Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
etdiyimi bilirdi və hələ də, bəlkə, son dəfə məni xilas etməyə çalışırdı. Bu anda
mən onu sevirdim, həyatımda sevdiyim hər kəsdən daha çox onu sevirdim və bu

anda onların hamısına demək istəyirdim ki, mən, əfi ilan, göldəki əjdaha mən idim.
Mən bu fədakarlığa layiq deyildim: mən yalançı, satqın, oğru idim. Deyərdim,
amma mənim bir parçam sevinirdi. Sevinirdi ki, bu dəhşət tezliklə bitəcək. Baba
onları işdən çıxaracaq, sonra əlbəttə, bir az ağrı olacaq, amma həyat davam
edəcək. Mən bunu istəyirdim, həyatın davam etməsini, unutmağı, yeni səhifədən
başlamağı arzulayırdım. Mən yenidən nəfəs ala bilmək istəyirdim.
Amma Babanın “səni bağışlayıram” deməsi məni şoka saldı.
Bağışlayır? Bəs oğurluq bağışlanmaz günah, bütün günahların mayası idi axı.
Sən adam öldürəndə onun həyatını oğurlayırsan. Onun arvadının ərli, uşaqlarının
atalı yaşamaq haqqını yağmalayırsan. Sən yalan danışanda başqasının həqiqət
haqqını çalıb-çapırsan. Kəf gələndə, birinin ədalət haqqını yeyirsən. Oğurluqdan pis
hərəkət yoxmuş. Bunu Baba özü, məni qucağına oturdub deməmişdimi? Bəs onda
Həsəni necə bağışlaya bilərdi? Necə olurdu ki, Baba Həsəni oğurluğa görə
bağışlaya bilir, mənisə onun istədiyi oğul ola bilmədiyimə görə bağışlaya bilmir?
Niyə?
– Biz burdan gedirik, Ağa sahib.
Əlinin bu sözləri Babanın rəngini qaçırdı.
– Biz daha burda yaşaya bilmərik.
– Amma mən onun günahını bağışladım, Əli, eşitmədinmi?
– Daha bizim burda yaşamağımız mümkün deyil, Ağa sahib. Biz çıxıb gedirik.
Əli oğlunu yanına çəkib, qolunu onun çiyninə doladı. Bu hərəkətlə o, oğlunu
müdafiə etmək istədiyini bildirirdi və mən onun Həsəni kimdən qorumaq istədiyini
bilirdim. Əli mən tərəfə baxdı və onun soyuq, bağışlamayan baxışından Həsənin
atasına hər şeyi danışdığını anladım. O hər şeyi danışmışdı, Asifin və dostlarının
onun başına açdığı oyun, çərpələng, mənim haqqımda hər şeyi. Qəribədir, amma
kiminsə mənim əslində kim olduğumu bilməsinə şad idim; rol oynamaqdan
yorulmuşdum.
– Nə pul, nə saat vecimə deyil, – deyə Əligili yola gətirməyə çalışan Baba
qollarını açıb, ovuclarını yuxarı qaldırmışdı. – Anlamıram bunu niyə edirsiniz... Nə
demək yəni “mümkün deyil”.
– Bağışla, Ağa sahib, amma biz artıq əşyalarımızı da yığmışıq. Qərar qəbul
olunub artıq.
Baba, üzündə sonsuz kədər ifadəsi ilə dayanmışdı.
– Əli, mən sənə yaxşı baxmırdım məgər? Sənə və Həsənə pismi davranırdım?
Sən mənim üçün olmayan qardaşım əvəzisən, Əli, bunu bilirsən. Xahiş edirəm,
bunu eləmə.
– Onsuz da çətindir, Ağa sahib, vəziyyəti daha da ağırlaşdırma.
Onun dodağı titrədi və mən bir anlıq onun ağzının əyilməsini gördüm. Elədiyim
pisliyin, verdiyim acının dəhşətini, bu adamların həyatına gətirdiyim kədərin
dərinliyi o anda – Əlinin iflic olmuş simasında belə ağrının ifadəsini görəndə

anlamışdım. Özümü Həsənə baxmağa məcbur etdim. Amma onun başı aşağı dikil-
miş, çiyinləri bükülmüşdü. Şalvarına kəmər əvəzi taxdığı ipin ucunu barmağı ilə
düyünləyirdi.
