AZƏrbaycan kp mk yanında partiya tariXİ İnstitutu sov.İkp mk yanında marksizmleniNİzm institutunun fiLİali


KAPİTALİST YIĞIMININ TARİXİ MEYLİ



Yüklə 1,16 Mb.
səhifə12/16
tarix05.03.2017
ölçüsü1,16 Mb.
#10324
1   ...   8   9   10   11   12   13   14   15   16

7. KAPİTALİST YIĞIMININ TARİXİ MEYLİ

Beləliklə, ibtidai kapital yığımı, yəni onun tarixi mənşəyi nədən ibarətdir? Bir halda ki ibtidai kapital yığımı qulların və təhkimlilərin bilavasitə muzdlu fəhlələrə çevrilməsi və, deməli, yalnız sadəcə forma dəyişilməsi deyildir, onda bu, bilavasitə istehsalçıların ancaq mülkiyyətdən məhrum edilməsi, yəni şəxsi əmək üzərində qurulmuş xüsusi mülkiyyətin məhv edilməsi deməkdir.

İctimai, kollektiv mülkiyyətin əksi olan xüsusi mülkiyyət ancaq, əmək vasitələrinin və xarici əmək şərtlərinin xüsusiyyətçi şəxslərin əlində olduğu yerdə mövcuddur. Lakin bu xüsusiyyətçi şəxslərin işçi olub-olmamasından asılı olaraq xüsusi mülkiyyətin öz xarakteri də dəyişilir. Xüsusi mülkiyyətin nəzərimizə çarpan saysız-hesabsız çalarları, yalnız bu iki kənar hədd arasındakı aralıq vəziyyətləri əks etdirir.

İşçinin öz istehsal vasitələri üzərində xüsusi mülkiyyəti xırda istehsalın əsasını təşkil edir, xırda istehsal isə ictimai istehsalın inkişafı üçün və işçinin özünun fərdi azadlığı üçün zəruri şərtdir. Doğrudur, bu istehsal üsuluna həm quldarlıq quruluşunda, həm təhkimçilik quruluşunda, həm də başqa şəxsi asılılıq formaları şəraitində təsadüf edilir. Lakin bu istehsal üsulu yalnız o yerdə mükəmməl surətdə tərəqqi edir və yalnız o yerdə bütün gücünü göstərib özünə adekvat klassik bir forma alır ki, işçi şəxsən özünün tətbiq etdiyi öz əmək şərtlərinin azad xüsusi mülkiyyətçisi olsun, kəndli becərdiyi tarlanın, sənətkar isə ustalıqla işlətdiyi alətlərin sahibi olsun.

Bu istehsal üsulu torpağın və başqa istehsal vasitələrinin dağınıq halda olmasını tələb edir. Bu istehsal üsulu nə istehsal vasitələrinin təmərküzləşməsinə, nə də kooperasiyaya, eyni bir istehsal prosesi daxilində əmək bölgüsünə, cəmiyyətin təbiət üzərində hökmranlığına və onu təizim etməsinə, ictimai məhsuldar qüvvələrin azad inkişafına imkan vermir. Bu üsul istehsalın və cəmiyyətin ancaq ibtidai dar çərçivələri ilə bir araya sığa bilir. Onu əbədiləşdirməyə çalışmaq, Pekkörün haqlı olaraq dediyi kimi, «ümumi geriliyi qanuniləşdirməyə»86 çalışmaq kimidir. Lakin müəyyən inkişaf səviyyəsində bu istehsal üsulu özünün məhvi üçün özü maddi vasitələr yaradır. Bu zamandan etibarən cəmiyyət daxilində, özünü həmin istehsal üsulu tərəfindən buxovlanmış hiss edən qüvvələr və meyllər hərəkətə gəlməyə başlayır. Bu istehsal üsulu məhv olmalıdır və doğrudan da məhv olur. Onun məhvi, fərdi və dağınıq istehsal vasitələrinin təmərküzləşmiş ictimai istehsal vasitələrinə çevrilməsi və, deməli, çoxlarının xırdaca mülkiyyətinin bir ovuc adamın nəhəng mülkiyyətinə çevrilməsi, geniş xalq kütlələrinin torpaqdan, yaşayış vasitələrindən və əmək alətlərindən məhrum edilməsi,–xalq kütləsinin mülkiyyətdən belə ağır və dəhşətli surətdə məhrum edilməsi kapital tarixinin müqəddiməsini təşkil edir. Buraya bir sıra zorakılıq metodları daxildir ki, bunlardan biz yuxarıda ancaq ən mühümlərini, məsələn ibtidai yığım metodları kimi böyük bir tarixi dövr təşkil edənlərini nəzərdən keçirtdik. Bilavasitə istehsalçıların mülkiyyətdən məhrum edilməsi işi ən böyük bir yırtıcılıqla və ən alçaq, ən murdar, ən iyrənc və ən vəhşi ehtirasların təzyiqi altında icra olunur. Mülkiyyətçinin əməyi ilə əldə edilən, ayrıca müstəqil işçinin öz əmək alətlərinə və vasitələrinə, necə deyərlər qovuşmasına əsaslanan xüsusi mülkiyyəti, formal cəhətdən azad əmək sayılan, lakin özgə əməyinin istismarına əsaslanmış kapitalist xüsusi mülkiyyəti sıxışdırıb aradan çıxarır («Biz tamamilə yeni bir ictimai quruluşa qədəm qoymuşuq... biz hər cür mülkiyyəti hər cür əməkdən ayırmağa çalışırıq» Sismondi. «Nouveaux Principes de lEconomie Politique», t. II [Poris, 1827], p.434.).

Bu çevrilmə prosesi köhnə cəmiyyəti dərininə və eninə kifayət qədər pozduqda, işçilər proletarlara, onların əmək şərtləri isə kapitala çevrildikdə, kapitalist istehsal üsulu müstəqil yaşamağa başladıqda, bu vaxtdan etibarən əməyin daha da ictimailəşdirilməsi, torpağın və digər istehsal vasitələrinin daha artıq bir dərəcədə ictimai surətdə istismar edilməsi və, deməli, ümumi istehsal vasitələrinə çevrilməsi və bununla əlaqədar olaraq xüsusi mülkiyyətçilərin daha geniş dairədə mülkiyyətdən məhrum edilməsi yeni forma alır. İndi daha, müstəqil təsərrüfatla məşğul olan işçi deyil, bir çox fəhləni istismar edən kapitalist mülkiyyətdən məhrum edilməli olur.

Kapitalistin mülkiyyətdən məhrum edilməsi, kapitalist istehsalının öz immanent qanunlarının fəaliyyəti nəticəsində, kapitalların mərkəzləşməsi vasitəsilə əmələ gəlir. Bir kapitalist bir çox kapitalisti əzir. Bu mərkəzləşmə ilə və ya bir çox kapitalisti az miqdar kapitalistin mülkiyyətdən məhrum etməsi ilə yanaşı, əmək prosesinin kooperasiya forması getdikcə daha artıq inkişaf edir, elmin texnikada şüurlu tətbiqi, torpaqdan planauyğun istifadə olunması, əmək vasitələrinin yalnız kollektiv surətdə işlədilə biləcək əmək vasitələrinə çevrilməsi, bütün istehsal vasitələrinin kombinələşdirilmiş ictimai əməkdə istifadə olunan istehsal vasitələri kimi tətbiq etməklə bütün bu vasitələrə qənaət edilməsi, bütün xalqların dünya bazarı sisteminə cəlb edilməsi və bununla birlikdə kapitalist rejiminin beynəlmiləl xarakteri getdikcə daha geniş inkişaf edir. Bu çevrilmə prosesinin bütün xeyrini qəsb edən və öz inhisarı altına alan kapital maqnatları sayının daim azalması ilə bərabər, yoxsulluq, zülm, əsarət, cılızlaşma və istismar artır, lakin bununla bərabər, sayca daim çoxalan, kapitalist istehsal prosesi mexanizminin özünün öyrətdiyi, birləşdirdiyi və təşkil etdiyi fəhlə sinfinin hiddəti də artır. Kapital inhisarı, onunla birlikdə və onun sayəsində yüksəlmiş olan istehsal üsulu üçün bir buxov olur. İstehsal vasitələrinin mərkəzləşməsi və əməyin ictimailəşməsi elə bir nöqtəyə çatır ki, daha bunlar öz kapitalist qabığına sığa bilmir. Bu qabıq partlayır. Kapitalist xüsusi mülkiyyətinin sonu çatır. Mülkiyyətdən məhrum edənlərin özlərini mülkiyyətdən məhrum edirlər.

Kapitalist istehsal üsulundan doğan kapitalist mənimsəmə üsulu və, deməli, kapitalist xüsusi mülkiyyəti, şəxsi əməyə əsaslanan fərdi xüsusi mülkiyyətin birinci inkarıdır. Lakin kapitalist istehsalı təbii proses qədər zəruri olaraq özünün inkarını doğurur. Bu–inkarın inkarıdır. Bu, xüsusi mülkiyyəti bərpa etmək deyil, kapitalizm erasının nailiyyətləri əsasında–kooperasiya əsasında, ümumi torpaq sahibliyi və əməyin özü tərəfindən istehsal edilmiş başqa istehsal vasitələrinə ümumi sahiblik əsasında fərdi mülkiyyəti bərpa edir.

Ayrı-ayrı şəxslərin öz əməyinə əsaslanan dağınıq xüsusi mülkiyyətin kapitalist mülkiyyətinə çevrilməsi, əlbəttə, felən ictimai istehsal prosesinə əsaslanan kapitalist xüsusi mülkiyyətinin ictimai mülkiyyətə çevrilməsi prosesindən olduqca uzun, ağır və çətin bir prosesdir. Orada məsələ, xalq kütləsini bir ovuc qəsbkarın mülkiyyətdən məhrum etməsi üzərində idi, burada isə xalq kütləsi bir ovuc qəsbkarı mülkiyyətdən məhrum etməli olacaqdı («Sənayenin tərəqqisi,–burjuaziya istəri-stəməz bunu təmsil edir və buna müqavimət göstərməkdə acizdir,–rəqabətin fəhlələri parçalaması əvəzində assosiasiya vasitəsilə onların inqilabi birliyini yaradır. Beləliklə, iri sənaye inkişaf etdikcə, burjuaziya məhsul istehsal etmək və mənimsəmək zəmininin özündən məhrum olur. O hər şeydən əvvəl öz qəbirqazanlarını yaradır. Burjuaziyanın məhv olması və proletariatın qalib gəlməsi eyni dərəcədə labüddür... İndi burjuaziyaya qarşı duran bütün siniflərdən yalnız proletariat həqiqətən inqilabçı sinifdir. İri sənaye inkişaf etdikcə bütün başqa siniflər pozulub məhv olur, proletariat isə bu sənayenin öz məhsuludur. Orta silklər: xırda sənayeçi, xırda alverçi, sənətkar və kəndli,–bunların hamısı burjuaviya ilə ondan ötrü mübarizə edir ki, orta silk olmaq etibarilə öz varLığını məhv olmaqdan xilas etsin. Deməli, onlarda inqilabi əhvali-ruhiyyə deyil, mühafizəkar əhvali-ruhiyyə vardır. Hətta daha artıq, onlarda mürtəce əhvali-ruhiyyə vardır: onlar tarixin çarxını geri dondərməyə çalışırlar». (K.Marks F.Engels. «Kommunist partiyasınnın manifesti». London, 1848, səh. 11, 9 [Bax: bu nəşr, 1-ci cild])).

İlk dəfə bu kitabda dərc edilmişdir: K.Marx. «Das Kapital. Kritik der politischen Oekonomie». Erster Band. Hamburg, 1867.
F.ENGELS ,

K.MARKSIN «KAPİTAL»ININ BİRİNCİ CİLDİNƏ «DEMOKRATİSCHES WOCNENBLATT» ÜÇÜN RESENZİYA

MARKSIN «KAPİTALI»

(Das Kapital. Kritik der politischen Oekonomie, von Karl Marx. Erster Band. Der Prodktionsprozeb der Kapitals. Hamburg, O.Meissner, 1867)

I

Yer üzündə kapitalistlərlə fəhlələr mövcud olduğu vaxtdan bəri, fəhlələr üçün qarşımızdakı kitab qədər əhəmiyyətli olan heç bir kitab hələ meydana gəlməmişdir. Kapital ilə əmək arasındakı münasibət–ətrafında bütün müasir ictimai sistemimizin fırlandığı ox–ilk dəfə burada elmi surətdə tədqiq edilmiş, həm də ancaq almana müyəssər olan əsaslı və kəskin bir şəkildə tədqiq edilmişdir. Ouenin, Sen-Simonun, Furyenin əsərləri nə qədər qiymətli olsa və belə bir əsərlər olaraq qalsalar da, yalnız alman elə bir yüksəkliyə qalxa bilmişdir ki, ən yüksək bir zirvəyə qalxan tamaşaçının gözləri qarşısında aşağıdakı dağ ətəkləri necə görünürsə, onun da gözü qarşısında bütün müasir ictimai münasibətlər sahəsi həmin zirvədən o qədər aydın görünür.

Bu vaxta qədər mövcud olan siyasi iqtisad bizə öyrədir ki, əmək hər bir sərvətin mənbəyi və bütün dəyərlərin ölçüsüdür; beləliklə də, istehsalına eyni miqdar iş vaxtı sərf edilən iki cismin dəyəri də bərabərdir və ümumiyyətlə yalnız bərabər dəyərlər bir-birinə mübadilə edilə bildiyinə görə bu cisimlər bir-birinə mübadilə olunmalıdır. Lakin bu siyasi iqtisad eyni zamanda öyrədir ki, yığılmış əməyin xüsusi növü də vardır və buna həmin siyasi iqtisad kapital adı verir; daha sonra bu siyasi iqtisad öyrədir ki, bu kapitalda yardımçı mənbələr olduğuna görə, canlı əməyin məhsuldarlığını o yüz və min qat artırır və bunun müqabilində müəyyən mükafat tələb edir ki, buna da mənfəət deyilir. Hamımızın bildiyi kimi, həqiqətdə vəziyyət elədir ki, yığılmış əməyin, cansız əməyin mənfəəti getdikcə artıb böyüyür, kapitalistlərin kapitalları getdikcə artıb böyüyür, kapitalistlərin kapitalları getdikcə çoxalıb artır, canlı əməyin əmək haqqı isə getdikcə azalır, yalnız əmək haqqı hesabına yaşayan fəhlə kütləsi getdikcə daha çox artır və yoxsullaşır. Bəs bu ziddiyyəti necə həll etməli? Fəhlə öz əməyinin məhsuluna verdiyi dəyəri tamamilə geri alırsa, onda necə olur ki, kapitalistə mənfəət qalır? Bir halda ki ancaq bərabər dəyərlər mübadilə olunur, onda bu halda da gərək elə olsun. Digər tərəfdən, bir çox iqtisadçıların etiraf etdiyi kimi, fəhlənin məhsulu onunla kapitalist arasında bölünürsə, onda necə olur ki, bərabər dəyərlər mübadilə olunur, necə olur ki, fəhlə öz məhsulunun tam dəyərini alır? Köhnə siyasi iqtisad bu ziddiyyət qarşısında aciz qalır, heç bir mənası olmayan ibarələr yazır və ya utana-utana yavaşca söyləyir. Siyasi iqtisadı tənqid edən sosialistlər də indiyədək bu ziddiyyəti irəli sürüb göstərməkdən artıq bir iş görə bilməmişlər; heç kəs bu ziddiyyəti həll edə bilməmişdi; nəhayət, Marks bu mənfəətin əmələ gəlməsi prosesini onun lap yarandığı nöqtəyədək izlədi və beləliklə də hər şeyi aydınlaşdırdı.

Marks kapitalı tədqiq edərkən hamıya məlum olan belə bir sadə faktdan başlayır ki, kapitalistlər öz kapitallarının dəyərini mübadilə vasitəsilə artırırlar; onlar öz pullarına əmtəə alırlar, sonra da bu əmtəəni aldıqlarından artıq bir miqdar pula satırlar. Məsələn, kapitalist 1000 talerə pambıq alır, sonra da bunu 1100 talerə satır, beləliklə də 100 taler «qazanır». İlkin kapitaldan artıq olan bu 100 talerə Marks izafi dəyər deyir. Bəs bu izafi dəyər haradan əmələ gəlir? İqtisadçıların fikrincə, ancaq bərabər dəyərlər mübadilə olunur; mücərrəd nəzəriyyə sahəsində bu doğrudur. Deməli, pambığın alınması, sonra da onun yenidən satılması izafi dəyər gətirə bilməz, necə ki, bir gümüş talerin 30 zilberqroşa mübadilə olunması, sonra da bu xırda pulun yenidən bir gümüş talerə mübadiləsi heç bir izafi dəyər yaratmır: belə bir mübadilə nəticəsində heç kəs nə varlanır, nə də yoxsullaşır. Habelə satıcıların əmtəələri dəyərindən yuxarı satması, yaxud alıcıların bunları da dəyərindən aşağı alması nəticəsində də izafi dəyər yarana bilməz, çünki hər bir adam vaxtaşırı gah alıcı olur, gah da satıcı, buna görə də bir halda qazandığını o biri halda itirir. Həmçinin satıcı ilə alıcının bir-birini aldatması nəticəsində də izafi dəyər meydana gələ bilməz, çünki bu halda heç bir yeni dəyər, yaxud izafi dəyər yaranmazdı, ancaq mövcud kapital kapitalistlər arasında başqa cür bölünmüş olardı. Kapitalist əmtəələri öz dəyərinə alıb öz dəyərinə satdığına baxmayaraq, o yenə də qoyduğundan artıq dəyər götürür. Bəs bu nə cür olur?

Hazırkı ictimai münasibətlər şəraitində kapitalist əmtəə bazarında elə bir əmtəə tapır ki, onun özünə məxsus xassəsi vardır; bu xassə ondan ibarətdir ki, həmin əmtəənin istehlak edilməsi yeni bir dəyərin mənbəyidir, yeni bir dəyər yaradılması deməkdir; bu əmtəə isə–iş qüvvəsidir.

Bəs iş qüvvəsinin dəyəri nədən ibarətdir? Hər bir əmtəənin dəyəri onun istehsalı üçün zəruri olan əməklə ölçülür. İş qüvvəsi canlı fəhlə şəxsində mövcuddur və bu fəhləyə həm özü üçün, həm də özü öləndən sonra da iş qüvvəsinin yaşamasını təmin edən öz ailəsini yaşatmaq üçün müəyyən miqdar yaşayış vasitələri lazımdır. Beləliklə, məhz bu yaşayış vasitələrini istehsal etmək üçün zəruri olan iş vaxtı iş qüvvəsinin dəyərini təşkil edir. Kapitalist iş qüvvəsinin həftəlik haqqını verir, bununla da fəhlənin bir həftəlik əməyindən istifadə etmək ixtiyarını satın alır. Bu nöqtəyə qədər cənab iqtisadçılar iş qüvvəsinin dəyəri məsələsində bizimlə ümumiyyətlə razılaşmalıdırlar.

İndi budur, kapitalist öz fəhləsini işlətməyə başlayır. Müəyyən vaxt ərzində fəhlə, öz həftəlik əmək haqqında təmsil olunduğu qədər əmək sərf edir. Biz fərz etsək ki, fəhlənin bir həftəlik əmək haqqı üç iş gününə müvafiqdir, onda bazar ertəsi işə başlayan fəhlə ona verilən əmək haqqının tam dəyərini çərşənbə günü axşam ödəyib kapitalistə qaytarmış olacaqdır. Lakin fəhlə bundan sonra işi dayandırmalıdırmı? Heç bir halda. Kapitalist onun həftəlik əməyini satın almışdır, buna görə də fəhlə həftənin qalan üç gününü də işləməlidir. Fəhlənin öz əmək haqqını ödəməsi üçün lazım gələn vaxtdan artıq olan bu izafi əməyi izafi dəyər mənbəyidir, mənfəət mənbəyidir, kapitalın daim artması mənbəyidir.

Qoy bizi töhmətləndirib deməsinlər ki, guya fəhlənin aldığı əmək haqqının əvəzini üç günə işləyib ödəməsi və qalan üç günü kapitalist üçün işləməsi fərziyyəsi ixtiyaridir. Onun öz əmək haqqının əvəzini məhz üç gündəmi, yaxud iki gündə, ya da dörd gündə işləyib ödəməsinin, bu halda, əlbəttə, heç bir fərqi yoxdur və şəraitdən asılı olaraq dəyişilir; əsas məsələ isə ondadır ki, kapitalist, haqqını ödədiyi əməklə bərabər haqqını ödəmədiyi əmək də götürür; bu isə heç də ixtiyari bir fərziyyə deyildir, çünki kapitalist bir qayda olaraq, fəhlədən əmək haqqı şəklində verdiyi qədər əmək əldə etməyə başlasaydı, həmin gündən etibarən öz müəssisəsini bağlayardı, çünki bu halda onun bütün mənfəəti batmış olardı.

Yuxarıda göstərilən bütün ziddiyyətlər də burada həll olunur. İzafi dəyərin (bunun da xeyli hissəsini kapitalistin mənfəəti təşkil edir) haradan əmələ gəldiyi indi tamamilə aydın və sadədir. İş qüvvəsinin dəyəri ödənilir, lakin bu dəyər iş qüvvəsindən kapitalistin sıxıb çıxara bildiyi dəyərdən xeyli azdır; məhz bu fərq, yəni haqqı ödənilməyən əmək kapitalistin, yaxud, daha doğrusu, kapitadistlər sinfinin payını təşkil edir. Çünki yuxarıda gətirdiyimiz misalda pambıq tacirinin də pambıqdan əldə etdiyi mənfəət, əgər pambığın qiyməti qalxmamışsa, haqqı ödənilməyən əməkdən ibarət olmalıdır. Tacir öz əmtəəsini pambıq-parça fabrikçisinə satır, bu da öz məhsulundan, göstərilən 100 talerdən əlavə özü üçün mənfəət də götürə bilir və deməli, mənimsədiyi, haqqı ödənilməmiş əməyi tacirlə bölüşdürür. Ümumiyyətlə cəmiyyətin bütün işləməyən üzvləri məhz bu haqı ödənilməyən əmək hesabına yaşayırlar. Kapitalistlər sinfi üzərinə düşən dövlət və kommunal vergiləri, torpaq sahiblərinə torpaq rentası və i.a. məhz bu əmək hesabına verilir. Bütün mövcud ictimai quruluş həmin əməyə əsaslanır.

Digər tərəfdən, belə düşünmək də mənasız olardı ki, guya haqqı ödənilməyən əmək məhz müasir münasibətlər şəraitində, yəni bir tərəfdən kapitalistlərin, o biri tərəfdən də muzdlu fəhlələrin istehsalla məşğul olduğu bir zamanda meydana gəlmişdir. Əksinə. Məzlum sinif bütün dövrlərdə, haqqı ödənilməyən əməyini özgəyə verməyə məcbur olmuşdur. Əmək təşkilinin hakim forması köləlikdən ibarət olduğu uzun müddət ərzində qullar yaşayış vasitələri şəklində aldıqlarına nisbətən xeyli artıq işləməli olmuşlar. Təhkimçilik hökm sürdüyü zaman, biyar mükəlləfiyyətləri ləğv olunana qədər də belə olmuşdu; burada kəndlinin özünü yaşatmaq üçün işlədiyi vaxtla mülkədar üçün sərf etdiyi izafi əmək arasındakı fərq hətta hisslə qavranıla bilir, çünki mülkədar üçün olan iş özü üçün işdən ayrıca görülür. İndi işin forması dəyişilmiş, mahiyyəti isə olduğu kimi qalmışdır; nə qədər ki «cəmiyyətin bir hissəsi istehsal vasitələrini inhisara almışdır, orada sərbəst olan və ya sərbəst olmayan hər bir işçi öz güzəranı üçün lazım olan iş vaxtından artıq işləməklə, istehsal vasitələri mülkiyyətçisi üçün yaşayış vasitələri istehsal etməlidir» (Marks, səh. 202) (Bax: K Marks. Kapital. Azərnəşr, 1969, 1-ci cild, səh. 230–239. Red.).

II

Biz əvvəlki məqalədə gördük ki, kapitalistin muzdla tutduğu hər bir fəhlə iki qəbildən olan əmək sərf edir. O öz iş vaxtının bir hissəsi ərzində, kapitalistin ona verdiyi əmək haqqını ödəyir ki, əməyin bu hissəsini Marks zəruri əmək adlandırır. Lakin bundan sonra fəhlə işi davam etdirməli olur və bu vaxt ərzində kapitalist üçün izafi dəyər istehsal edir ki, bunun da xeyli hissəsini mənfəət təşkil edir. Əməyin bu hissəsi izafi əmək adlanır.



Biz fərz edirik ki, fəhlə həftədə üç gün öz əmək haqqını ödəmək üçün və üç gün də kapitalistə izafi dəyər istehsal etmək üçün işləyir. Başqa cür desək, bu o deməkdir ki, hər gün on iki saat işləyən fəhlə altı saat işləyib öz əmək haqqını ödəyir, altı saat da izafi dəyər istehsal etmək üçün işləyir. Bir həftə ərzində fəhləni ancaq altı gün, bazar günü də daxil edilsə, yeddi gün işlətmək odar, amma hər gün fəhləni altı, səkkiz, on, on iki, on beş saat və hətta daha artıq işlətmək olar. Fəhlə bir günlük əmək haqqı müqabilində kapitalistə bir iş gününü satır. Bəs iş günü nə deməkdir? Səkkiz saatdırmı və yaxud on səkkiz saat?

Kapitalist istəyir ki, iş gününü mümkün qədər uzatsın. İş günü nə qədər uzun olursa, bir o qədər çox izafi dəyər istehsal olunur. Fəhlə doğru hiss edib bilir ki, əmək haqqını ödədikdən sonrakı hər saatlıq əməyi ondan qanunsuz olaraq qoparırlar; fəhlə həddindən artıq uzun müddət işləməyin nə demək olduğunu dərisi soyulduqca özü hiss edib görur. Kapitalist öz mənfəəti üçün mübarizə edir, fəhlə də öz sağlamlığı uğrunda, gündə bir neçə saat dincəlmək uğrunda mübarizə edir ki, təkcə işləmək və yeyib-yatmağa deyil, habelə başqa cəhətlərdən də özünü bir insan kimi göstərməyə imkan tapsın. Sözarası bunu da qeyd edək ki, ayrı-ayrı kapitalistlərin bu mübarizəyə girmək istəyib istəmədikləri onların öz xoşundan asılı deyildir, çünki rəqabət ən insanpərvər kapitalistləri də öz həmkarlarına qoşulmağa və onlardakı qədər iş vaxtı qoymağa məcbur edir.

İş günü qoyulması ətrafında gedən mübarizə, azad fəhlələrin tarix səhnəsinə ilk dəfə qədəm qoyduğu vaxtdan bu günə qədər davam edir. Müxtəlif sənaye sahələrində adət üzrə müxtəlif müddətli iş günü qoyulmuşdur, həqiqətdə isə bu iş gününə çox az riayət olunur. Yalnız qanun vasitəsilə iş günü qoyulduğu və ona riayət edilməsinə nəzər yetirildiyi yerdə demək olar ki, tənzim edilmiş iş günü vardır. Lakin indiyə qədər buna, demək olar, ancaq İngiltərənin fabrik dairələrində təsadüf olunur. Burada bütün qadınlar üçün və 13 yaşından 18 yaşına qədər olan yeniyetmələr üçün on saatlıq iş günü qoyulmuşdur (beş gün ərzində gündə 101/2 saat, şənbə günü isə 71/2 saat), lakin kişilər onlarsız işləyə bilmədiklərinə görə, on saatlıq iş günü kişilərə də şamil olur. İngiltərənin fabrik fəhlələri bu qanunu uzun illərdən bəri göstərdikləri mətanət sayəsində, mətbuat azadlığı, ittifaq və yığıncaq hüququ vasitəsilə, fabrikçilərə qarşı inadlı və qəti mübarizə aparmaq vasitəsilə, habelə hakim sinfin öz içərisindəki təfriqələrdən məharətlə istifadə etmək yolu ilə qazanmışlar. Bu qanun ingilis fəhlələri üçün bir müdafiə olmuşdur. Həmin qanun tədriclə iri sənayenin bütün sahələrinə, keçən il isə, demək olar, bütün sənaye sahələrinə, hər halda qadın və uşaqların çalışdığı sahələrin hamısına şamil edildi. Nəzərdən keçirdiyimiz kitabda, İngiltərədə iş gününün qanun yolu ilə belə tənzim edilməsi tarixinə dair tamamilə mükəmməl məlumat vardır. Gələcək Şimali Almaniya reyxstaqı da sənaye nizamnaməsini, bununla birlikdə isə fabrik əməyinin tənzim edilməsi məsələsini də müzakirə edəcəkdir. Biz ümid edirik ki, alman fəhlələri tərəfindən seçilən deputatlardan heç biri əvvəlcə Marksın kitabını öyrənmədən, bu qanunun müzakirəsinə başlamayacaqdır. Burada çox şey əldə etmək olar. Almaniyanın hakim sinifləri içərisindəki təfriqə fəhlə sinfi üçün İngiltərədə hər hansı bir vaxtda olduğundan daha əlverişlidir, çünki ümumi seçki hüququ hakim sinifləri məcbur edir ki, fəhlələrə yaltaqlıq etsinlər. Belə bir şəraitdə proletariatın dörd və ya beş nümayəndəsi bir qüvvədir, ancaq bu şərtlə ki, onlar öz mövqelərindən istifadə edə bilsinlər, hər şeydən əvvəl, məsələnin nə yerdə olduğundan agah olsunlar, burjuaların bilmədiklərini bilsinlər. Marksın kitabı isə onlara bu məqsəd üçün bütün materialı hazır şəkildə verir.

Biz hələ əsasən nəzəri əhəmiyyəti olan tam bir sıra diqqətəlayiq tədqiqlərdən danışmayıb kapitalın akkumulyasiyasından, yaxud yığılmasından bəhs edilən son fəslə keçirik. Burada hər şeydən əvvəl sübut edilir ki, kapitalist istehsal üsulu, yəni bir tərəfdən kapitalistlərin, digər tərəfdən isə muzdlu fəhlələrin olmasını tələb edən istehsal üsulu daim kapitalist üçün yenidən kapital istehsal etməkdən başqa, eyni zamanda daim fəhlələrin yoxsullaşmasını da doğurur; beləliklə də, elə bir qayda yaranmış olur ki, bir qütbdə bütün yaşayış vasitələrinin, bütün xammalın və bütün əmək alətlərinin mülkiyyətçisi olan kapitalistlər durur, digər qütbdə isə çox böyük fəhlə kütləsi durur ki, bu fəhlələr də bir qədər yaşayış vasitəsi almaq üçün özlərinin iş qüvvəsini kapitalistlərə satmağa məcburdurlar, həm də bu yaşayış vasitələri fəhlələrin olsa-olsa ancaq iş qabiliyyətini saxlamağa və iş bacarığı olan yeni proletarlar nəsli yetişdirməyə kifayət edir. Lakin kapital sadəcə təkrar istehsal olunmaqla qalmır; kapital daim artıb böyüyür, bununla birlikdə mulkiyyətdən məhrum olan fəhlə sinfi üzərində onun hökmranlığı da artır. Kapital özü getdikcə nə qədər daha böyük miqyasda təkrar istehsal olunursa, müasir kapitalist istehsal üsulu da bir o qədər getdikcə daha böyük miqyasda, getdikcə daha çox miqdarda mülkiyyətdən məhrum fəhlələr sinfini təkrar istehsal edir.

«Kapital yığımı kapitalist münasibətini geniş miqyasda təkrar istehsal edir: bir qütbdə daha çox kapitalist və ya daha iri kapitalistlər, digər qütbdə isə daha çox muzdlu fəhlə meydana gəlir... Beləliklə, kapital yığımı proletariatın artması deməkdir» (səh. 600) (K.Marks. Kapital. Azərnəşr, 1969, 1-ci cild, səh. 616–617.). Lakin maşınlı istehsalın inkişafı, əkinçilikdəki təkmilləşdirmələr və i.a. sayəsində eyni miqdar məhsulun istehsalı üçün getdikcə daha az fəhlə lazım gəlir, həm də artıq fəhlə əmələ gəlməsi demək olan bu təkmilləşmə hətta kapitalın artmasından da daha sürətli olur. Bəs getdikcə artmaqda olan bu qədər fəhlələrin başına nə gəlir? Onlardan sənaye ehtiyat ordusu əmələ gəlir ki, bu da işlər pis və ya babat getdikdə öz əməyinin dəyərindən aşağı haqq alır, müntəzəm surətdə işləmir və ya ictimai xeyriyyə qəyyumluğunda olur, lakin İngiltərə timsalında aydın göründüyü kimi, işlər xüsusilə qızğın getdiyi zaman bu ordu kapitalistlər sinfinə lazım olur. Hər bir şəraitdə bu ordu, müntəzəm surətdə işləyən fəhlələrin müqavimət gücünün sarsılmasına və onların əmək haqqının aşağı səviyyədə saxlanmasına səbəb olur. «İctimai sərvət... nə qədər çox olarsa, nisbi əhali artıqlıqı (artıq əhali) və ya sənaye ehtiyat ordusu bir o qədər çoxalır. Lakin fəal (müntəzəm işləyən) fəhlə ordusuna nisbətən bu ehtiyat ordusu nə qədər artıqsa, daimi əhali artıqlığı, yoxsulluğu əməyinin əzablarına tərs proporsional olan fəhlə təbəqələri də bir o qədər çox olur («Kapital»ın 1-ci cildinin müəllifin iştirakı ilə edilmiş fransızcaya tərcüməsində Marks bu müddəanı dəqiqləşdirir. Red.). Nəhayət, fəhlə sinfinin yoxsul təbəqələri və sənaye ehtiyat ordusu nə qədər artıq isə, rəsmi pauperizm də bir o qədər artıq olur. Bukapitalist yığımının mütləq, ümumi qanunudur» (səh. 631) (K.Marks. Kapital. Azərnəşr, 1969, 1-ci cild, sah. 646. Red.).

Müasir kapitalist ictimai sisteminin əsas qanunlarından bəziləri bunlardan ibarətdir, bunlar tam elmi əsaslarla sübut edilmişdir, odur ki, rəsmi iqtisadçılar bunları rədd etməyə, əlbəttə, cəhd etməkdən də çəkinirlər. Lakin bu dediklərimizlə bütün məsələ bitirmi? Heç bir halda. Marks kapitalist istehsalının mənfi cəhətlərini çox kəskin surətdə göstərməklə bərabər, bunu da eyni dərəcədə aydın sübut edir: həmin ictimai forma cəmiyyətin məhsuldar qüvvələrini inkişaf etdirib elə bir yüksək səviyyəyə çatdırmaq üçün lazım olmuşdur ki, bu səviyyədə cəmiyyətin bütün üzvləri bərabər dərəcədə, insana layiq bir şəkildə inkişaf edə bilsinlər. Bütün əvvəlki ictimai formalar bu məqsədə çatmaq üçün son dərəcə yoxsul idi. Yalnız kapitalist istehsalı buna lazım olan sərvət və məhsuldar qüvvələri yaradır. Eyni zamanda bu istehsal külli miqdar məzlum fəhlələrdən ibarət elə bir ictimai sinif yaradır ki, bu sinif getdikcə daha artıq dərəcədə, bu sərvətləri və məhsuldar qüvvələri öz əlinə almaq və bunlardan, heç də indi olduğu kimi inhisarçı sinfin xeyrinə deyil, bütün cəmiyyətin xeyrinə istifadə etmək zərurəti qarşısında qalır.

F.Engels tərifindən 1868-ci il martım 2-si ilə 13-ü arasında yazılmışdır.

1868-ci il 21 və 28 mart tarixli «Demokratisches Wochenblatt»-ın 12 və 13-cü №-lərində çap ölunmuşdur.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin