partlayırdı. Həmişə əsəblərini sakitləşdirmək üçün iki
stəkan tünd çay içərdi. Və bu iki stəkan tünd çay təkcə
onun ağrılarının səmmini almırdı, həm də yorğunluğunu
çıxarırdı. Üzünü çayxana tərəfə çevirəndə gözü qoz
ağacının altında dayanan və bayaqdan bəri baş verənləri
çaşqınlıqla izləyən yad bir adama sataşdı, yenə özündən
çıxdı...
... Olmurdu, nə qədər əlləşsə də göydən tökülən
odun-alovun içində bu dəli-dolu uşaqları əsl əsgərə
çevirmək, onlara hərbi nizam-intizamı aşılamaq mümkün
deyildi. Buna vaxt da yox idi. Bir tərəfdən də dəfələrlə
Müdafiə Nazirliyinə müraciət etsə də, uşaqlara təlim
downloaded from KitabYurdu.org
29
keçmək üçün batalyona peşəkar zabitlər vermirdilər. O da
gedib orta məktəbdəki hərbi dərs deyən müəllimləri
yalvarıb gətirmişdi batalyona. Əslində onların da çoxu
mütəxəssis deyildi, sadəcə olaraq orduda olmuş
adamlardı. Yenə sağ olsunlar, uşaqlara az-çox silahı
söküb-yığmağı, təmizləməyi, güllə atmağı öyrədə
bilirdilər.
Əvvəllər həyətə iynə atsan yerə düşməzdi. Bura
özünü göstərməyə, “mən də varam” deyə özünü gözə
soxmağa, uşaqlardan eşitdikləri döyüş səhnələrinin üstünə
beşini də qoyub gedib orda-burda öz adlarına çıxmağa
gələnlərin sayı döyüşənlərin sayından qat-qat çox olardı.
İmarət adlanan bu yer savaş başlayanadək
“Qarabağ” komandasının stadionu olduğundan adamlar
elə bil bir azdan başlayacaq futbola baxmağa gəlirdilər.
Komandir bunun qarşısını almaq üçün çox əziyyət
çəkmişdi, hətta üç-dörd dəfə bir-ikisini qapaz altına da
salmışdı, yenə öht olmurdu. Darvazaya növbətçilər də
qoydurmuşdu ki, heç kəsi içəri buraxmasınlar. Amma
yenə görürdün çəpərdən, hasardan aşıb gələnlər var...
- Növbətçi!
Növbətçi yüyürüb gəldi:
- Eşidirəm, Komandir!
- Bunu bura kim buraxıb?!
Növbətçi qorxa-qorxa dedi:
- Bakıdan gəlib. Yurnalistdi, sizi görmək istəyir.
downloaded from KitabYurdu.org
30
- Növbətçinin vəzifəsi nədi?
- Batalyonun həyətinə kənar şəxsləri buraxmamaq!
- Di get öz komandirinə de ki, səni bir sutka
qubbağa salsın.
Növbətçi:
- Oldu, Komandir!
Komandir:
- Bu jurnalistlər də elə bilir bura yel əsib qoz
tökülüb. Ay qardaş, bura qoz tökülmür ey, bomba tökülür,
bomba. Yaxşı, gəl görüm.
Getdi çayxanaya tərəf, Yurnalist də onun ardınca.
Çayxanadakılar dərhal qalxdılar, Komandir əli ilə işarə
elədi ki, əyləşin, stolların birinin üstündə dominonu
görüb:
- Onu yığışdırın! Kim domino oynamaq istəyirsə,
getsin xarabasında oynasın. - sonra üzünü tutdu
Yurnalistə;- Otur də, qolundan tutub oturadacam?
Bəlkə də həyatında ilk dəfə belə sərt qarşılanan
Yurnalist özünü itirmişdi, ehtiyatla oturdu. İki çaynik çay
gətirdilər, birini məxsusi Komandir üçün, birini də
qonağa. Komandir əvvəl qonağa, sonra özünə çay süzdü:
- Çayını iç. Bağışla dana, limonumuz yoxdu,
çölçülükdü, - dərhal da hiss elədi ki, yaxşı iş görmədi, hər
halda qonaqdı və bir də bu yazığın nə günahı,
gülümsəməyə çalışdı; - Fikir vermə. Günümüz belədi.
downloaded from KitabYurdu.org
31
Milləti əli yalın qoyublar ermənilərin qabağında aciz. Heç
kimdə hövsələ qalmayıb. Xoş gəlmisən. Eşidirəm.
Yurnalistin qıvrığı bir az açıldı:
- Sizdən müsahibə almaq istəyirəm.
- Dostum, o gün bir qəhbə gəlibmiş. Qırılan oğullar
qalıb bir tərəfdə, düşüb bu şəhərin küçələrinə, axtarıb
harda bağlı qapı var, onu çəkib. Dünən baxırdım, deyirdi
camaat qaçıb. Saçından tutub başını soxasan təzəyin içinə
ki, bəs bu ermənilərin qabağını kim kəsib? Hökumət?
Yoxsa sənin dədən? Kim qaçıb, ay qəhbə, hara qaçıb?! O
tində gördüyün məktəbdəki uşaqları Amerikadan
gətiriblər?! Olmadı də dostum, qoyun öldüyümüz yerdə
ölək. Erməni bir tərəfdən, hökumət bir tərəfdən, siz də bir
tərəfdən. Ə, ordan Qeyrət Dağarcığını çağırın. Hökumət
yoxdu. Var ey, özləri üçündü. Hökumət hökumət olsaydı
çoxdan arvad-uşağı burdan köçürərdi ki, rahat vuruşa
bilək. Adam qeyrətə nə qədər boğular?! Gecə
səngərdəsən, səhər gəlib görürsən qrad gəlib düşüb ev-
eşiyini dağıdıb, ailəni parça-parça eləyib. Sizi ana doğub,
bizi inək?! Sizinkilər uşaqdı, bizimkilər əcinnə?! Mən
özüm ha məcbur eləyirəm ki, uşaqlar arvad-uşağı
şəhərdən çıxarsınlar, çıxartmırlar, utanırlar. Deyirlər
ayıbdı. Qrad ayıba baxmır ey! Gecə burdaydın?
- Burdaydım.
- Qradı gördün?
- Gördüm.
downloaded from KitabYurdu.org
32
- Şalvarını batırmadın?
Gecə Dolu başlayanda ilk zərbədən ev necə
silkələndisə, elə bildi zəlzələ oldu. Yatdığı yerdən dik
atıldı, tumanpaça özünü pəncərədən bayıra tulladı. Ev
sahibi isə heç nə olmamış kimi sakitcə onun özünü
pəncərədən necə atmasına baxıb güldü. Əvvəlcə
uşaqlarını zirzəmiyə endirdi, sonra qayıdıb onun şalvarını
götürdü, düşdü həyətə və atdı üstünə:
- Ala geyin, ə! Ayıbdı. Ermənilər qəfil gələrlər,
biabır olarıq!
O da titrəyə-titrəyə soruşdu:
- Bu nədi?
- Kanfetdi, ermənilər atır.
Ev sahibinin özünü belə sakit aparması da onun
titrəməsini kəsə bilmədi. Ev sahibi gördü ki, yox, qonağı
çox pis qorxub, havalanmaq dərəcəsindədi. Gedib bir
çabba stəkan araq gətirdi:
- Ala iç! Ala, utanma. Biz də əvvəllər belə olurduq.
Arağı birbaşa çəkdi başına, soğanı da alma kimi
gəmirdi. Arağın havası onu bir az toxtatdı. Amma Dolu
kəsəndən sonra yenidən qayıdıb evə girməyə qorxdu,
oturdu həyətdəki kötüklərin birinin üstündə:
- Bəlkə bir stəkan da...
Ev sahibi gedib bir stəkan da araq gətirdi və gülə-
gülə dedi:
- Köpəyoğlunun arağı qradın dərmanıdı.
downloaded from KitabYurdu.org
33
İkinci stəkandan sonra özünə gəlib soruşdu:
- Bəs bu uşaqlardan qorxmursan?
- Niyə qorxmuram? Adam deyiləm? Arvada
deyirəm get kəndə, getmir, deyir səni qoyum hara gedim.
Uşaqlar da deyir anamız getmirsə, biz də getmirik. İndi
görürsən bu camaat nə çəkir?!
Gecəni yenidən xatırlayan Yurnalist dedi:
- Sözün düzü, bərk qorxdum.
Bu vaxt hərbi formanın içində itib-batan, əlində
tutduğu tüfəngdən iki-üç qarış böyük qarayanız bir uşaq
yaxınlaşıb əsgər salamı verdi:
- Yoldaş Komandir! Sıravi əsgər Qeyrət Dağarcığı
sizin əmrinizlə gəlib!
- Yaxın gəl! Bilirsən bunun neçə yaşı var? On beş.
Səngərdən çıxara bilmirəm. On dəfə qovmuşam, gedib
görmüşəm səngərdədi. Day indi qovmuram. Gedə
bilərsən.
- Oldu!- deyə Qeyrət Dağarcığı yenə əsgər salamı
verib çevrilib getdi.
- Bundan yazın dana! Yoxsa, axtarıb beş-altı bağlı
qapı tapıb çəkirsiniz, sonra da qəhbəşivən salırsınız ki,
camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka
verirsiniz ki, şəhər boşdu, qorxmayın?!
- Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm.
Komandir soyumuş çayını götürüb atdı yerə, yeni
bir çay süzdü, bir qurtum içdi, sonra sözünə davam elədi:
downloaded from KitabYurdu.org
34
- Get də! Get o həkimi tap, o binamusdan yaz. Yaz
ki, biri canını ver, biri də canını verən oğulun anasından
pul istəyir. Yox, bunları yazmassan. Bilirsən gedib nə
yazacaqsan?! Oğullar qalacaq qıraqda, bayaq gördüklərini
yazacaqsan. Yazacaqsan ki, cəbhəçilər quldurluq edir,
vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin
bunu istəyir.
Yurnalist başını buladı:
- Komandir, mən hökumət jurnalisti deyiləm.
Hökumət jurnalisti olsaydım, hökumətin yanına
gedərdim, bura gəlməzdim.
- Götür çayını iç. İncimə, həqiqət budu.
Oturmusunuz Bakıda, burdan xəbəriniz yoxdu. İnsanlar
dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir
yalan adama erməni gülləsindən pis dəyir. Dünən o
verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən
olmasam uşaqlar gedib onu studiyanın qabağında
sürüyəcəkdilər. Qaldı müsahibəyə... Bilirsən dostum,
müharibədə üç cürə adam var. Döyüşənlər, tank belində
şəkil çəkdirənlər, bir də müsahibə verənlər. Bu boyda
rayonda iki tank var, birini camaat pul yığıb alıb,
Qarağacıda qəbristanlığında ermənilərin qabağın kəsib. O
birini də Mütəllibov göndərib özününkülərə, guya biz
nemesik. Ağ Evin qabağındadı, ordakıları qoruyur. Şəkil
çəkdirənlər üçündü, istəyirsən get birini də sən çəkdir.
Bizim batalyondakılar döyüşənlərdi, şəkil yerini də
downloaded from KitabYurdu.org
35
göstərdim. Müsahibə verənlər də Ağ Evdədilər, bilyard
oynayırlar. Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri
qrad səsi eşitməyib. Elələri var heç Bərdədən bu tərəfə
keçmir, sürücüləri gəlib ezamiyyət vərəqlərini möhürləyib
gedir.
- Bunlardan xəbərim var.
- Xəbərin var, get yaz də, niyə yazmırsan? Dostum,
Nitşe deyir ki...
Nitsşenin adını eşidən Yurnalist - heç özü Nitsşeni
oxumamışdı, sadəcə adını eşitmişdi və bir də onu bilirdi
ki, Hitlerin ən çox sevdiyi filosof olub - təəccübünü
gizlədə bilmədi:
- Siz Nitşeni oxumusuz? Axı mənə dedilər sizin ali
təhsiliniz yoxdu.
- Ali məktəblərdə Nitşe keçirlər ki?! Bir də sənə
kim deyib ki, mənim ali təhsilim yoxdu? Var. Özü də
bilirsən müəllimim kim olub?! Bəy!
- Universitetdə oxumusuz?
- Hə! Altıncı kalonda, düz il yarım Bəy mənə dərs
deyib. Sonra biri Bəyin xətrinə dəydiyinə görə başını
soxdum tualetə, qovdular, getdim diplomu Kalımada
aldım. Nə deyirdim, hə. Qulaq as, Nitşe deyir ki, öləcəm,
məni bu torpağa basdıracaqsız, sonra bu torpağı mənə
görə daha çox sevəcəksiz. İndi biz nə qədər ölürük, sizlərə
bu torpağı sevdirə bilmirik ki, bilmirik! Gərək bu millətin
yarısı qırıla ki, bu torpağı sevəsiniz. Hələ onu da Allah
downloaded from KitabYurdu.org
36
bilir sevəcəksiz, ya yox! Nə isə... Bağışla, dostum, həm
başım ağrıyır, həm də işim çoxdu.
Komandir soyuduğundan bir az da tündləşmiş
qapqara çayı bu dəfə yerə atmadı, götürüb su kimi çəkdi
başına və qalxdı ayağa.
- İndi mənə müsahibə verməyəcəksiz?
- Niyə verməyəcəm, verəcəm, dostum.
- Bəs nə vaxt?
- İnşallah. Xankəndində!- dedi Komandir və üzünü
tutdu çayçıya;- O Şairi tapın, səhər buralarda sülənirdi.
Qonağı təhvil verin ona.
Kənarda dayanmış Şair bir az irəli çıxdı:
- Burdayam, Komandir.
- Ayıqsan?
- Komandir, bir baş ki sərxoş deyil, kəs tulla
dibindən. Zarafat eləyirəm, sənin qanununu pozub bura
sərxoş gəlmək olar?
- Deyəsən, ağıllanmısan. Yaxşı, qonağı sənə
tapşırıram.
- Baş üstə, Komandir. Gecə elə bizdə qalmışdı.
- Day denən taylı tayını tapıb ki! Dostum, sənə bir
söz də deyim, bilməmiş olmazsan, müharibə başlayanda
Səməd Vurğun yazırdı ki, bilsin ana torpaq, eşitsin Vətən,
müsəlləh əsgərəm mən də bu gündən. Bəs hanı bu günün
səmədvurğunları?
Hanı?
Hanı
rəsulrzalar,
süleymanrüstəmlər, qırılıblar?! Niyə gəlmirlər? O Lenin
downloaded from KitabYurdu.org
37
meydanında millət, Vətən deyib nənəm də bağırar! Bura
gəlsinlər ey, bura! Demirəm ha gəlib silah götürüb bizə
qoşulsunlar. Gəlsinlər görsünlər ölmüşük, qalmışıq.
Gəlsinlər bu kəfən geyinən uşaqlarla görüşsünlər, onlara
bir ürək-dirək versinlər...
Şair:
- Niyə, Komandir, gəlirlər.- dedi
və üç-dörd nəfərin adını da çəkdi.
- Aydın Məmmədovu deyirsənsə, o mənim xətrimə
gəlir. Türmədə bir yerdə yatmışıq. Sağ olsun, hərdən gəlib
bu uşaqların, elə də mənim başıma bir az ağıl qoyur.
Qaldı o biri saydıqların, onlar buralıdılar. Bilmirəm
ürəkləri yanır gəlirlər, yoxsa gəlirlər görsünlər hələ
evlərinə bomba düşüb, ya yox. Yaxşı, Allah amanında,
sonra görüşərik. Şair, gedin Bayatda Azərhüseynin
pavilyonunda bir tikə çörək yeyin. Qoy gecə də oralarda
qalsın, havayı bombaya qurban olmasın.
Şair:
- Baş üstə.
Yurnalist:
- Komandir, icazə ver, bir dəfə sizinlə döyüşə
gedim.
- Yox! Sən get qələminlə vuruş, dostum! Get bu
uşaqlardan yaz. Get nə istəyirsən yaz, amma kişi kimi
yaz, həqiqəti yaz. O qəhbəni də görsən denən bir də
downloaded from KitabYurdu.org
38
buralarda fırlanmasın, yoxsa verərəm bu qız görməmiş
uşaqların əlinə, çeynəyərlər.
Gedə-gedə Yurnalist Şairə deyirdi:
- Heyf, Bakıdan basa-basa bura gəldim, müsahibə
vermədi.
Şair:
- Ə, sən nə tupoy adamsan,ə. Bundan da gözəl
müsahibə olar?!
Pələng Komandirin bir az yumşaldığını görüb getdi
ardınca:
- Komandir!
Komandir ayaq saxlamadan:
- Eşidirəm.
- Komandir! Bir qələtdi eləmişəm. Denən silahımı
qaytarsınlar. Mənim də maşınım yoxdu ki, satıb silah
alım.
Komandir dayandı, üz-gözündən peşmançılıq
tökülən Pələngə baxdı - bu uşaqlar nə tez qocaldılar.
Müharibə bu cavanları günbəgün yox, aybaay qocaldırdı.
Bəxtləri gətirib onlara dəyməyən güllələr ruhlarına,
sevgilərinə dəyirdi, arzularına dəyirdi. Və özləri də
bilmədən sevgiləri də ölmüşdü, arzuları da, ruhları da.
Bircə sabaha olan ümidləri ölməmişdi, o ümidli sabahları
ölümdən qurtarmaq uğrunda vuruşurdular. Hər döyüşdən
salamat çıxmalarını qənimət bilirdilər. Deyirdilər, nə
yaşayırıq, nəfə yaşayırıq. Hər gün nəfə yaşayan, dünyada
downloaded from KitabYurdu.org
39
sabaha ümidindən və əlindəki silahdan başqa heç nəyi
qalmayan bu cavanın silahını əlindən almaq çox ağır idi.
Bu qocalmış cavan gecələr qız qucaqlayıb yatmırdı,
silahını qucaqlayıb yatırdı. Könlünü almaq üçün əlini atıb
Pələngin saçından yapışdı və mehribancasına dedi:
- Yaxşı! Sabah baxarıq! İndi ayrı bir məsələni həll
elə. Həkim nə qədər pul istəmişdi?
