K.MARKS
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ AVRAAM LİNKOLNA7
Mərhəmətli cənab!
Sizin böyük əksəriyyət tərəfindən yenidən seçilməyiniz münasibəti ilə Amerika xalqına təbrik göndəririk.
Siz ilk dəfə seçilərkən mötədil şüarınız quldarların qüdrətinə müqavimət göstərmək idisə, ikinci dəfə seçilərkən Sizin mübariz zəfər çağırışınız belədir: köləliyə ölüm!
Amerikada nəhəng çarpışmanın lap əvvəlindən Avropa fəhlələri sövq-təbii ilə hiss etdilər ki, mənsub olduqları sinfin taleyi ulduzlu bayraqla bağlıdır. Ərazi uğrunda gedən və bu sərt epopeyanın başlanğıcını qoyan mübarizə məgər həll etməli deyildimi ki, ucsuz-bucaqsız sahələrin əl dəyməmiş torpaqları köçüb gələnlərin istifadəsinəmi veriləcək, yoxsa qullar üzərindəki nəzarətçilərin tapdağı olacaqdır?
O zaman ki, 300 000 quldarın oliqarxiyası dünya tarixində ilk dəfə silahlı qiyam bayrağına «köləlik» sözünü yazmağa cürət etdi, o zaman ki, vahid böyük demokratik respublika ideyasının təqribən yüz il əvvəl ilk dəfə meydana gəldiyi, insan hüquqları haqqında ilk bəyannamənin elan edildiyi8 və XVIII əsr Avropa inqilabında ilk təkan verildiyi yerlərdə əksinqilab «əvvəlki konstitusiyanın yaradıldığı vaxtlarda hökm sürmüş ideyaları» ləğv etməsi ilə sabit bir ardıcıllıqla öyünməyə, «köləlik nicatverici bir təsisatdır, kapitalın əməyə münasibəti kimi böyük bir problemin əslində yeganə həllidir» deyə bildirməyə, insan üzərində mülkiyyəti həyasızcasına «yeni binanın təməl daşı» elan etməyə başladı,–o zaman Avropa fəhlə sinfi dərhal,–centri-konfederatların işinə ali siniflərin fanatikcəsinə havadar çıxmasının onun üçün mənhus bir xəbərdarlıq olmasından daha əvvəl,–başa düşdü ki, quldarların qiyamı mülkiyyətin əməyə qarşı ümumi səlib yürüşü üçün bir həyəcan siqnalı kimi səslənəcəkdir, zəhmətkeşlərin müqəddəratı, onların gələcəyə olan ümidləri və hətta, keçmiş nailiyyətləri Atlantik okeanının o tayında gedən bu nəhəng müharibədə təhlükə altına alınmışdır. Buna görə də fəhlə sinfi pambıq böhranının9 onu düçar etdiyi məhrumiyyətlərə hər yerdə səbrlə dözürdü, hakimiyyət başında olanların quldarlıq xeyrinə yeritməyə çalışdıqları silahlı müdaxiləyə qarşı qızğın surətdə çıxış edirdi və Avropa ölkələrinin əksəriyyətində haqq iş uğrunda öz qanını axıtmışdı.
Nə qədər ki, Şimalın əsl siyasi qüvvəsi olan fəhlələr öz respublikalarını köləliyin murdarlamasına imkan verirdilər, nə qədər ki, razılığı soruşulmadan alınıb satılan zəncinin qarşısında ağ fəhlənin özünün özünü satmaq və özünə sahibkar seçmək kimi yüksək bir imtiyaza malik olması ilə öyünürdülər, onlar nə əsl əmək azadlığına nail olmaq, nə də öz avropalı qardaşlarının azadlıq mübarizəsinə kömək etmək iqtidarında deyildilər; lakin tərəqqi yolunda duran bu maneə indi vətəndaş müharibəsinin4 qanlı dalğası ilə silinib atılmışdır.
Avropa fəhlələri möhkəm inanırlar ki, Amerikada istiqlaliyyət uğrunda müharibə10 burjuaziyanın hökmranlığının təməlini qoyduğu kimi, Amerikada köləliyə qarşı müharibə də fəhlə sinfinin hökmranlığının başlanğıcını qoyacaqdır. Onlar gələcək dövrün müjdəsini bunda görürlər ki, öz ölkəsini əsarət altına alınmış irqin azadlığa çıxması və ictimai quruluşun dəyişdirilməsi uğrunda misilsiz döyüşlərdən keçirmək fəhlə sinfinin namuslu oğlu Avraam Linkolnun öhdəsinə düşmüşdür.
K.Marks tərəfindən 1864-cü il noyabrın 22-si ilə 29-u arasında yazılmışdır.
1865-ci il yanvarın 7-də «The Bee-Hive Newspaper»in 169-u nömrəsində dərc edilmişdir.
K.MARKS
PRUDON HAQQINDA
(İ.B.ŞVEYTSERƏ MƏKTUB)1
London, 24 yanvar 1865-ci il
Möhtərəm cənab!
