FƏSİL I KOLLEKTORLARIN SEÇİLMƏSİ 1.1 Süxurların kollektorluq xassələri
Əksər sənaye neft və qaz yataqları, flüidi saxlayan və təzyiq düşgüsündə özündən buraxma xüsusiyyətinə malik olan laylardan təşkil olunur. Neft-qaz ehtiyatının böyük əksəriyyəti sənaye neftinin əmələ gəlməsi üçün əlverişli şəraitə malik olan çökmə mənşəli süxurlara aid edilir. Bu süxurlar içərisində kollektorluq xassələrinə görə terrigen (qumlar qumdaşları, alevrolitlər) və karbonat (əhəng daşları, dolomitlər) mənşəli kollektorlar ayrılır.
Süxurun kollektorluq xassəsinin əsas parametrləri məsaməlik, keçiricilik və çatlılıq hesab edilir.
Süxuru təşkil edən bərk minerallar arasındakı müxtəlif mənşəli, formalı və ölçülü boşluqların məcmusuna məsaməlik deyilir. Süxurun məsamə fəzası süxuru təşkil edən hissəciklərin ölçüləri, düzülüşü, konfiqurasiyası, sementləyici maddənin miqdarı, çatların və kavernaların mövcudluğu ilə müəyyən edilir. Süxurun məsaməliyi həm sedimentasiya (ilkin məsaməlik) həm də diagenez və epigenez (törəmə məsaməlik) prosesləri ilə şərtlənir. Məsaməlik ümumi, açıq və effektiv növlərə ayrılır. Ümumi məsaməlik –süxurdakı açıq və qapalı məsamələrin cəmini ifadə edir.
Açıq məsaməlik bir-biri ilə və atmosferlə əlaqəsi olan məsamələrin məcmuyuna deyilir.
Adi təzyiqdə qaz və mayelərin hərəkəti (sızması) mümkün olan məsaməliyə effektiv məsaməlik deyilir. Süxurların məsaməliyi məsaməlik əmsalı ilə səciyyələnir. Məsaməlik süxurların tutum xassələrini əks etdirir və süxurun boşluqları həcminin onun həcminə nisbəti ilə ifadə edilir.
Km = Vməs / Vsüx
Məsaməlik əmsalı faizlə və ya süxurun vahid həcminin hissələri ilə ölçülür. Müxtəlif tip kollektorlarda məsaməlik bir neçə vahiddən 30-35% - ə qədər dəyişir. Məsamə tipli süxurların kollektorluq xassələrinə məsaməliyin forması xüsusən də məsamələrin ölçüsü təsir göstərir. Məsamələr yüksək kapilyar, kapilyar və sub kapilyar və çox incə mikroməsamələrə bölünür.
- Yüksək kapilyar məsamələrin diametri 0,508mm-dən çox olduğundan belə məsamələrdə maye aktiv vəziyyətdə olur və sərbəst yerdəyişmə edə bilir.
- Kapilyar məsaməlik diametri 0,508-0,0002 mm intervalında dəyişir. Bu halda da kapilyarlarda maye və qazın hərəkəti mümkün olur.
- Subkapilyar məsamələrin diametri 0,0002mm-dən kiçik olur. Molekulyar qüvvənin təsiri o dərəcədə böyük olur ki, belə məsamələrdə təzyiq düşgüsündə mayenin hərəkəti mümkün olmur.
- Çox incə mikroməsamələr 0,000002 mm olar. Onlar bəzi təbii seolitlərdə qeydə alınıb.
Karbonat kollektorların məsaməlik əmsalı böyük intervalda (3%-dən 50%-dək) dəyişilir.
Çatlılıq-kollektorlardakı boşluqların bir növüdür. Çatlılığın əsas vacib səciyyəsi onun açıqlığıdır. Əksər tədqiqatçıların fikrincə laylarda çatlılığın açıqlığının ən ehtimal olunan qiyməti 50-100 mkm-dən çox olmur.
Kollektorun digər əsas xassəsi keçiricilik hesab edilir.
Təzyiq düşgüsündə süxurların maye, qaz və onların qarışığını keçirmə qabiliyyətinə süxurların keçiriciliyi deyilir.
Keçiricilik fiziki (mütləq), fazalı (effektiv) və nisbi olur.
Fiziki keçiricilik süxurların eynicinsli maye və ya qazı keçirmə xassəsinə deyilir.
Süxurların keçiriciliyinin yüksəlməsi əksər hallarda məsaməliyin artması ilə əlaqədar olur. Hətta çox kiçik məsaməli süxurlar, məsələn, sıx karbonat süxurlar çatlılıq və kavernalılığın hesabına yüksək keçirici, incədənəli yüksək məsaməli süxurlar isə kiçik keçiricilikli ola bilər.
Süxurların keçiriciliyinə həmçinin effektiv gərginliyin kifayət qədər təsiri olur. Effektiv gərginlikdən süxuru azad etdikdə (atmosfer təzyiqində) keçiricilik 25 % - dən --100 % - dək arta bilər. Bu, xüsusilə kiçik keçiriciliyə malik süxurlarda özünü daha kəskin büruzə verir. Beləliklə, o süxurlar kollektor hesab edilir ki, su, neft və qaz üçün tutuma (məsaməliyə və keçiriciliyə) malik olsun və istismar zamanı flüidin xaric olunmasını təmin etsin.
Süxurların doyma xarakteristikaları üçün adətən neftqazdoyumluluq (Knq), yaxud da sudoyumluluq (Ks) əmsallarından istifadə edilir. Neftqazdoyumluluq kollektorun vacib parametri olub, onun sənaye əhəmiyyətini müəyyənləşdirir.
Süxurların neftdoyumluluq əmsalı suxurların məsamələrindəki neftin tutduğu həcmin (Vneft) onun məsamələrinin ümumi həcminə (Vm) olan nisbətinin faizlə miqdarına deyilir.
Kn= ×100%
Elə neftli süxurlar var ki, onların neftlədoyumluluq əmsalının qiyməti 100%- ə yaxındır. Neftli kollektorların neftdoyumluluğu adətən 40-50 % olur və bir çox hallarda həmin süxurlar təmiz neft verir. Onlar xırdadənəli qumlu-alevrolitli-gilli süxurlardan ibarət olur. Ehtiyatın hesablanmasında və işlənmənin layihələndirilməsində məsaməlikdən, keçiricilikdən və neftqazdoyumluqdan əlavə kollektorun neft-qazla doymuş effektiv qalınlığını (hef) qiymətləndirmək lazım gəlir. Bu parametr məhsuldar horizontun keçirici neft-qazdoyumlu təbəqələrinin qalınlıqları cəmini səciyyələndirir. Təyin etmədə əvvəlcə kollektor layların qalınlığı (hkol) başqa sözlə, keçirici layların cəm qalınlığı, sonra isə effektiv neftqazdoyumlu qalınlıq müəyyən edilir.
Süxurların litoloji tərkibi, xüsusən də onların gilliliyinin təyin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Gilliliyin artması ilə süxurların kollektorluq xassələri pisləşir və neft-qazdoyumluğu azalır.
Dostları ilə paylaş: |