Az Book Library Filosof Fikri



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə8/28
tarix26.11.2016
ölçüsü5.01 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
asılmış paltarlar küləyin mehindən kəpənək kimi rəqs edirdilər.
Biz ağacdan nar yığdıq. Hekayəmi çıxarıb, birinci səhifəni açdım, sonra
əlyazmanı yerə qoydum. Ayağa qalxıb, yetişib, yerə tökülmüş narlardan birini
götürdüm.
Əlimdə narı atıb-tutaraq, soruşdum:
– Bunu sənə vursam, nə edərsən mənə?
Həsənin təbəssümü söndü. O, mənim xatırladığımdan daha yaşlı görünürdü.
Yaşlı yox, qoca. O, qocaya bənzəyirdi. Bu necə olmuşdu? Qırışlar onun qaralmış
üzünə naxış açmış, gözünü, ağzını əhatəyə almışdı. Mən bıçağı götürüb, o naxışları
özüm də cızmış ola bilərdim.
– Neylərdin? – sualımı təkrarladım.
Həsənin rəngi qaçmışdı. Oxumağa söz verdiyim hekayənin səhifələri küləklə
oynayırdı. Narı atdım. Meyvə Həsənin sinəsinə dəyib ətrafı qırmızıya boyadı.
Həsənin qışqırığında həm təəccüb, həm ağrı gizlənmişdi.
– Cavabımı ver! – qışqırdım. Həsən gah sinəsindəki ləkəyə, gah mənə baxırdı.
– Qalx ayağa! Vur məni!
Həsən ayağa qalxdı. Amma o, elə durduğu yerdə dayanıb çaşqın-çaşqın mənə
baxırdı. Bu anda o, çimərlikdə gəzintidən həzz aldığı yerdə vəhşi dəniz heyvanın
hücuma məruz qalmış adama bənzəyirdi.
Mən ona bir nar da atdım. Bu dəfə zərbə çiynindən gəldi. Narın şirəsi üzünə
fısqırdı.
– Sən də vur! – qışqırdım. – Lənətə gələsən, vur məni!
Kaş ki o vuraydı. Onun məni cəzalandırmasına susamışdım. Bunu etsəydi,
bəlkə mənim də gecələr gözümə yuxu gedərdi. Bəlkə, onda hər şey əvvəlki axarına
dönərdi. Amma mən onu nar atəşinə tutsam da Həsən heç nə eləmirdi.
– Sən qorxaqsan! – dedim. – Lənətə gəlmiş qorxağın biri qorxaq!
Bilmirəm, onu neçə dəfə vurdum. Bircə onu bilirəm ki, əldən düşüb
dayananda Həsən, sanki, güllə-barandan çıxmışdı, qıpqırmızı idi. Yorğun, tükənmiş,
məyus halda diz üstə yıxıldım.
Onda Həsən, axır ki, bir narı götürdü. Mənə tərəf gəldi. Narı əli ilə açıb,
alnında əzdi.
– Al, – qışqırdı. Narın qırmızı şirəsi onun üzündə qan kimi üzü aşağı süzülürdü.
– İndi razı qaldın? Rahatladın?
Bunu deyib, Həsən üzünü çevirdi və təpə ilə üzüaşağı, geriyə yol aldı.

Mən göz yaşlarımı azad buraxdım. Hələ diz üstə idim, yerimdə yırğalanırdım.
– Mən sənə neynəyim axı, Həsən? Neynəyim sənə? – sözlərini təkrarlayırdım.
Göz yaşım quruyanda və özümü evə çatdıranda artıq bu sualın cavabını bilirdim.
