Az Book Library Filosof Fikri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/28
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#187
1   2   3   4   5   6   7   8   9   ...   28
qıyılardı. Gərilmiş əsəblər dözməz, hərdən dava düşərdi. Və son çərpələng kəsilən
anda ortalıq cəhənnəmə dönərdi.
O illərdə saysız hesabsız çərpələng uçuran görmüşdüm. Amma Həsənin tayı-
bərabəri yox idi. O müdhiş bir bacarıqla çərpələngin düşəcəyi yeri əvvəlcədən
hesablayıb, mükafatı yerə dəyməmiş götürərdi – sanki, daxili kompası var idi.
Buludlu qış günlərindən birində Həsənlə mən çərpələng uçururduq. Mən
arxların üzərindən hoppana-hoppana, dar küçələrin döngələrindən burularaq
Həsənin ardınca qaçırdım. Ondan bir yaş böyük olsam da, Həsən məndən daha
sürətlə qaçırdı. Çox geriyə qaldığım üçün onu çağırdım:
– Həsən! Gözlə!
Nəfəsim təngimiş, ağzımdan od çıxırdı.
O çevrildi, əli ilə istiqaməti göstərdi.
– Bu tərəfə!
Həsənin səsi burulduğu döngənin arxasında itdi. Göstərdiyi tərəfə baxdım.
Amma bu, çərpələngin döndüyü istiqamət deyildi. Quyruğu ilan kimi burulan çər-
pələng əks istiqamətdə süzürdü.
– Biz onu itirəcəyik. Əks tərəfə gedirik! – deyə qışqırdım.
– Narahat olma. Güvən mənə!
Həsənin irəlidən gələn səsinin ardınca qaçdım. Döngəni burulanda onun başını
aşağı salıb, göydə süzən çərpələngi izləmədən qaçdığını gördüm. Kürəyindən axan
tər köynəyində iz buraxmışdı. Daşa ilişib yıxıldım – Həsəndən yavaş qaçmağım
azmış kimi, həm də çox yöndəmsiz idim. Onun təbii fiziki hazırlığına heyran olardım
həmişə. Ayaq üstə qalxanda, o biri küçənin döngəsində Həsənin yoxa çıxan
kölgəsini gördüm. Arxasınca getdim. Sıyrılmış dizim elə ağrıyırdı, sanki, ona
minlərlə iynə batırırdılar.
İstiqlal Orta Məktəbinin yaxınlığında təkərlərin kələ-kötür izləri ilə şumlanmış
palçıqlı yola gəlib çıxmışdıq. Yolun bir tərəfində yayda kələm əkilən sahə, o biri
tərəfində isə albalı bağı var idi. Həsəni ağaclardan birinin altında oturmuş gördüm.
Bardaş qurub ovcundakı tut qurusunu yeyirdi.
– Burda neynirsən? – soruşdum. Ürəyim döyünür, mədəm bulanırdı.
O gülümsədi.
– Gəl bura, Əmir ağa. Mənimlə otur.
Onun yanında özümü yerə basdım. Deyinə-deyinə qarın üstünə uzandım.

– Vaxt itiririk. Görmədin, o başqa tərəfə gedir?
Həsən tut qurusunu ağzına atdı.
– Gəlir, – dedi.
Mən nəfəsimi ala bilmirdim. Onun isə səsindən gümrahlıq yağırdı.
– Hardan bilirsən?
– Bilirəm də.
– Hardan bilirsən axı?
Üzünü mənə çevirdi. Daz başından bir neçə damcı tər axdı.
– Əmir ağa, mən sənə yalan danışarammı heç?
Birdən qərara gəldim ki, onunla bir az məzələnim.
– Bilmirəm. Danışarsan?
– Mən pox yeyərəm! – onun baxışında hiddət var idi.
– Doğrudan? Bunu edərsən?
O çaşqın nəzərlərlə baxdı:
– Nəyi?
– Mən istəsəm, sən pox yeyərsən?