Dünən aldığım məktubda Siz Prudon haqqında öz rəyimi ətraflı bildirməyimi məndən tələb edirsiniz. Vaxtın çatışmaması məiə Sizin arzunuzu yerinə yetirməyə imkan vermir. Həm də onun əsərlərindən heç biri əlimdə yoxdur. Lakin Sizə kömək etməyə hazır olduğumu sübut etmək üçün mən tələsik qısaca bir qaralama yazdım. Siz bunu sonra tamamlaya bilərsiniz, buna əlavələr edə bilərsiniz, bunu ixtisar edə bilərsiniz–bir sözlə, Siz bununla istədiyiniz hər bir şeyi edə bilərsiniz (Biz ən yaxşısı məktubu heç bir dəyişiklik etmədən buraxmağı münasib bildik. («Sosial-Demokrat» qəzeti12 redaksiyasının qeydi)).
Prudonun ilk təcrübələri daha yadımda deyildir. Onun «Ümumdünya dili»13 haqqında şagirdlik əsəri göstərir ki, Prudon həll etmək üçün ən adi biliyi çatışmadığı məsələlərin həllinə nə qədər utanmazlıqla girişirdi.
Prudonun «Mülkiyyət nədir?» adlı ilk əsəri, şübhəsiz, onun ən yaxşı əsəridir. Bu əsər öz məzmununun yeniliyi ilə olmasa da, hər halda köhnəni yeni və ötkəm bir dillə söyləmək cəhətdən tam bir dövr yaratmışdı. Ona məlum olan fransız sosialistlərinin və kommunistlərinin əsərlərində «propriete» («mülkiyyət». Red), əlbəttə, nəinki müxtəlif cəhətlərdən tənqid edilmiş, habelə utopik şəkildə «aradan qaldırılmışdı». Feyerbax Hegelin yanında nə isə, Prudon da bu kitabı ilə Sen-Simon və Furyeyə nisbətən təxminən eyni vəziyyət almışdır. Hegelə nisbətən Feyerbax son dərəcə yoxsuldur. Lakin Hegeldən sonra Feyerbax tam bir dövr yaratdı, çünki xristian şüuruna xoş gəlməyən və tənqidin müvəffəqiyyətləri üçün mühüm olub Hegelin mistik bir clair-obscur (Dumanlıq. Red) içində saxladığı bəzi cəhətləri birinci sıraya qoymuşdur.
Belə demək mümkünsə, Prudonun bu əsərində hələ güclü bir üslub əzələsi üstünlük təşkil edir. Həm də əsərdəki bu üslubu mən onun başlıca məziyyəti hesab edirəm. Görünür ki, Prudon ancaq köhnəni yenidən təsvir etdiyi yerlərdə də bu onun üçün müstəqil bir kəşfdir; dedikləri onun özü üçün yeni idi və bunu o yeni bir şey kimi qiymətləndirir. Siyasi iqtisadın «ən müqəddəs» cəhətləri üzərinə onun kəskin bir ötkəmliklə hücum etməsi, bayağı burjua düşüncəsini lağa qoyarkən onun işlətdiyi itiağıllı paradokslar, məhvedici tənqid, acı istehza, mövcud olanın iyrəncliyinə qarşı gah bir yerdə, gah da başqa bir yerdə özünü göstərən dərin və səmimi bir hiddət duyğusu, inqilabi inam–bütün bu keyfiyyətlər sayəsində «Mülkiyyət nədir?» kitabı oxucuları vəcdə gətirdi və ilk dəfə meydana çıxarkən güclü təsir bağışladı. Siyasi iqtisadın ciddi elmi tarixində bu kitab adı çəkilməyə çətin layiq olsun. Lakin bu cür gurultulu əsərlər nəfis ədəbiyyatda olduğu kimi, elmdə də öz rolunu oynayır. Məsələn, Maltusun «Əhali haqqında» adlı kitabını götürün. Bu kitab birinci nəşrində «sensational pamphlet»dən (gurultulu pamflet. Red) başqa bir şey deyildi və bundan əlavə, başdan-başa ədəbiyyat oğurluğu idi. Bununla belə, insan nəsli haqqındakı bu iftira nə qədər güclü bir təsir göstərdi!
Prudonun kitabı əlimdə olsaydı, bir neçə misalla onun ilk yazı üslubunu asanlıqla göstərmək olardı. O özü ən mühüm hesab etdiyi paraqraflarda antinomiyaların şərhində Kantı təqlid edir–Kant, o zaman Prudonun tərcümələr vasitəsi ilə tanış olduğu yeganə alman filosofu idi,–və belə bir müəyyən təsir oyanır ki, Kant üçün olduğu kimi, onun üçün də antinomiyaların həlli insan zəkasından «o tərəfdə» olan, yəni onun öz zəkası üçün aydın olmadan qalan bir şeydir.
Bütün zahiri ifrat inqilabçılığa baxmayaraq, artıq «Mülkiyyət nədir?» əsərində ziddiyyətə təsadüf edilir: bir tərəfdən, Prudon cəmiyyəti fransız parsel kəndlisi (sonralar–petit bourgeois (xırda burjua. –Red)) baxışları prizmasından tənqid edir, digər tərəfdən də sosialistlərdən götürdüyü miqyası ona tetbiq edir.
Kitabın elə təkcə adı onun nöqsanlarını göstərirdi. Sual o dərəcədə yanlış şəkildə qoyulmuşdu ki, buna düzgün cavab vermək mümkün deyildi. Antik «mülkiyyət münasibətlərini» feodal münasibətləri, feodal münasibətlərini isə «burjua» münasibətləri məhv etmişdi. Tarix özü beləliklə keçmiş mülkiyyət münasibətlərini tənqid etmişdi. Əslində Prudonda bəhs edilən şey mövcud müasir burjua mülkiyyəti idi. Mülkiyyət nədir?–sualına bu mülkiyyət münasibətlərinin məcmusunu, iradə münasibətləri olaraq bunların yuridik ifadəsi şəklində deyil, bunların real formasında, yəni istehsal münasibətləri olaraq əhatə edən «siyasi iqtisadın» ancaq tənqidi təhlili ilə cavab vermək olardı. Lakin Prudon bu iqtisadi münasibətlərin bütün məcmusunu ümumi yuridik bir «mülkiyyət», «la propriete» anlayışı ilə qarışdırdığına görə, hələ 1789-cu ildən əvvəl Brissonun eyni sözlərlə və bunun kimi bir əsərdə14–«La propriete cest le vol»da («Mülkiyyət oğurluqdur». Red)–verdiyi cavab çərçivəsindən kənara çıxa da bilməzdi.
Bundan olsa-olsa ancaq belə bir nəticə çıxır ki, «oğurluq» haqqındakı burjua-yuridik anlayışları burjuanın özünün «düzlüklə» əldə etdiyi gəlirinə də tətbiq edilə bilər. Digər tərəfdən, mülkiyyətin zorakılıqla pozulması olmaq etibarı ilə «oğurluq» mülkiyyəti nəzərdə tutduğuna görə, Prudon əsl burjua mülkiyyəti haqqında onun özü üçün aydın olmayan hər cür əllaməlik içərisində dolaşıb qalmışdır.
1844-cü ildə Parisdə olduğum zaman Prudonla aramızda şəxsi münasibət əmələ gəlmişdi. Burada bunu ona görə xatırladıram ki, onun, əmtəələri saxtalaşdırmasının, ingilislərin dediyi kimi, «sophistication»unun təqsirinin bir hissəsi müəyyən dərəcəyə qədər mənim də üzərimə düşür. Çox zaman gecələr sübhə qədər davam edən uzun mübahisələr zamanı mən ona, özü üçün çox zərərli olaraq, Hegelçilik sirayət etdirmişdim, lakin o, alman dilini bilmədiyinə görə, Hegelçiliyi lazımınca öyrənə bilmədi. Mənim başladığım işi mən Parisdən sürgün ediləndən sonra c. Karl Qrün davam etdirmişdi. Alman fəlsəfəsi müəllimi olmaq etibarı ilə onun məndən belə bir üstünlüyü də var idi ki, özü həmin fəlsəfəni qətiyyən anlamırdı.
Özünün ikinci böyük əsəri olan «Yoxsulluq fəlsəfəsi və i.a.» hələ çıxmamışdan az əvvəl Prudon özü mənə bu barədə çox müfəssəl bir məktubda xəbər vermişdi, həmin məktubda həmçinin bu sözlər də var idi: «Jattends ferulecritique» (Sizin ciddi tənqidinizi gözləyirəm. Red). Doğrudan da, bu tənqid tezliklə onun üzərinə yağdırıldı (mənim «Fəlsəfə yoxsulluğu və i.a.» kitabımda. Paris, 1847(K.Marks. Fəlsəfə yoxsulluğu. Azərnəşr. 1975. Red)), həm də elə bir şəkildə ki, bizim dostluğumuza həmişəlik son qoydu.
Burada deyilənlərdən Siz görürsünüz ki, Prudonun «Yoxsulluq fəlsdfdsi, yaxud iqtisadi ziddiyyətlər sistemi» adlı kitabında «Mülkiyyət nddir?» sualına o əslində ilk dəfə cavab vermişdi. Doğrudan da, Prudon ancaq özünün birinci kitabı çıxdıqdan sonra öz iqtisadi məşğələlərinə başlamışdı; o kəşf etmişdi ki, irəli sürdüyü suala söyüşlə deyil, ancaq müasir «siyasi iqtisadın» təhlili ilə cavab vermək olar. Eyni zamanda da o, iqtisadi kateqoriyalar sistemini dialektik şəkildə şərh etməyə təşəbbüs etmişdi. Kantın həlledilməz «antinomiyaları» əvəzində indi inkişaf vasitəsi olaraq Hegel «ziddiyyəti» meydana çıxmalı idi.
Onun iki cildlik qalın əsərinin tənqidini Siz mənim cavab əsərimdə taparsınız. Mən orada yeri gəlmişkən bunu da göstərmişəm ki, Prudon elmi dialektikanın sirrini nə qədər az başa düşmüşdür və digər tərəfdən, iqtisadi kateqoriyalarda maddi istehsalın müəyyən inkişaf pilləsinə uyğun gələn tarixi istehsal münasibətlərinin nəzəri ifadələrini görmək əvəzində, bunları mənasız bir şəkildə əzəldən mövcud olan əbədi ideyalara çevirməklə spekulyativ fəlsəfənin illüziyalarına nə dərəcədə şərik olur və belə dolayı bir yolla necə yenidən burjua iqtisadi nöqteyi-nəzərinə qayıdır («Movcud münasibətlərin–burjua istehsal munasibətlərinin–təbii münasibətlər olduğunu deməklə iqtisadçılar belə demək istəyirlər: bu münasibətlər məhz elə münasibətlərdir ki, həmin münasibətlər şəraitində sərvət istehsalı və məhsuldar qüvvələrin inkişafı təbiət qanunlarına uyğun olur. Deməli, bu münasibətlərin özü zamanın təsirindən asılı olmayan təbii qanunlardır. Bunlar cəmiyyəti həmişə idarə etməli olan əbədi qanunlardır. Beləliklə, indiyədək tarix var idi, indi isə daha yoxdur» (bax: mənim əsərimdə səh. 113). (K.Marks. Fəlsəfə yoxsulluğu, səh. 87. Red)).
Sonra mən bunu da göstərirəm ki, Prudon tənqid etməyə girişdiyi «siyasi iqtisada» nə qədər kifayət etməz dərəcədə, bəzən sadəcə bir şagird qədər az bələddir və necə utopistlərlə birlikdə o da tarixi hərəkatın, azadlıq üçün özü maddi şərait yaradan hərəkatın tənqidi surətdə dərk edilməsini elmin mənbəyi etmək əvəzində «elm» deyilən elə bir şeyin dalınca qaçır ki, onun vasitəsi ilə «ictimai məsələnin həlli» üçün apriori (əvvəlcədən, təcrübəyədək, mücərrəd mülahizələri əsas tutafaq. Red) formul icad etmək mümkün olsun. Xüsusilə də orada hər şeyin əsası–mübadilə dəyəri haqqında Prudonun anlayışlarının nə qədər tutqun, yanlış və yarımçıq bir şəkildə qaldığı göstərilmişdir; buna görə də Prudon Rikardonun dəyər nəzəriyyəsinin utopik şəkildə şərh edilməsini yeni elmin əsası hesab edir. Onun ümumi nöqteyi-nəzəri haqqında mülahizəmi mən bu sözlərlə xülasə edirəm:
«Hər bir iqtisadi münasibətin öz yaxşı və pis tərəfi vardır–bu elə bir yeganə nöqtədir ki, burada c. Prudon dediyindən dönmür, yaxşı tərəfi, onun fikrincə, iqtisadçılar meydana qoyurlar; pis tərəfi sosialistlər ifşa edirlər. İqtisadçılardan o, əbədi iqtisadi münasibətlərin zəruriliyinə inamı götürür; sosialistlərdən–elə bir illüziyanı götürür ki, buna əsasən onlar yoxsulluqda (köhnə cəmiyyəti yıxacaq dağıdıcı, inqilabi cəhət görmək əvəzində (mötərizəyə alınmış sözləri Marks bu məqalədə əlavə etmişdir. Red)) ancaq yoxsulluq görürlər. O bunların hər ikisi ilə razılaşır, həm də bu zaman elmin nüfuzuna əsaslanmağa çalışır. Elm isə onun təsəvvüründə nə isə bir elmi formulun cılız ölçülərindən ibarət olur; o, daim formullar ardınca qaçmaqdadır. Bax buna görə də c. Prudon xəyal edir ki, həm siyasi iqtisadın, həm də kommunizmin tənqidini vermişdir; əslində o bunların hər ikisindən aşağıdır. İqtisadçılardan aşağıdır–ona görə ki, ecazkar formula malik filosof olmaq etibarı ilə o özünü sırf iqtisadi təfərrüatla məşğul olmaq zərurətindən xilas olmuş hesab edir; sosialistlərdən aşağıdır–ona görə ki, onun–heç olmazsa nəzəri surətdə–burjua görüş dairəsindən yüksəyə qalxmaq üçün nə mərdliyi, nə də uzaqgörənliyi çatışmır...
O bir elm qəhrəmanı kimi burjualardan və proletarlardan yüksəkdə cövlan etmək istəyir, lakin kapitalla əmək arasında, siyasi iqtisadla kommunizm arasında daim tərəddüd edən ancaq xırda burjua olur»(Yenə orada, səh. 119, 120. (K Marks. Fəlsəfə yoxsulluğu, səh. 91. Red)).
Bu hökm nə qədər sərt olsa da, mən indi də bunun hər bir kəlməsinə qol çəkirəm. Lakin bunu da unutmamalıdır ki, mən Prudonun kitabını petit bourgeois sosializminin məcəlləsi elan edib bunu nəzəri cəhətdən sübut etdiyim bir zamanda iqtisadçılar, onlarla da birlikdə sosialistlər Prudona qəddar ifrat inqilabçı kimi lənət yağdırırdılar. Elə buna görədir ki, mən sonralar da heç bir zaman öz səsimi onun inqilaba «xəyanətindən» dəm vuranların səsinə qoşmamışam. Lap əvvəldən həm başqaları, həm də özü tərəfindən yanlış başa düşülən bu adam özünə bağlanan əsassız ümidləri doğrultmamışsa, bu onun təqsiri deyildir.
«Mülkiyyət nədir?» əsərinin əksinə olaraq, «Yoxsulluq fəlsəfəsi»ndə Prudon üslubunun bütün nöqsanları çox əlverişsiz bir şəkildə nəzərə çarpır. Üslubu başdan-başa, fransızların dediyi kimi, ampoule-dir (təmtəraqlıdır. Red). Alman fəlsəfə üslubu kimi qələmə verilən gurultulu spekulyativ cəfəngiyat, qallara məxsus ağıl kəskinliyi onun imdadına çatmadığı hər yerdə meydana çıxır. Lovğalıq, bazarlardakı çığırqan tərifləmə dili, xüsusilə də saxta «elm» ilə öyünmək və onun haqqında səmərəsiz boşboğazlıq lap adamın qulağını deşir. Onun birinci əsərindəki səmimi hərarət burada, müəyyən yerlərdə, müntəzəm olaraq həyəcanlı, coşğun ibarələrlə əvəz edilir. Həm də məktəb təhsili görməyib öz alimliyi ilə aciz və iyrənc şəkildə özünü gözə soxmağa cəhd edən bu adam, məktəb təhsili görməyib öz təfəkkür orijinallığı və müstəqilliyi ilə lovğalanmaq kimi anadangəlmə xasiyyəti artıq sarsımış olan bu adam, elm sahəsindəki bu parvenu (bambılı. Red) belə xəyal edir ki, özünə xas olmayan və əsla malik olmadığı bir şeylə öyünməlidir. Üstəlik bu xırda burjua psixologiyalı adam, fransız proletariatının hərəkatında oynadığı əməli rol üçün hörmət edilməyə layiq olan Kabe kimi bir adamın üzərinə əsla düzgün olmayan bir şəkildə, ədəbsiz, kobud, ağılsız, səthi bir şəkildə hücum edir; lakin o, məsələn, Dünuaye ilə çox nəzakətli rəftar edir (axı o hər halda «dövlət məşvərətçisidir»), hərçənd bu Dünuayenin bütün qiyməti, öz qalın və dözülməz dərəcədə darıxdırıcı üç cildlik əsərində15 gülünc bir ciddiliklə riqorizm tətbiq etməsindədir, bunu isə Helvetsi belə səciyyələndirmişdir: „On veut gue leş malheureux soient parfaits". (Bədbəxtlərdən kamillik tələb edirlər).
Fevral inqilabı16 Prudon üçün doğrudan da tamamilə yersiz oldu, axı o, həmin inqilabdan cəmi bir neçə həftə əvvəl qəti sübut etmişdi ki, «inqilablar dövrü» həmişəlik keçib getmişdir. Prudonun Milli məclisdəki çıxışı baş verən bütün hadisələri nə qədər az başa düşdüyünü göstərsə də, hər cür tərifə layiqdir17. İyun üsyanından18 sonra bu çıxış böyük bir mərdlik idi. Bundan əlavə, onun çıxışının belə bir müsbət nəticəsi oldu ki, c. Tyer Prudonun təklifləri əleyhinə söylədiyi və sonra ayrıca bir kitabça şəklində nəşr edilən nitqində19 fransız burjuaziyasının bu mənəvn rüknü üçün nə qədər miskin bir uşaq katexizisinin dayaq olduğunu bütün Avropaya sübut etdi. C-b Tyerə nisbətən Prudon doğrudan da ən qədim bir nəhəng dərəcəsinə çatırdı.
«Gredit gratuit»in (havayı kreditin. Red) və buna əsaslanan «xalq bankının» («bangue du peuple») ixtira edilməsi c. Prudonun son iqtisadi «igidliklərindəndir». Mənim «Siyasi iqtisadın tənqidinə dair» adlı kitabımda, 1-ci buraxılış, Berlin 1859, (səh. 59–64) sübut edilir ki, burjua «siyasi iqtisadının» əsas ünsürlərini, yəni əmtəələrin pula münasibətini Prudonun bilməməsi onun baxışlarının nəzəri əsası üçün mənbə olmuşdur, daha köhnə olub daha yaxşı işlənmiş layihələrin sadəcə təkrar edilməsi isə bu əsas üçün əməli üstqurum olmuşdur. Kreditin,–məsələn, XVIII əsrin əvvəllərində, sonra da yenidən XIX əsrin əvvəllərində İngiltərədə olduğu kimi, əmlakın bir sinfin əlindən digər sinfin əlinə keçməsinə kömək etdiyi,–müəyyən iqtisadi və siyasi şəraitdə proletariatın azad olmasının sürətlənməsinə kömək edə biləcəyi tamamilə şübhəsizdir və öz-özünə aydındır. Lakin faiz gətirən kapitalı kapitalın başlıca forması hesab etmək kreditin xüsusi bir tətbiqini, faizin xəyali ləğv edilməsini ictimai dəyişikliyin əsasına çevirməyə çalışmaq başdan-başa meşşan fantaziyasıdır. Doğrudan da biz görürük ki, hələ on yeddinci əsr ingilis xırda burjuaziyasının iqtisadçı ideoloqları həmin fantaziyanı ətraflı surətdə inkişaf etdirirdilər. Faiz gətirən kapital haqqında Prudonun Bastia ilə mübahisəsi (1850-ci il)20 «Yoxsulluq fəlsəfəsi»ndən xeyli aşağıda durur. O elə bir dərəcəyə çatır ki, hətta Bastia da onu əzə bilir və əleyhdarı ona hər dəfə zərbə vurduqda, o gülünc bir şəkildə qəzəblənir.
Bir neçə il bundan əvvəl Prudon, gərək ki, Lozanna hökumət dairələri tərəfindən elan edilən müsabiqə üçün «Vergilər» haqqında bir əsər yazmışdı. Burada dahiliyin son izləri də aradan qalxır və yalnız petit bourgeois tout pur (xalis xırda burjua. Red) qalır.
Prudonun siyasi və fəlsəfi əsərlərinə gəldikdə, bütün bunlarda da iqtisadi əsərlərindəki eyni ziddiyyətli, ikili xarakter özünü göstərir. Həm də bunların xalis yerli–ancaq Fransa uçün əhəmiyyəti vardır. Lakin fransız sosialistləri XVIII əsr burjua volterçiliyinə və XIX əsr alman allahsızlığına nisbətən dindarlığa özlərinin üstünlük əlaməti kimi baxmağı münasib hesab etdikləri bir zamanda din, kilsə və i.a. üzərinə Prudonun hücumları Fransa şəraitində böyük bir xidmət idi. Əgər Böyük Pyotr rus barbarlığına barbarlıqla qalib gəlmişdisə, Prudon da fransız ibarəçiliyinə ibarəçiliklə qalib gəlmək üçün özundən asılı olan hər bir şeyi etmişdir.
Onun «Dövlət çevrilişi» haqqındakı kitabı sadəcə pis bir əsər deyil, açıqca alçaqlıq hesab edilməlidir, lakin bu alçaqlıq onun xırda burjua nöqteyi-nəzərinə tamamilə uyğun gəlir; burada o, Lui Bonapart qarşısında əzilib-büzülür və doğrudan da, onu fransız fəhlələri üçün məqbul göstərməyə çalışır; onun Polşa əleyhinə son əsəri21 də belədir, burada o, çarın xoşuna gəlmək üçün bir axmaq həyasızlığı göstərir.
Prudonu çox zaman Russo ilə müqayisə edirdilər. Belə bir müqayisədən daha səhv şey ola bilməz. O daha çox Nik. Lengeyə bənzəyir, lakin Lengenin «Mülki qanunlar nəzəriyyəsi» adlı kitabı istedadlı bir əsərdir.
Prudon öz təbiəti etibarı ilə dialektikaya meyl göstərirdi. Lakin əsl elmi dialektikanı heç bir zaman başa düşmədiyinə görə sofistikadan irəli gedə bilməmişdir. Bu əslində onun xırda burjua nöqteyi-nəzəri ilə əlaqədar idi. Tarixçi Raumer kimi xırda burjua da «bir tərəfdən» ilə «digər tərəfdən» ifadələrindən ibarətdir. O öz iqtisadi mənafeyində, buna görə həmçinin öz siyasətində də, öz, dini, elmi və bədii görüşlərində belədir. O öz əxlaqında belədir, in everything (hər şeydə. Red) belədir. O, təcəssüm etmiş bir ziddiyyətdir. Həm də o, Prudon kimi, iti ağıllı bir adamdırsa, öz ziddiyyətləri ilə oyunbazlıq etməyə və bunları, şəraitə görə, gözlənilməz, çığırqan, bəzən biabırçı, bəzən də parlaq paradokslara çevirməyə tezliklə adət edir. Elmdə fırıldaqçılıqla siyasi uyğunlaşma belə bir nöqteyi-nəzərlə qırılmaz surətdə əlaqədardır. Bu cür həriflərdə həvəs doğuran bircə səbəb qalır ki, bu da onların şöhrətpərəstliyidir; bütün şöhrətpərəst adamlar kimi, onlar ancaq bircə dəqiqəlik müvəffəqiyyəti, gurultu qoparmağı düşünürlər. Həm də bu zaman, məsələn, Russonu mövcud hakimiyyotlə hər cür, hətta zahiri sazişdən həmişə qoruyan sadə bir mənəvi nəzarət labüd surətdə aradan qalxır.
Ola bilər gələcək nəsil Fransa tarixinin bu yaxın keçmişdəki dövrünü səciyyələndirərkən desin ki, Lui Bonapart bu dövrün Napoleonu, Prudon isə onun Russo-Volteri olmuşdur.
İndi isə mən bu adamın vəfatından bu qədər, az bir zaman keçəndən sonra mərhumun hakimi rolunu oynamağa məni məcbur etmənizin məsuliyyətini tamamilə Sizin üzərinizə qoyuram.
Sizə hörmət edən Karl Marks
1865-ci il 24 yanvarda yazılmışdır.
«Social-Demokrat» qəzetinin 1, 3 və 5 fevral 1865-ci ildə çıxan 16, 17 və 18-ci №-lərində dərc edilmişdir.
K.MARKS
ƏMƏK HAQQI, QİYMƏT VƏ MƏNFƏƏT22
İLK QEYDLƏR
Vətəndaşlar!
İcazə verin, əsl məsələyə keçməzdən əvvəl, bir neçə ilk qeyd edim.
Hazırda kontinentdə əsl tətil yoluxması hökm sürür və əmək haqqının artırılması tələbi ümumi bir hal olmuşdur. Bu məsələ bizim konqresimizdə müzakirə ediləcəkdir23. Sizin, Beynəlxalq Birlik başında duranların bu mühüm məsələdə möhkəm fikri olmalıdır. Buna görə də mən, hətta sizin səbrinizi ciddi imtahana çəkməli olsam da, bu məsələni əsaslı surətdə nəzərdən keçirməyi özümə borc bilirəm.
İkinci ilk qeydi vətəndaş Ueston haqqında etməliyəm. O, fəhlə sinfinin mənafeyinə uyğun hərəkət etdiyini zənn edərək, özünə də məlum olduğu kimi, fəhlə sinfi içərisində əsla bəyənilməyən baxışları yalnız sizin qarşınızda şərh etmək deyil, hətta camaat qarşısında da müdafiə etmişdir. Göstərilən belə bir mənəvi mərdliyə hər birimiz dərin hörmətlə yanaşmalıyıq. Mən ümidvaram ki, məruzəmin çox kəskin olduğuna baxmayaraq, məruzə qurtardıqdan sonra vətəndaş Ueston görəcəkdir ki, zənnimcə, onun tezislərinin əsasını təşkil edən düzgün fikrə mən şərikəm, hərçənd bu tezisləri mən indiki şəklində nəzəri cəhətdən yanlış, əməli cəhətdən isə təhlükəli hesab edirəm.
İndi bilavasitə bizi maraqlandıran məsələyə keçirəm.
-
İSTEHSAL VƏ ƏMƏK HAQQI
Əslində, vətəndaş Uestonun dəlilləri iki ilk şərtə əsaslanır:
1) milli məhsul kütləsi nə isə dəyişməz bir şeydir, sabit miqdardır və ya, riyaziyyatçının deyəcəyi kimi, sabit kəmiyyətdir.
2) real əmək haqqının məbləği, yəni satın alına biləcək əmtəələrin miqdarı ilə ölçülən əmək haqqının məbləği dəyişməz məbləğdir, sabit kəmiyyətdir.
Lakin onun birinci iddiası açıqca yanlışdır. Siz bilirsiniz ki, məhsulun dəyəri və kütləsi ildən-ilə artır, milli əməyin məhsuldar qüvvəsi yüksəlir, getdikcə artan bu məhsulun tədavülü üçün lazım gələn pulun miqdarı isə daim dəyişilir. Bütün bir il üçün və bir-biri ilə müqayisə edilən müxtəlif illər üçün doğru olan şey, ilin ayrıca götürülən hər bir günü üçün də doğrudur. Milli məhsulun kütləsi, və ya kəmiyyəti, daim dəyişilir. Bu kəmiyyət sabit deyil, dəyişən kəmiyyətdir və,–hətta əhalinin sayca dəyişilməsini bir yana qoysaq belə,–bu kəmiyyət, kapital yığımında və əməyin məhsuldar qüvvəsində daim baş verən dəyişikliklərə görə dəyişilən kəmiyyət olmalıdır. Tamamilə doğrudur ki, günlərin birində əmək haqqının ümumi səviyyəsi yüksəlmiş olsaydı, bu yüksəlişin sonrakı nəticələri necə olursa-olsun, özlüyündə bu yüksəliş məhsul kütləsində dəyişikliyə bilavasitə səbəb olmazdı. Bu yüksəliş ilk zamanlar mövcud vəziyyətdən irəli gələrdi. Lakin əmək haqqı yüksəlməzdən əvvəl milli məhsul sabit kəmiyyət deyil, dəyişən kəmiyyət idisə, əmək haqqı yüksələndən sonra da sabit kəmiyyət deyil, dəyişən kəmiyyət olaraq qalacaqdır.
Lakin fərz edək ki, milli məhsul kütləsi dəyişən kəmiyyət deyil, sabit kəmiyyətdir. Dostumuz Uestonun məntiqi bir nəticə hesab etdiyi şey, hətta bu halda da quru bir iddiadan başqa bir şey olmazdı. Əgər bizə müəyyən bir ədəd, məsələn, 8 ədədi verilmişsə, bu ədədin mütləq hədləri onun hissələrinin öz nisbi hədlərini dəyişməsinə mane olmur. Əgər mənfəət 6-ya, əmək haqqı isə 2-yə bərabərdirsə, əmək haqqı artıb 6, mənfəət isə azalıb 2 ola bilər, lakin ümumi yekun yenə də 8-ə bərabər qalar. Deməli, məhsul kütləsinin sabit qalması faktı əsla əmək haqqı məbləğinin də sabit qaldığını göstərə bilməz. Bəs bu halda dostumuz Ueston əmək haqqı məbləğinin dəyişilməyib olduğu kimi qaldığını necə sübut edir? O bunu sübut deyil, ancaq iddia edir.
Onun bu iddiası ilə hətta razılaşsaq da, onda bu iddia hər iki istiqamət üçün doğru olmalıdır, halbuki vətəndaş Ueston bunu yalnız bir istiqamətdə təsir göstərməyə vadar edir. Əmək haqqı məbləği sabit kəmiyyətdirsə, onu nə yüksəltmək olar, nə də aşağı salmaq. Deməli, fəhlələr əmək haqqının müvəqqəti yüksəldilməsinə çalışmaqla yersiz hərəkət edirlərsə, onda kapitalistlər də əmək haqqını müvəqqəti aşağı salmağa çalışmaqla eyni dərəcədə yersiz hərəkət edirlər. Dostumuz Ueston inkar etmir ki, fəhlələr müəyyən şəraitdə kapitalistləri əmək haqqını yüksəltməyə vadar edə bilərlər: lakin Ueston əmək haqqı məbləğini öz təbiətinə görə sabit bir kəmiyyət kimi təsəvvür etdiyinə görə, onun fikrincə, bunun ardınca əks-təsir baş verməlidir. Digər tərəfdən, Ueston bunu da bilir ki, kapitalistlər əmək haqqını zorakılıqla aşağı sala bilərlər və həqiqətdə daim onu aşağı salmağa çalışırlar. Əmək haqqının sabitliyi prinsipinə görə, həmin halda da əvvəlki halda olduğu dərəcədə əks-təsir baş verməlidir. Deməli, fəhlələr əmək haqqının aşağı salınması cəhdlərinə və ya əmək haqqının felən aşağı salınmış olmasına qarşı əks-təsir göstərməklə düzgün hərəkət edirlər. Deməli, onlar əmək haqqının yüksəldilməsinə çalışdıqları halda da düzgün hərəkət edirlər, çünki əmək haqqının aşağı salınmasına göstərdlən hər bir əks-təsir onun yüksəldilməsinə yönəldilən təsir deməkdir. Beləliklə, vətəndaş Uestonun özünün irəli sürdüyü prinsipə, yəni əmək haqqının sabitliyi prinsininə əsasən, fəhlələr müəyyən şəraitdə birləşib əmək haqqının yüksəldilməsi uğrunda mübarizə etməlidirlər.
Əgər vətəndaş Ueston bu nəticəni rədd edirsə, bu nəticənin əsasını təşkil edən ilk şərtdən də əl çəkməlidir. Bu halda o, əmək haqqı məbləğinin sabit kəmiyyət olmasından danışmayıb deməlidir ki, hərçənd əmək haqqının məbləği yüksələ bilməz və yüksəlməməlidir, lakin kapital əmək haqqını aşağı salmaq istəyən kimi aşağı düşə bilər və düşməlidir. Əgər kapitalist, sizə ət əvəzinə kartof, buğda əvəzinə yulaf yedirtmək fikrinə düşsə, siz onun bu iradəsini siyasi iqtisadın qanunu kimi qəbul edib tabe olmalısınız. Əgər bir ölkədə əmək haqqının səviyyəsi başqa bir ölkədəkindən yüksəkdirsə, məsələn, Birləşmiş Ştatlarda İngiltərədəkindən yüksəkdirsə, siz əmək haqqının səviyyələri arasındakı bu fərqin səbəbini amerikan kapitalistinin arzusu ilə ingilis kapitalistinin arzusu arasındakı fərqlə izah etməlisiniz,–aydındır ki, belə bir üsul nəinki iqtisadi hadisələrin, habelə bütün başqa hadisələrin də öyrənilməsini son dərəcə sadələşdirərdi.
Lakin biz hətta bu halda da soruşa bilərik: nə səbəbə amerikan kapitalistinin arzuları ingilis kapitalistinin arzularından fərqlidir? Bu suala cavab vermək üçün isə, biz arzular aləmindən kənara çıxmalı olardıq. Keşiş deyə bilər ki, guya allahın Fransada istədiyi şey başqa, İngiltərədə istədiyi şey başqadır. Əgər mən bu arzuların nə üçün iki cür olduğunu izah etməsini keşişdən tələb etsəm, o heç də utanmayıb deyə bilər ki, allahın Fransada bir arzusu, İngiltərədə isə başqa bir arzusu vardır. Lakin aydındır ki, dostumuz Ueston hər cür şüurlu fikir yeridilməsini tamamilə inkar edən bu cür dəlillərə əl atmaz. Əlbəttə, kapitalist mümkün qədər çox götürmək arzusundadır. Lakin bizim vəzifəmiz onun arzuları haqqında fikir yeritmək deyil, onun qüvvəsini, bu qüvvənin hədlərini və bu hədlərin xarakterini tədqiq etməkdir.
-
Dostları ilə paylaş: |