K.MARKS
BEYNƏLXALQ FƏHLƏ BİRLİYİNİN BAŞ ŞURASI CENEVRƏDƏKİ RUS BÖLMƏSİ KOMİTƏSİNİN105 ÜZVLƏRİNƏ
Vətəndaşlar!
Ali Şura (Baş Şura, Red.) martın 22-dəki iclasında yekdilliklə bu qərara gəldi ki, sizin proqramınız və nizamnaməniz Beynəlxalq Fəhlə Birliyinin ümumi nizamnamələrinə müvafiqdir. Ali Şura sizin budağı təcili olaraq İnternasionalın tərkibinə qəbul etdi. Sizin mənə təklif etdiyiniz şərəfli vəzifəni, Ali Şurada sizin nümayəndəniz olmaq vəzifəsini məmnuniyyətlə qəbul edirəm.
Siz öz proqramınızda deyirsiniz ki:
«...Polşanı əzən imperator zülmü, hər iki xalqın–həm rus xalqının, həm də polyak xalqının siyasi və ictimai azadlığına eyni dərəcədə mane olan bir əngəldir».
Siz əlavə edə bilərdiniz ki, Polşanın ruslar tərəfindən zorla işğal edilməsi Almaniyada hərbi rejim olmasının, bunun da nəticəsi olaraq bütün kontinentdə belə bir rejim olmasının fəlakətli bir dayağı və əsl səbəbidir. Buna görə də Polşanın buxovlarını qırmaq üzərində çalışarkən rus sosialistləri öz üzərlərinə yüksək bir vəzifə,–Avropa proletariatının ümumi azadlığı üçün ilk şərt olaraq hərbi rejimi məhv etmək vəzifəsini götürürlər.
Bir neçə ay bundan əvvəl mənə Peterburqdan Flerovskinin «Rusiyada fəhlə sinfinin vəziyyəti» əsərini göndərmişlər. Bu, Avropa üçün əsl bir kəşfdir. Hətta inqilabçı adlananlar tərəfindən kontinentdə yayılmış rus nikbinliyi həmin əsərdə amansızlıqla ifşa edilmişdir. Əgər mən bu əsərin bəzi yerlərinin tənqidi xalis nəzəri cəhətdən tamam kifayətləidirmədiyini desəm əsərin qiymətinə xələl gəlməz. Bu–ciddi bir müşahidəçinin, qorxmaz zəhmətkeşin, qərəzsiz tənqidçinin, güclü bir sənətkarın və hər şeydən əvvəl hər cür zülmə qarşı hiddətlənən, hər cür milli himnlərə dözməyin və məhsuldar sinfin bütün əzablarına və bütün arzularına ehtirasla şərik olan bir adamın əsəridir.
Həm Flerovskinin, həm də sizin müəlliminiz Çernışevskinin əsərləri kimi əsərlər Rusiyaya həqiqi şərəf qazandırır və sübut edir ki, sizin ölkəniz də əsrimizin ümumi hərəkatında iştirak etməyə başlayır.
Salam və qardaşlıq.
Karl Marks
London, 24 mart 1870-ci il.
«Narodnoye delo» qəzetində çap edilmişdir, Çenevrə, № 1, 15 aprel 1870-ci il.
K.MARKS
MƏXFİ MƏLUMATDAN106
4. Baş Şuranın İngiltərə üçün federal şuradan ayrılması haqqında məsələ.
«Egalie»107 yaradılmamışdan xeyli əvvəl bu təklif vaxtaşırı olaraq Baş Şuranın özündə onun İngiltərədən olan bir və ya iki üzvü tərəfindən irəli sürülürdü. Lakin həmin təklif həmişə demək olar yekdilliklə rədd edilirdi.
İnqilabi təşəbbüs çox güman Fransadan başlansa da, ciddi iqtisadi inqilab üçün ancaq İngiltərə bir vasitə ola bilər. İngiltərə yeganə ölkədir ki, orada artıq kəndlilər yoxdur və torpaq mülkiyyəti azlığın əlində cəmləşmişdir. İngiltərə yeganə ölkədir ki, orada kapitalist forması, yəni əməyin geniş miqyasda kapitalist sahibkarlarının hökmranlığı altında birləşməsi demək olar bütün istehsalı əhatə etmişdir. İngiltərə yeganə ölkədir ki, orada əhalinin çox böyük əksəriyyəti muzdlu fəhlələrdən (wages labourers) ibarətdir. İngiltərə yeganə ölkədir ki, orada sinfi mübarizə və fəhlə sinfinin tred-yunionlarda təşkil olunması müəyyən yetkinlik və ümumilik dərəcəsinə çatmışdır. Dünya bazarında ağalığı sayəsində İngiltərə yeganə ölkədir ki, orada iqtisadi münasibətlərdəki hər bir çevriliş dərhal bütün dünyada öz əksini tapmalıdır. Əgər İngiltərə lendlordizmin və kapitalizmin klassik ölkəsidirsə, digər tərəfdən bunların məhv edilməsi üçün başqa yerlərdəkinə nisbətən orada daha çox maddi şərait yetişmişdir. Proletar inqilabının bu böyük vasitəsinin bilavasitə Baş Şuranın əlində olması sayəsində indi o uğurlu bir vəziyyətdədir. Bu vasitəni təkcə ingilislərin əlinə vermək xalis ağılsızlıq, hətta demək olar ki, cinayət olardı!
İngilislər ictimai inqilab üçün bütün lazımi maddi şəraitə malikdirlər. Onların çatışmayan cəhəti ümumiləşdirmə ruhunun və inqilabi çoşğunluğun olmamasıdır. Yalnız Baş Şura bu nöqsanı düzəltməyə və beləliklə, həmin ölkədə və, deməli, hər yerdə əsl inqilabi hərəkatı sürətləndirməyə qadirdir. Bu istiqamətdə artıq qazanmış olduğumuz böyük müvəffəqiyyətləri hakim siniflərin, məsələn, «Pall Mall Gazette», «Saturday Review», «Spectator», Fortinghtly Review108 kimi daha ağıllı və nüfuzlu orqanları etiraf etmişlər; biz hələ lap bu yaxınlarda ingilis fəhlələrinin liderlərinə böyük təsir göstərən nümayəndələr palatasının və lordlar palatasının radikal üzvlərini demirik. Onlar bizi açıq-aşkar bunda ittiham edirlər ki, biz fəhlə sinfində ingilis ruhunu zəhərləmiş, demək olar kökündən qoparmış və onu inqilabi sosializmə sövq etmişik.
Belə bir dönüş yaratmağın yeganə üsulu Beynəlxalq Birliyin Baş Şurası kimi fəaliyyət göstərməkdən ibarətdir. Baş Şura sifəti ilə biz elə tədbirlər (məsələn, Torpaq və əmək cəmiyyətinin yaradılması109) görməyə təhrik edə bilərik ki, onların həyata keçirilməsi nəticə etibarı ilə camaata ingilis fəhlə sinfinin kortəbii çıxışları təsirini bağışlayar.
