4. TƏKLİF VƏ TƏLƏB
Dostumuz Ueston latınca «repetitio eşt mater studiorum»,–yəni təkrar biliyin anasıdır–məsələsinə riayət edir və buna görə də öz əvvəlki ehkamını yeni şəkildə bir daha təkrarlayıb iddia edir ki, əmək haqqının yüksəlməsi nəticəsində pulun azalması kapitalın azalmasına və sairəyə səbəb olmalıdır. Biz onun pul barəsindəki fantaziyasından danışıb qurtardığımıza görə, onun uydurduğu pul tədavülü sarsıntılarından, onun zənnincə, irəli gələn xəyali nəticələri ətraflı araşdırmağı tamamilə lüzumsuz hesab edirəm. Daha yaxşı olar ki, mən bilavasitə onun ehkamının–o bunu nə qədər müxtəlif şəkillərdə təkrar edirsə də, yenə eyni ehkamlığında qalır,–nəzəri cəhətdən ən sadə şəkildə ifadəsini verim.
Onun öz mövzusunu şərh etməyə tənqidi surətdə yanaşmadığı yeganə bir qeyddən aydın olar. O, əmək haqqının yüksəlməsinə qarşı və ya bu yüksəlişin nəticəsi olan yüksək əmək haqqına qarşı etiraz edir. Mən isə ondan sual edirəm: bəs yüksək əmək haqqı nədir, aşağı əmək haqqı nədir? Nə səbəbə, məsələn, həftədə 5 şillinq aşağı əmək haqqıdır, həftədə 20 şillinq isə yüksək əmək haqqı? Əgər 5 şillinq 20 şillinqə nisbətən aşağı əmək haqqıdırsa, 20 şillinq 200 şillinqə nisbətən daha aşağı əmək haqqıdır. Əgər birisi termometr haqqında mühazirə oxuyarkən yüksək və aşağı temperaturdan uzun-uzadı danışmağa başlarsa, heç kəsə heç bir bilik vermiş olmaz. O, hər şeydən əvvəl, donma nöqtəsi ilə qaynama nöqtəsinin necə müəyyən edildiyini söyləməli və bildirməlidir ki, bu əsas nöqtələr termometrləri satan və ya hazırlayan adamların kefi istədiyi kimi deyil, təbii qanunlarla müəyyən edilir. Vətəndaş Ueston isə, əmək haqqı və mənfəətdən bəhs edirkən, bu əsas nöqtələri iqtisadi qanunlardan nəinki bir nəticə kimi çıxarda bilməmiş, hətta bunları axtarıb tapmaq lazım gəldiyini də hiss etməmişdir. O, aşağı və yüksək haqqında yayılmış meşşan ifadələrini qəbul etməklə kifayətlənmişdir, guya bu ifadələrin dürüst və müəyyən bir mənası varmış, halbuki tamamilə aydındır ki, əmək haqqını ancaq onun kəmiyyətini ölçən müəyyən bir miqyasa nisbətən yüksək və ya aşağı adlandırmaq olar.
O mənə deyə bilməz ki, nə səbəbə müəyyən miqdar əmək müqabilində müəyyən məbləğ pul verilir. Əgər o mənə cavab verib desə ki, bu, təklif və tələb qanunu ilə müəyyən olunur, mən dərhal soruşaram ki, bəs təklif və tələbin özü nə kimi bir qanunla tənzim olunur?–həm də belə bir cavab dərhal onu çıxılmaz vəziyyətdə qoyar. Əmək təklifi ilə əməyə olan tələb arasındakı nisbət daim dəyişilir, bu dəyişilmələrlə birlikdə isə əməyin bazar qiymətləri də dəyişilir. Əgər tələb təklifdən artıq olursa, əmək haqqı yüksəlir; əgər təklif tələbdən artıq olursa, əmək haqqı aşağı düşür, doğrudur, belə hallarda tələb və təklifin həqiqi vəziyyətini, məsələn, tətillər vasitəsilə və ya başqa bir üsulla yoxlamaq lazım gələ bilər. Yox əgər siz təklif və tələbi əmək haqqını tənzim edən qanun hesab edirsinizsə, onda əmək haqqının yüksəlməsinə qarşı çıxmaq sizin tərəfinizdən uşaqlıq və faydasız bir iş olar, çünki sizin əsas tutduğunuz ən yüksək qanuna görə, əmək haqqının vaxtaşırı düşməsi kimi, vaxtaşırı yüksəlməsi də eyni dərəcədə zəruri və qanunidir. Yox əgər siz təklif və tələbi əmək haqqını tənzim edən qanun hesab etmirsinizsə, onda mən yenə də öz sualımı təkrar edib soruşaram: nə səbəbə müəyyən miqdar əmək müqabilində müəyyən məbləğ pul verilir?
