Az Book Library Filosof Fikri



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə6/28
tarix26.11.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   28
kimi, Allah varsa, o mənim qalib gəlməmə imkan verəcək. Mən bilmirəm rəqibim

nə uğrunda yarışırdı, bəlkə də, sadəcə, lovğalanmaq üçün. Amma mənim üçün bu,
son şans idi. Bu şansı qazansam, təkcə görülən yox, həm də baxılan, təkcə eşidilən
yox, həm də qulaq asılan birinə çevriləcəkdim. Allah varsa, o küləyi elə
yönəldəcəkdi ki, mənim üçün əssin, külək də elə əsəcəkdi ki, ipin bir dartımıyla
mən həsrətimə, ağrıma son qoya bilim. Mən artıq bura qədər gəlmişdim. Bura
qədər salamat qala bilmişdim. İndi birdən-birə ümid gerçəkliyə çevrilmişdi. Mən
artıq ümid etmirdim, mən bilirdim. Bilirdim ki, udacağam. Tez, ya gec.
Amma bunu çox gözləmək lazım gəlmədi. Küləyin növbəti dalğası ilə
çərpələngim yuxarı qalxdı və mən üstünlük qazandım. İpi bir az buraxıb, sonra geri
çəkdim. Çərpələngimi mavi rəqibin düz üstündə yerləşdirmişdim. Mövqe tutdum.
Mavi çərpələng başının dərddə olduğunu bilirdi. O, manevr edib düşdüyü tələdən
çıxmaq üçün əbəs səylər göstərirdi. Ona bu imkanı vermədim. Mövqeyimi
möhkəmlətdim. Aşağıda kütlə artıq sonun yaxınlaşdığını hiss etmişdi. “Kəs onu!
Kəs onu!” şüarları get-gedə daha da ucalırdı, sanki, romalılar qladiatora rəqibinin
axırına çıxması üçün “öldür, öldür” deyə fitva verirdi.
– Az qalıb, Əmir ağa! Az qalıb!
Həsənin ürəyi az qala ağzından hoppanıb düşəcəkdi. Nəhayət, məqam gəldi və
mən gözümü yumub ipi bir balaca boşaltdım. Kələfdən açılan şüşəli ip barmaqları-
mı yenə də kəsdi və külək yaranın üstündən keçib içimi gizildətdi. Sonra isə... Nə
baş verdiyini anlamaq üçün adamların bağırtısını eşitməyimə ehtiyac yox idi. Bax-
maq da lazım deyildi. Həsən qışqıraraq qollarını boynuma dolamışdı.
– Bravo! Bravo, Əmir ağa!
Gözlərimi açanda mavi çərpələngin, şütüyən maşından açılan təkər kimi,
sürətlə fırlanaraq yerə endiyini gördüm. Gözlərimi qırpdım, nəsə demək istədim,
amma bir söz də çıxmadı. Mən birdən-birə qanadlanmışdım, özümə yuxarıdan
baxırdım. Aşağıda qara dəri gödəkcə və qırmızı şərf geymiş arıq, bəlkə də, sısqa, on
iki yaşına görə balacaboy bir oğlan var idi. Ensiz çiyinləri və açıq qəhvəyi gözlərinin
altında güclə seziləcək kölgə vardı. Meh onun açıq qəhvəyi saçlarını qarışdırmışdı.
Oğlan gözlərini yuxarı qaldırdı və biz bir-birimizə baxıb, gülümsədik.
Sonra mən də qışqırmağa başladım. Həyatın bütün rəngləri və səsləri yerində
idi. Hər şey canlı, hər şey əla idi. Mən boş əlimlə Həsəni qucaqladım – biz gülə-
gülə, qışqıra-qışqıra hoppanıb-düşürdük.
– Sən qalib gəldin, Əmir ağa! Sən qalib gəldin!
– Biz udduq! Biz udduq!
Deyə bildiyim ancaq bu idi. Bu, yəqin ki, nağıl idi. Bir an sonra mən gözümü
yumub açanda bu yuxu bitəcək, mən yatağımdan qalxıb, yenə də mətbəxə
gedəcək və yenə də Həsəndən başqa danışmağa adam tapmayacaqdım.
