“Mən şəxsi müşahidələrimlə, Stanislavskinin opera
teatrında təcrübəsindən aldığım biliklərlə silahlanıb opera
səhnəsinə adladım. Və tezliklə başa düşdüm ki, mənim
qorxularım əbəs imiş. Belə ki, teatr hər yerdə teatrdır və teatrın
spesifikası onun mahiyyətini dəyişmir. Təbii ki, musiqili
dramaturgiyanın öz təbiətindən çıxış etmək olduqca vacib idi.
Lakin təkcə bunu bilmək azdır, gərək həm də bunu hiss edəsən,
duyasan. Musiqini fikirlə, əməllə musiqini, vokal ilə hadisələri
uzlaşdırmaq tələb olunurdu. Mən bunun hamısını dərk
eləyirdim və eyni zamanda bir qırıq belə şübhələnmirdim ki,
dramatik teatrın qanunları bütün spesifik xüsusiyyətlərilə
bərabər opera teatrı üçün də yad deyil. Teatrın başlıca xassəsi, -
fəaliyyət göstərmək, - opera teatrına da aid edilir. Və dramda
olduğu kimi bu fəaliyyəti mətnaltı məna təklif edir: odur ki,
mizanı mexaniki surətdə ritmə tabe etmək olmaz; onu səhnə
əməlinin psixoloji əsasına, obrazın daxili dünyasına görə qurmaq
lazımdır. Bunların hamısı kömək etdi ki, məni sıxan, məni
buxovlayan duyğulardan yaxa qurtarım və özüm olaraq qalım.
Mən yenə də həminki rejissor idim, amma digər üsul və
______________Milli Kitabxana_______________
177
vasitələrlə fəaliyyət göstərirdim. Mən hesablaşmaya bilməzdim
ki, məsələn, musiqi partiturası səhnə hadisələrinin çərçivələrini
müəyyənləşdirir və tamaşanın rejissor partiturası bununla
uyğunlaşdırılmalıdır”
.
144
Açıq etiraf, öz potensial gücünü
qiymətləndirmə və işə tam peşəkar münasibət. Hərçənd Mehdi
opera şəraitinə çətinliklə öyrəşirdi: musiqi materialını gec
mənimsəyirdi. Amma bununla belə o, realist teatr sənətinin
prinsiplərindən bir addım da geri çəkilmirdi. Opera
müğənnilərindən xahiş edirdi ki, sözlərin mənasını
özümsəyərək oxusunlar, bu oxuda personajlarının psixoloji
ovqatını düzgün ifadə etsinlər. O, hətta Opera və Balet
Teatrında öz üsyankar mövqeyini də ortaya qoyurdu. Deyirdi
ki, dirijorun, yəni operanın musiqi rəhbərinin, müğənnini önə
çəkmək, ona dirijor çubuğunu izləmək imkanı yaratmaq tələbi
artıq köhnəlib; müğənni-aktyorlar opera səhnəsində də
başqalaşmağı, obrazın həyatı ilə yaşamağı bacarmalıdırlar. Ona
görə də Mehdi “Sevil” operası üzərində çalışarkən dramatik
teatrda stolarxası məşqlərdə olduğu kimi aktyorlara dərslər
keçirdi, onlara tamaşanın ideyasından, ali məqsədindən,
obrazların məna yükündən danışırdı; başqa sözlə, dramatik
teatrdakı oyun tərzini opera tamaşalarında da gerçəkləşdirməyə
səy göstərirdi. Sənətinə belə bir vurğunluq, təbii ki, Opera və
Balet Teatrının bir çox işçilərində Mehdi Məmmədova qarşı
böyük simpatiya oyatmışdı. Lakin onlar “Sevil”dən sonra hələ
üç il də gözləməli olacaqdılar. Nədən ki, Mehdi yalnız 1956-cı
ildə Opera və Balet Teatrında baş rejissor vəzifəsini tutacaq.
