Məhkəmə natiqliyi Məhkəmə natiqliyi natiqlik sənətində ən qədim tarixə malik demokratik əsaslar üzərində qurulan bir anlayışı ifadə edir. Natiqlik sənətinin inkişafında əvəzsiz xidmətləri olan məhkəmə natiqliyi antik dövrün məhsulu kimi diqqəti cəlb edir. Solon islahatlarından sonra özünü müdafiə nitqlərinin yaranması, loqoqrafların yetişməsi məhkəmə natiqlik sənətinin bünövrəsini qoydu. Qədim Yunanıstanda Demosfen, Lisi, İsey, Romada Siseron, Fransada andlı məhkəmələrə Lemetr, Demanj, Rusiyada Aleksandrov, Plevako, Konn kimi natiqlərin yetişməsi böyük bir məktəbin yaranmasına gətirib çıxardı.
Məhkəmə natiqliyi müttəhimin müdafiəsi üzərində qurulur və ədalətin zəfər qazanması üçün vəkil nitqi kimi hüquqi əsaslarla səciyyələnir.
Bununla da məhkəmə zamanı gizli qalan hadisələr, obyektiv və subyektiv cəhətlər elmi şəkildə araşdırılır və ədalətli nəticə əldə edilir.
Məhkəmə natiqliyini digər növlərdən fərqləndirən əsas xüsusiyyətlər ondan ibarətdir ki, o, hüquq, psixologiya, məntiq, pedaqoqika, dil, ədəbiyyat və digər elmlərlə sıx şəkildə bağlıdır.
Məhkəmə natiqliyində əsas məsələlərdən biri müttəhimin son söz söyləməsidir. Bu son söz adətən ibrətamiz xarakter daşıyır. Müttəhim törətdiyi əmələ görə peşmançılığını bildirir. Bir də heç vaxt cinayət törətmədiyinə söz verir. Bəzən bu fikrin əksilə də rastlaşırıq.
Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynayır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttəhimin törətdiyi cinayətə görə cəza almasını hakimdən tələb edir. Hakim isə müttəhimin cavanlığını və ya qocalığını, uşaqlarını, ata-anasını və digər cəhətləri nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir.
Məhkəmə natiqliyi öz məzmun və formasına görə, quruluşuna görə o biri növlərdən fərqlənir. Belə ki, bu prosesdə bir neçə adam iştirak edir. Hər birinin də nitqi bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, prokuror ədalətin bərpası, hadisələrin düzgün təhlil və şərhini ustalıqla yerinə yetirməlidir.
Vəkil isə qanunların aliliyini gözləyərək, müttəhimin hüquqlarını müdafiə edir. Həm də şahidlərin nitqini düzgün və dəqiq izləməlidir. Üst-üstə düşməyən fikirləri təkzib etməlidir.
Məhkəmə natiqliyi əsasən rəsmi xarakter daşıyır. Hadisələrin gedişi, sübutlar, dəlillər, faktlar, əşyayi-dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur. Məhkəmə natiqliyinin yaranmasında və inkişaf etdirilməsində respublikamızda fəaliyyət göstərən hüquq işçilərinin, prokurorların əməyi yüksək qiymətləndirilməlidir.
Məişət natiqliyi Bu nitqin geniş istifadə olunan növlərindən biridir. Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər söylənilir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə olunur. Bu tədbirlər, əsasən, iki formada aparılır. Birincisi, görkəmli adamların – elm, maarif və mədəniyyət xadimlərinin, yazıçı, aktyor, əmək və müharibə veteranları və başqalarının yubileyləri, həmçinin əlamətdar, tarixi günlərin qeyd olunması; ikincisi isə, kiçik kollektivlərdə, ailədə dostlarla, yaxınlarla keçirilən yubiley şənlikləri. Yubileylərin forması və keçirilmə şəraiti fərqli olduğu kimi, orada söylənilən nitqlərin, çıxışların ifadə tərzi də müxtəlif olur. Birincidə bu tədbir, adətən, ciddi planda aparılır. Orada əvvəldə bir nəfərin (müəssisənin rəhbəri və orada çalışan mötəbər adamlardan biri) giriş nitqi dinlənilir. Onun ardınca əvvəlcədən müəyyənləşdirilmiş çıxışlar olur, xatirələr söylənilir. Danışanlar daha çox yubilyarın işindən, əmək fəaliyyətindən söhbət açırlar. Burada söylənilən nitq, işlədilən söz və ifadələr, cümlələr bir qədər nizamlı-düzümlü olur, atmacalara, replikalara, zarafata yol verilmir.
Ailədə, kollektivdə, dostlar arasında keçirilən yubiley şənliklərində yubilyarın xarakteri, mənəvi keyfiyyətləri, insanlara münasibəti, cəmiyyətdə, ailədə mövqeyi və s. haqda söhbətlər ön planda olur. Bu söhbətlərdə zərif-duzlu atmacalara, incə yumora geniş yer verilir. Orada söylənilən xatirələr, bir növ ürək nəğmələrini xatırladır, yubiley tədbirlərinin təsirini artırır.
Məişət nitqinin çox geniş yayılmış forması toy mərasimlərində tamada – masabəylərinin nitqidir. Müxtəlif peşə sahibi olur, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini məclis əhli maraqla dinləyir, ondan eşitdiklərindən musiqi qədər həzz alır. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi çı- xışında münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl şəkildə ifadə etməkdə çətinlik çəkir, şablon ifadələr işlədir, hamının dəfələrlə eşitdiyi şeirləri söyləyir, əhvalatları danışır, uzun- çuluq edir, eşidənləri yorur. Halbuki, müasir zövqlə bəzədilmiş toy salonlarında dilimizi yaxşı bilən, onun ifadə vasitələrindən məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər.
Məişət nitqinin digər forması hüzn mərasimində söylənilən vida nitqidir. Bu nitq həcmcə qısa və yığcam olur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir. Nitqin bu növü də qədimdir. Vətən, xalq, dövlət qarşısında öz borcunu ləyaqətlə yerinə yetirib həlak olanların, vəfat edənlərin dəfn mərasimində bir qaydada olaraq ən məşhur natiqlər, söz ustaları nitq söyləmiş, mərhumun məziyyətlərindən danışmış, onu yüksək qiymətləndirmişlər. Son illərdə erməni işğalçılarına qarşı vuruşlarda şəhid olanların hər birinin dəfn mərasimində vida nitqləri söylənilmiş, onların vətən qarşısında xidmətləri qeyd edilmişdir. Belə nitqlərin gənclərə vətənpərvərlikhisslərinin aşılanmasında təsiri böyükdür.
Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünyagörmüşlərin, ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada mərhumun fəaliyyətini qiymətləndirmək, onun ideyalarının, işinin, əməllərinin, yaşayacağı haqda söz söyləmək, yas sahibini ovundurmaq, ona təsəlli vermək baxımından əhəmiyyətlidir.