Geyinəcək, Babanı gözləyəcək, sonra bundan da yorulub yatacaqdım. Yenə köhnə
həyat. Sonra mən Babanı gördüm. O damın lap kənarında dayanıb, hər iki
yumruğunu qələbə jesti ilə yuxarı qaldırmışdı. O qışqırır və əl çalırdı. Bax həmin an

– Babanın damda dayanıb, nəhayət ki, mənimlə fəxr etməsini görmək – on iki illik
həyatımın yeganə möhtəşəm məqamı idi.
Amma o, indi başqa nə isə edirdi, əli ilə bizə təcili nəsə işarə verirdi. Nəhayət
ki, anladım.
– Həsən, biz...
O, “bilirəm” dedi və qollarımın arasından çıxdı.
– İnşallah, sonra bayram edərik. İndi isə mən o mavi çərpələngi sənin üçün
uçuracam.
Bunu deyib, Həsən kələfi yerə atdı və yerindən götürüldü. O qaçdıqca açıq
yaşıl rəngli çapanının ətəkləri ardınca qarı süpürürdü.
– Həsən! – deyə çağırdım. – Çərpələngi gətir!
Rezin çəkmələri ilə qarı kürüyərək qaçan Həsən artıq küçənin başına çatmışdı.
Döngənin başında dayandı, mənə tərəf çevrildi. Daha yaxşı eşidilmək üçün əllərini
ağzına tutub “Səndən ötrü min yol” dedi. Sonra o, yalnız özünə məxsus təbəssümlə
gülümsəyib, döngəyə buruldu. Mən onun bax beləcə, qorxusuz təbəssümünü bir
də yalnız iyirmi altı il sonra, solmuş Polaroid şəklində gördüm.
Adamların təbrik etmək üçün mənə tərəf qaçdığını görüb, çərpələngimi geri
çəkməyə başladım. Əllərini sıxıb, təşəkkür elədim. Balaca uşaqlar mənə heyranlıq
dolu nəzərlərlə baxırdılar; mən qəhrəman idim axı. Əllər kürəyimdə şappıldayır,
saçlarımı qarışdırırdı. Mən ipi çəkə-çəkə hamının təbrikinə cavab olaraq gülüm-
səyirdim, amma fikrim mavi çərpələngin yanında idi.
Nəhayət ki, öz çərpələngimi çəkib gətirdim. Yerə atdığım ipi kələfə doladım,
daha bir neçə nəfərin əlini sıxdım və evə yönəldim. Mən üstü işləməli dəmir dar-
vazaya çatanda Əli məni orda gözləyirdi. Əllərini dəmir arakəsmədən çıxarıb, məni
salamladı. “Təbriklər” dedi.
Çərpələnglə kələfi ona verib, əlini sıxdım.
– Təşəkkür, Əli can.
– Mən sənin üçün dua edirdim.
–Onda dualarına davam elə. Biz hələ qurtarmamışıq.
Bunu deyib, yenidən küçəyə qaçdım. Əlidən Babanı soruşmadım. Onu hələ
görmək istəmirdim. Başımda artıq hazır plan var idi. Mən qəhrəman kimi, qanlı
əllərimdə qənimətlə girəcəkdim evə. Bütün başlar mənə tərəf çevriləcək, nəzərlər
üzərimdə düyünlənəcəkdi. Rüstəmlə Söhrab bir-birini başdan-ayağa süzəcəkdi.
Dramatik sükut çökəcəkdi. Sonra isə qocaman döyüşçü cavan qəhrəmana tərəf
addımlayacaq, onun dəyərli olduğunu etiraf edəcəkdi. Bəraət. Qurtuluş. Yeni
həyat. Sonra? Sonra... xoşbəxt yaşayacaqdılar, əlbəttə ki. Daha nə?
Vəzir Əkbər Xan qəsəbəsində küçələr nömrələnmişdi və şəbəkə kimi bir-biri ilə
düz bucaq altında kəsişirdi. Bu, yeni rayon idi və hələ inkişafda idi. Hər küçədə
dörd metrlik hasarlarla örtülmüş həyətlər arasında boş torpaq sahələri və tikintisi
bitməmiş evlər var idi. Mən küçələri aşağı-yuxarı qaçıb, Həsəni axtarırdım. Hər
yerdə bayram gününün sonunda qatlama stullarını piknik ləvazimatını və

süfrələrini yığışdıran adamları görmək olardı. Bəziləri hələ də öz damlarından
qışqırıb, məni təbrik edirdilər.
Bizimkindən dörd küçə cənubda Babanın dostu olan bir mühəndisin oğlu
Öməri gördüm. O, qardaşı ilə birgə evlərinin qarşısındakı çəmənlikdə futbol
topuyla çiləmə oynayırdı. Ömər yaxşı oğlan idi. Biz dördüncü sinfi birgə
oxumuşduq və bir dəfə o mənə mürəkkəbli qələm vermişdi.
– Eşitdim qalib gəlmisən, Əmir, – dedi. – Təbriklər.
– Çox sağ ol. Həsəni görməmisən?
– Sənin həzaran?
Başımla təsdiqlədim. Ömər topu qardaşına ötürdü.
– Eşitmişəm, o da qəşəng çərpələng uçurur. – Qardaşı başı ilə topu yenidən
Ömərə ötürdü. Ömər topu tutdu və yuxarı-aşağı çiləməyə başladı. – Həmişə
fikirləşirəm ki, o bunu necə bacarır. Yəni balaca gözləri ilə o, necə görür?
Ömərin qardaşı hırıldadı və topu geri istədi. Ömər məhəl qoymadı.
– Görmüsən onu?
Ömər çiyninin üzərindən barmağı ilə geriyə – cənub-qərbə göstərdi:
– Xeyli əvvəl bazar tərəfə qaçan gördüm.
– Sağ ol, – deyib, qaçdım.
Bazara yaxınlaşanda günəş, demək olar ki, təpələrin arasında gizlənmişdi. Ala-
toranda səma qırmızı və bənövşəyi rənglərə boyanmışdı. Bir neçə məhəllə aralıda,
Hacı Yaqub məscidindən gələn azan səsi dindarları fərşlərini açıb, üzü qibləyə
dayanmağa səsləyirdi. Həsən gündə beş vaxt namazını heç qaçırmazdı. Hətta biz
həyətdə oynayanda da o üzr istəyər, quyudan su çəkib, əl-üzünü yuyar və daxmaya
girərdi. Beş dəqiqə sonra o, təbəssümlə çölə çıxanda məni ya divar dibində
oturmuş, ya da ağacdan sallanan görərdi. Bu gün isə o, namaza gecikəcəkdi.
Məndən ötrü.
Bazar sürətlə boşalır, tacirlər günün son alverini edirdilər. Adamların
arasından sivişə-sivişə özümü təzə kəsilmiş kəklikdən kalkulyatora qədər hər şeyin
satıldığı palçıqlı bir sıraya saldım. Seyrələn kütlənin içində cındırından cin ürkən
axsaq dilənçilərdən tutmuş, bürmələnmiş fərşlərini çiyinlərində daşıyan tacirlərə,
pal-paltar alverçiləri və dükanlarını bağlayan qəssablara qədər hər cür adam vardı.
Həsəninsə izi-tozu görünmürdü.
Quru meyvə satılan piştaxtanın yanında dayanıb, şam tumu, kişmiş dolu
səbətləri qatırına yükləyən başı mavi əmmaməli satıcıya Həsəni təsvir etməyə
başladım.
Kişi bir xeyli üzümə baxıb, “deyəsən görmüşəm” dedi.
– Hara getdi?
Kişi məni başdan-ayağa süzüb soruşdu:
– Sənin kimi bir uşaq günün bu vaxtı niyə burda bir həzaranı axtarmaqla
məşğuldur?

Əynimdəki qara dəri gödəkçəni və bizim kovboy şalvarı adlandırdığımız cinsimi
müştəri gözüylə süzürdü. Əfqanıstanda Amerika malına – və xüsusilə də bu mal
second hand – geyilmiş mallar mağazasından deyildisə – sahib olmaq zənginlik
əlaməti idi.
– Mən onu tapmalıyam, Ağa.
– Nəyindi sənin? – soruşdu. Onun sualının məntiqini başa düşmürdüm, amma
anlayırdım ki, səbirsizlik etməklə ondan cavabı daha tez ala bilməyəcəm.
– Qulluqçumuzun oğludur.
Qoca çal qaşlarını qaldırdı.
– Doğrudan? Bəxtəvər həzara, gör nə qayğıkeş sahibi var. Onun atası gərək
dizini atsın yerə, kirpiyi ilə sənin ayağının tozunu təmizləsin.
– Deyəcəksiz, ya yox?
O, qatırın belindəki əlini qaldırıb, cənuba doğru göstərdi.
– Məncə, sənin təsvir elədiyin oğlan bu tərəfə getdi. Əlində çərpələng də vardı
– mavi çərpələng.
“Doğrudan?” deməkdən özümü saxlaya bilmədim. Həsən axı demişdi: “səndən
ötrü min yol”. Afərin, Həsən. Etibarlı Həsən. O, vədini yerinə yetirib, sonuncu
çərpələngi mənim üçün götürmüşdü.
– Amma indiyə onu yəqin, tutarlar, – fısıldaya-fısıldaya növbəti yeşiyi qatıra
yükləyən qoca satıcı əlavə etdi.
– Kim?
– O biri uşaqlar, – dedi. – Onun dalınca qaçanlar. Onlar sənin kimi
geyinmişdilər. – Kişi göyə baxıb ah çəkdi. – İndi isə qaç. Sənə görə namaza
gecikəcəm.
Amma mən artıq sıranın o başında idim. Daha bir neçə dəqiqə bazarda boş-
boş fırlandım. Bəlkə, qoca baqqal səhv edib? Amma o mavi çərpələngi də görmüş-
dü. Həmin çərpələngə əlim dəysəydi... Başımı demək olar ki, hər cərgəyə, hər
dükana soxub Həsəni axtarırdım. Yox idi.
Artıq qaranlığın mən Həsəni tapmadan düşəcəyindən narahat olmağa
başlamışdım ki, qarşıda səslər eşitdim. Artıq aralıdakı palçıqlı yola gəlib çıxmışdım.
Bu yol bazarı tən yarıya bölən küçə ilə kəsişirdi. Təkərlərin xışladığı yola dönüb,
qulaq verdim. Çəkmələrim hər addımımda palçığa batır, nəfəsim şaxtada ağ
duman buraxırdı. Dar cığıra paralel yazda bulaq suyu, indi isə qarla dolu dərə vardı.
O biri yanımda gil daxmaların arasında sıralanmış küknar ağacları ucalırdı.
Budaqları qarın ağırlığından əyilmiş küknarların arxasından evlərin arxasındakı dar
dalanlar görünürdü.
Yenə səslər eşitdim. Bu dəfə daha ucadan. Dalanlardan birindən gəlirdi. Cığırın
ağzına yaxınlaşdım. Nəfəsimi qısıb, küncə sıxıldım.
Həsən dalanın sonunda müdafiə pozasında durmuşdu – yumruqlar
düyünlənmiş, ayaqları azca aralı idi. Onun arxasında metal və çınqıl yığınının
üstündə mavi çərpələng vardı. Babanın qəlbinin açarı həmin o çərpələng idi.

Üç oğlan Həsənin dalandan çıxmasına mane olurdu. Bu Davud Xanın
çevrilişindən bir gün sonra, Həsənin öz sapandı ilə bizi xilas etdiyi gün təpədəki
hadisənin iştirakçıları idi. Vəli bir tərəfdə, Kamal o biri tərəfdə dayanmışdı. Asif isə
ortada idi. Mən bədənimin qıcandığını hiss elədim. Soyuq tər kürəyimdən süzülmə-
yə başladı. Asif çox arxayın dayanmışdı. Əlində dəmir beşbarmağını oynadırdı. O
biri iki oğlan isə əsəbi halda ağırlığını bir ayağından o birinə aşırır, gah Asifə, gah
Həsənə elə baxırdılar ki, sanki, yalnız Asifin ram edə biləcəyi vəhşi bir heyvanı
küncə qısmışdılar.
– Hə, həzara, sapandın hanı? – Asif əlindəki beşbarmağı fırlada-fırlada
danışırdı. – Mənə dediyin nə idi? Məni “təkgöz Asif” deyə çağıracaqdılar? Yaxşı
demişdin. Hazırcavablıq eləmişdin. Əlində hazır silah olanda hazırcavab olmaq
asandır axı.
Bir də anladım ki, bayaqdan nəfəsimi alandan bəri hələ də buraxmamışam.
Yavaşca, sakitcə nəfəs verdim. Sanki, iflic olmuşdum. Onların uşaqlıq dostuma,
dovşan dodağı ilə gözümün ilk xatirəsi olan bu oğlana hücum etməsini seyr
edirdim.
– Amma bu gün sənin bəxtin gətirib, həzara, – Asif, güman ki, danışdıqca
irişirdi. Arxası mənə tərəf olsa da, irişdiyinə əmin idim. – Mən bu gün bağışlamağa
meyilliyəm. Buna nə deyirsiz, uşaqlar?
– Sən çox lütfkarsan, – Kamal dilləndi. – Xüsusilə də onun bizə keçən dəfə
kobudluq eləməsini nəzərə alsaq, çox lütf edirsən.
O da Asif kimi danışmaq istəyirdi, amma səsi titrəyirdi. Sonra mən anladım. O,
Həsəndən yox, Asifin beynindəki planlardan qorxurdu.
Asif əli ilə onun sözünü kəsib:
– Bəxşida. Əfv olundu. Bu söhbət bitdi. – Bunu deyib, Asif sözünə daha asta
səslə davam etdi. – Əlbəttə ki, bu dünyada heç nə havayı deyil. Və mənim əfvimin
də balaca bir əvəzi var.
– Bax bu ədalətli olar, – Kamal dedi.
– Heç nə havayı olmur, – Vəli əlavə etdi.
– Bəxtəvərsən, həzara, – deyib, Asif Həsənə doğru bir addım atdı. – Çünki bu
gün mənim bağışlamağımın əvəzi o mavi çərpələngdir. Yaxşı sövdələşmədi də, elə
deyil, uşaqlar?
– Lap əla sövdələşmədir, – Kamal cavab verdi.
Qorxunun Həsənin gözlərinə çökdüyü hətta mən durduğum yerdən də
görünürdü. Amma o başını buladı:
– Əmir ağa yarışı udub və mən bu çərpələngi onun üçün tutmuşam. Hər şey
ədalətlə olub. Bu onun çərpələngidir.
– Sədaqətli həzara. İt kimi sədaqətlidi, – Asif dilləndi.
Kamalın gülüşü daha çox əsəbi qışqırığa bənzədi.
– Amma özünü onun üçün qurban verməzdən əvvəl bir düşün – o da sənin
üçün eynisini edərdimi? Heç düşünmüsənmi, niyə o heç vaxt səni qonaqları ilə

oyunlarına qatmır? Niyə səninlə başqa heç kim olmayanda oynayır? Bax, həzara,
istəyirsən, niyəsini mən deyim. Çünki ondan ötrü sən eybəcər ev küçüyü kimi bir
şeysən. Darıxanda səninlə oynar, bezdirəndə bir təpik vurar. Özünü aldatma ki,
guya sənin də onun üçün bir dəyərin var.
– Əmir ağa ilə mən dostuq, – dedi Həsən. Üzü qıpqırmızı idi.
– Dost? – Asif qəhqəhə çəkdi. – Sən lap axmaqsan ki, ay yazıq. Bir gün sən
yuxudan ayılıb, onun necə dost olduğunu görəcəksən. Bəsdir görək! Kifayətdir.
Çərpələngi ver.
Həsən əyilib yerdən daş götürdü.
Asif diksindi. O, geri addım atmaq istədi, amma dayandı:
– Axırıncı şansındı, həzara.
Həsən cavab əvəzinə əlində daş olan qolunu gərdi.
– Sən özün belə istədin.
Bunu deyib, Asif paltosunun düymələrini açdı, soyundu, yavaş və səliqəli
hərəkətlə onu qatladı. Paltonu divarın dibinə qoydu.
Mən ağzımı açıb az qala nəsə deyəcəkdim. Az qala. Bunu etmiş olsaydım,
sonrakı həyatım tamamilə fərqli olacaqdı. Amma mən bunu etmədim. Sadəcə,
baxırdım. Donub qalmışdım.
Asif əli ilə nəsə göstərdi və digər iki oğlan aralanıb yarımdairə yaratdılar.
Həsən mühasirədə idi.
– Fikrimi dəyişdim, – dedi Asif. – Qoy çərpələng səndə qalsın. Onu saxlayıram
ki, mənim indi başına açacağım oyunu sənə ömrün boyu xatırlatsın.
Və o hücum etdi. Həsən daşı tolazladı. Zərbə Asifin alnından gəlmişdi. Ağrıdan
qışqıran Asif özünü Həsənin üstünə atıb onu yerə yıxdı. Vəli ilə Kamal da onun ar-
dınca.
Yumruğumu dişlədim. Gözümü yumdum.
XATİRƏ:
Bilirdin ki, Həsənlə sən eyni ananın südünü əmmisən? Bunu bilirdin, Əmir ağa?
Bu qadının adı Səkinə idi. O Bamiyandan idi, ədalətli, mavi gözlü həzara idi. Sizə
qədim bir toy mahnısı da oxuyardı. Deyirlər, eyni döşdən süd əmmiş uşaqlar
qardaş olurlar. Bunu bilirdin?
XATİRƏ:
“Adama bir rupi. Adama bir rupi, uşaqlar. Pulunuzu verin və mən həqiqət
pərdəsini açım”. Palçıq divarın dibində oturmuş qoca müştəri çağırır. Onun kor
gözləri bir cüt kraterin içinə doldurulmuş gümüş ərintisini xatırladır. Söykəndiyi
çubuğunun üstündə söyüd budağı kimi əyilmiş qoca falçı əyri-üyrü barmaqlarını
sallaq, qırışlı yanaqlarına çəkir və sonra əlini pul üçün açır.
– Adambaşı cəmi bir rupiyə. Həqiqəti öyrənmək üçün bu nə puldur ki? Çox
istəmirəm sizdən. – Həsən pulu onun cod ovcunun içinə qoyur, mən də eyni şeyi
edirəm.

“Bismillahir-rəhmanir-rəhim” qoca falçı pıçıldamağa başlayır. O, əvvəl Həsənin
əlini götürür, buynuza bənzəyən dırnağı olan barmağı ilə onun ovcunda dairələr
cızmağa başlayır. Sonra qocanın barmağı Həsənin üzünə yaxınlaşır, yanağının
cizgilərində, qulağının dolanbaclarında yavaş-yavaş gəzdikcə quru, cızıq səsi çıxarır.
Qoca barmaqlarının döyənəkli uclarını Həsənin gözlərinə sürtür. Əl yavaşıyır və
dayanır. Qocanın üzünə kölgə çökür. Həsənlə mən bir-birimizin üzünə baxırıq.
Qoca Həsənin əlini götürür və bir rupini geri, Həsənin ovcuna basır. Sonra mənə
sarı dönür. “Sən necə, cavan dostum?”, soruşur. Divarın o biri tərəfində xoruz
banlayır. Qoca qolunu əlimə tərəf uzadır və mən əlimi çəkirəm.
YUXU:
Çovğunda azmışam. Külək vıyıldayır, qar dənələrini düz gözümün içinə çırpır.
Mən ləpələnən qar layları arasında səntirləyirəm. Köməyə çağırıram, amma qış-
qırtım küləyin içində batır. Yıxılıram və qarın üstündə üzüqoylu uzanıb, ağır nəfəs
alıram, yavaş-yavaş ağ rəngin içində itirəm, külək isə qulağımın dibində ağlamaqda
davam edir. Qarın mənim ayaq izlərimi örtdüyünü görürəm. Beynimdən keçir ki,
indi mən ruham. İndi mən də ruhlar kimi iz qoymuram. Yenə də qışqırıram. Qorxu-
ram ki, izlərim kimi özüm də yoxa çıxaram. Amma bu dəfə uzaqdan bir cavab səsi
eşidirəm. Əlimi gözümün qabağına tutub, oturmağa çalışıram. Qar tozanağının
ardından bir qaraltının tərpəndiyini görürəm. Kölgə mənə tanış gəlir. Yavaş-yavaş
kölgə cismə çevrilir. Əl uzadır. Mənə uzanan ovucun içində iki paralel kəsik yeri
görürəm. Yaradan gələn qan qarın üstündə ləkə buraxır. Əli tuturam və birdən-birə
qar yoxa çıxır. Biz bir sahədə, yaşıl alma rənginə çalan otun üstündə peyda oluruq.
Pambıq kimi bulud parçaları başımızın üstündə üzür. Yuxarı baxıb, göy üzünün
yaşıl, sarı, qırmızı, narıncı çərpələnglərlə dolduğunu görürəm. Axşam günəşinin
şüalarında bərq vururlar.
ÇINQIL VƏ DƏMİR PARÇALARI yerə səpələndi. Deşilmiş velosiped təkərləri,
etiketi cırılmış şüşələr, cırıq jurnallar, saralmış qəzetlər kərpic və sement qalağının
arasına töküldü. Böyründə yumru dəliyi olan paslanmış dəmir soba divara tərəf
dığırlandı. Amma zibilliyin içində gözümü çəkmədiyim iki şey vardı: Biri elə
paslanmış sobanın dəyib dayandığı yerin yaxınlığında divara söykədilmiş mavi
çərpələng, o biri isə Həsənin qırıq kərpic qalağının üstünə atılmış qəhvəyi velvet
şalvarı idi.
– Nə bilim, – Vəlinin səsi gəldi. – Atam deyirdi ki, bu günahdır.
Səsindən tərəddüd, həyəcan və qorxu içində olduğu bilinirdi. Həsən sinəsi yerə
sıxılmış vəziyyətdə uzanmışdı. Kamal ilə Vəli hərəsi onun bir qolunu burub,
dirsəyindən elə əymişdi ki, əlləri belinə sıxılmışdı. Asif onların başının üstündə
dayanıb yuxarıdan aşağı baxırdı. Ayaqqabısının dabanı Həsənin boynunu əzirdi.
– Atanın xəbəri olmayacaq, – Asif Vəlini sakitləşdirməyə çalışırdı. – Bir də ki,
tərbiyəsiz eşşəyə dərs vermək necə günah ola bilər?

– Bilmirəm, – Vəli mızıldandı.
– Özünü hazırla, – deyib, Asif Kamala sarı döndü. – Sən necə?
– Mənmi?.. Bilirsən...
– Həzaradı da...
Asif təkid etsə də, Kamal gözünü kənara dikmişdi.
– Yaxşı, – Asif əlini əlinə çırpdı. – Siz acizlərdən istədiyim yalnız budur ki, onu
yerdə saxlayasız. Bunu bacararsız heç olmasa?
Vəli ilə Kamal başları ilə təsdiqlədilər. Sanki, çiyinlərindən ağır yük
götürülmüşdü.
Asif Həsənin arxasında diz üstə çöküb əllərini Həsənin yanlarına qoydu. Onun
çılpaq yanlarını qaldırdı. Bir əlini Həsənin arxasından çəkmədən o biri əli ilə öz
şalvarının kəmərini açdı. Cins şalvarın zipini aşağı çəkdi. Alt paltarını aşağı saldı.
Özünü Həsənin arxasında yerləşdirdi. Həsən müqavimət göstərmirdi. Ağlayıb
sızlamırdı da. O, başını azacıq yuxarı qaldırdı və mən bir anlığa onun üzünü
gördüm. Üzündə mütilik vardı. Mən bu ifadəni əvvəl görmüşdüm. Bu, qurbanlıq
qoyun ifadəsi idi.
SABAH İSLAM TƏQVİMİNİN sonuncu ayı Zulhiccənin onu, Qurban bayramının
ilk günüdür. İbrahim peyğəmbərin öz oğlunu Allah naminə az qala qurban
kəsməsini əfqanlar üç gün bayram edirlər. Atam da qurban kəsmək üçün öz əlləri
ilə qara, əyri qulaqları olan ağappaq bir qoyun seçmişdi.
Həsən, Əli, Baba, mən həyətdə dayanmışıq. Molla saqqalını sığallaya-sığallaya
dua oxuyur. Baba dodaqaltı deyinir. O, bitib-tükənməyən dua və ətin halal olması
üçün keçirilən bu mərasimdən xoşlanmış kimi görünmür. Baba dinlə bağlı hər şeyi
lağa qoyduğu kimi Qurban bayramı ilə bağlı əhvalatı da lağa qoyur. Amma o,
Qurban bayramı ilə bağlı ənənələrə hörmət edir. Adətə görə, kəsilmiş ət üç yerə
bölünür. Biri ailə, biri dostlar, biri isə kasıblar üçün. Hər il Baba ətin hamısını kasıb-
lara paylatdırır. Deyir ki, varlılar artıq kifayət qədər piyləniblər.
Molla duasını bitirir, “Amin” deyir. Uzun tiyəli mətbəx bıçağını götürür. Adətə
görə, kəsilən heyvan bıçağı görməməlidir. Əli ona qənd yedirdir – bu da bir başqa
adətdir, ölümü şirin satmaq üçün. Qoyun yüngülcə təpik atır. Molla onun çənəsinin
altından tutub, bıçağı boğazına dirəyir. Onun quzunun boğazını ustalıqla
üzməsindən bir an öncə mən qoyunun gözlərini görürəm. Sonra bu baxış həftələrlə
yuxuma girəcək. Bilmirəm, hər il bu mərasimə niyə baxıram? Sonra qoyunun qanı
otun üstündə solub gedir, kabuslar isə hələ uzun müddət yuxularımdan çəkilmir.
Amma, buna baxmayaraq, həmişə baxıram. Baxıram ki, qoyunun gözlərindəki
taleyilə barışma ifadəsini bir də görüm. Absurd təxəyyülüm qoyunun baş verənləri
anladığını deyir mənə. Təsəvvür edirəm ki, heyvan yaxınlaşan ölümün daha yüksək
məqsəddən ötrü olduğunu anlayır. Bu ifadə mənə bunları deyir.

BAŞ VERƏNLƏRƏ daha baxmayıb, dalandan uzaqlaşıram. Biləyimdən aşağı isti
bir maye süzülür. Göz atıb, anlayıram ki, mən hələ də dişimi yumruğuma sıxmışam.
Dişlərimin yerindən qan çıxıb süzülür. Başqa bir şeyi də anlayıram. Mən ağlayırdım.
Döngənin o tərəfindəki dalandan isə Asifin get-gedə tezləşən, ritmik hərəkətləri
eşidilirdi.
Qərar vermək üçün son şansım vardı. Bu, kim olacağımı müəyyənləşdirmək
üçün son imkan idi. Mən dalana girib, başıma nə gəlirsə, gəlsin, Həsəni müdafiə
edə bilərdim, necə ki, o həmişə məni müdafiə etmişdi. Ya da qaçıb gedə bilərdim.
Sonda qərar verdim və qaçdım.
Qaçdım, çünki qorxaq idim. Mən Asifdən və onun başıma aça biləcəyi oyundan
qorxurdum. Qorxurdum ki, məni incidərlər. Həmin dalana, Həsənə arxamı
çevirəndə özümə dediyim də elə bu idi. Özümü inandırmağa çalışdığım bu idi. Mən
qorxuya can atırdım, çünki qaçıb getməyimin alternativ, əsl səbəbi bu deyildi.
Əslində Asif haqlı idi: Heç nə havayı deyil. Bəlkə, elə Həsən də Babanın qəlbini fəth
etməkdən ötrü mənim ödədiyim əvəz, kəsdiyim qurban idi. Dəyərdimi? İçimdə baş
qaldıran cavabı boğa bilmədim: bir də ki, o, vur-tut bir həzaraydı axı...
Gəldiyim yolla geri qaçırdım. Kimsəsizləmiş bazarın içinə girdim. Özümü
dükanların birinə salıb, qıfıllı asma qapıya söykəndim. Orda təngnəfəs, tər axıda-
axıda düşünürdüm ki, kaş hər şey başqa cür olaydı. On beş dəqiqə sonra mən
adam səsi və qaçan oğlanların addımları eşitdim. Dükanın arxasında əyilib baxanda
1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə