İSVEÇRƏ KONFEDERASİYASI
İkinci dünya müharibəsindən sonra ölkənin iqtisadi və siyasi vəziyyəti
İsveçrə ənənəvi bitərəfliyini saxlayaraq İkinci dünya müharibəsində iştirak etmədi. Lakin o müharibə dövründə faşist bloku dövlətləri, xüsusilə Almaniya ilə əməkdaşlıq edirdi ki, bu da antifaşist koalisiyası üzvlərinin böyük narazılığına səbəb olurdu.
Müharibədən sonra İsveçrənin iqtisadi vəziyyəti əlverişli idi. Sənaye məhsulu istehsalının həcmi yüksək sürətlə artdı, iqtisadiyyata kapital qoyuluşu çoxaldı, kredit-bank əməliyyatları və ixrac genişləndi. Maşınqayırma, elektrotexnika, kimya, yeyinti sənayesində iri inhisarlar ağalıq edirdi. Maşınqayırmada «Zultser», «Georq Fişer», elektrotexnikada «Braun, Boveri», yeyinti sənayesində «Nestle», kimya sənayesində «Siba», «Qeyqi», «Sandos» tanınmış inhisarlar idi. Ölkənin bütün maliyyə-iqtisadi həyatı «Kredi Syuns» kimi üç iri bankın əlində cəmləşmişdi. İsveçrə kapitalı xarici dövlətlərə, xüsusilə Latın Amerikası ölkələrinə fəal müdaxilə edirdi. 50-ci illərin sonunda İsveçrənin 19 trestinin dünyanın 80 ölkəsində 921 filialı fəaliyyət göstərirdi.
Ölkənin siyasi həyatında dörd partiyanın - radikal-demokrat, mühafizəkar-katolik, kəndli-sənətkar-byurqer və sosial-demokrat partiyasının koalisiyası hökmranlıq edirdi.
İsveçrə xarici siyasət sahəsində bitərəfliyini davam etdirirdi. Bu səbəbdən də o, BMT-yə daxil olmadı. Lakin o YUNESKO və BMT-nin digər orqanlarına daxil oldu. 1946-cı ilin martın 18-də SSRİ ilə İsveçrə arasında diplomatik münasibətlər bərpa edildi.
Müharibədən sonrakı ilk illərdə fəhlə və demokratik hərəkatların yüksəlməsi müşahidə edilirdi. 1944-cü ilin oktyabrında Sürixdə İsveçrə əmək partiyası (İƏP) təşkil edildi.
Dostları ilə paylaş: |