Cədvəl 3.2
Ünvanlı sosial yardımlar (ilin əvvəlinə)
|
2007
|
2008
|
2009
|
ÜDSY ailə üzvlərinin sayı
|
218673
|
364059
|
749965
|
1 nəfər düşən orta aylıq ÜSY-nin məbləği, manat
|
8,36
|
17,38
|
22,0
|
Mənbə: Azərbaycan statistik göstəriciləri – 2009, (səh. 142) əsasında hazırlanmışdır.
Cədvəldən göründüyü kimi, 2009-cu ilin əvvəlinə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 749965 nəfər olmuşdur. 1 nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımının məbləği 2007-ci illə müqayisədə 2,6 dəfə artaraq 22,0 manat təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, 2007-ci ildə (yanvarın 1-nə) ölkəmizdə ehtiyac meyarı Nazirlər Kabineti tərəfindən 35 manat müəyyən olunmuşdur ki, bu da həmin ildəki yaşayış mini-mumundan (64 manat) təxminən iki dəfə azdır. Bu isə aztəminatlı ailələrin sosial müdafiəsində problemlər yaradır. Təsadüfi deyil ki, ETTM tərəfindən aparılan sorğunun nəticələri göstərir ki, ünvanlı sosial yardım alanların 83,2 faizi bu vəsaiti ərzaq məhsullarının alınmasına xərcləyirlər. Doğrudur, ehtiyac meyarı mərhələlərlə artırılaraq 2007-ci il iyulun 1-dən 40 manata, 2008-ci il üçün 55 manata, 2009-cu il yanvarın 1-dən 60 manata çatdırılmışdır. Lakin bu məbləğ də aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasında ciddi müsbət rol oynamamışdır. Belə ki, sorğuda iştirak edən respondentlərin böyük hissəsi (71,3%), onlara verilən yardımın ehtiyaclarını qismən ödədiyini qeyd etmişlər. 13,2% respondent ölkədəki qiymət artımının buna imkan vermədiyini, 11% isə bu yardımın onların maddi vəziyyətlərinin yaxşılaşmasında heç bir rol oynamadığını bildirmişlər. Odur ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün yaşayış minimumunun məcmusu arasında yaranan fərq məbləğində hesablanmalıdır.
ÜSY mexanizminin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardım almaq üçün ƏSMM-lərinə müraciət edən ailələr haqqında toplanmış geniş məlumat bankından istifadə etməklə aztəminatlı ailələrin tədricən yoxsulluq vəziyyətindən çıxarılması üçün “Aztəminatlı ailələrin sosial reabilitasiyası Proqramı” hazırlanmışdır. Bu proqram ünvanlı dövlət sosial yardımı, məşğulluğun təminatı, peşə təlimi və iş yerlərinin yaradılması, məktəbdən-işə, ailə-kəndli təsərrüfatlarına dəstək, kiçik biznesi dəstək, sosial xidmət və məşğulluğun təmin edilməsi, tibbi-sosial reabilitasiya və məşğulluğun, layiqli əməyin təmin edilməsi, natural formada yardımlar, şəhid ailələri və tərkibində müharibə əlili olan ailələrin yaşayış şəraitlərinin yaxşılaşdırılması və nəqliyyat vasitəsi ilə təmin edilməsi, ailə üzvlərinin sosial-demoqrafik qruplar üzrə dövlət təminatı, psixo-sosial yardım kimi 13 layihəni əhatə edir. Bu proqramın əsas məqsədi ailələr haqqında toplanmış məlumat bankından istifadə etməklə, aktiv layihələr həyata keçirməklə, həmin aztəminatlı ailələrin tədricən yoxsulluq vəziyyətindən çıxarmaq məqsədilə uyğun vasitələrin müəyyən edilməsi mexanizminin işlənib hazırlanmasıdır.
Göründüyü kimi, respublikamızda aztəminatlı ailələrə sosial yardım göstərilməsi sahəsində dövlət tərəfindən ciddi addımlar atılır. Lakin ehtiyacı olanlara sosial yardımın göstərilməsi təkcə dövlət tərəfindən deyil, həmçinin bələdiyyələr, qeyri-hökumət, xeyriyyə təşkilatları və s. tərəfindən də həyata keçirilə bilər. Məsələn, ehtiyacı olanlara yardımın göstərilməsi İsveç və İtaliyada 100% bələdiyyələr, Belçikada 50% dövlət, 50% isə xeyriyyə təşkilatları, Danimarkada 50% dövlət, 50% bələdiyyələr vasitəsilə həyata keçirilir.
Respublikamızda da qeyri-dövlət strukturlarının aztəminatlı ailələrə yardım göstərilməsinə cəlb edilməsi sosial yardım sistemini təkmilləşdirərək aztəminatlı ailələrin yoxsulluqdan çıxarılmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərə bilər.
Dostları ilə paylaş: |