Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.
Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər.
Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə bu yaş fərqinin olması tələb edilmir.
Valideynləri olan uşaq Ailə Məcəlləsinin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər.
123.1. Valideynlər valideynlik hüququndan məhrum edilmişlərsə və bundan 1 il müddət keçmişsə və ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur.
123.2. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamışlarsa, qəyyumluq və himayə qanunlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər.
Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə yerli icra hakimiyyəti orqanlarının qəyyumluq və himayə orqanlarının razılığı tələb olunur.
Valideynlərin övladlığa götürmə barədə məhkəmə qətnaməsi qəbul edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər.
Övladlığa götürülənlər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda tələb olunan belə rəy Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Övladlığa Götürmə Məcəllələri Komissiyası ilə razılaşdırılmışdır.
Ailə Məcəlləsinin 124-cü maddəsi «Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların (himayəçilərin), himayədar ailənin, uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin və uşaqların özlərinin razılığı»ndan bəhs edir.
124.1. Qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün qəyyumların (himayəçilərin) yazılı razılığı olmalıdır.
124.2. Himayədar ailənin öhdəsində olan uşaqların övladlığa götürülməsi üçün onların himayədar valideynlərinin yazılı razılığı lazımdır.
124.3. Tərbiyə, müalicə, ailənin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşən uşaqların övladlığa götürülməsinə həmin müəssisələrin rəhbərliyi yazılı razılıq verməlidir.
124.4. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq 124.1. -124.3.-cü maddələrdə göstərilən şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə edə bilər.
124.5. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə onun razılıq verməsi zəruridir.
124.6. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər.
Qanunverici orqan güman edir ki, 10 və daha çox yaşa çatmış uşaq, onun övladlığa götürülməsi barədə öz şəxsi fikrini ifadə etməyə qabildir.
Övladlığa götürmənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir.
Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı Ailə Məcəlləsinin 124.6.-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir.
Övladlığa götürmənin gizli saxlanması üçün övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyişdirilə bilər.
Övladlığa götürülmüş uşağın doğum tarixi uşaq 1 yaşına çatana qədər dəyişdirilə bilər.
Övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi məhkəmə qətnaməsində göstərilir. Məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər.
Ailə Məcəlləsinin 130-cu maddəsində «Övladlığa götürənin gizli saxlanmasından bəhs olunur.
130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur.
130.2. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumlar və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir.
130.3. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
Beləliklə, övladlığa götürmə nəticəsində aşağıdakı şəxslər arasında qarşılıqlı hüquq və vəzifələr əmələ gəlir:
a) Övladlığa götürülənlərlə övladlığa götürənlər arasında;
b) Övladlığa götürülənlərlə övladlığa götürənin nəsli (uşaqları, nəvələri) və övladlığa götürən arasında;
q) Övladlığa götürülənin nəsli və övladlığa götürənin qohumları arasında.
Dostları ilə paylaş: |