Az Book Library Filosof Fikri



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə7/28
tarix26.11.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   28
Asif və o biri ikisinin boş sıradan tələsik, amma gülə-gülə qaçdığını gördüm. Daha
on dəqiqəni zorla gözləyib, qarla dolu dərənin böyrü ilə uzanan, təkər izləri ilə
xışlanmış yola qayıtdım. Tutqun işıqda gözümü qıyıb, Həsənin yavaş-yavaş mənə
tərəf gəldiyini gördüm.
Ona dərənin yanında yarpaqsız toz ağacının yanında çatdım.
Əlində mavi çərpələng var idi. Gözümə ilk dəyən o idi. Gözlərimlə çərpələngin
üzərində cırıq yerlərini yoxlamadığımı desəm, yalan olar. Həsənin çapanının ön
tərəfi palçığa batmış, köynəyinin yaxalığı cırılmışdı. O dayandı, ayaqlarının
üstündə, sanki, indi yıxılacaqmış kimi səntirlədi. Sonra ayağa qalxıb, çərpələngi
mənə verdi.
– Harda idin? Səni axtarıram səhərdən. – Sözlər dilimdən daş kimi asılmışdı.
Həsən paltarının qolunu üzünə sürtüb, göz yaşlarını və burnunun seliyini sildi.
Mən onun nəsə deməyini gözlədim, amma biz sona çatmaqda olan günün getdikcə
azalan işığında eləcə sükut içində dayanmışdıq. Qürub çağının Həsənin üzünə
düşən, mənimsə üzümü gizlədən kölgəsinə minnətdar idim. Yaxşı ki, onun baxışına
cavab verməli deyildim. Görəsən, bildiyimi bilirdimi? Bilirdisə, onun gözünün içinə
baxsam, nə görəcəkdim? İttiham? Qəzəb? Ya, aman Allah, ən qorxduğumu –
səmimi pərəstişi görəcəkdim? Buna tab gətirə bilməzdim.
O nəsə deməyə çalışdı və səsi qırıldı. Ağzını bağladı, açdı, yenə bağladı. Bir
addım geri atdı. Üzünü sildi. Bu, Həsənlə mənim həmin dalanda baş verənlər
haqqında danışmağa ən yaxın olduğumuz an idi. Mən qorxdum ki, o, indi hönkürtü

ilə ağlayacaq. Amma o bunu etmədi və mən özümü, sanki, onun səsinin qırılmasını
eşitməmiş kimi apardım. Sanki onun şalvarının arxasındakı tünd ləkəni də
görməmiş, ayaqlarının arasından süzülüb qarda tünd ləkə buraxan damcıları da
sezməmişdim.
– Ağa sahib narahat olacaq, – dediyi ancaq bu oldu. O, səntirləyə-səntirləyə
məndən aralandı.
HƏR ŞEY TƏSƏVVÜR ETDİYİM KİMİ oldu. Mən tüstü ilə dolu kabinetin qapısını
açıb içəri girdim. Baba ilə Rəhim xan çay içə-içə, radiodan qırıq-qırıq səslənən xə-
bərlərə qulaq asırdılar. Başlarını çevirdilər və məni görərkən atamın dodağında
təbəssüm peyda oldu. Qollarını açdı. Çərpələngi yerə qoyub, onun güclü, tüklü
qollarının arasına doğru qaçdım. Üzümü onun sinəsinin istisində gizlədib, ağlamağa
başladım. Baba məni özünə sıxıb, yırğalamağa başladı. Onun qolları arasında
etdiyim pisliyi unuda bilmişdim. Bu, çox yaxşı idi.
SƏKKİZ
Bir həftə Həsəni, demək olar ki, görmədim. Səhər duranda qızarmış çörəyim,
dəmlənmiş çayım və qaynanmış yumurtam mətbəx stolunun üstündə hazır olurdu.
Həmin gün geyəcəyim paltarları da Həsənin adətən paltar ütülədiyi yerdə,
qamışdan düzəlmiş stulun üstündə ütülü və qatlanmış tapırdım. Adətən Həsən
ütüləməyə başlamaq üçün mənim yeməyə oturmamı gözləyərdi. İşini görə-görə
mənimlə söhbət etmək üçün. O, mahnı da oxuyardı. Zambaqlı çöllər barədə
Həzara mahnısı qaynar ütünün fısıltısına qarışardı. İndi isə sadəcə, qatlanmış pal-
tarlar vardı. Bir də boğazımdan keçməyən səhər yeməyi.
Tutqun sabahlardan birində, mən qaynanmış yumurtanı boşqabın içində
fırladırdım ki, Əli əlində bir şələ odun içəri girdi. Ondan Həsəni soruşdum.
Əli “yenə yatmağa getdi” deyib, dizini sobanın qarşısında yerə qoydu. Sobanın
kiçik kvadrat qapısını açdı.
– Bu gün Həsən oynamağa gələ bilməyəcək?
Əli işinə fasilə verdi. Üzündən narahatlıq yağırdı.
– Son vaxtlar ancaq yatmaq istəyir. Öz işlərini görür – bu günkü kimi – sonra
da ancaq gedib yorğanın altına girir. Sizdən bir şey soruşa bilərəm?
– Lazımdırsa, soruş.

– Həmin o çərpələng yarışından sonra o evə gələndə üst-başı cırılmışdı və bir
az qan var idi. Mən ondan soruşdum ki, nə olub. O dedi ki, heç nə, sadəcə,
çərpələng üstündə bir neçə uşaqla dalaşıb.
Mən heç nə demədim. Sadəcə yumurtanı boşqabımda fırlatmaqda davam
edirdim.
– Bəlkə, Əmir ağa, onun başına bir iş gəlib. Elə bir şeydir ki, mənə də demir?
Çiyinlərimi çəkdim.
– Nə bilim...
– Siz mənə deyərdiniz, elə deyilmi? Bir şey baş vermiş olsaydı, inşallah, siz
məndən gizlətməzdiz. Düz demirəm?
– Axı mən nə bilim onun dərdi nədir? – Bu dəfə səsim sərt idi. – Bəlkə, xəstədir.
Adamlar həmişə xəstələnir də, Əli. İndi nə deyirsən, mən burda soyuqdan donum,
yoxsa sən o sobanı bu gün qalayacaqsan?
HƏMİN GECƏ Babadan cümə günü məni Cəlalabada aparmağı xahiş etdim. O,
iş stolunun arxasında fırlanan dəri kreslosunda yırğalana-yırğalana qəzet oxuyurdu.
Qəzeti yerə qoyub, heç xoşlamadığım eynəyini gözündən çıxardı – Baba qoca
deyildi, hələ qocalmasına çox vardı, bu axmaq eynəyi niyə taxdığını heç anlaya
bilmirdim.
– Niyə də yox?
Son vaxtlar Baba mənimlə hər şeydə razılaşırdı. Razılaşmaq bir yana, iki gün
əvvəl özü Aryana kinoteatrında Karlton Hestonun oynadığı El Sid filminə baxmağı
təklif etmişdi.
– İstəyirsən, Həsən də bizimlə Cəlalabada getsin?
Axı niyə Baba həmişə hər şeyi belə korlamaq istəyir?
– O mərizdi, – dedim. – Özünü yaxşı hiss eləmir.
– Doğrudan? – Baba kreslosunu saxladı. – Nə olub ona?
Mən çiynimi çəkib, özümü sobanın yanındakı divana basdım.
– Soyuq dəyib, nədir. Əli deyir ki, bütün günü elə yatır.
– Mən son günlərdə Həsəni, demək olar ki, görməmişəm, – Baba dedi. –
Deyirsən, sadəcə, soyuqdəymədir?
Özümlə bacarmırdım. Onun qaşının narahatlıqdan çatılmasına nifrət edirdim o
an.
– Sadəcə soyuqdəymədir. Nə deyirsən, cümə günü gedirik, Baba?
– Hə, hə, – deyib, Baba masanın arxasından qalxdı. – Həsənin xəstələnməyi
çox pis oldu. Düşündüm ki, o da gəlsə, sənə daha maraqlı olardı, daha yaxşı
əylənərdin.
– Biz elə səninlə ikimiz də yaxşı vaxt keçirib, əylənə bilərik.
Baba gülümsədi, göz vurub:
– İsti geyinərsən, – dedi.

BİZ İKİMİZ olacaqdıq – mən belə istəyirdim. Amma çərşənbə günü axşam artıq
bəlli idi ki, Baba daha iyirmi adamı dəvət edib. O, əmioğlu Humayuna – əslində Hu-
mayun əmioğlu yox, əminəvəsi idi – cümə günü Cəlalabada gedəcəyini demişdi.
Fransada mühəndislik oxumuş Humayunun da təsadüfdən Cəlalabadda bir evi
varmış. O da hamını öz evinə qonaq çağırmağı təklif edib, özü də uşaqlarını və iki
arvadını gətirəcəkmiş. Elə bunu deyərkən yadına düşüb ki, bibiqızı Şəfiqə və onun
ailəsi də Heratdan qonaq gəliblər. Bəlkə, onlar da bizə qoşulmaq istədi. Bu arada
Şəfiqə də Kabildə Nadir əmioğlugildə qaldığı üçün, Humayunla Nadirin aralarının
bir balaca dəyməsinə baxmayaraq, onu da ailəsi ilə birgə dəvət edəcəklərmiş.
Nadir gəlirsə, hökmən onun qardaşı Faruq da çağırılmalı imiş, yoxsa inciyər və
Baba ilə Humayunu gələn ay qızının toyuna dəvət etməz və...
Biz üç mikroavtobusa ancaq yerləşə bildik. Mən Baba, Rəhim Xan və Humayun
əmi olan maşında idim. Baba uşaqlıqdan mənə yaşlı kişilərə əmi, yaşlı qadınlara isə
xala deməyi öyrətmişdi. Humayun əminin iki arvadı da bizimlə idi. Böyük arvadın
arıq üzü və ziyilli əli vardı, kiçiyinin isə vurduğu ətir həmişəki kimi ətrafı bürümüşdü
və əkiz qızları kimi özünün də çəp gözləri ora-bura qaçırdı. Mən arxa sırada
oturmuşdum, maşından ürəyim bulanır və başım gicəllənirdi. Arasında oturduğum
iki yeddi yaşlı əkiz qız bütün yolu mənim üzərimdən bir-birini vurmağa çalışırdı.
Cəlalabada çatmaq üçün iki saat dağda sıldırımlı aşırımdan keçib getmək lazım idi.
Hər döngədə mədəm boğazıma doğru qalxırdı. Maşında hamı eyni vaxtda və
ucadan danışır, heç kim o birinin sözünü bitirməsini gözləmirdi. Əfqanlar həmişə
belə danışır. Əkizlərdən birindən – ya Fəzilə idi, ya Kərimə, onları bir-birindən heç
vaxt ayıra bilməzdim – soruşdum ki, yolun məni tutduğunu nəzərə alıb, mənimlə
yerini dəyişərmi ki, təmiz hava alım? Qız dilini çıxarıb “yox” dedi. Onda qusub,
onun paltarını batırsam, günahın məndə olmayacağını dedim. Bir dəqiqə sonra
mən artıq başımı maşının pəncərəsindən çıxarıb acgözlüklə dağ havasını udurdum.
Amma bu da kömək etmirdi. Mən kəskin şəkildə qalxıb-enən asfaltın duz altındakı
dərəyə baxır, dağın başına dolanan yolun üstündə, yük yeri çömbəlib oturmuş
adamlarla dolu olan rəngli yük maşınlarını sayırdım. Gözümü yumub, fikrimi
üzümü döyəcləyən küləkdə və udmağa çalışdığım təmiz havada cəmləməyə
çalışırdım ki, böyrümə kimsə barmaqla dürtmə vurdu. Fəzilə/Kərimə idi.
– Nə var?
– Çərpələng yarışından danışırdım qohumlara, – sükan arxasından Babanın
səsi gəldi.
Humayun əmi və onun arvadları orta sıradan mənə gülümsəyirdilər.
– Göydəki çərpələnglərin sayı, yəqin ki, yüzü keçərdi, – deyib, Baba məndən
təsdiq istədi. – Elə deyil, Əmir?
– Məncə də, – deyə mızıldandım.
– Yüzdən artıq çərpələng vardı, Humayuncan. Şişirtmirəm. Günün sonunda
göydə qalan bir tək Əmirin çərpələngi idi. Son vurulmuş çərpələng də evdədir. Qə-
şəng mavi çərpələng. Onu Həsənlə Əmir birgə tutublar.

– Təbriklər!
Bunu deyən Humayun əminin ardınca onun ziyilli birinci arvadı əl çaldı.
– Vah-vah Əmir can, hamımız səninlə fəxr edirik!
Təbriklərə cavan arvad da qoşuldu. Hamısı əl çalır, təriflər yağdırır, mənim
onlara necə fəxarət verdiyimi deyirdilər. Təkcə Babanın yanındakı sərnişin yerində
oturan Rəhim Xanın səsi çıxmırdı. O, mənə çox qəribə bir baxışla baxırdı.
– Baba, maşını saxla, – dedim.
– Nə?
– Ürəyim bulanır, – dedim. Oturacağın üstündə Humayun əminin qızlarına
tərəf əyilmişdim.
Fəzilə/Kərimənin üzü əyildi.
– Maşını saxla, əmi! Bunun üzü sapsarıdır. İndi qusub, paltarımı batıracaq, –
deyə yalvardı.
Baba maşını kənara çəkib əylədi, amma artıq gec idi. Bir neçə dəqiqə sonra yol
kənarında daşın üstündə oturmuşdum, yol yoldaşlarımsa maşında havanın
dəyişməsini gözləyirdilər. Baba ilə birgə siqaret çəkən Humayun əmi
Fəzilə/Kəriməyə deyirdi ki, ağlamasın; ona Cəlalabadda təzə paltar alınacaq. Mən
gözlərimi yumub, üzümü günəşə tərəf çevirdim. Kirpiyimin arxasında divarda
əlimlə saldığım kölgə fiqurlar kimi kölgələr yaranmağa başladı. Onlar sayrışıb,
sayrışıb, nəhayət, vahid bir mənzərə meydana gətirdilər: Dalanda Həsənin kərpic
qalağının üstünə atılmış qəhvəyi velvet şalvarı.
CƏLALABADDA HUMAYUN ƏMİNİN ağ ikimərtəbəli evinin balkonu geniş,
hasarlanmış alma və xurma bağlarına baxırdı. Yayda bağban ağacların arasındakı
yaşıl arakəsmələri budayıb müxtəlif heyvan fiqurlarına oxşadardı. Həyətin
mərkəzindəki hovuz isə zümrüd rəngli kafellə örtülmüşdü. Mən dibində palçıqlı qar
yığılmış boş hovuzun kənarına oturub, ayaqlarımı içinə sallamışdım. Humayun
əminin uşaqları həyətin o biri başında gizlənqaç oynayırdı. Qadınlar yemək bişirirdi
və qazın üzərindəki tavada çırt-çırtla qızaran soğanın iyi artıq hər yerə yayılmışdı.
Musiqi və gülüş səsləri həyəti bürümüşdü. Baba, Rəhim Xan, Nadir əmi və
Humayun əmi balkonda oturub, siqaret çəkirdilər. Humayun əmi Fransa haqqında
slaydları göstərmək üçün proyektoru qoşacağını deyirdi. Fransadan gəldiyi on il idi
və o hələ də bu axmaq slaydları hamıya göstərirdi.
Bu, belə olmamalı idi. Baba ilə mən dost idik axı. Bir neçə gün əvvəl zooparka
getmiş, Mərcan şiri görmüşdük və heç kim bizə baxmayanda ona çınqıl da
atmışdıq. Sonra Cinema Parkla üzbəüz Dadxoda Kabab evinə gedib orda quzu
kababı və təzə təndirdən çıxmış çörək yemişdik. Baba Hindistan və Rusiya səyahət-
lərindən, görüşdüyü adamlardan danışmışdı. Bombeydə gördüyü bir qolsuz,
ayaqsız cütlük qırx yeddi il idi ki, bir yerdəymiş, on bir uşaq böyüdüblərmiş. Bu gün
də belə olmalı idi. Baba ilə bir gün keçirmək, onun hekayələrini eşitmək maraqlı
olacaqdı. Neçə illər arzuladığıma, nəhayət ki, nail olmuşdum. Amma indi,

istədiyimə çatdıqdan sonra içimdə elə ayağımı salladığım bu baxımsız hovuz kimi
boşluq hiss edirdim.
Analarla qızlar süfrəni saldılar – düyü, küftə və toyuq qovurmasından ibarət
naharı yeyəndə artıq axşamçağı idi. Biz otağın dörd bir tərəfinə düzülmüş
döşəkçələrdə oturmuş, ənənəvi şəkildə, yerdən salınmış süfrədən dörd-dörd, beş-
beş bir qabdan əllə yemək yeyirdik. Mən ac olmasam da, Baba, Faruq əmi və
Humayun əminin iki oğlu ilə birgə yeməyə oturduq. Nahardan əvvəl bir neçə
qədəh viski içmiş Baba hələ də çərpələng yarışından, mənim hamını keçməyimdən,
son çərpələngi evə gətirməyimdən fəxrlə danışırdı. Onun gurultulu səsi otağı
başına götürmüşdü. Adamlar başını boşqablarından ayırıb təbrik sözləri
qışqırırdılar. Faruq təmiz əli ilə kürəyimdən vurub təbrik edəndə az qala bıçağı
gözümə soxacaqdım.
Gecə yarını xeyli keçəndən sonra Baba ilə əmioğluları bir neçə saatlıq poker
oyununu başa vuranda kişilər elə yemək yediyimiz otaqda bir-birinin yanına dü-
zülmüş döşəklərdə yatdılar. Qadınlar yuxarı çıxmışdı. Bir saat idi ki, uzansam da,
gözümə yuxu getmirdi. Qohumlarımın xorultusu, fısıltısı altında ora-bura
vurnuxurdum. Ay işığının bir parçası pəncərədən içəri süzülüb gəlirdi.
Öz-özümə, amma ucadan “Həsəni zorlayırdılar, mənsə baxırdım” dedim. Baba
yuxuda tərpəndi. Humayun əmi xoruldadı. Sanki, bir hissəm birinin oyanıb,
dediyimi eşitməsini istəyirdi. Onda mən daha bu yalanla yaşamaq zorunda
qalmayacaqdım. Amma heç kim oyanmadı və sonrakı səssizlikdə mən anladım ki,
indi həyatımda yeni lənət var: mən bununla yaşamalı idim.
Həsənin yuxusunu, bizim göldə üzməyimiz haqqındakı röyasını xatırladım.
Deyirdi ki, əjdaha yoxdur, sadəcə, sudur. Bunu doğru deməmişdi. Göldə əjdaha var
idi. O, Həsənin topuqlarından yapışıb, onu gölün qaranlıq dibinə dartıb aparmışdı.
O əjdaha mən idim.
O gecədən sonra mən yuxusuzluq azarına tutuldum.
HƏSƏNLƏ NÖVBƏTİ HƏFTƏNİN ortasına qədər danışmadıq. Bir gün o, qabları
yuyur, mənsə yemək yeyirdim. Günorta yeməyimin yarısını yeyib, otağıma getmək
üçün yuxarı qalxanda Həsən soruşdu ki, təpəyə getmək istəyirəmmi. Yorğun
olduğumu dedim. Həsən də yorğun görünürdü – o arıqlamışdı və şişmiş gözlərinin
ətrafında boz dairə vardı. Amma bir daha soruşanda mən könülsüz razılaşdım.
Biz yavaş-yavaş, çəkmələrimiz palçıqlı qara bata-bata təpəyə qalxırdıq. Heç
birimiz bir kəlmə də demədik. Nar ağacımızın altında oturanda səhv etdiyimi
anladım. Mən təpəyə gəlməməli idim. Ağacın gövdəsinə Əlinin bıçağı ilə cızdığım
“Əmir və Həsən: Kabilin sultanları” sözlərinə daha baxa bilmirdim.
Məndən “Şahnamə”dən oxumağı xahiş etdi, mənsə dedim ki, fikrimi
dəyişmişəm, otağıma qayıtmaq istəyirəm. O üzünü yana çevirib, çiyinlərini qısdı.