Hələliksə, Milli Teatr və 1954-cü il... Bu il Mehdinin oğlu
Elçin birinci sinfi bitirəcək... Mehdi isə teatrda xüsusi heç nə
ilə fərqlənməyən, və açığını deyim ki, mənim tanımadığım
Yuri Yanovski adlı bir dramaturqun “Prokuror qızı” pyesi
əsasında hazırlanmış eyniadlı tamaşanı təhvil verəcək... Bu
barədə heç kim heç nə yazmayacaq... Yuri Yanovski öz pyesilə
birgə Azərbaycan teatr tarixindən buxarlanıb gedəcək... Və
Mehdi ömrünün 1954-cü ilindən balaca, 8 yaşlı Elçinin ona
Kislovodsk şəhərindən ünvanladığı üç məktub qalacaq.
______________Milli Kitabxana_______________
178
Məktubların heç birinin tarixi yoxdur. Amma aşkar görünür ki,
hamısı bir vaxtda, eyni bir dəst-xəttlə, eyni bir səliqə ilə, eyni
bir formatda olan xüsusi vərəqlərdə, o zamanlar birinci sinif
uşaqlarının istifadə etdiyi mürəkkəbli qələmlə yazılıb və bir
ünvandan göndərilib. Bu məktublardan Mehdinin oğlu Elçinə
və Elçinin də atası Mehdiyə nə qədər bağlı olduğu aydın
duyulur. Məktublar rusca yazılıb. İndi onları Sizə təqdim
eləyirəm öz tərcüməmdə, təbii ki, orijinala maksimal şəkildə
yaxın olmaq şərtilə. Birinci məktub:
“Əziz Papam “Pose”!
Mən sənin məktubunu çox gözlədim. Çoxdandır ki, yazmırsan.
İyunun 28-də səhər sənə yazdım ki, səndən yaman incimişəm,
axşamsa səndən məktub aldım və həməncə bu məktubu sənə
yazıram.
Yaxşı yaşayıram!
Vaxtımı çox yaxşı keçirirəm: meşəyə göbələk yığmağa gedirəm,
gölə gedirəm.
Bu yaxınlarda “Çippolinanın sərgüzəştləri” adlı kukla
tamaşasına baxmışam.
Ancaq plyonka tapmıram.
Buralar çox qəşəngdir. Yaxınlıqda meşə, meşədə çay.
(vərəqi çevir)
Mehriban ata
Necə yaşayırsan
İşlərin necədi
Şəklini göndər
Hamıya məndən salam yaz
Görüşənə qədər
(məktubun sonunda gülməli poçtalyon şəkli)”
Mən əvvəlcə anlamadım “pose” sözünün mənasını.
Mehdinin yaxınlarından soruşdum, bilmədilər. Yalnız Somaz
xanım Həmzəyeva, Elçinin böyük bacısı, söylədi ki, “pose”
“porsuq” sözünün qısaldılmış variantıdır və Elçin toppuş uşaq
olduğundan Mehdi onun yanaqlarını tutub dartarmış və zarafat-
zarafat oğluna “porsuq” deyərmiş. Ha belə-belə, axırı “porsuq”
dönüb olub “pose” və onlar başlayıblar bir-birinə bu ayama ilə
______________Milli Kitabxana_______________
179
müraciət etməyə. İkinci məktub; o məktub ki, monoqrafiyadan
ötrü daha önəmlidir:
“Əziz Papam Pose!
Məktubunu aldım. Çox sevindim. Havaxt ki Bakıdan
gedəcəksən, öz ünvanını mənə göndər. Yağışlar az-az yağır. Sənə
burda olan kəpənəklərdən göndərirəm. Burda bizim küçədə
yaxşı uşaqlar var; bir qız mənə naxış salmağı öyrədib, həm
bolqar xaçı kimi, həm də adi.
Mən çəkməli pişiyin naxışlarını işləyrəm.
Timilisidən (Tbilisi nəzərdə tutulur - A.T.) bir oğlan gəlib. 16
yaşı var. Əsl cəlladdı. Onun silahı var. O, bu silahla bülbülü
öldürdü. Mənsə onu basdırdım.
(“mən naxış salıram”, “bülbülü necə öldürdülər”, “bülbülün
qəbri” mövzularında uşaq şəkilləri və “vərəqi çevir” göstərişi)
Ata Afaya məktub yaz, yaz ki, Afanın atası Fikrət Əmirov əmi
hardadır
Onun da ünvanı mənimki kimidir
səhvlərə görə
və pis xəttə görə bağışla
qələmim zaydı
Sevirəm və 1000000000 dəfə öpürəm
Görüşənə qədər
Nənəyə və hamıya salam de
(və Elçinin çəkdiyi uşaq şəkilləri: başda Mehdi Məmmədovun
özü olmaqla “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının
təqribən bütün personajlarının siyahı ilə şarjları)
1.
Maymax (yəqin ki, Hacı Qəmbərə Elçinin verdiyi
ləqəb - A.T.)
2.
Cəbi
3.
Yetər
4.
Cəvahir
5.
Xanım
6.
Əşrəf
7.
Dəyirmançı
8.
Mayor
9.
Salman
10.
Aşıq Vəli”
______________Milli Kitabxana_______________
180
Bax, elə bu siyahıya əsasən mən müəyyənləşdirdim ki, bu
məktublar yalnız 1954-cü ildə yazıla bilər, yəni o ərəfədə ki,
Mehdi Məmmədov aktiv şəkildə Nəcəfbəy Vəzirovun
“Yağışdan çıxdıq, yağmura düşdük” komediyasını
mənimsəyirdi, pyesin eksplikasiyası ilə məşğul idi; və balaca
Elçin də bu adları atasından həddən ziyadə eşitdiyindən onları
öz məktubunda refleksiya eləmişdi. Hər şarj-şəkildə onun
personaja konkret reaksiyası, konkret uşaq münasibəti var.
Nədənsə Hacı Qəmbər maymaqdır və tər içindədir. Hacı
Salman isə xəbərçidir, ağzından xəbər fışqırır. Aşıq Vəliysə
məktubda ən kiçik fiqur kimi təsvir edilib, dəyirmançı, yəni
Qıdı Kirvə isə əksinə. O, Elçinin rəsmində son dərəcə diri,
ədabaz və lotu görünür. Bu müşahidələr Mehdinin evdə
danışdıqları əsasında formalaşıb, yoxsa Elçinin özünün gəldiyi
qənaətlərdir? Görünür, o da var, bu da var. Digər bir məqam:
məktubda Fikrət Əmirovun qızı və yazı texnikası ilə bağlı
informasiya da onu bildirir ki, bu məktub 1953-cü ildən sonra,
özü də birinci sinif şagirdi tərəfindən qələmə alınıb. Deməli,
Elçin 1953-cü ildə, düz 7 yaşında ikən, məktəbə gedib ki,
1954-cü ildə sərbəst məktub yazmağı bacarıb.
145
Məktublardan
o da aydınlaşır ki, Elçin atasından daha çox ata nənəsinin
yanında qalıb; amma buna baxmayaraq anası ilə də sıx əlaqə
saxlayıb. Elçinin üç məktubundan bir an da sezilmir ki, Barat
xanımla Mehdi boşanmış vəziyyətdədirlər. Hətta əksinə, belə
bir təəssürat yaranır ki, Elçin ideal bir ailənin övladıdır. Təbii
ki, bu, Mehdinin və Baratın yüksək davranış mədəniyyətinin
nəticəsində bu cür formalaşıb. Əgər məsələ mən deyən kimi
olmasaydı, Mehdi Məmmədov “Hacı Qəmbər”də Yetər
obrazını Barat xanıma verərdimi?