Lakin məsələyə bir qədər geniş nöqteyi-nəzərdən yanaşaq: əgər siz, əmək dəyərinin və ya hər hansı bir başqa əmtəə dəyərinin nəticə etibarilə guya təklif və tələblə müəyyən olunduğunu güman etsəniz, çox böyük bir səhv etmiş olarsınız. Təklif və tələb yalnız bazar qiymətlərinin müvəqqəti dəyişmələrini tənzim edir. Təklif və tələb əmtəənin bazar qiymətinin nə üçün öz dəyərindən yuxarı qalxdığını və ya öz dəyərindən aşağı düşdüyünü izah edə bilər, lakin heç bir halda bunlar dəyərin özünü izah edə bilməz. Fərz edək ki, təkliflə tələb qarşılıqlı surətdə bir-biri ilə tarazlaşır və ya, iqtisadçıların dediyi kimi, bir-birini qarşılıqlı surətdə ödəyir. Lakin bir-birinə əks olan bu qüvvələr bərabərləşdikdə, qarşılıqlı surətdə bir-birini puç edir, bu və ya başqa bir istiqamətdə daha təsir göstərə bilmir. Təkliflə tələb arasında müvazinət əmələ gəldikdə və buna görə də onlar daha təsir göstərə bilmədikdə, əmtəənin bazar qiyməti onun həqiqi dəyərinə, onun normal qiymətinə uyğun gəlir ki, bu bazar qiymətləri də həmin normal qiymət ətrafında qalxıb düşür. Buna görə də biz bu dəyərin təbiətini tədqiq edərkən, təklif və tələbin bazar qiymətlərinə müvəqqəti təsirini əsla nəzərə almamalıyıq. Bu hal həm əmək haqqına, həm də bütün başqa əmtəələrin qiymətlərinə aiddir.
5. ƏMƏK HAQQI VƏ QİYMƏTLƏR
Dostumuzun gətirdiyi bütün dəlilləri nəzəri cəhətdən ən sadə şəkildə ifadə etsək, aşağıdakı yeganə ehkam alınır: «Əmtəələrin qiymətləri əmdk haqqı ilə müəyyən və ya tənzim olunur».
Artıq rədd edilmiş olan bu köhnə səhvi təkzib etmək üçün mən əməli təcrübəyə isnad edə bilərdim. Mən sizə göstərə bilərdim ki, öz əməkləri müqabilində nisbətən yüksək haqq alan ingilis fabrik fəhlələri, mədən fəhlələri, gəmi qayıran fəhlələri və i.a. tərəfindən istehsal edilən məhsullar başqa millətlərin müvafiq məhsullarından ucuz satılır, halbuki misal üçün, öz əməyi müqabilində nisbətən aşağı haqq alan ingilis kənd təsərrüfatı fəhlələri tərəfindən istehsal edilən məhsullar, demək olar, bütün başqa millətlərin eyni məhsulundan bahadır. Mən eyni bir ölkənin müxtəlif məmulatını və ya müxtəlif ölkələrin əmtəələrini müqayisə etməklə göstərə bilərdim ki, çox zaman həqiqi deyil, bəzi zahiri istisnalardan başqa, bütün hallarda orta hesabla yüksək haqq alan əməyin istehsal etdiyi əmtəə ucuz, az haqq alan əməyin istehsal etdiyi əmtəə isə baha olur. Əlbəttə, bu hal bir-birinə tamamilə əks olan həmin nəticələrin heç də, bir halda əmək qiymətinin yüksək, başqa bir halda isə aşağı olmasından irəli gəldiyini sübut etmir, lakin hər halda bu sübut edir ki, əmtəələrin qiyməti əməyin qiyməti ilə müəyyən edilmir. Lakin bizim bu empirik üsula əl atmağımıza qətiyyən lüzum yoxdur.
Lakin, ola bilər, birisi inkar edib desin ki, vətəndaş Ueston belə bir ehkam irəli sürməmişdir: «Əmtəələrin qiymətləri əmək haqqı ilə müəyyən və ya tənzim olunur». Doğrudan da, o heç bir zaman belə bir ifadə irəli sürməmişdir. Hətta, əksinə, o deyirdi ki, mənfəət və renta da əmtəə qiymətlərinin tərkib hissələrini təşkil edir, çünki yalnız fəhlələrin əmək haqqını deyil, habelə kapitalistlərin mənfəətini və torpaq sahiblərinin rentasını da əmtəə qiymətlərindən vermək lazım gəlir. Bəs, onun fikrincə, qiymətləri təşkil edən nədir? Hər şeydən əvvəl əmək haqqı. Sonra müəyyən faiz kapitalistin xeyrinə, müəyyən faiz də torpaq sahibinin xeyrinə əlavə olunur. Fərz edək ki, əmtəənin istehsalında tətbiq edilən əməyin haqqı 10-dur. Əgər mənfəət norması verilən əmək haqqının 100%-ni təşkil edirsə, onda kapitalist 10 əlavə edəcək və renta norması da əmək haqqının 100%-ni təşkil edirsə, yenə də 10 əlavə ediləcək və əmtəənin bütün qiyməti 30-a bərabər olacaqdır. Lakin qiymətin bu şəkildə müəyyən edilməsi yalnız o deməkdir ki, qiymət əmək haqqı ilə müəyyən olunur. Əgər bu halda əmək haqqı yüksəlib 20 olsa idi əmtəənin qiyməti yüksəlib 60-a çatardı və i.a. Buna uyğun olaraq, siyasi iqtisad məsələlərindən yazan və qiymətlərin əmək haqqı ilə tənzim olunduğu ehkamını müdafiə edən bütün köhnə müəlliflər bunu sübut etmək üçün, mənfəət və rentanı yalnız əmək haqqına əlavə olunan faiz hesab etməyə çalışırdılar. Aydındır ki, onlardan heç biri əlavə olunan bu faizlərin hədlərini müəyyən bir iqtisadi qanunla izah edə bilməmişdir. Əksinə, onlar, görünür, belə güman edirdilər ki, mənfəət ənənə ilə, adətlə, kapitalistin iradəsi ilə və ya eyni dərəcədə ixtiyari və anlaşılmaz başqa bir üsulla müəyyən edilir. Onlar mənfəətin kapitalistlər arasındakı rəqabətlə müəyyən edildiyini iddia etməklə qətiyyən heç bir şey demiş olmurlar. Doğrudur, bu rəqabət müxtəlif istehsal sahələrinin müxtəlif mənfəət normalarını şübhəsiz tarazlaşdırır, yəni bunları müəyyən bir orta səviyyəyə gətirir, lakin bu səviyyənin özünü və ya ümumi mənfəət normasını əsla müəyyən edə bilməz.
Əmtəələrin qiyməti əmək haqqı ilə müəyyən olunur dedikdə biz nəyi nəzərdə tuturuq? Əmək haqqı əmək qiyməti üçün ancaq bir ad olduğuna görə, biz bununla demiş oluruq ki, əmtəələrin qiyməti əməyin qiyməti ilə tənzim olunur. «Qiymət» mübadilə dəyəri, pulla ifadə edilən mübadilə dəyəri olduğuna görə,–mən isə dəyərdən bəhs edərkən, həmişə mübadilə dəyərini nəzərdə tuturam,–bu müddəa ondan ibarət olur ki, «əmtəələrin dəyəri əməyin dəyəri ilə müəyyən olunur» və ya «əməyin dəyəri ümumi dəyər ölçüsüdür».
Bəs bu halda «əmək dəyərinin» özü necə müəyyən olunur? Biz burada çıxılmaz vəziyyətdə qalırıq. Aydındır ki, məntiqi surətdə düşünməyə çalışmaqla biz çıxılmaz vəziyyətə düşərik. Bu ehkamı müdafiə edənlər isə məntiq qayğısına o qədər də qalmırlar. Məsələn, dostumuz Uestonu götürün. Əvvəlcə o bizə demişdi ki, əmtəələrin qiyməti əmək haqqı ilə müəyyən olunur və, deməli, əmək haqqı yüksəldikdə qiymətlər də qalxmalıdır. Sonra o bizə sübut etməyə başladı ki, əksinə, əmək haqqının yüksəlməsi heç bir fayda verməz, çünki əmtəələrin qiyməti də qalxacaqdır və əslində əmək haqqı, sərf edildiyi əmtəələrin qiyməti ilə ölçülür. Deməli, biz sözə başlarkən deyirik ki, əmtəələrin dəyəri əməyin dəyəri ilə müəyyən olunur, sözü qurtarırkən isə deyirik: əməyin dəyəri əmtəələrin dəyəri ilə müəyyən olunur. Beləliklə, biz həqiqətən çıxılmaz dairədə fırlanır və heç bir nəticəyə gəlib çıxa bilmirik.
Ümumiyyətlə, aydın məsələdir ki, biz bir əmtəənin, məsələn, əməyin, taxılın və ya hər hansı bir başqa əmtəənin dəyərini ümumi dəyər ölçüsü və tənzimçisi hesab ediriksə, çətinliyi özümüzdən ancaq bir az uzaqlaşdırmış oluruq, çünki bir dəyəri başqa bir dəyərlə müəyyən edirik ki, bunun özünü də müəyyən etmək lazım gəlir.
«Əmtəələrin qiyməti əmək haqqı ilə müəyyən olunur» deyən ehkam ən mücərrəd şəkildə ifadə edilərsə, bu o deməkdir ki, «dəyər dəyərlə müəyyən olunur»; bu lüzumsuz təkrar isə bizim dəyər haqqında əslində qətiyyən heç bir şey bilmədiyimizi göstərir. Bu müqəddəm şərtlər qəbul edilərsə, siyasi iqtisadın ümumi qanunları haqqında bütün mühakimələr dönüb boş bir laqqırtı olar. Buna görə də Rikardonun böyük xidməti ondan ibarət olmuşdur ki, guya «qiymətlər əmək haqqı ilə müəyyən olunur» deyə irəli sürülən yanlış, dövrü keçmiş, köhnə təsəvvürü 1817-ci ildə nəşr edilən «Siyasi iqtisadın əsasları» əsərində tamamilə darmadağın etmişdir; həmin yanlış təsəvvürü Adam Smit və onun fransız sələfləri öz tədqiqatlarının həqiqətən elmi hissəsində rədd etmişdilərsə də, əsərlərinin nisbətən səthi və bayağı bölmələrində təkrar etmişdilər.
6. DƏYƏR VƏ ƏMƏK
Vətəndaşlar, indi mən, nəzərdən keçirilən məsələni həqiqətən aydınlaşdırmalı olduğum nöqtəyə gəlib çatmışam. Mən bu işi tamamilə qənaətbəxş görəcəyimi vəd edə bilmərəm, çünki onda mən bütün siyasi iqtisad sahəsini əhatə etməli olardım. Mən fransızlar demişkən, ancaq «effleurer la question», yəni yalnız əsas nöqtələrdən bəhs edə bilərəm.
İrəli sürməli olduğumuz birinci məsələ bundan ibarətdir: əmtəənin dəyəri nədir? bu dəyər nə ilə müəyyən olunur?
İlk nəzərdə belə görünə bilər ki, əmtəənin dəyəri tamamilə nisbi bir şeydir və bir əmtəə bütün başqa əmtəələrə nisbətdə nəzərdən keçirilməzsə, onun dəyərini müəyyən etmək olmaz. Doğrudan da, biz əmtəənin dəyərindən, mübadilə dəyərindən, bəhs edirkən, bu əmtəənin bütün başqa əmtəələrə nə kimi kəmiyyət nisbətlərində mübadilə edildiyini nəzərdə tuturuq. Lakin bu halda meydana belə bir məsələ çıxır: bəs əmtəələrin bir-birinə mübadilə edildiyi proporsiyalar necə müəyyən olunur?
Biz təcrübədən bilirik ki, bu proporsiyalar son dərəcə müxtəlifdir. Biz müəyyən bir əmtəəni, məsələn, buğdanı götürsək, görərik ki, bir kvarter buğda müxtəlif başqa əmtəələrə, demək olar, sonsuz dərəcə müxtəlif proporsiyalarda mübadilə olunur. Lakin bütün bu hallarda onun dəyəri, istər ipəkdə, istərsə qızılda və ya başqa bir əmtəədə ifadə edilsin, həmişə eyni olaraq qaldığına görə, bu dəyər başqa əmtəələrə mübadilə edildiyi müxtəlif proporsiyalardan fərqli bir şey, onlardan asılı olmayan bir şey olmalıdır. Bu dəyəri, müxtəlif əmtəələr arasındakı müxtəlif bərabərlik nisbətlərindən fərqli bir şəkildə ifadə etmək imkanı olmalıdır.
Sopra: əgər mən deyirəmsə ki, bir kvarter buğda dəmirə müəyyən proporsiyada mübadilə edilir və ya bir kvarter buğdanın dəyəri müəyyən miqdar dəmirdə ifadə olunur, bununla demiş oluram ki, buğdanın dəyəri və onun dəmir şəklində ekvivalenti, nə buğdadan və nə də dəmirdən ibarət olmayan üçüncü bir şeyə bərabərdir, çünki mən bunu əsas tuturam ki, bu iki şey eyni bir kəmiyyəti iki müxtəlif şəkildə ifadə edir. Buna görə də həmin əmtəələrdən hər biri, yəni həm buğda, həm də dəmir, bir-birindən asılı olmayaraq, hər ikisinin ümumi ölçüsü olan bu üçüncü şeyə müncər edilməlidir.
Bu müddəanı aydınlaşdırmaq üçün, həndəsədən çox sadə bir misal gətirəcəyəm. Biz şəkli və böyüklüyü müxtəlif olan üçbucaqların sahələrini müqayisə edirkən və ya üçbucaqların sahələrini düzbucaqların və ya başqa düzcizkili fiqurların sahəsi ilə tutuşdurarkən necə edirik? Biz hər bir üçbucağın sahəsini onun zahiri şəklindən tamamilə fərqli olan bir şəkildə ifadə edirik. Biz bilirik ki, üçbucağın sahəsi oturacağı ilə hündürlüyü hasilinin yarısına bərabərdir, buna görə də biz bütün üçbucaqlar və düzcizkili fiqurların müxtəlif kəmiyyətlərini bir-biri ilə müqayisə edə bilərik, çünki bu fiqurlardan hər biri müəyyən miqdar üçbucağa bölünə bilər.
Əmtəələrin dəyərləri məsələsində də bu üsuldan istifadə etmək lazımdır. Biz bunların hamısını bir şəkildə, hamısına aid ümumi bir şəkildə ifadə edə bilməli və bunları bir-birindən ancaq eyni bir ümumi ölçünün bunlarda nə kimi proporsiyada olmağına görə fərqləndirməliyik.
Əmtəələrin mübadilə dəyəri bu şeylərin yalnız ictimai funksiyası olub onların təbii xassələri ilə əsla əlaqədar olmadığına görə, biz hər şeydən əvvəl soruşmalıyıq: bütün əmtəələrin ümumi ictimai substansiyası nədən ibarətdir? Bu, əməkdən ibarətdir. Əmtəəni istehsal etmək üçün ona müəyyən miqdar əmək sərf etmək və ya müəyyən miqdar əmək qoymaq lazımdır. Həm də mən sadəcə əməkdən deyil, ictimai əməkdən bəhs edirəm. Bir şeyi ancaq bilavasitə öz tələbatını ödəmək üçün, özü istehlak etmək üçün istehsal edən bir adam əmtəə deyil, məhsul yaratmış olur. O ancaq özü üçün işləyən bir istehsalçı olduğuna görə, cəmiyyətlə heç də əlaqədar deyildir. Lakin insan əmtəə istehsal etmək üçün nəinki bu və ya başqa bir ictimai tələbatı ödəyən şey istehsal etməlidir, habelə onun əməyinin, özü də cəmiyyətin sərf etdiyi ümumi əmək yekununun ayrılmaz bir hissəsi olmalıdır. Onun əməyi cəmiyyət daxilindəki əmək bölgüsünə tabe olmalıdır. Başqa əmək növləri olmazsa, bu əmək heçdir və eyni zamanda bu əmək başqa əmək növlərini tamamlamaq üçün zəruridir.
Əmtəələri dəyər kimi götürdükdə biz onları yalnız təcəssüm etmiş, təsbit edilmiş və ya hətta kristallaşmış ictimai əmək kimi götürürük. Bu nöqteyi-nəzərdən əmtəələrin bir-birindən fərqi, ancaq daha çox və ya daha az əməyi təmsil etmələrindən ibarət ola bilər. Məsələn, kərpicə nisbətən ipək cib yaylığına daha çox əmək sərf oluna bilər. Bəs əməyin miqdarı nə ilə ölçülür? Əməyin sərf edildiyi vaxtla, yəni saatla, günlə və i.a. Əməyi bu ölçü ilə ölçə bilmək üçün, bütün əmək növlərini onların vəhdəti olan orta və ya sadə əməyə müncər etmək lazımdır.
Beləliklə, biz bu nəticəyə gəlirik: əmtəənin ona görə dəyəri vardır ki, o, kristallaşmış ictimai əməkdir. Onun dəyər kəmiyyəti və ya onun nisbi dəyəri bu əmtəədə çox və ya az miqdar ictimai substansiya olmasından asılıdır, yəni əmtəənin istehsalına lazım olan əməyin nisbi miqdarından asılıdır. Beləliklə, əmtəələrin nisbi dəyərləri bu əmtəələrə qoyulan, bunlarda təcəssüm edən, təsbit edilmiş əməyin müvafiq miqdarı və ya məcmusu ilə müəyyən olunur. İstehsal edilməsi üçün eyni iş vaxtı tələb olunan müvafiq miqdar əmtəələr bərabərdir. Yaxud: bir əmtəə dəyərinin başqa əmtəə dəyərinə nisbəti, bir əmtəədə təsbit edilmiş əmək miqdarının digər əmtəədə təsbit edilmiş əmək miqdarına olan nisbətinə bərabərdir.
Mən irəlicədən bilirəm ki, sizlərdən bir çoxu soruşacaqdır: əmtəələrin dəyəri əmək haqqı ilə müəyyən olunur fikri ilə, əmtəələrin dəyəri onların istehsalı üçün lazım gələn əməyin nisbi miqdarı ilə müəyyən olunur fikri arasında həqiqətən bu qədər böyük və ya ümumiyyətlə müəyyən bir fərq varmı? Lakin siz bilməlisiniz ki, əməyə verilən haqq ilə əməyin miqdarı tamamilə müxtəlif şeylərdir. Məsələn, fərz edək ki, bir kvarter buğda ilə bir unsiya qızıla bərabər miqdar əmək qoyulmuşdur. Mənim bu misaldan istifadə etməyimə səbəb odur ki, Bencamin Franklin 1729-cu ildə nəşr edilən «Kağız pulun təbiəti və zərurəti haqqında müxtəsər tədqiqat» adlı ilk əsərində bu misalı gətirmiş və dəyərin həqiqi təbiətini birinci olaraq duyanlardan biri olduğunu göstərmişdir. Deməli, biz fərz etdik ki, bir kvarter buğda ilə bir unsiya qızıl bərabər dəyərlər və ya ekvivalentlərdir, çünki bunlarda bərabər miqdar orta əmək kristallaşmışdır, filan qədər gün və ya filan qədər həftə əmək müvafiq surətdə təsbit edilmişdir. Biz qızıl və taxılın nisbi dəyərlərini bu cür müəyyən etməklə, kənd təsərrüfatı fəhləsi və ya mədən fəhləsinin əmək haqqını hər hansı bir şəkildə nəzərdə tutmuş oluruqmu? Əsla, yox. Biz onların gündəlik və ya həftəlik əməyinə necə haqq verildiyi məsələsini və hətta ümumiyyətlə muzdlu əməyin tətbiq edilib-edilmədiyi məsələsini əsla müəyyənləşdirmirik. Əgər muzdlu əmək tətbiq edilmişsə, bu fəhlələrin hər ikisinin əmək haqqı əsla bərabər olmaya bilər. Əməyi bir kvarter buğdada təcəssüm edilən fəhlə yalnız 2 buşel buğda, mədəndə işləyən fəhlə isə–7q unsiya qızıl ala bilərdi. Hətta onların əmək haqqının bərabər olduğunu da fərz etsək, bu əmək haqqı onların istehsal etdiyi əmtəələrin dəyərlərindən çox müxtəlif proporsiyalarda uzaqlaşa bilər. Bu əmək haqqı bir kvarter taxılın və ya bir unsiya qızılın 1/2, 1/3, 1/4, 1/5, və ya başqa bir hissəsinə bərabər ola bilər. Əlbəttə, onların əmək haqqı istehsal etdikləri əmtəələrin dəyərindən yuxarı ola bilməz, bu dəyərdən artıq ola bilməz, lakin ondan az, həm də ən müxtəlif dərəcədə az ola bilər. Məhsulların dəyərləri onların əmək haqqını məhdud edəcəkdir, onların məhsullarının dəyərləri isə heç də onların əmək haqqı ilə məhdud edilməmişdir. Ən başlıcası, məsələn, taxıl və qızılın dəyərləri, nisbi dəyərləri tətbiq edilən əməkdən, yəni əmək haqqından əsla asılı olmadan müəyyən edilir. Buna görə də əmtəələrin dəyərini bunlarda təsbit etmiş əməyin nisbi miqdarı ilə müəyyən etmək, əmtəələrin dəyərini əməyin dəyəri ilə və ya əmək haqqı ilə müəyyən etmək kimi lüzumsuz təkrar üsuldan tamamilə fərqli bir şeydir. Lakin bu cəhət tədqiqimizin gedişində daha da aydınlaşdırılacaqdır.
Əmtəənin mübadilə dəyərini hesablayarkən biz istehsalın son mərhələsində sərf edilmiş əmək miqdarına, əvvəlcə əmtəənin xammalına qoyulan əmək miqdarını və əməyin həyata keçirilməsi üçün lazım gələn avadanlığa, alətlərə, maşınlara və binaya sərf edilən əməyi əlavə etməliyik. Məsələn, müəyyən miqdar pambıq ipliyin dəyəri, əyirmə zamanı pambğa əlavə edilmiş müəyyən miqdar əməyin, əvvəlcə pambığın özünə sərf edilmiş müəyyən miqdar əməyin, iş zamanı sərf edilən kömürdə, yağda və başqa yardımçı materiallarda təcəssüm etmiş bir miqdar əməyin, buxar maşınına, iylərə, fabrik binasına və sairəyə sərf edilmiş müəyyən miqdar əməyin kristallaşmasından ibarətdir. Əsl mənada istehsal alətlərindən, məsələn: alətlərdən, maşınlardan və binalardan təkrar olunan istehsal proseslərində az-çox uzun müddət ərzində dönə-dönə istifadə olunur. Əgər bunlar da xammal kimi birdən-birə aşınsaydı, onların bütün dəyəri də birdən-birə, onların tətbiq edilməsi vasitəsilə istehsal olunmuş əmtəələrə keçərdi. Lakin, misal üçün iy ancaq tədriclə aşındığına görə, orta bir hesab qəbul olunur və bunun üçün də iyin orta ömrü və müəyyən bir dövrdə, tutaq ki, bir gündə orta hesabla aşınması əsas götürülür. Bu üsulla biz hesablayıb bilirik ki, iyin dəyərinin hansı hissəsi hər gün hazırlanan ipliyə keçir və, deməli, misal üçün, bir girvənkə ipliyə qoyulan bütün əməyin hansı hissəsi əvvəlcə iydə təcəssüm edən əməyin hesabına düşür. Qarşımızda duran məqsəd üçün bu məsələ üzərində az-çox ətraflı dayanmağa ehtiyac yoxdur?
Belə görünə bilər ki, əmtəənin dəyəri onun istehsalına sərf edilən əməyin miqdarı ilə müəyyən edildiyinə görə, adam nə qədər tənbəl və bacarıqsız olarsa, onun istehsal etdiyi əmtəənin dəyəri bir o qədər çox olar, çünki bu əmtəəni hazırlamaq üçün bir o qədər çox iş vaxtı tələb olunar. Lakin belə bir nəticə çıxarmaq kədərli bir səhv olardı. Xatırlatmalıyam ki, mən «ictimai əmək» ifadəsini işlətmişdim, bu «ictimai» ifadəsinin isə çox böyük mənası vardır. Biz, əmtəənin dəyəri ona sərf edilmiş və ya onda kristallaşmış əməyin miqdarı ilə müəyyən olunur dedikdə cəmiyyətin mövcud şəraitində, müəyyən orta istehsal şəraitində, tətbiq edilən əməyin mövcud orta ictimai intensivliyi və məharəti səviyyəsində əmtəənin istehsalı üçün zəruri olan əmək miqdarını nəzərdə tuturuq. İngiltərədə buxarla işləyən toxucu dəzgahı əl dəzgahı ilə rəqabətə başladıqda, müəyyən miqdar ipliyi bir yard pambıq parçaya və ya mahuda çevirmək üçün əvvəlki iş vaxtının ancaq yarısı lazım gəldi. Doğrudur, yazıq əl toxucusu əvvəllər gündə 9 və ya 10 saat işlədiyi halda, indi 17–18 saat işləməli idi. Lakin onun 20 saatlıq əməyinin məhsulunda indi ancaq 10 saatlıq ictimai əmək və ya müəyyən miqdar ipliyi parçaya çevirmək üçün 10 saatlıq ictimai-zəruri əmək var idi. Buna görə də onun indi 20 saatlıq əməyinin məhsulunda olan dəyər, əvvəllər 10 saatlıq məhsulundakı dəyərdən artıq deyildi.
Deməli, bir halda ki əmtəələrin mübadilə dəyəri onlarda təcəssüm edən ictimai-zəruri əməyin miqdarı ilə müəyyən olunur, onda əmtəəni istehsal etmək üçün lazım olan əməyin miqdarı hər dəfə artdıqda, əmtəənin dəyəri də artmalı, bu əməyin miqdarı hər dəfə azaldıqda isə, əmtəənin dəyəri də aşağı düşməlidir.
Əgər müəyyən əmtəələrin istehsalı üçün zəruri olan əmək miqdarı sabit qalsaydı, onların nisbi dəyərləri də sabit olardı. Lakin vəziyyət belə deyildir. Əmtəə istehsalı üçün zəruri olan əməyin miqdarı tətbiq edilən əməyin məhsuldar qüvvəsinin dəyişməsi ilə birlikdə daim dəyişilir. Əməyin məhsuldar qüvvəsi nə qədər yüksəkdirsə, muəyyən iş vaxtında bir o qədər çox məhsul hazırlanır, əməyin məhsuldar qüvvəsi nə qədər aşağıdırsa, eyni vaxtda bir o qədər az məhsul hazırlanır. Məsələn, əhali artdığına görə daha az münbit torpaqları becərmək lazım gələrsə, əvvəlki qədər məhsul ancaq daha çox əmək sərf etməklə əldə edilə bilər və bunun nəticəsində kənd təsərrüfatı məhsullarının dəyəri yüksələr. Digər tərəfdən, müasir istehsal vasitələrindən istifadə edən bir əyirici, əvvəllər cəhrəsi vasitəsilə bir iş: günündə ipliyə çevirdiyi pambıqdan, indi, yenə eyni müddətdə min dəfələrlə artıq pambığı ipliyə çevirirsə, aydındır ki, pambığın hər girvənkəsi əvvəlkinə nisbətən əyiricidən min dəfələrlə az əmək tələb edər və, deməli, əyirmə prosesində pambığın hər girvənkəsinə əlavə edilən dəyər əvvəlkindən min dəfələrlə az olar. İpliyin dəyəri müvafiq dərəcədə azalar.
Təbii xüsusiyyətlər və müxtəlif adamların əldə etdikləri istehsal vərdişləri arasındakı fərq bir kənara qoyularsa, əməyin məhsuldar qüvvəsi başlıca olaraq aşağıdakılardan asılı olmalıdır:
1) əməyin təbii şəraitindən, məsələn: torpağın münbitliyindən, mədənlərin zənginliyindən və i.a.
2) ictimai əmək qüvvələrinin mütərəqqi surətdə təkmilləşməsindən; bu təkmilləşmə isə istehsalın böyük miqyasda olmasından, kapitalın təmərküzləşməsindən, əməyin kombinələşdirilməsindən, əmək bölgüsündən, maşınlardan, istehsal üsullarının təkmilləşdirilməsindən, kimyəvi və başqa təbii amillərdən istifadə edilməsindən, rabitə və nəqliyyat vasitələrinin köməyi ilə zaman və məsafənin qısaldılmasından və müxtəlif başqa ixtiralardan irəli gəlir; elm bu ixtiraların vasitəsilə təbiət qüyvvələrini əməyə xidmət etməyə məcbur edir və bu ixtiralar sayəsində əməyin ictimai və ya kooperativ xarakteri inkişaf edir. Əməyin məhsuldar qüvvəsi nə qədər yüksəkdirsə, məlum miqdar məhsula bir o qədər az əmək sərf edilir və, deməli, məhsulun dəyəri bir o qədər az olur. Əməyin məhsuldar qüvvəsi nə qədər aşağıdırsa, məlum miqdar məhsula bir o qədər çox əmək sərf edilir və, deməli, onun dəyəri bir o qədər yüksək olur. Buna görə də, biz, belə bir ümumi qanunun olduğunu müəyyən edə bilərik:
Əmtəələrin dəyərləri onların istehsalına sərf edilən iş vaxtı ilə düz proporsional və sərf edilən əməyin məhsuldar qüvvəsi ilə tərs proporsionaldır.
Biz indiyə qədər dəyərdən bəhs edirdik, indi isə mən qiymət haqqında, yəni dəyərin aldığı xüsusi forma haqqında bir neçə kəlmə əlavə edəcəyəm.
Özlüyündə götürülən qiymət, dəyərin pul ifadəsindən başqa bir şey deyildir. Məsələn, İngiltərədə bütün əmtəələrin dəyərləri qızıl qiyməti ilə, kontinentdə isə başlıca olaraq gümüş qiyməti ilə ifadə olunur. Qızıl və ya gümüşün dəyəri, bütün başqa əmtəələrin dəyərləri kimi, bunların hasil edilməsi üçün zəruri olan əməyin miqdarı ilə müəyyən olunur. Siz ölkənizin müəyyən qədər məhsulunu, yəni müəyyən miqdar milli əməyinizi kristallaşdıran məhsulunu qızıl və gümüş istehsal edən ölkələrin məhsullarına, yəni onların müəyyən miqdar əməyini kristallaşdıran məhsula mübadilə edirsiniz. İnsanlar məhz bu yolla, yəni əslində əmtəəni əmtəəyə mübadilə etmək vasitəsilə bütün əmtəələrin dəyərini, yəni bunların istehsalına sərf edilən əmək miqdarını qızıl və gümüşlə ifadə etməyə alışırlar. Dəyərin pulla bu ifadəsinə və ya yenə bunun eyni olaraq,–dəyərin qiymətə çevrilməsinə diqqət yetirin, onda görərsiniz ki, burada baş verən proses vasitəsilə bütün əmtəələrin dəyərləri müstəqil və yekcins bir forma alır, yaxud həmin proses vasitəsilə bu dəyərlər eyni ictimai əmək miqdarları şəklində ifadə olunur. Qiymət dəyərin yalnız pul ifadəsi olduğuna görə, A.Smit onu təbii qiymət, fransız fiziokratları isə zəruri qiymət adlandırmışlar.
Bəs dəyər ilə bazar qiymətləri arasında və ya təbii qiymətlərlə bazar qiymətləri arasında nə kimi münasibət vardır? Hamınız bilirsiniz ki, ayrı-ayrı istehsalçıların istehsal şəraiti nə qədər müxtəlif olursa-olsun, bütün yekcins əmtəələrin bazar qiymətləri eynidir. Bazar qiymətləri ancaq, bazara müəyyən miqdar müəyyən məmulat vermək üçün orta istehsal şəraitində zəruri olan ictimai əməyin orta miqdarını ifadə edir. Bazar qiymətləri məlum növdən olan bütün əmtəə kütləsinə nəzərən hesablanılır. Buna görə də əmtəənin bazar qiyməti onun dəyərinə müvafiq olur. Digər tərəfdən, bazar qiymətlərinin gah dəyərdən və ya təbii qiymətdən yuxarı qalxması, gah da bundan aşağı düşməsi təklif və tələbin artıb-azalmasından asılıdır. Bazar qiymətlərinin dəyərə uyğun gəlməməsi həmişə müşahidə edilir, lakin Adam Smitin dediyi kimi:
«Təbii qiymət sanki mərkəzi qiymətdir və bütün əmtəələrin qiymətləri daim buna meyl edir. Müxtəlif təsadüfi səbəblər bəzən bu qiymətləri təbii qiymətdən çox yüksək səviyyədə saxlaya bilər, bəzən də ondan bir qədər aşağı sala bilər. Lakin qiymətləri bu sabit mərkəzdən uzatlaşdıran maneələrə baxmayaraq, bu qiymətlər daim həmin mərkəzə meyl göstərir»31.
Mən indi bu məsələni ətraflı surətdə nəzərdən keçirə bilmərəm. Bunu demək kifayətdir ki, əgər təkliflə tələb qarşılıqlı surətdə tarazlaşarsa, əmtəələrin bazar qiymətləri onların təbii qiymətlərinə, yəni bu əmtəələrin istehsalı üçün zəruri olan əməyin miqdarı ilə müəyyən edilən dəyərlərinə uyğun olacaqdır. Lakin təkliflə tələb gərək daim bir-birini tarazlaşdırsın, hərçənd onlar bunu ona görə edə bilirlər ki, bir dəyişməni başqası ilə, yüksəlməni–aşağı düşmə ilə və «vice versa» (əksinə. Red) əvəz edirlər. Əgər siz yalnız gündəlik dəyişmələri tədqiq etmək deyil, məsələn, c. Tukun «Qiymətlərin tarixi» əsərində etdiyi kimi, bazar qiymətlərinin daha uzun bir dövr ərzində dəyişməsini təhlil etsəniz, görərsiniz ki, bazar qiymətlərinin dəyişməsi, onların dəyərlərdən uzaqlaşması, onların yüksəlib düşməsi bir-birini qarşılıqlı surətdə neytrallaşdırır və tarazlaşdırır; belə ki, inhisarların təsirini və indi üzərində dayana bilməyəcəyim bəzi başqa dəyişiklikləri nəzərə almasaq, bütün əmtəələr orta hesabla öz dəyərlərinə, öz təbii qiymətlərinə satılır. Bazar qiymətlərinin bir-biri ilə tarazlaşdığı orta dövrlər müxtəlif növ əmtəələr üçün müxtəlifdir, çünki bir növ əmtəələrin təklifi bunlara olan tələbə asanlıqla, başqa növ əmtəələrinki isə çətinliklə uyğunlaşır.
Beləliklə, hər növ əmtəə az-çox uzun bir dövr ərzində, ümumiyyətlə, öz dəyərinə satılırsa, mənfəətin,–ayrı-ayrı hallardakı mənfəətin deyil, müxtəlif sənaye sahələrindəki sabit və adi mənfəətin–guya əmtəə qiymətlərinə əlavə edilən üstəlikdən və ya əmtəələrin öz dəyərindən yuxarı qiymətə satılmasından əmələ gəldiyini zənn etmək mənasız olardı. Biz belə bir təsəvvürü ümumiləşdirsək, onun mənasızlığı aydın olar. Birisi satıcı sifəti ilə daim qazandığı şeyi alıcı sifəti ilə daim itirməli olardı. Alıcı olub, eyni zamanda satıcı olmayan və ya istehlakçı olub, eyni zamanda istehsalçı olmayan adamlar vardır demək də işə kömək etməz. Bu adamlar istehsalçılara verdiklərini əvvəlcə onlardan müftə almalı olardılar. Əgər birisi əvvəlcə sizdən pul alıb sonra sizin əmtəələrinizi alarkən yenə həmin pulu sizə qaytarırsa, siz öz əmtəələrinizi bu adama olduqca baha satmaqla heç bir zaman varlana bilməzsiniz. Belə bir sövdə zərəri azalda bilər, lakin əsla mənfəət verə bilməz.
Deməli, siz mənfəətin ümumi təbiətini izah etmək üçün bu müddəanı əsas tutmalısınız ki, orta hesabla əmtəələr öz həqiqi dəyərlərinə satılır və mənfəət əmtəələrin öz dəyərlərinə satılmasından əmələ gəlir, yəni həmin əmtəələrdə təcəssüm edən əməyin miqdarına proporsional olaraq satılmasından əmələ gəlir. Əgər siz mənfəəti bu mülahizəyə əsasən izah edə bilməsəniz, onda siz onu ümumiyyətlə izah edə bilməzsiniz. Bu hal qəribə və gündəlik təcrübəyə zidd kimi görünür. Lakin Yerin Günəş ətrafında dolanması və suyun asanlıqla alışıb yanan iki qazdan ibarət olması da bundan az qəribə deyildir. Şeylərin ancaq zahiri aldadıcı cəhətini nəzərə alan gündəlik təcrübəyə əsasən fikir yeridilərsə, elmi həqiqətlər həmişə qəribə görünər.
Dostları ilə paylaş: |