Ceyhun Hacıbəylinin dini görüĢləri
XX əsrin əvvəllərində Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatında
baş verən təbədüllatları cəmiyyətdə cərəyan edən proseslərin inikası adlandırmaq
olar. Bütün sahələrdə həyat sanki qaynayır, çalxalanır, tərəqqi ilə tənəzzülün
mübarizəsi daha qabarıq forma alır, bəzən toqquşmalarla müşayiət olunurdu.
Din sahəsində baş verən dəyişikliklər daha aydın şəkildə özünü göstərirdi.
Əlbəttə, bunun səbəbləri çoxdur. Fikrimizcə, dində baş verən proseslərə təsir edən
amillər aşağıdakılardır:
- XX əsrin əvvəllərində Avropada və Rusiyada təhsil görmüş dünyəvi
ziyalıların yetişməsi;
- maarifçiliyə meylin artması;
-
qəzet, jurnalların kütləvi nəşri;
-
iqtisadi münasibətlər. Sənayenin inkişafı;
-
sinfi mübarizənin güclənməsi və s.
Heç şübhəsiz, xalqının tarixinə və taleyinə bütün varlığı ilə bağlı olan
C.Hacıbəyli ətrafında baş verən proseslərə biganə qala bilməzdi. Təsadüfi deyil ki,
gənc yaşlarından qələmə sarılan Ceyhun bəyin daha tez-tez toxunduğu
mövzulardan biri də din idi. Hələ 10-cu illərin əvvəllərindən o, mətbuatda,
xüsusilə, daha çox əlaqə saxladığı, əməkdaşlıq etdiyi «Kaspi»də dönə –dönə bu
mövzuya müraciət edir, islamın dəyərləri, qanunları, dini ayinlər haqqında, habelə
cəmiyyətdə dinin yeri və rolu barədə sanballı məqalələrlə çıxış edirdi.
«Quranın tərcüməsinə dair» adlı məqaləsində («Kaspi» qəzeti, 1912-ci il,
12 aprel, № 82) C.Hacıbəyli çox mühüm bir məsələyə toxunur. Müəllifin qəti
qənaətinə görə, «nöqsanlarımızın bir səbəbi Quranı hərənin bir cür şərh etməsi,
onun tərcüməsinin olmamasıdır». C.Hacıbəyli haqlı olaraq sual verir ki, əgər
Quranın tərcüməsi yoxdursa, müsəlman öz müqəddəs kitabının məzmununu necə
öyrənməlidir? Müəllif kinayə ilə cavab verir ki, bəlkə ərəb dilini bilməyən «qara
mollalardan?!». Quranın uzun müddət doğma dilə tərcümə edilməməsi cəmiyyətdə
bir sıra bəlalar yaratmışdır ki, xalq uzun illər ondan əzab çəkmişdir.
Quranın tərcümə edilməməsi, doğru-düzgün şərh olunmaması bəzən
bilməyərəkdən islamın özünün əleyhinə çevrilən fikirlər doğurur, digər tərəfdən,
nadanlıq, cəhalət, fırıldaqçılıq üçün münbit zəmin yaradırdı. C.Hacıbəyli yazırdı:
«Xalqa öz dilində təqdim olunan Quran, şübhəsiz, tədricən onun dünyagörüşündə
dəyişiklik edəcək». Çox təəssüflər ki, islamın böyük təəssübkeşi C.Hacıbəylinin bu
istəyi, arzusu illər uzunu həyata keçirilməmişdir. Xalq, millət. Elə islamın özü də
bundan ziyan çəkmiş, zərbələr almışdır.
42
İslama edilən yersiz hücumlar, bəsit şərh və təfsirlər də C.Hacıbəylini narahat
edirdi. Gənc publisistə görə dini hay-küylə müdafiə etmək mənasızdır və əks təsir
verə bilər. Dinə, onun tarixinə. İslamın qayda, qanunlarına dərindən bələd olmaq.
Sonra opponentlə hər cür mübahisəyə girişmək olar. Məhz, buna görə C.Hacıbəyli
tez-tez dini mərasimlər, onların qeyd olunması haqqında maraqlı məqalələr yazırdı.
Ceyhun bəy cəmiyyətdə hökm sürən cəhalət və cahilliyin, mövhumatın bir
səbəbini də dini savadsızlıqda görür və İslam ümmətini maarifləndirmək niyyəti ilə
çoxsaylı məqalələr çap etdirirdi.
«Mövlud» («Kaspi» qəzeti, 6 noyabr, 1995-ci il, № 248) «Ruhanilərin
ehtiyacı» («Kaspi» qəzeti, 20 noyabr, № 267; 3 dekabr , № 270; 8 dekabr № 274,
1915-ci il) adlı məqalələrini, habelə Ramazan, Qurban bayramları haqqında
yazılarını bu məqsədlə yazmışdır.
C.Hacıbəyli məhərrəmlik və aşura mövzusuna da dəfələrlə müraciət etmişdir.
Dövrün nüfuzlu qəzetlərindən sayılan «Kaspi»də dərc olunan «Məhərrəmlik
yaxınlaşır» (20 oktyabr, №223, 1915), «Aşura» (5 noyabr, №247, 1915),
«Məhərrəmlik günlərində» (12 noyabr №252, 1915) məqalələri bu gün də
aktuallığını itirməmişdir.
Mədrəsə və mollaların kifayət qədər olduğu Azərbaycanda məhərrəmlik və
aşura barədə dalbadal məqalə yazmağa Ceyhun bəyi nə vadar edirdi? Ən əvvəl
qeyd olunmalıdır ki, mövhumat və cəhalət tərəfdarları bəzən İslamı əldə bayraq
edir, ondan özlərinə sərfəli şəkildə yararlanmağa çalışırdılar.
Digər tərəfdən, bu mövzudan «ilhamlanan» qələm sahibləri, o cümlədən
«Molla Nəsrəddin» mollalara «hücumu» genişləndirirdi. Avropadan gələn
səyyahlar, tacirlər, jurnalistlər isə İslama bu ikili münasibətə «mat» qalır, öz
məqsəd və düşüncə ölçüləri ilə İslama qiymət verirdilər. Məhz belə bir dövrdə
C.Hacıbəylinin məhərrəmlikdən bəhs edən yazılarla mətbuatda çıxış etməsi çox
əhəmiyyətli idi. «Məhərrəmlik yaxınlaşır» məqaləsində müəllif məhərrəmliyin
tarixini oxuculara təqdim edir, azadlıq və qəhrəmanlıq simvolu olan imam
Hüseynin və onun 72 qohum və silahdaşlarının xatirəsinin anılmasını təqdir edir.
Lakin Ceyhun bəy bu zaman ifrata varılmasının, özünə işgəncə verərək
Qurana zidd hərəkətlərin edilməsinin qatı əleyhdarı kimi çıxış edir. O, yazır ki,
dindarlarımız və ziyalılar bu cür adətlərə qarşı amansız, barışmaz mövqe tutmağı,
özünə işgəncə verənlərə və onları şirnikləndirənlərə bu zərərli, ziyanlı ənənəyə son
qoymağın vaxtı çatdığını başa salmalıdırlar.
C.Hacıbəyli qeyd edir ki, ictimaiyyət mərsiyəxanlara, onların bəzən əks-təsirə,
əks-təbliğata çevrilən mərsiyələrinin məzmununa da fikir verməlidir. Qoy
mərsiyəxanlar əsl həqiqətdən, Kərbəla hadisəsinin mahiyyət və məzmunundan
bəhs etsinlər. Bu faciənin qəsdən şişirdilməsinə ehtiyac yoxdur, faktların
sadalanması kifayətdir. Əgər mərsiyəxan «gün 74 saat davam etdi», «Fərat öz
başlanğıcını göylərdən götürdü», yaxud «70.000 qanadı, başı olan əlli mələk»
deyirsə, bütün bunlar inandırıcı deyil və kiminsə qəlbinə şübhə toxumu səpir.
Məqalə müəllifinin fikrincə, mərsiyəxan çox böyük məsuliyyət götürüb,
«günahkar adam belə imamın xatirəsinə gözündən bir gilə yaş tökərsə, onun bütün
pis əməlləri bağışlanar» deyirsə, bunun nəticəsi çox zərərli ola bilər.
43
«Məhərrəmlik günlərində» məqaləsində müəllif Aşuradan sonra davam edən
mərasim və adətlər haqqında bəhs edir. Göstərir ki, həmin günlər toy, sünnət və
digər təntənəli mərasimlərin keçirilməsinə qəti yol verilmir. Məqalədə müəllifin
maraqlı, həm də mübahisəli fikirləri də var. O, qeyd edir ki, indiki vəziyyətdə uzun
müddətə mədəni həyatın dondurulması məqsədəuyğun deyil və yaxşı olar ki,
ikiaylıq məhərrəmlik mərasimi xeyli azaldılsın, daha münasib müddətdə tələblərə
riayət olunsun.
C.Hacıbəyli məqalədə əvvəlki illərə nisbətən mərsiyəxanların reallıqlarla
nisbətən barışdıqları, öz mərsiyələrində fantastik, tamamilə yersiz və artıq, əsassız
hay-küyə az yer verdiklərini qeyd edir və yazır ki, hər il 70 min qanadlı mələkdən,
div və cindən bəhs edən mərsiyəxanlar bu il maarifdən peyğəmbərimizin təhsillə
bağlı dediklərindən, bəzi müftəxor, tüfeyli dərviş və seyidlərin ikrah doğuran
hərəkətlərindən danışırlar. «Əsl Peyğəmbər övladı heç vaxt əlini açıb dilənməz»
yazan C.Hacıbəyli mərsiyəxanların bu mövqeyini təqdir edir.
Publisist yazır ki, bu il məhərrəmlik daha bir hadisə ilə əlamətdar olmuşdur.
Mərsiyə gecələrində müharibədən zərərçəkənlər üçün xeyli yardım toplanmışdır.
Beləliklə, müəllif göstərir ki, bu ilki mərasimdən iki nəticə alınmışdır: birincisi
odur ki, mərsiyəxanlar yalançı, fantastik hay-küydən əl çəkmiş. İmamı və onun
silahdaşlarını ləyaqətlə yad etmişlər, ikincisi isə zərərçəkənlər üçün xeyli pul
toplanmışdır.
C.Hacıbəyli məqalənin sonunda yazır: «Ümid edirik ki, gələcəkdə bizdə
imamın təziyyəsini ləyaqətlə saxlamağa nail olmaq üçün bu işlə məşğul olanlar
böyük həvəs və enerji ilə məhərrəmliyə aid problemi nizama salacaqlar».
C.Hacıbəylinin «Aşura» adlı məqaləsi bu mərasimin mahiyyət, məna və
həmçinin tarixini öyrənmək baxımından gözəl mənbə olmaqla yanaşı, həm də
aşuraya «yamaq vuranlara», əndazəni aşanlara, eyni zamanda aşura mərasimlərini
mətbuatda ifşa edənlərə tutarlı, dolğun cavabdır. «Aşura» məqaləsi geniş oxucu
kütləsi-ictimaiyyət üçün nəzərdə tutulub və təbliğat xarakterlidir. Ceyhun bəy bu
səpgili məqalələri yazmaqla mövhumat və cəhalət «xəstələrini» məlumatlandırır,
dindarlar arasında əsl həqiqətin ortaya çıxmasına çalışır.
Məqalədə müəllif yazır: «Min iki yüz yetmiş bir dəfədir ki, müsəlmanlar
insanın azadlığı və hüquqları uğrunda əzabla qətlə yetirilmiş imamın xatirəsini
ehtiramla yad edirlər». C.Hacıbəyli bu tarixin uzun müddət olmasına baxmayaraq,
adamların bu yası əvvəlki kimi zəifləməyən, azalmayan tərzdə saxlanılmasını
xüsusi qeyd edir və dərhal da yazır: «Əlbəttə, mən «yas» sözünü əsl mənada qəbul
edirəm; qəlbin yası, bədənin yox, daxili yas, nümayişkaranə yox!»
C.Hacıbəyli göstərir ki, imamın və onun 72 yaxınının əzablı ölümünə uzun
müddət (2 ay) yas saxlanılmasının səbəblərini araşdırmaq lazımdır. Axı, imamların
əksəriyyəti, elə İmam Hüseynin atası İmam Əli də qətlə yetirilmişdir. Onlara bir-
iki gün yas saxlanılır. Həm də bu zaman ümumxalq kədəri hiss olunmur. Deməli,
imam Hüseynin qətli ilə bağlı xalqın hafizəsinə və qəlbinə əbədi hakim kəsilmiş
daha təsirli hisslər hopmuşdur. Müəllif sual verir: «Bu hansı hisslərdir?». Sonra
yazır: «Bu bütün insanlar üçün həyatın o müqəddəs nemətidir ki, indi də
milyonlarla insan öz həyatlarını onun yolunda qurban verirlər.
44
Bu, insanın azadlığı, ləyaqət və hüququdur ki, bunların naminə imam Hüseyn
könüllü olaraq öz həyatını, uşaqlarının, qardaşlarının, qohum və yaxınlarının
həyatını qurban vermişdir».
Hakimiyyət hərisləri və qəsbkarların iradəsi və zorakılığı ilə yaşamaqdansa,
həlak olmağı üstün tutan imam bilirdi ki, onun hərəkəti despotizmə bir zərbə
olacaqdır. Beləliklə, imam Hüseyn özünün və yaxınlarının qanı ilə insanın azadlığı
və hüquqlarını əldə etdi. C.Hacıbəyli yazır: «Bax, Kərbəla faciəsinin əsl mahiyyəti
bundadır. Bu, bizlərdən çoxunamı məlumdur?». Müəllifin təəssüflə verdiyi və
məqaləni bitirdiyi bu sual oxucunu uzun müddət düşündürür və məhərrəmlik
mərasiminin, o cümlədən aşuranın məqsəd və əhəmiyyətini dərindən dərk etməyə
vadar edir. Tarixi hadisələrdən ibrət dərsi alan, azadlıq, müstəqillik və insan
hüquqlarını dəyərləndirmək əvəzinə özünə işgəncə, əzab vermək yolverilməzdir.
Məhərrəmliklə bağlı C.Hacıbəylinin müraciət etdiyimiz yazıları Azərbaycan
publisistikasının gözəl nümunələri olmaqla yanaşı, yazıldığı dövrdə də, bu gün də,
güman etmək olar ki, sabah da aktuallığını, əhəmiyyətini itirməyən əsərlərdir.
Onları toplayıb, tərcümə edib çap etmək bir çox cəhətdən faydalı olardı. Ən əvvəl,
burada məhərrəmliyin mahiyyət və tarixi mükəmməl araşdırılmışdır. İkincisi, dini
ədəbiyyat adı ilə adamlara sırınan zərərli, ziyanlı bəzi nümunələr öz-özünə aradan
çıxar. Üçüncüsü, məhərrəmlik və aşura zamanı qarşı əks-təbliğata rəvac verəcək
hərəkətlərə yol verilməz.
«Mövlud» («Kaspi», № 11-15 yanvar, 1915-ci il) adlı məqalə ilə C.Hacıbəyli,
bir tərəfdən, Məhəmməd Peyğəmbərin mübarək ad gününü qeyd edir, digər
tərəfdən, bu əziz gündə o, dindar qardaşlarını müharibədən əziyyət çəkən,
köməksiz adamlara, xüsusilə, Qars qaçqınlarına yardım etməyə çağırır. Yazır ki,
bizlərdən kimsə bu günü bayram kimi qeyd etmək istəsə, o zaman bizə pənah
gətirən qaçqınlara kömək etsin.
Ceyhun Hacıbəyli qələmi ilə həmişə millətin, dinin təəssübkeşi, müdafiəçisi
rolunda çıxış etmişdir. Bu mənada onun «Sərhəddə» adlı məqaləsi çox
ibrətamizdir. Məqalədən aydın olur ki, bir sıra Qafqaz qəzetləri İranla sərhəddə
yerləşən xristian əhalisinin silahlandırılmasını, yerli müdafiənin təşkilini
canfəşanlıqla təbliğ və müdafiə edirlər. «Həm rus dilində, həm də başqa xalqların
(ermənilər nəzərdə tutulur – T.A.) dilində çıxan bir sıra qəzetlər ali hakimiyyət
orqanlarını bu məsələnin müsbət həllinə çağırır, bu zaman onu əsas tuturlar ki,
İranın vəhşi tayfaları bizə hücum edən təqdirdə, sərhəd vilayətlərdəki xristian əhali
basqınçıların zərbəsinə məruz qalacaqlar». C.Hacıbəylini təəccübləndirən,
təəssüfləndirən həm də odur ki, Arazın o tayından gözlənilən təhlükəyə daha çox
məruz qala biləcək əhalinin həyəcanı «ba çalınan səslər arasında» eşidilmir.
Müəllif yazır ki, qəzetlərin xristian pərdəsi ilə təqdim etdiyi əhali əsasən
ermənilərdən ibarətdir. Onların yerləşdiyi yaşayış məntəqələri üçün heç yerdə real
təhlükə yoxdur. Bu kəndlərin əksəriyyət dağlarda yerləşir və ora getmək üçün
hökmən müsəlman kəndlərindən keçmək lazımdır. «Bax, bütün bunlar
silahlanmağa. Xristian əhalisini özünümüdafiəyə hay-küylə çağıran qəzetlərin
diqqətindən niyə yayınmışdır? Yoxsa, yenə «müsəlman həmrəyliyi» ifadəsi rəhbər
tutulur? Doğrudanmı, belə fikirləşirlər ki, münasib məqamda sərhədi keçən
şahsevənlər öz müsəlman qardaşlarının başlarını sığallayacaqlar?» C.Hacıbəyli çox
45
böyük cəsarətlə opponentlərinin mənfur niyyətlərini faş edir. Bu zaman o hay-
küydən, pafoslu ifadələrdən yox, ağlın, məntiqin, faktların gücündən istifadə edir:
«Hər hansı Qafqaz qəzetini götürün və sərhəd komissarlığının məlumatlarını
izləyin: şahsevənlərin hücumuna məruz qalan müsəlman kəndidir. Öldürülən
müsəlmandır. Əmlakı talan edilən müsəlmandır, mal-qarası sürülüb aparılan
müsəlmandır. Ən əvvəl yaxşı coğrafi mövqedə yerləşdiklərinə görə, ikincisi isə
xeyli yaxşı müdafiə işi görüldüyünə görə bu günə kimi erməni kəndlərinə heç bir
ziyan dəyməmişdir».
Müəllifin fikrincə, quldur üçün heç bir din, dil fərqi yoxdur. O, yolunun
üstündəki kəndin-xristian, ya müsəlman əhalisinin olduğunun fərqinə varmayacaq.
Onun bir şüarı var:
«Talan etmək». Quldurda başqa stimul, ideya axtarmaq ən azı sadəlövhlükdür.
Quldurların basqınında müsəlman «həmrəyliyi», «dözümsüzlüyü» axtarmaq ən azı
gülüncdür. C.Hacıbəyli böyük kədərlə yazırdı:
«Erməni-tatar qırğını zamanı qarışıqlıqdan istifadə edən şahsevənlər Arazdan
bu tərəfə keçmiş və Arazboyu kəndləri talamışlar. Hətta onların silahlarını da
almışlar. Budurmu, müsəlman həmrəyliyi».
Müəllifin qənaətinə görə, bütün deyilənlər onu göstərir ki, bəzi Qafqaz
qəzetlərinin söylədikləri təhlükə daha çox sərhəddəki müsəlman əhalisi üçün
realdır və ən əvvəl zərər çəkən onlar olacaqlar. Xristianları əslində təhlükə
gözləmir.
C.Hacıbəyli məqaləni belə yekunlaşdırır: Əgər ali hakimiyyət orqanları
sərhəddəki xristian əhalisinin silahlanmasına razılıq versə, həmin tədbir
müsəlmanlara da şamil edilməlidir. Yalnız bu şərtlə sərhəd əhalisinin
silahlandırması deyilən ideya məqsədə xidmət etmiş olardı.
Bu məqalə ilə Ceyhun bəy islam «fanatizmi», «həmrəyliyi», «dözülməzliyi»
ibarələri ilə hay-həşir salan, mətləbə dəxli oldu-olmadı islama hücum edənlərə
layiqi cavab vermişdi. Maraqlı və təqdirəlayiqdir ki, C.Hacıbəyli öz fikrində,
mövqeyində möhkəm, əməlində ardıcıldır. Toxunduğu mövzunu «taleyin
ixtiyarına» buraxmır. Mətbuatda və ictimaiyyətdə onun əks-sədasını izləyir. Lazım
gələndə mövzuya yenidən müraciət edir.
«Kaspi» qəzetinin 1915-ci il 6 mart tarixli 52-ci nömrəsindəki «Ordan-
burdan» adlı məqaləsində oxuyuruq: «Əgər oxucu xatırlayırsa, sərhəd əhalisinin
bir qismini silahlandırmağa həsr olunmuş məqalədə demişdik ki, şahsevənlərin
«panislamist» ideyasından qorxub əhalinin bir hissəsini silahlandırmaq, digər
hissəsini taleyin ixtiyarına buraxmaq sadəlövhlük olardı. Sanki mənim o vaxt
dediklərimi sübut etmək üçün qəzet səhifələri şahsevənlərin quldurluğundan bəhs
edən materiallarla doldurulmuşdur».
C.Hacıbəyli «müsəlman həmrəyliyi» deyə hay-küy qaldıranlara qəzəbli
suallarla müraciət edir: «Quldarlar öz qurbanlarını seçmişlərmi?». «Müsəlman
həmrəyliyi, onlarda öz dindaşlarının həyatına və əmlakına qarşı az da olsa,
mərhəmət hissi oyatmışdırmı?».
Daha sonra, müəllif öz fikrini faktlarla möhkəmləndirir. Aydın olur ki, bir gün
ərzində quldurların basqını zamanı müsəlmanlar 21 at, 1 samovar, 1 xalça, 1 yəhər,
4 qatır, 1 xurcun, 12 inək, 17 öküz, 4 çuxa, 4 arxalıq, 1436 rubl, 10 döyüş patronu,
46
6 dəvə, 1220 baş qoyun, 1 buzov, 60 pud un, 1400 rublluq zinət əşyaları, 6 keçi.
1818 rublluq digər əşya itirmişlər. Bir nəfər öldürülmüş, iki nəfər yaralanmışdır.
Bir mülk dağıdılmış, 10 desyatin meşə qırılmışdır. Məqalədə müəllif zərərçəkən
müsəlman kəndlərinin adını sadalayır. Aydın olur ki, zərərçəkən yaşayış
məntəqələri arasında erməni kəndi yoxdur. «İndi baxaq ki, xristian əhalisi nə qədər
zərər çəkib?
Şahsevənlərin basqın etdiyi bütün müddət ərzində yoldan keçən bir erməninin
60 rublluq malı qarət edilmişdir».
C.Hacıbəyli bütün faktları sadaladıqdan sonra nəticə çıxarmağı oxucunun
ixtiyarına buraxır: «İndi ədalət naminə oxucu hökm çıxarsın: sərhəd quldurlarından
daha çox kimin müdafiəyə ehtiyacı var?»
C.Hacıbəyli təkcə islamın cari problemləri ilə yox, həm də bu dinin tarixi,
digər dinlərlə münasibəti, dünya mədəniyyətindəki yeri və rolu barədə sanballı
məqalələr yazmışdır. Bu yazılarında müəllif təkcə öz mühakimələri ilə
kifayətlənmir, yeri gəldikcə Şərqin və Qərbin tanınmış din tədqiqatçılarına
müraciət edir. İslamın qüdrətli təəssübkeşi C.Hacıbəyli müsəlman qayda-
qanunlarını əxlaq və hüquq normalarını təftiş edən, yaxud qərəzli təhrif edənlərə
qarşı amansız mövqe tutur, özünün kəsərli dəlilləri ilə həqiqətin meydana
çıxmasına çalışırdı.
«Avropalılar islam haqqında» məqaləsində («Kaspi» qəzeti, 1913-cü il, 12
iyun, № 129) C.Hacıbəyli C.Filipatın «La Revue bleue» jurnalında «Nə üçün
fransızlar islamı öyrənməlidir» adlı yazısına münasibətini bildirir. Müəllif
məqalədəki «Avropalılar islamı kifayət qədər bilmir» fikrini təsdiqləyir və islama
münasibətdə bir sıra yanlışlıqların da yaranmasının səbəbini bunda görür. Qraf de-
Bulanvilin «Məhəmmədin həyatı» əsəri islamı dərindən öyrənmək baxımından
yaxşı mənbədir. C.Hacıbəyli oxucularını inandırır ki, yalnız islamı mənimsəməklə
həqiqəti ortaya çıxarmaq olar.
«Ərəblərin fəthi və hökmranlığı dövründə islam» («Kaspi», 6 noyabr 1915-ci
il, №248) adlı məqaləsi Ceyhun bəyin islamı dərindən mənimsədiyinə dəlalət edir.
Məqalədə qraf Anri de Kastrinin 1907-ci ildə çap olunmuş (dördüncü nəşr)
«İslam» adlı tanınmış əsərinin ikinci hissəsinin Qirey Metsxal tərəfindən fransız
dilindən ixtisarla tərcüməsindən danışılır. Bəri başdan deyək ki, müəllif
Q.Metsxalın bu təşəbbüsünü alqışlayır və başqalarını da belə təcrübələrdən
bəhrələnməyə dəvət edir. Q. Metsxal tərcüməyə yazdığı ön sözdə qeyd edir ki,
fransız müəllifinin toxunduğu bütün problemlər rus oxucusu, rus müsəlmanları
üçün böyük əhəmiyyət daşıyır. Çünki islamın cəmiyyətdə yeri və rolu barədə
xoşagəlməz fikirlər hakimdir, həm də onun digər dinlərlə o cümlədən, xristian dini
ilə münasibətləri haqda bəzən qeyri-obyektiv mülahizələr yürüdülər.
İslam yaranandan Avropada belə bir ədalətsiz fikir formalaşmışdı ki, guya bu
dinin yayılması üçün hakimiyyətdən və qılıncdan istifadə olunur. C.Hacıbəyli
təəssüflə qeyd edir ki, «müsəlman «dözülməzliyi» və «müsəlman fanatizmi»
ifadələri bu gün də bəzi publisistlərin səxavətlə işlətdikləri sözləridir. Bunu onların
öz vicdanlarının mühakiməsinə buraxaq. C.Hacıbəyliyə görə, çox hallarda «islam
fanatizmi», «həmrəyliyi» barədə rəy qəsdən, qərəzli yaradılır; sadəcə olaraq islam
barədə məlumatın azlığı buna şərait yaradır. Odur ki, vacib məsələyə islam-xristian
47
münasibətlərinə həsr olunmuş təşəbbüslər təqdir olunmalıdır. Müəllif əmin
olduğunu bildirir ki, bu mövzuda əsaslandırılmış, qərəzsiz yazılar islam barədə
cəmiyyətdə cərəyan edən pis fikirləri alt-üst edəcək. Ceyhun bəy hesab edir ki, hər
bir müsəlman ziyalısı da bu sahədə bacardığını etməlidir, hər kəs öz ətrafındakı rus
vətəndaşını xalqının həyatı, adət-ənəsi. İnancı, mənəviyyatı, tarixi ilə tanış etməyə
səy göstərməlidir. Əgər bunu öz qüvvəmizlə edə bilmiriksə, bacarmırıqsa, o zaman
əcnəbi müəlliflərdən bizim üçün daha əhəmiyyətli əsərlərini yaymağa çalışmalıyıq.
«İslam»ın Q.Mextsalın tərcüməsində təqdim olunan hissəsində əsas ideya
ondan ibarətdir ki, islamı və onun nümayəndələrini fanatizmdə, dözülməzlikdə
günahlandırmaq üçün heç bir əsas yoxdur. İslam barədə bu iradların müqabilində
müəllif islamçıların qeyri-müsəlmanlara qarşı xeyirxah, insani münasibətindən
misallar göstərir. İslamın yayılması tarixi belə nümunələrlə zəngindir.
İslamın qısa zamanda belə sürətlə yayılmasının başqa bir səbəbi islam
rəhbərlərinin böyük zəkası və bacarığıdır. Məhz bunun sayəsində islam az
müddətdə Şimali Afrikaya, Qərbi Avropaya ayaq açmışdır.
632-ci ildə Məhəmməd Peyğəmbər vəfat edəndə islam Ərəbistanın az
hissəsində yayılmışdı. «Lakin ilk islam rəhbərləri arasında nadir zəkaya və fitri
istedada malik olanlar çox idi» - bu fransız alimi Abbat de Brolinin qəti qənaətidir.
O yazırdı: «Məhəmmədə iman gətirənlər səmimi, cəsarətli, ağıllı və hissiyyatlı
adamlar idi. Bunlar Abu Bəkir və Ömər idi. Bu dözümlü, ədalətli, bacarıqlı, enerjili
iki ərəb nəhəng imperiyanı idarə etməyə qadir idi və onlarla mübarizə aparan
xristian imperatorlarından, xristian hökmdarlarından yüksəkdə dayanırdılar».
Başqa bir Avropa alimi Robertson özünün «V Karlın tarixi» əsərində yazırdı
ki, Məhəmmədə inam gətirənlər böyük ruh yüksəkliyi və ardıcıllıqla, dözümlülük
ruhu ilə prozelitizmin vəhdətini yaratmışlar.
Ərəblərin Suriya və Şimali Afrikaya yürüşləri Roma və Vizantiya
imperiyasının basqını ilə müqayisədə sülh məramlı olmuşdur. Bu zaman əslində
zorakılıq və qəddarlığa yol verilməyib.
C.Hacıbəyli əsərin daha aktual səslənən, dövr üçün zəruri hesab etdiyi
hissələrin şərhinə daha geniş yer verir və islamın bəşəri, humanist dəyərlərini
qabarıq göstərməklə, «müsəlman fanatizmi»nin, «dözülməzliyi»nin ideoloq və
təbliğatçılarına öldürücü zərbə vururdu. Müəllif məqalədə əsərin belə bir hissəsinə
oxucunun diqqətini yönəldir. Müsəlmanlar yürüş zamanı yollarına çıxan xalqlara
təkliflərlə müraciət edirdilər:
-
ya Quranı qəbul etməli;
-
ya öz din və adətlərini saxlamaqla vergi verməli;
-
ya da silahının gücünə arxalanmalı.
Nəzərə alsaq ki, imperiyalar tarixində amansız müharibələr, qırğınlar,
qəddarlıqlar, dağıntı və min bir cür digər fəlakətlər bir norma olmuşdur. O zaman
ərəblərin bu cür hərəkəti çox humanist görünər.
Quranda islamın dəyərləri, aliliyi, humanizmi, bəşəriliyi daha parlaq şəkildə
öz əksini tapmışdır. Bu müqəddəs kitabın başlıq və surələrindən bəzi nümunələri
misal göstərməklə deyilənləri təsdiqləmiş olardıq.
48
II surə, 256-cı ayədən: Dində zorakılıq yoxdur. Doğruluq azğınlıqdan aydın
fərqlənir. Hər kəs şeytanı və bütləri inkar edib, Allaha iman gətirərsə, o artıq ən
möhkəm bir dəstəkdən yapışmış olur.
VI surə, 108-ci ayədən: Allahdan başqalarına tapınları söyməyin. Yoxsa, onlar
da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.
XXV surə, 63-cü ayədən: Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə
təmkinlə, təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman onlarla gözəl,
yumşaq danışarlar.
Əgər bir tərəfdən, Şərq xalqları üçün ərəblərin yürüşü Vizantiya tərəfindən
onlara verilən fiziki, maddi və mənəvi məhrumiyyətlərdən azad edilməsidirsə,
digər tərəfdən, islamın sürətlə yayılmasını şərtləndirən amillərdəndir. Roma
imperiyasının despotizmini əvəz edən islam liberalizmi insanların qəlbində əbədi
yuva salırdı.
Məşhur fransız alimi Dozi yazırdı ki, ərəblərin hökmranlığının dinc dövrü
digər dinlərə ibadət edənlərə münasibətdə daha humanist xarakter daşımışdır.
Qeyri-müsəlmanlar zorakılıqla yox, məhz inama görə islamı qəbul etmişlər. Bu
münasibətlə II Ömərin yerli nümayəndəsi Xəyyamın ona yazdığı məktub çox
ibrətamizdir.
«Əgər Misirdə işlər bu cür davam etsə, heç şübhəsiz, bütün xristianlar bir
nəfər kimi islamı qəbul edəcək, bununla da dövlət onlardan xəzinəyə daxil olan
gəlirdən məhrum olacaq».
II Ömərin cavabı daha maraqlıdır:
«Allah Məhəmməd Peyğəmbəri öz elçisi kimi göndərib, dilənçi payı yığan
kimi yox».
İslamdan sonra, İspaniyada xristianlar, xüsusilə azad yaşamağa başladılar.
Avropada izlənən, təqiblərə məruz qalan yəhudilər xilafətdə təhlükəsiz sığınacaq
tapırdılar. Tarixdə belə təkzibolunmaz faktlar çoxdur.
C.Hacıbəyli islamı təhrif edənlərə, onu ədalətsiz hücumlarla gözdən salmağa
çalışanlara cavab olaraq, məqaləsini belə itirir: «Müsəlman fatehlərinin inama
dözümlülüyü müqabilində «xaç yürüşlərinin» qəddarlıq nümunələrindən misal
gətirsək, müsəlmanların zorakılıq və fanatizm daşıyıcıları kimi təqdim olunması ən
böyük və ciddi səhv olardı».
C.Hacıbəyli təkcə islamın tarixinə və müqəddəs kitab Qurana əsaslanaraq,
müsəlmançılığı müdafiə etmir, həm də dində baş verən dəyişiklikləri, ruhanilərin
problemlərini cəsarətlə mətbuat səhifəsinə çıxarır. Geniş ictimaiyyətlə öz fikir və
mülahizələrini bölüşdürürdü.
Bu mənada «Kaspi» qəzetinin üç nömrəsində (29 noyabr, № 267; 3 dekabr,
№ 270; 8 dekabr, № 274) dərc olunmuş «Ruhanilərin ehtiyacı» adlı iri həcmli
məqalə diqqəti xüsusilə cəlb edir. Məqalə belə başlayır:
«Bəzi istisnaları nəzərə almasaq, bizim jurnalistlər müsəlman ruhaniləri
haqqında çox amansız, sərt mövqe tuturlar. Onlar «cəhalət, qaranlıq elçilərini»,
«zərərli elementləri», xalqın ziyanlı instinktlərini qızışdıranları, elm və maarifin
yayılmasına qarşı duranları «yerlə yeksan edir», «biçirlər».
49
Bir sözlə, bizdə ruhaniləri söymək dəbdədir. Mollalar barədə hər hansı bir
müsəlmanla söhbət et, o mollaları bütün bəlaların mənbəyi, qatı düşməni
adlandıracaq.
Məsələ burasındadır ki, mollalar haqqında C.Hacıbəylinin qeyd etdiyi bu
ictimai rəy birdən-birə, əsassız yaranmamışdır. Bir tərəfdən, cəmiyyətdə Qərbin
uydurduğu «müsəlman fanatizmi», «dözülməzliyi» pərdəsi ilə islamla mübarizəsi.
Digər tərəfdən, xalqını bütün varlığı ilə sevən qələm sahiblərinin – M.Ə.Sabirin,
C.Məmmədquluzadənin öldürücü satirası, felyetonları adamlar arasında mollalar
barədə mənfi fikrin formalaşmasına xidmət etmişdir.
C.Hacıbəylinin fikrincə, ruhanilər haqqında xoşagəlməz rəyin əmələ
gəlməsinin bir səbəbi də, onların süstlüyü, soyuqluğu, fəaliyyətsizliyidir. Bunun
özünün də səbəbləri var. Başlıcası isə ruhani təhsili verən mütəşəkkil ali
müəssisələrin olmamasıdır. C.Hacıbəyli bu barədə – Bakıda ruhani seminariyasının
açılmasının vacibliyi haqqında hələ 1913-cü ildə «Kaspi»də yazmışdır. O vaxt da,
müəllif qeyd etmişdir ki, ruhani seminariyasının olmaması xalqın tərəqqisi və
maariflənməsi yolunda ciddi maneədir. Bu zaman C.Hacıbəyli həm də ona
əsaslanırdı ki, bizdə seminariyanın olmadığından, adamlar ruhani təhsili almaq
üçün İran və Türkiyənin müxtəlif şəhərlərinə gedirlər. Başqa həyat tərzi, yad mühit
onları öz xalqından uzaq salır. Belə tərbiyə və təhsillə geri dönən «mənəviyyat
ataları» xalqa necə fayda verə bilərlər? Amma xalqın öz içərisində yetişən ruhani
xalqın ideya və mənəvi ehtiyaclarını daha yaxşı bilər, xalqdan uzaq düşməzlər.
Məsələ burasındadır ki, Qafqazın ali ruhani nümayəndələri də seminariyanın
açılmasına ehtiyac olduğunu etiraf etməyə başlamışlar. Belə təhsil müəssisənin
vacibliyini Zaqafqaziya şeyxülislamı Abdusalam Axundzadə qeyd etmiş, ilk addım
kimi ali hakimiyyət orqanları qarşısında məsələ qaldırmışdı. Onlar razılıq versə də,
Şeyxin vəfatı bu işin davam etdirilməsinə mane olmuşdur.
Sonralar bu məsələ ilə şeyxülislam axund Pişnamazzadə məşğul olsa da,
vəsait çatışmazlığı ucbatından seminariyanın açılmasına nail ola bilməmişdir.
C.Hacıbəyliyə görə, vəsait tapmaq, vəqfin və məscidlərin yardımı ilə,
şübhəsiz, seminariya açmaq olardı. Müəllif göstərir ki, ruhanilərimizin kədərli, ağır
vəziyyətə düşməsinə seminariyanın olmamasından başqa səbəblər də var.
Qəzetin növbəti nömrələrindən birində verilmiş məqalədə bu səbəblərdən
bəhs etməzdən əvvəl, C.Hacıbəyli oxucunun diqqətini «Kaspi»nin 264-cü
nömrəsində Tiflisdən verilmiş bir xəbərə cəlb edir. Xəbərdə bir seminariyanın
açılması ilə bağlı görülən tədbirlərdən bəhs olunur. Göstərilir ki, ruhani və
dünyəvi şəxslərdən ibarət Komissiya Tiflis seminariyasının proqramını,
Nizamnamə və ştat cədvəlini hazırlamaqla məşğuldur. Komissiyanın qənaətinə
görə, seminariya iki yolla yarana bilər: ya müstəqil, ya da hansısa dini məktəbin
yenidən qurulması ilə. Komissiya ikinci yolu seçmişdir.
C.Hacıbəyli əmindir ki, Komissiyanın işinə Tiflisdən başqa Qafqazın digər
şəhərlərindən də ziyalı müsəlmanlar cəlb edilməlidir. Yalnız Tiflisin Komissiya
üzvlərinin iştirakı ilə indiki tələblərə cavab verə bilən dini mərkəzin açılması
müşkül məsələdir.
Xalqını, onun mənəvi, maddi dəyərlərini yüksək qiymətləndirən, tərəqqi və
maarif naminə yorulmadan çalışan C.Hacıbəyli ayrı-seçkiliyin, müxtəlif
50
təriqətlərin qərəzli mübarizəsinin qatı əleyhdarı olmuşdur. Təsadüfi deyil ki,
seminariyanın açılması ilə bağlı məsələlərdən bəhs olunarkən tez-tez «şiə»
sözünün işlədilməsi Ceyhun bəyi narahat edir. Böyük qələm sahibi yazırdı ki,
seminariyaya bütün müsəlmanların – həm şiələrin, həm də sünnilərin ehtiyacı var.
Seminariyanın açılmasına münasibət bu cür olsa, ruhanilərin tərbiyəsindəki
nöqsanları aradan qaldırmaq, Avropada islam barəsində yayılan qərəzli söz-
söhbətlərin qarşısını almaq olar.
Məqalənin sonuncu hissəsində (8 dekabr, № 274) müəllif ruhanilərin
vəziyyətini qeyri-qənaətbəxş olması səbəblərini izah etmək üçün, onların gəlir
mənbəyinin açıqlanması vacibliyini göstərir.
O yazır: «Ruhanilərin müəyyən gəlir mənbəyi yoxdur. Onlar təsadüflərin
hesabına yaşayırlar». C.Hacıbəyli təsadüflərin nədən ibarət olduğunu da qeyd edir
ki, oxucuda mollanın həyat tərzi, gəlir mənbəyi barədə tam təsəvvür əldə etsin.
Molla gözləməlidir ki, xeyir və ya şər məclisində kimsə ona müraciət edəcək,
yaxud yoldan ötən bir kəs uzun Ramazan gecəsində atasının ruhunu şad etmək
xəyalına düşəcək, ya da ki, məhərrəmliyin sonunda mərsiyəxandan sonra növbə
mollaya çatacaq. Bunlardan başqa həm də, pedaqoji fəaliyyətlə məşğul olan
mollalar da var ki, onun gəlirinə qəpik-quruş əlavə etmək olar.
C.Hacıbəyli göstərir ki, tək mollanın yox, ruhanilərin bütün təbəqəsinin, hətta
şeyxülislamın belə gəliri azdır.
İqtisadi çətinliklər istər-istəməz mollada da «yaşamaq uğrunda mübarizə»
şüarı ilə çalışmaq keyfiyyəti aşılayır. Təbii ki, belə vəziyyətdə ümumxalq
mənafeyinin şəxsi mənafeyə qurban verilməsi şansı çoxalır.
Molla təbii olaraq, məktəb açan elmə səsləyən dünyəvi ziyalıların timsalında
öz rəqibini görür. Ziyalıların əsl niyyətlərindən xəbərsiz mollalar mədəni-
maarifçilik işini onlara qarşı çevrilmiş akt kimi qəbul edirlər. Mollanın yaşadığı,
işlədiyi ərazidə məktəbin açılması, «mədrəsədən, axına səbəb olur ki, bu da, onun
cibinə zərbə vurur. Şübhəsiz, belə vəziyyət mollanı haldan çıxarır. Əgər molla
iqtisadi cəhətdən tam təmin olsaydı, heç şübhəsiz, minlərcə məktəbin açılması onu
qıcıqlandırmaz və «rus işqolu»nun ünvanına söyməzdi.
C.Hacıbəylinin fikrincə, vəziyyət bu cür davam etsə, kütləvi, mənəvi, fiziki
şikəstliklər baş verə bilər. Bu gün ruhanilərin iqtisadi təminatı birinci dərəcəli
əhəmiyyət kəsb edən məsələlərdəndir.
Bu, 1914-cü ildə keçirilmiş müsəlmanların qurultayında da qeyd olunmuşdur.
Böyük publisist ruhanilərin ehtiyacından bəhs edərkən çox vacib bir məsələni
də vurğulamışdır. Onun qənaətinə görə şəxsi və əmlak münasibətlərində müsəlman
ruhanilər də xristian ruhanilərə aid hüquq və imtiyazlardan istifadə etməlidirlər.
C.Hacıbəyli məqalənin sonunda ruhani dünyasında ediləcək dəyişikliklərin
rəhnini iki məsələnin təxirə salınmadan həll olunmasında görür: təlim-tərbiyə və
təminat.
Cəmiyyətdə bəziləri də mollaların iqtisadi mübarizəsinin dinlə elmin,
köhnəliklə yeniliyin, cəhalətlə işığın mübarizəsi kimi qiymətləndirir.
Göründüyü kimi, islamın mahir bilicisi və istedadlı qələm sahibi C.Hacıbəyli
ruhaniliyin mövcud problemlərini çox obyektiv şəkildə araşdırmış, çıxış yolunu
göstərmiş, bununla da, həm yalnız «ifşa etməklə» məşğul olan qafqazlı
51
həmkarlarını qınamış, həm də, Avropada «fanatizm», «dözülməzlik» kimi
ibarələrlə aləmə car çəkən ideoloqlara tutarlı cavab vermişdir.
C.Hacıbəylinin gənc yaşlarından islamdan bəhs edən yazılarını sonrakı
illərdə-xüsusilə, mühacirət dövründəki fundamental tədqiqatların bünövrəsi hesab
etmək olar.
Dostları ilə paylaş: |