1955-ci il martın 26-da Milli Teatrın səhnəsində Mehdi
Məmmədovun quruluşunda N.Vəzirovun “Yağışdan çıxdıq,
yağmura düşdük” (“Hacı Qəmbər”) adlı komediyası əsasında
hazırlanmış tamaşanın premyerası oynanılır. Tərtibatçı rəssam
Bədurə Əfaqanlıdır. M.Vəlixanlı Milli Teatrın Hacı
______________Milli Kitabxana_______________
181
Qəmbəridir. Mehdi Məmmədovun rejissor yozumunda
M.Əliyev tamaşanın Vəlisi, İ.Osmanlı Cəbisi, M.Şamxalov
Qıdı Kirvəsi, A.Qurbanov Əşrəfi, Ə.Məmmədova Dilbəri,
L.Bədirbəyli Cəvahiri olmuşdu. Mehdi Məmmədov elə bu
tamaşada Baratı Nəcəfbəyin Yetəri kimi səhnəyə çıxarmışdı.
1955-ci ildə Baratın yaşı, qeyri-rəsmi məlumatlara istinadən,
qırxı
146
ötmüşdü. Pyesdə isə müəllif Yetərin 16 yaşı olduğunu
göstərir. Yenə həmin “Gənc qvardiya” tamaşasındakı əhvalat:
aktyorlar öz personajlarından yaşca qat-qat böyükdürlər!
Xüsusilə də Barat Şəkinskaya! Amma 1955-ci ildə seyrçilər və
teatr ictimaiyyəti bu şərtiliyi sakitcənə qəbul eləyir və heç bir
etiraz-filan bildirmir. Tənqidçilər də bir söz demirlər, əksinə,
yer-yerdən tamaşanı da, Yetər rolunun ifaçısını da tərifləyirlər.
Mən teatrşünas Ədilə Əliyevanın yazdığı resenziyadan özüm
üçün aydınlaşdırdım ki, Mehdi Məmmədov “Yağışdan çıxdıq,
yağmura düşdük” komediyasını yox, pyesdə yaşanılan
hadisələrin kontekstini tamaşaya qoyubmuş: “Rejissor Mehdi
Məmmədovun xidməti bundadır ki, o, Hacı Qəmbərin evinin
qapılarını geniş açaraq komediya vasitəsilə dövrü, mühiti
qırmanclamış, onu bütün çılpaqlığı ilə göstərmək istəmişdir.
Bu isə rejissora dövrümüzlə səsləşən bir quruluş verməyə
imkan yaratmışdır”.
147
Hərçənd bu məqalədən dəqiq
aydınlaşmır ki, tamaşanın ideyası (“ideya” sözü işlədilsə də),
rejissorun məqsədi nə olub. Amma kifayət qədər dəqiq oxunur
ki, Mehdi “Yağışdan çıxdıq, yağmura düşdük” pyesini səhnədə
əxlaq komediyası (janrdan söhbət aparılmasa da) kimi həll
edibmiş. Görünür ki, resenziya müəllifi rejissor və rəssam işini
də mahiyyətcə bir-birindən fərqləndirə bilmir, evin ortasından
çəkilən pərdəni, qapı üstündən asılmış tüfəngi, qramafonu
rejissorun tapdığı detallar cərgəsinə aid edir; halbuki bu
detallar məkanın tərtibiylə bağlı rəssam işinin real təzahürüdür.
Cəfər Cəfərovun tamaşaya verdiyi təhlildən isə mən belə başa
düşdüm ki, səhnənin mərkəzi fiquru Hacı Qəmbər yox, Yetər
olub və tamaşanın bütün enerjisi bu qız ətrafında dövr eləyib.
______________Milli Kitabxana_______________
182
Haradasa Baratın Yetərini Mirandolina variantı kimi də
yozmaq mümkündür. Nəcəfbəy komediyasının Yetəri tacir
evinin qulluqçusudur: bu qız ağıllıdır, diribaşdır, amma
kasıbdır, kimsəsizdir, tənhadır. Barat Yetəri elə bu cür də
səhnədə ifa eləyirdi. Hərçənd mən teatrşünas yazılarının
fraqmentlərindən bunu kəsdirdim ki, Barat son dərəcə qəşəng
və aqressiv Yetər oynayıb, təbii ki, Mehdinin rejissor
konsepsiyasına görə. Həqiqətən, N.Vəzirovun Yetəri nə qədər
hüquqsuz olsa da, axırda qələbə onundur. Məhz 16 yaşlı Yetər
Hacı Qəmbərlə Cəbinin axmaq iddiaları qarşısında sarsılmır,
alçalmır və hətta əksinə, Hacı Qəmbərlə Cəbini “barmağına
dolayır”, fürsət düşən kimi Cəbini öz qapazaltısına çevirir. Bu
mənada Mehdi Yetər obrazını onun rəftarları kontekstindən
çıxış edərək yozmuşdu: Yetərin yeniyetmə olmasına
baxmayaraq o, heç də “az aşın qatığı deyil”. Diananın,
Violanın, Florelanın, Mirandolinanın “şəcərəsi” burada aydın
“oxunur”. Mehdi Məmmədov bu tamaşanı hücum və müdafiə
prinsipi üzrə qurmuşdu. Hacı Qəmbər və Cəbi qulluqçu Yetərə
qarşı bacarıqcasına, özlərinə arxayın-arxayın, fərsiz hücuma
keçirdilər və 16 yaşlı “od parçası”nın (mənim Mirandolina
barədə söylədiklərimi xatırlayın) əla müdafiəsilə qarşılaşıb
gülünc vəziyyətə düşürdülər. Odur ki, Hacı Qəmbərin
dəliliyinin birinci stadiyası
(barama göndərdiyi gəminin batması
ucbatından)
onun dəliliyinin ikinci mərhələsinə
(Hacı Qəmbərin
özündən 34 yaş balaca bir qıza aşiq olması səbəbindən)
nisbətən Mehdi
Məmmədovu daha az maraqlandırırdı. Kliniki baxımdan tam
sağlam olub özünü dəli kimi aparmaq: bu ki fantastikadır; həm
hamletsayağı olum tərzidir, həm də başdan-ayağa məsxərədir,
şəbədədir. Əbəs deyil ki, Yetər Hacı Qəmbərin hücumlarını
zaman-zaman dəf edib ona şəbədə eləyir, onu lağa qoyur. Barat
xanım Yetəri məhz bu cür qıvraq, çevik, temperamentli,
enerjili oynayırdı. Ona görə də Yetərin tənhalıq, yalqızlıq
qüssəsi Baratın ifası fonunda daha qabarıq, daha təsirli
görükürdü.
______________Milli Kitabxana_______________
183
Mehdi bu dəfə də aktyorlarla “əməli təhlil metodu” ilə
işləyib əla nəticələrə gəlmişdi, səhnədə vahid bir ansambl
yaratmışdı. Bu ansamblın akkumulyativ başlanğıcı, şübhəsiz
ki, Barat xanımın Yetəri idi. M.Vəlixanlının (Hacı Qəmbər) və
İ.Osmanlının (Cəbi) “qıtqılıda” üslublu oyunu müqabilində
Barat xanımın Yetəri səhnədə dinamit, qasırğa təəssüratı
oyadırdı. M.Vəlixanlı, İ.Osmanlı bir aktyor kimi öz enerji
potensiallarına görə Barat xanıma qalib gələ bilərdilərmi? Əsla.
Deməli, Barat Şəkinskayanı Yetər roluna təyin edərkən Mehdi
Məmmədov artıq güc nisbətini özü üçün tam aydınlaşdırmışdı,
Yetərin qələbəsini Baratın fakturasında, oyun tərzində, səhnədə
mövcudluq üslubunda şifrələmişdi. Bu partiturada hər şey
dəqiq işləyir, bircə Baratın yaşından başqa. Axı 16 yaşlı qız heç
vaxt 40 yaşlı qadın ölçülərində, 40 yaşlı qadın
temperamentində ola bilməzdi? Bir qədər söyləməyə
çəkinirəm: amma mənə elə gəlir ki, “Yağışdan çıxdıq, yağmura
düşdük” tamaşası iki istedadlı və hünərli insanın, - Baratın və
Mehdinin, - hikkələrinin toqquşduğu məkan olmuşdu.
Teatrşünas Ə.Əliyevanın tamaşada bəyənmədiyi səhnələr də
Mehdi konsepsiyasının lehinə işləyir. Ədilə Əliyevadan bir
sitat. Bu sitat tamaşadan bir necə mizanı təsvirlədiyi üçün mənə
lazımdır: “Lakin maraqlı səhnə detalları ilə yanaşı olaraq bəzən
inandırıcı olmayan və təkrar edilən detallar da vardır.
M.Məmmədov şübhəsiz son pərdədə Mahmudu pərdə dalında
gizlətməklə
(dramaturq tərəfindən Mahmud son pərdədə səhnəyə
gətirilmir)
Yetərin ikinci pərdədəki replikasını və onun
qaçırılmasını əsaslandırmaq istəmişdir. Bu, öz-özlüyündə gözəl
səhnə detalı olsa da, inandırıcı deyil və tamaşaçılara çatmır.
Yaxud Hacı Qəmbərin Yetərin dalınca sürünməsi detalını
(mizanı detal adlandıran teatrşünasın peşəkarlığı şübhəlidir - A.T.)
götürək. Birinci pərdədə Hacı Salmanın Əşrəf bəyə teleqramı
oxudarkən yerlə sürünməsi rejissor tərəfindən yaxşı tapılmış və
təbii təsir bağışlayır. Bu detalın
(yəni mizanın - A.T.)
son pərdədə
Hacı Qəmbər tərəfindən təkrarı isə onun təsir qüvvəsini
azaldır”.
148
Əgər bu mizanı Yetərin xarakterini aşkarlayan,
______________Milli Kitabxana_______________
184
enerjisini, gücünü bir daha nümayiş etdirən əlamət kimi
yozsaq, onda necə? Hacı Qəmbərin Yetərin arxasıyca
sürünməsi Hacı Qəmbər - Yetər münasibətlərində nida işarəsi
qismində bir şeydir. Ona görə mən hesab eləmirəm ki, bu
mizan, təkrar olsa belə, yersiz və mənasızdır. Cəfər Cəfərov da
vaxtilə yazmışdı ki, Mehdi tamaşasının ideyası Yetər obrazında
lokallaşıb görüntüyə gəlir.
149
Mehdinin quruluşunda “Yağışdan çıxdıq, yağmura düşdük”
tamaşası Azərbaycan teatr tarixinin son dərəcə səmimi
tamaşalarından biri olub. Aktyorlar bu tamaşanı həvəslə
oynayıblar. Hacı Qəmbərin var-dövlətinin əlindən getdiyini
eşidən kimi tikdiyi bir cüt başmağı hövlnak qoltuğuna vurub
pulunu almaq üçün onlara gələn kasıb, zəif, üzgün və tıntın
İmamqulunu Sadıq Saleh yüksək sənət meyarları səviyyəsində
ifa edirdi. Onun tıntın İmamqulusu vəziyyətin ən gərgin
məqamında saman çöpü kimi sanki camaatın paltarına yapışırdı
və bu saman çöpünü götürüb kənara tullamaq heç cür mümkün
olmurdu. Quruluşçu rejissor pyes müəllifinin bir rezonyor kimi
yanaşdığı Əşrəf bəy obrazını Ağadadaş Qurbanova tapşırmaqla
tamaşa üçün onu praktiki surətdə “diriltmişdi”. Çünki
A.Qurbanov elə aktyor idi ki, heç vədə səhnədə “quru söz”
deməklə kifayətlənmirdi: onu həmişə oynadığı personajın iç
dünyası, düşüncələri və niyyəti maraqlandırırdı. Tamaşanın
rejissor partiturasında Əşrəf bəy heç də qəhrəman deyildi.
Mehdi onu bir azacıq liberallaşdırmışdı. Hərçənd Əşrəf bəyin
konkret mövqeyi vardı: yer üzündə şər, pisliklər ona görə
artmaqdadır ki, Muhamməd peyğəmbərin öyüdləri unudulub.
Təbii ki, 1955-ci ildə bu tövr fikirləşən bir adam tamaşanın
müsbət mərkəzi fiquru kimi götürülə bilməzdi.
“Yağışdan çıxdıq, yağmura düşdük” Mehdi Məmmədovun
Barat Şəkinskaya ilə birgə işlədikləri sonuncu tamaşadır. Məhz
bu tamaşanın məşqləri zamanı Mehdiylə Barat arasında növbəti
bir zarafat-insident yaşanır, bir-birinin ünvanına qarşılıqlı
ittihamlar səslənir. Bu münaqişə teatr aləmində lətifə kimi
______________Milli Kitabxana_______________
185
təqdim edilir; lakin bu lətifənin gerçəkliyinə inanmamaq olmur.
Əhvalat ilk dəfə teatrşünas İ.Rəhimli tərəfindən müfəssəl
şəkildə yazıya köçürülüb. “Yağışdan çıxdıq, yağmura düşdük”
pyesinin qəhrəmanı Hacı Qəmbərin pullarını itirdikdən sonra
kliniki dəli vəziyyətinə düşməsini nəzərə alıb quruluşçu
rejissor baş rolun ifaçısı M.Vəlixanlını və tamaşada məşğul
digər aktyorları dəlixanaya aparmaq qərarına gəlir. Barat xanım
isə dəlidən yaman bərk qorxduğundan bundan əlüstü imtina
edir.
“Səhərisi hamı yığışır və teatrın avtobusuna oturub gedirlər
dəlixanaya. Yolda baməzəliyi çox xoşlayan M.Vəlixanlı (aktyor və
aktrisa dostları arasında ona “Vəlişka” deyə müraciət edirdilər) birdən
baxıb görür ki, Barat xanım avtobusdakıların arasında yoxdur. Tez
hamı eşitsin deyə, üzünü Mehdi Məmmədova tutub ucadan soruşur:
- Mehdi müəllim, bəs Barat xanım hanı?
Barat xanımla uzun illər ər-arvad olmuş Mehdi müəllim şakəri üzrə
dərindən nəfəs alır. Bunu bir neçə dəfə təkrarlayır. Avtobusa tam
sakitlik çökür. Xeyli keçəndən sonra o, aktyorun sualına belə cavab
verir:
- Məmmədəli qədeş, Barat xanımın dəlixanaya getməyə ehtiyacı
yoxdu.
Bununla söhbət bitir. Gedirlər dəlixanaya, görməlisini görürlər,
götürməlisini götürürlər və qayıdırlar geri. Səhərisi məşq başlayan
ərəfədə ləzzətli ləxləxə salmaq üçün Vəlixanlı hadisəni və Mehdinin
verdiyi cavabı bir az da bəzəyib çatdırır Barat xanıma. Üstəlik onu da
deyir ki, Mehdi Məmmədov “Baratın ehtiyacı yoxdu” kəlmələrini elə
söylədi ki, guya sən... o söz. Başlayır şəhadət barmağını gicgahında
fırlatmağa... Barat xanım məsələni duyur. Vəlixanlıdan xahiş edir ki,
məşq başlayan kimi dayansın Mehdi müəllimin yanında və ucadan
soruşsun ki, “Ay Barat, dünən dəlixanaya niyə gəlməmişdin?”
Razılaşırlar. Mehdi müəllim dayanır salonun cərgələrarası boşluğunda
və ucadan deyir:
- Birinci şəkildə olanlar səhnədə yerlərini tutsunlar.