Əgər Baş Şuradan savayı federal şura yaradılsaydı, bunun bilavasitə nə kimi nəticələri olardı? İnternasionalın Baş Şurası ilə Tred-yunionların ümumi şurası arasında aralıq mövqe tutmaqla federal şuranın heç bir nüfuzu olmazdı. Digər tərəfdən, İnternasionalın Baş Şurası bu böyük vasitəni əldən vermiş olardı. Əgər biz hoqqabazlığı ciddi və adi işdən üstün tutsaydıq, bəlkə də «Egalite»nin buraxdığı kimi bir səhv buraxmış olardıq. Baş Şura «bu qədər vəzifənin eyni zamanda icrasına nə üçün dözür?» sualına açıq cavab verməklə səhv buraxmışdı.
İngiltərəni elə-belə, sadəcə başqa ölkələrlə yanaşı qoymaq olmaz. Ona kapitalın metropoliyası kimi baxmaq lazımdır.
5. İrlandiya amnistiyasına dair Baş Şuranın qətnaməsi haqqında məsələ.
Əgər İngiltərə lendlordizmin və Avropa kapitalizminin qalasıdırsa, İrlandiya elə bir yeganə məntəqədir ki, orada rəsmi İngiltərəyə ciddi zərbə endirmək olar.
Əvvələn, İrlandiya ingilis lendlordizminin qalasıdır. Əgər o, İrlandiyada sarsılarsa, İngiltərədə də sarsılmalı olacaqdır. İrlandiyada bu, yüzqat asan baş verər, çünki orada iqtisadi mübarizə yalnız torpaq mülkiyyətində cəmləşmişdir, çünki orada bu mübarizə eyni zamanda milli mübarizədir, çünki İrlandiyada xalq İngiltərədə olduğuna nisbətən daha inqilabi və daha coşğundur. İrlandiyada lendlordizm öz mövqelərini yalnız ingilis ordusunun köməyi ilə saxlayır. Bu iki ölkənin məcburi uniyasına110 son qoyulan kimi, İrlandiyada köhnəlmiş formalarda olsa da ictimai inqilab baş verəcəkdir. İngilis lendlordizmi təkcə öz sərvətlərinin böyük mənbəyini deyil, həm də İngiltərənin İrlandiya üzərində hökmranlığının nümayəndəsi olmaq etibarı ilə öz mənəvi qüvvəsinin çox mühüm mənbəyini itirəcəkdir. Digər tərəfdən, ingilis proletariatı İrlandiyada öz lendlordlarının qüdrətini toxunulmaz saxlamaqla İngiltərənin özündə onları daha da möhkəmləndirir.
İkincisi, ingilis burjuaziyası İngiltərədə fəhlə sinfinin vəziyyətini pisləşdirmək üçün İrlandiya yoxsullarını məcburi mühacirət yolu ilə gətirdərək yalnız istismar etməklə qalmadı, bundan əlavə, proletariatı iki düşmən cəbhəyə ayırdı. Kelt fəhləsinin inqilabi coşğunluğu ilə anqlosakson fəhləsinin müsbət, lakin astagəl xasiyyəti ahəngdar şəkildə birləşmir. Əksinə, İngiltərənin bütün iri sənaye mərkəzlərində ingilis proletarı ilə irlandiyalı proletar arasında dərin antaqonizm mövcuddur. Orta ingilis fəhləsinin irlandiyalı fəhləni görən gözü yoxdur, o, irlandiyalı fəhləni əmək haqqını və «standard of life»ni (həyat səviyyəsi. Red.) aşağı salan rəqib sayır... İngilis fəhləsi irlandiyalı fəhləyə milli və dini nifrət bəsləyir. Şimali Amerika cənub ştatlarının «poor whites»ləri (ağ irqə mənsub yoxsullar. Red.) qara qullara necə baxırdılarsa, ingilis fəhləsi də irlandiyalı fəhləyə təxminən elə baxır. İngiltərənin özündə proletarlar arasında bu antaqonizm burjuaziya tərəfindən süni surətdə qızışdırılır və müdafiə edilir. Burjuaziya bilir ki, öz qüdrətinin qorunub saxlanmasının əsl sirri proletarların parçalanmasındadır.
Bu antaqonizm Atlantik okeanının o tayında da təkrar edilir. Buğalar və qoyunlar tərəfindən doğma torpaqdan sıxışdırılıb çıxarılan irlandiyalılar Birləşmiş Ştatlarda yenidən görüşürlər, orada onlar əhalinin böyük bir hissəsini, getdikcə artan hissəsini təşkil edirlər, onların yeganə fikri, onların yeganə ehtirası İngiltərəyə nifrətdən ibarətdir. İngiltərə və Amerika hökumətləri, yəni onların təmsil etdikləri siniflər Atlantik okeanının hər iki tərəfində fəhlələr arasında hər cür ciddi və səmimi ittifaqı ləngidən və deməli, onların ümumi azadlığını ləngidən millətlərarası mübarizəni əbədiləşdirmək məqsədi ilə bu ehtirasları təşviq edirlər.
İrlandiya İngiltərə hökumətinin əlində böyük daimi ordu saxlamaq üçün yeganə bəhanədir, həmin ordu İrlandiyada hərbi məktəb keçdikdən sonra onu, lazım gəldikdə, ingilis fəhlələrinə qarşı göndərirlər; bir neçə dəfə belə olmuşdur. Nəhayət, Qədim Romada geniş miqyasda təsadüf olunan hadisələr hazırda İngiltərədə təkrar edilir. Başqa xalqı əsarət altına alan xalq öz-özünü zəncirləyir.
Beləliklə, İrlandiya məsələsində Beynəlxalq Birliyin mövqeyi tamamilə aydındıqr. Onun başlıca vəzifəsi İngiltərədə ictimai inqilabı sürətləndirməkdir. Bu məqsədlə həlledici zərbəni İrlandiyada endirmək lazımdır.
İrlandiya amnistiyası haqqında Baş Şuranın qətnaməsi (Bax: K.Marks və F.Engels. Əsərləri, 2-ci nəşri, 16-cı cild, səh. 400–401. Red.) digər qətnamələrə yalnız girişdir; həmin qətnamələrdə isə deyiləcəkdir ki, beynəlxalq ədalətlə yanaşı, İngiltərə fəhlə sinfinin azad edilməsi üçün müqəddəm şərt mövcud məcburi uniyanı–yəni İrlandiyanı əsarətdə saxlayan uniyanı mümkünsə, bərabər və azad ittifaqa çevirməkdən və ya lazım gələrsə, tamam ayrılmaqdan ibarətdir.
K Marks tərəfindən 1870ii il təxminən martın 28-də yazılmışdır.
İlk dəfə «Die Neue Zeit» jurnalında dərc edilmişdir,
Vd. 2, №15. 1902
K.MARKS
FRANSADA VƏTƏNDAŞ. MÜHARİBƏSİ111
F.ENGELSİN1891-ci İLDƏKİ GİRİŞ MƏQALƏSİ112
«Fransada vətəndaş müharibəsi» haqqında İnternasionalın Baş Şurasının müraciətini yenidən nəşr etmək və ona giriş yazmaq təklifi mənim üçün gözlənilməz oldu. Buna görə də mən burada ən vacib mətləblərdən ancaq qısaca bəhs edə bilərəm.
Yuxarıda adı çəkilən həcmcə iri əsərə, mən Baş Şuranın Fransa-Prussiya müharibəsi münasibətilə nəşr olunmuş nisbətən qısa hər iki müraciətini müqəddimə şəklində verirəm. Əvvələn ona görə ki, «Vətəndaş müharibəsində» ikinci müraciətə istinad edilir, birinci müraciət olmadan isə, ikincisinin təklikdə heç də hər yeri aydın deyildir. Bir də ona görə ki, yenə də Marks tərəfindən yazılmış həmin müraciətlərin hər ikisi, gözümüzün qarşısında hələ yenicə baş verməkdə olan və ya yenicə baş vermiş böyük tarixi hadisələrin xarakterini, əhəmiyyətini və zəruri nəticələrini düzgün dərk etməkdə müəllifin ilk dəfə «Lui Bonapartın on səkkiz brümeri» əsərində özünü göstərmiş olan böyük istedadının «Vətəndaş müharibəsi» qədər gözəl nümunələridir. Nəhayət, ona görə ki, həmin hadisələrin, Marks tərəfindən irəlicədən xəbər verilmiş olan nəticələrinin əzabını Almaniyada biz hələ indiyədək çəkməli oluruq.
Birinci müraciətin irəlicədən xəbər verdiyi belə bir hal məgər doğru çıxmamışdırmı ki, əgər Lui Bonaparta qarşı Almaniyanın müdafiə müharibəsi fransız xalqına qarşı işğalçılıq müharibəsi şəklini alarsa, azadlıq müharibəsi deyilən müharibədən113 sonra Almaniyaya üz verən bütün bədbəxtliklər ona yenidən və daha artıq bir dərəcədə üz verəcəkdir? Bismarkın tam iyirmi il hökmranlırını, demaqoqların114 təqib edilməsi əvəzinə–müstəsna qanun115 verildiyini, eyni polis özbaşınalığı ilə, qanuna hərfiyyən eyni dərəcədə ən biabırçı məna verilməklə sosialistlərin gözümçıxdıya salındığını da görmədikmi?
Məgər hərfiyyən doğru çıxmadımı ki, Elzas-Lotaringiyanın ilhaq edilməsi «Fransanı Rusiyanın ağuşuna atacaq» və bu ilhaqdan sonra Almaniya ya açıqdan-açığa Rusiyanın nökəri olmaq məcburiyyətində qalacaq, ya da qısa tənəffüsdən sonra yeni müharibəyə, yəni «irq müharibəsinə, birləşmiş slavyan və roman irqlərinə qarşı müharibəyə» hazırlaşmağa başlamalı olacaqdır? Məgər Fransa vilayətlərinin ilhaq edilməsi Fransanı Rusiyanın ağuşuna atmadı? Məgər Bismark çara qulluq göstərərək və «birinci böyük Avropa dövləti» olana qədər kiçik Prussiyanın adət üzrə etdiyindən daha artıq bir mütiliklə «müqəddəs Rusiyanın» ayaqlarına yıxılıb tam iyirmi il ərzində çarın mərhəmətini qazanmağa hədər yerə çalışmırdımı? Məgər muharibənin Damokl qılıncı daim başımızın üstünü kəsdirməmişdir? Elə bir müharibənin Daymokl qılıncı ki, dövlətlərin bir parça kağızdan ibarət olan bütün ittifaqlarını lap birinci gün puç edəcəkdir; bu müharibə haqqında məlum olan ancaq budur ki, onun nə cür qurtaracağı qətiyyən məlum deyildir; bütün Avropanı on beş və ya iyirmi milyon silahlı əsgərin pəncəsinə verəcək bu irq müharibəsi hələ ancaq ona görə başlanmamışdır ki, onun son nəticələrini irəlicədən görməyin qətiyyən mümkün olmaması böyük hərbi dövlətlərdən hətta ən güclüsünü də qorxuya salır.
Bu bizi xüsusilə məcbur edir ki, 1870-ci ilin beynəlmiləl fəhlə siyasətinin uzaqgörənliyini parlaq surətdə təsdiq edən və qismən unudulmuş olan bu sənədləri yenidən alman fəhlələrinin nəzərinə çatdıraq.
Bu iki müraciət haqqında dediklərim «Fransada vətəndaş müharibəsi» haqqındakı müraciətə də aiddir. Mayın 28-də Kommunanın son döyüşçüləri Belvil yamaclarında sayca üstün düşmən qüvvələri ilə mübarizədə həlak oldular, artıq iki gün sonra, mayın 30-da isə Marks öz əsərini Baş Şuraya oxudu; bu əsərdə Paris Kommunasının tarixi əhəmiyyəti qısa, lakin qüvvətli cizgilərlə təsvir edilmişdi, həm də bu məsələyə aid bütün sonrakı geniş ədəbiyyatın heç vaxt nail ola bilmədiyi bir sərrastlıqla və başlıcası–düzgünlüklə təsvir edilmişdi.
Fransanın 1789-cu ildən sonrakı iqtisadi və siyasi inkişafı nəticəsində Parisdə son əlli ildə belə bir vəziyyət əmələ gəlmişdi ki: orada baş verən hər bir inqilab proletar inqilabı xarakteri almaya bilməzdi; beləliklə, öz qanı bahasına qələbə əldə edən proletariat qələbədən sonra öz tələblərini irəli sürürdü. Bu tələblər, hər dəfə Paris fəhlələrinin inkişaf dərəcəsindən asılı olaraq, az-çox dumanlı və hətta dolaşıq olurdu; lakin nəticə etibarilə bunlar hamısı kapitalistlərlə fəhlələr arasındakı sinfi əksliyi yox etmək tələbindən ibarət idi. Doğrudur, bunun nə yolla olacağını bilmirdilər. Lakin tələb nə qədər qeyrimüəyyən olsa da, artıq onun özündə mövcud ictimai quruluş üçün təhlükə var idi; bu tələbi irəli sürən fəhlələr hələ silahlı olurdular; buna görə, dövlət başında duran burjualar üçün birinci vəzifə fəhlələri tərksilah etməkdən ibarət idi. Buradan da–fəhlələr tərəfindən qazanılan hər inqilabdan sonra–yeni mübarizə baş verir ki, bu da fəhlələrin məğlubiyyəti ilə qurtarır.
İlk dəfə bu, 1848-ci ildə baş verdi. Parlament müxalifətinə mənsub olan liberal burjualar öz partiyalarının hökmranlığını təmin edəcək seçki islahatı keçirmək məqsədi ilə ziyafətlər düzəldirdilər. Hökumətlə mübarizə onları, xalqa müraciət etməyə getdikcə daha artıq məcbur edirdi və onlar tədriclə birinci yeri burjuaziya və xırda burjuaziyanın radikal və respublikaçı təbəqələrinə güzəşt etməli olurdular. Lakin bu sonuncuların arxasında, 1830-cu ildən etibarən116, burjuaların və hətta respublikaçıların da ehtimal etdiyindən daha çox siyasi müstəqillik əldə etmiş olan inqilabçı fəhlələr dururdular. Hökumətlə müxalifət arasındakı münasibətlərdə böhran baş verdiyi zaman fəhlələr küçə mübarizəsinə başladılar; Lui-Filipp yox oldu, onunla birlikdə seçki islahatı da yox oldu; həmin islahatın əvəzində respublika, həm də qalib gəlmiş fəhlələrin hətta «ictimai» respublika elan etdikləri bir respublika əmələ gəldi. Bu ictimai respublikanı necə başa düşmək lazım gəldiyi heç kəsə, hətta fəhlələrin özlərinə də aydın deyildi. Lakin fəhlələr indi silahlı idilər və dövlətdə qüvvə olmuşdular. Buna görə də, idarə başında duran burjua respublikaçıları ayaqlarının altını bir qədər daha möhkəm hiss edən kimi, onların birinci işi fəhlələri tərksilah etməkdən ibarət oldu. Bu da məhz 1848-ci il iyun üsyanı18 zamanı edildi; fəhlələri, onlara verilmiş sözü açıqca pozmaqla, açıq təhqirlərə əl atmaqla, işsizləri uzaq yerlərə sürgün etmək təşəbbüsü ilə bu üsyana məcbur etdilər. Hökumət özü üçün irəlicədən çox böyük qüvvə üstünlüyü təmin etmişdi. Beş günlük qəhrəmancasına mübarizədən sonra fəhlələr məğlub edildilər. Burada, silahsız əsirlərə Roma respublikasının süqutuna səbəb olan vətəndaş müharibələrindən biri misli görünməmiş qanlı divan tutulmağa başlandı. Burjuaziya ilk dəfə olaraq göstərdi ki, proletariat öz xüsusi mənafeyi və tələbləri olan ayrıca bir sinif kimi burjuaziyanın əleyhinə çıxış etməyə cəsarət etdikdə, burjuaziya, ondan nə kimi qızğın bir amansızlıqla intiqam alır. Lakin yenə də 1848-ci il burjuaziyanın 1871-ci ildəki azğınlıqlarına nisbətən hələ uşaq oyunu idi.
Cəzası ardınca gəlirdi. Əgər proletariat Fransanı hələ idarə edə bilmirdisə, burjuaziya daha idarə etmək iqtidarında deyildi. Hər halda o zaman idarə edə bilmirdi: öz əksəriyyəti etibarilə burjuaziya o zaman hələ monarxist idi, həm də üç sülalə partiyasına117 və bir də dördüncü partiyaya, respublikaçı partiyaya parçalanmışdı. Burjuaziyanın daxili çəkişmələri avantürist Lui Bonaparta bütün hakim mövqeləri–ordunu, polis, inzibati maşını–öz əlinə keçirmək və 1851-ci il dekabrın 2-də118 burjuaziyanın son qalasını, Milli məclisi partlatmaq imkanı verdi. İkinci imperiya–bir dəstə siyasi və maliyyə avantüristləri tərəfindən Fransanın istismarı başlandı, lakin bununla bərabər elə bir sənaye inkişafı da başlandı ki, bu, Lui-Filippin xırdaçı və qorxaq sistemində, iri burjuaziyanın ancaq xırda bir hissəsinin təkbaşına hökmranlığı şəraitində əsla mümkün deyildi. Lui Bonapart, burjuaziyanı fəhlələrdən müdafiə etmək və digər tərəfdən fəhlələri burjuaziyadan müdafiə etmək bəhanəsi ilə kapitalistlərin siyasi hakimiyyətini əllərindən aldı; lakin onun hökmranlığı eyni zamanda ehtikara və sənaye fəaliyyətinə, sözün qısası,–o vaxtadək misli görünməmiş iqtisadi yüksəlişə və ümumiyyətlə bütün burjuaziyanın varlanmasına imkan yaradırdı. Onun hökmranlığı zamanı satqınlıq və ümumi şəkil alan oğurluq getdikcə daha geniş yayılırdı, həm də bu satqınlıq və oğurluğun mərkəzi həmin varlanmadan böyük faiz alan imperator sarayı olmuşdu.
Lakin İkinci imperiya fransız şovinizminə çağırış pdi; bu–Biriici imperiyanın 1814-cü ildə itirilmiş sərhədlərini, ən azı–Birinci respublika sərhədlərini qaytarmaq tələbi idi. Fransada köhnə monarxiya sərhədləri və hətta daha artıq məhdudlaşdırılmış olan 1815-ci il sərhədləri daxilində imperiya–belə bir vəziyyət uzun zaman davam edə bilməzdi. Buradan da vaxtaşırı müharibə etmək və sərhədləri genişləndirmək zərurəti irəli gəlirdi. Lakin sərhədlərin heç bir genişləndirilməsi fransız şovinistlərinin fantaziyasını, Reynin almanlara məxsus sol sahili hesabına genişləndirmək qədər qızışdırmırdı. Onların nəzərincə, Reyndə bir kvadrat mil sahənin əhəmiyyəti Alpda və ya hər hansı başqa bir yerdə on mil sahəninkindən artıq idi. Nə qədər ki İkinci imperiya mövcud idi, Reynin sol sahilinin–birdən-birə və ya hissə-hissə–qaytarılması tələbi ancaq zaman məsələsi idi. Belə bir zaman isə 1866-cı il Avstriya-Prussiya müharibəsi ilə birlikdə gəlib çatdı. «Ərazi mükafatı» gözləyən və bu işdə Bismark tərəfindən, habelə özünün çox hiyləgər qətiyyətsiz siyasəti üzündən aldadılmış olan Bonapart üçün müharibədən başqa bir çarə yox idi və bu müharibə də 1870-ci ildə baş verərək onu Sedana, sonra da, Vilhelmshöyeyə gətirib çıxartdı99.
Parisdə 1870-ci il 4 sentyabr inqilabı bunun labüd nəticəsi idi. İmperiya karton evcik kimi dağıldı; yenidən respublika elan olundu. Lakin düşmən qapını almışdı; imperiya qoşunlarının bir qismi Metsdə mühasirəyə alınmışdı və azad olmaq ümidi yox idi, bir qismi də Almaniyada əsirlikdə idi. Bu böhranlı vəziyyətdə xalq keçmiş Qanunverici korpusun Paris deputatlarına imkan verdi ki, özlərini «milli müdafiə hökuməti» elan etsinlər. Buna xüsusən ona görə razı oldular ki, silah daşıya bilən bütün parislilər, müdafiə məqsədi ilə, indi Milli qvardiyaya daxil edilmiş və silahlandırılmışdılar, belə ki, fəhlələr həmin qvardiyada olduqca böyük çoxluq təşkil edirdilər. Lakin, demək olar tamamilə burjualardan ibarət olan hökumətlə silahlı proletariat arasında antaqonizm tezliklə üzə çıxdı. Fəhlə batalyonları oktyabrın 31-də hücumla bələdiyyə binasını tutdular və hökumət üzvlərinin bir qismini həbsə aldılar. Hökumətin xəyanəti, fəhlələrə verdiyi sözü açıqdan-açığa pozması və bir neçə xırda burjua batalyonunun işə qarışması həbsə alınanların azad edilməsinə səbəb oldu; düşmən qüvvəsi tərəfindən mühasirəyə alınmış şəhərdə vətəndaş müharibəsinin alovlanmasına yol verməmək üçün əvvəlki hökumət hakimiyyət başında saxlanıldı.
Nəhayət, acından üzülüb taqətdən düşmüş Paris 1871-ci il yanvarın 28-də təslim oldu. Lakin müharibə tarixində misli görünməmiş şərəfli şərtlərlə təslim oldu. İstehkamlar təslim edildi, qala səngərlərindən toplar götürüldü, nizami polklar və mobil qvardiya silahlarını təslim verdilər, özləri də hərbi əsir elan edildilər. Lakin milli qvardiya öz silahını və toplarını özündə saxladı və qaliblərlə ancaq barışıq bağladı. Qaliblərin özləri zəfər yürüşü ilə Parisə girməyə cəsarət etmirdilər; onlar Parisin ancaq xırda bir guşəsini tutmağa cəsarət etdilər ki, bunun da bir hissəsi ancaq ictimai parklardan ibarət idi; həmin guşənin özünü də onlar cəmi bir neçə günlüyə tutmuş oldular! Parisi 131 gün mühasirədə saxlamış olan qaliblər həmin bir neçə gündə özləri silahlı Paris fəhlələrinin mühasirəsində idilər və fəhlələr ciddi göz qoyurdular ki, heç bir «prussiyalı», yadelli işğalçının sərəncamına verilmiş guşənin dar sərhədlərini aşmasın. İmperiyanın bütün ordularının silahını yerə qoydurmuş olan bu qoşunu Paris fəhlələri özlərinə belə hörmət etməyə məcbur etmişdilər. İnqilab ocağından intiqam almaq üçün buraya gəlmiş olan Prussiya yunkerləri məhz bu silahlı inqilab qarşısında ehtiramla durub onu salamlamağa məcbur olmuşdular!
Müharibə zamanı Paris fəhlələri mübarizənin var qüvvə ilə davam etdirilməsini tələb etməklə kifayətlənirdilər. Lakin indi, Parisin təslimindən sonra sülh bağlanmış olduğu zaman119, yeni hökumətin başçısı Tyer yəqin etməli oldu ki, Paris fəhlələri silahlanmış halda qaldıqca, varlı siniflərin–iri torpaq sahiblərinin və kapitalistlərin–hakimiyyəti daim təhlükə içərisindədir. Onun birinci işi Paris fəhlələrini tərksilah etmək cəhdindən ibarət oldu. O, martın 18-də nizami qoşun göndərib əmr etdi ki, milli qvardiyaya məxsus olan və Parisin mühasirəsi zamanı siyahı üzrə toplanan ictimai vəsaitlə hazırlanmış artilleriyanı zəbt etsin. Bu cəhd baş tutmadı; bütün Paris bir nəfər kimi, özünü müdafiə üçün silaha sarıldı və Paris ilə Versalda olan Fransa hökuməti arasında müharibə elan olundu. Martın 26-da Paris Kommunası secildi və martın 28-də elan olundu. O vaxta qədər hökumət funksiyasını yerinə yetirən və rüsvayçı Paris «əxlaq polisinin» ləğv edilməsi haqqında qərar çıxarmağa müvəffəq olan Milli qvardiya Mərkəzi komitəsi öz səlahiyyətini Kommunaya verdi. Martın 30-da Kommuna əsgər toplanışını və daimi ordunu ləğv etdi və silah daşıya bilən bütün vətəndaşlardan ibarət milli qvardiyanı yeganə silahlı qüvvə elan etdi. Kommuna, 1870-ci ilin oktyabrından 1871-ci ilin aprelinədək olan müddətə aid bütün mənzil kirayəsi borclarını ləğv etdi, verilmiş olan kirayə haqqı məbləğinin isə, gələcək mənzil kirayəsi hesabına yazılmasını qərara aldı və şəhər lombardında girov qoyulmuş şeylərin satılmasını dayandırdı. Kommunaya seçilmiş olan əcnəbilər yenə həmin gün təsdiq edildilər, çünki «Kommunanın bayrağı ümumdünya respublikası bayrağıdır». –Aprelin 1-də müəyyən edildi ki, Kommuna qulluqçularının və, deməli, Kommuna üzvlərinin də maaşı 6000 frankdan (4800 markadan) artıq olmamalıdır. Ertəsi gün kilsənin dövlətdən ayrılması haqqında və dini məqsədlərə bütün dövlət xərclərinin ləğv edilməsi haqqında, habelə bütün kilsə əmlakının milliləşdirilməsi haqqında dekret verildi; aprelin 8-də buna uyğun olaraq, bütün dini simvolların, təsvirlərin, ehkamların, duaların–bir sözlə, «ayrıca hər bir şəxsin vicdanına aid nə varsa, hamısının» məktəbdən qovulması haqqında sərəncam verildi və bu sərəncam tədriclə həyata keçirilməyə başlandı. –Kommunanın əsir düşən döyüşçülərinin Versal qoşunları tərəfindən güllələnməsi hər gün davam etdiyinə görə, zaminlərin həbs edilməsi haqqında aprelin 5-də dekret verildi, lakin bu dekret heç vaxt tamam həyata keçirilmədi. –Aprelin 6-da milli qvardiyanın 137-ci batalyonunun tapıb gətirdiyi gilotin bütün xalqın sevinci ilə camaat qarşısında yandırıldı. –Aprelin 12-də Kommuna Vandom meydanındakı zəfər sütununu yıxmağı qərara aldı; 1809-cu il müharibəsindən sonra Napoleonun düşməndən alınmış toplardan tökdürdüyü bu sütun şovinizm və xalqlar arasında düşmənçilik simvolu idi. –Mayın 16-da bu qərar həyata keçirildi. Aprelin 16-da Kommuna, fabrikçilərin dayandırdıqları fabriklərin siyahıya alınması və həmin fabriklərdə işləyən və kooperativ şirkətlərində birləşməli olan fəhlələrin qüvvəsi ilə işə salınması planının düzəldilməsi, habelə həmin şirkətlərin bir böyük ittifaq halında birləşdirilməsi planının düzəldilməsi haqqında sərəncam verdi. –Aprelin 20-də Kommuna, çörəkçilərin gecə işləməsini qadağan etdi və iş tapan kontorları ləğv etdi, bu kontorlar İkinci imperiya zamanından etibarən, polis tərəfindən təyin olunan şəxslərin–fəhlələri istismar edən birinci dərəcəli istismarçıların inhisarında idi; həmin kontorlar Parisin iyirmi rayonunun bələdiyyə idarələri sərəncamına verildi. –Aprelin 30-da Kommuna, fəhlələrin ayrı-ayrı şəxslər tərəfindən istismar edilməsi üçün bir vasitə olan və fəhlələrin öz əmək alətləri üzərindəki hüququna və kredit almaq hüququna zidd olan lombardların ləğv edilməsi barəsində sərəncam verdi. –Mayın 5-də Kommuna, XVI Lüdovikin edamı günahını bağışlatmaq üçün tikilmiş kilsənin sökülməsi qərarını verdi.
Beləliklə, Paris hərəkatının, o vaxtadək düşmən hücumuna qarşı mübarizə üzündən kölgədə qalan xalis sinfi xarakteri martın 18-dən etibarən kəskin və qəti surətdə təzahür etməyə başladı. Kommunada iclas edənlər, demək olar, yalnız fəhlələrdən və ya tanınmış fəhlə nümayəndələrindən ibarət olduğuna görə, Kommunanın qərarları da qəti proletar xarakterində idi. Həmin qərarlarla ya elə islahatlar keçirilməsi haqqında dekretlər verilirdi ki, respublikaçı burjuaziya bu islahatlardan yalnız alçaq qorxaqlığı üzündən imtina etmişdi və həmin islahatlar fəhlə sinfinin azad fəaliyyəti üçün zəruri əsas təşkil edir. Dövlət qarşısında dinin ancaq xüsusi bir iş olduğu prinsipinin həyata keçirilməsi bu cümlədəndir. Ya da Kommuna fəhlə sinfinin bilavasitə xeyrinə olan və qismən köhnə ictimai quruluşu dərindən dağıdan qərarlar verirdi. Lakin bütün bu tədbirləri həyata keçirməkdən ötrü mühasirə vəziyyətində olan şəhərdə ən yaxşı halda ancaq ilk addımlar atıla bilərdi. Artıq mayın əvvəllərindən bütün qüvvələr, Versal hökumətinin getdikcə çoxalan qoşunları ilə mübarizəyə sərf olunurdu.
Aprelin 7-də versallılar Parisin qərb cəbhəsində Neyi yaxınlığında Sena üzərindəki körpünü ələ keçirtdilər; lakin aprelin 11-də cənub cəbhəsinə onların hücumu general Ed tərəfindən dəf olunaraq onlar böyük tələfata düçar edildi. Parisin prussiyalılar tərəfindən topa tutulmasını bir kafirlik kimi pisləyən adamların indi özləri Parisi arasıkəsilmədən topa tuturdular. Yenə həmin adamlar indi Prussiya hökumətinə yalvarırdılar ki, Sedan və Mete yaxınlığında əsir alınan fransız əsgərlərini tezliklə geri göndərsin ki, onlar Parisi həmin adamlar üçün geri alsınlar. Bu qoşunların tədriclə gəlib çıxması mayın əvvəllərində versallılara qəti üstünlük verdi. Bu artıq aprelin 23-də aydın oldu; bu zaman Tyer, Parisdə zamin saxlanmış Paris arxiyepiskopu (Darbua. Red.) ilə bir sıra başqa keşişləri, Kommunaya iki dəfə seçilən, lakin Klervoda həbsdə saxlanan bir tək Blanki ilə dəyişdirmək haqqında Kommunanın təklifi ilə başlanmış danışıqları kəsdi. Bu özünü, Tyerin nitqləri ruhunun dəyişilməsində daha aydın göstərdi; onun bu vaxtadək təmkinli və ikimənalı nitqləri indi birdən-birə həyasız, kobud və hədələyici şəkil almışdı. Cənub cəbhəsində versallılar mayın 3-də Mulen-Sake səngərini, mayın 9-da–bombardmanla büsbütün dağıdılmış İssi istehkamını, mayın 14-də Vanv istehkamını tutdular. Qərb cəbhəsində onlar, şəhər divarlarına qədər uzanıb gedən bir çox kəndləri və binaları tutaraq tədriclə istehkamların əsas xəttinə qədər irəlilədilər; mayın 21-də, xəyanət üzündən və burada duran milli qvardiyaçıların fərsizliyi nəticəsində versallılar şəhərə girə bildilər. Şimal və şərq istehkamlarını tutmuş odan prussiyalılar imkan verdilər ki, barışıq şərtlərinə görə onların üzünə bağlı olan ərazidən şəhərin şimal hissəsinə keçsinlər və buradan, barışıq şərtlərinə görə parislilərin hücum təhlükəsinə qarşı təmin olunmuş hesab etməli olduqları, buna görə də nisbətən zəif müdafiə etdikləri geniş bir cəbhə boyu hücuma başlasınlar. Məhz buna görə, Parisin qərb yarısında, şəhərin ən varlı məhəllələrində göstərilən müqavimət də nisbətən zəif idi; hücum edən qoşunlar paytaxtın şərq yarısına, şəhərin əsl fəhlə rayonuna yaxınlaşdıqca, bu müqavimət daha şiddətli və inadlı olurdu. Yalnız səkkiz günlük mübarizədən sonra Belvil və Menilmontan təpələrində Kommunanın son müdafiəçiləri həlak oldular və onda, tam bir həftə, silahsız kişilərin, qadınların və uşaqların getdikcə daha böyük bir vəhşiliklə ara verilmədən öldürülməsi ən yüksək dərəcəsinə çatdı. Xəzinəsindən doldurulan tüfəng o qədər də sürətlə öldürə bilmirdi, buna görə də məğlubları mitralyozlardan yüzlərlə güllələyirdilər. Son kütləvi qətllərin baş verdiyi Per-Laşez qəbiristanında «Kommunarlar divarı», proletariat öz hüquqlarını müdafiə etməyə cəsarət etdikdə, hakim sinfin necə quduzlaşdığını göstərən lal, amma mənalı bir şahid kimi hələ indi də durmaqdadır. Sonra, hamını qırmaq mümkün olmadığı aşkara çıxdıqda, kütləvi həbslərə və əsirlərin içərisindən ucdantutma alınan qurbanları güllələməyə başladılar; qalanlarını böyük bir düşərgəyə aparırdılar və burada onlar hərbi məhkəməni gözləməli idilər. Parisi şimal-şərqdən mühasirəyə almış olan Prussiya qoşunlarına əmr edilmişdi ki, heç kəsin qaçmasına yol verməsinlər; lakin əsgərlər öz böyüklərinin əmrindən daha artıq insanpərvərlik hissinə əməl etdikdə, zabitlər çox vaxt buna göz yumurdular. Kommunanın bir çox həqiqi mübarizlərinin aradan çıxmasına yol verən Saksoniya ordu korpusu öz insanpərvərliyi ilə xüsusən böyük şöhrət qazanmışdı.
Əgər biz indi, iyirmi il keçəndən sonra, 1871-ci il Paris Kommunasının fəaliyyətinə və tarixi əhəmiyyətinə nəzər salsaq, görərik ki, «Fransada vətəndaş müharibəsində» şərh olunanlara bəzi əlavələr də etmək lazımdır.
Kommuna üzvləri, Milli qvardiyanın Mərkəzi komitəsində də hökmran olan blankistlərdən ibarət çoxluğa və Beynəlxalq Fəhlə Birliyinin üzvlərindən, başlıca olaraq Prudonun sosialist məktəbi tərəfdarlarından ibarət azlığa bölünmüşdülər. Blankistlərin əsas kütləsi o zaman ancaq inqilabi proletar instinkti üzrə sosialist idi; onlardan ancaq az bir hissəsi, alman elmi sosializminə bələd olan Vayyanın sayəsində prinsipial müddəaları daha aydın başa düşmək dərəcəsinə qalxa bilmişdi. Buradan aydın olur ki, nə səbəbə Kommuna iqtisadi sahədə, bizim indiki təsəvvürlərimizə görə o zaman edilməsi zəruri olan bir çox şeyləri etməmişdi. Əlbəttə, bunu başa düşmək hamısından çətindir ki, Kommuna nə səbəbə Fransa bankının qapıları ağzında bu qədər ehtiramla dayanıb qaldı. Bu da böyük bir siyasi səhv idi. Bank Kommunanın əlində olsaydı, bunun əhəmiyyəti zamin saxlanan on min nəfərin əhəmiyyətindən daha böyük olardı. Bu–bütün fransız burjuaziyasını, Kommuna ilə sülh bağlamaq üçün Versal hökumətinə təzyiq göstərməyə məcbur edərdi. Lakin bu cəhət daha çox qəribədir ki, Kommuna, blankistlərdən və prudonistlərdən ibarət olmasına baxmayaraq, çox vaxt düzgün hərəkət edirdi. Aydındır ki, Kommunanın iqtisadi dekretləri üçün–bunların məziyyətləri üçün də, nöqsanları üçün də–ən əvvəl prudonistlər məsuldurlar, Kommunanın siyasi hərəkətləri və yanlışlıqları üçün isə blankistlər məsuldurlar. Hakimiyyət nəzəriyyəbazların əlinə keçdikdə, adətən olduğu kimi, həm prudonistlər, həm də blankistlər, tarixin gərdişi üzündən, məhz öz məktəbləri nəzəriyyəsinin tələb etdiklərinin əksinə hərəkət edirdilər.
Xırda kəndlilər və sənətkar ustalar sosialisti olan Prudonun birliyi heç görməyə gözü yox idi. O deyirdi ki, birlikdə yaxşı cəhətlərdən çox pis cəhətlər vardır, birlik öz təbiəti etibarilə səmərəsiz və hətta zərərlidir, birlik fəhlənin azadlığını buxovlayan zəncirlərdən biridir; deyirdi ki, birlik fəhlənin yalnız azadlığına deyil, əməyə qənaət edilməsinə də zidd olan boş, faydasız və lüzumsuz bir ehkamdır; onun nöqsanları, üstünlüklərindən daha sürətlə artır və onun əksinə olaraq, rəqabət, əmək bölgüsü, xüsusi mülkiyyət faydalı iqtisadi qüvvələrdir. Fəhlə birliyi yalnız müstəsna hallarda münasibdir,–belə müstəsna halları isə Prudon iri sənayedən və iri müəssisələrdən, məsələn, dəmir yollardan ibarət hesab edir (bax: «İnqilabın ümumi ideyası», 3-cü xülasə).
Lakin 1871-ci ildə iri sənaye zərif şeylər sənətinin mərkəzi olan hətta Parisdə də artıq o dərəcədə qeyri-müstəsna bir şey olmuşdu ki, Kommunanın ən mühüm dekreti fəhlə birlikləri əsasında iri sənaye və hətta manufakturalar təşkil edilməsi tapşırığını verirdi; həmin fəhlə birlikləri nəinki yalnız hər bir ayrıca fabrikdə yaradılmalı idi, hətta bir böyük ittifaq halında birləşməli idi; sözün qısası belə bir təşkilat, «Vətəndaş müharibəsində» Marksın tamamilə doğru olaraq qeyd etdiyi kimi, nəticə etibarilə kommunizmə, yəni Prudonun nəzəriyyəsinin tam əksinə gətirib çıxarmalı idi. Məhz buna görədir ki, Kommuna Prudonun sosialist məktəbi üçün qəbir idi. Bu məktəb indi fransız fəhlələri içərisindən yox olub getmişdir; indi burada Marksın nəzəriyyəsi «possibilistlər»120 içərisində də, «marksistlər» içərisində olduğu qədər tam hökmrandır. Yalnız «radikal» burjuaziya içərisində hələ prudonistlərə təsadüf edilir.
Blankistlərin də aqibəti bundan yaxşı olmadı. Qəsdçilik məktəbində tərbiyə almış və bu məktəbə uyğun ciddi intizamla sıx birləşmiş olan blankistlər belə zənn edirdilər ki, yaxşı təşkil olunmuş nisbətən az miqdar qətiyyətli adam əlverişli anda hakimiyyəti nəinki ələ ala bilər, hətta, xalq kütlələrini inqilaba cəlb etmək və kiçicik bir başçılar dəstəsinin ətrafında birləşdirmək müyəssər olana qədər ən ciddi və qəti tədbirlər vasitəsilə hakimiyyəti öz əlində saxlaya da bilər. Bunun üçün hər şeydən əvvəl bütün hakimiyyətin yeni inqilabi hökumət əlində diktatorsayağı ən qəti mərkəzləşməsi lazım idi. Bəs əksəriyyəti məhz bu blankistlərdən ibarət olan Kommuna nə etdi? Kommuna Fransa əyalətlərinin əhalisinə bütün öz intibahnamələrində həmin əhalini, Fransanın bütün kommunalarını Paris ilə birlikdə vahid azad federasiya halında, ilk dəfə olaraq həqiqətən millətin özü tərəfindən yaradılmalı olan vahid milli təşkilat halında birləşdirməyə çağırırdı. Əvvəlki mərkəzləşmiş hökumətin zülmkar hakimiyyəti, ordu, siyasi polis, bürokratiya,–Napoleon tərəfindən 1798-ci ildə yaradılmış və o vaxtdan bəri hər bir yeni hökumətin yararlı bir alət kimi qəbul edib öz düşmənlərinə qarşı istifadə etdiyi hakimiyyət,–məhz bu hakimiyyət Parisdə yıxıldığı kimi, Fransanın hər yerində yıxılmalı idi.
Kommuna ən əvvəldən etiraf etməli idi ki, fəhlə sinfi hakimiyyət başına gəldikdə köhnə dövlət maşını ilə daha hökmranlıq edə bilməz; fəhlə sinfi yenicə əldə etdiyi hökmranlığını daha itirməmək üçün, bir tərəfdən, indiyədək onun əleyhinə tətbiq edilmiş olan bütün köhnə zülm maşınını aradan qaldırmalı, o biri tərəfdən isə, istisnasız olaraq bütün öz deputatlarının və məmurlarının hər zaman dəyişdirilə biləcəyini elan etməklə özünü onlara qarşı təmin etməlidir. Keçmişdəki dövlətin səciyyəvi xüsusiyyəti nədən ibarət idi? Əvvəldə cəmiyyət öz ümumi mənafeyini müdafiə etmək üçün sadə əmək bölgüsü vasitəsilə özünə xüsusi orqanlar yaratmışdı. Lakin zaman keçdikcə bu orqanlar və onların başlıcası olan dövlət hakimiyyəti öz xüsusi mənafeyinə xidmət edərək, cəmiyyətin xidmətlərindən onun hakimlərinə çevrilmişdi. Bunu, məsələn, yalnız irsi monarxiyada deyil, demokratik respublikada da görmək olar. Heç bir yerdə «siyasətçilər» millətin məhz Şimali Amerikada olduğu qədər əlahiddə və nüfuzlu hissəsini təşkil etmirlər. Orada, hakimiyyət başında bir-birini əvəz edən iki böyük partiyadan hər biri elə adamlar tərəfindən idarə olunur ki, onlar siyasəti gəlirli bir işə çevirirlər, istər ittifaqın, istərsə də ayrı-ayrı ştatların qanunvericilik məclislərində deputat yerləri ilə möhtəkirlik edirlər, yaxud öz partiyaları lehinə təşviqat aparmaq hesabına yaşayır və qələbədən sonra mükafat olaraq vəzifələr alırlar. Məlumdur ki, amerikanlar dözülməz şəkil almış olan bu zülmü aradan qaldırmaq üçün son otuz il ərzində nə qədər səy göstərməli olmuşlar və buna baxmayaraq getdikcə daha artıq dərəcədə nə kimi bir satqınlıq bataqlığına yuvarlanırlar. Əvvəldə cəmiyyət üçün ancaq bir alət xidməti görməsi lazım gələn dövlət hakimiyyətinin cəmiyyətdən belə ayrılmasının necə inkişaf etdiyi məhz Amerikada hər yerdən yaxşı görünür. Orada nə sülalə, nə zadəganlar, hindulara göz yetirməli olan bir dəstə əsgərdən savayı nə daimi ordu vardır, nə də daimi qulluqçuları və pensiya almaq hüququ olan bürokratiya. Bununla belə biz orada iki böyük siyasi möhtəkirlər bandası görürük; onlardan gah biri, gah da o biri dövlət hakimiyyətini öz əlinə keçirir və ondan ən çirkin məqsədlər üçün ən çirkin bir şəkildə istifadə edir, millət isə, guya ona xidmət edən, həqiqətdə isə ona ağalıq edən və onu soyan siyasətçilərin bu iki böyük birləşməsi qarşısında acizdir.
İndiyədək olmuş bütün dövlətlərdə labüd olan bu hala qarşı–dövlətin və dövlət orqanlarının cəmiyyət xidmətçilərindən cəmiyyətin ağalarına çevrilməsinə qarşı Kommuna iki düzgün vasitə tətbiq etdi. Əvvələn, Kommuna dövlət idarəsi, məhkəmə, xalq maarifi xətti ilə, bütün vəzifələrə ümumi seçki hüququ üzrə seçilmiş şəxsləri təyin edirdi, həm də seçilən bu şəxslərin seçicilər tərəfindən qərar çıxarılmaqla hər vaxt geri çağırıla bilməsi hüququnu tətbiq etdi. İkincisi isə, Kommuna həm yüksək, həm də aşağı bütün vəzifəli şəxslərə, yalnız başqa fəhlələrin aldığı qədər əmək haqqı verirdi. Kommunanın ümumiyyətlə verdiyi ən yüksək maaş 6000 frank idi. Beləliklə, vəzifə ardınca qaçmaq və mənsəbpərəstlik əleyhinə etibarlı maneə yaradılmışdı, hətta buna üstəlik Kommuna tərəfindən nümayəndəli idarə deputatları üçün tətbiq edilmiş imperativ mandatlarından asılı olmayaraq belə bir maneə yaradılmışdı.
Köhnə dövlət hakimiyyətinin belə partladılması və yeni, həqiqətən demokratik hakimiyyətlə əvəz edilməsi «Vətəndaş müharibəsinin» üçüncü bölməsində müfəssəl təsvir edilmişdir. Lakin bu əvəz edilmənin bəzi cəhətləri üzərində burada bir də qısaca dayanmaq zəruri idi, çünki məhz Almaniyada dövlətə mövhum etiqad fəlsəfə sahəsindən burjuaziyanın və hətta bir çox fəhlələrin ümumi şüuruna keçmişdir. Filosofların öyrətdiyinə görə dövlət «ideyanın həyata keçirilməsidir» və ya fəlsəfə dilinə tərcümə edildikdə, allahın yer üzündə səltənətidir; dövlət elə bir sahədir ki, orada əbədi həqiqət və ədalət həyata keçirilir və ya həyata keçirilməlidir. Buradan da dövlətə və dövlətlə əlaqəsi olan hər şeyə mövhum ehtiram irəli gəlir; bu mövhum ehtiram xüsusən ona görə daha asanlıqla kök salır ki, insanlar uşaqlıqdan belə düşünməyə adət edirlər ki, bütün cəmiyyət üçün ümumi olan işlər və mənafe, guya əvvəlki üsuldan, yəni dövlətdən və onun gəlirli vəzifələr tutmuş məmurlarından başqa bir vasitə ilə yerinə yetirilib qoruna bilməz. Adamlar xəyal edirlər ki, irsi monarxiyaya etiqaddan əl çəkib demokratik respublika tərəfdarı olurlarsa, irəliyə doğru qeyri-adi dərəcədə cəsarətli addım atmış olurlar. Həqiqətdə isə dövlət, bir sinfin başqa bir sinfi əzməsi maşınından başqa bir şey deyildir, həm də bunda demokratik respublika monarxiyadan zərrə qədər fərqlənmir. Ən yaxşı halda dövlət, sinfi hökmranlıq uğrundakı mübarizədə qalib gəlmiş proletariata irsi olaraq keçən bir bəladır; Kommuna kimi, qalib gəlmiş proletariat da bu bəlanın ən pis tərəflərini dərhal kəsib atmağa məcbur olacaqdır ki, nəhayət, yeni, azad ictimai şəraitdə böyümüş olan nəsil bütün bu dövlət zir-zibilini kənara tullaya bilsin.
Son zamanlar sosial-demokrat filister121 proletariat diktaturası sözlərini eşitdikdə yenə ölüm qorxusu hiss etməyə başlayır. Möhtərəm cənablar, bu diktaturanın nə olduğunu bilmək istəyirsinizmi? Paris Kommunasına baxın. O, proletariat diktaturası idi.
F.Engels
London, Paris Kommunasının iyirmi illiyi günü, 18 mart 1891-ci il.
Bu jurnalda: «Die Neue Leit, Bd. 2, 28, 1890-1891 və bu kitabda: Marx. «Der Burgerkrieg in Frank-reich Berlin, 1891 çap edilmişdir.
Dostları ilə paylaş: |