- Min manat.
Komandir cibindəki pulları çıxarıb saydı, altmış beş
manat idi, on beşini qaytarıb qoydu cibinə, əllisini verdi
Pələngə:
- Ala bunu, özümüzünkülərə də de, kimdə nə var
yığsınlar, göndərin. Elə verin o jurnalist aparsın.
Komandir özümüzünkülər deyəndə şəhər uşaqlarını
nəzərdə tuturdu. Şəhər uşaqları müharibə başlayanadək
heç də at belində olanlardan pis yaşamırdılar. Evləri-
eşikləri, maşınları. Kiminin çayxanası vardı, kiminin
mağazası, kiminin də restoranı. Çayxanası, dükanı
olmayanların da hardan, necə qazandığı ilə maraqlanmaq
da ayıb sayılırdı. Özlərini oda-közə vurub qəşəng
qazanmağı da bacarırdılar, qəşəng yaşamağı da. Çoxu
alver ilə məşğul idi. Moskvadan vurub Kiyevdən
çıxırdılar, Kiyevdən vurub Riqadan. Son zamanlar əllərini
Polşaya da uzatmışdılar. Dünyanın malını daşıyırdılar bu
şəhərə. Hətta Moskvada tapılmayan şeylər də bu şəhərin
downloaded from KitabYurdu.org
40
bazarında tapılardı. Söz gəzirdi ki, Dünyanın Bu Ən Varlı
Şəhərinin bazarında atom bombası da satılır.
Uşaqlar da zarafatla deyirdilər:
- Bombamız var ey, müştərisi olmadığından üzə
çıxarmırıq.
Amma müharibə hər şeyi alt-üst elədi. Day pul
qazanmaq haqqında düşünən yox idi, day restoranlarda
şampan partlatmırdılar, day kimsə Moskvadan gətirdiyi
“Mersedes”lə forslanmırdı. Day dünyanın malı bu şəhərə
daşınmırdı. Moskvadan vurub Kiyevdən, Kiyevdən vurub
Riqadan çıxan uşaqlar əllərindəkini-ovuclarındakını silah-
sursata verib iki il idi oturmuşdular səngərlərdə. Kisədən
yeyirdilər. Bu kisə də dibsiz deyildi.
Hökumətin bütün hədələrinə baxmayaraq, şəhərin
imkanlı adamları bu könüllü batalyonlara kömək
edirdilər. Amma bu qədər könüllünü yedirdib-içirtmək,
silah-sursatla təmin eləmək bir şəhərin gücündə deyildi,
dünyanın nə qədər varlı şəhəri olur-olsun. Əllərində ovuc-
ovuc qızıl Gəncədə Şerbakın qapısında növbəyə
dururdular ki, BTR cəhənnəm, bəlkə heç olmasa bir şilka
ala bildilər. Dünyanın bu Ən Varlı Şəhəri Şerbakı
dünyanın ən varlı generalına çevirmişdi. Qızıl su
qiymətinəydi, bir pulemyota bir ovuc qızıl verirdilər. Bu
şəhərə bir avtomat gətirib bir maşın aparmaq olardı.
Evlərdə gəbə-xəli qalmamışdı - bir ov tüfəngini, lap
təklülə olsun, bir xalçaya dəyişirdilər. Bir kisə patron ver,
downloaded from KitabYurdu.org
41
bir gəbəni götür get. Bu bostanı uralamaq üçün hər yerdən
tökülüb gəlirdilər, hətta Gürcüstandan belə. Maşın-maşın,
özü də insafsızcasına daşıyırdılar. Daşıyırdılar Dünyanın
Ən Varlı Şəhərinin var-dövlətini Tanrı bilmirdilər,
peyğəmbər bilmirdilər, soğan kimi soyurdular Dünyanın
Ən Varlı Şəhərini.
Bu camaat həm soyulurdu, həm qırılırdı, həm də
lağ yeriydi:
- Nə oldu, ə! Yekə-yekə danışırdız?! İndi
ermənilərlə bacarmırsız!
Soyulmağa, qırılmağa birtəhər dözmək olurdu,
amma bu lağa yox. Bu lağ camaata erməni gülləsindən pis
dəyirdi.
Başqa bölgələrdən qeyrətə boğulub gələn
könüllülərdən savayı, xalqın çoxu bu müharibəyə
Ermənistanın Azərbaycana müharibəsi kimi deyil,
Ermənistanın Dünyanın Ən Varlı Şəhəri ilə müharibəsi
kimi baxırdı.
Və indi Komandir çox gözəl bilirdi ki, özününkülər
də daha əvvəlki kimi deyil, çoxu quru yurdda qalıb, şillə
ilə üz qızardırlar, amma başqa çarəsi də yoxuydu. Gəlmə
könüllülərdən pul istəmək ayıb olardı, onsuz da kasıb-
kusub
uşaqlarıydılar.
Onlara
da
kimsə
silah
bağışlamamışdı. Onlar da əllərindəkini-ovuclarındakını
satıb
almışdılar
bu
silahları.
Vəziyyəti
yaxşı
bildiklərindən hətta son zamanlar yemək-içməklərini də
downloaded from KitabYurdu.org
42
özləri ilə gətirirdilər ki, yerli camaatın boğazına şərik
çıxmasınlar.
Komandir də buna çox pərt olurdu:
- Adam xəcalət çəkir. Həm gəl burda vuruş öl, həm
də yeməyini özünlə gətir.
Komandir gəlmə könüllülərin çoxunu bir az
imkanlı ailələrə qonaq vermişdi. Onlar da bu könüllüləri
öz balalarından ayırmırdılar:
- Qeyrətinizə qurban olaq!
Komandir pulu Pələngə verəndən sonra aralandı.
Amma üç-dörd addım atandan sonra nə fikirləşdisə
dayandı:
- Bura gəl! - barmağındakı nişan üzüyünü də
çıxarıb verdi Pələngə. - Birdən çatmaz, bunu da qoy
üstünə.
***
At Belində Olan Adam kabinetinə girən kimi gördü
Katibin telefonu yaxasını cırır, yüyürüb dəstəyi qaldırdı:
- Eşidirəm, yoldaş Katib!
- O nədi, ə?! Eşitdim cəbhəçilər şalvarını
çıxarırmış...
- Yoldaş Katib...
- Gərək çıxaraydılar. Boğazına bir çatı sal də! Min
manat puldu, ə?! Camaat canını qoyur. Gəlib bu şəhərdən
milyonlar qazanmısan, indi o milyonlardan bu camaata
downloaded from KitabYurdu.org
43
beş manat xərcləməyə canın çıxır. O qurumsaq
Polyaniçko istəyəndə yüyürə-yüyürə aparırsan.
- Yoldaş Katib, vallah...
- Sözümü kəsmə. Deyəsən qulağına səs dəyib, mən
hələ bu rayonun katibiyəm. Hah eləyib məni çıxardanacan
səni elə günə qoyaram itə də əppək borcun qalar. Yüz min
pul götür get Gəncəyə, o Şerbak oğraşdı, nədi, onun
adamlarına ver, özüylə danışmışam, şey-şüy verəcəklər,
gətir payla batalyonlara. O goreşən buxalterin var ey, ona
da tapşır aparsın hər batalyona on-on beş min pul versin.
Kolbasa-çörək yeməkdən bağırsaqları quruyub.
- Baş üstə, yoldaş Katib! Baş üstə...
Katib dəstəyi asmışdı.
Düşdü kresloya, elə bil üstündən tank keçmişdi,
əzik-əzik olmuşdu, bütün bədəni ağrıyırdı. İnkir-minkirin
dəyənəyini sağlığında dadmışdı, gedib o dünyada
cəhənnəmi görüb gəlmişdi. Düzdür, Drakonun uşaqları
ondan əvvəl də at belində olan adamları çarmıxa
çəkmişdilər, amma day belə təhqir eləməmişdilər. Bu
təhqiri yemək mümkün deyildi. Necə olur-olsun ya qisas
almalıydı, ya da baş götürüb bu şəhərdən getməliydi.
Amma baş götürüb bu şəhərdən getmək də məsələni
çürütmürdü. Qisasını almasa bir kişi kimi ömrünün
sonunadək bu dərd onu əzəcəkdi, bəlkə də üzəcəkdi. Özü
cəhənnəm, onu qorxudan Bakıda yaşayan oğluydu.
Uşaq bir-iki dəfə atasına demişdi:
downloaded from KitabYurdu.org
44
- Ata, ayıbıma gəlir, istəyirəm nazirin adına bir
raport yazıb iş yerimi dəyişib gəlim sizdəki milis
batalyonuna.
O da bərk hirslənmişdi:
- Qələt eləmə, otur yerində. Mən burdayam, bəsdi!
İndi uşaq xəbər tutanadək bu məsələni yoluna
qoymalıydı. Yoxsa oğlu atasının belə alçaldılmasına
dözməzdi, bu işə qarışardı. Bu da At Belində Olan Adama
lap baha başa gələrdi.
Fikirləşə də bilmirdi, başı şişmişdi. Qalxdı
soyuducudan bir araq çıxartdı, nə illah elədi butulkanın
ağzını aça bilmədi, baş barmağını zədələdi və hirsindən
butulkanı çırpdı yerə, qayıdıb yayxandı kresloya,
düyməni basıb Baş Mühasibi çağırdı.
Baş Mühasib ayaq altındakı butulka qırıqlarına
təəccüblə baxıb soruşdu:
- Müdir, nə olub?
- Canına azar olub. Ordan bir araq çıxart.
Baş mühasib soyuducudan bir araq çıxartdı,
səliqəylə ağzını açdı və stolun üstündəki stəkanlardan
birinə süzüb qoydu onun qarşısına:
- Evdən yaxşı kotlet gətirmişəm.
- Heç nə lazım deyil. - dedi və stəkanı götürüb
çəkdi başına, bir siqaret çıxartdı. Qoymadı Baş Mühasib
yandırsın, özü yandırdı. - Bura bax, ordan yüz min pul
gətir. Öyrən gör bu xarabada neçə könüllü batalyon var.
downloaded from KitabYurdu.org
45
Apar onların hərəsinə də bir on beş min pul ver. Bir də o
cəbhəçi oğlan var ey, adını bilmirəm. Dədəsi də bizdə
işləyirdi, Pələng deyirlər, nə deyirlər, mən bilən o siznən
qonşudu...
- Bəli.
- Xətrini-zadı istəyir, ya yox?
- İstəyir.Cəbhəçi olduğuna baxma, pis uşaq deyil.
Nə lazımdı ki?
- Gecə gələcəm sizə, onu çağırarsan. Bir balaca
söhbətim var. Amma onların batalyonlarına pul aparma.
Dilxorçuluq edərlər. Sonra özüm bir şey göndərərəm. Di
get işlərlə məşğul ol.
Baş mühasib çıxdı.
At Belində Olan Adam bir yüz də süzüb çəkdi
başına və dedi:
- Eybi yox, sən Drakon ol, mən də mən!
***
Komandir
bölük
başçılarını
yığıb
bütün
göstərişlərini verəndən sonra postları yoxlamaq üçün
qərargahdan çıxdı. Pələng dayanmışdı qapının ağzında.
- Bir şey yığa bildin?
- Üzüyü də hesablasaq yeddi yüz manat.
- Get Rəisin yanına, denən mən göndərmişəm,
qalanın da ondan al, qoy üstünə, göndərin getsin.
- Komandir...
- Pələng, pulu göndər, get yat. Sabah danışarıq.
downloaded from KitabYurdu.org
46
- Oldu, Komandir!
***
Pələng evə girəndə onun əzilmiş sir-sifətini görən
anası çaşdı.
Hər səhər döyüşə yolladığın övladı evə dönənədək
ürəyi səksəkədə yol gözləmək əvvəllər çox ağır idi.
Uşaqlar salamat qayıdanadək bağır-övkələri ağızlarına
gəlirdi, gedib o dünyanı görüb qayıdırdılar. Gün ərzində o
qədər nəzir-niyaz deyirdilər ki, ev-eşiklərini satsalar da
Tanrıya borclarını ödəyə bilməzdilər. Amma sonralar bu
adiləşdi və analar Doluya öyrəşdikləri kimi buna da
öyrəşdilər. Hətta o qədər öyrəşdilər ki, elə bil övladlarını
səhər-səhər güllə ağzına deyil, keçmişdə olduğu kimi işə
göndərirdilər. Üzlərini də məcbur qırxdırırdılar ki, belə
əsgər olmaz.
Bu şəhərdə hər şey adiləşmişdi, hətta ölüm də.
Ölüm bir olardı, beş olardı, yüz olardı... Məsciddə tabut
düzəltməyə taxta çatmırdı. Çoxdanıydı dəm-dəsgahlı -
bəli-bəli, Dünyanın Ən Varlı Şəhərinin yas mərasimləri
də dəm-dəsgahlı keçirilirdi - yas mərasimləri də yox idi.
Ölənləri məsciddə yuduzdurub, bəzən heç yuduzdurmaq
da mümkün olmurdu, elə paltarlı-paltarlı kəfənləyirdilər,
ordan birbaşa aparırdılar şəhid qəbristanlıqlarından birinə,
dəfn eləyib qayıdırdılar. Nə üç verilirdi, nə yeddi, nə qırx
- bircə günlük qurulmuş mağarda bir stəkan çay içib ölü
sahibinə, ölənin silah dostlarına başsağlığı verib
downloaded from KitabYurdu.org
47
dağılırdılar. Nə ehsan verməyə vaxt vardı, nə də mağarda
oturub mollaya qulaq asmağa. Çox vaxt heç molla da
çatışmırdı. Bu şəhər də məhvərindən çıxmış dünya kimi
öz məhvərindən çıxmışdı.
Və mollası çatışmayan bu şəhərdə hər gün səhər-
səhər güllə ağzına işə göndərdiyi oğlunu bu sir-sifətdə
görən ana hürkümüş halda soruşdu:
- Buy! Allah məni öldürsün, bu nə sir-sifətdi, ay
bala?
- Maşından yıxılmışam.
- Qoy yaralarına dərman sürtüm.
- Lazım deyil, boş şeydi.
- Çörək gətirimmi?
- Yemirəm, it kimi yorulmuşam. Qoy bir az yatım,
bir-iki saatdan sonra oyadarsan yeyərəm.
- Onda bir stəkan çay iç, sonra yat,- dedi anası və
gedib çay gətirdi; - Deyirlər Musanın anasının ayaqlarını
kəsiblər, düzdü?
- Hə, düzdü.
- Yazıqlar. Arvad belə, özləri də ilin-günün bu vaxtı
evsiz-eşiksiz qaldı. Evin dağılsın, ay camaatı bu günə
salan. Deyirlər, Qarağacıya da bomba düşüb, elədi?
Hər axşam evə gələndə anası sualı sualın dalına
calayırdı. Və elə suallar verirdi ki, bu sualların cavabını
heç ölkənin başçısı da bilmirdi. Reyqandan başlayıb gedib
çıxırdı Turqut Özala, Mütəllibovdan başlayıb Elçibəydə
downloaded from KitabYurdu.org
48
qurtarırdı. Lap axırda da kirvələri Vartanın ölənlərinin
goruna söyürdü, görüm bu evdə yediyin çörək burnundan
gəlsin.
- Bala, bəs bu türklər niyə gəlmirlər?
- Gəliblər, ay ana, gəliblər!
- Allah, sənə şükür. Bəs qurban olduqlarım
hardadı?
- Bakıda dönərxana tikirlər.
- Dönərxana nədi, a bala?
- Dönərxana?! Avtomat zavodu.
- Ayaqlarının altında ölüm! Onlar olmasa,
ermənilər çoxdan bizi qırıb qurtarmışdı.
- Mütəllibovnan Elçibəy yenə yola getmir?
- Getmirlər, ay ana, getmirlər. Mütəllibov uruslara
işləyir.
- Etibarı buraxdılar?
- Çoxdan buraxıblar.
- Xəlil Rzanı da?
- Onu da buraxıblar.
- Allaha şükür. Camaat danışır ki, bizim katibi
çıxarırlar, düzdü?
- Camaatdı da, danışır.
- ...
- ...
Yenə suallar başlamışdı.
- Axı demədin Qarağacıya qrad düşüb, ya yox?
downloaded from KitabYurdu.org
49
Son günlər Dolu dalbadal bir neçə dəfə Qarağacını
döymüşdü, xeyli qəbir dağılmışdı. Tərs kimi də
Dolulardan biri də gəlib düz atasının qəbrinə düşmüşdü.
Uşaqlarla gedib qəbirləri birtəhər abıra salmışdılar.
- Düşüb.
Anası əllərini dizinə vurub, oturdu çarpayıda:
- Qancıq uşağı, qancıq. Ölüləri də rahat
buraxmırlar. Harasına düşüb?
- Qorxma, kənara düşüb.
- Kişinin qəbri salamatdı?
- Salamatdı.
Anası yalvardı:
- Sənə qurban olum, sabah məni apar qəbir üstünə.
- Rəhmətliyin qızı, indi qəbirüstü vaxtıdı?!
Deyirəm yorulmuşam, qoy yatım.
Anası yenə əl çəkmədi.
- Görən bu gecə qrad atacaqlar?
- Sənə dedim get kəndə də.
- Sizi bu odun-alovun içində qoyub nə təhər gedim,
a bala?
- Onda nəyinə lazım, atacaqlar, ya yox?
Özünü atdı çarpayıya, heç paltarını da çıxarmadı,
əynini çox az hallarda soyunurdu, bilmək olmurdu gecə
nə baş verəcək. Özü demiş, it kimi yorulduğundan yatağa
da daş təki düşdü.
downloaded from KitabYurdu.org
50
Anası xeyli oğluna tamaşa elədi, oğlunun
böyüdüyünü görüb ürəyi atlandı, əlini atıb uşağın yanını
qaşıdı:
- Maşallah! Kişi olub, saqqalı çıxır!
***
Drakon özünə gələ bilmirdi. Pələng yumruğu onun
üzünə vurmamışdı, düz ürəyinin başına vurmuşdu, özü də
bıçaq kimi. Əlinin altında böyüyən bir uşaq - özünü güllə
qabağına verib odun-alovun içindən salamat çıxartdığı,
şəhid qardaşının yerində bildiyi bir uşaq - ona, Drakona,
əl qaldırmışdı! Özü də millətin gözünün qabağında!
Dəfələrlə erməni gülləsindən qoruduğunu indi özü
məmnuniyyətlə güllələmək istəyirdi, güllələyəcəkdi də -
söz ağzından çıxmışdı.
Dünyanın Ən Varlı Şəhərində hərəni bir şeyə görə
tanıyırdılar - kimini vəzifəsinə, kimini puluna, kimini
nəslinə-nəcabətinə - onu da Sözünə görə. Hərə bir şeyin
ağasıydı, o da Sözünün. Kim nəyin ağasıydı, xeyirin
görmüşdü. Amma o, ağası olduğu Sözə görə gedib
Maqadanda ağ ayıları görüb gəlmişdi. Və o Maqadanda
da söz sahiblərinin içində Söz sahibi olmuşdu.
Hər yerdə olduğu kimi Dünyanın Ən Varlı
Şəhərinin də katibi, ispalkomu, prokuroru, rəisi vardı.
Amma başqa şəhərlərdən fərqli olaraq bu şəhərin dövlət
tərəfindən təyin olunmayan, lakin hamı üçün qəbul
olunan öz katibi, ispalkomu, prokuroru, rəisi vardı. Dövlət
downloaded from KitabYurdu.org
51
tərəfindən təyin olunanlar təyin olunmayanlarla
hesablaşırdılar. Bura gələn vəzifəlilər Sovet qanunları ilə
deyil, bu şəhərin qanunları ilə yaşamalıydılar. Bu şəhərin
qanunları ilə yaşamaq istəməyənlər, sinəsinə döyüb “bu
şəhərdə qayda-qanun yaradacam” deyənlər də olmuşdu.
Amma belələri günlərin birində ya kabinetində ağzından
vurulmuşdu, ya camaatın gur yerində mal kimi
döyülmüşdü, ya da evi yandırılmışdı.
Ümumiyyətlə, bu şəhərdə Sovet hökuməti yox idi.
Və yetmiş ili idi qura da bilmirdilər. Hələ otuzuncu illərdə
bu şəhərdə Sovet hökuməti qurmaq istəyən məşhur bir
inqilabçını kabinetində asmışdılar. Üstündən otuz il
keçəndən sonra atasının intiqamını almaq eşqiylə bu
şəhərə vəzifəyə gələn oğlunun meyidini də heç bir ay
keçməmiş Qarqardan tapmışdılar.
Bu şəhərin öz Fantoması vardı, Zorrosu, Şakası,
Caqası, Ştirlitsi də, hələ də dağlarda yaşayan qaçaq
nəbiləri də. Bu nəbilər hərdən Arana da yenib dostlarının
toyuna, əzizlərinin yaslarına gəlirdilər. Milis də bilirdi ki,
hansı qaçaq bu dəqiqə hansı toydadı, ya hansı yasdadı. Nə
işinə qalmışdı, isti aşına niyə soyuq su qatmalı idi ki,
meyidi də Qarqardan tapılsın.
Dünyanın Ən Varlı Şəhərinə təyinat almaq üçün -
“Gedib orda qayda-qanun yaradacam, qaçaq-qulduru
əlibağlı Bayıla göndərəcəm” deyə gələn rəislərdən biri bir
downloaded from KitabYurdu.org
52
qaçağın evinə getmişdi. Oğlunun yerini deməyən anasını
söyüb-döymüşdü.
Rəisinə heç cür mane ola bilməyən müavin başını
bulayıb demişdi:
- Rəis, özüyün də evini yıxdın, bizim də.
Rəis qəzəblə:
- Ə, o paqonundan, tapançandan utan! Belə
qorxaqsınız deyin sizi adam yerinə qoymurlar ey!
- Rəis, qoca arvadı döymək igidlik deyil. Sən bu
şəhəri yaxşı tanımırsan, bu camaata bələd deyilsən.
Bunun altından çıxa bilməyəcəyik.
- Elə qorxursansa get raportunu yaz.
- Raportla qurtara bilsəydik nə vardı ki!
Səhərisi rəisin günortayadək işə çıxmadığını görüb
evinə gedən işçilər onun meyidini həyətin ortasında
gördülər, ağzına da yaylıq basmışdılar.
Şəhərin bir saytal ağsaqqalını iclasda təhqir eləyən
təyinatlı katibin qalstukunu təyinatsız katibin göstərişi ilə
Fazil Müəllimin Kinoteatrının qabağında qayçı ilə kəsib
döş cibinə qoymuşdular. Və təyinatlı katib də həmin gün
bu şəhərdən getmişdi və bir daha onu bu şəhərdə görən
olmamışdı. Təyinatsızların təyinatlılara bir sözü vardı:
“Ya bu şəhərin qanunlarıyla yaşayacaqsınız, ya da bu
şəhərdə yaşamayacaqsınız!”
Müharibə başlayanda bu şəhərin təyinatlıları Xədim
ölkənin Xədim rəhbərinin günahı ucbatından ermənilərin
downloaded from KitabYurdu.org
53
topunun-tüfənginin qabağında aciz qalıb bu şəhəri qoruya
bilməyəndə təyinatsızlar bu şəhərin ağırlığını öz
üzərlərinə götürmüşdülər və şəhər onların əlindəydi.
Drakon da Maqadandan dönəndən bu şəhərin
təyinatsız rəisi idi. Sadəcə heç kəsdən çəkinmədən açıq-
aşkar gəzdirdiyi silahı qanunsuz idi, bir də dövlətdən
maaş almırdı. Təyinatlı rəislərdən bir fərqi də ondaydı ki,
dükan-bazardan haqq almırdı, onunku böyüklər idi.
Xırda-para mal-heyvan oğurluğunu nəzərə almasaq,
bu şəhərdə oğurluq nadir hadisə idi. Təyinatlı rəislər bunu
öz adlarına çıxıb yuxarıların qabağında sinələrinə
döyərdilər. Amma hamı bilirdi ki, oğrular Drakonun
qorxusundan bu şəhərə əl bulamırlar. Ən böyük davaları
da Drakon kəsərdi. Rəisin, prokurorun yoluna qoya
bilmədiyini o yoluna qoyardı. Bəzən elə olurdu rəisin,
prokurorun da ona işi düşürdü:
- Drakon, amandı...
... Şəhərdə bir xəbər bomba kimi partladı - qastrol
konsertləri verən Rəşid Behbudovun papağını və
xəncərini günün-günorta çağı qapısında milis, içəridə beş-
altı xidmətçisi olan Qonaq evindən oğurlamışdılar. Bütün
şəhər ayağa qalxmışdı. Bakıdan gələn zənglər böyüklərin
telefonlarını bağrıcan eləmişdi.
Rəşid Behbudov konsertləri saxlamışdı:
- O boyda Amerikada məni soymadılar...
downloaded from KitabYurdu.org
54
... Onda Amerikada oğurluq, quldurluq baş alıb
gedirdi. Adam ölümünün biri bir qəpikiydi. Adamları
küçənin ortasında soyurdular. Belə şeylərə görə Çarlz
Xeyder aclıq eləməkdən əldən düşmüşdü. SİTA hər gün
Xeyderin yüz qram arıqladığını Xeyderin xətrinə əlini
çörəyə uzatmağa ayıb bilən Sovet xalqına çatdırırdı:
-SİTA-nın məlumatı. Çarlz Xeyder 45-ci gündür ki,
aclığı davam etdirir. Dünyanın tərəqqipərvər xalqları...
Dünyanın tərəqqipərvər xalqlarının kapitanı da biz
idik.
İndi o boyda cinayət yuvası Amerikada Rəşid
Behbudovu soymadıqları halda bu boyda tərəqqipərvər
xalq dünyanın ən məşhur xanəndəsinin papağını və
xəncərini oğurlamışdı...
... - Öz doğma şəhərimdə soydular.
Doğrudan da ayıb olan bir şey idi. Ağsaqqallar
yığışıb getmişdilər Rəşid Behbudovun yanına üzr
istəməyə:
- Sənə ondan da gözəl papaq tikdirərik. Xəncərini
qızıldan düzəltdirərik.
Rəşid Behbudov:
- Mən itən şeylərin qiymətinin davasını eləmirəm.
Mən şərəfimin davasını eləyirəm. Bu oğurluq deyil, mənə
sataşmaqdı. Özü də dəhşətli budur ki, mənə özümünkülər
sataşır.
downloaded from KitabYurdu.org
55
Haqqı da var idi. Çünki nə puluna dəymişdilər, nə
qızıl saatına, nə də bir avtomobilin qiyməti olan brilyant
üzüyünə, təkcə papağını və xəncərini götürmüşdülər,
vəssalam.
Rəis əvvəl xidmətçilərin hamısını doldurdu KPZ-
yə. Babat da döydürdü.
- Rəis, balalarımız sənə qurban! Seyid Lazım
ağanın cəddi haqqı, bizlik deyil.
- Rəis, götürsək bahalı şeyləri götürərik də. O
xəncərin heç yüz manat qiyməti yoxdu. Ondan da gözəl
papağı bizim öz ustalarımız yüz-yüz əlli manata tikirlər.
Rəis də görmüşdü yazıqlar düz deyir, buraxmışdı.
Nə rəis indiyə qədər belə qəribə oğurluqla rastlaşmışdı, nə
də Dünyanın Ən Varlı Şəhəri.
Hərə bir söz deyirdi.
- Yəqin dədə-baba düşmənlərinin işidi.
- Ə, belə də biabırçılıq olar? Dünyada bihörmət
olduq. Ə, bu Rəşid Behbudova yox ey, Pənah xana
sataşmaqdı.
Rəşid Behbudovun doğulduğu Bayat kəndinin
camaatı da yığılıb gəlib tökülmüşdülər Qonaq evinin
qabağına:
- Ya papaqla xəncər tapılacaq, ya da ortaya qan
düşəcək.
Rəis çıxmışdı qarşılarına:
downloaded from KitabYurdu.org
56
- Əşi, çıxın gedin xarabanıza, siz hardan çıxdınız?!
Qoyun görək başımıza haranın daşını salırıq!
Amma camaat getməmişdi:
- Onda bəyimizi verin özümüzə. Siz qoruya
bilmədiniz, aparıb özümüz qoruyarıq.
Tüstüsü təpəsindən çıxan rəis bağırmışdı:
- Ə, sizin də, sizin qonağınızın da... Bu dəqiqə
hamınızı soxacam kepezeyə.
Bundan xəbər tutan Katib dərhal rəisə xəbər
göndərmişdi:
- Ə, avara, bir çepe azdı, birini də eləmək
istəyirsən?! Camaatla işin yoxdu. Get itən şeyləri tap,
yoxsa partbiletini alıb verəcəm Rəşid Behbudova.
Rəis görmüşdü vəziyyət ağırdı, camaat da getmir,
içəri keçib Rəşid Behbudova yalvarmışdı:
- Sənə qurban olum, iki-üç saata tapacam. Kişi
sözü! Sən çıx bu camaatı başa sal, dağılsınlar. Yoxsa
şəhər camaatı da bunlara qoşulacaq, vallah, onda məni
Sibirə göndərəcəklər.
Rəşid Behbudov da rəisin Sibirə göndərilməsini
istəməmişdi, çıxmışdı həmkəndlilərinin qabağına və xahiş
eləmişdi ki, dağılsınlar. Söz də vermişdi ki, mütləq
gələcək kəndə, onlarla ayrıca görüşəcək, hələ bir konsert
də verəcək.
Kövrələn kim, ağlayan kim, Rəşid Behbudovu duz
kimi yalayan həmkəndliləri bundan sonra dağılmışdılar.
downloaded from KitabYurdu.org
57
Amma kəndə qayıtmamışdılar, gedib oturmuşdular Qonaq
evi ilə üzbəüz çayxanadakı görsünlər axırı nə olur.
Əli hər yerdən üzülən rəis prokuroru da götürüb
getmişdi Bayata, Azər Hüseynin yeməkxanasına,
Drakonu da çağırtdırmışdı ora.
Rəis:
- Drakon, bilirsən ki, ikimiz də sənin xətrini çox
istəyirik. Sən bizim qardaşımızsan.
- Xətriniz xoş olsun.
Rəis:
- Ölmüşük, bizi yerdən götür.
- Vallah, mən bilən, ölüləri yerdən götürmək işi ilə
Molla Rəşid məşğul olur.
Prokuror:
- Zarafat vaxtı deyil. Doğrudan vəziyyət ağırdı.
Sənin köməyin lazımdı. Kömək elə, itən şeyləri tapaq.
Drakon:
- Düzü, mənə də pis təsir edib, şəhərimizə ləkədi.
Sizsiz də axtarıram. Bu, oğru işi deyil. Oğru işi olsaydı o
biri şeyləri də aparardı. Sataşmaq, nə bilim dədə-baba
düşmənçiliyi, bunlar da boş şeylərdi. Kimin Rəşidlə nə
işi? Bu nəsə başqa məsələdi. Uşaqlara tapşırmışam
məşğuldurlar. Özümün də ağlımda bir şey var. Tapacam.
Amma bir şərtim var.
Prokuror:
- Buyur!
downloaded from KitabYurdu.org
58
- Mən söz verirəm ki, itən şeyləri tapacam. Amma
siz də söz verin ki, oğrunu tutmayacaqsınız.
Prokuror:
- Kişi kimi söz verdim.
Sevdikləri qızlara özlərini yetişmiş göstərmək üçün
təzə-təzə siqaret çəkməyə başlayan və məktəblərin
qabağında dava salmağı özlərinə peşə edən cüvəllağı
uşaqlar məsələlərini ayırd eləmək üçün Fazil Müəllimin
Kinoteatrının arxasındakı bulvara yığışırdılar. Drakon da
vaxtilə bu bulvarda çox məsələləri ayırd etmişdi, çox
dalaşmışdı.
Bulvara adam göndərdi ki, bu cüvəllağı uşaqların
avtoritetlərini onun yanına gətirsinlər.
Bu cüvəllağılar nə qədər özlərindən razı olsalar da
dərhal çağırışa gəldilər.
Drakon məsələni çox kəskin qoydu:
- Rəşid Behbudovun şeylərini kim aparıb, bir
saatdan sonra burda olmalıdır. Kim aparıb, niyə aparıb,
məni maraqlandırmır. Heç kim də cəzalanmayacaq.
Amma şeylər bir saata qədər burda olmasa, sizin hər
biriniz məktəblərinizin qabağında, özü də dalına
düşdüyünüz qızların gözü önündə eşşək kimi
döyüləcəksiniz. Aydın oldu?! Di durun!
Yarım saat keçməmiş cüvəllağı uşaqlar özləri kimi
bir cüvəllağıyla qayıtdılar, papaq və xəncərlə bir yerdə.
- Ə, lotu, bunları neyləyirsən?
downloaded from KitabYurdu.org
59
- Drakon əmi, bir dostumla qız üstə mərc
gəlmişdik.
- Yaxşı, bəs bunları necə götürə bildin?
- Sinif yoldaşımızın nənəsi Qonaq evində xadimədi.
Ondan öyrənmişdim ki, Rəşid Behbudov neçədə gəlir,
neçədə yatır. Mən də küçədəki palıd ağacından keçdim
dama, ordan da düşdüm içəri. Gördüm yatıb, sakitcə
götürüb gəldiyim kimi də qayıtdım.
- Adın nədi?
- Pələng.
- Ə, lotu, sən əjdahasan ki?! İndi dur get. Amma
yadında qalsın, kişi baş kəsər, adam öldürər, oğurluq
etməz. Oldu?
- Oldu, Drakon əmi.
Rəislə prokuror təzədən doğulmuşdular, amma
Rəşid bəy onların sevincini gözlərində qoydu:
- Yox, bunları aparan gəlməlidi! Görüm mənə niyə
sataşıb?
- Rəşid müəllim, Allah haqqı, bir uşaqdı, heç
cinayət işi də düşmür. Dostlarının yanında lotuluq eləmək
üçün aparıb.
Rəşid Behbudov:
- Gəlməsə, konsert yoxdu!
Drakon Pələngi götürüb gəldi Qonaq evinə.
Pələng:
downloaded from KitabYurdu.org
60
- Rəşid əmi, Seyid Lazım ağanın cəddi haqqı, mən
də sizin kimi məşhur olmaq istəyirəm. Özümün də səsi
var, istəyirsən oxuyum. Xoşum gəldi, bir də uşaqlarla
mərc çəkdim. Məni bağışla.
Rəşid Behbudov xeyli güldü, sonra dedi:
- Oxu, xoşuma gəlsə, səni bağışlayacam.
Pələng də əlini qoydu qulağının dibinə, qaldırdı ey.
Rəşid Behbudov onu qucaqlayıb basdı bağrına:
- Oğul, sən əməlli-başlı xanəndəsən ki! Bax, mən
də bu papağı da, bu xəncəri də bağışladım sənə.
Şəhər bir-birinə dəydi. Pələng o xəncəri belinə
bağlayıb şəhərə çıxa bilməsə də, papağı başına qoyub
Dünyanın Ən Varlı Şəhərində fors elədi. Və həmin axşam
konsertdə Rəşid Behbudovla birlikdə “Lalələr”i oxudu -
papaq başında, xəncər də belində.
Səhərisi günü Dünyanın Ən Varlı Şəhərinin
özündəndeyən pullu kişiləri Pələngdən bu xəncəri almaq
üçün elçini elçi dalınca göndərdilər. Hətta maşın təklif
eləyənlər də oldu.
Pələng:
- Bunu mənə Rəşid əmi bağışlayıb, heç nəyə
dəyişmərəm.
İndi Rəşid Behbudovun papağını başına qoyan,
xəncərini belinə qurşayan Pələng həmin xəncərlə Drakonu
vursaydı, bu onu o qədər yandırmazdı, nəinki onu
yumruqla vurması. İçində vulkan püskürürdü. Möhkəm
downloaded from KitabYurdu.org
61
ağlamaq istəyirdi, boşalanadək, əlləri yanına düşənədək,
bəlkə onda içindəki vulkanı söndürə bilərdi.
Gözünün qabağında ən yaxın dostları qırılmışdılar,
parça-parça
olmuşdular,
ağlamamışdı.
Səngərdə
qucağında keçinən qardaşını torpağa tapşıranda da
ağlamamışdı, ağlaya bilməmişdi, göz yaşı qurumuşdu.
Ona görə də içində bircə damla göz yaşı da tapılmadı ki,
ağlaya. Gözlərini yumub xeyli özünü ələ almağa çalışdı,
bir şey çıxmadı. Alnını üç-dörd dəfə maşının sükanına
vurdu, bu onun başının ağrısını bir az sakitləşdirdi.
Harasa getmək, burdan uzaqlaşmaq istəyirdi, amma
getməyə bir yer də yoxuydu. Son qərarını verdi - bu gecə
Pələngə atacaq. Bu qərardan sonra Pələngə atmış kimi bir
az toxtadı. Vaxtını keçirmək üçün maşını sürdü şəhərdə
bir az aralıda yerləşən Qozlu bağa - Familin
yeməkxanasına. Dünyanın öz məhvərindən çıxmayan
vaxtı şəhər uşaqlarının mətəsi sayılan, həmişə qonaq-
qaralı olan yeməkxanada indi boşluq idi. Bircə stolun
arxasında altı-yeddi alayarımçıq əsgər geyimli adam
oturmuşdu - könüllülər idi. Ləhcələrindən hiss elədi ki,
yerli deyillər, salam verdi. Cavanlar gəlmə olsalar da onu
tanıdılar və hörmət əlaməti olaraq qalxdılar, süfrəyə dəvət
etdilər.
Təşəkkürünü bildirdi:
- Nuş olsun!- dedi və bağın lap aşağısındakı
stolların birinə getdi.
downloaded from KitabYurdu.org
62
Bufetçi tez yüyürüb gəldi, əlindəki dəsmalla stolu
təmizləyə-təmizləyə dedi:
- Rəis, xoş gəlmisən! Nəyünüz belə təksən?
- Müdiriniz hanı?
- Bir az əvvəl Katib yuxarı keçirdi, dedi ki,
Abdaldakı postun uşaqları iki gündü acdı. O da yemək-
içmək götürüb getdi Katibin dalınca. Nə istəyirsən, nə
gətirim? Haramıdakı uşaqlar bir az dombalan göndərib,
nübardı, deyim bişirsinlər?
- Yox, lazım deyil. Bir dənə araq. O qonaqların da
pulunu mənim hesabıma yaz.
-
Narahat
olma.
Müdir
tapşırıb,
gəlmə
könüllülərdən pul almırıq. Bəlkə bir az pendirdən, göy-
göyərtidən...
- Olar.
Amma nə qədər elədi araq getmədi.
***
Komandir postları gəzdi. Lap axırda da çıxdı
Abdala. Uşaqlar gileyləndilər ki, iki gündü ac-susuzdular.
Yaxşı ki, bir az əvvəl Famil bir az şey-şüy gətirdi, yoxsa
bu gecə də ac qalacaqdılar.
Komandir zarafata saldı:
- Ə, müsəlman deyilsiniz? Elə bilin Orucluq ayıdı. -
sonra soruşdu; - Drakon buralara gəlməmişdi?
downloaded from KitabYurdu.org
63
- Yox. Dünən burdaydı.
Komandir bərk dilxor oldu, deməli, Drakon gedib,
belə bir vaxtda onları tək qoyub. Döndü şəhərə. Qarqarın
üstündə Şelli Eldarla rastlaşdı.
- Vəziyyət nə təhərdi?
- Ağırdı, Komandir! Çox ağırdı! Beş-altı avtomatla
nə qayırmaq olar? Dayandoldurumla qalmışıq tankın,
beteerin qabağında əsir-yesir. Elə söz verirlər. O gün
ermənilər az qalmışdılar kəndi götürələr. Rəis özünü
yetirməsəydi çox pis olacaqdı. Yabayla, baltayla çıxartdıq
it uşağını. Allahın patronunu da cirəylə verirlər. Mal-
heyvanın hamısı satıb vermişik patrona, bilmirəm mal-
heyvan qurtarandan sonra neyləyəcəyik. Bizimki lap
Molla Nəsrəddinin anekdotuna dönüb. Döyüşə əliyalın
gedirik, deyirik, bəlkə bir erməni öldürüb silahını
götürdük. Silah götürəndə də üstündə qırğın düşür,
bilmirsən kimə verəsən, kimin xətrinə dəyəsən.
Komandir güldü, zarafatla çiyninə bir dürtmə vurub
dedi:
- Bizimki də elə Molla Nəsrəddinin anekdotudu,
amma babatından. Srağagün boyda babat trafey
götürmüşük. Uşaqları göndər üç-dörd avtomat verim, bir
dənə də yağın içində pulemyot.
- Mən ölüm?!
Komandir:
downloaded from KitabYurdu.org
64
- Sən niyə ölürsən, ə, ölsün səni istəməyənlər. Bəs
Ağ Evdə nə deyirlər?
Başqa yerlərdə Ağ Ev partiya komitələrinin
binalarına deyirdilər - bu şəhərdə isə Qonaq evinə.
Bakıdan ermənilərin qabağını almaq üçün yox, camaatın
başının altına yastıq qoymaq məqsədilə göndərilən bütün
yüksək vəzifəlilər də, yaxın, ya uzaq rayonlardan kömək
adıyla, əslində yüksək vəzifəlilərə yarınmağa gələn
rəhbərlər də bura yığışırdı. Bu Ağ Ev ikinci Mərkəzi
Komitəyə çevrilmişdi. Sadəcə olaraq bu ikinci Mərkəzi
Komitəni ölkənin Birincisi yox, elə İkincisi idarə eləyirdi.
“05” nömrəli maşınların biri girirdi, biri çıxırdı. Alabəzək
telefonlar susmurdu. Həyət də həmişə sabahkı toya
hazırlaşan bəy evinə oxşayırdı.
Ağ Evin Eşikağası da əlində bir topa açar
oturmuşdu pilləkanın yanında, qabağında da pürrəngi çay,
elə yorğun-arğın bir görkəmi vardı ki, sanki ölkənin bütün
problemlərindən bu sorumluydu.
- Ağcabədidən turac göndəriblər, neyləyək?
- Verin aşağıda arvadlar təmizləsinlər.
- Şəmkirdən konyak göndəriblər.
- Ay uşaq, qoyun zirzəmiyə.
- Salyandan gəlmişəm, katib ikra göndərib.
- Qalxın, qoyun soyuducuya.
- Bu cəmdəkləri neyləyək?
- Ə, nə bilim neynəyəsiniz, verin aşpaza da.
downloaded from KitabYurdu.org
65
Eşikağası da hərdən bir vaxt tapıb təzə “06”-sında
çayxanaya da gəlirdi, topa açar da əlindən düşməzdi:
- Vallah, yorulmuşam. Billah, yorulmuşam. Hər şey
tökülüb mənim üstümə, mən yetim neyləyim? O gün
Polyaniçkoya da deyirəm, Viktor Petroviç, Allahınız
olsun, heç olmazsa mənə bir həftə vaxt verin dincəlim.
Deyir nə danışırsan, sən olmasan biz batarıq.
Lotular da sözlərindən qalmırdılar:
- Doğrudan da, sənin işin çox çətindi. Biri vedrə
istəyir, biri qorşok, biri sabun.
Həyət qazan kimi qaynayırdı. Kənardan baxana elə
gəlirdi ki, hökumətin başbilənləri bu qaynar qazanda
Qarabağ məsələsini həll edirlər.
Bura həm də dünyada nə baş verdiyindən xəbərsiz
camaatın dünyadan xəbər tutma yeriydi. Darvazanın ağzı
dolu olurdu. Şikayətə gələnlər, qaçqını, qaçqın olmayanı,
uşağı əsir düşən, evini Dolu vuran, yardım istəyən. Bir də
şəhərə yolu düşmüşkən kəndə xoş bir xəbər aparmaq
istəyənlər - kimi axtarsan burda tapardın. Qapıdakı
növbətçilər də eşitdiklərinin üstünə beşini də qoyurdu:
- Polyaniçko gecə burdaydı. Kişi adamdı. Dedi az
qalıb, bu gün-sabahlıqdı, Moskva bizim tərəfimizdədi.
- Gecə yoldaş Mütəllibov selektirni müşavirə
keçirirdi. Bayaviklərin anasını ağladacaqlar.
- Müdafiə naziri deyir təzə tanklar almışıq. Budey
bundan.
downloaded from KitabYurdu.org
66
Darvazanın ağzındakı tankı göstərirdilər.
- Qorbaçov Aqambekyana deyib, von atsuda...
- Raisa ermənilərin üzüyünü çırpıb təpələrinə...
- ...
Kənddən gələnlər də burda eşitdiklərinin üstünə
beşini qoyub danışmaq üçün sevinə-sevinə dönürdülər
kəndə, şəhərdən gələnlər də çayxanalara.
- Polyaniçko gecə gəlibmiş. Deyib ki, az qalıb.
Moskva bizim tərəfimizdədi.
- Mütəllibov gecə selektirni müşavirə keçirib. On-
on beş günə bayaviklərin şalvarını çıxaracaqlar.
-Qorbaçov Aqambekyana var-yox söyüşü edib.
- Şerbakdan təzə tanklar almışıq.
- Əlisaab müəllim Təşkilat Komitəsində Paqosyanı
eşşək kimi döyüb.
- Polyaniçko Zori Balayanı Stepanakertdən it kimi
qovub.
Bir mərəkə də Ağ Evlə üzbəüz Çayxanaydı. Bura
da Bakıdan gələnlərlə - gələcək mərkəzikomitəçilərlə dolu
olurdu. Anadilçilər, çənlibelçilər, yurdçular, cəbhəçilər,
bozqurdlar, demokratlar, sosial demokratlar.
Hər tirə də şəhərin say-saytal oğullarından birini
yanlayırdı. Hərdən də boş-bekar, işə-gücə yaramayan
adamları Lenin meydanına yığıb mikrofon üstə dalaşa-
dalaşa bir az Bakıdakı hökumətə, bir az yerli hökumətə,
downloaded from KitabYurdu.org
67
bir az da ermənilərə söyür, axırda da yumruqlarını havaya
qaldırıb:
- Bərk durun, biz burdayıq! - deyib dağılışırdılar.
Komandir hər dəfə bu Çayxananın önündən
keçəndə əsəbləşirdi:
- Bu şəhəri Sovet hökuməti dağıda bilmədi, amma
Bakıdan gələn bu uşaqlar dağıdacaq.
Bir dəfə maşından düşüb girmişdi çayxanaya:
- Ə, burda nə sülənirsiniz?! Ya silah götürün
qoşulun bu camaata, ya da ... gedin, qoyun öldüyümüz
yerdə ölək. Yoxsa bir gün sizi maşına basıb aparıb
tökəcəm Qarqarda erməninin qabağına.
Elçibəyə də zəng eləmişdi:
- Bəy!
Bu uşaqları burdan yığışdır! Gəlib bu şəhərdə oyun
oynayırlar, camaatı parçalayırlar.
Amma bu Bəylik də deyildi. Bəy yaxasını cırsa da
xeyiri yox idi. Çünki Bəyin də xəbəri olmayan ssenaridə
belə yazılmışdı.
Bakıdan gələn vəzifəsizlər Çayxanada öz
keflərindəydilər, Bakıdan gələn vəzifəlilər də Ağ Evdə.
Saunada yorğunluqlarını çıxarıb dincələndən sonra,
Şəmkir konyakından bala-bala vurub, bilyard masasının
arxasında gözəl-gözəl qeybət eləməklə məşğul idilər.
Kimini vəzifəyə gətirir, kimini vəzifədən götürür, kiminə
də torba tikirdilər. Babat vurandan sonra hətta bəziləri
downloaded from KitabYurdu.org
68
özlərində cəsarət tapıb hökuməti də, partiyanı da söyürdü.
Çünki bu hökumət, bu partiya elə bu bədbəxtləri də
bədbəxt günə qoymuşdu. Əllərinə heç bir səlahiyyət
verməyib basmışdılar millətin bu söyüş-qarğış yerinə, üzü
tüpürcəkli eləmişdilər.
Ən çox söyən də Səhiyyə Nazirinin Müaviniydi:
- Belə getsə, bu xalq bizi paza keçirəcək.
Birincinin Daimi Nümayəndəsi:
- Sizi bilmirəm, mən day bu camaata yalan
danışmaqdan yorulmuşam. Xəcalət çəkirəm.
Öz aralarında belə danışsalar da mitinqlərdə
cəbhəçilərə də aman vermirdilər - birini cəbhəçilər
deyəndə, beşini də onlar deyirdi. Elə çıxışlar eləyirdilər
ki, sanki hökumət Xankəndini azad etmişdi, indi də
Zəngəzuru təmizləyirdi.
Bu Bakıdan tökülüb gələn və bir yaralı barmağa da
işəməyə qabiliyyətləri və səlahiyyətləri olmayanlar Katibi
də boğaza yığmışdılar.
- Ay qardaşlar! Ay mənim canım-gözüm,
əzizlərim! Bura niyə yığılmısınız? Bir yaralı barmağa da
işəmirsiniz!
- Niyə?! Bəs bu yardımlar nədi?!
Katibin ən zəhləsi gedən şey vardısa elə bu
yardımlar idi. Yardım gələndə az qala havalanırdı. Bir də
görürdün
qabaqlarına
Birincinin Hollivudun kino
ulduzlarına oxşayan, qırmızı qalstuklu şəkli vurulmuş
downloaded from KitabYurdu.org
69
dörd-beş maşın zurna-qavalla girdi hər küçədə bir sütül
oğlanın yası olan şəhərə. Gəlib dayanırdılar Lenin
meydanında. Yardım gətirənlər Leninin çoxdan
yuyulmadığından kir-pas basmış heykəlinin altında bir-iki
nitq irad edib, Birincini o ki var öyür, salamını da camaata
çatdırandan sonra yardımpaylama mərasimi başlanırdı -
undan, kartof-soğandan, yemiş-qarpızdan. Ermənilərin
yandırdığı kəndlərdən qaçıb bu şəhərə pənah gətirənlər,
artıq Dünyanın Ən Varlı Şəhərindən ən kasıb şəhərinə
çevrilməkdə olan bu şəhərin öz imkansızları tökülürdü
meydana. Bir mərəkə qopurdu, insanlar insanlıqlarını
itirirdilər. Lap yaxın günlərədək mal-mülk sahibi olmuş
adamlar bir kisə unun üstə yumruq davasına çıxırdı.
Dünənədək adi bir söyüşə görə adam öldürülən şəhərdə
söyüşün biri bir qəpik, nə ağsaqqala baxan olurdu, nə
arvad-uşağa.
Katib insanların bu qədər alçaldılmasına və
alçalmasına dözə bilmirdi. Pəncərədən bu müdhiş səhnəni
seyr edəndə bəzən gördüyü mənzərənin təsirindən özünü
saxlaya bilməyib uşaq kimi ağlayırdı. Axırda yardımın
meydanda paylanmasına qadağa qoydu. Tapşırdı ki, o
zurna-qavalı yığışdırsınlar, gələn yardımları şəhər ticarət
idarəsinin anbarına təhvil versinlər, ordan da birbaşa
göndərsinlər erməni mühasirəsində olan kəndlərə:
- Mənə heç kəsin yardımı lazım deyil. Bu şəhər
hələ ölməyib.
downloaded from KitabYurdu.org
70
Amma şəhər ölürdü.
Bu da həm Bakıdakıların, həm də Ağ Evdəki
vəzifəlilərin xoşuna getmədi, mübahisə düşdü.
Amma Katib geri çəkilmədi:
- Camaatı dilənçi kökünə salmısınız, indi də qarpız
paylamaqla öyünürsünüz. Bu camaata qarpız lazım deyil,
bu camaata patron lazımdı, avtomat lazımdı, arvad-uşağı
qorusun.
Və Katib o qədər boğaza yığılmışdı ki, hətta bir
neçə dəfə yuxarıya zəng edib ağzına gələni demişdi:
- Mən bilmirəm bu bədbəxt camaatı yola verim,
ermənilərlə vuruşum, yoxsa göndərdiyiniz bu nazirlərə
qulluq eləyim.
Yuxarıdan da demişdilər:
- Cəbhəçilər kimi danışırsan. Səni orda oturdublar
ki, sekanın sözünü deyəsən, cəbhəçilərin yox.
- Burda cəbhəçi yoxdu. Burda yalın əllə torpağını
qoruyan camaat var. Heç bilmirlər Xalq Cəbhəsi nə
deməkdi, özləri də bombanın altında yaşayırlar.
- Bilirik, səni o Naxçıvandakı danışdırır, onun
kadrısan. Şükür elə ki, hələ səni vəzifədə saxlayırıq.
- Onun çörəyini siz məndən çox yemisiniz.
Darıxmayın, gildir-gildir burnunuzdan gələcək. Özü də
məni vəzifəylə hədələməyin. Bura mənim şəhərimdi, bu
qırılan camaat da mənim camaatımdı. Tabut düzəltməyə
taxta da tapmıram. Tüpürüm sizin vəzifənizə. İşdən
downloaded from KitabYurdu.org
71
çıxararsınız, əlimə bir avtomat götürüb gedib oturaram
camaatımın içində. Siz qorxun! Darıxmayın, belə getsə bu
millət sizi dənizə tökəcək!
Bütün bunlar haqqında Birinciyə məlumat
vermişdilər, üstünə də bir az qoymuşdular.
- Yoldaş Mütəllibov, O heç kimi saymır. Həftə
səkkiz-mən doqquz Naxçıvandadı. Öz camaatı çörək
tapmır, Naxçıvana un göndərir.
Birinci:
- Arı pətəyinə çöp uzatmayın. Onsuz da o şəhər
qaynayır, daşsa çətin olacaq. Qoyun hələ işləsin. Sonra bir
şey fikirləşərik...
- Əlində neçə dənə könüllü batalyon var, özünü
general kimi aparır.
- Viktor Petroviç adam yerinə qoymur.
- Elə danışır elə bil şəhər ona dədəsindən qalıb.
- Zəng eləyirik ya telefonu götürmür, götürəndə də,
gözünü yumub ağzını açır.
Birinci:
- Camaatı qalıdırın üstünə.
- Öz camaatıdı.
- Boş-boş danışmayın, öz camaatı, özgə camaatı.
Bir az maaşlarını gecikdirin, yanağacağın azaldın, görün
öz camaatı onun başına nə oyun açır. Bəs ora it ilxısı
qədər adam göndərmişəm, nə ilə məşğuldurlar? Gəlmə-
yerli davası salın, nə qələt eləyirsiniz eləyin.
downloaded from KitabYurdu.org
72
Sonra DTK-nın sədrini çağırmışdı:
- Sənin bu cəbhəçilərin içində agentlərin yoxdu?!
- Var Ayaz Niyazoviç.
- Bəs niyə göndərmirsən o şəhərə? Bu boyda
respublika qalıb bir şəhərin əlində. Göndər, qoy canları
çıxsın, o şəhəri dağıtsınlar.
- Baş üstə! Böyüklərindən birini vurduraram.
- Yox, elə olmaz. Sən necə keqebeşniksən?! İşi elə
qur ki, özləri bir-birin vursunlar.
- O da baş üstə!
... Birincinin tapşırığı elə həmin gecə yerinə
yetirildi. Ali Sovetin iclasından çıxıb Dünyanın Ən Varlı
Şəhərinə qayıtmaq istəyən xalq deputatı Eldar Bağırovu
9-cu mikrorayonda maşınında vurdular.
Hadisədən beşcə dəqiqə keçməmiş Respublika
Prokurorluğu rəsmi məlumat yayımladı ki, deputat Eldar
Bağırovu Dünyanın Ən Varlı Şəhərinin könüllü
batalyonlarından birinin komandiri Yavər vurub...
... Şelli Eldar Ağ Evdə olmuşdu və həmişə eşitdiyi
sözləri yenə eşitmişdi:
- Bir az da dözün...
... - Boş şeydi, Komandir. Orda adam yoxdu, bircə
o Səhiyyə Nazirinin Müavinindən başqa. O gün gəlmişdi
kəndə. Məni çəkdi bir kənara, on min manat pul çıxartdı
ki, bunu payla uşaqlara. Almırdım, yalvardı, dedi ki, ay
qardaş, mənim də gücüm buna çatır, bizdən də bir şey
downloaded from KitabYurdu.org
73
gözləməyin, özünüz başınıza bir çarə qılın. Bir az da
dava-dərman gətirmişdi. Bu gün yenə getmişdim, deyirəm
camaat qırılır, deyirlər ki, Mütəllibov Maskvayla danışıb,
bu gün-sabah ruslar Yerevanı bombalayacaq. Bunlar elə
bilir biz qoyunuq. Bərk dirənəndə də deyirlər ki, get
Katibdən istə. Deyirəm Katibin topu var, tüfəngi var,
tankı var? Katib müdafiə naziridi? Az-çox yenə nə əl
tutursa, sağ olsun.
Komandir bir siqaret yandırdı, birini də ona uzatdı.
- Çəkmirəm, dərd qoyur ki, ayrı şey çəkək.
- Müdafiə naziri orda yox idi?
- Ondan nazir olar?! Alkaşın biridi, hələ onu ayıq
görən olmayıb. Gör o gün başımıza nə gəlib. Bu
yaxınlarda Goranboyun katibi bir az yardım gətirmişdi.
Dedim, əmoğlu, bizə ərzaq lazım deyil, patron lazımdı.
Dedi, qardaş, vallah, elə biz də siz gündəyik, amma
çalışaram bir şey tapım. Sağ olsun, kişi adammış, gedən
kimi bir buluddağıdan top göndərmişdi. Əsgəranda
ermənilərin bir beteeri var, bizi yığıb boğaza. Sənin
dediyin o nazir özü gəlmişdi, iki nəfər də topçu
gətirmişdi, guya beteeri vuracaqdılar. Bizim Qarağacıdakı
su qülləsini vurdular. Camaat boğurdu, əllərindən zorla
aldım. Bunlar bu ölkəni dağıdacaqlar, bizi də boş yerə
qırdırırlar, körpə-körpə uşaqlar hayıf olur. Elə bil bu
millətin qəsdinə durublar.
- Möhkəm ol. Sənki ruhdan düşən oğlan deyilsən.
downloaded from KitabYurdu.org
74
- Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub
atmaq olmur ey! Lənkərandan beş-altı könüllü gəlib,
cavan uşaqlardı, od-alovdular. Srağagün ikisini vurdular.
Biri lap uşağıydı, qucağımda öldü. Can verəndə deyirdi,
dayı, qoyma ölüm. Buna hansı köpəyoğlu dözər?! Atası
kişi adammış. Meyidi aparmadı. Dedi, şəhid harda ölübsə,
orda da dəfn olunmalıdı, oğlum bu şəhərdə ölüb, burda da
dəfn eləyin. Dünən basdırdıq. Heç yas vermək üçün
rayona da qayıtmadı, oğlunun tüfəngini götürüb oturub
səngərdə. Nə isə! Səni də yordum. Sənin günün
mənimkindən yaxşı deyil ha. Bəlkə gedək kəndə, uşaqlar
səni görüb bir az ürəklənsinlər.
-
Qalsın ayrı vaxta. Drakonu axtarıram,
görməmisən?
- Mən bayaq şəhərə gedəndə Qozlu bağ tərəfə
keçdi. Nahaq o namərdə görə Drakonun xətrinə dəymisən.
Gərək qoyaydın şalvarını çıxarıb keçirəydi başına.
Namərd oğlu namərd. O gün bizim uşaqlar gedib
qarajından bir az pulsuz benzin götürmüşdülər, zavqarı
döyüb öldürürmüş. İstədim gedib idarənin ortasında salım
təpiyin altına, dedim, lənət şeytana, onsuz da adımıza yüz
söz çıxarırlar.
Qucaqlaşıb ayrıldılar. Komandir maşına minəndə
dedi:
- Sabah uşaqları göndər, dediklərimi verim.
downloaded from KitabYurdu.org
75
Komandir getdi Qozlu bağa, amma Drakonu tapa
bilmədi.
Bufetçi:
- Komandir, heç çörək də yemədi. Odur ey, arağı da
qalıb stolun üstə. Burda ermənistanlı uşaqlar çörək
yeyirdilər, onlarla getdi. Amma hara getdilər, onu
bilmirəm.
***
At Belində Olan Adam telefonu götürüb Rəisi
yığdı. Xoş-beşdən, hal-əhvaldan sonra dedi:
- Rəis, sənə indiyədək bir ətək pul vermişəm?
Söz Rəisin xətrinə dəydi:
- Dədəyin pulunu vermisən?
- Yaxşı, yaxşı, hirslənmə, qulaq as. Yəqin ki,
bugünki hadisəni eşitmisən.
Rəis özünü bilməməzliyə vurdu:
- Gündə yüz hadisə olur, hansını deyirsən?
- Sənin agenturan keqebenkindən yaxşı işləyir.
Bilirsən nəyi deyirəm.
- Eşitmişəm.
- Onu soxdur kepezeyə, eşşək kimi döydür. Özüm
ölüm, sənə Bakıda üçotaqlı ev almayan kişi deyil.
- Ə, başına at təpib, Drakonu kepezeyə soxmaq
olar? İstəyirsən mənim şalvarımı çıxarsınlar?! Hələ sağ
olsunlar ki, onlar bizi kepezeyə salmayıblar.
- Onda gəl başqa cür danışaq.
downloaded from KitabYurdu.org
76
- Buyur.
- Rəis, Ətağa cəddi, günü sabah səni Gəncəyə rəis
göndərtməyən alçaq oğlu alçaqdı. Bakıda da üçotaqlı ev
öz yerində. Ürəyindən ayrı nə keçir, ona da hazıram.
- Nə belə səxavətli olmusan, ə? Sonra?
- Rəis, heç kim bilməsə də mən sənin gücünə
bələdəm. Əlinin altında üç-dörd yüz milisionerin var.
Pristupnu mir də səni yaxşı tanıyır.
- Sözünü de.
- Bax, yenə deyirəm. Bakıda üçotaqlı ev, Gəncəyə
rəis, bir diplomat da pul.
- Bunu demisən, sözünü de.
- Onu atdır!
Elə bil rəisi ildırım vurdu:
- Oğrac özünsən! Bütün nəslindi! Binamus oğlu
binamus!- dedi və telefonun dəstəyini necə yerinə
çırpdısa, dəstək ortadan qırıldı, əlini də yaraladı; -
Göpəyoğlu! Ona görə erməni anamızı...
Dalbadal üçüncü zərbəni alan At Belində Olan
Adam da dəstəyi tulladı:
- Buna bax ey, qudurub. Elə bil kisəynən pul
verdiyim adam deyil. Eybi yox, altda qalanın canı çıxsın.
Səni uvolit elətdirib bu rayondan it kimi qovdurmasam
mən də mən deyiləm!
***
downloaded from KitabYurdu.org
77
İkinci saunada yayxınmışdı, əlində də bir bardaq
“Əsgəran” pivəsi:
- Bu erməni it uşaqları pivə bişirməyi bacarır də.
Çex pivəsinin adı var, bizim pivələrin dadı , - dedi və
pivədən bir az tökdü daşların üstə, bir anda içərini pivənin
dadlı qoxusu bürüdü, - Bəh, bəh, bəh! Hə, indi de görüm
işlər necə gedir?
- Viktor Petroviç, şəhərdə vəziyyət çox pisdi, başlı
başını saxlasındı. Katib cəbhəçilərlə oturub-durur, əl
altdan onları silahlandırır. Bir ayağı da Naxçıvandadı. Elə
bu gün mənə Şerbakdan yüz min manatlıq silah aldırıb
gətirdib. Rəis də cinayətkarların hamısını yığıb
qoltuğunun altına. Keqebe də onlara işləyir. Bakıdan,
Şəkidən hardan oldu erməni tapdırıb gətirir, verir
cəbhəçilərə. Bu dəqiqə cəbhəçilərin zirzəmisinidə altı-
yeddi erməni var. Özü də deyəsən biri də Şaumyankəndin
ya katibidi, ya da qardaşı.
İkinci süpürgəni verdi ona:
- Döy görüm.
At Belində Olan Adam süpürgəni saldı soyuq suya,
sudan bir az çilədi İkincinin kürəyinə, başladı
döyəcləməyə.
Süpürgənin ləzzətindən İkinci bir az da xoşallandı:
- Bir az bərk vur. Ayaqlarımın altına döy. Hə, bax
belə. Bir az da bərk. Az qalıb, bu gün-sabah katibi o
downloaded from KitabYurdu.org
78
məsələ. Birinciylə danışmışam. Amma deyir elə edin ki,
cəbhəçilər özləri qovsunlar.
- Dedim axı, cəbhəçilər onu qovmaz. Yerli adamdı,
qohum-əqrəbası da çoxdu, böyük nəsildilər.
- O daşların üstünə bir az da pivə at. Hə, yaxşıdı.
Şantaj eləyin. İndi nazirlərlə də ayrı-ayrı danışacam.
İşləmək lazımdı, işləmək. Onların silahı var, sizin də
pulunuz. Pul silahdan yüz dəfə güclüdü. Puldan tökün,
özlərini özlərinə qırdırın.
At Belində Olan Adamın əlinə Rəisin torbasını
tikmək üçün yaxşı fürsət düşmüşdü:
- Bu gün bir cəbhəçi üstümə avtomat çəkib məni
öldürürdü. Rəisə dedim, tədbir görmək əvəzinə məni küçə
söyüşləriylə təhqir elədi. Milisin avtomatlarının yarısı
cəbhəçilərin əlindədi. Bu müharibə başlayandan qoşulub
onlara. Cəbhəçiləri yığıb doldurub milis batalyonuna. Nə
qədər o burdadı, bu cəbhəçilər meydan sulayacaq, Allah
hələ axırını xeyir eləsin.
- Yaxşı, indi məşğul olaram.
İkinci girdi hovuza, bütün yorğunluğunu tökdü
hovuzun biz kimi suyuna, təzədən doğuldu, hovuzdan
çıxıb qurulandı, keçdi salona. Süfrə hazır idi. Nazirlər,
nazir müavinləri onu gözləyirdilər, heç kim əlini süfrəyə
uzatmamışdı. Saunanın havasından pörtmüş sifətindən
qan damırdı. Dəsmalla alnında puçurlamış tər damlalarını
sildi, məclisə bir nəzər saldı, Katibi görməyib soruşdu:
downloaded from KitabYurdu.org
79
- Katib hanı?
Səhiyyə Nazirinin Müavini:
- Getdi Gülablıya. Deyirlər ermənilər orda yaman
fəallaşıblar.
- Bilmirdi gələcəm?
- Demişdik.
İkinci hirsləndi:
- Bu lap qudurub! Sukinsın!
Süfrəyə mürəbbə düzən Çayçı əl saxladı, bunu
bütün şəhər üçün söyüş bildi - bu camaatın bir xasiyyəti
vardı, hətta sevmədikləri bir həmyerlilərini də başqası
söyərdisə
qəbul
etməzdilər,
bunu
özlərinə
sığışdırmazdılar:
- Xahiş edirəm, bizim Katibi təhqir eləməyin.
Hələ indiyədək ağzından bir dəfə də olsun “bəli”,
“xeyr”dən başqa ayrı bir kəlmə eşitmədikləri Çayçının bu
sözləri məclisdəkilərin hamısını şaşırtdı,təəccüblə bir-
birlərinə baxdılar.
Elə İkincinin özü də gözləmədiyi bu sözlərdən
hirslənməkdən daha çox təəccübləndi:
- Nə dedin?
- Heç. Dedim ki, xahiş edirəm bizim Katibi təhqir
eləməyin.
İkinci necə bağırdısa, bayırdakılar da bu bağırtını
eşitdilər və elə bildilər içəridə nə isə oldu.
- Rədd oool!
downloaded from KitabYurdu.org
80
Çayçı indicə İkincinin qabağına qoyduğu çayı
götürdü:
- Baş üstə! Onda çayınızı özünüz tökərsiniz. - dedi
və salondan çıxdı, çıxarkən də əlindəki stəkanı qapının
ağzında dayanmış At Belində Olan Adama verdi; - Ala!
İkincini elə bil ilan vurmuşdu, yerində qıvrılırdı:
- Allahın çayçısı da qudurub. Tək bu yox ey, bütün
şəhər qudurub. Hamısını da o katib qudurdub. Mən onu
yerində oturdaram. - üzünü tutdu Müdafiə Nazirinə; - Bu
sukinsının əlinə bir qundağı qırıq təklülə ver, bas səngərə.
Burda artıq-urtuq yeməkdən porsuğa dönüb. Deyin o
Rəisi bura çağırsınlar.
Heç kəs əlini çörəyə uzatmırdı, hamının iştahı
küsmüşdü. İkinci də qarşısındakı yeməyi kənara itələdi:
- Nu davay, indi məlumat verin görək vəziyyət
necədi?
Səhiyyə Nazirinin Müavini:
- Yaxşı deyil, Viktor Petroviç. O boyda Təşkilat
Komitəsi Stepanakertdə niyə oturub? Ermənilər gündə bir
kənd yandırır. Bu şəhərdə salamat ev qalmayıb. Hər gün
Ermənistandan maşın-maşın bayavik göndərirlər. Deyirlər
hələ aralarında zəncilər də var.
- Mən ordakı vəziyyəti soruşmadım. Siz mənə
burdan danışın.
- Mən də elə burdakı vəziyyəti deyirəm. Burdakı
vəziyyət ordan asılıdı. Oranı düzəltmək lazımdı...
downloaded from KitabYurdu.org
81
İkinci onun sözünü kəsdi:
- Dedim ki, burdan danışın. Bu boyda hökumət
oturmusunuz burda, əlinizdə milis, ordu, prokuror. Şəhəri
oğrular, quldurlar idarə edir. Hakimiyyəti əldən
vermisiniz. Sizi bura nəyə göndəriblər?
Səhiyyə Nazirinin Müavini gördü ki, heç kəs başını
ağrıtmaq istəmir, yenə özünü verdi İkincinin gülləsinin
qabağına:
-Viktor Petroviç, burda oğru-quldur yoxdu, arvad-
uşağını, ev-eşiyini qorumaq istəyən camaat var, hər gün
də qırılırlar. Ermənilərin tankı, topu, qradı, bəs bu
camaatın nəyi var?! Berdenkayla vuruşurlar. Yaralılara
dərman da çatdırmaq olmur. Camaat adamın üzünə
tüpürür. Elə gecə olmur ki, şəhəri qrada tutmasınlar.
- Bir az çox şişirdirsən. Neçə saatdı burdayam, hanı
qrad, hanı top?
- Sizin xətrinizə atmırlar. Siz Əsgəranı üzü yuxarı
keçən kimi başlayacaqlar.
Söz İkincini tərs şapalaq kimi tutdu:
- İkibaşlı danışma.
Səhiyyə Nazirinin Müavini geri çəkilmədi:
- Siz soruşdunuz, mən də olanı dedim.
İkinci gördü nazir müavini üzə dirənib, daha dərinə
getmədi, üzünü tutdu Müdafiə Nazirinə:
- Hanı sənin qoşunun?
Müdafiə Naziri qalxdı ayağa:
downloaded from KitabYurdu.org
82
- Mənim qoşunum var? O burnu fırtılıqlı uşaqları
deyirsiniz? Onlardan qoşun olar? Qoşunu yığıblar Bakıya.
Heç bilmirəm mənim vəzifəm torpağı qorumaqdı, yoxsa
Mərkəzi Komitəni?! Səhiyyə Nazirinin Müavini düz
deyir, camaat üzümüzə tüpürür. Yer yarılsa, yerə girərəm.
- Niyə girmirsən? Gir də!
- Yarılmır axı.
- Mən yararam.
- Necə məsləhətinizdi.
Bu hadisələrin hansı sonluqla bitə biləcəyindən heç
özlərinin də xəbəri olmayan bu vəzifəlilər də bezmişdilər
hər şeydən, axı bu millətə nə qədər yalan danışmaq olar?
Axı bu milləti nə qədər aldatmaq olar? Camaat üzlərinə
deyirdi ki, siz ermənidən pissiniz.
Bu yazıqlar ermənidən pis deyildilər, onları
ermənidən pis eləyən əllərindən buraxmağa qorxduqları
vəzifələriydi. Onları yığmışdılar bir vəzifə torbasının
içinə, ağzını da bağlamışdılar, çıxa bilmirdilər bu
torbadan. Partlaya-partlaya qalmışdılar bu torbanın içində.
Və dözməyib bu torbadan çıxmaq istəyənlər olurdu.
Amma bu torbadan çıxmaq istəyənlərə elə bir başqa torba
tikirdilər ki, bu torba o torbanın yanında muştuluq olurdu.
Bu torba Bayılın divarları kimi çox möhkəm idi, sökmək
mümkün deyildi. Amma hərdən Bayıldakı torbanı gözləri
altına almayıb belə yığcam iclaslarda ürəklərini
boşaldanlar da olurdu. Və bəzən də bu ürəkboşaltmalar
downloaded from KitabYurdu.org
83
onlara baha-başa gəlirdi. Belə iclasların birində İkincinin
üzünə ağ olub ürəyini boşaldan bir prokuror səhərisi günü
Xankəndinə Təşkilat Komitəsinə çağırılmışdı və
Komitənin
qabağındaca
ermənilər
onu
girov
götürmüşdülər.
Hökumət bütün torpedaları işə salsa da bir xeyri
olmamışdı. Katib görmüşdü hökumətin əlindən bir şey
gəlmir, Komandirdən xahiş eləmişdi ki, bu işə qarışsın.
Komandir elə həmin gün Drakonla Pələngi göndərmişdi
Xankəndinə. Onlar da ermənilərin liderlərindən birini
gecə evindən oğurlayıb gətirmişdilər, soxmuşdular
zirzəmiyə. İkinci nə qədər çığırıb-bağırsa da xeyri
olmamışdı.
Komandir xəbər göndərmişdi:
- Ona deyin, proletariatın inqilabda itirəcəyi bircə
zənciridi, onu da biz çoxdan itirmişik. Bağırmasın, yoxsa
onun özünü də oğurlayarıq.
İkinci görmüşdü bu həna o hənadan d
eyil barışmalı olmuşdu. Bundan sonra Komandir
gətirdikləri ermənini prokurorla dəyişmişdi. İkinci də
hökumətin şər maşınını işə salmışdı.
- Cəbhəçilər prokuroru Salatın Əsgərovanın qatili
ilə dəyişiblər.
- Deyirlər prokurorun oğlundan kalan pul alıblar.
- Ay namərdlər!
downloaded from KitabYurdu.org
84
İkincinin tapşırığı ilə qəzetlər bu şayiəni bütün
ölkəyə yaymışdı.
Amma Komandir “Qur’an” götürüb camaatın
üstünə getməmişdi: “Kimin nə danışdığı mənə maraqlı
deyil, özüm ki bilirəm nə var, nə yox”. Heç qəzetlərə də
cavab verməmişdi, bilirdi ki, onsuz da cavabını çap
etməyəcəklər. Bircə Salatının anasına xəbər göndərmişdi
ki, ay ana, belə şeylərə inanma. Salatının anası da demişdi
ki, ay oğul, mən heç əvvəldən inanmamışdım.
İkinci Müdafiə Nazirinin ağzından vurdu:
- Sənin araqdan başın açılır ki, yerə girəsən, yoxsa
göyə çıxasan?!
- Mənim içməyim hökumətə sərf edir. Yoxsa elə bu
burnufırtılıqlı
uşaqlarla
Stepanakerti
şumlayaram.
İnanmırsınız, çəkilin kənara, görün şumlayıram, ya yox.
İkinci:
- Səhər nə yemisiniz belə? Hamınız bülbül kimi
ötürsünüz.
Bir nəfər içəri daxil olub dedi:
- Viktor Petroviç, rəis gəlib.
-Gəlsin içəri.
Salona girən Rəis qapının ağzında dayanmış At
Belində Olan Adamı görəndə dalağı sancdı, amma özünü
onda qoymadı, istehzayla dedi:
- Sən də burdasan? Bəs deyirlər sənin şalvarını
çıxarıblar, əynindədi ki! - sonra irəli yeriyib dayandı
downloaded from KitabYurdu.org
85
İkincinin önündə, əlini qulağının dibinə atıb özünü təqdim
etdi: - Yoldaş Polyaniçko, şəhər milis idarəsinin rəisi sizin
əmrinizlə gəlib.
İkinci:
- Rəis, məndə məlumat var ki, sən cinayətkarları
himayə edirsən?
-Yalan məlumatdır, yoldaş Polyaniçko. Mənim
ermənilərlə heç bir əlaqəm yoxdur. Buyurub keqebedən
öyrənə bilərsiniz.
- Mən erməniləri demirəm.
- Mən də ayrı cinayətkar tanımıram.
İkinci yerindən qalxıb var-gəl eləməyə başladı:
- Deyəsən söz güləşdirirsən, özün yaxşı bilirsən
mən nə deyirəm. Günün-günorta çağı cəbhəçilər şəhərin
mötəbər bir şəxsinin evinə soxulub pul istəyirlər, üstünə
avtomat çəkirlər, döyürlər, məşğul olmursan. Hələ
məlumat almışam ki, üstəlik onları işə də götürmüsən,
rəsmi silah vermisən.
- Yoldaş Polyaniçko, biz fakt əsasında cinayət işi
qaldırırıq. Həmin şəxs bizə rəsmi müraciət eləməyib.
Buyursun, rəsmi müraciət eləsin, biz də araşdıraq. Qaldı
ikinci məsələyə, vəziyyətlə əlaqədar nazirlik bizə bir rota
formalaşdırmaq əmri göndərib. Əmrdə də göstərilib ki,
rota yerli gənclərdən formalaşdırılsın. Mən də sağlam,
qabiliyyətli gəncləri rotaya götürmüşəm.
İkinci gəldi durdu Rəisin qarşısında:
downloaded from KitabYurdu.org
86
- Sənə əmr eləyirəm, elə indi get o quldurları həbs
elə.
- Yoldaş Polyaniçko, mən bu əmri yerinə yetirə
bilmərəm.
- Niyə?
- Onları həbs eləsəm bayaviklərlə kim vuruşacaq,
burda oturanlar?
- Görünür babat pullarını almısan.
Rəis gördü geriyə yol yoxdu, onsuz da yuxarıların
alçaldıcı əmrlərindən, aşağıların söyüşlərindən boğaza
yığılmışdı, bu rəislik deyildi, it əzabıydı, çəkirdi. Hər
gecə Dolunun altında kabinetdə yatmaqdan da bezmişdi,
məsciddə şəhid yudurtmaqdan da, qulağı eşidə-eşidə o
şəhidlərin ata-analarının onun və onun kimilərinin
ölənlərinin goruna söyüşlərini eşitməkdən də. Ömrü boyu
gözəl-gözəl istirahət evlərində, buz bulaqların başında
yeyib-içdikləri
müharibə
başlayandan
gildir-gildir
burnundan gəlirdi. Çoxdan tüpürüb gedərdi. Amma
dünyanın düz vaxtı Dünyanın Ən Varlı Şəhərindən
qazandığı pullarla özü də, balaları da dünyanın kefini
görmüşdü. Nəyi vardı Dünyanın Ən Varlı Şəhərinə
borcluydu. Bu şəhərdə qazanmaq üçün başqa yerlərdə
olduğu təki kimisə asıb-kəsmək, tutub içəri basmaq,
oboxeyislə qorxutmaq lazım deyildi.
Bu şəhərdə camaat pul qazanmağı da gözəl bilirdi
və qazandıqları pulları ürəklə xərcləməyi də. Bu şəhərdə
downloaded from KitabYurdu.org
87
vəzifəli adamlara pulu az qala zorla verirdilər, özü də işi
düşən də pul verirdi, işi düşməyən də. Bir əlin verdiyi
pulu o biri əl bilmirdi. Qaynayıb-qarışmışdı bu camaata,
olmuşdu bu camaatdan biri, oğrusuyla da dil tapmışdı,
doğrusuyla da. Və indi dünya məhvərindən çıxanda, onu
gözü üstə saxlayan, onu özününkü sayan bu camaatı dar
ayaqda əsir-yesir kökündə qoyub qaçmağı özünə ar
bilmişdi, kişiliyinə sığışdırmamışdı. Və bu camaatla bir
səngərdə yatırdı, nə gecəsi vardı, nə də gündüzü.
Qorbaçov silahları yığmaq əmrini verəndə
Ermənistan bu əmrlə gündöyməzini silib atmışdı tualetə.
Bizdə isə rəislər daha artıq silah təhvil vermək üçün
özlərini öldürürdülər, elə bil pambıq planı doldururdular.
Amma o, yuxarıdan nə qədər sıxsalar da bir adamın evinə
də milis göndərmədi.
Nazirlikdən:
- Sən o boyda şəhərdən silah tapa bilmirsən?
- Yoxdu! Neyləyim, özümü silah eləyim?!
- Nə nağıl danışırsan?! Bazarında avtomat satılan
şəhərdə silah tapmırsan?
- Bilirsiniz nə var? Əvvəl ermənilərdən silahları
yığın, sonra mən sizə bir vaqon silah təhvil verim. Mən
bu camaatı topun-tüfəngin qabağında əliyalın qoya
bilmərəm.
downloaded from KitabYurdu.org
88
Hələ altdan-altdan başqa şəhərlərə adam salıb silah
aldırırdı və bu silahların da çoxunu ermənilərin
mühasirəsindəki kəndlərə göndərirdi.
Camaat da dünyanın düz vaxtı onun bu şəhərdən
qazandıqlarının hamısını halal eləmişdi:
- Ə, bu Rəis kişi oğlu kişiymiş!
Artıq geriyə yol yox idi, vardı ey, amma bu yol kişi
oğlu kişilik deyildi.
- Yoldaş Polyaniçko, mən də burda oturan bütün
vəzifəlilər kimi rüşvət almışam, özü də pis almamışam.
Sizin özünüzün də rüşvət almaq stajınızdan sizə yaxşı
məlumdur ki, hamımızın bir vəzifəsi də rüşvət almaq və
aldığımız rüşvəti də yuxarılarla bölməkdi. Amma mən
başqalarından fərqli olaraq həmişə pulluların pulunu
almışam, yetim-yesirin yox. Sizin o dedikləriniz yetim-
yesirlərdi, pulları yoxdu. Olub-qalanlarını da satıb
tüfəngdən-zaddan alıb hökumətin əvəzinə bu şəhəri
qoruyurlar.
İkinciyə bəlkə də həyatında indiyədək belə bir sərt
söz deyilməmişdi. Ona görə də bu gözlənilməz cavabdan
özünü itirdi:
- Sən kiminlə danışdığının fərqindəsənmi?
- Yoldaş Polyaniçko, əvvəla, sən yox, siz! Mən sizə
siz deyə müraciət edirəm. Mən bir milis polkovnikiyəm,
kimin qarşısında olduğumu da çox gözəl bilirəm.
downloaded from KitabYurdu.org
89
Oturanların hamısını soyuq tər basmışdı. Rəisin az-
çox köntöy olduğunu bilsələr də, hər halda ondan ölkənin
ikinci şəxsinə bu qədər sərt bir cavab gözləmirdilər. Rəis
taleyini ortaya qoymuşdu və yəqin ki, artıq uduzmuşdu.
Bayaq saunanın kefindən, indi isə hirsindən
pörtmüş İkinci yenə alnının tərini sildi və dəsmalı hirslə
stola çırpdı, stolda nəsə qırıldı:
- Mən səni tutduğun vəzifədən azad edirəm.
Müdafiə Naziri nə vaxtdan bəri bir yerdə çörək
yediyi Rəisi düşdüyü uçurumdan xilas etmək üçün
İkincini sakitləşdirməyə çalışdı:
- Viktor Petroviç, rəis yaxşı oğlandı, şəhərdə böyük
hörməti var, camaat onu eşidir. Gecə-gündüz
səngərlərdədi, güllənin altındadı. Heç ailəsini də şəhərdən
çıxarmayıb...
Səhiyyə Nazirinin Müavini də Müdafiə Nazirinin
sözünə qüvvət verdi:
- Dünən idarəsinə qrad düşüb, gözünün qabağında
iki milis işçisi ölüb. Çox böyük sarsıntı keçirib. Bütün
gecə özüm onun yanında olmuşam. Hələ heç özünə
gəlməyib, bu dəfə bağışlayın. Ağsaqqalsınız! Qul xətasız,
ağa kərəmsiz olmaz.
Amma hirindən-hikkəsindən boğazının damarları
çıxmış İkincini sakitləşdirə bilmədilər:
- Eşitmədin? Gedə bilərsən! Mən səni tutduğun
vəzifədən azad elədim!
downloaded from KitabYurdu.org
90
Rəis təmkinini pozmadı:
- Yoldaş Polyaniçko, siz partiya işini yaxşı bilə
bilərsiniz. Amma görünür hərbi işi yaxşı bilmirsiniz. Mən
hərbçiyəm.Məni bu vəzifəyə daxili işlər naziri təyin edir
və daxili işlər naziri də vəzifədən götürür. Mən nazirə
tabeyəm, sizə yox. Nazir əmr verər, mən də vəzifəmi
əmrdə göstərilən şəxsə təhvil verərəm.
- Eybi yox, mən elə indi nazirlə danışaram. Çiyninə
bir avtomat verib səni göndərər Stepanakertə, gedib
Kərkicahanda uçastkovı işləyərsən.
Rəis:
- Dedim ki, mən hərbçiyəm. Nazir əmr eləsə sıravi
milis işçisi kimi də bu dövlətə qulluq eləməyə borcluyam
və hazıram. İndi gedə bilərəm?
- Gedə bilərsən!
Rəis bu dəfə hərbi salam vermədi, üzünü bir az
əvvəl onu müdafiə edənlərə dedi:
- İkinizə də təşəkkür edirəm. Məni müdafiə
etdiyinizə görə yox, belə nakişilərin arasında kişiliyinizi
qoruya bildiyinizə görə.
Və çevrilib otaqdan çıxdı, çıxanda da qapının
ağzında əmrə müntəzir dayanmış At Belində Olan Adama
dedi:
- Sənin bu şəhərdən qazandıqlarını burnunun iki
deşiyindən tökmək mənə borc olsun.
***
downloaded from KitabYurdu.org
91
Anası Pələngi oyatmaq üçün əlini bir balaca ona
toxundurmuşdu ki, uşaq yerindən necə dik atıldısa, yazıq
arvad qorxdu:
- Bissimillah! Bissimillah!
Hövlnak qalxan Pələng:
- Nə oldu? Qrad başladı?
- Yox, ay bala, səni çöldə çağırırlar.
Ağlına birinci o gəldi ki, yəqin Drakondu, haqq-
hesab çəkməyə gəlib, rəngi qaçdı.
- A bala, sənnən deyiləm?!
- Kimdi?
- Rəhmətlik dədəngilin buxaltiridi.
Toxtadı, keçdi yan otağa, hər ehtimala qarşı Rəşid
Behbudovun bağışladığı xəncəri pencəyinin altından
qurşadı belinə və çıxdı darvazaya.
- Qonşu, gecə vaxtı xeyir ola?
- Xeyir olar, inşallah.Bir gedək bizə, sözüm var.
- Burda deyə bilməzsən?
- Hər halda ev yaxşıdı.
- Gedək deyirsən gedək də.
İçəri girəndə gördü ki, At Belində Olan Adam
yayxanıb divana, qarşısında da bir stəkan çay, televizora
baxır, televizorda vurhavur konsert gedirdi.
Uşaq vaxtı televiziyada Livanı göstərəndə dəli
olurdu: bir tərəfdə kəndlər, şəhərlər yanır, millət qırılır,
bir tərəfdə də restoranlar, barlar, göbək rəqsləri. Uşaq
downloaded from KitabYurdu.org
92
ağlıyla fikirləşirdi ki, bu necə dövlətdi, bu necə millətdi,
belə də müharibə eləmək olar?
Onun üçün, elə hamı üçün müharibə deyilən şey
Böyük Vətən Müharibəsi idi - kinolarda gördükləri,
kitablarda oxuduqları, atalarının-babalarının vuruşduqları,
qırıldıqları müharibə. Uşaqlı-böyüklü hamının ayağa
qalxıb düşmənlə döyüşdüyü müharibə. Bütün ölkənin
“Hər şey cəbhə üçün, hər şey Vətən üçün” dediyi
müharibə. Və uşaq ağlıyla fikirləşirdi ki, bəs bu livanlılar
niyə demirlər: “Hər şey Vətən üçün! Hər şey cəbhə
üçün!” Və heç cür nə onun, nə də kimsənin ağlına gələ
bilməzdi, heç yatsalar yuxularına da girməzdi ki, bu
televiziyada gördüklərini haçansa həyatda da görəcəklər
və yaşadıqları ölkə elə Livan kimi olacaq. Millətin bir
parası qırılacaq, millətin o biri parası isə öz kefində, öz
damağında! Və uşaq vaxtı televizorda gördüyü Livan
hətta bu ölkənin yanında muştuluq olacaq.
İndi At Belində Olan Adam yayxanmışdı divana,
qarşısında bir stəkan çay və ləzzətlə bu millətin olmayan
televiziyasında bu millətdən olmayanların vur-çatlasınına
tamaşa edirdi.
İstədi elə qapıdan geri qayıtsın, çevrilib qonşuya
baxdı, gördü qonşu əlini atıb boğazına, qayıtmadı.
At Belində Olan Adam dərhal hiss elədi ki, Pələng
bu görüşdən xoşlanmadı. Qalxdı ayağa, televizoru
downloaded from KitabYurdu.org
93
söndürdü, amma Pələngə yaxınlaşıb əl uzatmağa qorxdu,
əli göydə qala bilərdi, bu da işləri korlayardı:
- Axşamın xeyir. Gəl otur, qardaş.
Amma Pələng oturmadı:
- Xeyirdimi?
- Gəl, gəl otur. Kişisən, kişi oğlusan. Rəhmətlik
atanın da xətrini çox istəyirdim. Gözəl insanıydı. Neçə il
bir yerdə işlədik, çox çörək yemişdik. Gəl, gəl otur.
Pələng atasının adını eşidəndə bir az yumşaldı və
könülsüz-könülsüz keçib oturdu.
At Belində Olan Adam Baş Mühasibə dedi:
- Bizi tək burax.
Otaqda ikisi qaldı.
- Əvvəla, sənə təşəkkür edirəm, məni böyük bir
biabırçılıqdan qurtardın. Ömrü boyu özüm də, balalarım
da sənə borcludu.
- Nə sən, nə də balaların mənə heç nə borclu deyil.
- Yox, borcluyuq! Mənə görə özünü Drakon kimi
bir əjdahanın ağzına atdın.
Pələngin söhbətə qulaq asmağa heç həvəsi yox idi.
Həm də postda qaldığı iki günün yuxusu gözündən
tökülürdü:
- Rəis, - bu şəhərdə vəzifəlilərə rəis deyirdilər, -
sözünün canını de, mən hələ posta gedəcəm.
- Yaxşı, sözümün canın deyirsən, mən də sözümün
canın deyirəm.- deyə o, əlini atıb divanın altından bir
downloaded from KitabYurdu.org
94
çanta çıxartdı və qoydu stolun üstünə: - Qulaq as, burda
ürəyin istədiyin qədər pul var. Bu pulla Bakıdan ev ala
bilərsən, maşın ala bilərsən, evlənə bilərsən. Bunu sənə
gətirmişəm.
Səhər-səhər Musanın anası üçün min manat
qıymayan nədən belə səxavətli olmuşdu, nədən onun
ayağına gəlmişdi? Düzdür, yaxşılıq eləməyinə Pələng ona
çox böyük bir yaxşılıq eləmişdi, biabırçılıqdan, özü də
dəhşətli bir biabırçılıqdan qurtarmışdı. Amma Pələngə
görə hər qəpiyinin qədrini bilən bu adam həmin yaxşılığı
bu qədər pulla qiymətləndirmək qabiliyyətində deyildi,
qəpiyinin qədrini bilən bir belə pulu buna görə çölə
atmazdı. Görünür burda nə isə başqa bir əmma vardı.
- Rəis, səni yaxşı tanıyıram, bilirəm pulun da
çoxdu, amma sən bu qədər pulu havayı çölə atanlardan
deyilsən.
- Havayı niyə, həyatımı qurtarmısan.
- Rəis, açıq danış, de görüm məndən nə istəyirsən?
Sözü bir başa demək çətin idi, özü də çox çətin idi.
Məsələ çox pis sonuclana, onun üçün daha ağır qurtara
bilərdi. Hərçənd ki, ona olan olmuşdu, qaradan artıq rəng
yoxuydu. Tutar-tutar, tutmaz da... Amma necə olur-olsun
tutdurmaq lazımıydı, daha uzaqdan gəzişməkdən vaz
keçdi, birbaşa gəldi mətləbin üstünə.
- Yaxşı, lap açıq danışıram, amma cavab verməyə
tələsmə. Mənə diqqətlə qulaq as. Drakonu məndən də
downloaded from KitabYurdu.org
95
yaxşı tanıyırsan. Yaxşı bilirsən ki, anasına qəhbə deyibsə,
səni atacaq. Eldar Bağırovu vurdular, kimə nə dedilər ki,
səni də vursalar kimə nə deyələr?! Müharibədi, kim
kimədi? Qorxma, döyüşlərin birində işini gör, arxanda
mən durmuşam.
Pələng gözlərini qıyıb qarşısındakı adamın anlaya
bilməyəcəyi bir baxışla onu süzdü. Qarşısındakı adam bu
gün səhər şalvarını batıran adama oxşamırdı. Yenə səhər-
səhər düşürüldüyü atın belinə qalxmışdı. Və bu atı daşlı-
kəsəkli yolda səyirtmək istəyirdi. Bu adam pulla hər şeyi
almağı öyrənmişdi və hər şeyi də həmişə ala bilmişdi -
diplomu da, vəzifəni də, ad-sanı, xətir-hörməti də,
toylarda, yaslarda məclisin yuxarı başını da. Hər şeyi satın
ala bilmişdi - katibləri də, rəisləri də, prokurorları da,
özündən yuxarıları da, özündən aşağıları da. Onun üçün
bu dünyada hər şey satılırdı, hər şey alınırdı. İndi də onu
almaq istəyirdi, qiyməti də özü müəyyənləşdirmişdi,
xəsislik də eləməmişdi. Əjdahaları satın almağı bacaran
bir adam üçün o çox kiçik bir əşya olsa da, ortaya çox
böyük pul qoymuşdu.
- Hə, nə deyirsən?
Pələng xeyli bir çanta pula baxdı, bu bir namərdə
öz qardaşına güllə atdıracaq qədər pul idi, sonra yenə
baxışlarını qaldırıb qarşısındakını süzdü. Onun təzə-təzə
dərk elədiyi, təzə-təzə qədəm qoyduğu bir duyğunu -
kişiliyini satın almaq istəyən bu adamın sinəsində qəşəng
downloaded from KitabYurdu.org
96
bir xəncər yeri vardı. Amma o, Rəşid Behbudovun
bağışladığı xəncərə əl atmadı. Gözlərinin qabağına
Musanın ayaqları kəsilmiş anası gəldi, həkimə verilmək
üçün qəpik-qəpik yığdıqları pul gəldi, Komandirin
barmağından çıxartdığı nişan üzüyü gəldi, ətsiz yedikləri
borş gəldi... Daha çox şeylər, çox şeylər gəldi gözlərinin
qabağına. Amma o çox şeylərin içərisində nə ev vardı, nə
maşın, nə də toy. O heç qız sevməyə macal tapmamışdı
ki! Və indi qabağına çox şeylər gələn gözlərinin önündə
bir çanta pul vardı, ağlına gəlməyəcək, yuxusuna
girməyəcək, bütün nəslini xoşbəxt edə biləcək qədər pul.
Acı-acı güldü.
- Hə, nə deyirsən? Bunu Allahdan başqa bir kimsə
bilməyəcək.
Pələng yenə At Belində Olan Adama baxdı,
çantadakı pula baxdı, qalxdı ayağa, çantanın ağzını örtüb
götürdü:
- Nə deyirəm ki! - dedi və otaqdan çıxdı.
At Belində Olan Adam dərindən nəfəs aldı:
- Di get, köpəyoğlu! Görək kim kimi şalvarsız
qoyur.
***
downloaded from KitabYurdu.org
97
Pələng həyətə girəndə gördü anası artırmada əli
qoynunda dayanıb intizarla onu gözləyir - gecənin bu
çağında bu qəfil çağırış arvadı qorxutmuşdu.
- Bu gecə vaxtı xeyiriydimi, ay bala?
- Xeyiriydi.
Girdilər evə. Pələng çantanı stolun üstünə qoyub
açdı. Anası pulları görəndə matı-qutu qurudu, əli üzündə
qaldı:
- Bu nədi, ay bala? Oğurluq eləmisən?- dedi və
halsız düşdü çarpayıya.
- Oğurluq nədi, ay ana?! Bakıdan göndəriblər,
batalyonun puludu.- amma gördü anası inanmadı, and
içdi;- Seyid Lazım ağanın cəddi, batalyonun puludu.
Anası yenə inanmadı:
- Denən Həzrət Abbas haqqı!
- Həzrət Abbas haqqı! İndi inandın? - Sonra “türk”
adı gələndə çiçəyi çırtlayan anasını həm rahatlatmaq, həm
də sevindirmək üçün dedi; - Türklər göndərib.
Anasının gözləri alacalanıb işıqlandı:
- Buy, onlara qurban olum! Buy, onların başına
dolanım!
- Sən mənə bir stəkan çay gətir, işim var.
Türklərin adını eşidəndən sonra rəngi üstünə gələn
anası getdi çay gətirməyə.
“Mənə bir belə verirsə, gör namərdin nə qədər pulu
var ey” deyə fikirləşən Pələng əlinin arxasıyla pulları
downloaded from KitabYurdu.org
98
sığalladı, elə bil qayçının ağzından indicə çıxmışdı. İlk
dəfə hiss elədi ki, heç demə gül kimi, çiçək kimi pulun da
öz qoxusu varmış. Və gülün, çiçəyin qoxusu kimi pulun
da qoxusu ləzzətliymiş. Və gül-çiçək qoxusu verən
puldan iki dəst götürüb qoydu qoltuq cibinə.
Əlində çay otağa girən anası bunu gördü:
- Onları niyə götürürsən?
- Lazımdı, -dedi, sonra iki-üç dəstini də götürüb bir
qəzetə bükdü verdi anası; - Ala bunu, bərk yerə qoy.
Müharibədi birdən məni vurub-eləyərlər, lazım olar.
- Allah eləməsin, ay bala.
-Biz Allahın yadından çoxdan çıxmışıq.
-Axmaq-axmaq danışma, ağzın əyilər.
Pələngin əli havada qalmışdı:
- Di ala dana, qoy bərk yerə.
Anası yenə əlini pula uzatmadı:
- Bəs deyirdin batalyonundu?
- Həzrət Abbas haqqı batalyonundu. Tezdən aparıb
verəcəm Komandirə. Bunlar da mənim payımdı. Mən
indiyədək heç sənə yalan danışmışam?!
Anası pulları alıb qoynuna soxdu, Pələngi də
gülmək tutdu:
- Amma yaman bərk yerə qoydun, ha!- dedi sonra
çantanı atdı çarpayının altına, tələm-tələsik bir-iki qurtum
çay içdi və evdən çıxdı;- Sən yat, mən Musanın qardaşına
bir söz deyib gəlirəm.
downloaded from KitabYurdu.org
99
Getdi Musanın xalasıgilə. Evə Dolu düşəndən sonra
Musanın qardaş-bacılarını xalası əri yığıb aparmışdı öz
evlərinə. Darvazanı xeyli döydü:
- Ay dədəm vay, bunlar nə bərk yatıblar, ə!
Nəhayət, Musanın Xalası Ərinin yuxulu səsi gəldi:
- Ay kimsən?!
- Mənəm, Pələngdi.
Darvaza açıldı, Musanın Xalası Əri gecənin bu
gözü Pələngi görəndə elə bildi Bakıdan bəd xəbər gəlib,
salamsız-kəlamsız soruşdu:
- Arvad keçinib?
- Yox, salamatdı. Musa qardaşına xəbər göndərib,
ona görə gəlmişəm.
- Gəl içəri.
- Sağ ol, tələsirəm. Zəhmət olmasa çağır.
Səsə Musanın Qardaşı da artırmaya çıxmışdı,
Pələngi görüb düşdü darvazaya tərəf, çatan kimi o da
soruşdu:
- Arvad keçindi?
Pələng girdi onun qoluna:
- Ə, loxəbər özünüzsünüz. Bir bəri dur görüm.
Dayı, sən bizi bağışla.
Musanın Xalasının Əri:
- Allah bağışlasın!- deyib girdi həyətə.
Pələng cibindən iki dəstə pul çıxartdı və uzatdı
Musanın Qardaşına:
downloaded from KitabYurdu.org
100
- Ala bunları.
O da Pələngin anası kimi ömründə ilk dəfəydi bu
qədər pul görürdü, təəccüblə soruşdu:
- Bunlar nədi, ə?
- Korsan? Görmürsən puldu?!
- Görürəm ey puldu, deyirəm nədi?
- Bakıdan Musanın dostları göndərib.
- Ə, nə səfeh-səfeh danışırsan. Musa dünən o boyda
Bakıda dərman almağa əlli manat pul tapmayıb. Nə dost,
hansı dost?! Musanın dostunun biri sənsən, acından
günorta durursan.
Pələng əsəbləşdi:
- Ə, nə zəhləmi tökürsən?! Dostları olmasın, yaxşı
oğlanlar olsun. Götür get evinizi tikdir, arvaddan da
narahat olma. Bu gün Musaya pul göndərmişik. Nə
gözünü döyürsən, ala dana!- dedi və pulları basdı onun
cibinə.
- Nə deyirəm, vallah, kim göndəribsə, Allah
balasını saxlasın. Pələng, eşitdim bu gün Drakonla
dalaşmısan?
- Boş şeydi, bir balaca dilləşmişik.
Musanın Qardaşı başını buladı:
- Necə dilləşməyiniz üz-gözündən görünür. Boş şey
deyil, söz Drakonun ağzından çıxıbsa, səni atacaq.
Deyirəm, bəlkə sabah gedək Seyid Lazım Ağanın yanına.
downloaded from KitabYurdu.org
101
Bu camaat üçün Seyid Lazım Ağanın sözü
“Qur’an” ayəsi kimiydi, heç kim keçə bilməzdi. Camaat
Ağanın şəkillərini ciblərində gəzdirir, maşınlarının ön
şüşəsinə yapışdırır, evlərinin ən görkəmli yerlərindən
asırdı. Üzündən nur yağan Ağa adətən çox vaxt bazarda
Drakonun mağazasının qarşısında, onun üçün qoz
ağacından xüsusi hazırlanmış taxtda otururdu. Bazara
gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını
almamış bazardan çıxmazdı. Nəzir-niyazı olanlar da onu
elə burda tapardı. Dükanın ağzında bir qutu vardı, bu qutu
axşamadək nəzir-niyazla dolardı. Amma Ağa əlini o
nəzir-niyaza vurmazdı, bu nəzir-niyaz kasıb-kusuba
paylanırdı. Təzə işə başlayanlar, ya bir vəzifəyə gedənlər
Ağadan bir-iki manat pul alardı - bərəkət olsun deyə.
Bu günlərdə bir Dolu gəlib ağanın on-on beş
addımlığında torpağa sancılmışdı, amma partlamamışdı.
Gördükləri möcüzədən əlləri üzlərində qalan camaat Dolu
düşərkən heç tükü də ürpənməyən Ağanın əlinə-ayağına
düşmüşdü:
- Cəddinə qurban olaq, Ağa!
Bir an da bütün Qarabağa səs yayılmışdı, hətta
xəbər gedib Bakıya da çatmışdı - Ağanın cəddi camaatı
ölümdən qurtarıb. Müharibə başlayandan bəri Dolu
döyməkdən xeyli öləziyən Dünyanın Ən Varlı Şəhərinin
bu ən varlı bazarı yenidən qaynamağa başlamışdı - Ağa
nə qədər bazardadı, cəddi camaatı qoruyacaq.
downloaded from KitabYurdu.org
102
Və indi Musanın Qardaşı çox gözəl bilirdi ki,
Drakon nəyə and içir-içsin, Ağanın bir kəlmə sifarişi
bəsdi.
- Hə, nə deyirsən, səhər gedək? Sən utanırsansa
mən gedim.
Musanın Qardaşı Pələngin ürəyindən xəbər
vermişdi, amma özünü sındırmadı:
- O məni atmaz! Bir sözdü də deyib. Özü də mənim
əlimi pişik yeyib?!
- Yaxşı da, gopa basma. Səhər gedirik, ya yox?
Pələng gülümsədi:
- Nə deyirəm, gedək deyirsən, gedərik.
***
Bayaqdan yatmaqdan ötrü ölən Pələngin gözünə
səhərədək yuxu getmədi. Və heç bilmədi ki, onu yatmağa
qoymayan çarpayının altındakı gül-çiçək qoxusu verən bir
çanta puldu. Dan yeri onun gözlərində söküləndə düşdü
həyətə, qurşaqdan yuxarı yuyundu. Sonra evə qalxıb
ağzına bir-iki tikə pendir-çörək qoydu. Anası daş kimi
yatmışdı, oyatmağa heyfi gəldi, əyilib sümükləri çıxmış
qupquru əlindən öpdü və evdən çıxdı.
Batalyonun həyətində ağız deyəni qulaq eşitmirdi,
vurhavuruydu, maşınlara doluşurdular.
- Hara?
- Deyirlər ermənilər Gülablıya girib.
downloaded from KitabYurdu.org
103
Yüyürdü Komandirin maşınına tərəf. Əlini atıb
yerindən tərpənməkdə olan maşının qapısını açdı:
- Komandir, bəs mən?!
Komandir:
- Arujeynikə de, silahını versinlər!
***
Yüksəkliyi ələ keçirən ermənilər ovucları içində
qalan kəndi güllə yağışına tutmuşdular. Göydən ucuz
ölüm tökülürdü. Və göydən tökülən bu ucuz ölümdən
canlarını qurtarmaq üçün arvad-uşaq, ağsaqqal-qarasaqqal
ayaqyalın, başıaçıq üzümlüklərin arasıyla üzüaşağı
qaçırdı. Körpələrin çığırtısı, qadınların fəryadı tük
ürpədirdi.
Bir yük maşını yolun ortasında yanırdı, ətraf
parçalanmış meyidlərlə dolu idi. Yolun kənarındakı şah
tutun budaqlarından bağırsaqları çölə tökülmüş bir adam
sallanırdı və hələ nə baş verdiyini anlamadan bağırırdı.
Sürücü öyüdü, maşını saxlayıb düşmək istədi,
Komandir hirslə boynunun dalına bir şapalaq vurdu:
- Sür, köpəyoğlu! Camaat qırıldı!
İdarənin qabağında xeyli silahlı əsgər vardı,
Direktor birinin yaxasından yapışıb şapalaqlaya-
şapalaqlaya bağırırdı:
- Hara qaçırsınız, ay qəhbə uşağı qəhbə?!
Komandir:
downloaded from KitabYurdu.org
104
- Saxla!- deyib çığırdı və heç maşının dayanmağını
gözləmədən qapını açıb özünü atdı yerə, əli ilə də arxadan
gələnlərə işarə elədi ki, dayanmayın, qalxın yuxarı.
Komandiri görən Direktor bir az da ürəkləndi:
- Ə, binamuslar...
Komandir əsgəri Direktorun əlindən alıb kənara
itələdi:
- Müəllim, bir dayan görüm. Nə olub?
- Görmürsən bu binamusları, postu qoyub qaçırlar.
Komandir qorxudan ciyərləri ağızlarından gələn,
tozun-torpağın içində, tökülüb-itən bu burnu fırtılıqlı
əsgərlərə baxdı.
Onların çoxunu Bakıda küçələrdən tutub milisə
gətirir, pulluları buraxır, imkansızları isə Müdafiə
Nazirliyinin adamlarına təhvil verirdilər. Bəzilərinin
üstündə heç sənədi də olmurdu. Bir də görürdün
ağlayırdılar ki, vallah, biz uşağıq, orta məktəbdə
oxuyuruq. Kim idi baxan? Və Müdafiə Nazirliyi də
ömründə bircə dəfə də silah görməyən bu burnufırtılıqlı
uşaqlara heç bir təlim keçmədən, döyüşə hazırlamadan,
hətta əyinlərinin ölçüsünə-filanına baxmadan əsgər paltarı
geyindirib doldururdular avtobusa və göndərirdilər
ermənilərin ət maşınının ağzına, elə bil millətin qəsdinə
durmuşdular. Belələrinin çoxu birinci döyüşdəcə güllənin
səsindən şoka düşürdü.
downloaded from KitabYurdu.org
105
İmkan düşən kimi bu əsgərlərə baş çəkən Komandir
belələrinə az qala yüz dəfə deyirdi:
- Ay oğul, güllənin səsindən qorxma, güllənin
səsini eşitdinsə, deməli,sənlik deyil. Sənə dəyən gülləni
eşitməyəcəksən.
Amma nə fayda? Ömürlərində kinolardan başqa
bircə dəfə də güllə səsi eşitməyən bu uşaqların bəziləri
döyüş başlayan kimi silahlarını atıb qaçır, bəziləri də
səngərin içində qulaqlarını tutub uşaq kimi ağlayırdılar.
Özlərini batıranlar da olurdu. Qınamaq da mümkün
deyildi, ana uşaqları idi, çoxunun üzünə heç ülgüc də
dəyməmişdi.
Gözlərinin qabağında cavan-cavan oğlanların
havayıdan qırılmasına, qırılmayanların da minbir xəstəlik
tapmasına dözə bilməyən zabitlər xəlvətcə Komandirin
yanına gəlmişdilər:
- Komandir, bizi eşidən yoxdu. Etiraz edənləri də
tutub soxurlar içəriyə ki, provakatorsan. Yenə səndən
çəkinirlər. Qoyma, uşaqlar havayıdan qırılır.
Komandir:
- Vallah, sizin hökumət elə bilir düşmən erməni
deyil, mənəm. Amma çalışaram.
Durub getmişdi Katibin yanına:
- Katib, sən bu şəhərin yiyəsisən, niyə qoyursan
hökumət bu xalqın uşaqların qırdırsın?
downloaded from KitabYurdu.org
106
- Rəhmətliyin oğlu, nə şəhər, nə rayon, nə yiyə?!
İndi heç bu ölkənin yiyəsi yoxdu. Elə bilirsən məni
eşidirlər? Dəfələrlə demişəm, dava da eləmişəm. Sekada
söymədiyim adam qalmayıb, heç filan yerlərinə də deyil.
Deyirəm heç olmasa bu yazıqları paylayın bizim
batalyonlara, qoyun bir az təlim keçsinlər. Deyirlər,
cəbhəçiləriyin sayın artırmaq istəyirsən? Guya cəbhəçilər
mənimdi. Deyirəm, bizim batalyonlara vermirsiniz, yaxşı,
onda verin Şirin Mirzəyevin batalyonuna, o ki cəbhəçi
deyil, nazirliyin batalyonudu. Ona da razı olmurlar. Çünki
yuxarıların axmaq göstərişlərini yerinə yetirmədiyinə görə
Şirindən də zəhlələri gedir. O gün Kolanıda bir kapitan
Müdafiə Nazirinin boğazını üzürdü. Deyirdi ki, tüfəng
tuta bilməyən bu uşaqlarla erməninin qabağına necə
çıxım? Düzü, zəhləm getsə də, Nazirə yazığım gəldi,
oturub zülüm-zülüm ağladı. Dedi elə bilirsiniz mən insan
deyiləm, elə bilirsiniz mənim balalarım yoxdu?!
Neyləyim?! Ali Baş Komandan nə əmr eləyir, mən də onu
yerinə yetirirəm.
- Heç olmazsa o uşaqlara verdikləri silahları bizə
versinlər, bu camaata versinlər, biz də işimizi bilək.
Katib acı-acı güldü:
- Komandir, bayaqdan ağzımda bir “Qur’an”lıq söz
danışıram, sən də deyirsən silahları bizə versinlər. Bir
nəfərə deyirlər Əzrayıl bala paylayır, o da deyir ki,
balama dəyməsin, onun balası mənə lazım deyil. Şükür
downloaded from KitabYurdu.org
107
elə ki, əlimizdəkini almayıblar. Çalışaram heç olmasa
onları ön cəbhədən çıxarsınlar.
Ayrılarkən Komandir dedi:
- Katib, ağsaqqalımızsan, səndən keçə bilmirəm.
İcazə ver, o ağevdəkilərin hərəsinin əlinə bir qoşa lülə
verib soxum səngərə, ağılları başlarına gəlsin.
- Onlar peşkadılar, Komandir. İşin olmasın. Özü də
içlərində bizi istəyənlər də var. Amma neyləsinlər, nəyin
nəyidilər ki!
Komandir qorxudan sapsarı saralmış bu əsgərlərə
baxdı, gördü ki, onları təzədən döyüşə soxub qırdırmağın
heç bir mənası yoxdu, soruşdu:
- Komandiriniz hanı?
- Vurdular! Uşaqların yarısı dağda qırıldı!
Komandir:
- Müəllim, işin yoxdu, qoy getsinlər. Günah
bunlarda deyil ey, bunları bura göndərən namərdlərdədi.-
dedi, sonra üzünü tutdu əsgərlərə:- Silahlarınızı buraxın,
gedin. Müəllim, sən də silahları payla öz camaatına,
göndər yuxarı, Abdalın üstünə. Oranı möhkəmlədin,
ordan da girə bilsələr, qabaqlarını kəsmək mümkün
olmayacaq. Di siz də buraxın silahlarınızı.
Əsgərlər əvvəl-əvvəl bir-birlərinə baxdılar, sonra
başlarını saldılar aşağı, xəcalətindən heç kim silahını
birinci atmağa ürək eləmədi.
Komandir:
downloaded from KitabYurdu.org
108
- Ə, vaxt yoxdu, buraxın silahlarınızı dedim. Çıxın
kənddən! Özü də üzümlüklərin içiylə gedin ki, sizi
qırmasınlar.
Bəziləri utana-utana silahını gətirib Komandirin
önünə buraxdı və çəkildilər bir tərəfə. Bəziləri isə hələ də
dayanıb çəkinə-çəkinə Komandirə baxırdı.
- Siz nəyi gözləyirsiniz? Gedin, utanmayın!
- Biz döyüşə qayıtmaq istəyirik.
Komandir daha gözləmədi:
- Müəllim, silahları payla camaata, bunları da götür
özünlə! Çıxın Abdala! Dağ bizlikdi. - dedi və cavab
gözləmədən mindi maşına:- Sür! Namərd uşağı,
namərdlər! Xalqın burnufırtılıqlı uşaqlarını küçələrdən
yığıb göndərirlər ki, gedin ölün. Vuruşa bilənlər də
Mütəllibovu qoruyur. Eybi yox, qoy bu ermənilərlə
qurtaraq, onun da məsələsinə baxarıq.
Batalyon döyüşə hazır vəziyyətdə meşənin içində
Komandiri gözləyirdi. Çatan kimi qərargah rəisi məlumat
verdi:
- Sol tərəfdə bir beempeləri var. Çıxır yolu vurur,
tez də gizlənir. Deyəsən pulemyotları çoxdu. Yaxşı
möhkəmləniblər. Beempe olmasaydı dərd yarıydı. Çətin
olacaq. Artilleriyasız heç nə edə bilməyəcəyik. Oğraşlar
bu boyda postu uşaq-muşağa tapşırıblar.
Kimsə tövşəyə-tövşəyə kəsə yolla aşağıdan yuxarı
dırmanırdı, hamının çiçəyi çırtladı:
downloaded from KitabYurdu.org
109
- Komandir! Baxın!
Komandir geri çevrildi - Drakon idi - ciyər dolusu
bir nəfəs aldı, bəlkə də heç vaxt bu qədər sevinməmişdi,
gözləri doldu. Bunu uşaqlar da hiss elədi.
Drakon gəlib çatdı. Dayandı Komandirin önündə,
nəfəsini dərmədən ağır-ağır dedi:
- Komandir! İcazə ver məlumat verim!
- Buyur!
- Döyüş başlayanda Ağbulaqda postdaydım.
Özümü çatdıra bilmədim, yoxsa postu verməyə
qoymazdım. Yazıqlar lap uşaqdılar. Amma komandirləri
əjdaha oğlanıydı, snayperlə vurublar. Komandirləri
vurulan kimi də qorxularından düşüblər. Bir beempeləri
var, rusdu köpəyoğlu, tanıyıram. Çox yaxşı işləyir. Bir
dənə qranatamyotları var, iki dənə də erpeka
pulemyotları. Çox deyillər, otuz-otuz beş nəfər ola-
olmaya.
Drakon əsgərlikdə olmamışdı, elə bu uşaqların
çoxu da! Əsgərlikdə olanlar da vardı ki, iki ildə heç
avtomat da görməmişdilər. Ya tikinti batalyonunda qulluq
eləmişdilər, ya da özlərini vermişdilər yeməkxanaya,
anbara. Ya da generalların bağlarını qorumağa. Hamısı da
qayıdandan sonra gopa basırdı ki, generalın qızıyla
gəzirdi, amma indiyədək əsgərlikdən bir general qızı, heç
mayor qızı da alıb gətirən olmamışdı. Alıb gətirdikləri
qızların ataları ya elektrik idi, ya sürücü, çox qudursa
downloaded from KitabYurdu.org
110
ticarətçi qızı. Bir də əsgərlikdən gələnlərin hamısı bığlı
olardı, bununla fors eləyirdilər ki, komandir nə qədər
elədi bığımı qırxdıra bilmədi:
- Dedim, komandir, biz azərbaycanlılar kişiyik ey!
Kişinin də bığı olar.
Bığsız komandirlər kişi deyildilər, amma bığsız
komandirlərin bağında qulluq eləyən, axşamlar itlərini
gəzməyə çıxaran bığlı bizimkilər kişiydilər.
Və belə yerlərə, general qızları ilə kef eləmək üçün
general bağlarına düşməyin xatirinə də yalvara-yalvara
ruslara nə qədər rüşvət verirdilər. Və heç bilmirdilər ki,
pul verməsələr də bizimkilərin yeri elə tikinti
batalyonudu, yeməkxanadı, çayxanadı. Lap pulluları da
uzağı general bağlarına göndərilirdi, general qızları ilə kef
eləməyə yox, general qızlarına nökərçilik eləməyə.
Ölmüşdü rus, bizimkiləri aparıb raket qurğuları
öyrədəydi, təyyarə, tank sürməyi, top atmağı öyrədəydi.
Hələ fəxr də eləyirdik ki, Hacı Zeynalabdin Tağıyev Çara
hər il külli miqdarda pul verirmiş ki, bizimkiləri əsgər
aparmasın, guya aparacaqmış.
Amma indi bu müharibə çox qısa zamanda, bu
əsgərlikdə olmayan, ya da əsgərlikdə olub general
qızlarıyla gəzdiklərini gopa basan bu uşaqlara çox şeyi
öyrətmişdi. Hətta elə şeylər öyrətmişdi ki, iyirmi ilin
zabiti də o şeyləri bilmirdi. Güllələrin səsindən silahın
növünü təyin edirdilər, mərminin səsindən topun.
downloaded from KitabYurdu.org
111
Səsindən Amerika istehsalı silahları da tanıyırdılar.
Adətən bu silahlardan xaricdən gətirilən muzdlular
istifadə etdiyindən hətta onu da bilirdilər ki, qarşıda nə
qədər muzdlu var.
Döyüşlərin birində bir ölü zənci ələ keçirmişdilər.
Ermənilər bu zəncinin meyidini bir neçə diri
azərbaycanlıyla dəyişdilər. Və uşaqlar heç bilmədilər ki,
ermənilər bu sahibsiz zəncinin meyidini niyə belə çox
istəyir.
Drakon da bu işdə ustaların ustasıydı, onun kimi
silah səsi tanıyan yoxuydu.
Bu vaxt BMP yenə çıxdı və yoldakı maşınlardan
birini də vurdu.
Komandir:
- Nu, davay! Üç yerdən qalxırıq. Özünüzü havayı
gülləyə verməyin. Snayper, sən çıx sağdakı yala, ordan
işləyərsən. Güllə atan kimi də yerini dəyiş. Drakon, sən
öz uşaqlarını götür sağdan çıxart. Mən mərkəzdə olacam.
İndi Qatırdan Vanyanı istəyərəm. Versə, işimiz asan
olacaq. Bəd ayaqda tarana gedəcəyik ha. Bəri başdan
deyirəm, kim qorxur getsin, qınamarıq. Amma döyüşdən
qaçsa, özüm öldürəcəm! Ya Allah!
Drakon:
- Komandir, icazə ver, bir söz deyim.
- Tez elə.
downloaded from KitabYurdu.org
112
- Komandir, bilirsən ki, mən buraları beş barmağım
kimi tanıyıram. Sovet hökuməti üç il məni bu meşələrdə
tuta bilmədi. Sən mənə icazə ver, o beempeni aşırım.
Onların gücü beempedədi. Siz yerinizi möhkəmlədin,
hücuma keçməyin, çox demirəm, yarım saat məni
gözləyin.
Pələng çıxdı qabağa:
- Komandir, mənə də icazə ver. Biz həmişə
kəşfiyyata bir getmişik.
Komandir:
- Yox! Sən mənə burda lazımsan.
Pələng baxışlarıyla Drakona yalvardı və Drakon bu
baxışları tutdu:
- Qoy gəlsin. Qorxma, mən onu bulvarda vuracam.
Komandir yenə razı olmadı:
- Yox, ona görə demirəm, Pələng mənə burda
lazımdı. İstəyirsən başqa adam götür.
Drakon:
- Yaxşı, onda heç kim lazım deyil, mən getdim.
Komandir sonuncu tapşırıqlarını da verdi, uşaqlar
mövqelərini tutub girdilər döyüşə.
Komandir telsizi götürdü:
- Qartal! Qartal! Mən Komandirəm! Qartal! Qartal!
Telsizdən Rəisin səsi gəldi:
- Qartal eşidir! Qartal eşidir!
downloaded from KitabYurdu.org
113
- Qartal! Ermənilər Gülablının üstündəki postu
götürüblər. Camaat qırılır. Döyüşə girmişəm. Bizə kömək
ver. Qartal! Eşidirsən?
- Eşidirəm, Komandir! Eşidirəm! Milis batalyonu
sənə köməyə gəlir, özüm də gəlirəm. Möhkəm ol!
- Kişisən, Rəis!
- Day mən rəis deyiləm. Gecə işdən çıxartdılar. Yaz
batalyonuna.
- Zarafat edirsən?
- İndi zarafat vaxtıdı? Gəlirəm! Möhkəm ol!
Bu vaxt telsizdən Qatırın səsi gəldi:
- Komandir! Eşidirsən? Komandir!
Komandirin ürəyi atlandı:
- Səsinə quzu kəsim!
- Komandir! Mənimkilər gəlir. Bildin də kimi
deyirəm?
- Bildim! Bildim!
- Möhkəm ol!
- Möhkəməm!- dedi Komandir, sonra üzünü tutdu
uşaqlara:- Qatır tankı göndərib. Uşaqlara deyin,
ürəklənsinlər.
- Qatır tankı göndərib...
- Qatır tankı göndərib...
- Vanya gəlir...
Drakon özünün tanıdığı cığırlarla ermənilərin
arxasına keçirdi. Yuxarı dırmaşdıqca nəfəsi çatmırdı. Hər
downloaded from KitabYurdu.org
114
dəfə döyüşə girəndə özünə söyürdü: “Nə bilim bu oğraş
müharibə düşəcək, yoxsa nə içərdim, nə də çəkərdim”.
Cavanların əlində siqaret görən kimi alıb atardı:
- Mən çəkib ağ günə çıxmışam!
Yenə özünə söyə-söyə üzüyuxarı dırmaşırdı. Birdən
hiss elədi ki, arxadan kimsə gəlir, girdi ağacların birinin
arxasına, bıçağına çıxartdı - bu vaxt Pələng ləhləyə-
ləhləyə cığırda göründü, çiynində də qumbaraatan,
Drakon duruxdu.
- Ə, sən hara gəlirsən?
Pələng:
- Səni tək buraxa bilərdim?! Beempeni qranatla
Dostları ilə paylaş: |