Vəlixanlı guya onun sözlərini eşitmir. Üzünü Barat xanıma tutur və
əvvəldən razılaşdıqları sualı ucadan aktrisaya verir. Barat Şəkinskaya
özünü toplayır, Mehdi müəllimi kinayə ilə süzür. Öskürüb boğazını
arıtlayır və bununla istəyir ki, bütün diqqət onda olsun. Görəndə ki,
hamı ona baxır, keçmiş əri Mehdi müəllimi göstərir və təbəssümlə
ucadan deyir:
______________Milli Kitabxana_______________
186
- Vəlişka, mənim dəlixanaya getməyə ehtiyacım yoxdur... Çünki mən
düz yeddi il dəliynən bir evdə yaşamışam. Nə lazımdısa, onu da
götürmüşəm...”
150
“Yağışdan çıxdıq, yağmura düşdük” komediyası ilə Barat
və Mehdi sərgüzəşti, Barat və Mehdi əfsanəsi sona yetirdi,
tamamlanırdı. 1951-ci ildən onlar ayrı yaşayırdılar: öz içində o
bunu günahlandırırdı, bu onu. Baratla Mehdinin sənətdəki
birgə ömrü, birgə səhnə fəaliyyətisə 1955-ci ildə qurtardı.
1955-ci ildə Mehdi Barata, - “Yetər”, - dedi və onların
münasibətlərinin tarixçəsi və boxçası düyünləndi. Mehdi bir də
üzünü Barata sarı çevirməyəcək. Hətta ömrünün ahıl çağlarında
1983-cü ildə Hökümə Qurbanova haqqında Mehdi bir kitab
yazacaq, Barat xanıma isə adi bir məqalə belə həsr etməyəcək.
Təəssüf ki, bu müəmmaları artıq heç kim çözə bilməyəcək,
onların mənasını, məntiqini anlamayacaq. Mehdi müəmmaları
sirrini heç kəsə açmır!!! Lakin bununla belə... Barat və
Mehdinin şəxsi münasibətlərinin çox maraqlı kartoqrafiyası
var. Yetər Barat xanımın Mehdi tamaşalarında sonuncu
roludur. Hərçənd indiyəcən qaranlıqdır ki, kim kimə “yetər!”
deyib. Mehdinin tamaşalarında Baratın oynadığı rolların
sırasından onların münasibətlərinin qəribə bir inkişaf
konsepsiyası boylanır. Bu konsepsiya sanki Mehdi ilə Barat
sevgisinin dramaturgiyasını cızır. Siz də bir fikir verin: “Nə
yardan doyur, nə əldən qoyur” (Gəncə, tanışlıq, qızğın servgi,
elçilik); “On ikinci gecə” (Bakı, nisbi rahatlıq, 12 xoşbəxtlik
dolu gecə və tanrıdan oğul payı), “Rəqs müəllimi” (ərköyün,
qısqanc münasibətlər, xarakterlərin üz-üzə
gəlməsi,
istedadların qarşıdurumu), “Mehmanxana sahibəsi” (Baratdan
Barata şikayət, umu-küsü; və, sadəcə, danlaq, məzəmmət:
müvəqqəti sığınacaq yerində işgüzar qadın), “Yağışdan çıxdıq,
yağmura düşdük” (Mehdinin yeni ailəsi, Barata “yetər” deməsi
və ayrılıq). Mən indi dramatik bir eşq macərasını düzüb
qoşdum. Bir az abstrakt olsa da, assosativ gücü böyük. Barat və
Mehdi münasibətlərinin “Hacı Qəmbər”lə yekunlaşan finalı
adama Hollivud aktyoru Maykl Duqlasın iştirakı ilə çəkilmiş
______________Milli Kitabxana_______________
187
qara komediyaların invariantını xatırladır. Hərçənd bu məqam
Mehdi Məmmədovun oğlu Elçinlə ünsiyyətinə heç vaxt kölgə
salmayacaq.
***
Dostları ilə paylaş: |