Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N
Dialekt sözlər, alınmalar, arxaizm, tarixizm və neologizmlər.
Nitq mədəniyyəti təcrübəsində dialekt sözlərinə ( dialektizmlərə) münasibət ən mühüm məsələlərdən biri hesab olunur. Və müşahidələr göstərir ki, burada müəyyən ziddiyyət də yox deyil. Belə ki, xalq dili ( dialekt-şivələr), bir tərəfdən, ədəbi dilin əsas “qida mənbələri”ndən biridir, digər tərəfdən, ədəbi dil xalq dilinin ( dialekt-şivələrin) qeyri-normativ, “pozucu” təsirindən qorunmalıdır.
Nitqdə dialektizmlərdən və ya məhəlli sözlərdən istifadə ədəbi normativlik baxımından ciddi qüsur sayılır.
Məsələ burasındadır ki, ədəbi dil birdən-birə deyil, müəyyən tarixi proses nəticəsində tədricən ( və kifayət qədər təbii sosial, siyasi, mədəni və s. şərtlər əsasında) formalaşır. Ümumxalq və ya canlı xalq dilinin müəyyən coğrafi mərkəzdə ( o həm də iqtisadi, siyasi, mədəni və s. mərkəzdir) konsentrasiya dialekt çoxvariantlılığından (pərakəndəliyindən) təkvariantlılığa ( normativliyə) keçidlə müşayiət olunur. Və ədəbi dil öz materialını ən azı üç mənbədən alır:
1) əcdad ədəbi dilin və ya dillərin norma ənənələri;
2) dialektlərdən, yaxud “tayfa dilləri”ndən gələn “seçilmələr”;
3) inkişaf etmiş qonşu ədəbi dillər.
Azərbaycan ədəbi dili həm “türki”nin (orta əsrlər ümumtürk ədəbi dilinin), həm Azərbaycan ərazisindəki türk “tayfa dilləri”nin, həm də qonşu fars və ərəb ədəbi dillərinin (dialektlərinin yox!) əsasında formalaşmışdır.
Bu da doğrudur ki, Azərbaycan ədəbi dilinə müxtəlif dövrlərdə bəzən az, bəzən də çox sayda dialekt sözləri daxil olmuş və həmin proses, prinsip etibarilə, ədəbi normanın demokratikləşməsi istiqamətində getdiyindən dialektizmlər ədəbi dili onu “ağırlaşdıran” ərəb-fars alınmalarından təmizləməyə xidmət etmişdir. Xüsusilə XVIII əsrdə, XIX əsrin sonu XX əsrin əvvəllərində canlı xalq dilinin ədəbi dilə “saflaşdırıcı”, yaxud “milliləşdirici” təsiri, həqiqətən, tarixi və ya həlledici olmuşdur.
Ancaq dialektizmlərin ədəbi dilə (və nəticə etibarilə, nitq mədəniyyətinə) pərakəndə, yaxud xaotik müdaxiləsi, təbii ki, yolverilməzdir. Və bunun aşağıdakı səbəbləri xüsusi olaraq qeyd edilməlidir:
a) məhəlli səciyyə daşıyan dialektizm ümumxalq və ya ümummilli ünsiyət səviyyəsində anlaşılmazdır;
b) dialektizm ədəbi dildə “variantlılıq” yaratmaqla onun normativlik prinsipini təhlükə altına alır.
Əlbəttə, bu, məsələnin ictimai tərəfidir, konkret bir fərd konkret ədəbi nitq situasiyasında dialektizmlərə müraciət etdikdə isə üç səciyyəvi münasibətlə qarşılaşır:
1) ətrafdakılar danışan şəxsdən həmin dialektizm və ya dialektizmlərin mənasını soruşurlar;
2) onun nə dediyini, ümumiyyətlə fikrini anlamayıb sözünə laqeyd yanaşırlar
3) və ən təhlükəlisi, ətrafdakılarda belə bir təsəvvür yaranır ki, bu şəxs nitq mədəniyyətindən məhrumdur.
Lakin unutmaq olmaz ki, Azərbaycanda ədəbi nitq mühiti ilə yanaşı, dialekt nitqi mühiti də mövcuddur. Və etiraf etmək lazımdır ki, kifayət qədər canlı, funksional olub öz müxtəlifliyi, rəngarəngliyilə ölkənin bütün coğrafiyasını əhatə edir. Ona görə də burada ədəbi dil-dialekt münasibətlərinin mürəkkəb bir mənzərəsilə qarşılaşmamaq mümkün deyil.
Məsələn, müşahidələr göstərir ki, dialekt mühitinin ədəbi dil daşıyıcısına onun nitqdən irəli gələn münasibəti aşağıdakı şəkillərdə təzahür edir:
a) əgər danışan şəxsin mənşəcə bu dialekt mühitinə aidliyi məlumdursa, onun ədəbi nitqi bu və ya digər dərəcədə istehza doğuracaqdır;
b) əgər danışan şəxsin mənşəcə bu dialekt mühitinə aid olmadığı məlumdursa, onun ədəbi nitqi normal qarşılanacaqdır;
c) əgər danışan şəxsin mənşəcə hansı dialekt mühitinə aid olub-olmadığı ümumiyyətlə məlum deyilsə (Azərbaycan şəraiti üçün bu, demək olar ki, nadir hadisədir), tərəddüdlər baş qaldıracaqdır.
Odur ki, ümumiyyətlə, dialekt mühitləri ilə ünsiyyətə girərkən həmin mühitin yerli nitq xüsusiyətlərinə və ya vərdişlərinə müəyyən hörmətlə yanaşmaq lazım gəlir. Bütövlkdə isə, Azərbaycan nitq mədəniyyətinin müasir səviyyəsi elədir ki, ədəbi dil-dialekt fərqlilikləri özünü leksikadan daha çox fonetikada göstərir. Və ümumxalq, yaxud ümumdilli maraqlar baxımından ədəbi dil normaları, heç şübhəsiz, dialekt-şivə variantlılığından müqayisə edilməyəcək qədər nüfuzludur.