Baba indi də and verirdi:
– Heç olmasa, səbəbini de. Mən bilməliyəm.
Əli Babaya heç nə demədi. Necə ki, Həsənin etmədiyi oğurluğu boynuna
almasına da etiraz etməmişdi. Bunun səbəbini heç vaxt bilməyəcəyəm, sadəcə, bu
iki nəfərin balaca daxmada ağlaşmasını, Həsənin məni ələ verməməsi üçün atasına
yalvarmasını təsəvvürümə gətirə bilirəm. Amma Əlinin buna razılaşmağa özündə
gücü haradan tapdığını ağlıma gətirə bilmirdim.
– Bizi avtobus stansiyasına apararsınızmı?
– Mən sizə getməyi qadağan edirəm. Eşidirsən? Qadağan edirəm!
Babanın səsi nəriltiyə bənzəyirdi.
– Sizə olan hörmətimizə baxmayaraq, siz bizə heç nəyi qadağan edə
bilməzsiniz, Ağa sahib, Biz daha sizin işçiləriniz deyilik.
– Hara gedəcəksiniz?
– Həzaracata.
– Əmiuşaqlarının yanına?
– Bəli. Bizi avtobus stansiyasına apararsız, Ağa sahib?
Sonra mən Babanın heç vaxt etmədiyi bir şeyi etdiyini gördüm:
O ağlayırdı. Böyük adamın göz yaşı axıtması məni bir az qorxutdu. Atalar
ağlamamalı idi axı. Baba “xahiş edirəm”,– dedi. Amma Əli, arxasınca da Həsən
artıq qapıya doğru yönəlmişdilər. Babanın bu son xahişindəki ağrını, qorxunu heç
zaman unutmayacağam.
KABİLDƏ yay vaxtı yağış çox nadir hallarda yağardı. Mavi səma əlçatmaz
hündürlükdəykən, ütü kimi qızmar günəş çox yaxından, adamın boynunun ardını
yandırardı. Həsənlə mənim bütün yazı daş atdığımız bulaqlar quruyar, ora bura
qaçışan rikşalar
11
tozanaq qaldırardılar. Məsciddə on rükət günorta namazından
qayıdanlar hərə bir kölgəli yerə daldalanıb yatar, axşam sərinini gözləyərdi. Yay
həm də uzun məktəb günləri, ağzına kimi dolu, isti, havası dəyişilməyən otaqlarda
Quran ayələrindəki adamın dilini əyən ekzotik ərəb sözlərini əzbərləyə-əzbərləyə
tər axıtmaq demək idi. Yay həm də Molla ayələri mızıldadıqca əlinlə uçan milçəyi
tutduğunda, hərəkətin sərinliklə birgə məktəb həyətinin o başındakı tualetin
qoxusunu da gətirdiyinin, basketbol oyununda laxlayan halqanın ətrafındakı
tozanağın necə fırlandığının fərqinə varmaq demək idi.
Amma Baba Əli ilə Həsəni avtovağzala aparanda yağış yağırdı. Buludlar yığışıb,
göyü boz rəngə boyamışdı. Cəmi bir neçə dəqiqə sonra artıq göydən leysan tökü-
lürdü. Yağışın xışıltısı beynimə işləyirdi.
Baba onları Bamiyana qədər aparmağı təklif etmişdi, amma Əli razılaşmamışdı.
Yataq otağımın ləkəli, yağışın su cığırları ilə örtülmüş pəncərəsindən Əlini gördüm.

Həsənlə özünün var-yoxunun yerləşdiyi tək çamadanı Babanın qapıdan kənarda
dayanmış maşınına doğru daşıyırdı. Həsən, bürmələnmiş və kəndirlə bağlanmış dö-
şəyini belinə şəlləmişdi. Bütün oyuncaqlarını evdə saxlamışdı. Onları ertəsi gün
gördüm. Küncə yığılmış oyuncaq qalağı elə mənim otağımın küncündəki hədiyyə
qalağına bənzəyirdi.
