi ilə bağlı söylənilən fikrə
kor-koranə istinad etmək doğru deyil, yanlış yanaşmadır.
Mirzə Cəlilin Sovet Azərbaycanından İran Azərbaycanına köçü
mühacirətdir. Təbriz qədim Azərbaycan şəhəri olsa da, Mirzə Cəlil bir ölkədən
başqa bir ölkəyə – İrana getmişdir. Vətənin tarixi torpaqlarının bir hissəsi digər bir
dövlətin sərhədləri daxilindədirsə, biz ora gedəndə başqa bir dövlətin nəzarətində
olan əraziyə giririk. Tutaq ki, qədim Azərbaycan şəhəri Dərbəndə köçürüksə,
deməli biz Azərbaycan Respublikasını tərk edib Rusiya Federasiyasında
məskunlaşırıq. Buradan təbii sual yaranır. Belə hallarda ayrı-ayrı dövlətlərin
əsarətində qalmış tarixi torpaqların bir nöqtəsindən başqasına hərəkət etmək
mühacirət sayılırmı? Bu sual başqa bir sualı doğurur. Mühacirət özü nədir, bu söz
Azərbaycan dilində hansı yükü, məna çalarını daşıyır? Nəhayət, nəyə görə «Molla
Nəsrəddin»in nəşrə başladığı Gürcüstan-Tiflis nömrələri mühacir nəşr sayılmır,
Təbriz nömrələrini isə mühacirət dövrü hesab edirik? Birinci sualın cavabı.
Əvvəla, Təbriz Azərbaycanın tarixi ərazisi olsa da, həmin vaxt və bu gün də o, İran
dövlətinin sərhədləri daxilindədir. Deməli, M.Cəlil bir ölkənin sərhədini aşaraq
digər ölkədə məskunlaşmışdır. Buna əsaslanaraq Vətəndən Vətənə də mühacirət
olur – fikrini irəli sürən prof. Xaləddin İbrahimli tamamilə haqlıdır. Ölkələrin
tarixindən belə misallar gətirmək olar. Heç şübhəsizdir ki, Şimali Koreyadan
Cənubi Koreyaya qaçanlar mühacir hesab olurlar. Vaxtı ilə – 1946-cı ildə
Pişəvərinin rəhbərliyi ilə Təbrizdə qurulan Milli hökumət İran şahı tərəfindən qan
içində boğuldu. İrandan – Cənubi Azərbaycandan Sovet Azərbaycanına pənah
gətirənlər də özlərini mühacir adlandırırdılar və onların Bakıda mühacir təşkilatları
vardı: «İran mühacirləri Komitəsi».
Hələ bu hadisədən də xeyli əvvəl XX əsrin əvvəllərində İrandan, o cümlədən
Cənubi Azərbaycandan on minlərlə insan, o cümlədən azərbaycanlılar Çar
Rusiyasının tərkibində olan Şimali Azərbaycana mühacirət etmiş, burada
məskunlaşmış,
fəaliyyət
göstərmiş,
təşkilatlanmış,
özlərinin
mühacir
cəmiyyətlərini də yaratmışlar. Sabir Nəbioğlu «100 yaşlı cavan «Molla Nəsrəddin»
adlı məqaləsində («Kredo» qəzeti, 28 aprel, 2007) yazır: «Şahlıq rejiminin əhaliyə
bəxş etdiyi ən yüngül cəza bir də baş götürüb vətəndən didərgin düşmək olurdu.
Hesablamalar göstərir ki, XX əsrin əvvəllərində İrandan Rusiyaya gedənlərin sayı
300 min nəfərə qədər olmuşdur».
1979-cu ildə – İran şahı devriləndən, Xomeyni rejimi bərqərar olandan sonra
Azərbaycana gələn minlərlə həmvətənimiz də mühacir statusu aldı, onların böyük
bir qismi sonrakı illər həmin adla da Avropa ölkələrində məskunlaşdılar. Deməli,
169
problemə mövcud ictimai-siyasi-tarixi şərait kontekstində yanaşmaq lazımdır.
Buradan digər sual öz cavabını tapmış olur. «Molla Nəsrəddin» 1907-ci ildə
Tiflisdə nəşrə başlayanda, nə Azərbaycan hökuməti, nə də Gürcüstan hökuməti
vardı. Bakı kimi Tiflis də eyni imperiyanın – dövlətin sərhədləri daxilində yerləşən
şəhərlər idi. Odur ki, «Molla Nəsrəddin»in Tiflis dövründə buraxılan nömrələrini
qətiyyən mühacirət nəşrləri saymaq olmaz. Elmi mənbələrdə «mühacirət»in ərəb
sözü olduğu, peyğəmbərimizin Məkkədən Mədinəyə hicrəti hadisəsini
mənalandırmağa xidmət etdiyi yazılır. Bu gün dilimizdə «mühacirət» sözü hər
hansı siyasi, iqtisadi, hərbi səbəbdən, zorla, yaxud könüllü şəkildə ölkənin
sərhədini aşaraq başqa bir ölkədə məskunlaşmaq anlamını verir. Latın mənşəli
«emigare» sözü ingilislərdə «emiqration», ruslarda «emiqrasiya» sözü hansı
mənanı daşıyırsa, bizdə də «mühacirət» sözü həmin yükü çəkir. Bəzən xaricdə
yaşayan həmvətənimizin ünvanına «mühacir» söyləməkdən ehtiyatlanaraq ona
«diaspor üzvü» deyirlər. Bu, anlaşılandır, bu münasibət sovet dövründən bir
mirasdır. Çünki, Sovet hakimiyyəti illərində mühacirlərə münasibət birmənalı idi –
onlar «Vətən satqını», «dönük», «xain» adlandırılırdılar. Amma bu sözlərlə kimlər
hədəfə alınırdı: Azərbaycan istiqlalçıları, yaxud Sovet həyat, düşüncə tərzini,
kommunist-bolşevik ideologiyasını qəbul etməyənlər, Sibirə sürgün edilməkdən,
təqibdən, terrordan, təhdiddən ehtiyat edib II Dünya Müharibəsi bitdikdən sonra
Vətənə qayıda bilməyən, qəlbi qürbətdə Vətən eşqi ilə çırpınan on minlərlə
həmvətən…
Bu gün Azərbaycan Respublikasından kənarda milyonlarla həmvətənimiz
yaşayır. Rusiya, Ukrayna, Orta Asiya Respublikaları, Almaniya, Fransa,
Skandinaviya ölkələri, ABŞ… - bu siyahını istənilən qədər artırmaq olar – kimi
ölkələrdə ən müxtəlif səbəblərdən istər Azərbaycan Respublikasından, istər Cənubi
Azərbaycandan yüz minlərlə həmvətənimiz məskunlaşmışdır. Çox vaxt, xüsusi ilə
son illərdə onlara «diaspor üzvü» deyirlər, sanki bununla həmvətənlərin statusu,
yaxud cəmiyyətdəki yeri, mövqeyi dəyişir. Belə deyil. Həmin ölkələrdəki
həmvətənlərimizin problemləri ilə yerli mühacir təşkilatlar məşğul olur. «Diaspor
üzvü» deməklə, sanki nəyi isə yumşalmış, «mühacir» söyləməklə nəyi isə
şiddətləndirmiş oluruq. Qətiyyən. «Diaspor» sözünün etimologiyasını araşdırdıqda,
bu ifadənin arxasında daha irimiqyaslı və daha dəhşətli hadisənin şahidi olursan.
Yunan mənşəli «diaspor» sözünün mənşəyində də «mühacirət» sözündəki
zorakılıq, təqib, təzyiq mənaları durur. Üstəgəl, «diaspor» həm də genosid
təhlükəsini və kütləvi zorakılıq anlayışını özündə ehtiva edir. «Diaspor» sözü
eramızdan əvvəl VI əsrdə torpaqlarından çıxarılan yəhudilərin məruz qaldığı
zorakılıq hadisəsini əks etdirir. Beləliklə, hər iki söz ilkin mənasından uzaqlaşmış,
yeni məna çalarları kəsb etmişlər. Fikrimizcə, bu sözlərin hər hansı bir səbəbdən
xarici ölkədə məskunlaşan həmvətənimizin ünvanına rahatlıqla sinonim kimi
işlədilməsi heç bir problem yaratmamalıdır.
Mühacirət mövzusundan danışarkən hökmən problemə mühacirliyin
haradan, hansı səbəbdən qaynaqlandığına aydınlıq gətirilməlidir. Belə olduğu
təqdirdə mühacirətşünaslar arasında yaranmış bir sıra mübahisəli məqamlar həllini
tapmış olacaqdır. Bəzən «mühacirət» dedikdə, sırf siyasi xadimlərin, yaxud siyasi
baxışlarına görə ölkəni tərk etmək məcburiyyətində qalan insanların başqa ölkədə
170
məskunlaşması nəzərdə tutulur. Bu, yanlış yanaşmadır. Doğrudur, bu qisim
insanlar mühacirətin başlıca göstəricisidir, onun əsas kütləsini, gücünü təşkil edir.
Onlar təşkilatlanmağa, fəallığa meyllidir, ölkədə baş verən ictimai-siyasi-iqtisadi
proseslərə daha çevik reaksiya verirlər. Bu da təbiidir. Çünki onlar siyasi
baxışlarına görə, iqtidara, yaxud ictimai formasiyaya münasibətdə barışmaz mövqe
tutduqları üçün qürbət həyatına üstünlük vermişlər. Eyni zamanda, heç bir təqibə,
siyasi təzyiqə məruz qalmayan yüzlərlə, minlərlə insan da var ki, sadəcə həyat
tərzini dəyişərək Avropada, Amerikada yaşamaq, yaxud dünyanın hər hansı digər
ölkəsində daha firavan, daha zəngin bir həyat qurmaq niyyətilə, yaxud daha
hansısa başqa səbəbdənsə ölkəni tərk etmişdir. Xaricdə məskunlaşan bu qəbildən
olan insanlar da mühacirdir. Öz qayğı, problemləri ilə məşğul olan belə
həmvətənləri siyasi fəaliyyətləri olmadığı üçün mühacir hesab etməmək düzgün
deyil.
O ki, qaldı Mirzə Cəlilin mühacirət dövründəki fəaliyyətinə, ümumiyyətlə,
mühacirin xaricdə yaratdığı nə varsa, o mühacirət məhsuludur. Yazıçıdırsa, onun
ədəbi irsi mühacirət ədəbiyyatı, publisistdirsə yazdıqları, mühacirət publisistikası,
naşir, redaktordursa rəhbərlik etdiyi, buraxdığı mühacir nəşrdir. Deməli, M.Cəlilin
«Molla Nəsrəddin» jurnalının İranda - mühacirət dövründə nəşr etdiyi nömrələri
mühacirət mətbuatı nümunələridir. Bir çoxları elə hesab edir ki, həmvətənlərin
xaricdə nəşr etdikləri yalnız siyasi məzmunlu qəzet, yaxud jurnallar mühacir
nəşrlərdir. Halbuki, belə deyildir. Bu gün xarici ölkələrdə (o cümlədən, Rusiya
Federasiyasında, Ukraynada) onlarca qəzet, jurnal buraxılır ki, onlar Vətənimizdə
olan mövcud milli, demokratik hakimiyyəti bütün varlığı ilə dəstəkləyir,
respublikanın nailiyyətlərini təqdir edir, ölkəmizin tarixi-memarlıq abidələrini,
xalqımızın milli-mənəvi dəyərlərini təbliğ edirlər. «Molla Nəsrəddin» jurnalına
gəldikdə isə, onun mövzularını ətalət, cəhalət və mövhumata qarşı mübarizə ilə,
qadın azadlığı, hüquq bərabərliyi, digər insani və demokratik dəyərlər, eləcə də dil,
məktəb, maarif istiqamətində aparılan mübarizə ilə məhdudlandırmaq olmaz.
«Molla Nəsrəddin» çar mütləqiyyətini, Osmanlı sultanlığını, İranın şahlıq üsul-
idarəsini də qamçılayır, siyasi mövzularda son dərəcə kəskin materiallar dərc
edirdi.
«Molla Nəsrəddin» jurnalının Təbrizdə – mühacirətdə buraxılan 8 nömrəsi
mətbuat tariximizdə bir çox cəhətdən silinməz iz buraxmışdır. Jurnal mövzu, dil,
tərtibat baxımından özündən əvvəlki nəşrlərindən ciddi fərqlənməsə də, yeni
mühit, yeni şərait «Molla Nəsrəddin»in təsir gücünü bir qədər də artırmış, əhatə
dairəsini genişləndirmiş, bunun nəticəsi kimi Cənubi Azərbaycanda «Molla
Nəsrəddin» ənənələrini davam etdirən satirik nəşrlər intişar etmiş, «mənəvi
dirçəlişə və ictimai tərəqqiyə ciddi təkan vermişdir» (İ.Həbibbəyli, göstərilən əsəri,
səh.347).
Əməkdar jurnalist, mətbuat tariximizin fədakar tədqiqatçılarından olan Tahir
Aydınoğlu «Şərqin mürgüsünü qaçıran, güldürərək düşündürən, düşündürərək
güldürən, «millətin kitabına çevrilmiş» «Molla Nəsrəddin»in Təbrizdəki
fəaliyyətini jurnalın tarixinə yazılan daha bir əlamətdar səhifə kimi dəyərləndirir.
(«Molla Nəsrəddin» - Təbriz 1921. Transliterasiya edən və çapa hazırlayan, f.e.n.
Elmira Qasımova, «Ön söz»ün müəllifi Tahir Aydınoğlu, redaktor Məmməd
171
Kazımoğlu, Bakı, «Adiloğlu» nəşriyyatı, 2006, 80 səh. Kitab Azərbaycanda
Vətəndaş Cəmiyyətinin inkişafına Yardım Assosiasiyası və Söz Azadlığını
Müdafiə Fondunun təşəbbüsü ilə nəşr edilmişdir). «Molla Nəsrəddin»lə yeni ədəbi-
ictimai mühitin əsasını qoyan və «ədəbi dövrün başçısına» çevrilən
(Y.V.Çəmənzəminli) Cəlil Məmmədquluzadə Tiflisdəki kimi Təbrizdə də öz
proqramına, əqidəsinə, yoluna sadiq qalmış, jurnal «ilk günlərdən müsəlmanların
inkişaf etmələrinə mane olan bəzi adət və ənənələrin tənqidinə başlamış və
köhnəlmiş adətlərin əleyhinə olmuşdur» və məqsədi «müsəlman ümmətinə xidmət
olmuşdur» («Molla Nəsrəddin», № 1, 19 fevral 1921, Baş məqalə (fars dilində).
«Molla Nəsrəddin»in Təbriz nəşrlərindəki materiallar da mövzu baxımından
ciddi, rəngarəng və aktual olmuşdur. Heç bir işə yaramayan idarələrin və heç bir
işlə məşğul olmayıb dövlətdən məvacib alan müftəxor, rüşvətxor məmurların
(«Bikarlar məhəlləsi», № 1; «Sandüqülmükün məktubu», № 2; «Vətən xadimləri»,
№ 3; «Poçtxanamız», № 4; «Lüğət», № 5; «Qəribə yuxu», № 8), elm, məktəb,
maarif,
mədəniyyət,
tərəqqi
düşmənlərinin
(«Maarif
dostlarına»,
«Maarifpərəstlər», № 2; «İlan-qurbağa», «Bir sual», № 5; «Təqvim», № 6;
«Aləmdəridə alınan rəylər», «Tüstü», № 7; «Köhnə işlər», № 8), sözü ilə əməli
fərqli
olan
dindarların,
missionerlərin,
içki-qumar
düşkünlərinin,
cəhalətpərəstlərin, köhnə adətlərin əsirinə çevrilənlərin («Tikan», «Cavanlara», №
2; «Xəbərdarlıq», № 3; «Missionerlik», № 6; «Məşrubat», № 7; «Təbiət», № 8),
qadınları kölə qismində görənlərin, onların hüquqlarını tapdalayanların,
azadlıqlarına qənim kəsilənlərin («Fahişəxana», № 1; «Qız tərbiyəsi», № 3; «Ballı
Badımcan», № 4; «Xanımlar məişətindən», № 6; «Çimdik», № 7) tənqidi, ifşası
jurnalın əsas hədəfi idi.
Mirzə Cəlilin İrana mühacirət dövrü ölkənin çox təbəddülatlı bir vaxtına
təsadüf etsə də, o, Təbrizdə jurnalın nəşrində israrlı mövqe tutur. Bu niyyətini o,
Şeyx Məhəmməd Xiyabani ilə görüşündə də dilə gətirir. M.Cəlil dərbəndli dostu
Əbülfət Ələvinin vasitəsi ilə Müxbürüs-Səltənə ilə görüşür, jurnalın çapı
məsələsini qaldırır. «Mirzə Cəlil baş-qulağını sarıyıb gah mətbəəyə, gah rəssam
Seyid Məmmədəli Behzadın yanına, gah tacir Məşədi Zülfüqar Fəyazovun
mağazasına kağız almağa gedir. O, vaxtını jurnalın çapına hazırlıq işləri ilə keçirir»
(Qulam Məmmədli. Adı çəkilən əsəri, səh.393).
Yeri gəlmişkən qeyd edək ki, «Molla Nəsrəddin»in Təbriz nəşri ilə bağlı
çətinliklər, həmin problemlərin aradan qaldırılması istiqamətində görülən işlər, bu
fəaliyyətdə M.Cəlilə dəstək olanlar barədə, əgər belə demək mümkünsə, jurnalın
vida, Təbrizdə buraxılan son nömrəsində dərc olunmuş «Bir neçə söz» adlı baş
məqalədə ətraflı bəhs edilmişdir. Burada Cəlil Məmmədquluzadə Bakıya dəvət
olunmağı ilə əlaqədar jurnalın nəşrini dayandırdığını qeyd edir, Təbrizdə ona
yardımçı olanlara təşəkkürünü bildirir, onların qayğı və diqqətini şükranlıqla
xatırlayır. C.Məmmədquluzadənin senzorla bağlı yazdıqları da çox maraq doğurur.
O, senzorun xoş münasibətini inkar etmir və nə qədər, hara qədər yazmaq mümkün
idi, o qədər yazdığını qeyd edir. O ki, qaldı «rəsmi senzordan əlavə bizim qaranlıq
mühitin və çürümüş məişətin müxtəs (özünə mənsub – T.A.) bir senzoru var ki,
yazmaq səhvdir (çox çətindir – T.A.), insanı lal olmağa məcbur edir». «Molla
Nəsrəddin»in 1921-ci il fevral ayının 19-da 1-ci nömrəsi 1000 nüsxə ilə çapdan
172
çıxır və satışa buraxılır. Jurnalın Təbriz nömrələrinin hamısı «Müdir və
sərmühərrir»: Cəlil Məmmədquluzadə imzası ilə işıq üzü görmüşdür. 1921-ci ilin
üç ayı ərzində – fevralın 19-da 1-ci, martın 9-da 2-ci, 20-də 3-cü, 31-də 4-cü,
aprelin 10-da 5-ci, 23-də 6-cı, mayın 7-də 7-ci və 15-də 8-ci nömrəsi nəşr
olunmuşdur. Jurnal abunə və pərakəndə satış yolu ilə əsasən ziyalılar və
sənətkarlar arasında yayılmışdır. Təbrizdən başqa jurnalın Tehran, Məşhəd, Xoy,
Marağa, Qəzvin, Əhər və b. şəhərlərdə vəkilləri (yayılması ilə məşğul olan
nümayəndələri) olmuşdur. 8 səhifəlik «Molla Nəsrəddin» Təbrizdəki «Hüseyni»
(1-ci və 2-ci nömrələr) və «Ümid» (3, 4, 5, 6, 7, 8-ci nömrələr) mətbəələrində çap
olunmuşdur, redaksiya, idarə isə ailənin yaşadığı şahzadə Nüsrətüssəltənənin
evində yerləşirdi. Jurnal ərəb əlifbası ilə, bir neçə material istisna olmaqla
Azərbaycan dilində buraxılmışdır. Karikaturaların əksəriyyətini Avropada
mükəmməl rəssamlıq təhsilinə yiyələnmiş Seyid Əli Behzadi tərəfindən «Behzad»,
«Seyid Əli Behzadi», «Seyid Əli Müsəvvirzadə Behzadi», «Seyid Əli
Müsəvvizadə», «Müsəvvizadə Behzad» imzaları ilə işlənmişdir. Rəssamlar Mirzə
Məhəmmədəli Nəqqaş və Mir Müsəvvir Nəqqaşın da «Molla Nəsrəddin»lə
əməkdaşlığı istisna edilmir. İllüstrasiyalar rənglidir və rəsm əsərləri Əzim
Əzimzadə, Oskar Şmerlinq və İozef Rotter üslubundadır.
«Molla Nəsrəddin»in Təbriz nömrələrində C.Məmmədquluzadə «Molla
Nəsrəddin», «Dəli», «Mozalan», «Cızbızçı», «Hərdəmxəyal», «Lağlağı»,
«Utanmaz kətdi», «Sırtıq», «Qızdırmalı» kimi gizli imzalarla məqalə, felyeton,
eləcə də imzasız «Elan», «Poçt qutusu», «Teleqraf» başlıqları ilə müxtəlif yazılar
dərc etdirmişdir.
Jurnalın əməkdaşlarından Əbülfət Ələvinin xidmətini xüsusi ilə qeyd etmək
lazımdır. O, «Molla Nəsrəddin»in nəşri ilə bağlı problemlərin həll olunmasında
C.Məmmədquluzadəyə yaxından kömək göstərməklə yanaşı, senzorun təkidi ilə
jurnalda verilən fars dilində olan materialları yazmış, çapa hazırlamışdır. Hələ
Tiflis dövründən «Dılğır» imzası ilə jurnalla əməkdaşlıq edən İsgəndərxan Qəffari
Sürxpuş, M.Ə.Sabir ənənələrinin qızğın davamçısı Mirzə Əli Möçüz, eləcə də Hacı
Əli Şəbüstəri, Mirzə Ələkbər Məmmədquluzadə, Mehdixan Şərifzadə, Möhsünxan
Sərtibi «Molla Nəsrəddin»in nəşrində fəal iştirak etmişlər. Bununla yanaşı, jurnalın
Təbriz
nömrələrini
vərəqlədiqcə
tanınmış
mollanəsrəddinşünas
Turan
Həsənzadənin aşağıdakı fikri ilə razılaşmamaq olmur: «…inamla deyə bilərik ki,
Təbriz nömrələrini əsasən C.Məmmədquluzadə təkbaşına çıxarmışdır» («Molla
Nəsrəddin»in təbrizli əməkdaşları. «Ədəbiyyat və incəsənət» qəzeti, № 32, 7
avqust 1987).
«Molla Nəsrəddin»in I nömrəsi Təbriz həyatında şimşək kimi çaxır.
«Millət» «Bekarlar məhəlləsi»ndən xəbər tutur, «Fahişəxana» və «Dəli»ləri ilə
tanış olur, «Təzvir (saxtakarlıq, hiyləgərlik, kələkbazlıq – T.A.) ustaları»nı tanıyır,
onların əməlləri barədə «İxtar» (xatırlatmaq, xəbərdarlıq – T.A.) edilir Jurnalın
birinci nömrəsini bütün təbəqədən olan oxucular – tacir, ziyalı, kəndli, dindar və
sənətkarlar kimi cəhalət, xurafat və dövlət məmurları arasında da böyük əks-səda
doğurur. Şər qüvvələr müvəqqəti də olsa, qalib gəlir. Qubernator jurnalı
bağlamağı, birinci nömrəni müsadirə etməyi tapşırır. Eyni zamanda, jurnalın
növbəti nömrəsinin çapı qadağan edilir. Qulam Məmmədlinin yazdığına əsasən
173
jurnalın bağlanması xəbəri sadə şəhər əhlini bərk qəzəbləndirmiş və onlar
bildirmişlər ki, əgər Molla əmi doğru danışdığı üçün bağlanırsa, biz də dükanları
bağlayacağıq.
Birinci nömrədəki «Fahişəxana» felyetonunun təsiri daha güclü olmuşdur.
«Dəli» imzası ilə dərc olunmuş «Fahişəxana» həm problem baxımından aktualdır,
həm də sənətkarlıq nöqteyi-nəzərdən diqqəti çəkir. Mövzu Təbrizin gündəlik
həyatından götürülmüşdür və söhbət hər kəsin hər gün gördüyü, rastlaşdığı, lakin
biganəliklə görməməzliyə vurduğu fahişəxanalardan gedir. Müəllif «təəccüblə»
yazır ki, Təbrizə gələnədək elə bilirmiş ki, fahişəxana çox pis şeydir, məsələn, o,
Tiflisdə görmüşdü ki, ermənilər, ruslar, gürcülər, yəhudilər öz məhəllələrində
fahişəxanaların fəaliyyətinə yol vermirlər. Təbrizdə – müsəlman məhəllələrində
fahişəxanaları görən «Dəli» lap çaşır: «İndi mən də, doğrusu, çaşmışam, bilmirəm
fahişəxana yaxşı şeydir, yoxsa pis şeydir? Əgər deyim yaxşı şeydir, axı öz
aramızdır, insafən danışsan görərik ki, yaxşı deyil: o səbəbə ki, əvvələn, fahişəxana
millətin əxlaqını xarab edir. Saniyən, orada cavanlar nagəhan bəlalara düçar olurlar
və əlacı olmayan dərdlərə düşürlər. Salisən, bizim şəriətimiz də belə-belə qəbil
işləri günahi-kəbir cərgəsinə yazıb». Gördüklərindən heyrətlənən müəllif onu
düşündürən suallara cavab tapmaq istəyir: fahişəxana yaxşıdırsa, niyə hətta digər
dindən olan millətlər onu qadağan edirlər? Pisdirsə, zinakarlığı günah hesab edən
müsəlmanlar onu niyə açırlar? Digər tərəfdən, fahişəxana pisdirsə «niyə məndən
savayı bunu bir kəs danışmır? Məgər məndən savayı bu şəhərdə ağıllı, həyalı və
ismətli adam yoxdur?». Niyə «mömin və abırlı müsəlman bəndələr» etiraz etmir?
Bütün bu suallar içində boğulan felyeton müəllifi dəli olacağından ehtiyatlanır və
sonda oxucusuna müraciət edir: «Qurban olum, sən bir məni başa sal, yoxsa dəli
olaram».
Həmidə xanım xatirələrində yazır ki, felyeton xüsusi ilə şəhərin ağalarını
həyəcana gətirmişdi. Qadınlar dəstə-dəstə Həmidə xanımın yanına gəlir, yazı üçün
Molla əmiyə təşəkkürlərini çatdırmağı xahiş edirdilər. «Evimiz arı pətəyinə
bənzəyirdi» - deyə yazan Həmidə xanım Məmmədquluzadə minnətdarlığa,
şəhərdəki həyəcanlı vəziyyətdən xəbərlər gətirməyə gələn adamların kəskin
etirazının şahidi olurdu. İş o həddə çatmışdı ki, şəhərdəki qoşunların komandanı
valiyə teleqram vurmuşdu ki, jurnalın nəşrinə icazə vermək lazımdır. Qısa
müddətdə – 2-3 gün ərzində 600 fahişə qatarla Təbrizdən çıxarılmış, fahişəxanalar
bağlanmışdı.
«Qız tərbiyəsi» adlı felyetonu təsvir vasitələrinə, komik üslubuna görə
təbəssümlə, faciəyə bənzər problemə görə isə acı göz yaşları ilə oxunur. Yetkinlik
yaşına çatmış, təhsilli oğlan ailə qurmaq üçün özünə tay qız axtarır. «Tərbiyə və
elm görmüş» oğlan münasib qız tapmayıb əcnəbi millətlərin oxumuş qızları ilə
evlənirlər. Başqa çarə yoxdur. Gənc oğlan təhsil və tərbiyə görməyən qızla ailə
həyatı qursa, «kişi kitabdan və elmdən danışanda övrət saatda bir asqırıb deyəcək:
«Kişi, tək səbir gəldi, qoy kitabı yerə». Kişi övrətdən bir burun dəsmalı istəyəndə,
övrət deyəcək: «Sən Allah, kişi, özündən iş çıxartma, ətəyinnən burnuvu sil».
Felyetonçu bu işin çarəsini axtarır: bəlkə qızlara təhsil verək? Yox, bu məsləhət
deyil. Çünki qız dərs oxusa, yazmaq bilsə, «kefi istədi, götürdü bir yad kişiyə bir
kağız yazdı». Xeyli götür-qoydan sonra çarə tapılır. «…oğlan uşaqlarını da dərsə
174
qoymuyaq. Əgər belə olsa, nə şiş yanar, nə kabab. Onda, məsələn, səbir gələndə
kişi də işini yarımçıq qoyar ki, səbir keçsin…». «Dəli» imzası ilə verilmiş bu
felyetonda yumor, acı gülüş də var, qəzəb, yanğı, istehza da. Felyeton müəllifi
C.Məmmədquluzadə mövcud cəmiyyət həyatının xarakterik, lakin tragik səhnəsini
çox ustalıqla qələmə almışdır.
Ballı Badımcan xala ilə Nurcahan bacı 9 yaşlı qızı baqqala, yoxsa çaqqala
(əbasız Həsən xana), teatrda oyunbazlıq edən Süleymana, ya da ki, qırmızısaqqal
Hacıxana ərə vermək barədə qızğın müzakirə aparanda («Ballı Badımcan», № 4),
müsəlmanlar Təbrizdə – Aramyan teatrında erməni xanımlarını («Elan», № 1),
yaxud Fitilbörk şəhərində kilsədə, Odessada gül mağazasında rus xanımlarını,
Xorasanda – ziyarət yerində, Təbriz bazarlarında… arvad çimdikləməklə
məşğuldurlar («Çimdik», № 7).
«Bikarlar məhəlləsi» də «Molla Nəsrəddin»in Təbriz nömrələrinin
materialları arasında diqqəti çəkən felyetonlardandır. Təbrizin küçələri dilənən,
bitlənən və mürgüləyən arvad-uşaqlarla doludur. Bu bir yana, dövlətin «bir yekə
və ali imarəti»ndə yerləşən kargüzarxanada da «kimi qəlyan çəkir, kimi elə
bikarçılıqdan mürgüləyir». Molla əmini təəccübləndirən, təəssüfləndirən və
təsirləndirən də odur ki, kargüzarxanadakı heç bir işlə məşğul olmayan bikar-
məmurlara pul-maaş verilir. Molla əmi bu suala cavab axtarır: xub, əgər məqsəd
pulu bikarlara paylamaqdır, bəs küçədə bikar adam çoxdur, səbəb nədir ki, bu
pullar kargüzarxana bikarlarına halal olub, küçə saillərinə haram olub?» Bu
felyetonla müəllif idarələrdə baş girləyən dövlət məmurlarını kəskin satira atəşinə
tutmuşdur. «Tüstü» felyetonunu (7) elmə, maarifə, mədəniyyətə həqarətlə baxan,
mövhumatın, cəhalətin içində boğulan cəmiyyətin harayına yetişmək istəyən Mirzə
Cəlilin fəryadı, naləsi də adlandırmaq olar: «Hər yan tüstüdür, məclislərdə və
evlərdə düxaniyyət (tütün – T.A.), məşrubat (içki, şərab – T.A.) tüstüsü, küçələrdə
hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət
(natəmizlik, çirkinlik – T.A.) tüstüsü… Xülasə, millət tüstü içində
boğulmaqdadır». Mirzə Cəlil boğulan, batan cəmiyyətin dərdini göstərməklə,
tənqid etməklə kifayətlənmir, onun dərdinə dərman, əlac da axtarır. Kimdən? «Hər
bir vicdan sahibindən, hər bir həqiqi Vətən dostundan, hər bir bəşər övladına rəhmi
gələndən». İranda gördüklərini, cəhalətin törətdiyi «vəhşilik və bədbəxtlikləri»
unuda bilməyən M.Cəlil bu tüstünü dağıtmağın çarəsini Bakıya qayıtdıqdan sonra
da axtarmışdır: «Zülmət çox dərindir, qaranlıq nəyahət qalındır. Burada çox-çox
top-tüfəng lazımdır. Bilmirəm – barıt atəşimi, bilmirəm – maarif topumu, bilmirəm
– mədəniyyət təkamülü, ya inqilabı, ya bəlkə də ikisi də lazımdır…» (İnqilab
lazımdır. «Molla Nəsrəddin», № 3, 1922).
Beləliklə, Cəlil Məmmədquluzadənin 1920-ci ildə Azərbaycanın bolşeviklər
tərəfindən istila edilməsindən sonra İrana köçü bir mühacirət hadisəsi kimi tam
təfərrüatı ilə xarakterizə edildi və böyük ədibin 3 aylıq müddətdəki mühacirət
həyatı və fəaliyyəti mötəbər məxəzlərə istinad edilərək işıqlandırıldı.
C.Məmmədquluzadənin mühacirət dövründəki fəaliyyətinin zirvəsi və şah əsəri isə
«Molla Nəsrəddin»in Təbriz nəşrləri oldu. Həmin nəşrlər cəmiyyət həyatında bir
hadisə, mətbuat tarixində unikal təzahürat olmaqla yanaşı, eyni zamanda
Azərbaycan mühacirət mətbuatının başlanğıc nöqtəsidir.
|