– Mən, sadəcə, kola almağa gedirdim.
– Məni xəcalətli eləmə. Səndən istədiyim yalnız budur.
– Eləmərəm. Aman Allah, Baba...
Baba siqaret yandırıb, yenə də özünü qəzetlə havalandırmağa başladı.
Mən soyuq içəcək satılan köşkə tərəf yönəlsəm də, sonra üzərində İsanın,
Elvisin və Cim Morrisonun sifətləri olan ağ neylon T-shirtlər satan köşkün yanından
sola döndün. Mariaçinin musiqisi çalınır, ətrafa turşu və kabab iyi yayılırdı.
Tahirilərin boz maşınını bizdən iki sıra aralıda, çöpə taxılmış manqo satan
kioskun yanında gördüm. O təkbaşına oturmuş, oxuyurdu. Həmin gün əynində ağ
topuğuna qədər uzun paltar, ayağında burnuaçıq sandallar var idi. Saçlarını arxaya
darayıb, zanbaq formasında yığmışdı. Mən yenə də onların dükanının yanından
keçmək istəyirdim, elə belə də elədiyimi düşünürdüm, amma bir də gözümü açdım
ki, Tahirilərin ağ süfrə ilə örtülmüş piştaxtasının yanında dayanıb, köhnə qalstuk-
larla spiral lentlərin arasından Sürəyyaya baxıram. O da mənə baxdı.
– Salam, – dedim. – Müzahim olduğum üçün üzr istəyirəm. Sizi narahat etmək
istəmirdim.
– Salam.
– General Sahib bu gün burdadır? – soruşdum. Qulaqlarım yanır, qızın üzünə
dik baxa bilmirdim.
– O yana getdi, – deyib, sağ tərəfi göstərdi. Bilərzik sürüşüb dirsəyinə dirəndi –
zeytun rəngli dərinin üstündə gümüş gözəl görünürdü.
– Onda, zəhmət olmasa, deyərsiniz ki, ona ehtiramımı bildirmək üçün
gəlmişdim.
– Deyərəm.
– Çox sağ olun, – dedim. – Hə, bir də, adım Əmirdir. Bilməniz lazım olar,
düşündüm, atanıza kimin gəldiyini deyəsiniz deyə. Yəni deyəsiniz ki, gəlmişdim.
Gəlmişdim ki... ehtiramımı bildirim.
– Bəli.
Bir ayağımı götürüb, o birini qoydum, boğazımı arıtladım.
– Mən gedim. Bağışlayın, sizi narahat elədim.
– Yo, etmədiniz.
– Hə, nə yaxşı...
Başımı qaldırıb, azacıq gülümsədim:
– İndi gedəcəm. – Bunu axı bir dəfə demişdim bu gün. – Xudahafiz.
– Xudahafiz.
Yola düzəldim. Dayanıb, geri çevrildim. Özümü saxlamağa macal tapmamış
dedim:
– Bağışlayın, soruşa bilərəm, nə oxuyursunuz?
O, gözlərini qırpdı.
Nəfəsimi saxladım. Birdən-birə Əfqan bit bazarındakı bütün gözlərin bizə
dikildiyini hiss etdim. Birdən, birə sükut çökdü. Adamlar danışıqlarını yarıda kəsib
susdu. Başlar bizə tərəf çevrildi. Gözlər əsl maraqla bizə tərəf baxdı.
Bu nə idi? Bu ana qədər bizim danışdıqlarımız tam abır çərçivəsində idi – bir
kişi başqa bir kişinin harda olduğunu soruşurdu. Amma indi mən ona şəxsi sual
vermişdim və əgər o cavab versəydi, biz... belə çıxırdı ki, biz söhbət edirdik. Mən –
mocarrad – yəni subay oğlan, o isə ərə getməmiş gənc qadın. Birimizin əvvəl
macərası da olub. Bütün bunlar yaxşı bir qeybət üçün kifayət qədər ciddi material
ola bilərdi. Bədxahların acı dilləri dinc durmayacaqdı. Bu qeybətin acısını da mən
yox, o çəkəcəkdi – Əfqanların kişilərin xeyrinə olan ikili standartlarından yaxşı
xəbərdar idim. “Sən o oğlanın qızla söhbət etdiyini gördün?” deməyəcəkdilər.
Əksinə, deyəcəkdilər, “Vay vay! Gördünmü, qız oğlanı qoymurdu getsin. Həyasıza
bax”.
Əfqan standartlarına görə, mənim sualım həyasız sual idi. Bu sualla mən
niyyətimi açıqladım. Artıq mənim onunla maraqlandığıma şübhə yeri
qoymamışdım. Amma mən kişi idim və risk altına qoyduğum, sadəcə, çatlamış
qürurum ola bilərdi. Qürurdakı çatlar tez sağalır. Adamın adı batsa, bu düzələn
deyil. O cəsarət edəcəkdimi?
O, kitabı çevirdi və mən üz qabığını gördüm. “Uğultulu təpələr”
16
idi.
– Bunu oxumusuz? – soruşdu.
Başımla “hə” cavabı verdim. Gözlərimin arxasında ürək döyüntüsünü hiss edə
bilirdim.
– Kədərli əhvalatdır.
– Kədərli əhvalatlardan yaxşı kitablar çıxır, – dedi.
– Elədir.
– Eşitmişəm, siz də yazırsız.
Hardan bilirdi bunu? Görəsən, atası demişdi? Bəlkə, özü soruşubmuş? Dərhal
hər iki versiyanın absurd olduğunu düşündüm. Atalar və oğullar qadınları rahat
müzakirə edə bilirlər. Amma heç bir əfqan qızı – heç bir ləyaqətli və möhtərəm
əfqan qızı atasından gənc oğlan barədə soruşmazdı. Heç bir ata da, xüsusilə
“nəngi-namusu” yerində olan – qeyrətli, namuslu puştu kişi subay oğlanı qızı ilə
müzakirə eləməzdi, hər halda, oğlan elçi düşüb, hörmət-izzətlə atasını qızın
qapısına göndərənə qədər.
Bu sözləri dediyimə inanmırdım:
– Hekayələrimdən birini oxumaq istərdinizmi?
– İstərdim, – dedi. Onun da gərginləşdiyini indi sezə bilirdim – ora-bura baxan
gözlərindən hiss olunurdu. Bəlkə də generalın harda olduğunu öyrənmək istəyirdi.
Görəsən, qızı ilə, belə yolverilməz dərəcədə uzun vaxt söhbət etdiyimi görüb nə
deyərdi?
– Bəlkə, bir gün sizə gətirərəm, oxuyarsınız, – dedim. Yenə nəsə demək
istəyirdim ki, əvvəl Sürəyyanın yanında gördüyüm qadın cərgənin ortası ilə bizə
yaxınlaşdı. Əlində meyvə dolu plastik torba var idi. Bizi görəndə gözləri Sürəyyadan
mənə, məndən Sürəyyaya sıçradı. Gülümsədi.
– Əmircan, səni görməyə şadam, – deyib, torbadakı meyvələri süfrənin üstünə
boşaltmağa başladı.
Qaşının üstündə tər parıldayırdı. Dəbilqə kimi yuxarıya doğru yığılmış kürən
saçlarında gün işığı əks olunurdu – saçlarının nazildiyi yerlərdə hətta başının dərisi
də parıldayırdı. Kələm kimi yumru sifətində itib- batan balaca yaşıl gözləri, qapaq
dişləri və sosiskanı xatırladan balaca barmaqları vardı. Sinəsindəki Allah yazısı
şəklində kulonun qızıl zənciri boynunun ət qatları altında görünməz olmuşdu.
– Mənim adım Cəmilədir. Sürəyyanın anasıyam.
– Salam, xalacan. – Əfqanlarla birgə olanda həmişə belə xəcalət çəkməli
olurdum. O məni tanıyırdı, mən isə onun kim olduğunu bilmirdim.
– Atan necədir?
– Yaxşıdır, çox sağ olun.
– Bilirsənmi, sənin baban vardı ha, hakim – Qazi Sahib, onun dayısı ilə mənim
babam əmiuşağı olublar, – dedi. – Görürsənmi, qohumuq.
O gülümsəyib, süni parıltılı qoyma dişlərini göstərdi və mən qadının ağzının
sağ tərəfinin bir az əyildiyini gördüm. Gözləri yenə də Sürəyyadan mənə, məndən
Sürəyyaya yönəlirdi.
Bir dəfə Babadan General Tahirinin qızının niyə ərə getmədiyini
soruşmuşdum. Baba, “elçi düşən yoxdur” dedi. Sonra düzəliş verib, “fərli elçisi
yoxdur” dedi. Amma o, bundan artığını deməzdi də. Baba bekar söhbətlərin gənc
qadının uğurla ərə getmək perspektivlərinə necə ölümcül zərbə vura biləcəyini
bilirdi. Əfqan kişiləri – xüsusilə də adlı-sanlı ailələrdən olanlar – etibarsız varlıqlar
idi. Biri bir şey pıçıldasın, başqası bir böhtan atsın, kişilər quş kimi pərvazlanıb uça
bilərdi. Odur ki, toylar gəlib-keçirdi, amma Sürəyya üçün hələ heç kim “Ahəstə
boro” mahnısını oxumamış, kimsə onun ovcuna xına yaxmamış, başı üstündə
Quran tutub yola salmamışdı. Dəvət olunduqları hər toyda da general Tahirinin
özü qızı ilə rəqs etməli olurdu.
İndi isə bu qadın adamın ürəyini ağrıdan, arzu dolu, şıltaq təbəssümü və
demək olar ki, çılpaq ümidlə yanan gözləri ilə burda dayanmışdı. Mən doğuşdan
sahib olduğum, sadəcə, genetik lotereyada udub kişi cinsindən doğulmağım
hesabına qazandığım üstünlükdən özümü alçalmış hiss etdim. Generalın
gözlərindən nə düşündüyünü sezmək olmurdu, amma onun arvadı haqqında artıq
bir şeyə əmin idim: bu işdə – nə olduğunu hələ bilməsəm də – düşmənim olacaqsa
da, bu, o qadın deyildi.
– Otur görüm, Əmircan, – dedi. – Sürəyya, onun üçün bir stul gətir, bala. O
şaftalılardan da birini yu. Şirin və təzədir.
– Yox, sağ olun, – dedim. – Gərək gedim. Atam gözləyir.
– Eləmi? – Nəzakətlilik göstərib, təklifdən imtina etməyimdən xoşlandığı açıq-
aşkar bilinirdi. – O zaman, heç olmasa, bunu götür.
Xanım Tahiri kağız torbaya bir neçə kivi və şaftalı atıb təkidlə götürməmi
istədi:
– Atana salamımı çatdır. Bizə tez-tez gəl.
– Gələcəyəm. Çox sağ ol, xala can, – dedim.
Gözümün ucu ilə Sürəyyanın kənara baxdığını gördüm.
– MƏN ELƏ BİLDİM, SƏN KOLA ALMAĞA GETMİSƏN, – deyə, Baba şaftalı dolu
torbanı məndən aldı. Eyni zamanda həm ciddi, həm də eyhamlı baxmağa çalışırdı.
Nəsə uydurmağa çalışdım, amma o, əlini yelləyib:
– Narahat olma, Əmir, sadəcə, dediyimi yaddan çıxarma, – dedi.
O GECƏ YATAQDA günəş şüalarının Sürəyyanın gözlərində necə rəqs etdiyi,
körpücük sümüyündən bir az yuxarıda incə oyuqlar haqda düşünürdüm.
Söhbətimizi beynimdə təkrar-təkrar fırlatdım. Necə demişdi – “eşitmişəm,
yazırsan”, ya “eşitmişəm, yazıçısan”? Hansını demişdi? Yerimdə qurcuxur, gözümü
tavana dikib, onu gorəcəyim gün gələnə qədər yaşamalı olduğum altı çətin yəlda
gecəsinin əziyyətinə məcbur olduğumu düşünürdüm.
