1. İctimai-siyasi natiqlik a) Prezidentlərin inaqurasiya nitqi
b) Siyasi mövzuda məruzələr
c) Hər hansı toplantıda hesabat məruzəsi, müzakirədə çıxış,
ç) Siyasi mövzuda çıxış (hər hansı bir ölkədə başqa prezidentin çıxışı),
d) İcmal nitqi - son söz,
e) Mitinqlərdəki çıxışlar,
ə) Siyasi təbliğatçıların nitqi. Şüarlar, qanunvericilik layihələri. Parlament mübahisələri
2. Diplomatik natiqlik a) Xarici işlər nazirlərinin çıxışı
b) Dövlət başçılarının BMT-də çıxışları
c) Diplomatik mübahisə.
3. Akademik natiqlik: a) Ali məktəblərdə mühazirə oxumaq
b) Elmi məclisdə (konfransda) mühazirə
c) Elmi mövzularda kütləvi mühazirə
ç) Elmi məlumatvermə (elmi hesabat)
d) Elmi mövzuda mübahisə
e) Elmi rəy. Dissertasiya müdafiəsi çıxışı.
4. Məhkəmə natiqliyi: a) Prokurorun ittiham nitqi
b) Vəkilin və ya müdafiəçinin nitqi
c) Müttəhimin cinayət haqqında çıxışı
ç) Müttəhimin özünümüdafiə nitqi
d) Şahidlərin dindirilməsi (nitqi)
e) Hakimin nitqi - ittiham hökmü.
5. Məişət natiqliyi: a) Masa arxasında söylənən təbrik nitqi
b) Matəm mitinqində nitq (ağılar)
c) Məişət-müraciət etiketləri
ç) Məişət mübahisəsi.
6. Bədii axşamlardakı nitq a) Şair və yazıçı haqqında məruzə - mühazirə-nitq
b) Şair və yazıçının nitqi.
7. Səhnə nitqi a) Komik aktyorun nitqi
b) Tragik aktyorun nitqi.
8. Dini natiqlik a) Moüzə və xütbə
b) Məscid və kilsədə din xadimlərinin nitqi
c) Surə oxumaq, Quran tapşırmaq, süfrə və ehsan duaları
ç) Axund və mollaların imamların müsibəti haqqında hüznlü çıxışı, mərsiyə, sinəcan.
9. Hərbi natiqlik a) Hərbçiləri-əsgərləri ruhlandırmaq üçün çağırış nitqi
b) Hərbi and
c) Hərbi nizamnamənin şərhi
ç) Komandanların və komandirlərin müxtəlif situasiyalarda çıxışları
İctimai-siyasi natiqlik İstər keçmişdə, istərsə də indi ictimai-siyasi natiqlik xalqın həyatında, inkişafında mühüm rol oynayır. İctimai-siyasi natiqlik mövcud quruluşun həm mənfi, həm də müsbət keyfiyyətlərini əks etdirir. Cəmiyyət inkişaf etdikcə siyasi baxışlar ictimai-siyasi natiqlikdə özünə yer tapır. Keçirilən mitinqlər, nümayişlər, yığıncaqlar isə yeni natiqlərin yetişməsinə səbəb olur.
Siyasi natiqlikdə özünə yer tapan natiqlər isə xalq ideyalarının yayılmasında əsl təbliğatçıya çevrilir. Belə nitqlərin təsiri nəticəsiz qalmır. İctimai-siyasi nitqin əsas qollarından birini təşkil edən hesabat məruzələri isə icra olunmuş işlər haqqında yekun sözü deyir, görülən işlər təhlil olunur və qiymətləndirilir. Bu mərhələdən sonra qarşıda duran yeni məqsəd və vəzifələr müəyyən olunur.
İctimai-siyasi natiqlik əsasən mövcud iqtidarı müdafiə edir. Onun siyasi fikirlərini, məqsəd və vəzifələrini təbliğ edir. Müxalifət qüvvələrinin belə fikirlərlə razılaşmaması ziddiyyətli fikirlərin meydana gəlməsinə səbəb olur. Bu isə cəmiyyətin siyasi inkişafına təkan verir. Yeni natiqlərin, liderlərin yaranmasına gətirib çıxarır. Siyasi natiqlik kütləvi xarakter daşıyır, xalqa xidmət edir.
İctimai-siyasi natiqliyin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, xalqa xidmət edir. Onun mənafeyini hər şeydən üstün tutur. İctimai-siyasi natiqliyin qədim və zəngin ənənəsi vardır. Bu növ natiqlik təbliğat və təşviqat işlərində xalqa əvəzsiz xidmət edir. Dövlətin yeritdiyi məqsəd və vəzifələri xalqa aşılayır, qarşıya çıxan problemləri aydınlaşdırır, ictimai-siyasi məsələlərin düzgün təhlil olunmasında kəsərli silah kimi nəzəri-diqqəti cəlb edir. Məhz bu xüsusiyyətlər onu digər növlərdən fərqləndirir.
Akademik natiqlik Ali məktəb ocaqlarında oxunan mühazirələr, elmi məruzələr, müzakirələr bu növə daxildir. Akademik natiqliyi digər növlərdən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, burada elmiliyə daha çox yer verilir. Hər bir natiq mühazirəyə hazırlaşarkən ona yaradıcı yanaşır, verilən sualları elmi əsaslarla şəhr edir.
Akademik natiqliyin əsas məziyyətlərindən biri də mövzunun əvvəlcədən dinləyicilərə məlum olmasıdır. Məsələn, hər hansı bir ixtisas sahibi hazırladığı mühazirəni dinləyicilərin səviyyəsinə uyğun qurmalı və müəyyən ümumiləşmələr aparmaq qabiliyyətinə malik olmalıdır. Mühazirə hazırlanarkən mübahisə doğuran məsələlər aradan qaldırılmalıdır. Əgər fakt, sübut, dəlil varsa, bu, nitqin təsir gücünü artırır.
Bəzi elmi məruzələrdə isə vəziyyət dəyişir. Onlarda konkretlik olmur. Bəzilərində isə fərziyələr irəli sürülür. Bu xüsusiyyət onu mühazirədən fərqləndirir. Belə məruzələrdə məsələnin həlli ümumi xarakter daşıyır, mahiyyət açılmır. Elmi məruzələr fərziyyə xarakteri daşıyırsa, onda sübut, dəlil, fakt işlənə bilmir. Məsələn, zəlzələnin nə vaxt baş verəcəyi faktı elm aləminə bəlli deyil. Şübhəsiz ki, bu barədə deyilən sözlərin, fikirlərin nə fakta, nə də sübuta ehtiyacı var. Lakin onu da yaddan çıxarmaq olmaz ki, ayrıca bir problemin həllində, mübahisələrə, dəlil və sübutlara ehtiyac duyulur. Bu zaman elmi məruzə mühazirəyə yaxınlaşır, lakin dilinə görə, ifadə vasitələrinə görə yenə də özünəməxsusluğunu saxlayır. Elmi məruzələrin dili, ifadə tərzi mühazirəyə nisbətən qəliz olur. Elmi məruzələr əsasən simpoziumlarda, konfranslarda daha çox işlənir. Akademik natiqliyin də inkişafı cəmiyyətin tərəqqisinə bağlıdır. Elm, texnika nə qədər çox inkişaf edirsə, akademik natiqlik də bir o qədər tərəqqi edir. Akademik natiqlik hər hansı bir elmi kəşf və ya tədqiqat barədə məlumat verməklə bərabər, müəyyən tezis xarakteri daşıyan müddəalardan da dinləyiciyə məlumat verir. Akademik natiqlik həm də müəyyən məcmuələrdə, jurnallarda elmi xəbərlər adı altında bir qrup adamlara çatdırılır. Bu xəbərlər isə öz növbəsində uzunçuluqdan, təkrarlardan seçilir. Elmi xəbərlərdə əsas meyar xəbərlərin şərhi hesab olunur. Akademik natiqliyin inkişafında müəllimlərin, bilik cəmiyyətində işləyən elmi işçilərin mühüm rolu vardır. Akademik natiqlikdə elmi düsturlar, təriflər, terminlər, dəlil, sübut, fakt, izahlar əsas amil kimi özünü göstərir. Akademik natiqlik kütləvi xarakter daşımır.
Qeyd etmək lazımdır ki, elm inkişaf etdikcə, onun qolları çoxşaxələrə bölündükcə, akademik natiqlik də genişlənir, zənginləşir və daha da təkmilləşir. Akademik natiqlikdə dil vahidləri məhdud dairədə işlənir, geniş şəkildə işlədilməsi mümkün olmayan, anlaşılmayan sözlərin, ifadələrin işlənməsi isə bu nitqin təsir qüvvəsini azaltmır, əksinə, elmi cəhətdən fikrin orijinallığına xidmət edir.