1976-cı İLİN HƏMİN YAYI mənim on üç yaşım tamam oldu. Əfqanıstanda sülh
və həmrəyliyin sona çatdığı yay artıq arxada qalmışdı. Baba ilə mənim aramda da
münasibətlər yenə sərinləmişdi. Məncə, zanbaq əkdiyimiz zaman yeni qulluqçu
gətirmək barədə dediyim sözlərdən sonra başlamışdı soyuma. Mən dediyimə
peşman idim – həqiqətən də peşman idim. Amma, düşünürəm ki, hətta o sözləri
deməsəm də, bizim balaca xoşbəxtlik mövsümümüz sona çatacaqdı. Bəlkə, bu, bu
qədər tez baş verməyəcəkdi, amma hökmən bitəcəkdi. Yayın sonunda nahar
söhbətlərini yenə qab-qaşıq cingiltisi və sükut əvəzlədi, Baba da əvvəlki kimi axşam
yeməyindən dərhal sonra kabinetinə çəkilir, qapını bağlayırdı. Mən də axşamlarımı
Hafiz ilə Xəyyamı vərəqləməklə keçirirdim. Hekayə yazmaqdan barmaqlarımın
ucları keyimiş, döyənək olmuşdu. Onları çarpayımın altında qalaq-qalaq yığıb,
saxlayırdım. Hərçənd ki, Babanın nə vaxtsa hekayələrimi ona oxumağımı xahiş
edəcəyinə böyük şübhəm var idi.
BABANIN QONAQLIQ VERMƏ prinsipi belə idi: ya bütün dünyanı çağırmalısan,
ya da bu ziyafət deyil. Yadımdadır, ad günümdən əvvəl dəvət ediləcək adamların
siyahısına göz gəzdirəndə, mənə hədiyyə gətirəcək və on üç yaşıma çatmağım
münasibətilə təbrik edəcək dörd yüzdən artıq əmi və xalaların ən azı dörddə üçünü
tanımamışdım. Sonra isə anlamışdım ki, əslində bu adamların gəlmələrinin səbəbi
mən deyiləm. Ad günü mənimki idi, amma şounun əsl ulduzu bir başqası.
Babanın kömək üçün bir neçə günlük tutduğu adamlar evdə qaynaşırdı. Bir
buzov və iki quzu ilə gələn qəssab Səlahəddin gətirdiyi heyvanlar üçün pul
almaqdan imtina etmişdi. O, heyvanları həyətdəki qovaq ağacının altında öz əlləri
ilə kəsdi. Qovağın dibindəki ot qırmızıya boyananda, qəssabın “qanın ağaca faydası
var” deməsi də yaxşı yadımdadır. Tanımadığım kişilər əllərində elektrik xətləri və
lampalarla palıd ağaclarına dırmaşır, başqa adamlar həyətdə onlarla stol qurub
üstünə süfrə salırdı. Böyük ziyafətdən əvvəlki gecə Babanın Şəhri-Noda kabab
evinin sahibi olan dostu Dil-Məhəmməd öz ədviyyat torbası ilə bizə gəlmişdi.
Qəssab kimi Dil-Məhəmməd də – Baba onu Dello çağırırdı – pul almaqdan imtina
etmişdi. O dedi ki, Baba onun ailəsinə kifayət qədər yaxşılıq edib. Dello ətin bas-
dırmasını hazırlayanda Rəhim Xan qulağıma pıçıldadı ki, Dellonun restoran açması
üçün ilkin sərmayəni Baba ona borc veribmiş. Baba uzun müddət pulu ondan geri
almaq istəmirmiş. Amma bir gün Dello “Mercedes Bens” maşınında bizim
qapımızın ağzında peyda olmuş və Baba pulu ondan almasa, çıxıb getməyəcəyini
bildirmişdi.
Bir çox cəhətdən, ya da ən azı ziyafətin keyfiyyəti qiymətləndirilərsə, mənim
ad günüm çox uğurla keçmişdi. Evimizdə heç vaxt bu qədər adam olmamışdı.

Əlində içki, qonaqlar dəhlizlərdə söhbət edir, pilləkənin başında qapı məhəccərinə
söykənib, siqaret çəkirdilər. Onlar harda yer tapsalar, orda otururdular – mətbəx
masasının üstündə, foyedə, hətta pilləkənin altında da oturan vardı. Həyətdə
qonaqlar ağaclardan sayrışan mavi, qırmızı və yaşıl lampaların altında bir-birinə
qarışmışdı. Həyətin dörd bir yanına sancılmış kerosin məşəllərin işığı onların
üzündə işıq saçırdı. Baba bağa baxan balkonda səhnə düzəltmiş və həyətin bir neçə
yerində səsgücləndirici qoymuşdu. Səhnədə – rəqs edən kütlənin başı üstündə
Əhməd Zahir akkordeon çalır və mahnı oxuyurdu.
