7. Nitqin sadəliyi, təbiiliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.
Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır.
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha çox göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu dinləyici üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri, frazeoloji birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq, həmin ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun anlaşılmasını çətinləşdirir.
8. Nitqin rabitəliliyi. Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir:
1. Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini – haqqında danışacağı (və ya yazacağı) əşyanı, hadisəni, əhvalatı və sairəni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər şərhçi beynəlxalq aləmdə baş verən hadisəni, onu doğuran səbəbləri özü yaxşı bilmir, aydın təsəvvür etmirsə, həmin hadisənin nə ilə nəticələnəcəyi proqnozunu verə bilmirsə onun söhbəti, şübhəsiz ki, dinləyici üçün qənaətləndirici ola bilməz. Başqa bir misal. Əgər müəllim təhlil edəcəyi bədii əsəri oxumayıb, onun haqda başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu lazımi effekti verə bilməz.
2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır. Başqa cür desək, fikrin izah olunması ardıcıllığı məntiqə əsaslanmalıdır. Məsələn, tutaq ki, mühazirəçi Azərbaycan dilinin orfoepiyası barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla şərh etməlidir.
1) Orfoepiya haqqında məlumat, orfoepiya anlayışı,
2) Orfoepik qaydalara əməl olunmasının vacibliyi.
3) Orfoepiyanın orfoqrafiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri.
4) Azərbaycan dili orfoepiyasının tarixi, onun formalaşması və inkişafı.
5) Müasir Azərbaycan dili orfoepiyasının əsas qaydaları:
a) saitlərin tələffüzünə aid qaydalar;
b) samitlərin tələffüzünə aid qaydalar;
c) bəzi qrammatik formaların tələffüzünə aid qaydalar.
Belə bir ardıcıllıqla şərh olunan material, söylənilən fikir yaxşı dinlənilir, asan başa düşülür. Əks halda nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır.
3. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq şərhində əsas məsələ üzərində xüsusi dayanmalı, söhbətin mahiyyətini dinləyiciyə çatdırmalıdır. Onun nəzərində tutduğu məsələdə ikinci dərəcəli fikirlər əsas fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol verir ki, belə nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fikri çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici belə söhbətdən tez can qurtarmağa çalışır.
4. Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır cümlələrlə danışmaq nitqin keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum edir. Natiq məlum olanları şərh etdikdə belə onları öz dili – ifadə tərzi ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.