Şəkil 2. YK, NQK və AK məlumatları kompleksinə görə çatlı kavernalı kollektorların seçilməsi.
1-əhəngdaşı, 2 – dolomit, 3- neftli dolomit, 4- çatlı-kavernalı, 5-kavernalı,
6 -çatlı süxurlar, 7- neftli intervallar
I KmAk, II KmNQK, III KmEK, IV Kmkem
Qaldırılmış süxur nümunələrində çatların açıqlığı bir neçə on mikrometrlərdən 0,2 mkm–dək dəyişir. (2713- 2765 m dərinlik intervallarında süxur nümunələrinin qaldırılması 12-65 % təşkil edir). Kavernaların ölçüləri 2– 4 mm-dək, tək-tək hallarda 10 –15 mm-ə çatır.
İlkin (dənələrarası) məsamələr, boşluqlar və kavernalar bir-biri ilə çatlar vasitəsilə əlaqələnməklə neftlə dolmuşlar.
Müxtəlif üsullarla alınmış məsaməlik əyrilərinin müqayisəsi zamanı asanlıqla hiss etmək olar ki, çatlı süxurlar qarşısında müəyyən fərqlənmələr müşahidə edilir. Müxtəlif üsullarla çatlılığın təzahür etmə spesifikası nəzərə alındıqda bu fərqi asanlıqla izah etmək olar.
Çatlar analoji həcmdə dənələrarası məsamələrlə müqayisədə yüksəldici elektrik keçiriciliyinə malik olduqlarına görə çatlı süxurların müqavimət üsuluna görə təyin edilmiş məsaməliyi bir qədər çox olur. Şaquli çatlar və ayrı–ayrı kavernalar elastiki dalğaların yayılma sürətinə az təsir göstərirlər. Bu səbəbdən AK üsulu ilə təyin edilmiş məsaməliyin qiyməti bir qədər kiçik alınır. NQK ilə təyin edilmiş məsaməlik (Km.üm) boşluqların strukturundan asılı olmadığına görə cəm məsaməlik hesab edilir.
1.3.4 Qarışıq (çatlı – kavernalı məsaməli) kollektorlar
Bu cür kollektorlar geofiziki xassələrinə görə yüksək məsaməli və kiçik məsaməli karbonat kollektorlar arasında aralıq vəziyyəti tutur. Elektrik və radioaktiv xassələrinə, keçirmə zonasının xarakterinə görə qarışıq kollektorlar yüksək məsaməli karbonat kollektorlardan azacıq fərqlənir. Çatlar və kavernalar mikrokarotajla (MYK, MK zondları ilə) alınmış müqavimət əyrilərinin diferensasiyasını yüksəldir, AK–da elastiki dalğaların sönməsinin effektivliyini artırır, gil qabığının dağılmasına və buna müvafiq quyu diametrinin dəyişməsinə səbəb olur. Bu keyfiyyət nişanələri həmçinin az və çox dərəcədə kiçik məsaməli kollektorlara da şamil edilir. Bununla əlaqədar olaraq ümumi qəbul edilmiş QGT kompleksinə görə kiçik məsaməli və qarışıq karbonat kollektorları seçmək, hətta onları bir-birindən fərqləndirmək çox mürəkkəb məsələdir. Bu məsələləri həll etmək üçün quyuda müqavimət üsulu ilə təkrar ölçmələr aparmaqla xüsusi geofiziki tədqiqatlardan istifadə edilir.
Dostları ilə paylaş: |