Bakı – 2021 1.1. Korporativ mülkiyyətin mahiyyəti və təzahür formaları
Korporativ mülkiyyət formalarının mahiyyətinin açılması və korporativ mülkiyyət formalarının müəyyən edilməsi vəzifəsinin başlanğıc şərtlərini ümumi şəkildə təsvir edək:
- Korporativ mülkiyyət fenomeni daha mürəkkəb və miqyaslı iqtisadi korporativ münasibətlər sistemi daxilində lokal sistem törəməsidir (mikrosistemdir);
-bu mülkiyyət formasının sistem xarakteri onun mahiyyətinə müvafiq – sistem-dialektik –yanaşmanı şərtləşdirir.
Korporativ mülkiyyətin mahiyyəti və təzahür formaları müəyyən edildiyi zaman iqtisadi tədqiqat prosesinin varisliyi təmin edilməli və müasir yerli və xarici tədqiqatçıların əsərlərində əldə edilmiş və əsaslandırılmış nailiyyətlər nəzərə alınmalıdır. Sələflərin əsərlərində əldə edilmiş mühüm korporativ mülkiyyət xarakteristikalarını ayırd edək:
A. Korporativ mülkiyyət münasibətlərinin ikili təbiəti. Sonuncu aşağıda göstərilənlərin olmasından ibarətdir:
- korporativ kapitalın səhmdar paylarının mənimsənilməsi və özgəninkiləşdirilməsi münasibətləri təbəqəsi;
- bütöv iqtisadi sistem kimi (inteqral subyekt kimi) korporasiyanın təkrar istehsal prosesinin amilləri və nəticələrinin mənimsənilməsi və özgəninkiləşdirilməsi münasibətləri təbəqəsi.
Korporativ mülkiyyətin ikili təbiətini onda anlamaq olar ki, əgər kapitalı iki növə - kapital-mülkiyyətə və kapital-funksiyaya bölsək. Belə bir bölgünü nəzərə almaqla korporativ mülkiyyət aşağıda göstərilən kimi ola bilər. Birincisi, korporasiyanın titul qiymətli kağızları korporasiyanın tərkibində bütün birləşdirilmiş və simasızlaşdırılmış kapital olan mülkiyyət titulları kimi çıxış edir. Ikincisi, korporasiyanın aksiyaları sadəcə onun biznesinə qoyulmuş və orada işləyən kapitalın nümayəndələridir. Qiymətli kağızlarla ifadə olunan qeyri-həqiqi kapitaldan fərqli olaraq işləyən kapital real iş görür, hərəkət edir və buna görə də həqiqi kapital kimi qiymətləndirilə bilər. Korporativ mülkiyyətin ikiliyi o demək deyil ki, korporasiya kapitalı sanki iki bir-birindən ayrı ölçüdə mövcuddur. Əksinə, kapital-mülkiyyət və kapital-funksiya bir-birinə təsir edir, bir-birinə keçir və bir-birini şərtləşdirir.
Gəlir əldə etmək hüququ verən səhmlərin bazar qiyməti gəlirlərin, o cümlədən gözlənilən gəlirlərin yüksəkliyi və əldə edilməməsi riskləri ilə birgə tərəddüd edir. Bununla həmin qiymətə bir çox xarici amillər daxil edilir; qiymətli kağızlar investorların “yığılmış iddialar”ını ifadə edir. Lakin mücərrəd mənbədən gec-tez inkişaf prosesinin çox konkret və mürəkkəb nəticəsi formalaşır. İctimai istehsalın müəyyən, yüksək inkişaf səviyyəsində korporativ mülkiyyətin mücərrəd çıxış nöqtəsi mürəkkəb mənimsəmə və özgəninkiləşdirmə sisteminə çevrilir.
B. İqtisadi korporativ münasibətlər sistemində bir çox mənimsəmə və özgəninkiləşdirmə səviyyələrinin olması, bu isə korporativ mülkiyyətin mürəkkəb subyekt-obyekt strukturunu şərtləşdirir. Korporativ mülkiyyətin bu aspektləri sonrakı bölmələrdə ətraflı surətdə nəzərdən keçiriləcəklər. Korporativ mülkiyyət subyektləri kimi çıxış edirlər:
- inteqral təsərrüfat subyekti kimi, biznesində həqiqətəndə hərəkətdə olan bütün kapitalın mülkiyyətçisi kimi korporasiyann özü;
- korporasiyanın qeyri-həqiqi kapitalının müəyyən paylarının (səhm paketinin) mülkiyyətçiləri kimi səhmdarlar;
- korporativ texnostruktur iştirakçıları (korporativ biznesin intellektual tərkib hissəsini təmin edən və idarə edən menecerlər və mütəxəssislər);
- icraetmə əməyi işçiləri.
Digər tərəfdən, korporativ mülkiyyətin obyekt strukturu aşağıda göstərilən elementlərə malikdir:
həqiqi kapital;
qeyri-həqiqi kapital;
korporativ biznesdə yenidən yaradılmış və bölgü üçün təqdim olunan dəyər.
Mülkiyyət simasızlaşdırıldığına və subyektsiz olduğuna görə iqtisadi mahiyyətdən məhrum olur və hərəkət etmək qabiliyyətini itirir, küllü miqdarda hərəkətsiz aktiv kimi qalır. Korporasiyanın əmlak kompleksi təsərrüfat dövriyyəsinə şəxsi marağı olan konkret subyektlər tərəfindən cəlb olunur. K.Marks qeyd edir ki, hərəkətdə olan kapitalın nümayəndəliyi – faiz gətirən kapitaltək yaxşı gəlirli yüngül iş deyil. Hərəkətdə olan kapitalın nümayəndəsi gəlirin əldə edilməsini təmin etmək üçün işləyir.
Bazar təsərrüfat sisteminin inkişaf prosesində mülkiyyət titulunun formalizasiyası və özgəninkiləşdirilməsi meyli hələ K.Marksın dövründə bəlli olmuşdur, lakin onun əsasında mülkiyyət titulunun ləğv edilməsi istədiyini gerçək kimi qəbul etmək deməkdir.
Mülkiyyət titulunun devrilməsi üçün göstərilmiş bütün radikal cəhdlər mülkiyyət münasibətinin daşıyan mühüm sosial-iqtisadi funksiyanı-ictimai sərvətin saxlanılması funksiyasını aşkar edir.
C. Korporativ mülkiyyətin qeyri-həqiqi kapitalın emissiyası və maliyyə bazarında tədavülü ilə genetik əlaqəsi. Bu əlaqə olmadan açıq investisiya prosesi qeyri-mümkün olur, korporativ mülkiyyət isə fərdi xüsusi mülkiyyət səviyyəsinə enir. Biz artıq yuxarıda qeyd etmişik ki, korporativ mülkiyyət maliyyə bazarı münasibətlərinin vasitəsi ilə ifadə olunub. Bu isə korporasiyaya unikal imkanlar verir:
- öz qiymətli kağızlarının emissiyası və açıq yerləşdirilməsi, o cümlədən kiçik əmanətə malik olanların (ev idarəsi, kiçik biznes subyektləri və s.) arasında yerləşdirilməsi əsasında açıq investisiyaları cəlb etmək;
- maliyyə hesabatları dərc etdirməklə, müstəqil qiymət qoyanları və auditorları cəlb etməklə korporativ mülkiyyət münasibətlərinin şaffaflığını təmin etmək;
- qeyri-həqiqi kapital elementlərinin- səhmlərin, istiqrazların, törəmə qiymətli kağızların və s. emissiyası, dövriyyəsi və ödənilməsi əsasında mülkiyyət münasibətlərinin keyfiyyətcə yeni-virtual-təbəqəsini inkişaf etdirmək. Virtual mülkiyyət münasibətləri korporasiyanın təsərrüfat prosesində formalaşan müvafiq real münasibətlərin əksidir. Onlar iqtisad elminin öyrənməyə başladığı informativ məzmunluluğa, yüksək uyğunlaşma qabiliyyətinə və digər spesifik xarakteristikalara malikdirlər.