BİR NEÇƏ HƏFTƏ beləcə davam etdi. Mən generalın uzaqlaşmasını gözləyər,
sonra Tahirilərin dükanına yaxınlaşardım. Mənə çay və külçə təklif edər, sonra biz
Kabilin keçmiş günləri, tanıdığımız adamlar və ona əziyyət verən artritdən
danışardıq. Şübhəsiz ki, o, mənim ziyarətlərimin generalın dükanda olmadığı vaxta
təsadüf etdiyini hiss eləmişdi, amma bunu heç vaxt büruzə vermirdi. Sadəcə,
“əmin elə indicə çıxdı” deyərdi. Xanım Tahirinin orda olması, əslində, yaxşı idi.
Təkcə mehribançılığına görə yox. Anası oralarda olanda Sürəyya da daha rahat,
daha danışqan olurdu. Sanki, anasının varlığı aramızda baş verənlərə legitimlik qa-
zandırırdı. Əlbəttə ki, generalın özü olsaydı, daha yaxşı olardı. Xanım Tahirinin
sağdışlıq etməsi bizim görüşlərimizi dedi-qoduya səbəb olmaqdan tam qorumasa
da, hər halda qeybət üçün nisbətən yararsız mövzuya çevirirdi. Hərçənd ki, onun
da mənə həddindən artıq üzgörənlik etməsi Sürəyyanı utandırırdı.
Günlərin bir günü, Sürəyya ilə dükanın içində tək söhbət edirdim. Dərsləri
haqqında, Fremontdakı Ohayo İbtidai Kollecində ümumi tədris dərslərinə
hazırlaşması haqqında danışırdı.
– Hansı ixtisası seçəcəksən?
– Müəllim olmaq istəyirəm.
– Doğrudan? Niyə?
– Həmişə arzum olub. Virciniyada yaşayanda da ingilis dili kurslarından
sertifikat almışdım. İndi ictimai kitabxanada həftədə bir gecə dərs deyirəm. Anam
da müəllim olub. Kabildə Zərqonə qızlar məktəbində fars dili, bir də tarix dərsi
deyirdi.
Ovçu papağı geymiş yekəqarın kişi beş dollarlıq şamdan dəstini üç dollara
istədi və Sürəyyadan razılıq alıb, apardı. Pulu ayağının yanındakı balaca konfet
qutusunun içinə atdı. Utana-utana mənə baxdı.
– Sənə bir hekayə danışmaq istəyirəm, – dedi. – Amma utanıram.
– Danış görüm.
– Bir az axmaq hekayədir.
– Nə olar, danış.
– Kabildə, mən dördüncü sinifdə olanda, atam Ziba adlı bir qadını evə xidmətçi
kimi işə götürmüşdü. Onun İranda, Məşhəddə bir bacısı vardı, Ziba da savadsız
olduğundan, arabir bacısına məktub yazmağı məndən xahiş edərdi. Bacısından
gələn cavabları da ona mən oxuyardım. Bir gün soruşdum ki, oxuyub-yazmağı
öyrənmək istəyirmi? O sevindi, gözləri parıldadı, dedi ki, bunu çox istərdi.
Dərslərimi bitirəndə onunla mətbəxdə oturub, əlifba öyrənərdik. Hərdən mətbəxə
düşəndə Zibanın ət çəkə-çəkə karandaşla mənim ona ötən gecə verdiyim ev
tapşırıqlarını yazdığını görərdim. Nə isə, bir il keçdi, Ziba artıq uşaq kitablarını
oxumağı öyrənmişdi. Biz həyətdə oturanda o mənə Dara və Saranın nağılını
oxuyardı – sürəti zəif olsa da, düz oxuyurdu. O mənə artıq “Sürəyya müəllimə”
deyirdi.
Sürəyya yenə gülümsədi.
– Bilirəm, bir az uşaq söhbətinə bənzəyir, amma Ziba ilk məktubunu yazanda
başa düşmüşdüm ki, başqa heç kim yox, məhz müəllim olmaq istəyirəm. Onunla
elə fəxr edirdim ki... Bir də düşünürdüm ki, həqiqətən də faydalı bir iş görmüşəm.
Anlayırsanmı?
– Anlayıram, – dedim. Amma yalan idi. Öz savadımdan Həsəni lağa qoymaq
üçün istifadə etməyimi, böyük sözləri bilmədiyinə görə onunla məzələnməyimi
xatırladım.
– Atam istəyir ki, mən hüquq oxuyum, anam həmişə tibb məktəbindən söz
salır, amma mən müəllim olacağam. Burda müəllimliyə yaxşı maaş vermirlər,
amma istədiyim budur.
– Mənim də anam müəllim olub.
– Bilirəm, – dedi. – Anam deyib.
Bunu deyən kimi o nə dediyinin fərqinə varıb qıpqırmızı oldu. Axı sözündən
belə çıxırdı ki, “Əmir barədə söhbətlər” mən orda olmayanda da baş verir. Özümü
gülümsəməkdən zorla saxladım.
– Sənə bir şey gətirmişəm. – Arxa cibimdən, steplerlə bərkidilmiş kağız dəstəsi
çıxardım. – Söz verdiyim kimi...
Hekayələrimdən birini gətirmişdim. Ona uzatdım.
– Hə, yadına düşdü, nəhayət, – deyəndə işıq saçırdı. – Çox sağ ol!
Onun mənə həmişəki kimi “şoma” – “siz” deyil, “to” – “sən” dediyinin fərqinə
varmağa belə macal tapmadım. Çünki üzündən təbəssüm yox oldu. Rəngi ağardı,
baxışı arxamda nəyəsə dirəndi. Geri çevrildim və general Tahiri ilə üz-üzə gəldim.
– Əmir can. Bizim gənc hekayə yazarımız. Nə gözəl təsadüf, – dedi. Dodağında
yüngül bir təbəssüm vardı.
– Salam, General Sahib, – dodaqlarım daşa dönmüşdü, sanki.
O, mənim yanımdan keçib, dükana tərəf addımladı.
– Gözəl gündür, deyilmi? – bir əlinin baş barmağı jiletinin döş cibində, o biri
əlini Sürəyyaya uzatdı.
– Deyirlər, bu həftə yağacaq. İnanmaq çətindir, yox? – o, kağızları qızından
alıb, zibil qabına atdı. Mənə tərəf çevrilib, əlini ehmalca çiynimə qoydu. Bir neçə
addım birgə atdıq.
– Bilirsən, bəççem, sən mənim xoşuma gəlirdin. Ləyaqətli oğlansan, buna
doğrudan da inanıram. Amma, – köksünü ötürüb, əlini yellədi, – ləyaqətli oğlanlara
da bəzi mətləbləri xatırlatmaq lazım gəlir. Odur ki, mən borcumu yerinə yetirib
sənə xatırlatmalıyam ki, bu bit bazarında sən böyüklərin arasındasan.
O dayandı, ifadəsiz gözləri mənim gözlərimə dirəndi:
– Bilirsənmi, burda hamı hekayə qoşmağı sevir, – o, gülümsəyib, mirvari
dənələri kimi eyni biçimli dişlərini göstərdi. – Atana ehtiramımı çatdır, Əmir can.
Əlini aşağı saldı və yenə gülümsədi.
– Nə baş verib? – Baba məni görən kimi soruşdu. Qoca qadından yırğalanan at
üçün pulu alıb, yenə mənə tərəf döndü.
– Heç, – deyib, köhnə televizorun üstünə oturdum. Sonra hər şeyi danışdım.
– Ah, Əmir, – deyə köksünü ötürdü.
Sonra elə alındı ki, olub-keçənləri çox götür-qoy etməli olmadım.
Çünki həmin həftənin sonu Baba soyuqlamışdı.
HƏR ŞEY ZÖKƏM və quru öskürəklə başladı. Sonra zökəm keçdi, amma
öskürək keçmirdi. Dəsmalına tüpürüb, cibinə qoyardı. Bir neçə dəfə dəsmalını yox-
lamağa çalışmışdım. Amma o, məni yaxına buraxmırdı. Həkimlərdən və
xəstəxanalardan zəhləsi gedirdi. Bildiyim qədər, son dəfə həkim yanında
Hindistanda ikən malyariyaya yoluxduğu vaxt olmuşdu.
İki həftə keçəndən sonra mən onun qanlı bəlğəmi tualetə qusduğunu gördüm.
– Neçə vaxtdır, beləsən?, – soruşdum.
– Axşam yeməyinə nəyimiz var? – dedi.
– Səni həkimə aparacam.
Baba yanacaqdoldurma məntəqəsində menecer işləsə də, işin sahibi ona
sağlamlıq sığortası təklif etməmişdi. Özü də tədbirsiz olduğundan, dirənməmişdi.
Odur ki, mən onu San Hosedəki bölgə xəstəxanasına apardım. Sısqa, gözləri şişmiş
doktor dedi ki, hələ rezidenturanın ikinci ilindədir.
– Bu ki, səndən cavan, məndən xəstə görünür, – Baba deyinirdi.
Rezident bizi döş qəfəsinin rentgeninə yönəltdi. Tibb bacısı bizi yenidən otağa
çağıranda rezident sənədi tərtib edirdi.
– Bunu girişdəki masaya götür, – deyə sürətlə yazmaqda davam edirdi.
– Bu nədir? – soruşdum.
– Göndəriş.
– Nə üçün?
– Pulmanoloji xəstəxanaya.
– O nədir?
O, mənə baxıb, eynəyini düzəltdi. Yenə yazmağa başladı və dedi:
– Ağciyərinin sağ tərəfində ləkə var. İstəyirəm, yoxlasınlar.
– Ləkə? – Otaq getdikcə balacalaşırdı.
– Xərçəng? – Baba sakitcə əlavə elədi.
– Ola bilər. Şübhələr var hər halda, – deyə həkim dodaqaltı mızıldandı.
– Daha açıq danışa bilərsinizmi? – soruşdum.
– Əslində yox. Əvvəl kompyuter tomoqrafiyasından keçmək, sonra ağciyər
həkimində müayinə olunmaq lazımdır. – O, göndəriş kağızını mənə uzatdı. –
Deyirsən, atan siqaret çəkir?
– Elədir.
Başını buladı. Mənə, sonra Babaya, sonra yenə mənə baxdı.
– Sizə iki həftə ərzində zəng edəcəklər.
İstəyirdim, həkimdən soruşam ki, indi mən bu “şübhələr var” sözü ilə iki həftə
necə yaşayım. Necə rahat yemək yeyim, işləyim, oxuyum? Adamı bu sözlə necə
yola salırdılar?
Formanı götürüb getdim, xəstəxananın qəbul şöbəsinə təhvil verdim. Həmin
gecə Babanın yuxuya getməsini gözləyib, adyalımı qatladım. Ondan namaz xalçası
düzəltdim. Başımı yerə əyəndə Qurandan yadımda ala-yarımçıq qalmış ayələri –
mollalar bu ayələri bizə əzbərlədərdi – zikr eləməyə başladım və mövcudluğuna
əmin olmadığım Allahdan lütf etməsini xahiş edirdim. İndi mollalara həsəd
aparırdım – onlarda inam və müəyyənlik var idi.
İki həftə keçdi, amma kimsə zəng eləmədi. Sonra onlara zəng edəndə dedilər
ki, göndəriş kağızını itiriblər. Dedilər ki, üç həftə sonra zəng edə bilərlər. Mən aləmi
qatandan sonra tomoqrafiyanın gününü bir həftə sonraya, həkim müayinəsi
gününü isə iki həftə sonraya saldıra bildim.
Pulmanoloq doktor Şnayderlə görüşdə hər şey yaxşı idi, amma Baba onun
əslən hardan olduğunu soruşdu. Doktor Şnayder dedi ki, o, Rusiyadandır. Baba
tamamilə özündən çıxdı.
– Bizi bağışlayın, doktor, – deyib, Babanı kənara çəkdim. Şnayder gülümsəyib,
geri çəkildi, amma stetoskopu əlindən qoymadı.
– Baba, mən gözləmə otağında Doktor Şnayderin tərcümeyi-halını oxudum. O,
Miçiqanda doğulub. Miçiqanda! O, amerikalıdır, sənin, mənim nə zamansa ola
biləcəyimizdən qat-qat artıq amerikalı.
– Mənim vecimə deyil, o harada doğulub. O rusdur, vəssalam! – Babanın
üzündə elə ifadə var idi, sanki, o söyüş işlədirdi. – Onun valideynləri rusdur, nənə-
babası rusdur. Ananın ruhuna and olsun, mənə toxunmağa cəhd eləsə, onun
qolunu sındıracam.
– Amma doktor Şnayderin valideynləri Şurəvidən qaçıblar, görmürsənmi, onlar
da qaçqındırlar!
Amma Baba bunların heç birini eşitmək istəmirdi. Hərdən düşünürəm ki, o,
mərhum arvadı qədər yalnız Əfqanıstanı sevirdi – mərhum ölkəsini. Mən
acığımdan az qala qışqıracaqdım. Amma faydası yoxdu. Sadəcə, köks ötürüb,
Doktor Şnayderə tərəf çevrildim.
– Bağışlayın, doktor. Alınmayacaq.
Növbəti pulmanoloq doktor Əmani iranlı idi, odur ki, Baba etiraz etmədi.
Əmaninin burma bığları, uzun çal saçları və yumşaq danışığı vardı. O dedi ki,
tomoqrafiya analizinə baxıb və indi bronxoskopiya prosedurundan keçməli –
patologiya olub-olmadığını yoxlamaq üçün ağciyər kütləsindən histoloji analiz
götürülməli idi. Babanı otaqdan çıxaranda həkimə çox sağ ol dedim. Özüm isə
düşünürdüm ki, indi də bir həftə bu yeni sözlə – “şübhələr” sözündən də məşum
səslənən “histologiya” ifadəsi ilə yaşamalıyam. Sürəyyanın yanımda olmasını
arzuladım.
Məlum oldu ki, şeytan kimi xərçəngin də müxtəlif adları varmış. Babanın
xərçənginin adı “Yulaf hüceyrəli Karsinoma” idi. Çox irəli getmişdi. Əməliyyatla
düzələn deyildi. Baba Doktor Əmanidən proqnoz istədi. Həkim dodağını dişləyib,
“ağır” sözünü işlətdi.
– Əlbəttə kimyəvi terapiya da var, – dedi. Amma bu, ancaq vəziyyəti nisbətən
yüngülləşdirməyə kömək edər.
– Bu nə deməkdir?
Doktor Əmani köksünü ötürdü.
– Bu o deməkdir ki, nəticə dəyişməyəcək, sadəcə bir az vaxt uzanacaq.
– Bu açıq cavabdır, doktor Əmani. Çox sağ olun buna görə, – Baba dedi. –
Amma xahiş edirəm, mənə heç bir kimyəvi dərman lazım deyil.
Üzündəki ifadə mənə Missis Dobbinsin masasına yemək talonlarını atdığı günü
xatırlatdı. O anda da Babanın üzündə belə əzmli ifadə vardı.
– Amma Baba....
– Mənimlə adam içində mübahisə eləmə, Əmir. Heç vaxt! Sən kim olduğunu
sanırsan?!
GENERAL TAHİRİNİN bit bazarında haqqında danışdığı yağış bir neçə həftə
gecikmişdi, amma doktor Əmaninin kabinetindən çıxanda şütüyən maşınlar artıq
çirkli suyu səkilərə sıçradırdı. Baba siqaret yandırdı. Maşına gedənə qədər də,
maşında da bütün yolu siqaret çəkdi.
Açarı binanın giriş qapısına salanda dilləndim:
– Kaş ki, kimyəviyə şans verəydin, Baba.
Baba açarı cibinə qoydu, məni yağışın altından dartıb, binanın zolaqlı tentinin
altına çəkdi. Siqareti tutduğu əli ilə sinəmdən basıb qışqırdı:
– Bəsdir! Mən qərarımı vermişəm.
– Mən necə, Baba? Mən nə edəcəyəm? – dedim. Gözlərim dolmuşdu.
Yağışdan islanmış üzünü yenə də ikrah ifadəsi əydi. Uşaqkən yıxılıb, dizim
sıyrılanda ağlasam, mənə məhz bu baxışla baxardı. Onda da mənim ağlamağım
səbəb olmuşdu, indi də.
– Sənin iyirmi iki yaşın var, Əmir! Yekə kişisən!” Sən...
Nəsə demək üçün ağzını açdı. Bağladı. Sonra yenə açdı, fikrini dəyişib, bağladı.
Başımızın üstündə yağış kətan günlüyü nağara kimi döyəcləyirdi.
– Deyirsən, sən neyləyəsən? Bütün bu illər boyu, sənə öyrətməyə çalışdığım
məhz bu idi – bu sualı verməmək qabiliyyəti.
O qapını açdı. Sonra mənə tərəf çevrildi.
– Bir də... Heç kim bilməməlidir, eşidirsənmi? Heç kim! Mənə heç kimin
təsəllisi lazım deyil. – Bunu deyib, Baba alaqaranlıq koridorda itdi. Günün sonuna
qədər televizorun qarşısında oturub siqareti siqaretə caladı. Bilmirdim, həmin
anda kimə acıq edir – mənə, doktor Əmaniyə, yoxsa heç vaxt inanmadığı Allaha.
BİR MÜDDƏT hətta xərçəng də Babanı bit bazarına getməkdən çəkindirə
bilmədi. Baba sükan arxasında, mənsə yol göstərən qismində biz şənbə günləri
qaraj alqı-satqılarına çıxar, bazar günləri isə əlimizdəki malları satış üçün düzərdik.
Mis lampalar, beysbol əlcəkləri, zipi xarab olmuş xizək gödəkçələri... Baba
vətəndən olan tanışlarını salamlayır və alıcılarla bir-iki dolların üstündə mübahisə
edərdi. Sanki, bunlardan hər hansı birininsə anlamı vardı. Sanki, hər bazarın
bitməsi ilə mənim yetim qalacağım gün bir addım da yaxınlaşmırdı.
Bəzən general Tahiri və onun arvadı yaxından keçərdi. General, hər zamankı
kimi diplomatik təbəssümlə məni salamlayar, iki əli ilə əlimi sıxardı. Amma xanım
Tahirinin davranışı daha təmkinli olmuşdu. Təmkinli davranış hərdənbir, ərinin fikri
başqa yerdə olanda mənə atdığı gizli, kiçik təbəssümlər və xəlvəti, üzrxahlıq ifadə
edən baxışlarla pozulurdu.
Həmin vaxtı çox “birinci dəfə”lər dövrü kimi xatırlayıram. İlk dəfə Babanın
hamamda iniltisini eşitməyim, ilk dəfə yastığında qan tapmağım...
Yanacaqdoldurma məntəqəsində işlədiyi üç ildə Babanın bir dəfə də olsun xəstəlik
adıyla işə çıxmadığını görməmişdim. Daha bir “ilk dəfə” də bu oldu.
Həmin ilin Hellouin
17
bayramı yaxınlaşanda Baba zəifləməyə başladı. Əvvəl
şənbə günləri axşamüstü yorulduğundan maşından düşməz, mənim sövdələşməni
bitirib, malları topdan alıb, geri qayıtmamı gözləyərdi. Helloun günü yaxınlaşanda
Baba günorta olmamış əldən düşürdü. Adamlar xizəklərini çəmənliyə çıxarıb
küknar ağaclarının budaqlarına saxta qar səpməyə başlayanda isə Baba artıq evdə
qalır və mən Folksvagen avtobusu təkbaşına yarımadanın sağına-soluna sürməli
olurdum.
Bəzən bit bazarında əfqan tanışlar Babanın arıqlaması barədə danışardılar.
Əvvəl, bu şərhlər kompliment üçün deyilirdi. Hətta Babadan pəhrizinin sirrini
soruşan da olurdu. Amma arıqlama davam etdikcə, suallarla komplimentlər də
Dostları ilə paylaş: |