Mən bilirdim ki, sözlərim kobud səslənir. Onu bilmədiyi çətin sözlərə görə lağa
qoyanda da belə qəddar idim. Amma Həsənlə məzələnməkdən xəstə bir ləzzət
alırdım. Həşəratlara işgəncə verəndə eyni hissi ikimiz də keçirərdik. Amma bu dəfə
qarışqanın yerində Həsən, lupa ilə ona əziyyət verən isə mən idim.
Onun baxışları üzümdə bir xeyli gəzdi. Biz – iki oğlan albalı ağacının altında
oturub bir-birimizin üzünə, hətta göz-gözə baxırdıq. O anda mən bunu yenə gör-
düm. Həsənin üzünün dəyişməsini. Bəlkə də, bu dəyişiklik deyildi. Sadəcə, mən
eyni anda Həsənin iki üzünü görürdüm. Biri mənə yaxşı tanış olan, uşaqlıqdan
yadımda qalan Həsənin idi. O biri isə daha dərində, alt qatda gizlənmiş ifadə. Bu,
əvvəllər də baş vermişdi. Mən onun üzündəki bu dəyişiklikdən üşünürdüm. İkinci
Həsənin üzə çıxması bir an qədər çəkdi. Amma bu an kifayət idi ki, əvvəl bu ifadəni
harda gördüyümü xatırlamaq əzabına tutulum. Sonra isə onun sifəti əvvəlki halına
döndü. Bu yenə də o idi – alışdığım Həsən.
– Sən xahiş eləsən, mən bunu edərdim, – deyə, o, gözümün içinə baxdı.
Gözlərimi yerə dikdim. Bu günə qədər də mən Həsən kimi ağlındakı ilə
dilindəki bir olan insanların gözünün içinə baxmaqda çətinlik çəkirəm.
– Amma maraqlıdır, – deyə o, əlavə etdi. – Sən məndən belə bir şey
istəyərdin, Əmir ağa?
Bu sualla o da məni imtahana çəkirdi. Mən onunla oyun oynayıb, sədaqətini
imtahana çəkmişdimsə, o da bu oyunu ilə mənim vicdanımı imtahana çəkirdi.
Kaş bu söhbəti başlamayaydım. Zorla gülümsədim:
– Axmaq olma, Həsən. Əlbəttə istəməzdim. Özün bilirsən ki, istəməzdim.
Həsən də gülümsədi. Amma bu fərqli, ürəkdən gələn bir təbəssüm idi.
“Bilirəm” dedi. Ağlındakı ilə dilindəki bir olan insanlar elə bilir ki, başqalarında da
bu cürdür.

“Budur, gəlir”, – Həsən göyü göstərdi. Ayağa qalxıb, bir neçə addım sola tərəf
getdi. Yuxarı baxanda çərpələngin bizə tərəf şığıdığını gördüm. Addım səsləri, qış-
qırıq eşidildi. Bir dəstə yarışçı göydəki çərpələngin ardınca gəlirdi. Amma əbəs idi.
Həsən, çöhrəsində təbəssüm, qollarını geniş açıb çərpələngi gözləyirdi. Allah varsa,
gözümü çıxarsın yalan deyirəmsə, çərpələng düz gəlib onun qolları arasına
düşmədimi?..
1975-ci İLİN QIŞINDA mən Həsəni son dəfə çərpələng uçuran gördüm.
Adətən hər qəsəbənin öz yarışı olurdu. Amma həmin il mənim yaşadığım Vəzir
Əkbər Xan qəsəbəsində keçirilən yarışa bir neçə qəsəbə – Karte-Çahar, Karte-
Pərvan, Məkro-Rayan və Kotə-Səngi qəsəbələrindən uşaqlar qoşulmuşdu. Şəhərdə
elə yer yox idi ki, orda qarşıdan gələn yarışdan danışmasınlar. Danışırdılar ki, bu,
son iyirmi beş ildə ən böyük yarışdır.
Yarışa cəmi dörd gün qalmış bir qış gecəsində Baba ilə mən onun
kabinetindəki dəri kreslolarda sobanın işığında oturmuşduq. Çay içib söhbət
edirdik. Əli bizə şam yeməyinə kartof, gül-kələm və düyü verib Həsənlə birgə öz
daxmalarına getmişdi. Baba qəlyanını dolduranda ondan Heratda canavarların
dağdan şəhərə enməsi və adamların bir həftə qorxudan evdən bayıra çıxmaması
haqda əhvalatı danışmasını xahiş etdim. O, kibriti çəkib, məni eşitmirmiş kimi dedi:
– Məncə, bu il çərpələng yarışını sən udarsan. Nə deyirsən?
Mən nə deyəcəyimi bilmirdim. Heç nə düşünəcəyimi də bilmirdim. Lazım olan
bu idimi? O mənə qəlbinin açarınımı ötürürdü? Mən yaxşı çərpələng uçururdum.
Əslində çox yaxşı çərpələng uçururdum. Bir neçə dəfə az qala qış yarışını
udmuşdum. Bir dəfə hətta sona qalan üç çərpələngdən biri mənimki olmuşdu.
Amma “az qala qalib gəlmək” olmur. Adam ya qalib olur, ya yox. Baba az qala qalib
gəlmirdi. O, sadəcə, qalib gəlirdi, çünki qaliblər qalib gəlir, qalanları isə heç nəsiz
geri qayıdır. Baba udmağa alışmışdı və onun məntiqi də qalibiyyətə köklənmişdi.
Hər şeydə qalibiyyətə. Məgər onun eyni şeyi oğlundan gözləməyə haqqı yox idimi?
Bir düşünün. Mən udsam...
Baba qəlyanını yandırıb danışmağa başladı. Mən özümü qulaq asırmış kimi
göstərdim, amma eşidə bilmirdim. Çünki Babanın sözarası atdığı fikir beynimə
batmışdı: həmin qış yarışı udacağımı qərarlaşdırırdım. Mən qalib gələcəkdim.
Başqa yol yox idi. Mən qalib gələcəkdim və sona qalan çərpələng məhz mənimki
olacaqdı. Sonra mən onu evə gətirib Babaya göstərəcəkdim. Göstərəcəkdim ki,
onun oğlu da bir işə yarayır. Bununla da söhbəti birdəfəlik bağlayacaqdım. Bəlkə
onda bu evdəki kabus həyatım bitəcəkdi. Xəyala daldım. Təsəvvür elədim ki, bizim
naharda hökm sürən və arabir çəngəl-bıçaq səsi ilə kəsilən sükut əvəzinə söhbətlər
və gülüş səslənir. Xəyal etdim ki, cümə günü Baba ilə Pağmana gedir və yolda
qızarmış alabalıq və kartof yemək üçün Qarğa gölündə maşını əyləyirik. Mərcan şiri
görmək üçün zooparka gedə bilərdik və Baba da heç əsnəməz, tez-tez saatına
oğrun baxışlar atmazdı. Bəlkə o, hətta hekayələrimdən birini də oxuyardı. Heç

olmasa, birini oxuduğunu bilsəydim, ona yüzünü yazardım. Bəlkə, Rəhim xan kimi
o da məni “Əmircan” çağırardı. Bəlkə, bəlkə də, o, bir gün anamı öldürdüyümə
görə məni bağışlayardı.
Baba mənə bir gündə 14 rəqib çərpələngini yerə salandan sonra qalib gəldiyini
danışırdı. Mən lazım olan yerlərdə gülümsəyir, başımı tərpədir, gülürdüm. Amma
çətin ki, dediklərindən bir kəlmə olsun qulağıma girmişdi. İndi mənim missiyam
vardı. Babanı məyus etməyəcəkdim. Bu dəfə bunu edə bilməzdim.
YARIŞDAN ƏVVƏLKİ GECƏ güclü qar yağmışdı. Həsənlə mən kürsünün altında
oturub pəncpər
10
oynayır, küləyin yellədiyi ağac budaqları pəncərəni tıqqıldadırdı.
Həmin gün Əlidən xahiş etmişdim ki, bizim üçün kürsü qursun. Əli altına elektrik
qızdırıcısı qoyduğu alçaq masanı sırıqlı yorğanla örtür, ətrafına çoxlu döşək və balış
yığırdı. Kürsü dediyimiz bu dəsgahda iyirmi adam oturub ayağını yorğan altında
qızdıra bilərdi. Həsənlə mən qarlı günlərin çoxunu bu kürsünün altında şahmat,
kart, əsasən də pəncpər oynamaqla keçirərdik.
Mən Həsənin onluğunu vurub, ona iki valet və altılıq getdim. Qonşu otaqda
Baba və Rəhim Xan bir neçə başqa kişi ilə nəyisə müzakirə edirdilər. Gələnlərdən
biri də Asifin atası idi. Divarın arxasından Kabil Xəbərləri radiosunun xırıltılı səsi də
eşidilirdi.
Həsən altılığı vurub valetləri götürdü. Radiodan Davud Xanın səsi gəlirdi. O,
xarici investisiyalar barədə danışırdı.
– O deyir ki, bizim də Kabildə televiziyamız olacaq, – dedim.
– Kim?
– Davud xan, ay uzunqulaq, prezident.
Həsən hırıldadı:
– Eşitdiyim qədər, İranda artıq var, – dedi.
– Ah bu iranlılar... – deyib ah çəkdim.
Həzaraların çoxu üçün İran müqəddəs məkan sayılırdı. Məncə, buna səbəb
iranlıların da həzaralar kimi əksərən şiə olması idi. Amma o yay müəllimlərdən biri
mənə iranlılar haqqında danışmışdı. Deyirdi ki, onlar adamın üzünə gülə-gülə bir
əlləri ilə adamın kürəyinə xəncər saplamağa, o biri əlləri ilə cibini boşaltmağa
qadirdirlər. Bunu atama deyəndə isə o cavab vermişdi ki, mənim müəllimim
paxıldır. Onun fikrincə, əfqanların çoxu barışa bilmirdi ki, İran Asiyada güclənən
dövlətə çevrilir, Əfqanıstanın xəritənin harasında yerləşdiyini isə dünyada çox az
adam bilir.
– Bunu etiraf etmək o qədər də asan deyil, – deyə Baba çiynini çəkdi. Sonra isə
məni sakitləşdirmək üçün:
– Amma şirin yalandansa acı həqiqət yaxşıdır, – əlavə etmişdi.
– Sənə də bir gün alacam.
Mənim sözlərim Həsənin çöhrəsini işıqlandırdı.
– Televizor? Doğrudan?

– Əlbəttə. Özü də ağ-qarasından yox. O vaxta qədər biz böyüyəcəyik, amma
mən iki televizor alacam. Birini sənə, birini özümə.
– Mən onu rəsmlərimi yığdığım stolun üstünə qoyacam.
Həsənin bu sözləri mənim kefimi pozdu. Həsənin kim olduğuna, harada
yaşadığına acıyırdım. Acıyırdım ki, o atası kimi həyətdəki palçıq daxmada böyüyüb
qocalacağı taleyi ilə barışıb. Sonuncu kartı götürüb bir cüt kraliça və onluq
oynadım.
Həsən kraliçaları götürdü.
– Bilirsən, məncə, sabah Ağa sahib səninlə fəxr edəcək.
– Doğrudan belə düşünürsən?
O, “İnşallah” dedi.
Mən də ardınca təkrar etdim. Amma mənim dilimdən çıxan “inşallah” – “Allah
qoysa” ifadəsi Həsənin dediyi qədər ürəkdən gəlmirdi. Həsən belə idi. Lənətə
gəlmiş o qədər təmiz idi ki, adam onun yanında özünü təmiz qızılın yanına
qoyulmuş qəlp pul kimi hiss edirdi.
Onun kralını vurub son kartımı – qarabaşaq tuzu oynadım. Götürməkdən
başqa çarəsi yoxdu. Mən udmuşdum. Amma kartı yeni oyun üçün qarışdırdıqca dü-
şünürdüm ki, yox, deyəsən Həsən bilərəkdən uduzmuşdu.
– Əmir ağa?
– Nə var?
– Bilirsən... yaşadığım yer mənim xoşuma gəlir. – O, yenə də mənim fikirlərimi
oxumuşdu. – Bu mənim evimdir axı.
– Nə isə, – dedim. – Hazırlaş, yenə uduzacaqsan.
10 Pəncpər – kart oyunu
YEDDİ
Ertəsi gün Həsən səhər yeməyi üçün çay dəmləyəndə mənə bir yuxu
gördüyünü danışdı:
– Biz Qarğa gölündə idik – sən, mən, atam, Ağa sahib, Rəhim Xan, minlərlə
adam da vardı. Hava isti və günəşli idi, gölün üzü də güzgü kimi təmiz idi. Amma
heç kim ürək eləyib gölə girmirdi, çünki demişdilər ki, göldə əjdaha var. Guya
əjdaha gölün dibində gizlənib qurbanını gözləyirmiş.

O mənim üçün fincana çay süzüb, şəkər əlavə elədi, qaynar çaya bir neçə dəfə
üfürüb, qarşıma qoydu və sözünə davam etdi:
– Heç kim qorxudan gölə yaxınlaşmağa cəsarət etmir və birdən-birə sən
ayaqqabılarını çıxarırsan. Əmir ağa, sonra sən köynəyini çıxarıb, deyirsən ki, “orda
əjdaha yoxdur. İndi hamınıza göstərəcəm”. Adamlar səni dayandırmağa çalışırlar,
amma onlara məhəl qoymayıb suya dalırsan, üzüb sahildən uzaqlaşırsan. Mən də
sənin dalınca suya girirəm və biz ikimiz birgə üzürük.
– Sən üzə bilmirsən axı. – Cavabım Həsəni güldürdü.
– Yuxudur da, Əmir ağa. Yuxuda adam hər şeyi bacarır. Nə isə, hamı qışqırır:
“Çıx ordan, çıx çölə!” Amma biz üzə-üzə gedib gölün ortasına çatanda dayanırıq.
Sahilə tərəf dönüb orda dayanan adamlara əl edirik. Onlar qarışqa kimi balaca
görünürlər, amma alqışlarını eşidə bilirik. İndi onlar da gördülər ki, heç bir əjdaha
yoxdur. Sadəcə, su var. Bundan sonra onlar gölün adını dəyişib “Kabilin sultanları
Əmir və Həsənin gölü” qoyurlar. Bundan sonra göldə çimmək istəyən bizə xərac
ödəməli olur.
– İndi bu nə deməkdir ki?
Çörəyimə cem çəkib boşqaba qoyandan sonra cavab verdi:
– Bilmirəm. Mən ümid edirdim ki, sən mənə deyəcəksən.
– Axmaq yuxudur. Orda heç nə baş vermir.
– Atam deyir ki, yuxunun həmişə bir mənası olur.
Çayımdan bir-iki qurtum alıb, üzümü ona çevirdim:
– O zaman get ondan soruş da. Atan belə ağıllıdırsa...
Belə kobud danışmaq istəmirdim. Gecəni yatmamışdım. Boynum və kürəyim
dartılmış yay kimi idi, gözüm acışırdı. Amma yenə də Həsəni acılamışdım. Az qala
üzr istəyəcəkdim, amma fikrimdən daşındım. Həsən əsəbi olduğumu başa
düşmüşdü. O, məni həmişə başa düşürdü.
Yuxarıda hamamdan gələn səslər Babanın qalxdığını, əl-üzünü yuduğunu
xəbər verirdi.
YAĞAN QARDAN küçələr par-par yanırdı. Göy üzü ləkəsiz, masmavi idi. Qar
damları yorğan kimi örtmüşdü. Küçəmizdə sıra ilə düzülmüş tut ağaclarının budaq-
ları üzərlərinə düşən ağırlıqdan çökmüşdülər. Gecə boyu yağan qar hər dəliyə, hər
arxa girmişdi. Həsənlə mən bəzəkli dəmir darvazadan ayağımı çölə basanda qar gö-
zümü qamaşdırdı. Əli arxamızca qapını bağladı. Dodaqaltı dua etdiyini eşitdim.
Oğlu evdən çıxanda Əli onu həmişə dua ilə yola salardı.
Küçəmizdə heç vaxt belə qələbəlik görməmişdim. Uşaqlar qartopu, qovdu-
qaçdı oynayır, dalaşır, gülüşürdülər. Çərpələng uçuranlar kələftutan köməkçiləri ilə
birgə son hazırlıqlarını edirdilər. Yaxın küçələrdən də gülüş və söhbət səsi eşidilirdi.
Artıq evlərin damı tamaşaçılarla dolmuşdu. Plastmas kreslolarda yayxanmış adam-
lar yarışın başlanmasını gözləyir, termoslarda isti çay buxarlanır, maqnitofonlardan
Əhməd Zahirin musiqisi uğuldayırdı. Sonsuz populyarlıq qazanmış Əhməd Zahir

ənənəvi tabla və qarmonla yanaşı elektrogitar, zərb və nəfəs alətləri istifadə
etməklə Əfqan musiqisində inqilab etmiş, bununla da musiqinin saflığını qoruyub
saxlamaq tərəfdarı olanların qəzəbinə səbəb olmuşdu. Səhnədə və ya məclislərdə
olanda o, yaşlı müğənnilərin ciddi və qaşqabaqlı nəzərlərindən qaçmağa çalışar və
mahnı oxuyanda gülümsərdi. Bəzən bu təbəssümlərin ünvanı hətta qadınlar
olurdu. Mən bizim evin damına baxdım. Baba ilə Rəhim xan ikisi də yun sviter
geymiş, skamyada oturub çay içirdilər. Baba əl yellədi, amma bu işarənin
ünvanının kim – Həsən, yoxsa mən olduğunu kəsdirə bilmədim.
– Başlamalıyıq, – deyə Həsən işarə verdi.
Əynində qara rezin qar çəkmələri, qalın sviterin üstündən geydiyi açıq yaşıl
çapan və rəngi solmuş velvet şalvar vardı. Günəşin şüaları Həsənin üzünü əməlli-
başlı işıqlandırmışdı və mən onun dodağının üstündəki çapığın artıq demək olar ki,
görünməz olduğunun fərqinə vardım.
Birdən-birə ağlıma yarışdan geri çəkilmək gəldi. Şələ-küləmi yığışdırıb, evə
getmək. Mən niyə belə edirdim? Ağlım harda idi? Nəticəni əvvəlcədən bilə-bilə
niyə özümü bu işə salmışdım? Baba damda dayanıb mənə baxırdı. Onun
üzərimdəki baxışları qızmar günəş şüası kimi yandırırdı. Bu, hətta mənim kimi
uğursuz üçün də çox böyük uğursuzluq olacaqdı.
– Bu gün nəsə çərpələng uçurmaq istəmirəm, – dedim.
– Gözəl gündür. – Həsənin cavabı qısa idi.
Ayağa qalxdım. Gözümü evimizin damından çəkməyə çalışırdım.
– Bilmirəm. Bəlkə, evə getsək yaxşıdır?
Onda o mənə yaxınlaşdı və alçaq səslə dediyi sözlərdən tüklərim biz-biz oldu.
– Əmir ağa, unutma, əjdaha yoxdur, sadəcə, gözəl bir gün var.
Bu necə olurdu? Mən onun beynindən nələr keçdiyini çox zaman bilməzdim,
amma onun üçün açıq kitab kimi idim. İkimizin arasında məktəbə gedən, oxuyub-
yazmağı bacaran, ağıllı olan mən idim. Həsən birinci sinfin Oxu kitabını oxuya
bilməzdi, amma məni əməlli-başlı oxuyurdu. Adamın yanında onun nə istədiyini
bilən birisinin olması bir tərəfdən qorxulu idi, o biri tərəfdən də çox rahat.
– Əjdaha yoxdur.
Bunu deyərkən səsimdəki rahatlıq özümü də təəccübləndirdi.
O gülümsədi və təkrarladı:
– Əjdaha yoxdur.
– Əminsən?
Gözünü yumub başı ilə təsdiqlədi.
Küçədə bir-birinə qartopu tolazlaya-tolazlaya qaçışan uşaqlara baxdım.
“Doğrudan da gözəl gündü”,– dedim.
“Gəl uçaq”, – Həsən çağırdı.
Məhz onda mənə çatdı ki, ola bilsin Həsən bu yuxu məsələsini uydurmuşdu.
Belə ola bilərdimi? Sonra qərar verdim ki, yox, ola bilməzdi. Həsən belə ağıllı
deyildi. Bilmirəm, uydurma idi, ya gerçək, bu axmaq yuxu mənim təlaşımın bir

hissəsini aparmışdı. Bəlkə, doğrudan da mən köynəyimi çıxarıb suya baş vursam
yaxşıdır? Niyə də yox?
– Uçaq, – dedim.
Həsənin üzü işıqlandı. “Əla” dedi. Bizim kənarları sarı, özü qırmızı olan
çərpələngimizin ortasında – çarpaz dirəyi olan yerdə Seyfonun özünəməxsus
imzası var idi. Həsən barmağını ağzında isladıb yuxarı qaldırdı, küləyin istiqamətini
müəyyənləşdirib o tərəfə qaçmağa başladı. Çərpələngi yayda uçuranda Həsən
küləyin yönünü öyrənmək üçün ovcuna toz alıb əlini açardı. Toz hansı tərəfə uçsa,
deməli, külək də o tərəfə əsirdi. Həsən təqribən 20 metr aralıda dayanana qədər
əlimdəki kələf fırlandı. Qızıl medalını göstərən Olimpiya çempionu kimi çərpələngi
yuxarı qaldırdı. Mənsə ipi iki dəfə dartıb ona işarə verdim və Həsən çərpələngi
göyə atdı.
Baba ilə məktəbdəki mollaların təzadlı fikirləri arasında qaldığımdan mən
Allaha münasibətimi müəyyənləşdirə bilmirdim. Amma dinşünaslıq dərsində bizə
öyrədilən ayə indi dilimin ucunda fırlanırdı və mən pıçıltı ilə onu sona qədər
oxudum. Dərindən nəfəs aldım, nəfəs verdim və ipi çəkdim. Bir dəqiqə sonra
mənim çərpələngim xəfif xışıltı ilə göyə qalxdı. Həsən əl çaldı, fit verdi və geriyə,
mənim yanıma qaçdı. Mən ipi çəkərək kələfi ona verdim, o da boşalmış ipi sürətlə
kələfə doladı.
İyirmidən artıq çərpələng ova çıxmış köpək balıqları kimi göydə üzürdü. Bir
saatın içində onların sayı iki dəfə artmışdı və qırmızı, mavi, sarı çərpələnglərin
bəzisi üzü aşağı gedir, bəzisi isə səmada fırlanırdı. Soyuq meh tellərimi
havalandırırdı. Çərpələng uçurmaq üçün ideal hava idi. Küləyin gücü çərpələngi
qaldırmaq, onu aparmaq üçün kifayət edirdi. Yanımda dayanmış Həsənin kələfi
tutan əlləri artıq qan içində idi.
Tezliklə çərpələnglərin yolunu kəsmə başladı və ilk məğlublar nəzarətsiz halda
göydə fırlana-fırlana qaldı. Onlar göydən ulduzlar kimi brilyant quyruqları dalğa-
lana-dalğalana, sanki, aşağıdakı həyətlərdə yarışan uşaqlara bəxşişlər yağdıraraq
enirdilər. İlk qənimətləri ələ keçirmək üçün qaçışan uşaqların ayaq səsləri eşidilirdi.
Kimsə iki küçə aşağıda düşən davanın xəbərini çatdırırdı.
Hərdənbir Rəhim Xanla birgə evimizin damında oturan Babama göz atıb, onun
nə düşündüyünü tapmağa çalışırdım. Görəsən, mənə azarkeşlik edirdimi? Yoxsa
qəlbinin bir parçası mənim məğlubiyyətimdən ləzzət almaq istəyirdi? Çərpələng
uçuranda elə belə olur. Çərpələng o tərəf-bu tərəfə süzdükcə sənin fikirlərin də
eyni dolanbacları keçir.
Hər tərəfdən çərpələnglər üzü aşağı gəlirdi. Çərpələngim hələ də uçur, mən isə
Babanın yun köynəyindən gözümü çəkə bilmirdim. Görəsən, o, mənim havada bu
qədər qalmağıma təəccüblənmişdimi? Amma gözlərini göyə dikməsən, uçuşun çox
çəkməz. Diqqətimi yenə səmaya yönəltdim. Qırmızı çərpələng mənimkinə hücum
çəkirdi – vaxtında yaxaladım onu. Onu bir az dolaşdırdım və rəqibim səbirsizlənib
mənim çərpələngimi aşağıdan kəsmək istəyəndə onun axırına çıxdım.

Yarışçılar ələ keçirdikləri məğlub çərpələnglərlə küçələrdə aşağı-yuxarı
qaçırdılar. Onlar başları üstündə fəxrlə gəzdirdikləri qəniməti valideynlərinə,
dostlarına göstərmək istəyirdilər. Amma hamısı bilirdi ki, ən yaxşı qənimət hələ
qabaqdadır. Ən böyük mükafat hələ də göydə idi. Mən iplə şəhadət barmağımda
daha bir kəsiklə nəticələnən manevr edib ağ quyruqlu sarı çərpələngdən bir parça
kəsdim. Qan süzülüb ovcuma axırdı. İpi Həsənə verib barmağımdan qanı sordum
və yaralı barmağımı cins şalvarıma basdım.
Növbəti saat ərzində salamat qalan çərpələnglərin sayı əllidən təqribən ona
enmişdi. Deməli, mən son onluqda idim. Bilirdim ki, yarışın bu hissəsi bir az uzun
çəkirdi, çünki sona qalan uşaqlar ən güclü yarışçılar idi və onlar Həsənin sevimli
tələsi olan qaldır-daldır manevrinə aldanmayacaqdılar.
Günorta saat üçə yaxın buludlar göyün üzündə görünməyə başladı və günəş
yavaş-yavaş onların arxasında gizləndi. Kölgəli vaxt uzanmağa başlayırdı. Damlarda
oturan tamaşaçılar şərf və qalın paltolara bürünmüşdülər. Biz artıq altı yarışçı
qalmışdıq və mən hələ də uçurdum. Ayaqlarım ağrıyır, boynum qurumuşdu. Amma
hər məğlub çərpələng ümidimi artırırdı. Ümid dənələri divarın üzərinə yığılan qar
dənələri kimi getdikcə topaya çevrilirdi.
Gözüm son bir saat ərzində hamını darmadağın edən mavi çərpələngdə
qalmışdı.
– Neçəsini kəsib? – deyə soruşdum.
– Mən on birini saydım, – Həsən cavab verdi.
“Səncə, kiminkidir?”
Həsən cavab əvəzinə nırçıldadı. Bu, onun sevimli jesti idi, “xəbərim yoxdu”
demək idi. Mavi çərpələng böyük bənövşəyi çərpələngi parçalayıb göydə iki böyük
dairə vurdu. On dəqiqə sonra o daha iki çərpələngi kəsib aşağıda qənimət gözləyən
yarışçıları qaçhaqaça saldı.
Yarım saat sonra göydə qalanların sayı dörd idi və mən hələ də uçurdum.
Mənim səhv etməm mümkün deyildi, küləyin hər mehi də sanki, mənim üçün
əsirdi. Heç zaman belə arxayın, belə uğurlu olmamışdım. Artıq dama baxmağa ürək
eləmirdim. Gözümü göydən çəkə bilməzdim. Diqqət kəsilməli, ağıl işlətməli idim.
Daha on beş dəqiqə keçdi və nəhayət, səhər gülüş doğuran o yuxu gerçəyə
çevrilmişdi. Göydə mən və o qalmışdıq. Mavi çərpələng.
Yerdə əsəblər lap elə mənim qanlı əllərimdəki ip kimi son həddə qədər
gərilmişdi. Adamlar təpik döyür, əl çalır, fit verir və “Boboreş! Boboreş!” – “Kəs
onu! Kəs onu!”–deyə qışqırırdılar. Görəsən, onların arasında Babanın da səsi var
idimi? Musiqi səsi aləmi başına götürmüşdü. Damlardan və açıq qapılardan
buxarda bişən mantı və pakoranın ətri ətrafa yayılmışdı.
Amma eşitdiyim – ya da eşitməyə cəhd etdiyim – yalnız qanın beynimdəki
hərəkəti idi. Gördüyüm yalnız mavi çərpələng. Burnumda yalnız qələbə qoxusu var
idi. Qurtuluş. Yenidən doğulma. Əgər Baba yanılırdısa və məktəbdə söylədikləri

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin