25
«BİZİ ÖLDÜR»—DEDİM
Səlimova Aidə Ələsgər qızı Araz Səlimovun həyat yoldaşıdır. O, əri Arazı, qayınları Fəxrəddini,
Mikayılı, qayınatası Bahadur kişini, qardaşı Təvəkkülü, bacısı Zərifəni Xocalı qırğınında itirmişdir.
həmin
dəhşətli günü Aidə belə xatırlayır:
— Fevralın 25-də Araz, Mikayıl, Fəxrəddin postda idilər. Gecə saat 11-də kənd hər tərəfdən atəşə
tutulurdu. Biz qaçıb zirzəmiyə doluşduq. Saat üçün yarısında qaynım Fəxrəddin gəlib dedi ki, ermənilər kəndə
doluşub, durun meşəyə gedək. Körpə uşaqlarımdan birini Fəxrəddin, birini onun həyat yoldaşı Almaz, birini də
mən götürdüm. Qayınatam Bahadur və qaynanam Nənəşlə birlikdə kəndin aşağısına tərəf endik. Burda çoxlu
arvad-uşaq, qoca vardı. Arazın səsini eşitdim. Deyirdi:— nə qədər atışsaq da,
[46-47]
qarşılarını ala bilmədik.
Ermənilər kəndə doluşdu. (həmin gecə o, olduğu postda üç erməni öldürmüşdü). Araz bizi çaydan keçirtdi.
Kürəyimdə uşaq olduğundan və qorxudan yeriyə bilmirdim. Araza dedim ki, ermənilər onsuz da bizi meşədə
qıracaq, uşaqları da, məni də özün öldür. O, diqqətlə üzümə baxdı. Sonra yerdən qar götürüb, üzümə sürtdü və
gülə-gülə dedi:
— Qorxma, heç nə olmaz. Ratsiya ilə Ağdama, hər yerə xəbər vermişik. Bizə köməyə gələcəklər.
Birtəhər uşaqları apar, biz silahlılar irəli gedib təhlükəsizliyinizi qoruyacağıq.
Biz ayaqyalın idik. Elşən və Nazim Əliyev qardaşları mənə uşaqları aparmaqda kömək edirdilər.
Naxçıvanik yoluna çatanda hava işıqlanmışdı. Yoldan «UAZ» markalı bir maşın keçdi və bizi müxtəlif
yerlərdən atəşə tutdular. Camaat pərən-pərən düşdü. BTR-dən atılan güllə icra hakimiyyəti başçısının anası
Məruzə Məmmədovanı öldürdü. Anam Əziz Ələkbərova iki yerdən yaralandı. Sürəyya Behbudova qızı Gülnaz
ilə bir yerdə həlak oldu. Bacım Zərifəni mənim yanımda vurdular. İki körpə ilə meyidi qucaqlayıb çığırdım:
— Ay camaat, kömək edin, bacımı öldürdülər! Bacımın iki uşağı və anam yaralı-yaralı sürünüb meyidə
çatdılar. Güllələr ara vermədən başımıza yağırdı. hamı qaçırdı. Biz isə bacımın meyidini qoyub getmirdik. Elə
bu vaxt Xocalı orta məktəbinin direktoru Vidadi Rəhimov bizi meyiddən araladı. Dedi ki, ölən ölüb, durun,
yoxsa, gəlib sizi diri tutacaqlar. Biz Qaraqayaya çatanda orda xeyli silahlı adam vardı. Onlar bizi görəndə
çağırdılar:— Qorxmayın, gəlin!—Biz sevindik. Elə bildik ki, bizimkilərdir, köməyə gəliblər. Məmməd adlı
sarışın bir oğlan bildirdi ki, getməyin, onlar ermənilərdir.
Haşiyə: Məmməd Hətəm oğlu Həsənabadda yaşayırdı. Hələ 1988-ci ildən ermənilərin təxribatına
təxribatla cavab verirdi. O Felmar Rzayevlə gecələr dəfələrlə Ballıca yoluna çıxmış və xeyli erməni
öldürmüşdü. Həsənabad idarəsinin partladılmasında fəal iştirak etmişdi. Bu partlayışda xeyli erməni qulduru
məhv olmuşdu.
Biz geri qaçanda onlar bizi atəşə tutdular. Taleh Quliyev, Əbülfət Əliyev, Tofiq Səlimov, Tofiq və
[47-
48]
Məmməd onlarla atışmağa başladılar. Biz böyürtkən şəlinin altından keçən bir su arxında gizləndik.
Saat beşə işləmiş Şelli döyüşçülərinin köməkliyi ilə mühasirədən çıxdıq. Döyüşdə Şellidən Xosrov adlı
oğlan və başqa üç nəfər həlak oldu.
Dostları ilə paylaş: