11. Azərbaycan xanlıqları dövründə hüququn ümumi səciyyəsi, maliyyə və
inzibati hüquq münasibətləri
18-ci əsrin ikinci yarısında müsəlman hüququnun əsas prinsipləri saxlanılsa da, bəzi
xanlıqların ərazisində sünni məzhəbinin, bəzilərində isə şiə məzhəbinin üstünlük təşkil
etməsi bəzi dini və hüquqi normaların müxtəlif xanlıqlarda müxtəlif cür tətbiqini
şərtləndirirdi. Azərbaycan xanlarının qanunvericilik fəaliyyəti əsas etibarilə müəyyən əmlak
münasibətlərini tənzimləyən və bir çox hallarda müvəqqəti səciyyə daşıyan fərman və
təliqələrin verilməsi ilə məhdudlaşırdı. Tərtib edilməsi 18-ci əsrin 80-ci illərinə aid olunan
Şəki xanı Məhəmməd Həsən xanın “Dəsturül-əməl”i dövrün aqrar və vergi münasibətlərini
əks etdirməklə yanaşı ilk dəfə olaraq gömrük münasibətləri ilə bağlı müxtəlif səpgili
məsələləri özündə əks etdirirdi. Həmçinin hüquq mənbələri sırasına xan təliqələri, kiçik
hüquqi kitablar-risalələr də aid edilirdi. Bu dövrdə Azərbaycanda mövcud olan hüquq
mənbələri içərisində Car-Tala camaatlığının yığıncağının qərarları-“Car-Tala qanunnaməsi”
mühüm yer tutur. Bu dövrdə xanlıq hakimiyyətinin təşkili və Azərbaycan xanlıqlarındakı
idarəetmə sistemi çox primitiv idi. Dövlət başçısı olan xanlar öz ərazilərində qeyri-məhdud
hakimiyyətə malik idilər. İdarəçilik sistemi əsasən 4 hissədən ibarət idi: saray aparatı,
maliyyə idarəsi, hərbi təşkilat, icra və ya polis aparatı. Xanlıqları idarə edən mərkəzi dövlət
orqanı Divanxana və ya xan Şurası adlanırdı. Burada yüksək vəzifəli şəxslər-vəzir, qalabəyi,
divanbəyi, qazı, mirzə, baş xəzinədar, darğa, eşikağasıvəzivəsini daşıyan şəxslər fəaliyyət
göstərirdilər. Saray məmurları içərisində əsas yeri vəzir tuturdu və xandan sonra 2-ci pillədə
dururdu. Bəzi hallarda dövlət möhürü vəzirə tapşırılır, məsləhət funksiyaları ilə yanaşı,
vəzirlər xanlıqlarla xarici ölkələr arasında siyasi və diplomatik əlaqələrin yaranmasında
şəxsən iştirak edirdilər. Mühüm vəzifələrdən biri olan eşikağası xanın şəxsi təsərrüfatını idarə
edirdi. Xəzinədar xəzinə işlərinə, əmiraxur xanlığın ilxısına, sandıqdar-ağası xan xəzinəsinin
xərcləri üzərində, ambardar-ağası natural vergilərin daxil olduğu anbarlar üzərində nəzarəti
həyata keçirirdi. Maliyyə idarəsinə isə sərkari-ali başçılıq edirdi. Maliyyə idarəsi ilə sıx
əlaqədə olan, əməkçi əhalidən vergilərin yığılmasını və mükəlləfiyyətlərin yerinə
yetirilməsini təmin edən icra və ya polis idarəsi fəali yyət göstərirdi. İnzibati-ərazi bölgüsü
üzrə xanlıqlar mahallara, mahallar isə kəndlərə bölünürdü. Mahalları adətən iri feodalların
içərisindən xan tərəfindən təyin olunan naiblər və ya mahal bəyləri idarə edirdilər. Naiblər
maliyyə-inzibati, polis, bir sıra xanlıqlarda hətta məhkəmə funksiyalarına da malik idilər.
Naiblərin vəzifəsi xan təliqəsi əsasında irsən ötürülə bilərdi. İnzibati baxımdan idarəçiliyi
asanlaşdırmaq məqsədilə şəhərlər məhəllələrə bölünürdü. Hər bir məhəlləyə başçı təyin
olunur və şəhər vergilərinin yığılması onlara həvalə olunurdu. Mahalların tərkibinə daxil olan
kəndləri yüzbaşı və ya kəndxuda idarə edirdi. Əksər hallarda isə onlar naiblər tərəfindən
təyin edilir və onun rəhbərliyi altında öz funksiyalarını həyata keçirirdilər. Maliyyə hüququ-
Xanlıqlar dövründə çox ağır vergi vergi sistemi mövcud idi. Ümumiyyətlə 18-ci əsrin ikinci
yarısında Azərbaycanda mövcud olan 3 renta(vergi) forması içərisində başlıca yeri məhsul
rentası tuturdu. Lakin məhsul rentası ilə yanaşı, Azərbaycanda icbari(biyar) renta və pul
rentası da mövcud idi. O dövrdə ən mühüm vergi formalarından biri hesab edilən
1)malcəhət(bəhrə) vergi sisteminin əsasını təşkil edirdi. Müxtəlif xanlıqlarda malcəhətin
miqdarı məhsulun onda bir hissəsindən üçdə bir hissəsinə qədər idi.2) Səlyanə-fars sözü
olub, “illik” vergi adlanırdı. Bu dəqiq müəyyən edilmiş vergi hesab olunurdu.3) Darğalıq-xan
tərəfindən darğaların xeyrinə kəndlilər tərəfindən yerinə yetirilən icbari, natural və pul
mükəlləfiyyətləri deməkdir 4) Bayramlıq vergisi-həm kənd, həm də şəhər əhalisindən Novruz
və Qurban bayramlarında toplanırdı 5) Otaq xərci-xanın xeyrinə hər komadan yığılan pul
vergisi idi 6) Əvrəz və yaxud iməcilik-feodallar ağır vergilərdən başqa lazım olduqda,
kəndlərdən istədikləri qədər fiziki qüvvə toplayıb, onlardan bu və ya digər ağır işlərdə istifadə
edirdilər 7)Cüftbaşı-rəiyyətlərin torpağı şumladıqları kotana görə ödədikləri pul
mükəlləfiyyəti 8)Sənətkarlardan alınan vergilər: mancanaq pulu, toxucu pulu, dəyirman
pulu, qapan pulu, duz pulu, boyaqçı pulu, xırdavat pulu və s. 9) Bağ pulu vergisini əhali öz
bağlarından istifadə etdikləri üçün verirdi. Ona bəzən bağbaşı da deyilyirdi 10)-at arpası
natural mükəlləfiyyət idi və xan atlarının yemlənməsi üçün kəndlilərdən arpa yığılırdı 11)
Töycü-xüsusi oklad qismində pul vergisi idi 12) Toy xərci vergisinin mahiyyəti ondan ibarət
idi ki, əhali həm xanın ailəsində, həm də öz ailəsində toy olsaydı xan üçün xələt, pul və ya pay
göndərməli idi. Sadalanan vergi və mükəlləfiyyətlərdən başqa çoxlu sayda digər vergilər, o
cümlədən kələntərlik, keşikçi pulu, vəzirlik, cizyə, peşkəş, zəkat, xüms, rüsum, və s. alınırdı.
Bu vergilərin içərisində cizyə vergisi xüsusi maraq doğurur. Belə ki, bu verginin obyekti
qismində kişi cinsindən olan şəxslər çıxış edirdi. Məsələn, Bakıda “evli kişidən 1 manat,
subaydan isə 60 qəpik pul tuturdular. Köçəri əhali-elatlar da müəyyən dərəcədə vergi
daşıyıcıları hesab olunurdular. Beləki elatlar hər yüz başdan heyvan otarılması üçün otlağın
sahibinə bir və yaiki sağlam qoyun verməli idi ki, bu da çölbaşı adlanırdı. Vergilərin
toplanılmasında isə iltizam sistemi mövcud idi. Müəyyən bir sahənin vergisini toplamaq
hüququ icarəyə götürülərək, yığılan pulun müəyyən hissəsinin icarədarda saxlanılması şərti
ilə qalan hissəsi xana verilirdi.
Dostları ilə paylaş: |