Gəldiyimiz yolla üzüaşağı, geri qayıtdıq: sükut içində. Və həyatımda ilk dəfə idi ki,
yazın tez gəlməsini arzulayırdım.

1975-Cİ İLİN HƏMİN QIŞI BARƏDƏ xatirələrimin qalanı çox tutqundur.
Yadımdadır ki, Baba evdə olanda çox xoşbəxt olardım. Bir yerdə yemək yeyər,
kinoya baxmağa, Humayun əmi, yaxud Faruq əmigilə qonaq gedərdik. Bəzən
Rəhim Xan bizə gələndə Baba mənə onlarla birgə kabinetdə oturub, çay içməyə
icazə verərdi. Hətta mənə bir neçə hekayəmi də oxutmuşdu. Həyat gözəl idi və
mən hətta inanırdım ki, bu davamlı olacaq. Məncə, Baba da buna inanırdı. Amma
biz ikimiz də yanılırdıq. Çərpələng yarışından sonrakı bir neçə ay ərzində ikimiz də
şirin bir xülyaya dalmışdıq, bir-birimizi indiyə kimi görmədiyimiz tərəfdən tanımağa
çalışırdıq. Öz-özümüzü aldatmışdıq ki, guya kağız, yapışqan və bambukdan
düzəldilmiş oyuncaq aramızdakı uçurumu qapada biləcək.
Amma Baba evdə olmayanda – bu tez-tez baş verirdi – mən otağıma
qapanırdım. İki günə bir kitabı oxuyub bitirir, hekayələr yazır, at sürməyi
öyrənirdim. Səhərlər Həsənin mətbəxdə vurnuxmasını, qab-qacaq səsini, çaydanın
fitini eşidərdim. Sonra onun arxasınca qapının bağlanmasını gözlər və aşağı
enərdim. Təqvimimdə məktəbin ilk gününü qeyd eləmişdim və artıq günləri
sayırdım.
Həsənin aramızdakı münasibəti düzəltməyə cəhdləri məni narahat edirdi. Son
cəhdini yaxşı xatırlayıram. Mən otağımda Skottun Ayvenqosunun farscaya tərcü-
məsini oxuyurdum, qapı döyüldü.
– Nə olub?
– Çörəkçiyə gedirəm, təzə çörək alam. – Qapının arxasından Həsənin səsi
gəlirdi. – Soruşurdum ki... mənimlə gəlmək istəyirsənmi?
– Mən yəqin ki, kitab oxuyacam, – gicgahlarımı sürtə-sürtə cavab verdim. Son
zamanlar Həsəni görəndə başağrım qalxırdı.
– Əcəb günəşli gündür, – dedi.
– Görürəm.
– Gəzməyə çıxmaq yaxşı olardı.
– Sən get.
– İstərdim ki, sən də gələsən, – dedi və ara verdi. Nəsə qapıya dəydi – bəlkə
də, alnını qapıya dayadı. – Bilmirəm, sənə nə eləmişəm, Əmir ağa. Kaş ki, mənə
söyləsəydin. Bilmirəm, biz niyə daha bir yerdə oynamırıq?
– Sən heç nə eləməmisən, Həsən. Get sadəcə.
– Sən desən, mən daha o səhvi eləmərəm.
Mən başımı dizimin arasına salıb dizlərimlə məngənə kimi gicgahlarımı sıxdım.
Gözlərimi bərk-bərk yumub:
– Deyim, nə elə? – dedim.
– Sən nə istəsən, edərəm.
– İstəyirəm ki, məndən əl çəkəsən. İstəyirəm çıxıb gedəsən. – Sözlərim şapalaq
kimi səsləndi. İstərdim ki, Həsən cavabımı qaytarsın, qapını qırıb içəri girsin və
mənim payımı versin – bu hər şeyi yüngülləşdirər, düzəldərdi. Amma o, belə bir iş

görmədi və bir neçə dəqiqə sonra mən qapını açanda Həsən artıq orda yox idi.
Mən özümü yatağıma çırpıb, başımı yastığın altında gizlətdim və ağlamağa
başladım.
Bundan sonra Həsən mənim əhatə dairəmdən kənar idi. Mən günümü elə
planlaşdırırdım ki, onunla yolumuz mümkün qədər az kəsişsin. Çünki o otaqda
olanda sanki, oksigen tükənirdi. Sinəm tıxanır, nəfəs yollarım daralırdı. Mən, sanki,
özümün kiçik havasız atmosfer şarımın içində nəfəsim kəsilə-kəsilə qalırdım.
Amma özü ortalıqda olmayanda da Həsənin varlığı hiss olunurdu. Hər şey, əllə
yuyulub səliqə ilə ütüləndikdən sonra qatlanıb, qamış kreslonun üstünə yığılmış
paltarlarım, qapımın ağzında isidilib qoyulmuş çəkələklərim, səhər yeməyinə
gələndə artıq sobada yanan odun – hər şey onu xatırladırdı. Hara çönsəm, onun
mənə olan sevgisinin, lənətə gəlmiş tükənməz sevgisinin işarəsini görürdüm.
Həmin yazın əvvəli, məktəb başlamazdan bir neçə gün qabaq Baba ilə bağçada
zanbaq əkirdik. Qar demək olar ki, hər yerdə ərimiş, şimal tərəfdəki təpələrdə artıq
yaşıl ot da görünməyə başlamışdı. Sərin, boz bir səhər idi və mənim yanımda
çömbəlib oturmuş Baba torpağı qazıb, ona ötürdüyüm soğanaqları əkirdi. O
danışırdı ki, çox adam zanbağı payızda əkir, amma onlar yanılırlar, çünki zanbağı
əkməyin əsl vaxtı yazdır. Birdən onun sözünü kəsib soruşdum:
– Baba, başqa qulluqçu tutmaq haqqında heç düşünmüsənmi?
Baba əlindəki şitili atıb balaca kürəkciyi torpağa basdı. Əlindəki bağban
əlcəyini çıxardı. Mən onu əməlli-başlı təəccübləndirmişdim.
– Çi? Nə dedin sən?
– Sadəcə, soruşuram, elə-belə.
– Mən bunu etmək haqda niyə düşünməliydim ki?
Babanın cavabı çox sərt idi.
– Güman edirəm, düşünməzdin. Bu, sadəcə, bir sual idi, – dedim. Səsim yavaş-
yavaş mızıltıya çevrilirdi. Sualı verdiyimə artıq peşman olmuşdum.
– Söhbət səninlə Həsəndən gedir? Bilirəm ki, ikinizin arasında nəsə baş verir.
Bilmirəm, bu nədir, amma bunu sən özün çözəcəksən, mən yox. Mən qarışmıram.
– Üzr istəyirəm, Baba.
O yenə də əlcəklərini geydi.
– Mən Əli ilə birgə böyümüşəm. – Baba artıq dişlərini qıcayıb danışırdı. – Atam
onu götürüb, o, Əlini öz oğlu kimi sevirdi. Qırx il boyunca Əli mənim ailəmlə birgə
olub. Lənətə gəlsin, düz qırx il. İndi sən fikirləşirsən ki, mən onu elə-belə küçəyə
ata bilərəm?
Üzünü mənə çevirəndə zanbaq kimi qıpqırmızı olduğunu gördüm.
– Mən səni heç vaxt vurmamışam, Əmir, amma bu sözü bir də ağzına alsan... –
O üzünü çevirib, başını yellədi. – Sən mənə utanc gətirirsən. Həsən isə... Həsən heç
yerə getməyəcək, anladın?
Mən gözümü aşağı dikib, yerdən ovcuma yığdığım torpağın barmaqlarımın
arasından süzülüb tökülməsinə baxırdım.

– Cavab ver, anladın? – Baba bağırdı.
Mən diksindim:
– Bəli, Baba.
– Həsən heç yerə getməyəcək, – Baba qışqırıb, kürəklə torpaqda daha bir çala
açdı, amma çala lazım olduğundan çox dərin idi. – O, bax burda, bizimlə, öz
yerində qalır. Bura onun evidir və biz onun ailəsiyik. Bir də heç vaxt mənə bu sualı
vermə!
– Vermərəm, Baba. Bağışla.
Zanbaqların qalanını sükut içində əkdik.
Sonrakı həftə məktəb başlayanda mən xeyli yüngülləşmişdim. Şagirdlər
əllərində yeni dəftər və yonulmuş karandaşlar məktəb həyətində gəzişərək,
ayaqları ilə tozanaq qaldırır, qruplara bölünüb, sinif kapitanının fitinə qədər söhbət
edirdilər. Baba çirkli yolla maşını düz girişə qədər sürdü. Məktəb pəncərələri sınıq
və çay daşı ilə döşənmiş qaranlıq dəhlizli ikimərtəbəli binada yerləşirdi. Divarların
tökülmüş əhənginin altından binanın ilkin rəngi – solğun sarıya boyanmış hissələr
görünürdü. Uşaqların çoxu məktəbə piyada gəlirdi, odur ki, Babanın qara
Mustanqına həsədlə baxan az deyildi. O məni məktəbə gətirəndə çox qürurlu
olmalı idim – keçmiş vaxtlarımda elə belə də olardı – amma mən yüngülcə utanc
hissindən başqa bir şey duymurdum. Bir də ki, boşluq. Baba heç sağollaşmadan
maşını sürüb getdi.
Mən çərpələng uçuranların ənənəvi zədə nümayişinə qatılmayıb, sıraya
durdum. Zəng çalındı və hərə öz sinfinə gedib, cüt-cüt yerlərinə oturdular. Mən
arxa sırada otururdum. Fars dili müəllimi dərsliklərimizi paylayanda dua edirdim ki,
ev tapşırıqlarımız çox olsun.
Dərslər imkan verirdi ki, mən otağımda çox vaxt keçirim. Bir müddət mən
həmin qış baş verənləri, daha doğrusu, nəyin baş verməsinə imkan verdiyimi
beynimdən çıxara bilmişdim. Bir neçə həftə ərzində Həsən və onun başına
gələnləri düşünmək əvəzinə özümü cazibə qanunu, atomlar və hüceyrələr, ingilis-
əfqan savaşları ilə məşğul edə bilmişdim. Amma həmişə beynim yenə o dalana
qayıdırdı. Həsənin kərpic qalağının üstünə atılmış qəhvəyi velvet şalvarına. Qarın
üzərində tünd, hətta qaraya çalan izlər buraxan qan damlalarına.
Həmin il uzun, tutqun yay günlərindən birində Həsənə dedim ki, mənimlə
təpəyə qalxsın. Dedim ki, yazdığım yeni hekayəni oxumaq istəyirəm. O, həyətdə
paltar sərirdi və işini bitirməyə tələsməsindən təklifimə necə sevindiyini hiss etmək
olurdu.
Biz təpəyə qalxanda çox danışmadıq. O, məktəbi, nə öyrəndiyimi soruşdu,
mən də müəllimlərimdən, xüsusilə də dərsdə danışan şagirdləri barmaqlarının
arasına metal çubuq qoyub sıxmaqla cəzalandıran əzazil riyaziyyat müəllimimdən
danışdım. Həsən diksinib, dedi ki, mənim bu cəzaya heç vaxt tuş gəlməyəcəyimə
ümid edir. Dedim ki, indiyə kimi bəxtim gətirib, amma əslində bəxtin məsələyə

dəxli yox idi. Hamı kimi mən də dərsdə danışırdım. Amma atam zəngin və məşhur
adam olduğundan metal çubuq işi məndən yan keçirdi.
Biz alçaq qəbiristanlıq hasarının dibində, nar ağacının kölgəsində oturduq. Bir
iki aya yanıb saralmış alaq otları təpənin üstünü basacaqdı, amma həmin il yağış
mövsümü həmişəkindən çox, yayın ortasına qədər uzandığından ot hələ
qurumamış, yaşıl çəməndə topa-topa yabanı çiçəklər çıxmışdı. Aşağıda Vəzir Əkbər
Xan qəsəbəsinin ağ divarlı, yastı damlı evləri gün işığında parıldayırdı. Zivələrdən
1   2   3   4   5   6   7   8   9   10   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə