ÜÇÜNCÜ DÜNYA ÖLKƏLƏRİ «SOYUQ MÜHARİBƏ» DÖVRÜNDƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNDƏ
İkinci dünya müharibəsi Asiya və Afrika ölkələrinin daxili inkişafında müxtəlif və dərin dəyişikliklər yaratdı. Müharibə dövründə müstəmləkə və asılı ölkələr ağır itkiyə məruz qaldılar. Məsələn Yaponiya ilə 8 il müharibə aparan Çində 18 milyon nəfər ölən və yaralanan oldu. Yaponların işğalı dövründə yorğunluq və əzablı əməkdən 4 milyona yaxın indoneziyalı vəfat etdi.
Bununla bərabər İkinci Dünya müharibəsi bu ölkələrdə milli kapitalizmin, milli şüurun inkişafı üçün şərait yaratdı. O, birinci dünya müharibəsi ilə müqayisədə daha geniş miqyasda müstəmləkələrlə metropoliyalar arasında ziddiyyətləri kəskinləşdirdi, milli-azadlıq hərəkatlarının yüksəlişinə səbəb oldu. Müharibənin ağırlığı geniş kütlələrdə radikallaşmanı gücləndirdi. Müharibə dövründə hərbi əməliyyatlarda iştirak edən bu xalqların hərbi, texniki və təşqkilatçılıq təcrübəsi artdı. 1945-1955-ci illərdə 1,2 milyard əhalisi olan 25 ölkə müstəqillik qazandı.
Müharibə nəticəsində Yaponiya böyük dövlət statusunu itirdi, bütün müstəmləkələrindən məhrum oldu. Koreya yapon zülmündən xilas olsa, da 1950-1953-cü illərin müharibəsi, hansı ki, bu müharibə böyük dövlətlərinin dolayı yolla iştirak etdiyi müharibə idi, onun iki dövlətə parçalanmasına -şimalda Koreya Xalq Demokratik respublikası, cənubda isə Koreya respublikasının yaranmasına gətirib çıxartdı. Fransa və Hollandiya müstəmləkəçilərinə qarşı mübarizədə Hind-Çin və İndoneziya xalqı müstəqillik qazandılar. Çin 1945-ci ildə böyük dövlət statusunu qazandı və BMT-nin Təhlükəsizlik Şurasının üzvü oldu. Lakin bu ölkədə XX əsrin 40-cı illərinin II yarısında başlanan vətəndaş müharibəsi 1949-cu ildə Çin Xalq Respublikasının yaranması ilə nəticələndi. Hind xalqının mübarizəsi nəticəsində Böyük Britaniya məcbur oldu ki, 1947-ci ildə Hindistanı dini əlamətlərə görə Hindistan və Pakistana ayırsın və hər ikisinə dominion hüququ versin. 1950-ci ildə Hindistan tam müstəqillik qazandı.
XX əsrin 50-ci illirinin sonlarında Çinlə SSRİ arasındakı münasibətlərdə bir gərginlik, pisləşmə müşahidə olunmağa başladı. Bu beynəlxalq münasibətlərə yeni iqlim gətirdi. Çin Moskvadan asılı olmayan tam müstəqnil xətt götürdü. 1946-1954-cü illərdəVyetnam xalqının Fransaya qarşı azadlıq müharibəsi qələbə ilə nəticələndi. Lakin ölkə iki hissəyə parçalandı. Şimalda Vyetnam Demokratik respublikası, Cənubda isə ABŞ-ın köməyi ilə Cənubi Vyetnam respublikası təşkil edildi. Lakin tezliklə Sayqon rejiminin zəifliyi özünü biruzə verdi. Vətənpərvər qüvvələr Vyetnamın birləşdirilməsi uğrunda mübarizəyə başladılar. XX əsrin 60-cı illərinin ortalarında ABŞ Hind-Çini özünün strateji və eyni zamanda iqtisadi ekspansiya obyektinə çevirmək məqsədi ilə Vyetnamda müharibəyə başladı. ABŞ-ın öz müttəfiqlərini müharibəyə cəlb etmək və ona beynəlxalq antikommunist müdaxiləsi xarakteri vermək cəhdi puça çıxdı.ABŞ-ın təzyiqi altında Vyetnam xalqına qarşı müharibədə yalnız Avstraliya, Yeni Zellandiya, Cənubi Koreya respublikası, Tailand və Filippin iştirak etdi. Sayqon rejimini xilas etmək üçün aparılan və 1964-1973-ci illəri əhatə edən bu müharibə ABŞ-a baha başa gəldi. ABŞ bu dövrdə Vyetnamdakı müharibəyə 141 milyard dollar pul xərclədi, 56,5 min əsgər və zabiti həlak oldu, 303,6 min yaralandı. Özü isə biabırçı məğlubiyyətə düçar oldu. Vyetnam xalqının ədalətli mübarizəsi, SSRİ və digər sosialist ölkələrinin köməyi və dünya ictimaiyyətinin təzyiqi altında ABŞ 1973-cü ildə Vyetnamda müharibəni dayandırdı. Sülhün bərpası haqqında bağlanan saziş ölkənin birləşməsinə yol açmış oldu. 1975-ci ilin aprelində Vyetnam silahlı qüvvələri və Cənubi Vyetnam vətənpərvərləri birləşib Cənubi Vyetnamın paytaxtı Sayqonu tutdular. Bununla Vyetnamın birləşməsi prosesi başa çatmış oldu. 1975-ci ildə Cənubi və Şimali Vyetnam vahid dövlətdə birlğəşdi. «Vyetnam sindromu» isə uzun illər ABŞ ictimaiyyətinin şüurunda ağrılı nöqtə olaraq qaldı.
Müharibədən sonrakı dövrdə beynəlxalq sistemdə ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri Yaxın Şərq məsələsinin nizama salınması idi. 1947-ci il noyabrın 29-da BMT-nin qətnaməsinə əsasən Fələstində iki dövlət Fələstin Yəhudi və Fələstin Ərəb dövləti yaradılmalı, Yerusəlim (Qüds) isə vahid inzibati ərazi elan edilməli idi. 1948-ci ilin mayın 14-də həmin ərazidə İsrail yəhudi dövləti təşkil edilsə də, Fələstin ərəblərinin öz dövlətlərini yaratmalarına imkan verilmədi. Bu isə həmin hadisənin səhərisi günü Ərəb liqasına (Ərəb ölkələri liqası 1945-ci ildə təşkil edilmişdir) daxil olan dövlətlərin İsrailə qarşı müharibəyə başlamasına səbəb oldu. ABŞ İsraili, SSRİ isə Ərəb dövlətlərini müdafiə edirdi. Beləliklə birinci İsrail-Ərəb müharibəsi başlanmış oldu. Fələstin xalqı azadlıq müharibəsinə qalxdı. Lakin ərəb ölkələri məğlubiyyətə uğradılar. İsrail Fələstin Ərəb dövləti üçün ayrılmış ərazinin bir hissəsini zəbt etdi. 900 minə yaxın fələstinli ərəb öz doğma yurdlarını tərk etməyə, qonşu ölkələrə qaçmağa məcbur oldular. Beləliklə, həmin vaxtdan hələ indiyədək həll olunmamış Ərəb-İsrail münaqişəsinin əsası qoyuldu.
1956-cı ildə Süveys kanalının milliləşdirilməsi ilə əlaqədar İngiltərə və Fransa Misirə qarşı müharibəyə girdikdə İsrail də onların tərəfində hərbi əməliyyatlarda iştirak etdi. İqtisadi yardım yolu ilə Yaxın və Orta Şərq ölkələrini ABŞ-ın nüfuz dairəsinə cəlb etmək məqsədi güdən, 1957-ci ildə elan edilmiş Eyzenhauer doktrinası da (Bu doktrinanın ilk növbədə İsrailə və Bağdad paktının üzvləri olan ölkələrə şamil edilməsi nəzərdə tutulurdu) bu münaqişənin həll olunmasına kömək etmədi.
Yasir Ərafatın rəhbərliyi altında 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) yarandı. 1967-ci ilin iyununda İsrailin başladığı altı günlük müharibə nəticəsində İsrail Fələstin ərazisinə aid olan İordan çayının qərb sahilini və Qəzzə bölməsini tutdu. Bundan başqa, o, Fələstin ərəblərini müdafiə edən Misirdən Sinay yarımadasını, Suriyadan Çolan təpələrini götürdü. Ərəb ölkələri itirilmiş torpaqları 1973-cü ildə geri almağa cəhd göstərdilər. Bu müharibədə İsrail ilk dəfə məğlub oldu.
Ərəb-İsrail münasibətlərini nizama salmaq üçün 1973-cü ilin dekabrında ABŞ və SSRİ-nin sədrliyi ilə Yaxın Şərq üzvə Cenevrə sülh konfransı adlandırılan xüsusi beynəlxalq qurum yaradıldı.
Lakin ABŞ və İsrail konfransın işini pozdular. Onlar Ərəb dövlətlərinrin vahid cəbhəsini parçalamaq, onları İsrail təcavüzünün bütün nəticələrinin aradan qalxmasına əngəl törədən natamam separat sazişlər bağlamağa məcbur etmək yolunu tutdular. 1975-ci ilin sentyabrında ABŞ-ın köməyi ilə Şinayda qoşunları aralamaq haqqında seperat Misir-İsrail sazişi imzalandı. Bununla da ərəb ölkələrinin birliyi sarsıldı.
1978-ci ilin sentyabrında Kemp-Deviddə (ABŞ) ABŞ prezidenti C.Karterin vasitəçiliyi ilə Misirlə İsrail arasında əvvəl separat saziş, 1979-cu ilin martında isə sülh müqaviləsi imzalandı. Misir İsraili müstəqil dövlət kimi tanıdı. İsrail isə öz növbəsində Sinay yarımadasını Misirə qaytardı. İordan çayının qərb sahilindəki və Qəzzə bölgəsindəki Fələstin əhalisinə məhdud muxtariyyət verməyi öhdəsinə götürdü, lakin əməl etmədi. Bu hərəkətinə görə Misir Ərəb ölkələri Liqasından çıxarıldı.
1980-ci ildə İsrail Qüds şəhərini «İsrailin vahid və bölünməz» paytaxtı elan etdi. Həmin ilin sonunda ABŞ və İsrail «Strateji əməkdaşlıq haqqında» saziş bağladılar. 1982-ci ilin iyun ayında İsrail öz Şimal ərazilərinin təhlükəsizliyini qorumaq bəhanəsi ilə Livana hücum etdi. İsrail qoşunları Beyruta çatacaq Livanın paytaxtının FAT hərəkatı rəhbərliyinin və hərbi dəstələrinin yerləşdiyi qərb hissəsini blakadaya aldı. Lakin İsrail məqsədinə çatmadı. FAT və Livan vətənpərvərlərinin təzyiqi ilə İsrail qoşunları Livanın cənubuna çəkildi. 1980-cı ilin əvvəllərində İsrail 1947-ci ildə yəhudi dövləti üçün ayrılmış ərazidən 7,5 dəfə çox əraziyə nəzarət edirdi.
1987-ci ildə Fələstin ərəblərinin üsyanı – «İntifad» başlandı. 1988-ci ilin noyabrında Fələstin Milli Şurasının Əlcəzairdə toplanmış yığıncağı Fələstin ərəb dövlətinin yarandığını elan etdi.
90-cı illərin əvvəllərində Fələstin-İsrail münasibətlərinin qaydaya salmaq üçün əlverişli şərait yaranmış oldu. 1993-cü il sentyabrın 13-də Vaşinqtonda İsraillə FAT arasında beş il müddətinə « Prinsiplər bəyanatı» adlanan sənəd imzalandı 1994-cü il mayın 4-də Misirin paytaxtı Qahirədə ABŞ, Rusiya və Misir xarici siyasət idarələri başçılarının iştirakı ilə İsrailin baş naziri İ.Rabinlə FAT sədri Y.Ərəfat arasında şərti olaraq «Qəzzə-Ərihə» adlanan saziş bağlandı. Həmin sazişə görə işğal edilmiş Qəzzə və Ərihə vilayətlərində Fələstin muxtariyyəti yaradılırdı. 1994-cü il iyulun 25-də İsrailin baş naziri İ.Rabinlə İordaniya kralı Hüseyn arasında Vaşinqton deklarasiyası imzalandı. 1994-cü ilin oktyabrın 25-də isə hər iki dövlət arasında bağlanmış sülh müqaviləsi ilə 46 ildən bəri davam edən İsrail-İordaniya müharibə vəziyyətinə son qoyuldu. 1996-cı ildə ABŞ-ın vasitəçiliyi ilə İsraillə FAT arasında bağlanan Oslo sülhünə görə İsrail işğal etdiyi ərazilərin 30%-ni boşaltmağı öhdəsinə götürdü. Keçid dövrü adlanan mərhələdə İordan çayının bütün qərb sahilinin və Qəzzə bölgəsinin idarə olunması Fələstin muxtariyyətinə verildi. Lakin İsrail 1997-ci ildə Qüdsün ərəblər yaşayan hissəsində yəhudi məskənləri salmağa başlamaqla, bütövlükdə Yaxın Şərqdə sülh prosesini təhlükə altında qoydu.
2004-cü ilin may ayının 2-də İsraildə baş nazir Oriol Şaronun planına əsasən İordan çayının Qərb sahilindən və Qəzzə bölgəsindən İsrail qoşunlarının çıxarılsına dair referendium keçirildi. Lakin yenə də bu məsələ tam həll edilmədi, qanlı qarşıdurma davam edir.
Dostları ilə paylaş: |