Mən hər bir qonağı şəxsən salamlamalı idim – Baba şəxsən buna nəzarət
edirdi ki, ertəsi gün onun tərbiyəsiz uşaq böyütdüyü barədə qeybət edən olmasın.
Mən yüzlərlə adamın yanağından öpməli, heç tanımadığım adamları qucaqlayıb,
gətirdiyi hədiyyələrə görə təşəkkür etməli olmuşdum. Süni təbəssümdən dartılan
üzüm əməlli-başlı ağrıyırdı.
Baba ilə həyətdə qurulmuş barın yanında dayananda kiminsə “Ad günün
mübarək, Əmir” dediyini eşitdim. Asif idi, valideynləri ilə birgə dayanmışdı. Asifin
atası Mahmud balacaboy, arıq kişi idi, tünd dərisi və uzun sifəti vardı. Anası Tanya
isə daim gülümsəyən və göz qırpan balaca, əsəbi qadın idi. Onların ikisinin arasında
dayanıb irişən Asif valideynlərindən boyca hündür idi. Onları dümsükləyib, bizə
doğru itələdi, sanki, onları bura zorla gətirmişdi. Sanki, o valideyn, onlarsa uşaq idi.
İçimdə titrəyiş hiss etdim. Baba onlara gəldikləri üçün təşəkkür etdi.
– Sənin hədiyyəni öz əllərimlə seçmişəm, – dedi Asif. Tanyanın sifəti uzandı,
gah mənə, gah Asifə baxırdı. O, daha bir süni təbəssümlə gülümsədi və gözünü
qırpdı. Görəsən, Baba hiss eləmişdimi?
– Hələ də futbol oynayırsan, Asif can? – Baba soruşdu. O, həmişə mənim Asiflə
dost olmağımı istəyirdi.
Asif gülümsədi. Təbəssümündəki şirinlik səmimiyyət saçırdı – qorxunc
mənzərə idi.
– Əlbəttə, əmi can.
– Sağ cinahda oynayırsan da, səhv eləmirəm ki?
– Əslində mən bu il mərkəz hücumçu oldum. Belə daha çox qol vurmaq imkanı
olur. Gələn həftə Mekro-rayan komandası ilə oynayacağıq. Yaxşı oyun olmalıdır.
Onların da yaxşı oyunçuları var.
Baba təqdir əlaməti olaraq başını tərpətdi.
– Bilirsən, mən də cavan olanda mərkəz hücumçusu olmuşam.
– Mərc gəlirəm, istəsəniz indi də oynaya bilərsiniz, – deyib, Asif Babaya
dostcasına göz vurdu.
Baba da cavabında göz vurub:
– Görürəm atan özünün dünyaca məşhur olan şirindilliyini sənə də öyrədib, –
dedi.
Baba Asifin atasının qoluna girəndə, az qala yazığı yerə yıxmışdı. Mahmudun
gülüşü elə Tanyanın təbəssümü qədər səmimi idi. Düşündüm, görəsən, oğulları

onları da qorxudurmu? Zorla gülümsəməyə çalışdım – atamla Asifin
mehribanlığına baxanda ürəyim bulanırdı.
Asif gözlərini üzümə qaldırdı:
– Vəli ilə Kamal da burdadır. Onlar sənin ad gününü heç vaxt qaçırmazdılar, –
deyərkən ürəyində mənə gülməsini hiss etməyə bilmədim. Cavab əvəzinə başımı
tərpətməklə kifayətləndim.
– Sabah bizdə balaca voleybol oyunu təşkil etmək haqqında düşünürük, – Asif
gözümün içinə baxaraq, davam edirdi. – Bəlkə, sən də bizə qoşulasan? İstəyirsən,
Həsəni də gətir.
– Yaxşı fikirdir, – Baba sevincək dedi. – Sən nə düşünürsən, Əmir?
– Mən voleybol oynamağı xoşlamıram, – deyə mızıldandım. Babanın
gözlərindəki işığın söndüyünü gördüm, ortaya çökmüş sükut artıq narahatlığa
səbəb olurdu.
– Bağışla, Asif can, – deyib Baba çiynini çəkdi. Onun mənim əvəzimə üzr
istəməsi çox ağır gəlirdi.
– Narahat olmayın, zərər yoxdur, – Asif yenə də sakitləşmirdi. – Amma dəvət
qüvvəsində qalır. Nə vaxt istəsən, gələrsən. Eşitmişəm sən oxumağı çox sevirsən,
odur ki, sənə kitab aldım. Sevimli kitablarımdan biridir. – Bükülmüş ad günü
hədiyyəsini mənə uzatdı. – Ad günün mübarək.
Asifin əynində kətan köynək və mavi enli şalvar, qırmızı ipək qalstuk və par-par
parıldayan qara dabanlı çəkmələr vardı. Ondan odekolon ətri gəlirdi və sarı
saçlarını səliqə ilə başının arxasında yığmışdı. Kənardan baxan üçün o, hər bir
valideynin arzusu olan bir övlad idi – güclü, hündür, yaxşı geyinmiş və nəzakətli,
istedadlı, heyran baxışlarla baxmağı bacaran bir oğlandı, hələ böyüklərlə zarafat
etmək cəsarətini demirəm. Amma məncə, gözlərindən hər şey məlum olurdu.
Gözlərinin içinə baxanda qılaf yırtılır, onun arxasındakı dəlilik üzə çıxırdı.
– Hədiyyəni götürməyəcəksən, Əmir? – Baba məni düşüncələrimdən ayırdı.
– Nə?
– Hədiyyən, – Babanın səsindən hövsələsinin tükəndiyi bilinirdi. – Asifcan sənə
hədiyyə verir.
– Aha, – deyib, qutunu götürdüm və gözlərimi aşağı saldım. Həmin anda bu
adamlardan uzaq, otağımda kitablarımla yalnız olmağı hər şeydən çox istəyirdim.
– Və? – Baba məndən nə isə gözləyirdi.
– Nə?
Baba səsinin tonunu aşağı saldı. Mən onu utandıranda o həmişə belə edirdi.
– Asifcana təşəkkür etməyəcəksən? O, sənə lütf eləyib.
Axı Baba niyə onu belə çağırırdı? Mənə “Əmircan” dediyi çoxmu olmuşdu?
– Təşəkkür, – dedim.
Asifin anası, sanki, nəsə demək istəyirmiş kimi mənə baxdı, amma heç nə
demədi. Burda anladım ki, gələndən bəri Asifin nə atası, nə də anası bir kəlmə də
deməyiblər. Baba ilə özümü daha da biabır etməmək, amma daha çox Asifin

irişməsini görməmək üçün kənara çəkildim. Gedərkən “Gəldiyiniz üçün çox sağ
olun” dedim.
Həyətdə dayanmış qonaqların arasından sivişib, işləməli dəmir darvazaya
çatdım. Çölə çıxıb, üzü aşağı getdim. Bizim həyətdən iki ev aralıda geniş, zibillə
dolu boş torpaq sahəsi vardı. Baba Rəhim Xana deyəndə eşitmişdim ki, torpaq
sahəsini hakim alıb və indi memar layihə üzərində işləyir. Hələliksə bu torpaq
sahəsi bomboş qalıb, zibil, daş və alaq meydanına çevrilmişdi.
Asifin hədiyyəsinin büküldüyü kağızı açıb, kitabın üz qabığını ay işığına tutdum.
Bu, Hitlerin tərcümeyi-halı idi. Onu alağın içinə atdım. Qonşunun hasarına
söykənib, yerə sürüşdüm. Sonra isə qaranlıqda, dizlərimi çənəmə dayayaraq,
oturub, gecənin bitməsini gözlədim.
– Sən qonaqlarınla əylənməli deyilsənmi? – tanış səs gəldi. Rəhim Xan divarın
dibi ilə mənə sarı gəlirdi.
– Bundan ötrü onların mənə ehtiyacı yoxdur. Baba ordadı axı, – dedim. Rəhim
Xan yanımda oturanda əlindəki stəkanın içindəki buz şüşəyə dəyib, cingildədi. –
Sizin də içki içdiyinizi bilmirdim.
– Belə çıxır ki, mən də içirəm, – deyib, məni yüngülcə dümsüklədi. – Amma
yalnız xüsusi hallarda.
Gülümsədim.
– Təşəkkür, – dedim.
Stəkanını mənim şərəfimə qaldırıb, bir qurtum içdi. Sonra bir siqaret yandırdı.
Baba və o, həmişə bu Pakistan istehsallı filtrsiz siqaretdən çəkirdilər.
– Mən sənə demişəm ki, bir dəfə az qala evlənmişdim?
– Doğrudan? – dedim və Rəhim Xanı evlənmiş birisi olaraq təsəvvürümə
gətirib, gülümsədim.
Mən onun haqqında həmişə Babanın sakit ruh əkizi, mənim ədəbi tənqidçim,
dostum, xaricə gedəndə mənə sovqat, suvenir gətirməyi heç vaxt unutmayan
yoldaş kimi düşünmüşdüm. Amma ər? Ata?
O, başı ilə təsdiqlədi:
– Doğrudan. On səkkiz yaşım var idi onda. Onun adı isə Hüməyra idi. O,
qonşumuzun həzara qulluqçusunun qızı idi. Pəri kimi gözəl idi. Açıq qəhvəyi saçları,
böyük, qonur gözləri var idi. Elə gülüşü vardı ki... Hələ də hərdən qulağımda
səslənir”. Rəhim Xan əlindəki stəkanı çalxaladı. “Biz atamın alma bağında,
gecəyarısı, hamı yatandan sonra gizlicə görüşərdik. Ağacların altında gəzərdik və
mən onun əlindən tutardım. Utandırıram səni, Əmir can?
– Bir az.
– Heç nə olmaz, – deyib, bir qurtum da içdi. – Nə isə... Xəyal qurmuşduq ki,
böyük, zəngin bir toyumuz olacaq və Kabildən Qəndəhara qədər bütün dostlarımızı
və qohumlarımızı həmin toya dəvət edəcəyik. Mən mərmər döşəməli, geniş
pəncərəli böyük ağ ev tikəcəkdim. Biz bağda meyvə ağacları və müxtəlif gül növləri
əkəcək, uşaqlarımızın oynaması üçün çəmən salacaqdıq. Arzularımızda cümə

günləri məsciddə namazdan sonra hamı bizim evimizə günorta yeməyinə toplaşar
və biz bağda, albalı ağaclarının altında yemək yeyər, quyudan çəkdiyimiz sərin suyu
içərdik. Sonra isə uşaqlarımızın öz xala və əmi uşaqları ilə oynamağına baxıb,
konfetlə çay içərdik.
O, viskidən iri bir udum da içdi. Öskürdü və sözünə davam etdi:
– Mən bu xəbəri ailəmə verəndə atamın üzündəki ifadəni görəydin. Anamın
elə həmin yerdə ürəyi getdi. Bacılarım onun üzünə su səpib, bir az üzünə hava
verəndən sonra ayılmışdı. O mənə elə baxırdı ki, elə bil indicə boğazını üzmüşdüm.
Qardaşım Cəlal artıq ov tüfəngini götürməyə getmişdi, atam onu saxladı”. Rəhim
Xan acı-acı güldü. “Onda Hüməyra və mən bütün dünyaya qarşı idik. Və sənə
deyim ki, Əmircan: sonda həmişə dünya qalib gəlir. Dünyanın gərdişi belədir.
– Sonra nə oldu?
– Həmin gün atam Hüməyranı ailəsi ilə birgə yük maşınına mindirib
Həzaracata göndərdi. Bir daha onu görmədim.
– Təəssüf edirəm.
– Yəqin ki, ən yaxşısı elə bu idi, – deyib, Rəhim Xan çiyinlərini çəkdi. – O, yəqin
ki, əzab çəkərdi. Mənim ailəm onu heç vaxt qəbul etməzdi. Adamlar bu gün
ayaqqabısını təmizlətdirdikləri birisinə ertəsi gün bacı deyə bilmirlər.
Sözünü bitirdikdən sonra o, mənə baxdı.
– Bilirsənmi, Əmir can, sən mənə istədiyin hər şeyi deyə bilərsən. İstədiyin
vaxt.
– Bilirəm, – dedim, amma səsim o qədər də arxayın çıxmadı. O, uzun-uzun,
sanki, gözləyirmiş kimi mənə baxdı, dərin gözləri aramızdakı sirri tapmağa çalışırdı.
Hansısa məqamda mən ona hər şeyi deməyə hazır idim. Mən ona hər şeyi
deyəcəkdim, bundan sonra o mənim haqqımda nə düşünəcəkdi? Yəqin ki, nifrət
edəcəkdi, haqqı da vardı.
– Al, – deyib, mənə bir bağlama verdi. – Az qala yadımdan çıxmışdı. Ad günün
mübarək!..
Bu, qəhvəyi dəri üzlüklü dəftər idi. Mən barmaqlarımı dəftərin qızılı rəngli
spiral kənarında gəzdirdim. Dərini iynədim.
– Bu sənin hekayələrin üçündür, – dedim. Ona təşəkkür etmək istəyirdim ki,
partlayış səsi gəldi və alov göyü işıqlandırdı.
– Atəşfəşanlıq!
Biz tələsik evə qayıtdıq. Qonaqlar hamısı həyətdə, gözləri göyə dikilmişdi. Hər
partlayış və sonrakı uğultu uşaqların qışqırığı və fiti ilə müşayiət olunurdu. Hər
dəfə atəş göyə qalxıb, partlayaraq, alov buketinə çevriləndə adamlar alqışlayır, əl
çalırdılar. Hər bir neçə saniyədən bir həyət yaşıl, sarı, qırmızı rəngə boyanırdı.
Belə qısa partlayışlardan birində heç zaman unutmayacağım bir səhnəni
gördüm: Həsən əlində gümüş sinidən Asif və Vəliyə içki verirdi. İşıq söndü, sonra
uğultu, partlayış və yenə həyət işıqlanır. Bu dəfə narıncı işıqda Asif irişərək,
beşbarmağı ilə Həsənin sinəsini əzişdirir.

Sonra isə, çox şükür, qaranlıq çökür.
DOQQUZ
Ertəsi gün səhər otağımın ortasında oturub, bir-bir hədiyyə qutularını açırdım.
Niyə əziyyət çəkdiyimi anlamıram, çünki onsuz da onlara həvəssiz göz gəzdirib,
otağın küncünə atırdım. Hədiyyə qalağı getdikcə böyüyürdü: Polaroid
fotokamerası, tranzistor radioqəbuledici, oyuncaq elektrik qatarı modeli və içində
nağd pul olan bir neçə zərf vardı. Bilirdim ki, nə bu pulu xərcləyən, nə də radioya
qulaq asanam, heç elektrik qatarının relslərini də otağımda quraşdırıb, qatarı işə
salacaq deyildim. Bunların heç biri mənə lazım deyildi – bu hədiyyələrin hamısı qan
bahasına idi; Mən çərpələng yarışını udmasaydım, Baba mənə belə ad günü
ziyafəti təşkil etməyəcəkdi.
Baba mənə iki hədiyyə vermişdi. Biri, heç şübhəsiz, qonşuluqdakı bütün
uşaqların göz dağına çevriləcəkdi – yeni, yağın içində “Schwinn Stingray”
velosipedlərin kralı idi. Kabildə təzə “Stingray” sürən uşaqları barmaqla saymaq
olardı və indi mən onlardan biri idim. Onun qara rezin tutacaqları daha hündür idi,
banana bənzər oturacağı isə dillər əzbəri idi. Oxları qızılı idi, metal gövdəsi isə
qırmızıya boyanmışdı, lap konfetə bənzəyirdi. Ya da qana. İstənilən uşaq velosipedi
görcək üstünə hoppanıb, məhəlləni fırlanardı. Mən də bir neçə ay əvvəl elə belə
edərdim.
– Xoşuna gəlir? – Baba qapının kandarından mənim otağıma tərəf əyildi.
Quzu təbəssümü ilə gülümsəyib, “çox sağ ol” deməkdən başqa əlimdən heç nə
gəlmədi. Kaş ki, bir az daha bacarıqlı olaydım.
– İstəsən, velosiped sürməyə çıxa bilərik.
Babanın dəvəti o qədər də həvəsli səslənmirdi.
– Bəlkə sonra. Mən bir az yorğunam, – dedim.
– Hə, əlbəttə.
– Baba?
– Bəli?
– Atəşfəşanlığa görə çox sağ ol, – dedim. Mənim təşəkkürüm elə Babanın
dəvəti qədər həvəsli idi.
– Bir az dincəl, – deyib Baba otağına üz tutdu.
Babanın digər hədiyyəsi – amma o bu hədiyyəni açmamı gözləmədi – qol saatı
idi. Saatın mavi siferblatı və şimşəyə bənzər qızılı əqrəbləri vardı. Mən onu heç

qoluma taxmadım da. Küncdə, hədiyyə qalağının üstünə qoydum. O qalağın içinə
atmadığım yeganə hədiyyə Rəhim Xanın verdiyi dəri üzlüklü dəftərçə idi.
Hədiyyələrimin içində qan qoxumayan yalnız o idi.
Mən dəftərçəni əlimə alıb çarpayımın kənarına oturdum. Rəhim Xanın
Hüməyra haqqında dediklərini düşündüm, atasının onu qovmasının əslində xeyirli
olduğunu dediyini xatırladım. “O əziyyət çəkərdi” demişdi. Humayun əminin
proyektorunun bir slaydda ilişdiyi vaxtlardakı kimi eyni mənzərə gözümün
qabağında təkrar-təkrar canlandı: Həsənin, başı aşağı halda Asif və Vəliyə içki
ikram etməsi. Bəlkə, bu daha yaxşı olardı? Onun əziyyəti azalardı. Mənimki də.
İstənilən halda, bura qədəri aydın idi: ikimizdən birimiz getməli idik.
Həmin axşam mən təzə velosipedimi ilk və son dəfə gəzintiyə çıxardım. Bir
neçə dəfə məhəllənin o baş-bu başına sürüb, geri qayıtdım. Həyətə girəndə
Həsənlə Əli dünənki ziyafətin tör-töküntüsünü yığışdırmaqla məşğul idilər. Kağız
boşqablar, əzik salfetlər, boş içki şüşələri həyətə səpələnmişdi. Əli açılıb-yığılan
stulları qatlayıb, divarın dibinə qalaqlayırdı. Məni görüb, əl elədi.
Mən də ona əlimi yelləyib, “Salaaam Əli” dedim.
Barmağı ilə mənə gözləməyimi işarə edib, yaşadığı daxmaya yönəldi. Bir
dəqiqə sonra o əlində nə iləsə geri qayıtdı.
– Keçən gecə Həsənlə mənim bunu sənə vermək imkanımız olmadı, – deyib
qutunu mənə uzatdı. – Bu kasıb hədiyyə sənə layiq deyil, Əmir ağa. Amma biz
ümid edirik ki, sənin xoşuna gələr. Ad günün mübarək.
Boğazım tıxanırdı.
– Çox sağ ol, Əli, – dedim. Kaş ki, o mənə heç nə almayaydı. Mən qutunu
açdım və “Şahnamə”nin yeni nəşrini gördüm. Qalın üzlüklü kitabın işıldayan vərəq-
lərində şeirlərin altında rəngli illüstrasiyalar da vardı. Burda yeni doğulmuş oğlu
Keyxosrova baxan Firəngiz də, at üstündə, qılıncını yuxarı qaldırıb, ordusunu dö-
yüşə aparan Əfrasiyab da vardı. Və əlbəttə ki, qəhrəman oğlu Söhrabı ölümcül
zədələmiş Rüstəm.
– Çox gözəldir.
– Həsən dedi ki, sənin kitabın köhnə və nimdaşdır, hələ bəzi vərəqləri də itib.
Burdakı şəkillərin hamısı əl işidir, qələm və mürəkkəblə çəkilib, – deyə o, nə
özünün, nə də oğlunun oxuya bildiyi kitabı qürurla tərif edirdi.
– Əladır, – dedim. Doğrudan da əla idi. Özü də, deyəsən, ucuz başa
gəlməmişdi. Əliyə demək istəyirdim ki, layiq olmayan kitab yox, mən idim. Yenə də
velosipedə hoppandım.
– Həsənə mənim adımdan təşəkkür elə, – dedim.
Sonda mən kitabı da divar küncündəki hədiyyə qalağının üstünə qoydum.
Amma gözlərim qeyri-ixtiyari daim ona baxdığından, sonra onu lap dibdə
gizlətdim. Həmin gecə yuxuya getməzdən əvvəl Babadan mənim təzə saatımı
görüb-görmədiyini soruşdum.

ERTƏSİ GÜNÜN SƏHƏRİ Əlinin mətbəx masasını yığışdırmasını gözlədim. O
qabları yuyandan, stolları siləndən sonra, yataq otağımın pəncərəsindən, Həsənlə
Əlinin əl arabası ilə bazara getməsini izlədim.
Onlar gözdən itəndən sonra hədiyyə qalağından içində pul olan bir neçə zərf
və qol saatını götürüb barmaqlarımın ucunda otaqdan çıxdım. Babanın kabinetinin
yanında ayaq saxlayıb, qulaq verdim. O, bütün səhəri orda telefonla zəng edir,
kiminləsə danışırdı. Elə indi də telefonda idi, gələn həftə gəlib çıxacaq fərşlərin yola
salınmasını müzakirə edirdi. Mən aşağı endim, həyəti keçib, Əli ilə Həsənin əzgil
ağacının yanındakı daxmasına girdim. Həsənin döşəyini qaldırıb, təzə saatımı və bir
ovuc təzə əfqanini onun altına qoydum.
Təxminən yarım saat gözlədim. Sonra Babanın qapısını döyüb, növbəti yalanı
danışanda, ümid edirdim ki, bu mənim həyatımı zəhərləyən yalanların sonuncusu
olacaq.
YATAQ OTAĞIMIN PƏNCƏRƏSİNDƏN Əli ilə Həsənin ət, çörək, meyvə və
tərəvəzlə dolu arabanı həyətə sürdüklərini gördüm. Daha sonra Babanın evdən
çıxıb, Əliyə tərəf getdiyini. Baba ilə Əlinin nə danışdıqlarını eşitmirdim. Baba evə
işarə etdi və Əli başı ilə təsdiqlədi. Sonra onlar ayrıldılar. Baba evə, Əli isə Həsənin
arxasınca daxmaya getdi.
Bir neçə dəqiqə sonra Baba qapını döyüb, məni çağırdı:
– Kabinetimə gəl. Biz oturub, bu məsələni həll etməliyik.
Babanın kabinetinə gedib, dəri divanlardan birinə oturdum. Yarım saat, ya bir
az çox keçmiş Həsənlə Əli də ora gəldi.
ONLAR İKİSİ DƏ AĞLAMIŞDILAR; Qızarmış, şişmiş gözlərindən bəlli olurdu.
Onlar Babanın qarşısında əl-ələ dayanmışdılar. Bu səhnəyə baxdıqca etdiyim pis-
liyin miqyasına heyrət edirdim. İnsanlara belə acı çəkdirməyi harda, kimdən
öyrənmişdim?
Baba söhbəti uzatmayıb, soruşdu:
– Sən bu pulu oğurlamısan? Həsən, sən Əmirin saatını oğurlamısan?
Həsənin nazik, boğuq səslə verdiyi cavab bircə sözdən ibarət idi:
– Bəli.
Diksindim. Mənim üzümə, sanki, şillə vurmuşdular. Ürəyim düşdü. O anda az
qala həqiqəti ortaya qoyacaqdım. Sonra anladım: Bu, Həsənin son fədakarlığı idi.
Əgər “yox” desəydi, Baba ona inanacaqdı, çünki hamı bilirdi ki, Həsən yalan
danışmaz. Əgər Baba ona inansaydı, mən günahlandırılacaqdım; izahat verməyə
məcbur olsam, iç üzüm ortaya çıxacaqdı. Baba heç vaxt məni bağışlamazdı. Bunları
düşünüb, başqa bir şeyi də anladım: Həsən bilirdi. O bilirdi ki, mən dalanda baş
verənlərin hamısını görmüşəm, orda dayanıb, heç nə etməmişəm. Ona xəyanət
1   ...   4   5   6   7   8   9   10   11   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə