CİNS və GENDER Bioloji fərqlər əsasında müəyyənləşdirilən cinsdən fərqli olaraq, gender(ona həmçinin sosial cinsdeyilir) kişi və qadınların ictimai münasibətlər çərçivəsində (məsələn, ailədə, məktəbdə, iş kollektivində) formalaşan rol və vəzifələrini əhatə edir. Bu rollar və vəzifələr konkret cəmiyyətdə mövcud olan «kişi» və «qadın» sosial kategoriyalarının mahiyyətini təşkil edir. Digər mühüm sosial klassifikasiyalarla bərabər (ictimai sinif, irq, etnik qrup və sair), gender insanların cəmiyyətdəki mövqeyini müəyyənləşdirən əsas amillərdən biridir [6;5].
«Cins» və «gender» arasında olan fərqi daha aydın göstərmək üçün iki misala
müraciət edək. Uşaq doğmaq qadınlara aid olan reproduktiv bioloji funksiyası cinsin əlamətidir. Uşağın bəslənməsi və təlim-tərbiyəsi isə müxtəlif cəmiyyətlərin kişi və qadınlara aid etdiyi sosial funksiya olaraq gender anlayışına aiddir və ailədə və cəmiyyətdə gender əsaslı əmək bölgüsünün bir hissəsidir. Bioloji cins əlamətləri və funksiyaları sosial cinsin funksiyaları ilə müqayisədə daha stabildir. Məsələn, uşaq doğmaq funksiyasını yalnız «qadın» cinsinə aid olan insanlar həyata keçirə bilər. Gender və ya sosial cinsin xüsusiyyətləri tarixi dövrdən, spesifik iqtisadi, mədəni, sosial və ekoloji şəraitdən asılı olaraq daim dəyişməkdədir. Genderə aid təsəvvürlər təkcə zaman və məkanla dəyişmir. Eyni cəmiyyətdə insanların «kişilik» və «qadınlıq» xüsusiyyətləri haqqında təsəvvürləri konkret insanın yaşı, sosial mövqeyi, etnik qrupu, dini, ailə statusu və başqa faktorlardan asılı olaraq fərqlənir [10;25].
Digər sosial münasibətlər sistemləri kimi gender münasibətləri də müəyyən
güc balansına, hakimiyyət bölgüsünə əsaslanır. Bu güc balansı konkret cəmiyyətlərdə və cəmiyyət içərisində müxtəlif qruplarda kişi və qadınlara aid edilən qaydalar, qadağalar və gözləntilərdə öz əksini tapır. İctimai qaydalar və qadağalar kişi və qadınlar üçün fərqli davranış tərzlərini müəyyənləşdirir. Gözləntilər isə qadınların və kişilərin (qızların və oğlanların) həyatda nəyə nail olacağına dair ailə, icma, iş kollektivi və digər sosial mühitlərdə olan ümumi rəyləri əks etdirir. Evdən kənarda təhsil almaq qadağası 20-ci əsrin əvvəllərində Azərbaycan ailələrinin əksəriyyətində qızlara şamil edilirdi. O dövrdə yalnız bəzi ziyalı ailələrində qızların təhsilinə icazə verilirdi. Xalqımızın böyük maarifçiləri,məşhur yazıçıları və ictimai xadimləri M. F. Axundov, Y. V. Çəmənzəminli, Ə. Haqverdiyev, Ə. Ağayev, C. Məmmədquluzadə, H. Cavanşir, S. Axundzadə, Ş.Əfəndiyeva, N.Şıxlinskaya, H.Z.Tağıyev, M.Ə.Sabir, Ü. Hacıbəyov, C.Cabbarlı, Ö.F.Nemanzadə və başqaları Azərbaycanda qadın təhsilinin ictimai qadağalardan azad olması yolunda yorulmadan çalışmışlar.
Tarixi miqyasda kifayət qədər kiçik vaxt ərzində Sovet siyasəti (kollektivləşmə, təhsil islahatları, sənayeləşmə, şəhər əhalisinin artımı, ailə, qadın və nikah sahəsində qəbul edilən qanunlar və aparılan ictimai kampaniyalar) və İkinci Dünya Müharibəsi şəraitində cəmiyyətdə əmək bölgüsünün dəyişməsi gender münasibətlərinə ciddi dəyişikliklər gətirdi. Qadınlara tətbiq olunan bir sıra qadağalar bu dəyişikliklərin nəticəsində aradan qaldırıldı: qadınlar və qızlar təhsil almaq imkanını qazandı, oğlan və qızların ictimai sahədə mütəmadi olaraq ünsiyyətdə olması üçün şərait yarandı, qadınların müəllimlik sahəsində ixtisaslaşıb işləməsi kütləvi hal aldı. 2012-ci ildə Azərbaycanda təhsil müəssisələrində oxuyanların 47%-ni qızlar təşkil etmiş, təhsil sahəsində çalışanların mütləq əksəriyyəti (68%) qadınlar olmuşdu [13;10].
Müasir dövrdə qadınlara qarşı tətbiq olunan gender əsaslı ayrı-seçkilik, qadağalar və stereotiplər həm elmi sahədə, həm də ictimai müzakirələrdə və media səhifələrində geniş işıqlandırılır. Kişilərin rastlaşdığı gender əsaslı məhdudiyyətlər isə yalnız arabir müzakirə predmetinə çevrilir. Lakin bu demək deyil ki, müxtəlif cəmiyyətlərdə kişilər bu kimi problemlərlə üz-üzə gəlmir. Məsələn, ənənəvi patriarxal dəyərlərin hökm sürdüyü şəraitdə iqtisadi böhran üzündən “ailənin əsas təminatçısı” funksiyasını yerinə yetirə bilməyən kişilər ciddi mənəvi-psixoloji və sosial təzyiqlərə məruz qala bilər. Buna bənzər mühitdə həyatını ev işlərinə və uşaqların tərbiyəsinə həsr etməyə qərar verən kişi də ətrafdakıların qınaq və ya istehza obyektinə cevrilir.
Gender münasibətlərində ictimai və özəl sahədə baş verən dəyişikliklər əksər hallarda ağır və mürəkkəb prosesdir. Gender əsaslı güc balansının dəyişməsi ailədə, ictimai sahədə, iş yerlərində, hakimiyyət strukturlarında və bütövlüklə cəmiyyətdə mövcud olan mühüm iyerarxiyaları silkələyir. Özəl və ictimai sahədə qərar vermə proseslərinə yeni qüvvələr qoşulur, ənənəvi normalar pozulur, bu vaxta qədər qadağaları etirazsız qəbul edənlər öz haqqlarını tələb etməyə başlayır, mühüm ehtiyatlardan istifadə və nəzarət bölgüsü dəyişir. Müxtəlif sosial və iqtisadi şəraitdə gender bərabərsizliyi də fərqli formalarda özünü biruzə verir [19;79].
20-ci əsrin əvvəllərində ilk azərbaycanlı qadın-həkimlər kəskin ictimai qinaqla üzləşirdi. 1922-ci ildə Baki Dövlət Universitetinin Tibb Fakultəsinin məzunları arasında yalnız iki qız var idi. Qadınların bu sahəyə daxil olması cəmiyyətdə güclü etirazlara səbəb olmuşdu. Qadının evdən kənarda işləməsi, həkimlik sahəsində çalışaraq hər iki cinsdən olan insanlarla ünsiyyətdə olması o dövrün «qadın» sosial kateqoriyasına aid edilən qadağa və vəzifələrə zidd idi. Qadınların mütəxəssis olaraq evdən kənar əmək fəaliyyətinə görə pul qazanması və ictimai həyatda söz sahibi olması ailədə və cəmiyyətdə oturuşmuş hakimiyyət bölgüsünü pozurdu. İllər keçdi və hal-hazırda səhiyyə sektoru Azərbaycanda qadınların ən çox çalışdığı sahələrin birinə çevrildi. 2011-ci ilin sonuna səhiyyə və sosial xidmətlər sektorunda qadınlar 77,6%, kişilər isə 22,4% təşkil edirdi. 2005-ci ildə Azərbaycan Milli İnsan İnkişafı Hesabatı üçün keçirilmiş sorğu nəticələrinə əsasən respondentlərin əksəriyyəti həkimliyi qadınlar üçün ən münasib ixtisaslardan biri sayır. Lakin ümumi səhiyyə sistemində azlıq təşkil edən kişi işçilər rəhbər vəzifələrdə çoxluq təşkil edir.
Eyni peşə sahəsində, qurum, təşkilat və ya da şirkətdə bir gender kateqoriyasına aid insanların yuxarı, orta və ya aşağı vəzifələrdə cəmləşməsinə şaquli gender seqreqasiyası deyilir. Şaquli seqreqasiya cəmiyyətdə dərin kök salmış gender bərabərsizliyinin əlamətidir. Ümumi saya görə səhiyyə sektorunda azlıq təşkil edən kişi işçilərin rəhbərlik vəzifələrində cəmləşməsi bir sıra faktorlar nəticəsində əmələ gələ bilər: kadr siyasətində yazılmamış patriarxal qaydalar və stereotiplərin təsiri, iş rejimi və vəzifəyə aid tələblərin qadınların kişilərdən fərqli ailə vəzifələrini nəzərə almaması, qadınların öz profesional səviyyəsini artırmaq üçün olan imkanlardan istifadə edərkən məhdudiyyətlərlə üzləşməsi və s. Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti çərçivəsində dünya dövlətləri gender bərabərliyini və qadın hüquqlarını təmin edən bəynəlxalq konvensiyalara qoşulmuşlar. Bu sırada “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya (1995-ci il), IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platforması (1995-ci il) və Minilliyin Bəyannaməsi (2000-ci il) xüsusi əhəmiyyət kəsb edir. BMT-nin dəstəyi ilə dünyanın bütün bölgələrində dövlətlər öz milli qanunvericiliyində münasib dəyişikliklər etmiş və gender sahəsində iri miqyaslı proqramlar həyata keçirmişlər.
Azərbaycan Respublikasında kişi və qadınların hüquq bərabərliyi ölkənin 1995-ci ildə qəbul olunmuş əsas qanunu olan Konstitusiya tərəfindən təmin edilir. Konstitusiyanın 25-ci maddəsi kişi və qadınların bərabər hüquq və azadlıqlarını təsbit edir və insan və vətəndaşların hüquq və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edır. Kişi və qadın arasında hüquq və azadlıqlar bərabərliyi və cinsi mənsubiyyətə görə ayri seçkiliyin qadağan olunması Əmək Məcəlləsi, Ailə Məcəlləsi, Cinayət Məcəlləsində və digər qanuni aktlarda öz əksini tapır. 2006-ci ildə qəbul olunmuş “Gender bərabərliyinin təminatları haqqında” qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların yaradılması və gender bərabərliyinin təmin edilməsi idi. 2010-cu ilin oktyabrında Azərbaycan Respublikasının Milli Məclisi “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul etmişdir. Azərbaycan dövləti həmçinin gender bərabərliyi sahəsində bütün əsas beynəlxalq sazişlərə, o cümlədən CEDAW konvensiyasına, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına, Minilliyin Bəyannaməsi və Minilliyin İnkişaf Məqsədlərinə qoşulmuşdur.
Müasir zamanda istər dünya ölkələrində, istərsə də Azərbaycanda gender berabərliyinə önəm verilir. Bəzi dövlətlərdə dövlət xadimi olaraq məhz qadınların seçilməsi buna bariz nümunədir. Məsələn, Tarya Xalonen-Finlandiyanın Prezidenti, Pratibxa Patil-Hindistanın prezidenti, Meri Makelis-İrlandiyanın prezidenti, Elen Conson-Serlif- Liberiyanın prezidenti,Kristina Fernandes de Kirşner-Argentinanın prezidenti, Pratibxa Patil-Hindistanın prezidenti, Angela Merkel-Almaniyanin kansleri vəzifələrində çalışırlar [51]. Azərbaycanda isə buna ən bariz nümunə Mehriban xanım Əliyevadır. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun vəAzərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir.
Mehriban Əliyeva 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Aktiv ictimai fəaliyyətinə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətini geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb .
Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. 2004-cü il 10 mayda – Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir [50].
Onillik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır [51].
Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2012-ci il 8 dekabrda Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradıldı və onun sədri Mehriban Əliyeva təyin olundu. 21 yanvar 2016-cı ildə, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.
O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır [52].
Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Təbii ki, qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri olub. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində ilk addım atması Azərbaycan qadınının işgüzarlığının və intellektual potensialının aydın təzahürüdür.
M.Əliyeva zamanla müxtəlif titullar, təltiflər, mükafatlara laiq görülmüşdür.
UNESCO-nun xoşməramlı səfiri (13 avqust 2004-cü il);
Azərbaycanda “İlin qadını” (2005-ci il);
“Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni (9 iyun 2005-ci il);
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2005-ci ilin adamı” mükafatı (2005-ci il);
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı (2006-cı ilin mart ayı);
ISESCO-nun xoşməramlı səfiri (23 noyabr 2006-cı il);
Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin mükafatı (29 yanvar 2007-ci il);
“Qızıl ürək” beynəlxalq mükafatı (2007-ci ilin may ayı);
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (5 may 2009-cu il);
Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (14 sentyabr 2009-cu il);
Fransa Respublikasının “Şərəf Legionu” ordeni (15 fevral 2010-cu il);
UNESCO-nun “Qızıl Motsart” medalı (30 iyul 2010-cu il);
Krans Montana Forumunun Qızıl medalı (24 iyun 2011-ci il);
Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru (13 aprel 2012-ci il);
MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Birlik Ulduzları” dövlətlərarası mükafatı (13 aprel 2012-ci il);
Krans Montana Forumunun “Prix de la Fondation” mükafatı (29 iyun 2012-ci il);
Azərbaycan Kazaklar İttifaqının ali “Kazak şöhrəti” (“Kazatskaya slava”) mükafatı (2012-ci il);
Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatı (27 dekabr 2013-cü il);
Türk-Alman Dostluq Federasiyasının “Kübele” fəxri mükafatı (2014-cü ilin may ayı);
“The Business Year” jurnalının “İlin Birinci Xanımı” mükafatı (2014-cü ilin may ayı);
Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı (2014-cü ilin iyun ayı);
Rusiya Federasiyasının Həştərxan vilayətinin “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni (2014-cü ilin avqust ayı);
Küveyt Dövlətinin Fəxri diplomu (2014-cü ilin avqust ayı);
Azərbaycanda “Heydər Əliyev” ordeni 29 iyun 2015-ci il.