Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N
Frazeoloji birləşmələr.Frazeologiya dilçiliyin ən gənc şöbələrindən biridir. Bu sahənin banisi fransız dilçisi Ş.Balli hesab olunur. Belə ki, “dilə möhkəm surətdə daxil olan birləşmələrin” öyrənilməsinin xüsusi üsullarının zəruriliyini ilk dəfə Ş.Balli əsaslandırmışdır.
Dilin lüğət tərkibində, daha doğrusu, leksik sistemində elə birləşmələr vardır ki, onlar öz məna xüsusiyyətinə görə hazır vahidlər olub, xüsusi bir qrup yaradır. Həmin qrupa daxil olan sözlər öz leksik-semantik səciyyəsinə görə ümumi sözlərdən və xüsusi adlardan fərqlənir. Belə ki, həmin qrupa daxil olan leksik vahidlər bir qayda olaraq, öz lüğəvi mənalarından uzaq olur və əslində, ayrılıqda müstəqil mənaya malik olmur. Daha konkret desək, birləşmələrin tərkib hissələri birləşmədə ifadə olunan ümumi bir mənanın yaranmasına xidmət göstərir. Başqa sözlə, özlərinin ilkin morfoloji və sintaktik mənalarını itirir; yəni ayrılıqda müstəqil nitq hissəsi və cümlə üzvü olmaq qabiliyyətini mühafizə edə bilmir. Fikrimizi aydınlaşdırmaq üçün əldən düşmək feilini nəzərdən keçirək. Adi leksik və qrammatik səviyyədə olan bu birləşmə əldən və düşmək sözlərindən ibarətdir. Əldən sözü leksik cəhətdən bədən üzvlərindən birinin, düşmək sözü isə müəyyən bir hərəkətin adını ifadə edir. Əldən sözü öz morfoloji mənasına görə isimdir. Təkdədir və ismin çıxışlıq halındadır. Düşmək sözü feildir, məsdər formasındadır, məlum növdədir, təsirsizdir, təsdiqdədir. Lakin əldən düşmək birləşməsi dildə elə məqamda işlənə bilər ki, onun tərkib hissələri barəsində yuxarıda deyilənlərdən əsər-əlamət qalmaz. Məsələn, O, bütün günü işləyib əldən düşdü cümləsini nəzərdən keçirək. Göründüyü kimi, burada əldən düşdü yorulmaq mənasını ifadə etdiyindən, artıq onların ilkin lüğəvi mənalarından söhbət gedə bilməz. Bu sözlərin birləşmə daxilində məna vəhdəti o qədər güclüdür ki, onları nə morfoloji, nə də sintaktik cəhətdən ayırmaq qeyri-mümkündür. Bu birləşmələr leksikada müstəqil nitq vahidləri, morfologiyada mürəkkəb nitq hissəsi, sintaksisdə isə sadə cümlə üzvü hesab edilir. Müxtəlif dillərin materialının tədqiqi göstərir ki, dillərin hamısında bu qəbildən olan söz birləşmələri geniş yayılmışdır. Söz birləşmələrinin bu ikili xarakteri dildə olan söz birləşmələrini müxtəlif qruplara ayırmağı zəruri edir.
Dilçilik elmi iki qrup: sərbəst və qeyri-sərbəst söz birləşmələrinin mövcud olduğunu göstərir. Bu qruplar sabit və qeyri-sabit söz birləşmələri termini ilə də adlandırılır. Sərbəst və yaxud qeyri-sabit söz birləşmələri o birləşmələrə deyilir ki, onların tərkib hissələri müstəqil leksik mənaya malik olsun, mofoloji və sintaktik cəhətdən üzvlərinə ayrılsın.
Sabit və yaxud qeyri-sərbəst söz birləşmələri isə o birləşmələrə deyiir ki, onların tərkib hissələri müstəqil leksik mənaya malik olmur (onu itirir), morfoloji və sintaktik cəhətdən üzvlərinə ayrıla bilmir. Belə birləşmələrə frazeoloji birləşmələr və ya frazeologizmlər də deyilir.
Böyük rus dilçisi V.V.Vinoqradov frazeoloji vahidlərin təsnifini vermişdir. Bu təsnifə görə, frazeoloji vahidlərin üç qrupu vardır: 1) frazeoloji uyuşmalar, 2) frazeoloji birləşmələr, 3) frazeoloji qovuşmalar. Bu bölgü bu gün də öz əhəmiyyətini itirməmişdir. Onlara frazeoloji vahidlərin yalnız bir qrupu – frazeoloji ifadələr əlavə edilmişdir.
Frazeoloji uyuşmalar elə frazeoloji vahidlərdən sayılır ki, onun tərkib hissələri arasında müəyyən dərəcədə müstəqillik vardır və onlar müəyyən mənada sərbəst birləşmələri xatırladır. Məsələn, xoşu gəlmək. Frazeoloji vahidlərin bu növündə müəyyən qrammatik sərbəstlik var; məsələn, xoşum gəlir, xoşunuz gəlir və s.
Frazeoloji birləşmələrdə isə istinad sözü nisbətən daha müstəqil olur. Belə ki, həmin söz mənsubiyyət şəkilçilərinə görə dəyişilməklə bərabər, bu sözlə onun aid olduğu sözün arasına müxtəlif sözlər də daxil ola bilir; məsələn, gözünə dəymək (Çöldə gözümə bir şey dəymirdi). Belə birləşmələr sərbəst birləşmələrdən yalnız məcazi məna bildirmələri ilə fərqlənir.
Frazeoloji qovuşmalar özlərinin möhkəm semantik bağlılığı, bölünməzliyi ilə fərqlənir. Belə frazeoloji vahidlərdə istinad sözü qrammatik cəhətdən dəyişməz qalır və tərkib hissələrinin arasına heç bir söz daxil ola bilmir, məsələn, qulaq asmaq (Mən ona diqqətlə qulaq asdım).
Frazeoloji ifadələr Azərbaycan dilçiliyində leksik ibarələr kimi izah edilmişdir. Belə frazeoloji birləşmələr istiarə mənşəli olur və daha çox ədəbi dildi istifadə edilir. alovlu salam, kəskin baxış, sağlam fikir, qara qüvvə və s.