native language, meaning
Məlumdur ki, dilin ümumi mənzərəsini, sözün rəngarəngliyini
lüğətdən öyrənmək olar. Lüğətlər, hər şeydən əvvəl, dil faktlarının
üzərində müşahidə aparmaq və əldə edilmiş təcrübəni ümumiləşdirmək
üçün əlverişli vasitədir. Onlar dilin lüğət tərkibindəki sözlərin siyahısını,
bir növ, qoruyub saxlayan kitablardır. D. Dudronun təbirincə desək
“Lüğət xalqın bütün biliyini kifayət qədər əks etdirən bir reyestr
olmalıdır” (7, s. 145).
Lüğətlər, sadəcə olaraq, sözün sadalanması ilə məhdudlaşmır,
sözlərin mənasını izah və müəyyən edir, ya izah olunan sözün arxasında
hansı əşya və hadisənin durmasından danışır, ya da əmələ gəlməsi,
tələffüzü və yazılışı haqqında məlumat verir və s. Lüğətləri xarakterizə
edən bu fikirləri ümumiləşdirsək, onlara belə tərif vermək olar: “Təsvir,
izahetmə və ya başqa dilə tərcümə olunma yolu ilə seçilmiş sözlərin
əlifba sırası ilə düzülərək izah olunmasına və onların məqsədəuyğun
şəkildə verilməsinə lüğət deyilir”. F. Volter lüğəti belə mənalandırır:
“Sözlər obrazlardır. Lüğət əlifba sırası ilə düzülmüş sözlərdir. Əslində
lüğət ən geniş mənada kitabdır. Bütün başqa kitablar onda öz əksini tapır.
Əsil məsələ lüğətlərdə nəyin əks olunmasıdır”(6, s.152).
Sözün ifadəliliyi və dəqiqliyi ilə maraqlanan hər bir şəxs lüğətə
müraciət etməli olur. Beləliklə, leksikoqrafiyanın əsas məqsədi və
vəzifəsi bu və ya başqa bir dilin sözlərini və ifadələrini yazıb sistemə
salmaqdan, lüğətə daxil edilən sözlərin xüsusiyyətlərini, leksik –
qrammatik mənalarını dəqiqləşdirib izah etməkdən, dilin lüğət
tərkibindəki sözlərin lüğətin müəyyən tipində verilməsinin mümkün və
vacib olmasını təyin etməkdən ibarətdir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
163
XIX əsrin birinci yarısından başlayaraq Azərbaycanda rus
mədəniyyətinə və ədəbiyyatına böyük maraq oyanmağa başladı. Rus
xalqı ilə mədəni, iqtisadi və siyasi əlaqələr nəticəsində Azərbaycanda rus
dilinin öyrənilməsi zərurəti meydana çıxdı. Bu, Azərbaycanın mütərəqqi
yazıçı və şairlərinin əsərlərində xüsusilə qeyd edilir. S. Ə. Şirvani
“Oğluma” adlı şeirində yazır:
Ey oğul, hər lisanə ol raqib,
Xassə ol, rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, ilacımız yoxdur.
Rus dilini öyrənmək işində lüğətlərin, xüsusən tərcümə lüğətlərinin
böyük əhəmiyyəti vardır. Bu cəhətdən lüğətlərin əhəmiyyətini başa düşən
mütərəqqi Azərbaycan ziyalıları tərcümə lüğətləri tərtib etməyə
başladılar. Azərbaycanda “Rusca – azərbaycanca” və “Azərbaycanca -
rusca” tərcümə lüğətlərinin ilk tərtibçilərindən biri Soltan Məcid Qənizadə
olmuşdur. S. M. Qənizadənin tərtib etdiyi lüğətlər “Lüğəti – rusi və
müsəlmani”, “Rus dilinin dilmancı”, “Lüğəti – türki və rusi” adı ilə çap
olunmuşdur. Onun “Rusca- türkcə” lüğəti ilk dəfə 1902 – ci ildə nəşr
olunub. 1922 – ci ildə isə altıncı dəfə işıq üzü görmüşdür. Sözügedən
lüğətdə sözlər rus əlifbası sırasına uyğun olaraq düzülmüşdür. Bu lüğətin
tərtibində B. C. Dalın izahlı lüğəti əsas götürülmüşdür. Lüğətdə 12000-ə
yaxın söz verilmişdir. Müəllif lüğətin yığcam olmasını burada düzəltmə
sözlərin az işlədilməsi ilə, ərəb və fars sözlərinin lüğətdə çox işlədilməsini
isə Azərbaycan dilində həmin sözlərin çoxluq təşkil etməsi ilə izah etmişdir.
1907 - ci ildə Ü. Hacıbəyovun “Türki - rusi” və “Rusi - türki lüğəti”
nəşr olunmuşdur. Bu lüğət iki hissədən ibarətdir: “Türki - rusi” hissəsində
1000 - dən çox, “Rusi - türki” hissəsində isə 600 -ə qədər söz vardır.
Müasir dövrdə isə respublikamızda nəşr olunmuş tərcümə lüğətləri
ikidilli və üçdillidir. Azərbaycanda rusca - azərbaycanca, azərbaycanca -
rusca, ingiliscə - azərbaycanca, fransızca - azərbaycanca ikidilli lüğətlər nəşr
olunmuşdur. Çap olunmuş üçdilli lüğətlərə “Rusca – fransızca –azərbay-
canca” və “Müxtəsər farsca – rusca – azərbaycanca”nı qeyd etmək olar.
Rusca – azərbaycanca lüğətlər 1928-1929, 1940-1946, 1951, 1956-
1959 və 1962 –ci illərdə nəşr olunmuşdur. “Rusca - azərbaycanca” lüğət iki
cilddən ibarətdir. Lüğətdə 60 000 - ə yaxın söz əhatə olunmuşdur.
1940 - 1946 - ci illərdə H. Hüseynovun rəhbərliyi ilə “Rusca –
azərbaycanca lüğət” tərtib olunmuşdur. Lüğət 90 000 - dən artıq sözü
əhatə edir. Lüğət IV cilddən ibarətdir. 1956 - 1959 - cu illərdə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
164
Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən
iki cildliik “Rusca - azərbaycanca lüğət” buraxılmışdır.
“Azərbaycanca – rusca” lüğətlərin nəşrinə nisbətən gec
başlanılmışdır. Bu lüğət ilk dəfə 1939 – cu ildə N. Hüseynovun
redaktorluğu ilə çap edilmişdir. “Azərbaycanca – rusca” lüğətlər
1939,1941, 1951, 1962 və 1965 – ci illərdə nəşr olunmuşdur. Akademik
V. Şerba “Rusca – fransızca lüğət”in ikinci nəşrinə verdiyi giriş
məqaləsində yazır: “... bizə hansı lüğət lazım olacaqdır? Hər şeydən əvvəl,
tamamilə aydındır ki, hər bir dil üçün iki dildə izah edən (əcnəbi – milli
lüğət), yəni ruslara rus dilində, əcnəbilərə isə öz dillərində lüğət lazımdır.
Belə lüğətlər əcnəbi kitabları oxumağa və başa düşməyə və əcnəbi sözlərin
fizionomiyası ilə tanış olmağa imkan verəcəkdir” (7, s. 132).
Müstəqillik illərində leksikoqrafiya da özünəməxsus inkişaf yolu
keçmişdir. Bu dövrdə müxtəlif məzmunlu lüğətlər tərtib edilmişdir. “Dövlət
dilimiz yeni mərhələdə” adlı müsahibə - məqaləsində A.Axundov yazır:
“Müstəqil Azərbaycan dövlətinin xarici ölkələrlə günbəgün genişlənən
siyasi, iqtisadi, diplomatik əlaqələri ilk təşəbbüs kimi ikidilli çoxişlənən
sözlər lüğətlərinin hazırlanmasını aktuallaşdırır.
Dilçilik İnstitutunun müvafiq şöbələri son illər ərzində ingilis,
fransız, alman, ispan, yunan, bolqar, polyak, macar dilləri ilə Azərbaycan
dilinin çoxişlənən sözlər lüğətlərini tərtib etmişlər. Eyni prinsiplərlə
hazırlanmış həmin lüğətlərin müasir dövrdə təcrübi əhəmiyyəti xüsusilə
böyükdür”(1, s. 297).
Hər bir insanın gündəlik həyatında öz ana dilində işlənən sözlərin
mənasını başa düşmək və başqa dili öyrənmək üçün əsas iki lüğətin –
izahlı və tərcümə lüğətlərinin olması zəruridir. Tərcümə lüğətləri xarici
dili yaxşı başa düşmək, bilmək vasitəsidir. Bu lüğətlərin sözlüyü
qrammatik cəhətdən zəruri olan sözlər əsasında təşkil olunur, buraya
daha çox müxtəlif üslublarda işlədilən sözlər daxil edilir.
Tərcümə lüğətlərində sözlərin spesifik mənası, işlədilməsi verilir.
Sözlərin əsas mənası müəyyən bir dilə tərcümə edilir. Tərcümə
lüğətlərində məqsəd, sadəcə olaraq, hər hansı iki dili qarşılaşdırmaq
deyil, bir dilin zənginliyini, daxili aləmini, xüsusiyyətlərini, xarakterini
açmaqla yanaşı, bunları qarşılaşdıran dilin ekvivalent sözü ilə düzgün əks
etdirməkdir. Tərcümə lüğətlərinin tərkibində ən çətin məsələ ana dilinin
sözlərinin ana dilində dəqiq qarşılığını tapmaqdır. Tərcümə olunan sözün
ana dilində ekvivalentini seçib ayırmaq üçün tərtibçilərdən dərin bilik,
böyük ustalıq və zəhmət tələb olunur. Lüğət tərtibçiləri nəzərdən
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
165
qaçırmamalıdırlar ki, lüğət tərtibi hər hansı hazır elementlərin mexaniki
surətdə qarşılaşdırılmasından ibarət olmayıb elmi xarakter daşımalıdır.
Tərcümə lüğətlərinin əvvəlində (bəzən isə sonunda) lüğətdən
istifadə etmək qaydası, qrammatik əlavələr, hallanma və feillərin
dəyişməsinə aid cədvəllər, bəzi qrammatik arayış verilir. Sözün leksik
mənası və işlədilməsi xüsusi izah olunur. Sözün əsas mənasının başqa dildə
müvafiq sözlə tərcüməsi verilir. Tərcümə lüğətlərinin izahlı lüğətlərdən
üstünlüyü ondadır ki, bu lüğətlərdən ikinci dilin öyrənilməsinin ilk dövrü
kimi istifadə oluna bilər. Tərcümə lüğətləri, əvvəla, bu lüğətlərdən istifadə
edənlərdən sözləri düzgün oxumaq qaydası, tələffüz edilməsi və həmin
dillərin qrammatikası haqqında minimum bilik tələb edir. İkincisi, tərcümə
olunan sözün mənasını başa düşmək mümkündürsə də, onun ana dilində
qarşılığını tez tapmaq çətindir. Bu lüğətlər isə mənasını başa düşdüyün, lakin
asanlıqla ana dilinə tərcümə edə bilmədiyin sözlərin ana dilində tərcüməsini
verir. Bu lüğətlərin bir nöqsan cəhəti vardır ki, bu da sözlərin mənalarını
dəqiqləşdirmək qayğısına qalmasıdır. Tərcümə lüğətləri əcnəbi sözlər
haqqında həqiqi bilik vermir, lakin kontekstdə xarici sözlərin mənasını
başa düşməyə kömək edir.
Tərcümə lüğətləri ikidilli və çoxdilli olmaqla iki yerə bölünür.
Çoxdilli tərcümə lüğətlərində hər cür sözlərin mənasının ekvivalenti
deyil, onların işlədilmə eyniliyi yoxlanılır. Ən çox yayılmış ikidilli
tərcümə lüğətlərinin əsas məqsədi isə imkan daxilində sözün dəqiq
tərcüməsini verməkdən ibarətdir.
İkidilli lüğətlərdə tərcümə olunan sözün dildə işlədilməsinə,
ümumiləşməsinə, məna fərqinə və obrazlı məna ifadə etməsinə fikir
verilməlidir. Bu lüğətlərdə tərcümə olunan söz fərqli şriftlə yazılır, sonra
isə onun qarşısında tərcümə olunduğu dilin müvafiq sözü verilir. Bəzən
isə tərcümə edilən sözün mənasını düzgün başa düşmək üçün həmin
sözün cümlələr içərisində işlədilməsinə dair nümunələr verilir.
Son zamanlar leksikoqrafiya təcrübəsində ikidilli lüğətlərin üç tipi
göstərilir.
1.
Böyük ikidilli lüğətlər;
2.
Orta ikidilli lüğətlər;
3.
Kiçik ikidilli lüğətlər.
İ.Oleqov ikidilli lüğətlərin bu tiplərini bir- birindən belə
fərqləndirir. Böyük ikidilli lüğətlər müasir ədəbi dilin geniş tarixi
perspektivli olmasını təmsil edir. Orta ikidilli lüğətlər müasir ədəbi dilin
tarixən bəraət qazanmış üslubi rəngarəngliyini təfsilatı ilə verir (6, s.36).
Kiçik ikidilli lüğətlər tərcümə lüğətlərinin ən kütləvi növüdür. Deməli,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
166
böyük lüğətlər materialı əhatə etməyinə, orta lüğətlər materialı işləmə
üsuluna, kiçik lüğətlər isə materialı normalaşdırma prinsipinə görə
fərqlənir.
Ağac – 1. дерево; ağaca dönmək – деревяйеть; столбенеть,
отвердеть” 2. Палка - əl ağacı.
Tərcümə lüğətlərində baş sözlər iki şəkildə verilir.
1.
Tərcümə etmə:
Звучание – səslənmə, səs vermə; Звучат несов – 1. Səslənmək, səs
vermək; 2. Eşitmək; 3. Məna ifadə etmək, təzahür etmək.
Звучащий - прич. и прил. - səslənən, səs verən.
Звучно – нареч. Gur səslə, uca səslə, gur, uca.
2.
Sinonimi ilə:
Страх – 1. Qorxu, vahimə, dəhşət; 2. Qorxulu şeylər, vahiməli şeylər,
dəhşətli hadisələr; 3. Risk, məsuliyyət və s.
Lüğətin vəzifəsi yalnız hər bir ayrıca sözün mənalarını şərh etmək
deyil, həm də dilin leksik sistemində sözün tutduğu mövqeyi, leksik-
qrammatik əlaqələrini göstərməkdir. Söz bütün lüğətlərdə eyni şəkildə izah
edilmir. Lüğətin növündən asılı olaraq söz müxtəlif şəkildə
müəyyənləşdirilir. Məsələn, “aptek” sözünün izahlı lüğətdə və tərcümə
lüğətində necə verildiyini göstərək:
İzahlı lüğətdə: aptek (əsli yunan) –həkimlərin resepti üzrə dərman
hazırlayıb satan müəssisə; dərmanxana, əczaxana. Aptekdən təzə dərman
gətirmişdim. (C. Məmmədquluzadə).
Tərcümə lüğətində: Aptek – apteka.
Lüğətlər bir – birindən həcminə, sözlüyünə, izahetmə üsuluna görə
fərqləndiyi kimi, quruluşlarına görə də seçilir. Lakin lüğətlərin
quruluşunda oxşar cəhətlər də vardır. Bütün lüğətlərdə sözlərin hansı nitq
hissəsinə aid olması qeyd edilir, sözün omonimliyi verilir, isimlər, bir
qayda olaraq, tək halda göstərilir, işarələrdən istifadə olunur, terminliliyi
göstərilir. Bunlarla yanaşı, tərcümə və izahlı lüğətlərin özünəməxsus
fərqli cəhətləri də vardır. Məsələn, “Rusca – azərbaycanca” lüğətlərdə
təkhecalı sözlərdən başqa, bütün sözlərin vurğusu qoyulur (вратва,
вратец, вратино, вратишка və s.). İsimlərin yanında onların cinsini
göstərən işarələr qoyulur (колхозник м., колхозница ж.).
Tərcümə lüğətlərindən fərqli olaraq, izahlı lüğətlərdə alınma
sözlərin qarşısında hansı dilə aid olması qeyd edilir. Məsələn, Aqronom
(yunan) – kənd təsərrüfatı mütəxəssisi; Ağ (-ar, -ər) – Ağ olmaq, üzünə
ağ olmaq – itaət etməmək, söz qaytarmaq, tabe olmamaq.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
167
Müstəqillik illərində elmi – texniki nailiyyətlərin artması
nəticəsində dildə yeni – yeni anlayışlar, sözlər yaranır və labüd olaraq
Azərbaycan dilinə Avropa mənşəli sözlərin axını başlayır. Bu prosesin
başlanmasına baxmayaraq, müasir Azərbaycan dilinə yenə də avropa
mənşəli sözlər və terminlər daxil olmaqdadır. Dilçi alimlərimiz imkan
daxilində həmin qəbildən olan sözləri milli sözlərlə əvəz etməyə
çalışırlar. Beləliklə, yuxarıda qeyd olunan bu prosesi müasir Azərbaycan
dilinin tam inkişaf prosesi kimi götürmək olar.
Azərbaycan leksikoqrafiyası tarixində lüğətlərin hazırlanması
sahəsində böyük işlər görülmüşdür. R. Rüstəmov və Ə. Rəsulovun tərtib
etdikləri “Türkcə - rusca – azərbaycanca” dilçilik terminləri lüğəti bu sahədə
demək olar ki, ilk ciddi işdir. Lüğətdə türk sözləri əlifba sırası ilə
verilmişdir. Omonimlər - yazılışca və deyilişcə eyni olub, mənaca müxtəlif
olan sözlər ayrı yazılır. Məsələn, Yüz – üz - sto;
Yüz – üz – litso.
Zəruri hallarda türk realiyalarının, anlayışlarının rus və ya Azərbaycan
dilində qarşılığı olmadıqda izahlar verilir. Sözlərdə vurğu qoyulmur.
Kəmiyyət sayları onluqlar, yüzlüklər, minliklər, milyon və milyard
çərçivəsində verilir. Feillər məsdər formasında təsbit edilir. Lüğətdəki
sözlərin etimologiyası verilmir. Əcnəbi mənşəli sözlərin orfoqrafiyasındakı
variantlılıq türk dilində sabit imla qaydalarının təsbit olunması ilə izah
edilməlidir.
Lüğətə əsasən ən işlək və nisbətən Azərbaycan dilində fərqlənən
sözlər daxil edilmişdir: Asər - əlamət – simptom; təsadüfilik – случайность.
Lüğətə daxil olan sözlər adlıq halda verilir. Kar samitlə bitən sözlər
hallanarkən, çingiltiləşmə hadisəsi sözlükdə əksini tapmayıb: cocuk (- qu, -
qun). Qoşa işlənən sözlər (- ) işarəsi ilə verilmişdir: bölük – bölük.
Feillərin əmr, inkar və digər formaları lüğətdə verilmir. Bir sıra söz
birləşmələrindəki sözlər bitişik və ayrı formalarda yazıldığından lüğətdə
həmin formaların hər ikisi saxlanılmışdır. Başbakan – baş, bakan.
Heyvan, bitki adları və digər terminlərin latın dilində ekvivalenti
verilmir. Ərəb mənşəli sözlərin -çınıq cəm forması lüğətə daxil
edilməmişdir. Bütün mənşələrdən olan sözlər ancaq tək halda təsbit edilir.
Köməkçi feillər əsas feillərlə yanaşı verilir: “Bulunmak – yardımda
bulunmak” və s. Rus dilinə aid sözlər də latın qrafikası ilə verilir.
Son dövrlərdə Azərbaycan dilində elmin ən yeni və klassik sahələri
üzrə çoxlu miqdarda tədqiqat əsərləri, dərsliklər və başqa vəsaitlər
yazılmış, alimlər tərəfindən çoxlu terminologiya lüğətləri tərtib olunmuş
və elmi leksikoqrafiya yaradılmış, Azərbaycan dili sözlərinin böyük bir
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
168
təbəqəsi elmi terminologiya səviyyəsinə qaldırılmışdır və hazırda onun
əsas fondunu təşkil edir. Bununla belə demək olar ki, bütün bu lüğətlər
elm və texnikanın müəyyən sahəsinin nomenklaturasından ibarətdir.
İndiyədək uzaq və yaxın elm sahələrinin materialları əlaqələndirilməmiş,
qaqrşılıqlı surətdə nizama salınmış və müasir Azərbaycan dilinin
çoxşaxəli zəngin söz xəzinəsini əhatə edən lüğətlərin sözlüyünə daxil
edilmişdir. Terminlər bütün başqa sözlər kimi qrammatik cəhətdən
səciyyələndirilmiş və onların elmin hansı sahəsinə aid olması dəqiq
göstərilmişdir. Terminlərin tərcüməsindən sonra mötərizədə məfhum,
əşya, hadisə və s. haqqında ilkin məlumatlar verilir. Bu yenilik bir
tərəfdən keçilən terminin mənasının oxucu tərəfindən mümkün qədər
daha asan başa düşülməsini təmin etmək, digər tərəfdən isə əksər hallarda
terminlərin sonrakı izahını verməyən, yalnız onların leksik tərcüməsi ilə
kifayətlənən ikidilli terminologiya lüğətlərində çatışmazlığı müəyyən
dərəcədə aradan qaldırmaq cəhdindən irəli gəlir. Lüğətlərə müəyyən
miqdarda müasir yazıçıların əsərlərində və danışıq dilində rast gəlinən
dialektlərarası və məhəlli sözlər də daxil edilmişdir. Görkəmli dilçi alim
akademik L.V. Şerba “Rusca – fransızca lüğət”də yazmışdır: “Nəhayət,
heç də çox şeyin obyektiv olaraq artıq olmasına əmin olduğuna baxmaya-
raq, mən bunu açığını desək, böyük bəla hesab etmirəm.; əgər lüğətdə
çox şey buraxılsaydı, bu, pis olardı. Hər halda nəyin daha vacib, nəyin
lüzumsuz olması haqqında adi mülahizələrin son dərəcədə
subyektivliyini qeyd etməyi vacib hesab edirəm” (7, s 69).
Hesab edirik ki, böyük ikidilli lüğətin sözlüyü çox işlənən sözlər
çərçivəsində qalmamalıdır; ikidilli lüğət tərcümə olunan dilin leksik
tərkibini və onun elementlərinin tərcüməsini əks etdirməlidir ki,
yaşından, ixtisasından və fəaliyyət sahəsindən asılı olmayaraq, oxucular
ondan etibarlı vəsait kimi istifadə edə bilsinlər.
ƏDƏBİYYAT:
1.
Axundov A. “Dövlət dilimiz yeni mərhələdə” // Dil və ədəbiyyat.
(iki cilddə) II cild, Bakı, 2003, s. 297
2.
Cəfərov S. Müasir Azərbaycan dili. (2). Leksika. Bakı: “Şərq –
Qərb”, 2007
3.
Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I cild. Bakı: “Elm və
təhsil” 2010
4.
Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı:
“Zərdabi LTD”, 2015
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
169
5.
Yavuzarslan, Paşa. Osmanlı Dönemi Türk Sözlükçülüğü.
Ankara: Tiydem Yayıncılık, 2009
6.
Герд А. С. Основы научно – технической лексикографии. –
Л.: ЛГУ, 1986.
7.
Щерба Л.В. Опыт общей теории лексикографии // Языковая
система и речевая деятельность / Л.: Наука, 1974.
Гасимова Шалала
Современные переводческие словари и их особенности
Резюме
В статье рассматриваются характерные черты современных
переводческих словарей, принципы понимания смысла, различие
между словарями и пояснительными словарями и недостатки этих
словарей. Здесь также упоминается пути развития истории
азербайджанской лексикографии.
Shalala Gasimova
Modern translation distionaries and their peculiarities
Summary
The article deals with the characteristic features of modern
translation dictionaries, the principles of meaning comprehension, the
difference between dictionaries and explanatory dictionaries, and the
deficiencies
of these dictionaries. The development way of the history of
Azerbaijan lexicography is mentioned here too.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
170
Gülara Quliyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı
ms.glary@rambler.ru
Bədii mətnin təşkilinin temporal xüsusiyyətləri
Açar sözlər: bədii mətn, bədii zaman, mətn zamanı, temporallıq,
müəllif zamanı
Ключевые слова: художественный текст, художественное
время, текстовое время, темпоральность, авторское время.
Key words: artistic text, artistic time, text time, temporality,
author's time
Filoloji, o cümlədən də linqvistik tədqiqatlarda bədii mətnin
temporal məsələlərinə, bədii zamana həsr olunmuş tədqiqat işləri ötən
əsrin ikinci onilliyində yer almağa başlamışdır. Əvvəlcə M.L.Petrovski,
V.V.Vinoqradov, A.Q.Seytlin, sonralar M.M.Baxtin, Q.Müller, V.Mats
və başqaları bu problemə müraciət etmişlər. (Bax: 2; 3; 8; 10 və s.).
Qeyd etmək lazımdır ki, V.Vinoqradov, M.Petrovski, A.Seytlin və bir
çox başqaları bilavasitə bədii zamandan deyil, mətn zamanından
danışmış, problemə konkret mətn daxilində baxmışlar. Təhlilə cəlb
edilmiş mətnlər bir qayda olaraq, bədii əsərləri əhatə etmişdir.
Mətn dilçiliyinin sürətli inkişaf keçdiyi dövrdə, daha doğrusu, XX
əsrin 70-80-ci illərində mətn zamanı daha çox diqqət mərkəzinə çəkilmiş,
zamana mətnyaratma vasitəsi kimi baxılmış, nəhayət, bəzi tədqiqatçılar
zamanı mətn kateqoriyası olaraq ayırmışlar. Onu da qeyd edək ki, mətn
dilçiliyi bu günə qədər mətn kateqoriyaları məsələsini həll edə bilməmiş,
istər mətn kateqoriyasının izahlarında, istər sayında, istərsə də təsnifində
konkret nəticə əldə edilməmişdir. Mətn kateqoriyaları, ayrı-ayrı
tədqiqatçıların fikirləri nəzərə alınarsa, artmaqda davam edir və bu
kateqoriyalar sırasında zaman da qeyd olunur. İ.Qalperinə görə, mətnin
zaman kateqoriyası kontinuum, retrospeksiya və prospeksiyanın
vəhdətidir (5, s. 84).
Zamanın mətn kateqoriyası kimi fərqli təqdimatları, eyni zamanda,
mətnin hissələrinə, onun yazılması, oxunmasına aid edilən zaman,
həmçinin linqvistik zaman məsələləri elmi dövriyyəyə “mətn zamanı”,
“kontekstual zaman”, “obraz zamanı”, “müəllif zamanı”, “oxucu
zamanı”, “süjet zamanı”, “hadisə və hadisələr zamanı” kimi anlayışların
daxil olmasına səbəb olmuşdur.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
Dostları ilə paylaş: |