XIV. BEYNƏLXALQ MÜNASİBƏTLƏR
İkinci Dünya müharibəsindən sonrakı dövrü iki mühüm mərhələyə bölmək olar. Bunlardan biri, iki dünya sisteminin «soyuq müharibə» şəraitində mövcud olduğu dövr (40-cı illərin II yarısı -80-ci illərin I yarısı), digəri isə dünya sosializm sisteminin SSRİ başda olmaqla dağılması və «soyuq müharibə»nin qurtarmasından sonra yeni çoxqütblü vahid dünya birliyinin təsdiqlənməsi mərhələsidir.
1. Məğlub dövlətlərlə sülh müqavilələrinin bağlanması
İkinci dünya müharibəsi qurtardıqdan sonra ən mühüm məsələlərdən biri Almaniyanın müttəfiqləri olant İtaliya, Finlandiya, Bolqarıstan, Macarıstan, Rumıniya ilə sülh müqavilələrinin bağlanması idi. Bu məqsədlə 1946-cı ilin iyulun 29-dan oktyabrın 15-dək Parisdə SSRİ, Çin, ABŞ, İngiltərə, Fransa, Avstraliya, Belorusiya, Belçika, Braziliya, Hollandiya, Yunanıstan, Hindistan, Kanada, Norveç, Yeni Zelandiya, Polşa, Ukrayna, Çexoslovakiya, Efiopiya, Yuqoslaviya, CAR nümayəndələrinin iştirak etdiyi sülh konfransı oldu. Bir sıra məsələlərə SSRİ etiraz etdiyinə görə sülh konfransı öz işində fasilə elan etdi. 1946-cı ilin noyabrın 4-dən dekabrın 11-nə qədər Nyü-Yorkda Xarici işlər nazirlərinin sessiyasında müttəfiqlər arasında müəyyən razılıq alındı. 1947-ci ilin fevralın 10-da Almaniya və Yaponiyadan başqa bütün məğlub dövlətlərlə sülh müqaviləsi bağlandı və onların hamısı BMT-yə qəbul olunmaq hüququ aldılar.
İtaliya 1938-ci ilin yanvarın 1-nə qədər olan sərhədlərini saxladı. Onun ərazisinin az bir hissəsi Fransaya verilmiş oldu. Yuliyek Kraynının şərq hissəsi və digər xırda ərazilər Yuqoslaviyaya verildi. Yunanıstan Dodekanez adalarını aldı. Yuliyek Kraynının qərb hissəsi Triyest ilə birlikdə Triyest sərbəst ərazisi adlandı. Ancaq 1954-cü ildə BMT-nin razılığı ilə bu ərazi Yuqoslaviya və İtaliya arasında bölündü. İtaliya bütün müstəmləkələrini itirdi.
Sovet-Fin sərhədi 1941-ci ilin yanvarın 1-nədək olduğu kimi müəyyən edildi. Bununla belə, Peçenqa vilayəti yenə SSRİ-yə keçdi. Finlandiya Xanko yarımadası ilə birlikdə Porkkala-Uddu da SSRİ-yə icarəyə verdi. 1955-ci ildə SSRİ onu yenidən Finlandiyaya qaytardı.
Bolqarıstanın da 1940-cı il sərhədi bərpa edildi və Cənubi Dobruçi onun tərkibində saxlanıldı. Şimali Transilvaniya Macarıstandan alınaraq Rumıniyaya verildi. Çexslovakiya- Macarıstan sərhədi 1938-ci ilin yanvarın 1-nə qədər olduğu kimi müəyyən edildi. Zakarpat Ukraynası SSRİ-yə verildi. SSRİ ilə Rumıniya arasında sərhəd 1940-cı ilin iyunun 28-dək olduğu kimi müəyyən edildi.
Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün 51 dövlətin iştirakı ilə 1951-ci ilin sentyabrın 4-8-də San-Fransiskoda konfrans çağırıldı. Çin, KXDR, Vyetnam konfransa dəvət edilməmişdi. Sülh layihəsində ciddi nöqsanlar oldluğuna görə Birma və Hindistan konfransda iştirak etməkdən imtina etmişdi. 1951-ci ilin sentyabrın 8-də 48 dövlət Yaponiya ilə San-Fransisko müqaviləsini bağladı. SSRİ, Polşa, Çexoslovakiya sülh müqavildəsini imzalamadı. Yaponiya Koreyada ABŞ-ın himayəsini qəbul edir, Kuril həmçinin Cənubi Saxalin, Tayvan və Peckador adalarından imtina edirdi. Yaponiya ərazisində ABŞ öz qoşunlarını saxlayırdı.
1955-ci ildə Avstriya ilə sülh müqaviləsi məsələsi qəti olaraq həll edildi. 1955-ci ilin mayın 15-də Vyanada SSRİ, ABŞ, İngiltərə, Fransa nümayəndələri demokratik, suveren Avstriyanın bərpası haqqında müqavilə bağladılar.
Dostları ilə paylaş: |