KƏRİM ZİRZƏMİNİN qapısını açan anda kifsimiş rütubət iyi burun pərəklərimə
dəyənək kimi dəydi. Cırıldayan pillələrlə bir-bir aşağı endik. Babanın ağırlığı altında
pillələr əyildi. Soyuq zirzəmidə dayananda qaranlıqda parıldayan gözlərin bizə
dikildiyini hiss etdim. Hər tərəfdə büzüşmüş adam fiqurları görünür, otaqdakı iki
kerosin lampasının tutqun işığı onların kölgələrini divara salırdı. Zirzəminin hər
tərəfindən gələn pıçıltının altında suyun yeknəsəq damcılaması hərdən başqa bir
səs – qaşınma səsindən eşidilməz olurdu.
Baba arxamda köks ötürdü və çamadanları yerə qoydu.
Kərim bizə dedi ki, yük maşınının təmiri iki gündən artıq çəkməz. Sonra biz
Peşəvərə – azadlığa, təhlükəsizliyə doğru yol alacaqdıq.
GÖZLƏRİM QARANLIĞA ALIŞANDA zirzəmidə olanları saydım. Otuza yaxın
qaçqın vardı. Biz divarın dibində çiyin-çiyinə oturmuşduq, o günlərdə yediyimiz
xurma, çörək, suxarı, alma idi. İlk gecə bütün kişilər birgə namaz qıldı. Qaçqınların
biri Babadan niyə onlara qoşulmadığını soruşdu.
– Bizi Allah xilas edəcək. Niyə ona dua eləmirsiz?
Baba burnuna tütün qoyub nəfəsini içəri çəkdi. Ayaqlarını uzatdı.
– Bizi səkkiz silindr və yaxşı karbürator xilas edəcək.
Bununla da Allah mövzusunun müzakirəsinə son qoyuldu.
O ilk gecə mən onu da bildim ki, bizimlə gizlənənlər arasında Kamal və onun
atası da var. Kamalı həmin zirzəmidə, məndən cəmi bir neçə addım aralıda görmək
şok idi. Amma onunla atası otağın biz olan tərəfinə keçəndə mən Kamalın sifətini
gördüm, bu, həqiqətən də o idi.
O sönmüşdü – bunu başqa sözlə ifadə etmək çox çətin idi. Onun baxışı heç nə
ifadə etmirdi, məni tanıdığı zərrə qədər də sezilmirdi. Onun çiyinləri bükülmüş,
yanaqları isə elə sallanmışdı ki, elə bil üzünün dərisinin almacıq sümüyünə
pərçimlənməyə taqəti qalmamışdı. Kabildə kinoteatr sahibi olan atası Babaya
danışırdı ki, üç ay əvvəl məbəddə olanda təsadüfi güllə onun arvadına dəyib öldür-
müşdü. Sonra isə o, Babaya Kamal haqqında danışdı. Mən söhbətdən yalnız bir
neçə söz eşidə bildim: onu tək buraxmalı deyilmiş... çox gözəl uşaqdır,
bilirsinizmi... onlar dörd nəfər idilər... Aman Allah... onlar onu... qanı axa-axa yerdə
qalmışdı... şalvarı... o vaxtdan danışmır... eləcə baxır...
YÜK MAŞINI OLMAYACAQMIŞ. Kərim bunu biz siçovul yatağı olan zirzəmidə bir
həftə qaldıqdan sonra dedi. Maşının təmiri mümkün deyildi.
– Başqa imkan var.
Kərim narazı sədaların içindən səsini ucaltdı. Əmioğlusunun yanacaqdaşıyan
maşını varmış və bir neçə dəfə həmin maşında adam qaçırıbmış. O, burda, Cəlala-
badda idi və güman ki, hamını tuta bilərdi. Yaşlılardan başqa hamı getməyə razılıq
verdi.
Biz – Baba ilə mən, Kamal və atası, başqaları, həmin axşam yola çıxdıq.
Kərimin kvadrat sifətli, keçəlləşməyə başlayan əmioğlusu Əziz bizə yanacaq
sisterninin içinə doluşmağa kömək etdi. Bir-bir maşının arxasından nərdivanla çıxıb
sisternin içinə sürüşürdük. Baba nərdivanda yarıya qədər yuxarı çıxandan sonra
geriyə hoppanıb burunotu qutusunu cibindən çıxardı. Qutunu boşaldıb palçıqlı
yoldan bir ovuc torpaq götürdü. Əlindəki palçıqlı torpağı öpüb, qutuya tökdü.
Sonra isə qutunu döş cibinə yerləşdirdi – ürəyinin başına.
VAHİMƏ.
Ağzını açırsan. Elə geniş açırsan ki, çənən şaqqıldayır. Ağciyərlərinə əmr
edirsən ki, nəfəs alsınlar, İNDİ, bu dəqiqə nəfəsə ehtiyacın var. Amma nəfəs
yolların sözünə baxmır. Onlar işləmir, sıxılır, daralır və birdən-birə nəfəs yolun
qamışın dəliyi kimi daralır. Ağzın yumulur, dodaqların büzülür və indi
xırıldamaqdan başqa əlindən bir şey gəlmir. Qolların qıvrılır, əllərin əsir. Soyuq tər
seli səni basır, başdan ayağa su içindəsən. Qışqırmaq istəyirsən. Bacarsan,
qışqırarsan, əlbəttə ki. Amma qışqırmaq üçün nəfəs almaq lazım idi.
Vahimə.
Zirzəmi qaranlıq idi. Yanacaq sisterninin içi isə qap-qara idi. Mən sağa, sola,
yuxarı, aşağı baxdım, əlimi gözümün qabağında yellətdim, amma zərrə qədər də
hərəkət görmədim. Gözümü qırpdım, yenə qırpdım. Heç nə yox idi. Hava havaya
bənzəmirdi, çox qatı, az qala bərk idi. Hava bərk olmamalı idi axı. Mən əlimlə
havanı tutub onu xırda hissəciklərə bölmək, sonra da nəfəs yollarıma doldurmaq
istəyirdim. Bir də ki, benzin iyi. Gözlərim benzin buxarından acışırdı. Sanki, kimsə
mənim göz qapaqlarımı geri çəkmiş, gözümə limon sürtmüşdü. Hər nəfəs alanda
burnum yanırdı. Düşündüm ki, belə yerdə adam ölə bilər. Qışqırmağım gəlirdi.
Gəlirdi, gəlirdi...
Sonra isə balaca bir möcüzə. Baba mənim paltarımın qolundan çəkdi və
qaranlıqda yaşıl parıltı peyda oldu. İşıq! Babanın qol saatı idi. Mən gözlərimi
flüoresent işığına boyanmış yaşıl əllərdən çəkə bilmirdim. Onları gözdən
itirməkdən elə qorxurdum ki, gözümü də qırpmırdım.
Yavaş-yavaş ətrafımda nə baş verdiyini anlamağa başladım. Zarıltı və pıçıltıyla
oxunan dua səsləri gəlirdi. Uşağın ağlamasını, anasının onu sakitcə ovundurmasını
eşitdim. Kimsə gəyirdi. Bir başqası Şurəviyə qarğış elədi. Maşın sağdan-sola
yırğalandı, sonra isə yuxarı aşağı atıb tutdu. Başların metala dəyməsi eşidildi.
– Yaxşı bir şey haqqında fikirləş, – Baba qulağıma pıçıldadı. – Xoşbəxt bir şey
haqqında.
