Maddələrin hüceyrəyə daxil olması (inflax) və ya hüceyrədən xaricə çıxması (efflax) proseslərində diffuziya və osmos böyük rol oynayır. Məlumdur ki, protoplazmanı təşkil edən maddələrin hissəcikləri müəyyən kinetik enerciyə malik olurlar ki, bu da onların fasiləsiz hərəkət etmələrinə imkan verir. Dispersiya olunmuş maddənin sistemin bir tərəfindən digər tərəfinə doğru yerdəyişməsinə «diffuziya» deyilir. Diffuziya prosesi, diffuziya olunan maddənin fəallığından, temperaturdan, mühitin özlülüyündən və s. asılıdır. Elektrolitlər içərisində ən yüksək diffuziya qabiliyyətinə H+ və OH- ionları malikdir. Qeyri - elektrolitlər qrupunda isə diffuziyanın sürəti, molekulun kütləsi və ölçüləri ilə tərs mütənasibdir. Yarımkeçirici membran hesabına baş verən diffuziya osmos adlanır.