GİRİŞ
Əksər sənaye neft və qaz yataqları, flüidi saxlayan və təzyiq düşgüsündə özündən buraxma xüsusiyyətinə malik olan laylardan təşkil olunur. Neft-qaz ehtiyatının böyük əksəriyyəti sənaye neftinin əmələ gəlməsi üçün əlverişli şəraitə malik olan çökmə mənşəli süxurlara aid edilir. Bu süxurlar içərisində kollektorluq xassələrinə görə terrigen (qumlar qumdaşları, alevrolitlər) və karbonat (əhəng daşları, dolomitlər) mənşəli kollektorlar ayrılır.
Süxurun kollektorluq xassəsinin əsas parametrləri məsaməlik, keçiricilik və çatlılıq hesab edilir.
Süxuru təşkil edən bərk minerallar arasındakı müxtəlif mənşəli, formalı və ölçülü boşluqların məcmusuna məsaməlik deyilir. Süxurun məsamə fəzası süxuru təşkil edən hissəciklərin ölçüləri, düzülüşü, konfiqurasiyası, sementləyici maddənin miqdarı, çatların və kavernaların mövcudluğu ilə müəyyən edilir. Süxurun məsaməliyi həm sedimentasiya (ilkin məsaməlik) həm də diagenez və epigenez (törəmə məsaməlik) prosesləri ilə şərtlənir. Məsaməlik ümumi, açıq və effektiv növlərə ayrılır. Ümumi məsaməlik –süxurdakı açıq və qapalı məsamələrin cəmini ifadə edir.
Açıq məsaməlik bir-biri ilə və atmosferlə əlaqəsi olan məsamələrin məcmuyuna deyilir.
Adi təzyiqdə qaz və mayelərin hərəkəti (sızması) mümkün olan məsaməliyə effektiv məsaməlik deyilir. Süxurların məsaməliyi məsaməlik əmsalı ilə səciyyələnir. Məsaməlik süxurların tutum xassələrini əks etdirir və süxurun boşluqları həcminin onun həcminə nisbəti ilə ifadə edilir.
Dostları ilə paylaş: |