Yaxşı bir şey. Xoşbəxt bir şey. Beynimdə axtarmağa başladım. Sonra bu gəldi:
Pağmanda cümə gününün axşamıdır. Açıq çəmənlikdə bir neçə tut ağacı çiçək
açıb. Həsənlə mən topuğumuza qədər çıxan otluqda dayanmışıq. Mən ipi dartıram,
Həsənin yaralı əllərində tutduğu kələf açılır, gözlərimiz göydə süzən çərpələngə
dikilib. Bir kəlmə də danışmırıq, ona görə yox ki, bir-birimizə deməyə sözümüz
yoxdur. Sadəcə sözə ehtiyac yoxdur – bir-birinin ilk uşaqlıq xatirəsi olan, bir
döşdən süd əmmiş adamlar arasında belə olur. Meh otu tərpədir və Həsən yumağı
fırladır. Çərpələng fırlanır, dalır, sonra yenə dikəlir. Bizim cüt kölgəmiz ləpələnən
otun üstündə rəqs edir. Çəmənliyin o başındakı alçaq kərpic divarın arxasından
gülüş və danışıq səsləri, fəvvarə şırıltısı gəlir. Bir də musiqi, köhnə və tanış bir
musiqi eşidilir, deyəsən rübabda çalınan Ya Mövladır. Divarın arxasından bizi tortla
çay içməyə çağırırlar.
Bunun hansı ayda, hətta hansı ildə olduğunu xatırlamırdım. Sadəcə, bu
xatirənin içimdə yaşayan, xoş keçmişimin, sanki, möhkəm-möhkəm qılaflanmış bir
parçası, boz, darıxdırıcı bir kətan parçasına bənzəyən indimizə keçmişdən atılan bir
rəng idi.
BU SƏFƏRİN QALAN HİSSƏSİNDƏN yaddaşımda əsasən qoxu və səslərdən
ibarət xatirə tör-töküntüləri qalıb: başımızın üzərində nərilti ilə uçub keçən MİG-
lər; pulemyot atəşinin stakkatosu; yaxınlıqda anqıran eşşək; zınqırovların cingiltisi
və qoyun mələməsi; maşının təkərləri altında xırtıldayan çaylaq daşı; qaranlıqda
uşaq ağlaması; benzin, qusuntu və nəcis qoxusu.
Bundan sonra sisterndən dırmanıb çıxarkən gözümüzü qamaşdırıb kor edən
səhər günəşini xatırlayıram. Gözümü qıyıb üzü yuxarı baxmağım, sanki, indi Yer
üzündə hava bitəcəkmiş kimi acgözlüklə havanı içimə çəkməyim yadımdadır.
Mən palçıqlı yolun kənarında, uçurumun başında yerə uzanıb, boz səhər
günəşinə baxır, hava, işıq və həyatda olmağıma görə minnətdarlıq hissi keçirirdim.
– Biz Pakistandayıq, Əmir. – Baba dedi. Başımın üstündə dayanmışdı. – Kərim
deyir ki, o bizi Peşəvərə aparmaq üçün avtobus çağırıb.
Soyuq palçığın üstündə üzüm üstə çevrildim. Gözümün qarşısında Babanın
ayaqları, onların da iki yanında bizim çamadanlarımız vardı. Babanın ayaqlarının
arasındakı üçbucaqdan yolun kənarında dayanan maşın, onun arxasına qalxan o
biri qaçqınlar görünürdü. Daha uzaqda palçıq yol burularaq boz səma altında
bənövşəyi döşəkağına bənzəyən çöllüyə açılır və çevrilmiş qazanı xatırladan
təpələrin arxasında yox olur. Təpənin gündən yanmış yoxuşunda balaca bir kənd
yerləşir.
Yenə də çamadanlara baxdım. Babanın halına acıdım. Bütün ömrü boyu, tikib,
qurub, yaratdıqlarından, apardığı mübarizə, qazandığı nailiyyətlər, etdiyi xəyallar-
dan sonra həyatının nəticəsi bu idi: onu daim məyus edən oğul, bir də iki çamadan.
Kimsə qışqırırdı. Yox, bu qışqırıq deyildi, hönkürtü idi. Səs gələn yerdə
sərnişinlər yığışıb nəsə danışırdılar. Kiminsə “benzin buxarı” deməsini eşitdim. Bir
başqası eyni sözü təkrarladı. Hönkürtü artıq boğaz yırtan bağırtıya çevrilmişdi.
Baba ilə mən yığışıb nəyəsə tamaşa edənlərə tərəf qaçdıq və onların arasından
irəli keçdik. Kamalın atası adamların arasında bardaş qurub, əyilib-qalxır, oğlunun
kül rəngli üzündən öpürdü.
– Nəfəs almır! Mənim balam nəfəs almır! – deyə qışqırırdı.
Kamalın həyat işarəsi verməyən bədəni atasının dizi üstündə idi. Sağ əli, cansız
və açıq halda atasının hərəkətlərinin ritminə uyğun titrəyirdi.
– Oğlum! Nəfəs almır oğlum! Allahım, ona kömək elə, nəfəs alsın!
Baba dizini yerə qoyub, qolunu onun çiyninə saldı. Amma Kamalın atası onu
itələyib, əmioğlusunun yanında dayanan Kərimə tərəf atıldı. Bundan sonra baş ve-
rənlər elə qısa və elə sürətli idi ki, buna əlbəyaxa dava da demək olmazdı. Kərim
birdən ona olan hücumun gözlənilməzliyindən qışqırıb geri atlandı. Sonra kimsə
qol atdı, kimsə təpik və bir dəqiqə sonra Kərimin silahı Kamalın atasının əlində idi.
– Öldürmə məni! – Kərim qışqırdı.
Amma heç kim nə söz deməyə, nə də nə isə eləməyə macal tapdı. Kamalın
atası tapançanı ağzına dirəyib atəş açdı. Bu atəşin əks-sədası heç vaxt yadımdan
çıxmayacaq. Onun işığı və qırmızı damcılar da...
Mən yenə ikiqat olub yol kənarında quru-quru öyüməyə başladım.
ON BİR
Fremont, Kaliforniya. 1980-ci illər.
Amerika ideyası Babanın ürəyincə olmuşdu.
Amma Amerikada Babanın ürəyini qubar eləmişdi.
Yadımdadır, ikimiz Fremontdakı mənzilimizdən bir neçə küçə aşağıda, Elizabet
gölü parkında gəzişər, beysbol oynayan oğlan uşaqlarına, oyun meydançasındakı
yelləncəkdə yırğalandıqca gülüşən qız uşaqlarına baxardıq. Baba siyasət haqqında
uzun-uzadı mühazirə söylərdi. “Əmir, dünyada üç əsl kişi var”,– deyərdi. Sonra
barmaqlarını qatlayıb sadalardı:
– Xilaskar Amerika, Britaniya, İsrail. Qalanları isə, – bu yerdə Baba əlini yelləyib
“pff” edərdi – qalanları qeybətcil arvaddan başqa bir şey deyillər.
İsrail haqda deyilənlər Fremontdakı əfqanların narazılığına səbəb olardı. Onlar
Babanı yəhudipərəst, hətta antiislamçı hesab edirdilər. Baba yerli əfqanlarla park-
da görüşüb darçınlı piroqla çay içər, öz siyasi görüşləri ilə onları dəli edərdi.
– Bunlar anlamırlar ki, – sonra Baba danışardı, – dinin məsələyə dəxli yoxdur.
Babanın fikrincə, İsrail neftdən pul qazanıb harınlaşmaqdan öz problemlərini
həll etməyə təpəri çatmayan ərəblərin dənizində “əsl kişi” adası idi.
– İsrail belə elədi, İsrail, elə elədi, – Baba ərəbləri yamsılayırdı. – Onda sən də
bir şey elə! Bir tədbir gör. Ərəb deyilsiz? Fələstinlilərə kömək edin o zaman!
Bəyənmədiyi Cimmi Karteri “yekədiş kəmağıl” adlandırırdı. 1980-ci ildə biz
hələ Kabildə olanda Birləşmiş Ştatlar Moskvadakı Olimpiya oyunlarını boykot
etdiyini bildirmişdi. Bu hadisəni Baba ikrah hissi ilə şərh edirdi:
– Vah vah! Brejnev əfqanları qırır, bu qozsındıranın da “sizin hovuzda
çimmirəm” deməkdən başqa sözü yoxdur!
Baba hesab edirdi ki, Karter kommunizmə Leonid Brejnevdən çox xidmət
göstərib.
– O, bu ölkəni idarə etməyə yararlı deyil. Elə bil ki, velosiped sürə bilməyən
uşağı Kadillakın sükanı arxasına otuzdurublar.
Babaya görə, Amerikaya da, dünyaya da dəmir əl lazım idi. Elə bir adam ki,
onunla hesablaşsınlar. Əlini sallayıb durmaqdansa iş görən bir adama ehtiyac
vardı. Belə bir adam Ronald Reyqanın timsalında gəlib çıxdı. Reyqan televiziyaya
çıxıb, Şurəvini “Zülm imperiyası” adlandıranda Baba gedib prezidentin bir
barmağını yuxarı qaldırıb irişən portretini aldı. Portreti çərçivəyə salıb, bizim
koridorda, özünün Kral Zahir Şahla əl görüşünü göstərən ağ-qara şəklinin yanında
divara mismarladı. Fremontdakı qonşularımızın çoxu avtobus sürücüləri, polislər,
yanacaqdoldurma məntəqəsində nəzarətçi, sosial yardımla dolanan tənha analar
idi. Onlar, əsasən, xidmət sektoru işçiləri – Reyqanomiks – Reyqan iqtisadi siyasə-
tinin məngənəsində sıxılıb can verməkdə olan mavi yaxalıqlılar zümrəsi idi. Baba
binamızda yeganə respublikaçı idi.
Amma körfəz ərazisində tüstü onun gözlərini acışdırır, maşınların səsi başağrısı
verir, ağacların tozu onu öskürdürdü. Meyvələrin şirinliyi, suyun təmizliyi onu razı
salmazdı. Ağaclar və açıq çöllüklər hara yox olmuşdu bəs? İki il boyunca mən
Babanın sınıq-salxaq ingiliscəsini düzəltmək üçün onu ingilis dili kurslarına
yazılmağa təşviq edirdim. Amma o bu ideyanı istehza ilə qarşıladı.
– Yəqin mən “cat” sözünü doğru tələffüz etsəm, müəllim də mənə bir ulduz
bağışlayar, mən də onu sənə fəxrlə göstərərəm, – deyə söylənərdi.
1983-cü ilin yazında mən Amtrakın
12
Fremont Bulvarından keçdiyi yerdə hind
kinoteatrının qonşuluğunda ikinci əl kitablar satan kiçik kitab dükanına girdim.
Babaya beş dəqiqəyə çıxacağımı dedim və o, sadəcə çiynini çəkdi. O, Fremontda
yanacaqdoldurma məntəqəsində işləyirdi və həmin gün istirahət günü idi. Mən
onun Fremont Bulvarını ehtiyatsız keçərək qoca vyetnamlı Nquyen ailəsinin Fast &
Easy baqqal dükanına girdiyini gördüm. Cənab və xanım Nquyen ikisi də saçı
ağarmış, mehriban insanlar idi. Qadın Parkinson xəstəliyindən əziyyət çəkir, kişinin
isə ombasını dəyişmişdilər.
– O indi Altı milyon dollarlıq adamdır, – deyə xanım Nquyen dişsiz ağzı ilə
gülərdi. – Altı milyon dollarlıq adam yadındadı, Əmir?
Sonra xanım Nquyen “Altı milyon dollarlıq adam” filminin qəhrəmanını
oynayan Li Meycorsu yamsılayıb, qaşqabağını sallar, onun asta hərəkətini
yamsılayardı.
Dükanda Mayk Hammer möcüzəsi kitabının cırılmış nüsxəsini vərəqləyirdim ki,
qışqırıq və şüşə qırılması səsini eşitdim. Kitabı atıb, küçəni qaçaraq keçdim. Dükan-
da Nquyenləri piştaxtanın arxasında divara sıxılmış, rəngi ağarmış gördüm. Cənab
Nquyen arvadını qucaqlamışdı. Yerdə səpələnmiş portağallar, çevrilmiş dükan
piştaxtası, sınmış dana qovurması bankası və Babanın ayaqları altında şüşə
qırıntıları vardı.
Sən demə, Babanın üstündə portağal almaq üçün nağd pul yox imiş. O, çek
imzalayıb, cənab Nquyen isə çeklə birgə Babanın sənədini istəyib.
– O mənim sənədimi görmək istəyir. – Baba farsca qışqırdı. – İki ildir ki, biz
ondan meyvə-tərəvəz alır, cibinə pul qoyuruq, bu köpək oğlu isə mənim sənədimə
baxmaq istəyir!
– Baba, bu sənə görə deyil – mən Nquyenlərə gülümsəyə-gülümsəyə Babanı
sakitləşdirməyə çalışırdım. – Şəxsiyyət vəsiqəsini istəmək onların borcudur.
– Mən sizi burda görmək istəmirəm, – deyə cənab Nquyen arvadının qarşısına
keçdi. O əl çubuğu ilə Babanı göstərirdi. Sonra mənə tərəf çevrildi.
– Sən yaxşı oğlansan, amma sənin atan, o, sadəcə dəlidir. O daha buraya
gəlməsin.
– Bu adam fikirləşir ki, mən oğruyam? – Babanın səsi yenidən ucalırdı.
Adamlar dükanın ətrafına toplaşıb, bizə baxırdılar. – Bu necə ölkədir? Heç kim heç
kimə etibar eləmir!
– Mən polisə zəng edəcəyəm, – özünə gələn xanım Nquyen dedi. – Ya siz bu
dəqiqə burdan gedəcəksiz, ya da mən polis çağıracağam.
– Xahiş edirəm, xanım Nquyen, polis çağırmayın. Mən onu evə apararam.
Sadəcə polis çağırmayın, yaxşımı? Xahiş edirəm.
– Hə, sən onu evə apar. Yaxşı fikirdir, – cənab Nquyen cavab verdi. O,
ikifokuslu eynəyinin arxasından gözlərini Babadan çəkmirdi. Mən Babanı qapıdan
çıxardım. O, çölə çıxanda dükana təpik atdı. O daha içəri qayıtmamağa söz
verdikdən sonra yenidən dükana döndüm və Nquyenlərdən üzr istədim. Dedim ki,
atam çətin vaxtlar keçirir. Xanım Nquyenə telefon nömrəmizi və ünvanımızı verib
dəyən ziyanı hesablamalarını xahiş etdim.
– Xahiş edirəm, ziyanı hesablayan kimi mənə zəng edin. Hamısını ödəyəcəm,
xanım Nquyen. Çox təəssüf edirəm.
Xanım Nquyen məndən nömrə və ünvan yazılmış kağız parçasını alıb, başını
tərpətdi. Onun əlləri həmişəkindən daha artıq əsirdi. Mən qoca qadını belə titrə-
məyə saldığı üçün Babaya acıqlandım.
– Atam hələ də Amerikadakı həyata uyğunlaşmağa çalışır, – dedim.
Bununla nəyisə izah etməyə çalışırdım. Onlara demək istəyirdim ki, Kabildə biz
ağac budağından kredit kartı kimi istifadə edirdik. Həsənlə mən budağı çörəkçiyə
aparar, o isə taxtanın üstündə bıçağı ilə cızıqlar açardı. Hər cızıq bir nan – od
püskürən təndirdən çıxmış bir lavaş demək idi. Ayın sonunda atam budağın
üstündəki cızıqların sayına görə pul ödəyərdi. Bu qədər. Nə sual verilərdi, nə də
sənəd istənərdi.
Amma bunları danışmadım. Sadəcə cənab Nquyenə polis çağırmadığı üçün
təşəkkür etdim. Babanı evə apardım. Mən evdə toyuq boynundan sousla düyü
bişirənə qədər o da küsüb balkonda siqaret çəkdi. Bizim Peşəvərdən Boinqlə
gəldiyimiz gündən il yarım keçmişdi. Baba isə hələ də alışa bilmirdi.
Həmin axşam biz sükut içində şam elədik. İki tikə alandan sonra Baba
boşqabını itələdi.
Stolun o biri başından ona baxdım. Dırnaqları qırılmış və maşın yağından
qaralmış, barmağının oynaqları sürtülmüş, paltarlarına yanacaqdoldurma
stansiyasının – ordakı toz, tər və benzin qoxusu hopmuşdu. Baba evlənsə də ölmüş
arvadını unutmayan dul kişi kimi idi. O, Cəlalabadın şəkər qamışı çölləri və
Pağmanın bağçaları üçün darıxmışdı. O, evinə adamların gəlib-getməsi, Şor
bazarının qələbəliyində gəzişmək üçün, onu, atasını, babasını tanıyan adamlarla
salamlaşmaq, ona qohumluğu çatan, keçmişi özünün keçmişi ilə kəsişən insanlarla
görüşmək üçün darıxmışdı.
Mənim üçün Amerika xatirələrimi gömdüyüm yer idi.
Baba isə burda xatirələrinin yasını tuturdu.
– Bəlkə, biz Peşəvərə qayıtsaq, yaxşıdır? – deyə gözümü stəkanımda üzən
buzdan çəkmədən soruşdum.
Peşəvərdə ABŞ miqrasiya xidmətinin bizim vizalarımızı möhürləməsini düz altı
ay gözləmişdik. Orada birotaqlı mənzilimiz çirkli corab və pişik nəcisi qoxuyurdu,
amma yenə də ətrafımızda tanıdığımız adamlar – hər halda Babanın tanıdığı
adamlar var idi. O, bizimlə eyni mərtəbədə yaşayan bütün əfqanları nahara dəvət
edərdi. Əksəriyyəti vizasını gözləyən əfqanlar idi. Hökmən kimsə tabla, bir başqası
qarmon gətirərdi. Çay dəmlənər və aramızda yaxşı səsi olan biri varsa, səhər
açılana kimi oxuyardı. O vaxta ağcaqanadlar da vızıltısını kəsər, çəpik çalan
əllərimiz də ağrıdan qızarardı.
– Sən orda daha xoşbəxt idin, Baba. Ora evimiz kimi idi, – dedim.
– Peşəvər məndən ötrü yaxşı olsa da, səninçün pis idi.
– Burda həddindən artıq çox işləməli olursan.
– İndi əvvəlki kimi pis deyil, – dedi.
Yanacaqdoldurma məntəqəsində növbə rəisi olandan bəri işi yüngülləşmişdi.
Amma mən rütubətli günlərdə biləklərini necə qaşıdığını və titrədiyini görmüşdüm.
Yeməkdən sonra mədəsindəki turşumanın əleyhinə dərman içəndə alnını tər
basmasını da sezməmiş deyildim.
– Bir də ki, mən bura özümçün gəlməmişəm ki? Elə deyil?
Əlimi stolun üstündən uzadıb onun əlinin üstünə qoydum. Mənim təmiz və
yumşaq tələbə əlim onun qaralmış və qabarlı əlinin üstündə qəribə görünürdü.
Onun mənə Kabildə aldığı bütün hədiyyələri – maşın, qatar, velosipedləri
xatırladım. İndi də Amerika. Əmir üçün daha bir hədiyyə.
Biz Birləşmiş Ştatlara gələndən cəmi bir ay sonra Baba Vaşinqton bulvarında
bir əfqan tanışının yanacaqdoldurma məntəqəsində köməkçi işi tapdı – iş axtarma-
ğa elə gəldiyimiz həftə başlamışdı. Həftənin altı günü Baba 12 saatlıq növbədə
benzin vurur, qeydiyyat aparır, yağ dəyişir və maşın şüşələrini yuyurdu. Bəzən mən
ona nahar gətirəndə Babanın mazutlu piştaxtanın o biri tərəfindəki müştəri üçün
rəflərdən siqaret axtardığını görər, flüoresent lampanın işığında atamın üzünün ba-
tıq və solğun olmasına diqqət yetirərdim. İçəri girəndə qapının üzərindəki elektron
zəng cingildəyər, Baba çiyninin üstündən baxıb gülümsər, əli ilə məni salamlayar,
yorğunluqdan sulanan gözlərini gizlədərdi.
İş tapdığı gün Baba məni də götürüb, San Hoseyə, bizə nəzarət edən miqrasiya
məmuru xanım Dobbinsin yanına getdi. Aşırı köklükdən əziyyət çəkən xanım
Dobbinsin parıldayan gözləri vardı. Gülümsəyəndə yanağında batıq əmələ gələrdi.
Bir dəfə mənə kilsədə oxuduğunu söyləmiş, mən də inanmışdım – o danışanda səsi
mənə nədənsə süd və balı xatırladırdı. Baba bir sıxma yemək talonunu onun
masasının üstünə qoydu.
– Çox sağ olun, amma lazım olmadı, – dedi. – Mən hər zaman işləmək
istəyirəm. Əfqanıstanda, Amerikada, hər yerdə işləmək. Çox sağ olun, Missis
Dobbins, amma mən havayı heç nə xoşlamıram.
Missis Dobbins gözlərini qırpdı. Yemək talonlarını götürüb gah mənə, gah
Babaya baxdı. Üzündə elə ifadə vardı ki, sanki, bizim onunla zarafat etdiyimizi,
yoxsa Həsən demişkən, badalaq gəldiyimizi anlamağa çalışırdı.
– On beş ildir ki, bu işlə məşğulam və indiyə kimi heç kəs bunu etməmişdi, –
dedi.
Bununla da Baba dükanda talonla hesablaşarkən keçirdiyi ən alçaldıcı anlardan
və ən böyük qorxusundan canını qurtardı. O qorxurdu ki, nə vaxtsa əfqanlardan
biri onun xeyriyyə puluna yemək aldığını görər. Beləcə, Baba xərçəngdən sağalmış
adam kimi sosial yardım idarəsindən çölə addımladı.
1983-cü İLİN YAYINDA mən nə az, nə çox, düz iyirmi yaşımda kolleci bitirdim.
Həmin məktəbin tarixində ən yaşlı məzun kimi futbol meydançasında hamı ilə
birgə, ənənəyə uyğun, papağımı göyə də tullamışdım. Babanı mavi mantiyalı
məzunlar, ailələr və parıldayan kamera işıqları arasında tapa bilmirdim. Sonra onu
onbirmetrlik xəttin yanında əlləri cibində dayanmış gördüm. Fotokamerasını
boynundan asmışdı. Aramızda hərəkət edən insanların arxasında gah gözdən itir,
gah yenidən peyda olurdu. Ətrafda mavi geyimli qızlar civildəşir, qucaqlaşır,
ağlaşır, oğlanlar isə bir birinə və atalarına “beş ver” deyib əl görüşürdülər. Babanın
saqqalı çallaşmış, saçları nazilmişdi. Bir də, o Kabildə bundan daha hündür idi axı
deyəsən. Əynində bütün əfqan toylarına və yaslarına geydiyi yeganə qəhvəyi
kostyumu və həmin il onun əlli illiyinə aldığım qırmızı qalstuk vardı. Sonra o məni
görüb, əlini yellədi. Gülümsədi. Əli ilə papağımı taxmağımı işarə edib, məktəbin
saatlı qülləsinin qabağında şəklimi çəkdi. Mən də gülümsədim – bu gün məndən
çox, onun günü idi. Mənə doğru addımladı, qolunu boynuma dolayıb alnımdan
öpdü.
– Mən moftəxirəm, Əmir, – dedi. – Fəxr edirəm.
Bu sözləri deyəndə gözləri parıldadı. Bu baxışın mənə ünvanlanmasından son
dərəcə xoşbəxt idim.
O gecə Baba məni Heyvorddakı əfqan kababxanasına aparıb, bir toyluq yemək
sifariş etdi. Kababxananın sahibinə fəxrlə oğlunun payızda kollecə gedəcəyini söy-
lədi. Onunla bu barədə hələ məzun olmamışdan əvvəl qısa mübahisəmiz olmuşdu.
Mən işləmək istədiyimi, bir az ailəyə yardımçı olub, pul topladıqdan sonra bəlkə,
gələn il kollecə gedəcəyimi demişdim. Amma o mənə özünün qandonduran
baxışlarından biri ilə baxmış, bununla da sözüm elə ağzımda qalmışdı.
Nahardan sonra Baba məni restoranla üzbəüz bara apardı. İçəri dumanlı idi,
sevmədiyim pivə iyi, sanki, divarlara hopmuşdu. Beysbol papağı və qısaqol mayka
Dostları ilə paylaş: |