“Xalq qəzeti”, 12 aprel 2006
Həsən bəy Zərdabinin vurğunu
Azərbaycanın ədəbi, mədəni, mətbu, ictimai-siyasi həyatında, ölkənin
azadlığı və müstəqilliyi uğrunda mücadilə tarixində parlaq iz qoymuş yazıçı-
publisist, tərcüməçi, diplomat, tədqiqatçı Ceyhun Hacıbəylinin bir sıra görkəmli
yazıçı və şairlərimiz haqqında yazdıqları da son dərəcə dəyərlidir, əhəmiyyətlidir
və aktualdır. Bu mənada böyük qələm sahibinin milli mətbuatımızın banisi Həsən
bəy Zərdabi haqqında qələmə aldıqları onun jurnalist fəaliyyətində xüsusi yer tutur.
«Kaspi» qəzeti ilə məhsuldar əməkdaşlıq edən C.Hacıbəyli (Dağıstani)
H.Zərdabinin həyat və fəaliyyəti ilə bağlı bir neçə sanballı, ibrətamiz məqalə
yazmışdır.
Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibəti ilə
respublika Prezidenti Heydər Əliyevin jurnalistlərlə görüşü neçə il əvvəl arxivdə
rast gəldiyim «Kaspi» qəzetində dərc olunan (1912-ci il, № 269 və 1914-cü il, №
267) Ceyhun Hacıbəylinin «Həsən bəy Məlikovun xatirəsi» və «Müsəlmanın
qeydləri» rubrikası ilə «Yeddi il» adlı məqalələrini yadıma saldı. Mənə elə gəldi ki,
görüşdə Səttar Zərdablı «Əkinçi»nin nəşr olunduğu mətbəə, H.Zərdabinin yaşadığı
59
bina, mərhumun qəbri mövzusunda danışanda qürbətdə dəfn olunan
C.Hacıbəylinin narahat ruhu o zalda idi və acı təbəssümlə deyirdi: bunları mən hələ
o vaxtlar demişdim və ümid edirdim ki, sonrakı nəsil bizim qüsurlarımızı
düzəldəcək. Təəssüf, min təəssüf…
Aktuallığını nəzərə alaraq, C.Hacıbəylinin həmin yazılarını oxucuların
diqqətinə təqdim edirəm.
Həsən Bəy Məlikovun xatirəsi
Bu gün 28 noyabrdır. Düş beş ildir ki, Qafqaz müsəlmanları Həsən bəy
Məlikovu itirmişlər.
İctimai özünüdərki, ictimai ruhu oyatmaq üçün hər bir jurnalistin borcudur
ki, hər il bu mühüm tarixi günü qeyd etsin.
Bu itkidə, bu sirli, müəmmalı misteriyada insan psixikasının, təxəyyülünün
çevik hərəkəti üçün müxtəlif mənbələr mövcuddur. Bəzən belə olur. Başçı həlak
olduqda onun döyüşçülərinə yetimlik, kimsəsizlik, köməksizlik hissi hakim kəsilir,
ruh düşkünlüyü, cəsarətsizlik sağlam düşüncəyə qalib gəlir və döyüşçülər qaçmağa
başlayırlar. Belə də olur ki, başçının ölümü döyüşçülər arasında panika yaratmır,
əksinə onları səfərbər edir, döyüşə səsləyir. Döyüşçülər başa düşürlər ki, başçı
onlar üçün müqəddəs olan ideya uğrunda həlak olmuşdur. Odur ki, bu amil
döyüşçülərin ruhunu dirildir və onlar nəyin bahasına olursa-olsun başçının
ideyasını həyata keçirməyə çalışırlar.
Biz (müsəlmanlar – azərbaycanlılar – T.A.) öz başçımızı itirəndə bu iki
hissdən hansını yaşayırıq? Bu barədə danışmayacağam – özlüyündə aydındır. 28
noyabr tarixi təkcə Həsən bəy Məlikovu itirdiyimiz matəm günü kimi yox, həm də
mənəvi borcumuzu, əqli duyğularımızı oyadan, xatırladan gün kimi yaddaşlara
həkk olunmalıdır.
Məhz buna görə də bir də təkrar edirəm ki, hər bir jurnalist hər il 28 noyabrı
qeyd etməlidir. Və bu zaman Həsən bəyin özünəməxsus frazası rəhbər tutulmalıdır:
«Bir damla su vaxt keçdikcə böyük qayanı deşir, söz də, həqiqi söz də tədricən
insanın başını deşir, nəhayət, onun beyninə işləyir, ona təsir edir».
Həsən bəyin bütün ömrü öz xalqının tərəqqisinə həsr olunmuşdur, ictimai
hərəkatın, həyatın bir çox sahələri də onun xatirəsi ilə bilavasitə bağlıdır.
Mərhumu xatırlatmaq – onun adı ilə sıx bağlı olan bir sıra ictimai məsələlərə
toxunmaqdır.
İndi biz – mədəniyyətsiz ataların mədəni övladları hər hansı xeyirxah ictimai
məqsədlə keçirilən tədbir zamanı qarşıya çıxan azacıq maneəyə rast gələn kimi
qaynar xörəkdən ağzı yanan adamın görkəmi ilə geri çəkilir və oradan uzaqlaşırıq.
Bizdə başlanan işi başa çatdırmaq üçün mətinlilik, mənəvi qüvvə, qüdrət çatmır.
Biz yalnız birinci səddə kimi gələ bilirik. Bundan əlavə, bizim ambisiyamız,
«mən»imiz digər hisslərimizə üstün gəlir. «Mən»in uğrunda biz şücaət də göstərə
bilərik, kollektiv fəaliyyətin məhsulunu alt-üst də edə bilərik.
Bizim qurbanlar ictimai həyatın nəfinə bundan o yana keçmir.
60
Ona görə də, hətta bir dəfə yaradılmış, mükəmməl bir işi inkişaf etdirə
bilmirik.
Hələ təşəbbüs tələb edən yeniliyin yaradılmasını demirəm.
O zaman təsəvvür edin ki, mədəni səviyyəsi çox aşağı olan bir cəmiyyətdə,
tərəqqiyə hazırlanmamış bir cəmiyyətdə insan nə qədər nəhəng və azman, mətin
olmalıdır ki, öz təşəbbüsünü həyata keçirə bilsin.
Haqqında bəhs olunan cəmiyyəti bu titan özü belə xarakterizə edirdi:
«çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir».
Həsən bəydə yoxsul, kasıb və yetimlərə, özü də elm və maarifçiliyə meylli
adamlara digər qonşu xalqlarda olduğu kimi ictimai kömək göstərmək fikri yaranır.
Sonra nə edir? O, öz məqsədinə çatmaq üçün Nizamnamə tərtib edir, onun
təsdiqinə nail olur. Daha sonra əlində qəbz Şuşa bəy və xanlarının, Şamaxı
mollalarının, Dərbənd tacirlərinin, Nuxa kəndlilərinin qapısını döyür, onları
Qafqaz müsəlmanlarının ilk qəzetinə yardıma çağırır.
Şübhəsiz, xeyirxah missioner onun müasiri olan cəmiyyəti yaxşı tanıyırdı.
Odur ki, Həsən bəy təhqir, kinayə, istehzalardan küsmür, soyuq
qəbullardan, saxta gülüşlərdən incimir, bütün bunları feodal quruluşunun
eybəcərlikləri, belə adamları isə cəhalətin qurbanları kimi qəbul edirdi.
Qaranlıqlar üzərinə əsl ziyalı kimi gedirdi. Onun məramı, məqsədi o qədər
möhtəşəm, əzəmətli idi ki, hər cür şəxsi inciklik başlanan missiyanı yarımçıq qoya
bilməzdi.
Həsən bəy çörək qədər həyati məsələlərdə belə öz şəxsi mənafeyini ictimai
maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı.
Qəzada ona qəti təklif edildi: ya xidməti Yekaterinoqradda – yəni Qafqazdan
kənarda davam etdirməli, ya istefa verməli! Həsən bəy ikincini seçdi.
Çünki mənsub olduğu xalqdan kənarda ona həyat yox idi.
Həmin vaxtdan bizim müsəlmanların həyatında çox şey dəyişmişdir.
Adamların ətrafda baş verənlərə baxışları daha real olmuşdur, fanatizm öz yerini
bir qədər ağıla, səbrə vermişdir.
Lakin bütün bu dəyişikliklərə baxmayaraq, cəmiyyətin baxışlarında və
münasibətlərində Həsən bəyin min bir əzabla əsasını qoyduğu müqəddəs planlarını
şərəflə yerinə yetirə bildikmi?
Fikrimcə, yox!
Həsən bəyin sayəsində 30-40 il əvvəl təkamül qanunu bizi həyat tərzimizdə
bir sıra dəyişikliklərə, ictimai proqrama yeni maddələr daxil etməyə məcbur etdi.
Amma nə üçün elə həmin təkamül qanunu tələb olunan islahatları həyata
keçirə biləcək yeni ləyaqətli missioner yetişdirmir?
30-40 il bundan əvvəl xeyriyyəçilik, maarifçilik cəmiyyətlərinə, teatra,
mətbuata tələbat olduğu bir halda, niyə indi yeni tələbatlar yaranmır? Hətta
mədəni-ictimai həyatın əsaslı inkişafına aparan dəyişikliklər hiss olunmur.
Mərhum Həsən bəyin şəxsiyyəti və tərcümeyi halına aid keyfiyyətlərdən
danışmayacağam; bütün həyatını doğma Vətənə və ölkəyə həsr edən adamın hansı
vəziyyətdə bizi tərk etdiyindən, dünyasını dəyişdiyindən danışmayacağam;
müsəlman cəmiyyətinin bu insanın xatirəsinə və ondan sonra qalan ailəsinə
təəccübdoğuran münasibətindən danışmayacağam. Həsən bəyin xatirəsini heç
61
olmasa, adi qəbir daşı ilə əbədiləşdirmək fikrini dəfələrlə təkrarlayan ziyalıların
nümayəndələrindən soruşmayacağam ki, bəs fikirlərinizə, ideyalarınıza nə oldu,
niyə onlar söndü? Şəxsi məmnunluğun rəhnini ictimai səadətdə görən mərhumun
baxışlarında qalmamaq arzusu ilə bütün bu suallardan mən sükutla yan keçirəm.
Həsən bəyin unudulmuş xatirəsində mən əksinə ucalığı, yüksəkliyi, təmiz
bibliya təzahürü görürəm ki, ondan bütün həyatını xalqına həsr edən, əvəzində nə
sağlığında, nə də vəfatından sonra mükafat almayan insan haqqında gözəl əfsanə
yaratmaq olar. Elə bil ki, Həsən bəyin həyatı da, ölümü də cəmiyyət üçün
qurbanlıq idi. Bu vəziyyətdə hansısa bir sirr, müəmma var.
Biz o xalqıq ki, xan və müstəbidlərin zorakılığından bizi xilas edən cəngavər
igidlərin şərəfinə şeir qoşur, onları minnətdarlıq hissi ilə yad edirik. Amma bu xalq
həm də Həsən bəyin əhəmiyyətini, tarixi xidmətlərini dərk etmir, dəyərləndirmir.
Kütlə belə böyük xadiminin qiymətini verməyə hazırlanmamışdır.
Şübhəsiz, kütlə mədəniləşdikcə, insanların mənəvi sahədə göstərdiyi şücaəti
qiymətləndirməyi bacaracaqdır və o zaman böyük əməkçinin xatirəsinin
əbədiləşdirilməsinin təntənəsi baş verəcəkdir.
Mən 28 noyabrı xatırlamaqla cəmiyyətin diqqətini ona yönəltmək istərdim
ki, mədəni həyatımızın pioneri sayılan Həsən bəyin xatirəsinin əbədiləşdirilməsi
üçün onun əsasını qoyduğu və bütün ömrünü sərf etdiyi ideyaların həyata
keçirilməsinə çalışaq.
İndi bizə elə gəlir ki, bu məsələlərin, islahatların həyata keçirilməsi qeyri-
mümkündür. Lakin bunlar tamamilə realdır. Teatr, mətbuat, ictimai xeyriyyəçilik
Həsən bəyin dövründə hansı vəziyyətdə idisə, bu problemlər də indi o şəkildə
qarşımızdadır. Həsən bəy o vaxt həmin məsələlərin öhdəsindən gəldi. Amma indi
deyəsən, şəxsi həyatın inkişafı və tərəqqisi çoxdan ictimai həyatı üstələyib. Bu isə
qeyri-normal təzahürdür. Çünki şəxsi həyat etibarsız əsaslara söykənir. Şübhəsiz,
xalq cəmiyyət tərəqqi edir. Əgər 30-40 il əvvəl mədəni həyat Həsən bəyin dili ilə
bizə ictimai xeyriyyəçiliyin, mətbuatın, teatrın yaradılmasının zəruriliyini diqtə
edirdisə, indi cəmiyyət onların daha da təkmilləşdirilməsini və digər tələbləri irəli
sürür.
Bax, əhəmiyyətli 28 noyabr tarixi bizə bu yolu göstərir, bunu xatırladır.
Dağıstani
MÜSƏLMANIN QEYDLƏRİ
Yeddi il
Bu gün müsəlmanların (azərbaycanlıların – T.A.) mədəni-maarifçilik
sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olur.
Bakılıların pafoslu nitqləri və təntənəli mərasimlə öz xadimlərini dəfn
etdikləri həmin gündən vur-tut 7 il keçir.
62
Hələ tam soyumamış meyit üzərində səslənən o çıxışlar mənim indi də
qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar
ürəklərdə necə bir ümid çırağı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə
necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür.
Nə olsun? O təmtəraqlı, ibarəli nitqlərdən nə qaldı? Deyəsən, külək elə
həmin gün o çıxışları sovurub apardı.
Həsən bəy təntənəli şəkildə dəfn olundu, onun haqqında 2-3 gün də orda-
burda danışdılar, qəzet və jurnallar onun bioqrafiyasını dərc etdilər, portretini
verdilər – vəssalam.
Müsəlman cəmiyyəti ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona
zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi ilə beləcə üzülüşdü.
Deyəsən, hər şey bitdi…
Və müsəlman cəmiyyəti mərhumu tamamilə unutdu.
Lakin bu hələ azdır.
Digər xalqlar ona xidmət göstərən övladlarının xatirəsini əziz tutur, ona
abidə qoyur, adını əbədiləşdirir, ailəsinə qayğı göstərir və s. Bizdə isə tamamilə
əksinədir.
Biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adi qəbirüstü daş qoymaq üçün
onun həyat yoldaşına kömək etməyə gəlmədik, biz nəinki Həsən bəyin adını və
xatirəsini əbədiləşdirmədik, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki
onun ailəsinə qayğı göstərmədik, əksinə elə bil ona əlavə dərd, kədər gətirmək
prinsipi ilə bəhsə girdik.
Bu mənada Həsən bəyin neçə illər boyu üzvü olduğu müəssisənin
münasibəti daha qəribə təsir bağışlayır.
Mən bizim şəhər özünüidarəsini, onun Uçiliş Komissiyasını nəzərdə
tuturam. Elə bil ki, Məlikovlar familiyasına etinasızlıq göstərmək bu idarənin iş
sisteminə daxil olmuşdur.
Bütün hallarda, iş yerinə zəmanət verməkdə də, yerə təqdim etməkdə də,
vəzifədə yüksəlməkdə də Məlikovlar ailəsindən yan keçilir.
Bunu izah etmək çox çətindir. Hər halda xalq xadiminin ailəsinə nəinki
yardım göstərilmir, əksinə bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri hesabına
yaşamağa maneəçilik törədilir, öz qabiliyyətlərini üzə çıxarmağa imkan verilmir.
Bunlar nəyə lazımdır? Nə məqsədlə edilir? Bəzilərinin bildiyi, lakin
susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır.
Yoxsa, öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət
az-çox mədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara
bilər.
Hətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər.
Bizdə vəhşilik dövrü keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır…
Dağıstani
«Ədəbiyyat qəzeti» 28 iyul 2000.
63
Aktual və əhəmiyyətli tədqiqat predmeti
Azərbaycan ədəbiyyatı, mətbuatı və maarifçiliyinin inkişafında misilsiz
xidmətlər göstərmiş Haşım bəy Vəzirovun həyatı kimi (sürgün, həbs, təqiblər)
yaradıcılığı da təlatümlü, təzadlı olmuşdur. İstedadlı yazıçı-publisist, bacarıqlı
naşir-redaktor, mahir tərcüməçi, görkəmli pedaqoqun bütün ömrü xalqının
tərəqqisi uğrunda fədakar mübarizədə keçmişdir.
Tənqid, təzyiq, təqiblər onu ömrü boyu sadiq qaldığı məfkurəsindən,
əqidəsindən və amalından döndərə bilməmişdir. Xalqa xidmət etmək, onun
maariflənməsinə və beləliklə, tərəqqisinə nail olmaq Haşım bəyin həyatının
mənası, məğzi idi.
Xalq xadimi H.Vəzirovu sağdan da, soldan da, sağ ikən də, vəfat edəndən
sonra da «vurmuşlar». Sənətkarın böyüklüyü, xoşbəxtliyi ondadır ki, o tarixin,
zamanın sınaqlarına tab gətirir və ədəbi irsi ilə bir daha özünü təsdiq edir və
yaşadır. Azərbaycan sovet ədəbiyyatşünaslığında H.Vəzirov «daim ideya
tərəddüdləri içində olan, çox vaxt burjua məfkurəsi təsiri altında yazan tipik liberal
burjua ziyalısı» (Azərbaycan ədəbiyyatı tarixi: 3 cilddə, Bakı, 1960-cı il, II cild,
səh.414) kimi, yaxud buna bənzər ibarələrlə xarakterizə edilsə də, eyni zamanda
onun ədəbiyyat və mətbuat sahəsindəki xidmətləri ehtiyatla etiraf olunurdu: «1905-
ci il inqilabından sonrakı burjua və mütərəddid mətbuat sahəsində ən çox fəallıq
göstərən jurnalist və yazıçı Haşım bəy Vəzirov idi». Yaxud «Birinci dünya
müharibəsinin ilk günlərində liberal-burjua ziyalısı, məşhur ədib və mühərrir
H.Vəzirovun (1862-1916) redaktorluğu ilə «Məzəli» satirik jurnalı çıxırdı» (Mir
Cəlal, Firudin Hüseynov: XX əsr Azərbaycan ədəbiyyatı, Bakı, 1982, səh.48).
Azərbaycan Sovet Ensiklopediyasında H.Vəzirovun xidmətləri sadalanır,
eyni zamanda əlavə edilir: «Lakin ictimai-siyasi görüşlərində burjua millətçiliyi də
özünü göstərmiş, sinfi sülh ideyasının tərəfdarı və panislamist olmuşdur.
Şübhəsiz ki, bugünkü tələblər baxımından «Döymə qapımı, döyərlər
qapını», «Evlənmək su içmək deyil», «Xan-xan» kimi əsərlərin, yüzlərlə məqalə və
publisistik yazıların müəllifi, «Təzə həyat», «İttifaq», «Səda», «Sədayi-vətən»,
«Sədayi-həqq», «Kafkazest», «Məzəli» kimi qəzet və jurnalların redaktoru və
naşiri olmuş H.Vəzirovun irsi həm XX əsrin əvvəli Azərbaycan ədəbi həyatının
real mənzərəsini yaratmaq, həm də sovet ədəbiyyatşünaslığının qərəzli və bitərəf
mövqeyini dəyərləndirmək baxımından aktual və mühüm əhəmiyyətli tədqiqat
predmetidir. İstedadlı yazıçı-publisist C.Hacıbəylinin (Dağıstani) dönə-dönə, sevə-
sevə «fövqəladə insan», «nadir şəxsiyyət» və «xalq müəllimi» adlandırdığı
H.Vəzirovun 90 ilə yaxındır ki, bədii əsəri, kitabı çap olunmur. Bu boşluğu
doldurmaq istəyənlərə xatırladırıq ki, H.Vəzirovun «Döymə qapımı, döyərlər
qapını» adlı dörd pərdəli komediyası M.Axundov adına kitabxanada mikrofilmdə
mühafizə olunur.
H.Vəzirov Şekspirin «Otello» faciəsini və bir sıra başqa əsərləri ilk dəfə
Azərbaycan dilinə tərcümə etmiş, 1908-ci ildə «Qafqaz şüəranın məşhuru
64
M.P.Vaqifin ələ düşən əşarının məcmuəsi»ni (Bakı, 1908-ci il, «Təzə həyat»,
Kaspi mətbəəsi, 115 səh.) çap etdirmişdir.
Alovlu publisistin «İrşad», «Həyat» qəzetlərindəki sanballı yazıları
dövrünün qabaqcıl ziyalıları arasında böyük əks-səda doğurmuşdu. Ümumiyyətlə,
Haşım bəy Vəzirov onuncu illər ədəbiyyatı və mətbuatında nüfuzlu, qüdrətli söz
sahibi idi.
Arxivdə işlərkən istedadlı qələm sahibi, Azərbaycan ədəbiyyat və
mədəniyyətinin böyük təbliğatçısı və təəssübkeşi C.Hacıbəylinin (Dağıstani)
H.Vəzirovun vəfatı ilə bağlı «Kaspi» qəzetinin eyni nömrəsində çap etdirdiyi iki
yazısı diqqətimi cəlb etdi. Həmin yazıların oxucu və ədəbiyyatşünaslar tərəfindən
maraqla qarşılanacağını, aktuallaşdığını nəzərə alıb onu diqqətinizə təqdim edirəm.
Xalq xadiminin xatirəsi
Amansız ölüm Qafqaz müsəlmanlarının (azərbaycanlılarının – T.A.)
cərgəsindən bütün həyatını qəlbən sevdiyi xalqının tərbiyəsi və tərəqqisinə həsr
etmiş görkəmli ictimai və maarif xadimlərindən birini apardı.
Haşım bəyin öz xalqı qarşısında xidmətləri böyükdür. Təəssüf ki, mərhumun
sağlığında onun fəaliyyəti layiqli təhlilini və qiymətini almamışdır.
Hətta indi, Haşım bəyin ölümündən sonra belə, mərhumun öz xalqı
qarşısındakı xidmətlərini araşdırmaq, layiqincə dəyərləndirmək çətindir. Lakin
gələcəkdə Qafqaz azərbaycanlılarının həyatını araşdıracaq tədqiqatçı fakt və
materialları topladıqda Haşım bəyin adını xalq xadimlərinin siyahısında fəxri
yerlərdən birinə yazacaqdır.
Nəinki digər həmvətənlər arasında, hətta azərbaycanlılardan bir çoxları üçün
də Haşım bəyin adı qaranlıqda qala bilər. Onu olsa-olsa, kiçik bir qəzetin təvazökar
bir redaktoru kimi yada salarlar.
Lakin vaxt gələcək Haşım bəyin xidmətləri, öz xalqının maraqlarını,
mənafeyini qorumaq nöqteyi-nəzərindən rəngarəng, faydalı fəaliyyəti geniş kütləyə
məlum olacaq, o zaman onun adı tarixə düşəcəkdir.
Ola bilər ki, öz xalqının marağı məsələsində Haşım bəyin bəzən də ümumən
qəbul edilən prinsiplərdən fərqli öz mövqeyi, öz baxışları var. Lakin məhz bu
keyfiyyətləri, cəhətləri onun müstəqil, orijinal, yaradıcı istedad, zəngin zəkalı
natura olduğunu sübut edir.
Odur ki, heç bir opponent cəsarət edib onun öz xalqını sevmədiyini deyə
bilməz. Amma bu fikrin əksini hər kəs söyləyə bilər: Haşım bəy öz xalqının
fanatikidir və bu fanatik sevgi naminə o, hər cür fədakarlığa hazır olmuşdur, o, hər
cür fədakarlıq etmişdir.
Xalqına olan səmimi və hərarətli məhəbbəti sayəsində Haşım bəy özünün
son dərəcə böyük səyi, sözün həqiqi mənasında ecazkar enerjisi ilə, heç nəyi
olmadan və heç kəsdən təmənna ummadan yüksək mövqeyə çatmışdı. Xalq
mənafeyi tələb edərkən, o, tərəddüd etmədən bu mövqeyini qurban vermiş, şəxsən
65
dəhşətli məhrumiyyətlərə və əzab-əziyyətlərə məruz qalmışdı. Bu, mərhumun
ictimai-xəlqi fəaliyyətində keçid məqamı idi. Əvvəllər öz xalqına bir zəmində
fayda verdiyi halda, sonralar belə bir zərurəti hiss etmişdi ki, fəaliyyətini
dəyişdirməli, onu daha geniş, xalq şüurunun mərkəzinə, xalq hissiyyatının
həssaslıqla əxz etdiyi sahəyə bilavasitə yaxınlaşdırmalıdır.
Haşım bəyin bu yolda sərf etdiyi əmək və enerji sözün həqiqi mənasında
«fövqəladə insan» epiteti ilə səciyyələndirilə bilinər.
Daim tənha, başqa şəxsin köməyi olmadan, öz məğrur başını heç kəsin
qarşısında əyməyən, spesifik müsəlman, xüsusilə də Bakı həyatının «qaydalarına»
heç vəchlə uymadan mərhum bir çox illər ərzindəki ağır, məhrumiyyətli zəhmətdən
sonra öz məqsədinə çatırdı. O, eyni zamanda müxtəlif ictimai təşkilatlarda da
fəaliyyətini dayandırmır, xalqının ictimai hissiyyatına həssaslıqla və diqqətlə
yanaşırdı.
Möhkəm, demək olar ki, dəmir iradəli, tükənməz enerjili və sərbəst
xarakterli Haşım bəy Vəzirov bizim ictimaiyyətçi – xalq xadimlərimiz arasında
nadir şəxsiyyət idi. Onun bu ecazkar keyfiyyətləri, eləcə də həqiqətin keşiyində
duran heyrətamiz cəsarəti bizim üçün ibrətamiz örnək ola bilər.
Haşım bəy dünyasını dəyişdi, lakin onun enerjisi, onun iradəsi və
xarakterinin sərbəstliyi xalq mənafeyinə uzun müddət təmənnasız xidmət
nümunəsi olacaq. Mətanətlə qoruduğu ideyaları isə qəlbimizdə uzun zaman
yolgöstərən ulduz tək nur saçacaq.
«Kaspi» qəzeti, 1916-cı il, № 30
MÜSƏLMAN HƏYATI VƏ MƏTBUATINDAN
Haşım bəy Vəzirovun dəfni
Fevralın 5-də bütün gün müsəlmanlar (azərbaycanlılar – T.A.) mərhum
Haşım bəyin mənzilinə gəlmiş, ailəsinə dərin hüznlə başsağlığı vermişlər.
Fevralın 6-da Təzə-Pir məscidinin həyəti mərhumun xatirəsinə toplaşanlarla
dolu idi. Dəfn mərasiminin iştirakçıları Aşağı Təzəpir küçəsi ilə irəliləyirdilər.
Öndə «Ər-rəhman» surəsini oxuyan ruhanilər, onların arxasınca orta məktəb
müəssisələrinin təmsilçilərinin, «İttihad» uçilişi (mərhum bir vaxtlar həmin
məktəbin müdiri idi) nümayəndələrinin əhatəsində ziyalılar, tanınmış adamlar
irəliləyirdilər.
Namazdan sonra cənazə məscidə gətirildi və «Yasin» surəsi oxundu.
Dualardan sonra xalq məktəbləri Bakı-Dağıstan müdiriyyətinin təlimatçısı
S.M.Qəniyev xalq müəllimləri adından çıxış etdi.
O, mərhumu xalq müəllimi və pedaqoqu kimi xarakterizə etdi, onun xalq
maarifi qarşısındakı xidmətlərini yüksək qiymətləndirdi.
66
Sonra mərasim iştirakçıları Spask küçəsi ilə irəliləyərək «Sədayi-Qafqaz»
qəzetinin redaksiyası qarşısında dayandılar. Burada «Açıq söz» qəzetinin redaktoru
M.Ə.Rəsulzadə mətbuat nümayəndələri adından çox emosional çıxış etdi. O,
mərhumun ədəbi fəaliyyətindən ətraflı bəhs etdi. Göstərdi ki, bütün jurnalistlər
H.Vəzirovun cığırı ilə hərəkət etməli, başqalarının yardımı olmadan müstəqil
mətbuat yaratmalı və məhsuldar yaradıcılıqla məşğul olmalıdırlar.
Natiq bunlarla bərabər qeyd etdi ki, mətbuatın nümayəndələri mərhumun
xatirəsinə müharibədən əziyyət çəkən müsəlmanlara 50 manat yardım göstərirlər.
Bu zaman çıxışçı qeyd etdi ki, Haşım bəy «Səfa» maarifçilik cəmiyyətinin sədri
olarkən küçə uşaqlarını himayəyə götürmüşdü.
«Səfa» maarifçilik cəmiyyətinin nümayəndəsi təmsil etdiyi təşkilatın
adından bildirdi ki, mərhumun xatirəsinə 1 nəfər kimsəsiz uşağın tərbiyəsini öz
öhdəsinə götürür.
S.M.Qəniyev bildirdi ki, tacir Q.A.Rzayev mərhumun xatirəsinə ali təhsil
müəssisəsində iki təqaüd təsis edir.
Mərasim iştirakçıları bundan sonra mərhumun son vaxtlar təftiş
Komissiyasının sədri işlədiyi «Nicat» maarifçilik cəmiyyətinin yerləşdiyi
M.Muxtarovun evinə doğru irəlilədi. Burada Q.Axundov «Nicat» Cəmiyyəti
adından çıxış etdi. Natiq Haşım bəyin fəaliyyətini ictimai xadim kimi
dəyərləndirdi. Çıxışçı minnətdarlıq rəmzi kimi «Nicat» Cəmiyyətinin Haşım bəy
Vəzirov adına təqaüd təsis etdiyini bildirdi.
Daha sonra Bakının orta təhsil məktəblərinin nümayəndələri çıxış etdilər.
Onlar Haşım bəy Vəzirovun şagirdlərinin ana dilində təhsil alması üçün göstərdiyi
böyük mənəvi yardımdan minnətdarlıq hissi ilə danışdılar.
Buradan mərasim iştirakçıları Nikolayev küçəsi ilə İsmailliyə binasına –
Bakı müsəlman xeyriyyə cəmiyyətinə doğru irəlilədi. Burada M.Hacınski
mərhumun fəaliyyəti haqqında danışaraq qeyd etdi ki, o, Allahın hüzuruna əliboş
getmir, onun xalqın rifahı naminə işlədiyini deməyə haqqı var. Haşım bəy mətbu
sözün təsiri ilə əhalinin kasıb təbəqəsinin keşiyində durmuşdu.
Şəhər dumasının yerləşdiyi binanın qarşısında (rus-tatar məktəbində)
qanundan dərs verənlər adından Axund Molla Zəki danışdı və mərhumun ruhuna
dua oxudu. Daha sonra mərasim iştirakçıları Qırmızı Xaç küçəsi ilə yeni
qəbiristanlığa doğru hərəkət etdilər və mərhumun cənazəsini torpağa tapşırdılar.
Dostları ilə paylaş: |