Otağımın pəncərəsindəki damcılar sürətlə aşağı şütüyürdü. Mən Babanın
çamadanı və döşəyi qoyub, maşının yüklüyünün qapağını çırpıb bağladığını gör-
düm. Yağışdan büsbütün islanmış halda sürücü oturacağına tərəf getdi. Əyilib arxa
oturacaqda olan Əliyə nəsə dedi, yəqin ki, bu, onu fikrindən daşındırmaq üçün son
cəhd idi. Bu vəziyyətdə, Baba, hələ də yağışın altında, bir əli maşının üstündə,
salona əyilib Əli ilə bir xeyli danışdı. O qəddini dikəldəndə bükülmüş çiyinlərini
görəndə anladım ki, doğulandan bəri yaşadığım həyat bitib. Baba sükanın arxasına
oturdu. Maşının faraları yandı və yağışın içinə qoşa işıq seli girdi. Bu, Həsənlə bir
yerdə baxdığım Hindistan filmlərindən biri olsaydı, bu yerdə mən, yalın ayaqlarımla
yağış suyunu sıçradaraq, çölə qaçmalı idim. Maşının arxasınca qaçıb, “dayan”
qışqırmalıydım. Sonra Həsəni arxa oturacaqdan çıxarıb, yağışa qarışan göz
yaşlarından boğularaq “bağışla”, “çox peşmanam” deməli idim. Sonda biz leysanın
altında qucaqlaşacaqdıq. Amma bu, hind kinosu deyildi. Mən peşman idim, amma
nə ağlayır, nə də maşının ardınca qaçırdım. Sadəcə, dil açanda ilk dediyi söz mənim
adım olan adamın Babanın maşınında həyətdən uzaqlaşmasına baxırdım. Baba Hə-
sənlə beşdaş oynadığımız küçə tinini burulanda maşının arxasında qısılıb oturmuş
dostumu son dəfə, bir anlığa görə bildim.
Pəncərənin qabağından bir addım geri çəkildim və artıq şüşənin arxasında
yağan yağışın gümüş ərintisinə bənzər cığırlarından başqa heç nə görmürdüm.
11 Rikşa – at əvəzinə adam tərəfindən çəkilən balaca bir adamlıq fayton.
Bəzən rikşa arabanı piyada deyil, velosipedlə hərəkətə gətirir
ON
1981-ci ilin martı

Gənc qadın qarşımızda əyləşdi. Zeytun rəngli paltar geymiş, gecənin
soyuğundan qorunmaq üçün qara şalı ilə başını bərk-bərk sarımışdı. Yük maşını hər
dəfə oyuğa düşəndə, ya silkələnəndə qadın dua oxumağa başlayır, maşının hər
yeni titrəyişi ilə “Bismillah” daha ucadan gəlməyə başlayırdı. Onun gen şalvar və
mavi səma rəngində əmmamə geymiş əri daha möhkəm görünürdü, amma o da
bir əli ilə körpəni saxlayır, o biri əli ilə əsəbi şəkildə təsbehi çevirirdi. Onun da
dodaqları səssizcə dua zikr edirdi. Başqaları da vardı, Baba və mən qarışıq on iki
nəfər idik. Çamadanlarımız ayaqlarımızın arasında, rusların köhnə yük maşınının
brezentlə örtülmüş yük yerində bu özgə adamlarla sıxışıb oturmuşduq.
Kabildən çıxanda gecə saat ikini təzə keçmişdi. O vaxtdan bəri ürəyim
bulanırdı. Baba heç vaxt üzümə vurmasa da, maşının məni tutmasına xəstəlik kimi
deyil, başqa zəifliklərimdən biri kimi baxırdı. Bunu ürəkbulanmam çox güclənəndə
mən zarıyarkən Babanın üzündəki xəcalət ifadəsindən də bilmək olurdu. Təsbeh
fırladan kişi – duaçı qadının əri məndən ürəyimin bulanıb-bulanmadığını
soruşanda, dedim ki, qusa bilərəm. Baba utandığından üzünü çevirdi. Kişi isə
brezent örtüyün küncünü qaldırıb, sürücünün pəncərəsinə doğru əyildi və
saxlamağı xahiş etdi. Amma bizim qırğıya oxşayan, arıq, qaraşın, nazik bığlı sürücü
Kərim başını buladı.
Kabilə çox yaxınıq, – qışqırdı. – Deyin, bir az möhkəm olsun.
Baba dodağının altında deyindi. Ondan üzr istəyəcəkdim ki, birdən ağzımda
selik ifraz olundu və boğazımın arxasında qusuntu dadını hiss elədim. Çevrilib, bre-
zenti qaldırdım və yol gedən maşından sallanıb qusdum. Arxada Baba o biri
sərnişinlərdən üzr istəyirdi, sanki, maşın tutması cinayət idi. Sanki adamın on sək-
kiz yaşında ürəyi bulanmamalı idi. Kərim maşını saxlamağa razılaşana qədər mən
iki dəfə də qusdum. Yazıq yeganə qazanc mənbəyinin qusuntu iyi verəcəyindən
qorxduğundan maşını əylədi. Kərim insan qaçaqçısı idi – o vaxtlar Şurəvilərin işğal
etdiyi Kabildən nisbətən sakitlik olan Pakistana insan keçirmək yaxşı qazanc
gətirirdi. O bizi Kabildən 170 kilometr cənub-qərbdə olan Cəlalabada qədər
aparacaqdı. Orda isə başqa qaçqınlarla birgə bizi gözləyən qardaşı Tur hamımızı
daha böyük maşınla Xeybər keçid məntəqəsindən keçirib, Peşəvərə götürəcəkdi.
Kərim maşını saxlayanda biz Mahipər şəlaləsindən bir neçə kilometr aralıda
idik. Mahipər uçan balıq demək idi. Yüksək zirvənin uçurum kənarından düşən
şəlalə almanların 1967-ci ildə Əfqanıstanda tikdiyi su elektrik stansiyasına axırdı.
Sərv ağacları və əfqanların qışda istirahət yeri olan şəkər qamışı sahələri ilə məşhur
olan Cəlalabada gedərkən Baba dəfələrlə maşını ta zirvəyə qədər sürmüşdü.
Mən yük yerindən aşağı hoppanıb, yol kənarındakı tozlu qum təpəciyinə tərəf
getdim. Ağzım yenə seliklə dolu idi, bu indi gələcək öyümənin işarəsi idi. Əlimi diz
qapaqlarımın üstünə qoydum, əyilib qusmağımı gözləyirdim. Hardasa budaq
şaqqıldadı, bir başqa tərəfdə bayquş uladı. Yumşaq, soyuq külək budaqların
arasından çıtırtı ilə sivişib, yoxuşdakı kolları xışıldadırdı. Aşağıda isə düzənliyə
çırpılan suyun boğuq şırıltısı eşidilirdi.

Yolun qırağında dayanıb, bütün ömrümü keçirdiyim evdən necə çıxmağımızı
düşündüm. Sanki bir neçə dəqiqəlik çıxmışdıq: bulaşıq qablar mətbəxdə; çirkli
paltarlar koridordakı səbətdə; yataqlar yığılmamış; Babanın kostyumları şkafda
asılmışdı. İpək qobelenlər hələ də qonaq otağının divarlarında, anamın kitabları
hələ də Babanın kabinetinin rəflərində idi. Burdan kiminsə köçdüyünü anlamaq çox
çətin idi: Anamla atamın toy şəkli və babamla kral Nadir Şahın öldürülmüş maralın
cəsədi üzərində çəkdirdiyi bozarmış foto ortalıqda yox idi. Rəhim Xanın mənə
bağışladığı dəri üzlüklü dəftərcə də yoxa çıxan əşyalardandı.
Səhər bizim son beş ildə dəyişdiyimiz yeddinci qulluqçu Cəlaləddin elə
biləcəkdi ki, biz gəzməyə, ya da maşınla gəzintiyə çıxmışıq. Ona heç nə
deməmişdik. Kabildə artıq heç kimə etibar yox idi – adamlar bir-birini – qonşu
qonşunu, oğul atasını, qardaş qardaşı, qulluqçu ağasını ya pula, ya da qorxudan
satırdı. On üç yaşım tamam olanda ziyafətdə akkordeon çalan Əhməd Zahir
yadıma düşdü. O da dostları ilə gəzməyə çıxmış, sonra başının arxasından güllə
vurulmuş cəsədi yol qırağında tapılmışdı. Hər yer “rəfiq”lərlə, “yoldaş”larla dolu
idi. Onlar Kabili iki yerə – çuğulluq edənlərə və etməyənlərə bölmüşdülər. Ən
dəhşətlisi o idi ki, heç kimin hansı cinahda olduğu bilinmirdi. Kostyum üçün ölçü
götürən dərzinin yanında deyilmiş adi bir söz adamı Pole-çərxi həbsxanasına
saldıra bilərdi. Qəssabın yanında fövqəladə vəziyyətdən şikayət edən bir də görərdi
ki, barmaqlıqlar arxasında ona yönəlmiş Kalaşnikovun ucuna baxır. Hətta evlərində
də adamlar nə dediklərini düşünmək məcburiyyətində idilər. Rəfiqlər məktəbin də
içinə girmişdilər. Uşaqlara valideynlərini izləməyi, onlardan çuğulluq etməyi, nəyə
qulaq asıb, kimə xəbər verəcəklərini öyrədirdilər.
Gecənin bir aləmi bu yolun ortasında nə işim vardı? Mən indi yataqda,
səhifələrinin ucu küçük qulağı kimi qatlanmış kitabımla yorğan altında olmalı idim.
Bu yəqin ki, yuxu idi. Yuxu olmalı idi. Sabah səhər mən oyanıb pəncərədən
baxanda nə acıqlı rus əsgərlərinin yollarda keşik çəkməsini, nə şəhərimi yuxarı
aşağı ölçən tankları, nə onların ittiham edən şəhadət barmağı kimi uzanan
lülələrini, nə rubllarını, nə fövqəladə vəziyyəti, nə də rus ordusunun bazarların
içində fırlanan maşınlarını görəcəkdim. Sonra arxada siqaret çəkən Baba ilə
Kərimin Cəlalabaddakı hazırlıqlarla bağlı söhbət etdiyini eşitdim. Kərim Babanı
əmin etməyə çalışırdı ki, qardaşının “əla keyfiyyətli, yüksək səviyyədə” maşını var
və Peşəvər yolu nisbətən daha sadə keçəcək. O, “qardaşım o yolu gözübağlı da
keçər” deyirdi. Sonra Kərimin və qardaşının keçid məntəqələrində işləyən rus və
əfqan əsgərlərini tanıdığını, hər iki tərəfi qane edən sövdələşmə qurduqlarını
eşitdim. Bu, yuxu deyildi. Sanki, işarə gözləyirmiş kimi, birdən-birə başımızın üs-
tündə MİG vertolyotu peyda oldu. Kərim siqareti söndürüb, belindəki tapançanı
çıxardı. Silahı göyə qaldırıb bir neçə dəfə atırmış kimi işarə elədi, sonra vertolyot
tərəfə tüpürüb söyüş söydü.
Həsənin harda olduğunu düşündüm. Sonra da qaçılmaz olan baş verdi. Mən
alağın üstünə qusduqca, öyüməm və zarıltım MİG-in qulaqbatıran gurultusunda

eşidilməz oldu. İyirmi dəqiqə sonra biz Mahipər yoxlama məntəqəsində idik.
Sürücümüz maşını buraxıb yerə hoppandı və yaxınlaşan səslərə doğru getdi.
Çınqılda yeriyən ayaq səsləri gəldi. Bir neçə qısa söz deyib susdular. Alışqan
çaqqıltısı eşidildi. “Spassiba”...
Alışqan bir dəfə də yandırıldı. Kimsə güldü və cır səsli qaqqıltıdan dik atıldım.
Baba əli ilə belimdən yapışıb məni yerimə oturtdu. Gülən adam mahnı oxumağa
başladı – köhnə əfqan toy mahnısı qatı rus ləhcəsi ilə, özü də xaric oxunurdu:
Ahəstə boro, Mah-e-mən, ahəstə boro
Yavaş yeri, mənim ayparam, yavaş yeri
Asfaltda çəkmə dabanlarının səsi eşidildi. Kimsə yük maşınının arxasından
sallanan brezenti qaldırdı və içəri üç baş – Kərim və iki əsgərin başı soxuldu. Biri
əfqan idi, buldoqu xatırladan rus əsgərinsə irişən dodaqlarının küncündən siqaret
sallanırdı. Kərimlə əfqan əsgər puştu dilində nəsə danışırdılar. Qulağıma çatanlar-
dan anladım ki, onlar Tur və onun qara bəxti haqqında nəsə danışırdılar. Rus əsgər
başını yük yerinin içərisinə saldı. O, zümzümə etdiyi toy marşının ritmini barmaq-
ları ilə yük yerinin qapısına döyəcləyirdi. Ayın tutqun işığında da sərnişinləri bir-bir
süzən əsgərin yağlı baxışlarını görə bilmişdim. Soyuq olmasına baxmayaraq,
qaşlarının üstündən tər süzülürdü. Gözləri qara şala bürünmüş gənc qadının
üzərində dayandı. Gözlərini qadından çəkmədən Kərimə rusca nəsə dedi. Kərim
rusca qısa cavab verdi və rusdan ondan da qısa bir cavab eşitdi. Əfqan əsgər də ya-
vaş, məntiqli səslə nəsə dedi. Amma rus əsgərin qışqırtısından ikisi də diksindi.
Yanımda Babanın gərildiyini hiss etdim. Kərim boğazını arıtladı, başını aşağı saldı.
Dedi ki, rus əsgər maşındakı qadınla yarım saat keçirmək istəyir.
Gənc qadın şalını üzünə salıb, ağlamağa başladı. Ərinin qucağında oturmuş
uşaq da ona qoşuldu. Ərinin avazıyan siması göydə süzən ay rəngində idi. O,
Kərimə dedi ki, “Cənab Əsgər Sahibdən” bir az mərhəmətli olmasını xahiş etsin.
Bəlkə, onun da bacısı, ya anası var, bəlkə, hələ arvadı da var idi. Rus Kərimin
dediklərinə qulaq asıb, it hürüşünə bənzər səslə cavab verdi.
“Bizə keçid verməsinin müqabilində bunu istəyir” deyən Kərim arvadın ərinin
gözünün içinə baxmaqdan yayınırdı.
– Axı biz artıq bunun qiymətini ödəmişik. Ona yaxşı pul ödənib.
Kərimlə rus əsgər nəsə danışdılar, sonra o yenə bizə tərəf döndü:
– O deyir... deyir ki, hər qiymətin əlavə dəyər vergisi də olur.
Bu yerdə Baba ayağa qalxdı. Mən onun ayağından tutub saxlamağa çalışdım.
Amma Baba əlimi itələyib durdu. O ayaq üstə duranda ayın qabağını kəsdi.
– Bu adamdan dediklərimi soruşmanı istəyirəm.
Baba bu sözləri Kərimə desə də, düz rus zabitin üzünə baxırdı:
– Soruş, onun abrı-həyası haradadır?
Onlar nəsə danışdılar.
– Deyir ki, müharibədir. Müharibədə abır-həya olmur.

– Ona de ki, o, haqlı deyil. Müharibə adamın ləyaqətini yox eləmir. Əksinə,
müharibə vaxtı ləyaqətə dinc vaxtdan daha çox ehtiyac var.
Doğrudanmı, hər zaman qəhrəman olmalısan? Ürəyim uçuna-uçuna
düşünürdüm ki, görəsən, niyə o, bir dəfə hər şeyi olduğu kimi buraxa bilməz?
Amma bilirdim ki, bacarmaz – təbiətində yoxdu. Problem bundan ibarət idi ki,
onun təbiəti bizim hamımızı öldürə bilərdi.
Rus əsgərinin gülüşdən dodağı əyildi. Kərimə nəsə dedi.
– Ağa sahib, – Kərim dedi. – Bu ruslar bizim kimi deyillər. Onlar namus, hörmət
nədir, anlamırlar.
– O, nə dedi?
– O dedi ki, güllə sizin içinizə girəndə o da...
Kərim cümləni tamamlamadı, amma başı ilə əsgərin gözü düşən qadına tərəf
işarə elədi. Əsgər bitməmiş siqaretini atıb tapançasını çıxardı. Baba da burda
öləcək, deyə düşündüm. Demək bu, belə baş verəcəkmiş. Beynimdə məktəbdə
öyrəndiyim duanı təkrarlamağa başladım.
– Ona de ki, mən ləyaqətsiz hərəkətə imkan verməkdənsə min belə güllə
almağa hazıram, – Baba dedi.
Altı il əvvəlki qış günü yadıma düşdü. Həmin dalanın arxasından baxmağımı
xatırladım. Kamal ilə Vəlinin Həsəni tutmasını, Asifin yan əzələlərinin gərilib açıl-
masını, irəli, geri hərəkət etməsini. Mənim qəhrəmanlığım ancaq çərpələng üçün
narahat olmaqdan ibarət idi. Bəzən mən də şübhə edirdim ki, Babanın oğluyam.
Buldoq sifətli rus tapançanı qaldırdı.
– Baba, xahiş edirəm, otur, – deyə, onun pencəyinin qolundan dartdım. –
Məncə o, doğrudan da səni güllələmək istəyir.
Baba əlimi hirslə itələdi.
– Sənə heç nə öyrətməmişəm mən? – deyə qışqırıb, irişən əsgərə tərəf
çevrildi.
– Ona de ki, məni birinci güllə ilə öldürsə yaxşıdır. Çünki yıxılmasam, o, lənətə
gəlmişi parça-parça edəcəyəm!
Rus əsgər tərcüməyə qulaq asanda da irişən sifətindəki ifadə dəyişmədi.
Tapançasının qoruyucu düyməsini basdı. Silahı Babanın sinəsinə yönəltdi. Ürəyim
ağzıma gəlmişdi, üzümü əllərimin içinə aldım.
Atəş açıldı.
Bitdi, deməli. Mənim 18 yaşım var və mən tək qalmışam. Heç kimim qalmayıb.
Baba ölüb və mən onu basdırmalıyam. Onu harda basdırıb, sonra hara
gedəcəkdim?
Amma gözlərimi açanda başımdakı yarımçıq düşüncələrin burulğanı qırıldı.
Baba hələ də ayaq üstündə idi. Çöldə ikinci rus zabit də dayanmışdı. Onun yuxarı
qaldırdığı tapançasının lüləsindən tüstü hələ də burulurdu. Babanı öldürmək
istəyən əsgər artıq tapançasını qoburuna qoymuşdu. Bir ayağını götürüb, o birini

qoyurdu. Mən heç vaxt bu qədər həyəcanlanmamışdım – eyni zamanda həm
ağlamaq, həm gülmək istəyirdim.
Çal saçlı və ağır duruşlu ikinci rus zabit pozuq farsca danışırdı. O, yoldaşının
davranışına görə üzr istədi.
– Rusiya onları buraya, sadəcə, döyüşmək üçün göndərir. Amma onlar
uşaqdırlar və bura gələndə narkotikin təsirindən bihuş olurlar.
O, gənc zabitə özünü pis aparan oğluna görə qəzəblənmiş ata kimi kədərlə
baxıb sözünə davam etdi:
– Bu, artıq narkotikə qurşanıb. Onu dayandırmağa çalışacam, – deyib, bizimlə
sağollaşdı.
Bir neçə dəqiqə sonra artıq ordan uzaqlaşırdıq. Mən gülüş, sonra isə birinci
əsgərin dili dolaşa-dolaşa köhnə toy mahnısını oxumasını eşitdim.
ON BEŞ DƏQİQƏ SÜKUT içində getdikdən sonra gənc qadının əri birdən ayağa
qalxıb, indiyə kimi bir çox adamın mənim gözlərimin qarşısında etdiyi hərəkəti etdi:
Babanın əlini öpdü.
TURUN QARA BƏXTİ. Mənim Mahipərdə adamların danışığından eşitdiyim
sözlər bu deyildimi?
Biz Cəlalabada gün batmamışdan bir saat əvvəl gəlib çatdıq. Kərim tələsik bizi
yük maşınından düşürüb, balaca evlər, akasiya ağacları və qapalı dükanlarla dolu
iki palçıqlı yolun kəsişməsindəki birmərtəbəli evə soxdu. Əşyalarımızı çəkib evə
girəndə kəsən şaxtadan qorunmaq üçün paltomun yaxalığını qaldırdım. Niyəsə
yadımda evin içindən turp iyi gəldiyi qalıb.
Tüstü basmış, demək olar ki, heç bir əşyası olmayan qonaq otağına girəndən
sonra Kərim çöl qapını bağladı, əski çıxarıb pərdə əvəzinə pəncərələri qapatdı.
Sonra dərindən nəfəs alıb bizə pis xəbəri çatdırdı.
Onun qardaşı Tur bizi Peşəvərə apara bilməyəcəkmiş. Deyəsən, bir həftə əvvəl
yük maşınının mühərriki partlayıbmış, Tur isə hələ də onun ehtiyat hissələrinin
gətirilməsini gözləyirdi.
– Nə? Keçən həftə? – kimsə qışqırdı.
– Bunu bilirdinizsə, niyə bizi bura gətirdiz?
Gözümün qırağı ilə Baba olan küncdə bir hərəkət gördüm. Sonra otağın bu
başından o başına ildırım sürətli hərəkət və Kərim artıq ayaqları yerdən üzülmüş,
divara sıxılmışdı. Babanın barmaqları onun boğazına dolanmışdı.
– Mən deyim də, niyə, – Baba qışqırdı. – Çünki yolun özünə aid hissəsi üçün
pul alacaqdı. Ona lazım olan da ancaq bu idi.
Kərim boğula-boğula udqunmağa çalışdı. Tüpürcəyi ağzının kənarından
süzülüb axdı.
Sərnişinlərdən biri:
– Ağa, onu yerə qoy, öldürərsən, – dedi.

– Elə mən də bunu eləmək istəyirəm, – dedi Baba. Otaqdakılar hələ
anlamamışdılar ki, Baba zarafat eləmir. Kərim qıpqırmızı qızarmış, ayaqları ilə təpik
atırdı. Rus əsgərin gözü düşən gənc ana yalvarmağa başlayana qədər Baba onu
boğmaqda davam etdi.
Baba, nəhayət ki, onu buraxanda Kərim yıxılıb, acgözlüklə hava almağa
başladı. Otağa sakitlik çökdü. İki saat əvvəl Baba tanımadığı bir qadının namusunu
qorumaq üçün güllə almağa hazır idi. İndi isə bir adamı az qala boğmuşdu və yenə
də həmin qadının yalvarışları olmasaydı, adamı məmnuniyyətlə öldürəcəkdi.
Yaxınlıqdan səs gəldi. Əslində yaxın yer ayağımızın altında idi.
– Bu nədir? – kimsə soruşdu.
– Başqaları, – hələ də nəfəsini almağa çətinlik çəkən Kərim dedi. –
Zirzəmidədirlər.
– Nə qədər vaxtdır, gözləyirlər? – Kərimin başı üstündə dayanan Baba
soruşdu.
– İki həftədir.
– Sən axı deyirdin, yük maşını keçən həftə xarab olub.
Kərim boğazını qaşıyaraq:
– Ola bilsin ondan əvvəlki həftə idi, – deyə mızıldadı.
– Nə qədər?
– Nə nə qədər?
– Ehtiyat hissələrini nə qədər gözləmək lazım gələcək? – Baba bağırdı.
Kərim diksindi, amma cavab vermədi. Yaxşı ki, otaq qaranlıq idi. Mən Babanın
sifətində qatil ifadəsi görmək istəmirdim.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin